Məhkəmə qərarları › İş №1(100)-225/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-225/2025

14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-225/2025 14.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 2,598 qram, və 2,658 qram olmaqla iki hissəyə bölməklə yaşadığı ünvan 1 ünvanına aparmaqla daşıyıb saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin X2 daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında saxladığı iki ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,598 qram, 2,658 qram olmaqla, ümumi təmiz çəkisi 5,256 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü ildə ünvan 1 ünvanında olarkən təxminən saat 13 radələrində tanımadığı polis əməkdaşları mülki geyimdə onun yaşadığı otağa soxulub onu yuxudan oyatmış, kim olduğunu soruşanda polis olduqlarını deyib əynini geyinməsini deyib sonra isə “mal haradadır?” deyə soruşmuşlar. O nə mal olduğunu soruşanda həmin polis əməkdaşlarından biri öz əli ilə guya çarpayının altından narkotik bükümünü çıxarıb ona vermiş, ona “zakaz” (sifariş) olduğunu demiş və idarəyə aparmışdır. İdarəyə çatdıqdan sonra isə orada cibindəki büküm götürülüb iki yerə bölünüb təkrar qabağına qoyulmuş və götürməyini tələb etmişlər razılaşmadıqda isə əynindəki şalvarı soyundurub arxa nahiyəsinə dubinka (rezin dəyənək) soxacaqlarını bildirmişlər. O edilən hədə-qorxunun real olduğunu başa düşüb belə hərəkət etməmələrini, dedikləri ilə razılaşacağını bildirmişdir. Polis əməkdaşları ona aparılacaq çəkilişdə guya narkotik vasitəni yerdə tapdığını və evində saxladığını bildirməyi demişlər. Bundan sonra videoçəkilişdə polislərin dediyini bildirmiş, sonra isə polislərlə birlikdə evinə gedərək axtarış keçirilmiş, guya evindən polislərin özünün qoyduğu narkotik vasitə götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, polis əməkdaşlarının hədə-qorxu gəlməsi barədə ilk dəfə çəkilişdə vəkilinə (müdafiəçiyə) deyə bilməmiş, sonrakı müddətdə müqavilə ilə vəkili işə qoşulduqdan sonra başına gələnləri danışmış və əlavə ifadə vermişdir. Ona real fiziki zor edilməsə də, psixi zorakılıq nəticəsində etiraf edici ifadə vermişdir Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahat və ifadəsində eləcə də videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki,...günəmuzd işləyərək fəhləlik edir, arabir narkotik vasitələrdən istifadə edir, tutulduğu tarixdən təxminən 1 həftə əvvəl yaşadığı evin yaxınlığında yerdən 2 ədəd bükülü tapmış, içərisinə baxdıqda heroin olduğunu görmüşdür. Ətrafda heç kəs olmadığına əmin olub bükümləri götürüb cibinə qoyub evə gətirmiş, gizlicə bir dəfə istifadə etmiş, qalanını isə yataq otağında çarpayının altında saxlamışdır. xx.xx.2023-cü ildə saat 13 radələrində yaşadığı binanın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirmiş, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Gəncə şəhər BPİni aparmışlar.... Ona vəkil çağırılmış, üzərində şəxsi axtarış keçirilmişdir. İki ədəd “Samsung” və “Nokia” markalı mobil telefonlar götürülmüş, qadağan edilən başqa əşya aşkar edilməmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçirilmiş, o da könüllü olaraq çarpayının altında saxladığı narkotik vasitələri təqdim etmişdir... Narkotik vasitələri hər hansı şəxsə verməmiş və satmamışdır... İbtidai istintaqın sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs məhkəmə baxışı ilə eyniməzmunlu ifadə verərək, evindən aşkar edilən narkotik vasitələrə aidiyyəti olmadığını, polis əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə şöbəyə aparıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını, narkotikin əvvəlcə üzərinə sonra isə yaşadığı evə qanunsuz qoyulduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, digər şəxslərlə birgə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qeydiyyat işi açılmış, şəxsin ətrafında tədbirlər görülmüşdür. xx.xx.2023-cü ildə digər şəxslərlə birlikdə Anarın da olduğu ünvan, nəqliyyat vasitələri, yaşadıqları ünvana baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə Gəncə şəhər məhkəməsi qərar qəbul etmişdir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nə gətirilmişdir. Vəkil dəvət edilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitələr və 2 ədəd mobil telefon aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təxminən 1 həftə əvvəl tapdığını bildirmiş, özü istifadə etdiyi üçün bir qismini istifadə edib qalan hissəsini yaşadığı evdə saxladığını demişdir. Bundan sonra özünün iştirakı ilə yaşadığı evə axtarış keçirilmiş, 2 ədəd bükümdə narkotik vasitə aşkar edilib götürülmüşdür. Bükümlər tərəzidə çəkilmiş, götürülüb qablaşdırılmışdır. Verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxslə arasında hər hansı qərəzlik olmasa da, saxlanılmasına iştirak etdiyi üçün onun barəsində guya hədə-qorxu gəlinməsi barədə sonrakı ifadələrində bildirmişdir. Narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatları olsa da, onun kimə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1lə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmiş, təqsirləndirilən şəxsə qarşı hansısa psixi və fiziki zorakılıq olmadığını, onu yaşadığı evin yaxınlığında saxlayıb polis şöbəsinə gətirdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Məhkəməsinin 5 (125)-763/2023 saylı və xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən 22331 №li əməliyyat qeydiyyat işi üzrə Təqsirləndirilən şəxs və qeyriləri barəsində güdülmə, yaşadıqları ünvana daxil olma, baxış keçirilmə, idarə etdikləri nəqliyyat vasitələrinin yaşadıqları ünvanın müşahidəsi əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 13 radələrində yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 197, ev 1 yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmişdir İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:30-da CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı “Nokia-105” və “Samsung J-3” markalı mobil telefonlar aşkar edilib götürülmüş, viedoçəkilişdə yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Atatürk prospekti 197, ev 1 ünvanda keçirilmiş axtarış zamanı yataq otağında olan çarpayının altında olan 2 ədəd qara rəngli sellofan bükümlər aşkar edilmiş, sorğusual zamanı Təqsirləndirilən şəxs həmin bükümləri tapdığını, heç kəsə vermədiyini, satmadığını, təxmini çəkilərinin 5-6 qram olduğunu bildirmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşmə aparılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/1217 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki 2 (iki) ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 2,598 qram, 2,658 qram ümumi təmiz çəkisi 5,256 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, maddə heroindir. Təqdim olunmuş 1 (bir) ədəd kağız paketd olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısının İ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi 5,256 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq 5,156 qram İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2053 №li rəyindən görünür ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 1827 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan ********** və ********** saylı mobil nömrələrlə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD diskə baxış zamanı: -********** saylı mobil nömrədən X4 adına olan ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 18-19 radələri arasında “Orxan ma zeng ele bidene qaqa...Agali meni corniden cixart veziyet pisdi cix pulu ver cixim gedim...Agali siz terefdeyem hardasan…Agali corniden cixart meni orxan bele seyler lazim doy…Agali acdana telefonu bu qederde olmazdana sizin kucedeyem men” məzmununda mesaj mətni, - ********** saylı mobil nömrədən X6 adına olan ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində “?” məzmununda mesaj mətni, xx.xx.2023cü il tarixdə saat 23:40 radələrində ********** saylı mobil nömrədən ********** saylı mobil nömərəyə “ANAR SAGOL BRAT ALLAH KOMEYİN OLSUN...” məzmununda mesaj mətni, - xx.xx.2023-cü il tarixdə saat 20 radələrində X3 adına olan ********** saylı mobil nömrədən ********** saylı mobil nömərəyə “4098 5844 6560 3221...Leo...” məzmununda, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində isə “Yigma buralarnan birdiler...” məzmununda mesaj mətni, - xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ********** saylı mobil nömrədən ********** saylı mobil nömərəyə “Анаp lенанi jig... Lена дuнjаны даgдыp анаp pulu аpаrды деjиr...” məzmununda mesaj mətni, -xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ********** saylı mobil nömrədən ********** saylı mobil nömərəyə “Cornudayam” məzmununda mesaj mətni göndərilmiş, başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə kompüter texniki ekspertizasına əlavə edilmiş, şəxsin istifadəsində olan “Samsung J3” və “Nokia” markalı mobil telefonların yaddaşı ilə bağlı 2 ədəd CD diskdə iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 57/1/1271/2024 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlaması müəyyən edilmiş, onun narkotik vasitələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində hazırda müsbət nəticə əldə olunmasa da, bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə köməklik etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Baş Polis İdarəsindən verilmiş əməliyyat tapşırığına xx.xx.2014-cü il tarixli, 5/1-4671/2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlardakı şəxslər onun qaynı və bacısı olmuş, həmin şəxslərin Təqsirləndirilən şəxs narkotik vasiətlərin qanunsuz dövriyyəsində əlbirliklərini müəyyən etmək mümkün olmamış, onunla sms yazışmaları olan şəxslərin şəxsiyyətinin müəyyən edilib istintaqa təqdim edilməsi isə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış Gəncə şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 78/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə qeydiyyata alınmış, təyin edilmiş cəzadan xx.xx.2023-cü il tarixə 1 (bir) il, 6 (altı) ay, 23 (iyirmi üç) gün hissə çəkilməmiş qalmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 1118-c-24 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs polis zorakılığına məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən aparılmış araşdırma zamanı toplanmış material üzrə xx.xx.2024-cü ildə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,156 qram narkotik vasitə olan heroin Gəncə şəhər BPİ-də saxlanca verilmiş, şəxsi axtarış, evdə axtarış istintaq hərərkətlərinin qeydə alındığı videogörüntülər olan 01 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd CD disk, məhkəmə-kompüter texniki ekspertiza rəyinə əlavə edilmiş 02 ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroinin mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrı icraata ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırma aparıldığı ilkin dövrdə, yəni videoçəkilişlə keçirilmiş şəxsi axtarış, şübhəli şəxs qismində ilkin izahatında şübhəli və təqsirləndirilən şəxs qismində videoçəkilişlə dindirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni tapıb şəxsi istifadəsi üçün saxladığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkilləri də ibtidai istintaq, və məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olsa da saxlanılana qədər və istintaq dövründə heroini əldə etmə mənbəyi, narkotik vasitəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər BPİ tərəfindən verilmiş hər iki əməliyyat tapşırığına cavab məktublarında isə Təqsirləndirilən şəxs heroinin satışı ilə məşğul olması barədə məlumatlar olsa da satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdar heroini əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq heroini məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. İstintaq orqanının satışla bağlı sübut qismində istinad etdiyi şəxsin istifadəsində olan mobil nömrə ilə aparılan və hökmün təsviri hissəsində göstərilən yazışmalarda isə məhz Təqsirləndirilən şəxs digər şəxslərə yazdığı, bilavasitə narkotik vasitə aclığını, onun narkotik vasitə əldə etmək üçün yalvarış məzmunlu sms-lərdən ibarət olmuşdur. Məhkəmə, arbitr rolunu qorumaqla bərabər, işin məhkəmə baxışında müəyyən edilmiş halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə dair məlumatlarda təqsirləndirilən şəxsin narkotik vasitə əldə etmək üçün “təşəbbüs göstərdiyi şəxslər”in telefon nömrələri və bank kart məlumatları ilə bağlı kifayət qədər məlumat olsa da, ibtidai araşdırma orqanı və prosessual rəhbərliyi həyata keçirən prokuror həmin şəxslərin ifşa edilməsi istiqmətində kifayət qədər səy və təşəbbüs göstərməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs heroini satış deyil, istehlak və sair məqsədlə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Həmin qərarın 6-cı bəndinin İİ hissəsinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin külli miqdarda olması və digər sübutlarla təsdiq olunmayan qeyri-müəyyən əməliyyat məlumatları əsas götürülmüş, təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən məcburi müalicə səviyyəsində asılılığı (əziyyət çəkməsi nəzərə alınmamışdır.) Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda və iki bükümdə olması narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Cinayət və Cinayətprosessual qanunvericiliyinin, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun İ siyahısına əsasən heroinin yuxarı miqdar çəkisi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələsi və məhkəmə baxışında göstərdiyi onun yaşadığı evə polis əməkdaşlarının qanunsuz girib (yataqxana tipli binadakı yaşayış otağından) qanunsuz olaraq yuxudan oyadılıb yatdığı çarpayının altından guya bir büküm narkotik vasitə aşkar edilməsi, sonra isə Gəncə ŞBPİ-yə aparılması, orada psixi və fiziki zorakılığa məruz qalması nəticəsində polislərlə razılaşması, aparılmış videoçəkilişdə etmədiyi əməli etiraf etməsini, sonradan keçirilmiş baxış zamanı da yadığı çarpayının döşəyin altından polislərin özlərinin qoyduğu 2 büküm narkotik vasitənin aşakr edilməsini bildirməsini təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. İşdə olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü ildə keçirilmiş istintaq hərərkətləri şəxsi axtarış və evə baxış zamanı Təqsirləndirilən şəxs gözlə görünən bədən səthləri üzərində hər hansı xəsarət və ya xəsarət izi olmamış, keçirilmiş istintaq hərəkətləri zamanı müdafiəçisinin iştirakı ilə şifahi sorğu-sual edilmiş, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində, eləcə də xx.xx.2023-cü ildə videoçəkilişdə narkotik vasitənin ona aid olduğunu tapdığını və istifadə üçün saxladığını demişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli (təqsirləndirilən şəxsə) qəbul edilən (ediləcək) qərarlara, artıq edilmiş (ediləcək) aparılan (aparılacaq) qanunsuz hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların videoçəkiliş zamanı qeydə alınmasını tələb etməyə kifayət qədər imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs ona psixoloji təzyiq edilməsinə görə etmədiyi əməli etiraf etməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi kimi polis təhdidi ilə bağlı olmasını iddia etsə də, narkoloji tibbi müayinədən keçərkən cinayət hadisəsini və narkotik vasitə qəbul etdiyi etiraf etmişdir ki, bu da şəxsin özünümüdafiə dəlillərini inkar edir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizanın rəyinə əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əziyyət çəkir ki, bunu da məhkəmə tərkibi müdafiə tərəfinin məhkəmədə şifahi olaraq göstərdiklərinə münasibətdə daha obyektiv, qərəzsiz və mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan naməlum çəkidə narkotik vasitə olan heroin əldə edərək ünvan 3 ünvanına aparmaqla daşıyıb saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin X2 daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altında saxladığı iki ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,598 qram, 2,658 qram olmaqla, ümumi təmiz çəkisi 5,256 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdar çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Anar Şanalovun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkbi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, əvvəllər eyni xarakterli əməllər törətməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyin edilməsini qeyrimümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-224/2026 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 6 ay 23 gün hissəsi 68.1.1-1-ci maddəsinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması 1 gün azadlıqdan məhrumetmə ilə əvəz edilməklə hazırda təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onun yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,256 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, evdə axtarış istintaq hərərkətinin videogörüntüləri olan 1 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan ədəd 1 ədəd CD disk, eləcə də məhkəmə kompüter texniki ekspertiza rəyinə əlavə edilmiş mobil telefonların yaddaşdakı məlumatları olan 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş Gəncə şəhər BPİ-də saxlanılan “Nokia” və “Samsung J3” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına, yaxud qohumlarına qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 112,40 (bir yüz on iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azdlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-224/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 23 (iyirmi üç) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1 (bir) gün azadlıqdan məhrum etmə ilə əvəz edilməklə və hazırda təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,256 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış, evdə axtarış istintaq hərərkətinin videogörüntüləri olan 01 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatlar olan ədəd 1 ədəd CD disk, eləcə də məhkəmə kompüter texniki ekspertiza rəyinə əlavə edilmiş 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş Gəncə şəhər BPİ-də saxlanılan “Nokia” və “Samsung J3” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına yaxud qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 112,40 (bir yüz on iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar