Məhkəmə qərarları › İş №1(100)-224/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-224/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-224/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X4, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X3, X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti atına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti atına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və ölmüş Təqsirləndirilən şəxs3 ilə birlikdə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxt və mənbədən tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını əldə edərək 2021-ci ilin aprel ayının əvvəllərində günü dəqiq məlum olmayan tarixdə, mərhum Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23 küçədə təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 04 iyul 2021ci il tarixdə, saat 21:05-də Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin və Kəpəz rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində mərhum Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 29 ədəd əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan və yaş halda ümumi təmiz çəkisi 35450 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və ölmüş Təqsirləndirilən şəxs3 ilə birlikdə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxt və mənbədən tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını əldə edərək 2021-ci ilin aprel ayının əvvəllərində günü dəqiq məlum olmayan tarixdə, mərhum Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23 küçədə təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər, 04 iyul 2021ci il tarixdə, saat 21:05-də Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin və Kəpəz rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində mərhum Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 29 ədəd əkilmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan və yaş halda ümumi təmiz çəkisi 35450 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikasının CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi ev 22, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 4 il müddətdir ki tanımış, sonuncu ilə əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Xeyrəddinlə ailəvi dost olmuş və birbirlərinin evinə gedib-gəlmişlər. O, Xeyrəddinin yaşadığı evdə 3 dəfə olmuşdur. O, Xeyrəddinin narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 da onun dostudur. Sonuncu dəfə, yəni 2021-ci ilin may ayında Xeyrəddin ona zəng edib Hüseyini də götürüb onlara getməklərini xahiş etmiş, o da Hüseyinlə birlikdə idarə etdiyi avtomobillə Xeyrəddinin yaşadığı evə getmiş, Xeyrəddingilin yaşadığı evin həyətində oturub çay içmişlər. Oradan çıxıb getmək istəyəndə Hüseyn Xeyrəddinlə danışıb sonuncuya narkotik vasitələri göstərib «bunları ləğv et» demişdir. Bundan sonra qapının çölündə olan zaman Hüseyn ona «Xeyrəddinin başı işləmir, həyətində çətənə kolu əkibdir» demişdir. Təxminən iki gün sonra Xeyrəddinlə dəmir yolu vağzalında görüşəndə o, sonuncuya qapısında əkdiyi çətənə kollarını ləğv etməsini, bu işin heç kimə baş ucalığı gətirmədiyini, bu işin sonu olmadığını, tutulacağını bildirmişdir. Xeyrəddin də ona «düz deyirsən, qapımda əkdiyim çətənə kollarını yolub atacam» deyə cavab vermişdir. Təxminən bir ay keçdikdən sonra o, Hüseynlə şəhərdə görüşüb söhbət edən zaman sonuncu ona Xeyrəddinin deməsinə görə qapısında əkdiyi çətənə kollarını yolub atdığını demişdir. 04 iyul 2021-ci il tarixdə o, televizora baxarkən, Xeyrəddinin yaşadığı evinin həyətində narkotik tərkibli bitki olan çətənə kolları əkdiyinə görə polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Şahid1 dedikləri yalandır, o, cəmi 3 dəfə Xeyrəddinin evində olmuş, Xeyrəddinin həyətində çətənə kolları əkməsini 2021-ci ilin may ayında Hüseyndən eşitmiş və bu barədə Xeyrəddinə tövsiyyə vermişdir ki, qapısında əkdiyi çətənə kollarını yolub atsın, narkotik tərkibli çətənə kolları əkməyinə görə tutula bilər. O, heç vaxt Xeyrəddinə çətənə bitkisinin toxumlarını verməmiş, Xeyrəddinin həyətində əkdiyi narkotik tərkibli çətənə bitkisinə qulluq göstərilməsinə köməklik etməmişdir. Anasıgil Xeyrəddinin qonşuluğunda yaşadığından tez-tez anasıgilə gedib-gəldiyindən o, həmin ərazidə çox olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikasının CM-nin 237.2.1, 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 85, mənzil 29-da ailə üzvləri ilə birlikdə yaşayır. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 bir ildən çox müddətdir ki, dostu Təqsirləndirilən şəxs2 vasitəsilə tanımış, sonuncu ilə əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Təqsirləndirilən şəxs3 arvadı Şahid1 onunla qohum olmuşdur. O, Təqsirləndirilən şəxs3 yaşadığı evdə cəmi iki dəfə olmuş, Xeyrəddinin narkotik vasitə istifadəçisi olmasını bilməmişdir. Təxminən 5 il bundan əvvəl o, bir-iki dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə etmişdir. 2021-ci ilin may ayında dostu İlqar ona Xeyrəddinin zəng vurub onları evlərinə çay içməyə dəvət etdiyini demişdir. O da İlqarın idarə etdiyi avtomobillə sonuncu ilə birlikdə Xeyrəddinin yaşadığı evə getmiş, Xeyrəddingilin yaşadığı evin həyətində çay içmişlər. Həmin vaxt Xeyrəddin həyətində əkdiyi narkotik tərkibli bitkiləri ona göstərib özü istifadə etmək məqsədi ilə əkdiyini demişdir. O, həyətə baxanada Xeyrəddinin həyətində bir neçə dənə şitil əkildiyini görmüş, həmin şitillər yeni əkildiyi üçün boyları bir qarışdan kiçik olmuşdur. O, əkdiyi şitilləri yolub tullamağı, əkdiyi çətənə bitkilərinə görə başı ağrıyacağını, hətta tutula biləcəyini Xeyrəddinə bildirmişdir. Bundan sonra o, İlqara «Xeyrəddinin başı işləmir, həyətində çətənə kolu əkibdir» demişdir. Təxminən 20-25 gün keçdikdən sonra o, Xeyrəddinlə «Dəmir yol»u vağzalında görüşən zaman sonuncudan həyətində əkdiyi çətənə kollarını atıb-atmamağını soruşmuş, Xeyrəddin də həyətində əkdiyi narkotik tərkibli çətənə kollarını yolub atdığını ona bildirmişdir. Bir müddət keçdikdən sonra o, İlqarla şəhərdə görüşən zaman sonuncuya Xeyrəddinin öz həyətində əkdiyi çətənə kollarını yolub atdığını demişdir. 04 iyul 2021-ci il tarixdə o, televizora baxarkən Təqsirləndirilən şəxs3 qapısında narkotik tərkibli bitki olan çətənə kolları əkdiyinə görə polis əməkdaşları tərəfindən tutulmasını bilmişdir. O, Təqsirləndirilən şəxs3 həyətində çətənə kolları əkdiyini 2021-ci ilin may ayında sonuncunun həyətində çay içən zaman Xeyrəddin özü ona göstərdiyi üçün bilmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs3 çətənə bitkisinin toxumlarını verməmiş, sonuncunun həyətində əkdiyi narkotik tərkibli çətənə bitkisinə qulluq göstərilməsinə köməklik etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Məshəti qəsəbəsi 23 ünvanda əri Təqsirləndirilən şəxs3 ilə birlikdə yaşamışdır. Onların yaşadıqları evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs3 İlqar və Hüseyn adlı şəxslərlə birlikdə narkotik tərkibli çətənə kolarını nə vaxt əkmələrini bilməmiş, həmin kollar böyüdükdən sonra o, Xeyrəddinin həyətdə çətənə kolu əkdiyini bilmişdir. O, həmin kolları tanımış, kolları görəndə Xeyrəddinlə koları çıxardıb atsın deyə dalaşmışdır. Həmin vaxt Xeyrəddin ona sakit durmağı, işinə qarışmamağı demişdir. O da Xeyrəddindən qorxduğu üçün sonuncuya heç nə deməmişdir. Hüseyn və İlqar da iki-üç gündən bir onların yaşadıqları ünvana gəlib əri Xeyrəddinlə birlikdə kolları əkdikləri yerə keçib həmin kollara qulluq etmişlər. Onun əri Xeyrəddinin çətənə kollarına qulluq etməkdən başı çıxmadığı üçün Hüseynlə İlqar gəlib kollara nəzarət etmiş və müxtəlif vaxtlarda qulluq etmişlər. Əri Xeyrəddinə çətənə kolu toxumlarını İlqarla Hüseyn gətirib vermişdir. O, dəfələrlə Hüseynə, İlqara və Xeyrəddinə həmin kolları yolub atmaqlarını desə də Xeyrəddin, dostları İlqar və Hüseyn ona qulaq asmamış və həmin çətənə kollarına birlikdə qulluq etmişlər. O isə Xeyrəddinin qorxusundan həmin kolları yola bilməmişdir. O, həmin kollara heç bir qulluq etməmiş, su da verməmiş, həmin kollara qulluğu Xeyrəddin, Hüseyn və İlqar üçü birlikdə etmişlər. O, şəxsən özü Hüseynlə İlqarın həmin kollara qulluq etdiklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatında olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 23 ünvanda təzə məhəllələrdə yaşayan Təqsirləndirilən şəxs3 qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkib-becərməsi barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bundan sonra Kəpəz RPB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və ondan ibarət əməliyyataxtarış qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs3 yaşadığı evə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Çəpkəz Mustafaoğluna tapşırılmışdır. Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməsini müəyyən etmək məqsədilə X15 Universitetinin dosenti X9 aqronom-mütəxəssis qismində təyin olunmuşdur. Bundan sonra onlar aqronommütəxəssis Qurban Məmmədovla birlikdə Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü ünvanda yerləşən fərdi yaşayış evinə gedib qapını döymüşlər və orta yaşlı kişi qapını açmışdır. Onlar həmin şəxsin kim olduğunu soruşanda həmin şəxs özünü Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Onlar özlərini pois əməkdaşı kimi təqdim etdikdən sonra ona gəlişlərinin səbəbini və yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik tərkibli maddələr olan bitkilər əkib becərməkdə şübhəli olduğu üçün evin həyətyanı sahəsinə baxış keçirtmək istədiklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Eyni zamanda baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə Yusif Hüseynov adlı müdafiəçi Təqsirləndirilən şəxs3 təqdim olunmuş və sonuncu təqdim olunan müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçi, aqronom-mütəxəssis və onların iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı oradan xüsusi xidmət olunmuş 29 ədəd müxtəlif ölçülərdə ilkin görünüşdən narkotik tərkibli olan çətənə bitkiləri aşkar edilmişdir. Baxış keçirilən zamanı aqronom-mütəxəssis qismində iştirak edən Qurban Məmmədov 29 ədəd bitkiləri nəzərdən keçirib aşkar edilərək götürülmüş həmin bitkilər aqrotexniki qaydada qulluq olunmuş çətənə-kannabis bitkiləri olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 həyətyanı torpaq sahəsindən aşkar olunmuş 29 (iyirmi doqquz) ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, çətənə kollarının toxumlarını 2020-ci ilin yay aylarında Samux rayonunda Kür çayının sahilindən tapıb yığdığını və özü istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində əkib xüsusi qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilib götürülmüş ümumilikdə 29 (iyirmi doqquz) ədəd narkotik tərkibli bitkilər kökündən çıxardılaraq tərəzidə çəkilmiş və çəkisi 52 (əlli iki) kq olmuş, 6 (altı) ədəd kisələrə yığılaraq qablaşdırılıb möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 iyul 2021ci il tarixdə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yaşadığı evin həyətyanı torpaq sahəsindən 52 kq olan 29 (iyirmi doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkiləri kökündən çıxardılaraq götürülmüş, baxış və götürmə aparılan zamanı qeydə alınmış video çəkiliş 1 ədəd DVD köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 fevral 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mütəxəssisaqronom X9 tərəfindən verilmiş rəydən görünür ki, 04 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə keçirilən baxışda iştirak etmiş və baxış keçirilən zamanı həyətyanı sahədənaqro-texniki qaydada qulluq olunmuş 52 kq olan 29 (iyirmi doqquz) ədəd yabanı çətənə (kannabis) kolları aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2021ci il tarixli, 16/638 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində «Təqsirləndirilən şəxs3 yaşadığı həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları» sözləri və imzalar olan 6 (altı) ədəd kisə bağlamadakı, ümumi sayı 29 (iyirmi doqquz) ədəd ümumi təmiz çəkisi 35450 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli, 880 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli, 881 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2021ci “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə video çəkiliş ilə baxış keçirilən zamanı video çəkilişin qeydə aldığı bir ədəd DVD materiala əlavə edilmiş, həmin video görüntüyə tərəfindən 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçi X7 iştirakları ilə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, 04 iyul 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçı, polis kapitanı X2, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3, Gəncə şəhər Kəpəz RPB-nin polis sahə rəisi Şahid2, Kəpəz RPB-nin müvəkkili Şahid4, müdafiəçi X11, aqronom X9 və şübhəli şəxs Təqsirləndirilən şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilir. Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı həyətdən 29 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq kökündən çıxarılır, daha sonra ağ rəngli kisələrə yığılır, daha sonra həmin kisələr çəkilir və ümumi çəkisi 52 kiloqram müəyyən olunur. Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə kollarının toxumlarını 2020-ci ilin yay ayında Samux rayonun ərazisindən axan Kür çayının sahilindən yığdığını bildirir. Baxış zamanı aqronom qismində iştirak edən Qurban Məmmədov bildirdi ki, Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli çətənə kolları əkib becərilərək xüsusi qaydada qulluq olunubdur. Daha sonra təhqiqatçı Çərkəz Mustafaoğlu tərəfindən Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkilər kisələrə yığılaraq qablşaşdırılıb DİN-in 120 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə 01.03.2021-ci il tarixdən 01.08.2021-ci İl tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəng edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** saylı, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin, o cümlədən həmin mobil nömrələrə zəng edən və ya həmin mobil nömrələrdən zəng edilən mobil nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların "xxxx" MMC-dən kağız yaxud maqnit daşıyıcılarda əks etdirilmiş şəklində götürülüb istintaqa təqdim etmək, Təqsirləndirilən şəxs3 narkotik tərkibli çətənə bitkilərini yaşadığı Gəncə şəhəri, Məshəti qəsəbəsi 23 küçə ünvanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə əkib-əkməmələri, onlara narkolik tərkibli çətənə bitkilərinin becərilməsində başqa hər hansı şəxslərin köməklik edib-etməmələrini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş, cinayət işinə əlavə olunmuş 14.12.2021-ci il tarixli, 120-37835-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3, yaşadığı Gəncə şəhəri, Məshəti qəsəbəsi 23 küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərmişlər, narkotik tərkibli bitkilərin kultivasiya edilməsində onlara heç kim köməklik göstərməmiş, narkotik tərkibli bitkilərin toxumlarını özləri Samux rayonu ərazisindən keçən Kür çayının sahilindən yığıb əldə etmişlər. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatlar 1 bir ədəd DVD köçürülərək istintaqa təqdim olunmuş, həmin diskə tərəfimdən baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01.03.2021-ci il tarixdən 01.08.2021-ci İl tarixədək olan müddət ərzində anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs2, 272 dəfə Gəncə şəhəri Məhsəti qəsəbəsində olub, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 195 dəfə müxtəlif vaxtlarda danışıqlar qeydə alınıbdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 324 dəfə müxtəlif vaxtlarda danışıqlar qeydə alınıbdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 26 dəfə müxtəlif vaxtlarda danışıqlar qeydə alınıbdır. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01.03.2021-ci il tarixdən 01.08.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəng edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsinin, o cümlədən həmin mobil nömrəyə zəng edən və ya həmin mobil nömrədən zəng edilən mobil nömrələr barədə məlumatların ələ keçirilməsi üçün Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı əsasında “Bakcell MMC”-dən 05.01.2022-ci il tarixli, 14/22 nömrəli məktubla 1 ədəd disk daxil olmuş, həmin diskə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs3, ***-***-**-** saylı mobil telefon nömrəsi isə Təqsirləndirilən şəxs2 məxsusdur. 01.03.2021-ci il tarixdən 01.08.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında 324 dəfə müxtəlif vaxtlarda danışıqlar qeydə alınıbdır. Həmçinin diskə baxış keçirilən zamanı istər qeyd olunan mobil telefon nömrələrinə, istərsə də həmin nömrələrdən digər nömrələrə hər hansı bir maraq doğuran zənglər və ya smslərin olması müəyyən edilməmiş, baxış keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə şahid Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deməkdən imtina etmiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməkdən imtina etmiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Şahid1 ilə şahid Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs3 və həyat yoldaşının digər dostu Təqsirləndirilən şəxs2lə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi qaydada qulluq etməklə narkotik tərkibli bitkiləri əkib becərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Şahid1 ilə şahid Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, videoçəkiliş vasitəsilə aparılan üzləşmə zamanı Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs3 və həyat yoldaşının digər dostu Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi qaydada qulluq etməklə narkotik tərkibli bitkiləri əkib becərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, üzləşdirmə istintaq hərəkətinin keçirilməsi barədə protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 22.07.2021-ci il tarixli, 2622 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 22.07.2021-ci il tarixli, 2623 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 29.07.2021-ci il tarixli, 2943 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 29.07.2021-ci il tarixli, 2944 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından alınaraq cinayət işinə əlavə olunmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 13 yanvar 2022-ci il tarixdə, 00:15-də «ağ ciyər arteriyalarının tromb embaliyası, ağ ciyər-ürək çatışmazlığı, ağ ciyər ödemi, səyrici artmiya taxisistolik forma» xəstəliklərindən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29.03.2022-ci il tarixli 1(100)-224/2022 saylı qərarından görünür ki, cinayət işi üzrə (ölmüş) Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3lə birlikdə narkotik vasitə əkməməkləri, ona narkotik bitkilərin toxumlarını vermədikləri, Təqsirləndirilən şəxs3 evində cəmi 2-3 dəfə olmaları ilə bağlı verdikləri ifadələrinin təqsirləndirilən şəxs (ölmüş) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, anten məlumatları və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq digər təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmək üçün müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs (ölmüş) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş “o, 2021-ci ilin aprel ayında tanışları Hüseyn və İlqarla birlikdə narkotik tərkibli çətənə kolları əkməyi razılaşmışlar. İlqar və Hüseyn ona çətənə kolu toxumları gətirib vermişlər. O, həmin toxumları əkmiş, tanışları Hüseyn və İlqar isə aprel ayından etibarən iki-üç gündən bir gəlib onunla birlikdə kollara qulluq etmişlər, ona da kollara qulluq etməyin qaydasını öyrətmişlər. Onlar kultivasiya etdikləri çətənə kollarından əldə etdikləri marixuananı üç yerə bölüb marixuananın satışını Hüseyn və İlqar həyata keçirməli olmasına razılaşmışlar” məzmunlu ifadəsinin daha inandırıcı hesab edib sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxs (ölmüş) Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı ifadəsini dəyişdirməsinə qiymət verərək, onun təqsirləndirilən şəxslərlə dostluq münasibətində olduğundan, onlardan qorxduğu üçün üzlərinə qarşı deyə bilməyəcəyinə dair ərzinə verdiyindən həmin ifadəyə tənqidi yanaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin dəfələrlə mobil telefon vasitəsi ilə təqsirləndirilən şəxs (ölmüş) Təqsirləndirilən şəxs3 dəfələrlə zəng etmələri, anten dairəsi məlumatlarına əsasən təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs3 yaşadığı ünvanda dəfələrlə olmalarının göstərilməsi təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 evində cəmi 2-3 dəfə olması barədə verdikləri ifadələrini təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmələri tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mərhum Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 23 ünvanda təzə məhəllələrdə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunla yetişdirilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan külli miqdar təşkil edən, yəni, ümumi sayı 29 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin tamah məqsədilə törədilməsidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin tamah məqsədilə törədilməsidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və onlar, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzalarının başlanğıcı hökm çıxarılan gündən, yəni 27 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunub götürülmüş yaş halda təmiz çəkisi 35450 qram çəkidə narkotik tərkibli 29 ədəd çətənə bitkilərinin tədqiqatdan sonra qalmış yaş halda təmiz çəkisi, yəni 35444,2 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 07 (yeddi) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 15 (on beş) manat 20 (iyirmi) qəpik və Təqsirləndirilən şəxs2 15 (on beş) manat 20 (iyirmi) qəpik tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs3 yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 23-cü küçədə yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunub götürülmüş yaş halda təmiz çəkisi 35450 qram çəkidə narkotik tərkibli 29 ədəd çətənə bitkilərinin tədqiqatdan sonra qalmış yaş halda təmiz çəkisi, yəni 35444,2 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 07 (yeddi) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 15 (on beş) manat 20 (iyirmi) qəpik və Təqsirləndirilən şəxs2 15 (on beş) manat 20 (iyirmi) qəpik tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu, təqsirləndirilən şəxslər isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar