Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-220/2021 16.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 20.10.1968-ci il tarixdə Bərdə rayonunun Mollalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində, sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında olan pul borcuna və həmin borcdan bir qismini onun arvadı Şahid1 verməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış kombinə olunmuş məişət təyinatlı, qatlanan tipli, kəsici-deşici xassəyə malik alışqan-cib bıçağı ilə Zərərçəkmiş şəxs qarnının sol nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq sonuncuya qarının sol ön-yan divarından kəsilmiş-deşilmiş, bağırsağın eventrasiyası ilə müşahidə olunan daxilə nüfuz edən yaralanması xəsarəti ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Sabir küçəsi ev 38 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqla, ustalıq edərək ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs usaqlıqdan tanımışdır. 23.11.2020-ci il tarixdə Bərdə şəhər X6 küçəsi ev 28 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinin mətbəxinə kafel vurmaqla təmir işləri görmüşdür. Əvvəldən razılaşmalarına əsasən o kafelin kvadratını 5 manatdan vurmuşdur. 23 noyabr 2020-ci il tarixdə işini qurtardıqdan sonra Vaqif ona 20 manat verib təklif etmişdi ki, onunla birlikdə yeyib-içsin. O da razılaşaraq yaxınlıqdaki marketdən spirtli içki və siqaret almış, onunla yeyib-içdikdən sonra evə gəlmişdir. Evə gələndə görmüşdür ki, 20 manatın hamısını yeyib-içməyə xərcləmişdir. Ona görə də o, Vaqifə zəng edərək “evə çörək almağa pulum qalmayıb mənə əlavə 20 manat da ver” demişdir. Vaqif isə ona cavabında işlədiyi işə görə düz pul verdiyini bildirmişdir. Həmin gün o, yorğun olduğu üçün yatmış, səhər tezdən yenidən Vaqifin telefonuna zəng edib, ona 20 manat verməli olduğunu bildirmişdir. 24.11.2020-ci il tarixdə səhər saatlarında Vaqif onların yaşadığı evə gələrək arvadı Solmaza 20 manat da pul vermişdir. Vaqifin bu hərəkəti onun xətrinə dəymiş, bir daha onlarda işləməməyi qərara almışdır. Vaqifə zəng edib bu barədə bildirmiş və evdə qalan alətlərini gətirməsini istəmişdir. Vaqif isə ona “laqonda” aparatını verməyəcəyini demiş, “laqonda” aparatını yandırdığını, işi yekunlaşdırmasa alətləri qaytarmayacağını bildirmişdir. O, bu barədə qonşusu Elşada da məlumat vermişdir. Elşad da onu əmin etmişdir ki “laqonda”nı Vaqifdən alıb qaytaracaq. Habil onun alətlərini qaytarmamasına görə ona zəng edib iradını bildirmiş, həmin vaxt bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. 24.11.2020-ci il tarixdə saat 17 radələrində Vaqif bacısı oğlu Etibar ilə onun yaşadığı ünvana gəlmişlər. Vaqif həyətə girən kimi onu söyə-söyə əlindəki su şlankı ilə onun baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt qonşusu Elşad və onun bacısı oğlu onları aralaşdırmışlar. Onun əsəbi soyumadığı üçün cibində olan qara rəngli alışqanlı bıçaq ilə Vaqifin qarın nahiyəsinə bir dəfə zərbə endirmiş, Vaqif qarnını tutaraq yerə oturmuşdur. Daha sonra Etibar Vaqifi onun həyətindən çıxartmışdır. Bundan sonra Vaqifi vurduğu bıçağı arvadına verib evdən getmiş, şəhərdə olarkən isə polis əməkdaşları onu Bərdə RPŞ-nə gətirmişlər. İfadəsinə əlavə olaraq zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, oğlunun vətən muharibəsi iştirakçısı olmaqla hazırda da xidmətdə olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, əvvəllər aralarında heç bir münaqişə olmamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs ona məxsus fərdi yaşayış evində təmir işləri görməklə kafel vurmuşdur. 23.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus ünvanda işlədikdən sonra evdə yemək yeməyi təklif etmiş, Habil isə ondan araq almağı xahiş etdiyindən ona 250 ml-lik araq almışdır. Evdə yeyib-içdikdən sonra Habil evinə getmişdir. Həmin gün axşam Habil ona zəng edərək evinə çörək aparmadığnı, ona əlavə də pul verməsini istəmişdir. Vaqif ona gördüyü işə görə pul aldığını bildirmiş, lakin Habil ondan əl çəkməmişdir. Səhəri gün, yəni 24.11.2020ci il tarixdə səhər saatlarında o, Habilin yaşadığı ünvana gedərək Habilin həyətinə daxil olmuş, Habilin arvadı Solmaza 20 manat pul vermiş, həmin vaxt Habil özü də orada olmuşdur. Həmin gün Habil onu bir neçə dəfə yığaraq niyə arvadına pul verdiyini soruşmuş, o isə cavabında pulu özünün yanında verdiyini bildirmişdir. Habil isə onu telefonda nalayiq ifadələrlə təhqir etmişdir. Ona görə də o, 24.11.2020-ci il tarixdə saat 17 radələrində Habilin evinin həyətinə daxil olmuş, həmin vaxt aralarında olan münaqişə zamanı Habil onu qara rəngli bıçaqla qarın nahiyəsindən vurmuşdur. Həmin vaxt özünü qorumaq üçün yerdə olan su şlankı ilə Habili bir neçə dəfə vurmuş, daha sonra isə səsküyə onun bacısı oğlu Etibar da gələrək onu həyətdən çölə çıxardaraq özünə məxsus avtomobil ilə onu Bərdə RMX-na gətirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri Təqsirləndirilən şəxs 23 noyabr 2020ci il tarixdə Zərərçəkmiş şəxs evində usta işləmişdir. Həmin gün əri evə gələndə sərxoş olmuş, gördüyü iş müqabilində Vaqifin ona 20 manat pul verdiyini, həmin pulu da Vaqifə xərclədiyini, birlikdə yeyib-içdiklərini bildirmişdir. Səhəri gün 24 noyabr 2020-ci il tarixdə səhər saatlarında əri Habil Vaqifə zəng edərək, 20 manatı ona xərclədiyini, evə çörək pulu gətirə bilmədiyini, yenə 20 manat verməli olduğunu bildirdiyindən, təxminən 1 saat sonra Vaqif onların ünvanına gələrək Habilə 20 manat vermiş, o, Vaqifə 20 manatı pilləkənə qoymasını bildirmişdir. Vaqif 20 manatı pilləkənə qoyaraq Habillə birlikdə çıxıb getmişlər. Təxminən 1 saat sonra Habil evə qayıtdıqda ondan niyə işləmədiyini soruşmuş, Habil isə elektrik xətti çəkəcəyini bildirdiyini, lakin işləmədiyini, bir qədər sonra isə “laqonda”sının Vaqifin ünvanında qaldığını bildirmişdir. Bundan sonra Habil Vaqifə zəng edərək “laqonda”sını gətirməsini bildirmiş, Vaqif isə cavabında “laqondanı yandırmışam sənə verməyəcəm” demişdir. Habil və Vaqif bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Habil Vaqifi yaşadıqları ünvana çağırmış, təxminən 15-20 dəqiqə sonra Vaqif onların yaşadığı ünvana gəlmiş, Vaqif onların həyətinə girən kimi sarı rəngli şlanqla Habilin baş nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Həmin vaxt Vaqifin yanında Vaqifin bacısı oğlu Etibar, qonşusu Şahid2 da gəlmişlər. Elşad və Etibar onları aralaşdırmışlar. Elşad həmin vaxt Etibara qışqırmışdır ki, “dayını götür apar”. Həmin vaxt qəfildən Habil Vaqifin üzərinə hücum çəkib, qarın nahiyəsinə 1 dəfə görmədiyi əşya ilə vurmuşdur. Vaqif qarnını tutub yerə uzanmış, Etibar dayısı Vaqifi götürüb aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qapı bir qonşudur. Zərərçəkmiş şəxs Bərdə sakini kimi tanıyır. 24 noyabr 2020-ci il tarixdə saat 11 radələrində qonşusu Habil onlara gələrək Vaqifin ona məxsus “laqonda”nı qaytarmaması barədə məlumat vermiş, Habilin sərxoş olduğunu görüb ona “laqonda”nı alıb qaytaracağını deyərək evə getməsini bildirmişdir. Habil onun sözlərindən sonra çıxıb getmişdir. Həmin tarixdə saat 17 radələrində qonşuluqda səs-küy eşidib, Habilin həyətinə keçdikdə Vaqifin əlindəki sarı şlanqla Habilin baş nahiyəsinə vurduğunu görmüş, buna görə araya girib onları aralaşdırmışdır. Həmin vaxt orada digər qonşu, həm də Vaqifin bacısı oğlu Etibar da olmuşdur. Həmin an Etibara dayısını aparmasını bildirmişdir. Həmin vaxt Habil onun yanından sıyrılıb Vaqifin üzərinə hücum etmiş, görmədiyi əşya ilə Vaqifin qarnına zərbə endirmişdir. Daha sonra Vaqif qarın nahiyəsini tutaraq yerə oturmuş, bacısı oğlu Etibar Vaqifi çölə çıxartmışdır. Ara sakitləşdikdən sonra o da çıxıb evə getmişdir. Səhəri gün eşitmişdir ki, Habil Vaqifin qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə endirib ona ağır xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Zərərçəkmiş şəxslə isə eyni məktəbdə oxumuşdur. Qaynı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsini 24 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Habilin arvadı Solmazın arvadı Zəminəyə zəng edərək deməsindən sonra bilmişdir. Bundan sonra arvadı Şahid4 ilə birlikdə qardaşı Habilin yaşadığı ünvan 2 ünvanına getmişlər. Hadisə yerinə çatanda Solmazdan başqa heç kim olmamışdır. Solmaz onlara Vaqifin xəstəxanaya aparıldığını, Habilin isə polis əməkdaşları ilə polis şöbəsinə getdiyini bildirmişdir. Daha sonra onlar Vaqifi ziyarət etmək üçün Bərdə rayon Mərkəzi xəstəxanasına getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid7 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 24.11.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsi ünvan 2 ünvanında Təqsirləndirilən şəxs məxsus evin həyətində baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 26.11.2020-ci il tarixli, 1029 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol əl nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 24.11.2020-ci il tarixəuyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 17.12.2020-ci il tarixli, 1095 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilimiş xəsarət – qarının sol ön-yan divarından kəsilmiş-deşilmiş, bağırsağın eventrasiyası ilə müşahidə olunan daxilə nüfuz edən yaralanması iti alət ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən 24.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 59/2021-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində qan aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta və cins şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus kofta və cins şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X5 Şəxsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli 41-2021/MTKŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki,1) Ekspertiza tədqiqatına təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 ədəd və şalvarının sol ayaqlığının ön səthinin yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər. 2) Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın (bıçaqalışqanın) tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. 3) Zərərçəkmiş şəxs ona məxsus və ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sol yarısının aşağı hissəsində aşkar olunmuş zədə ilə onun bədən səthində olan qarnın sol ön yan divarından kəsilmiş-deşilmiş yarası ilə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs ona məxsus və ekspertizaya təqdim olunmuş şalvarının sol ayaqlığının ön səthinin yuxarı hissəsində aşkar olunmuş, bir ədəd deşilmişkəsilmiş zədə isə onun bədən səthində öz əksini tapmamışdır. Bu da, yalnız şalvarın zədələnməsi ilə müşayiət oluna bilər. 4) Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış kombinə olunmuş məişət təyinatlı, qatlanan tipli, kəsici-deşici xassəyə malik cib bıçağı-alışqandır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə edilmiş «şübhəli şəxsin tutulması haqqında» 24 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 26noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 noyabr 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 24.11.2020-ci il tarixli 13194 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs “alkoqol sərxoşluğu” vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 07.01.2021-ci il tarixli 156 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Sabir küçəsi 38 nömrəli evdə ailə üzvləri yəni, arvadı Şahid1 və oğlu X4 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş “Bərdərayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 02aprel 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının Ruhi-Əsəb və Narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 07.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin 14.01.2021-ci il tarixli arayışından görünür ki, X1 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən 08.01.2020-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş bir ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli köynək və bir ədəd qara rəngli cins şalvar zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd bozumtul qara rəngli cins şalvar və bir ədəd qırmızımtıl rəngli köynək onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 24 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli köynək və bir ədəd qara rəngli cins şalvar zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd bozumtul qara rəngli cins şalvar və bir ədəd qırmızımtıl rəngli köynək onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-220/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-220/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver