Məhkəmə qərarları › İş №1(100)-226/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-226/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-226/2020 21.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağstafa şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəlləlr məhkum olunmamış, Ağstafa rayonu, Göycəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X19 Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər əldə etdiyi 30 ədəd çətənə (kannabis) bitkisinin toxumunun 14 ədədini 2020-ci ilin fevral ayının məlum olmayan günündə 14 ədəd birdəfəlik plasmas stəkanın içərisində, təxminən 15 gün sonra qalan 16 ədədini 16 ədəd birdəfəlik plasmas stəkanın içərisində torpağa basdırıb, Ağstafa rayonu Göycəli kəndində yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yaşayış olmayan otaqda saxlayaraq qanunsuz olaraq becərdikdən sonra həmin toxumlardan cücərmiş 13 ədəd çətənə (kannabis) bikisini xx.xx.2020-ci il tarixdə, qalan 17 ədəd çətənə (kannabis) bitkisini xx.xx.2020-ci il tarixdə Ağstafa rayonu Göycəli kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində qanunsuz olaraq əkərək ümumi təmiz çəkisi 4505 qram olan, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən külli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan 30 ədəd çətənə (kannabis) bitkisini becərməklə kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağstafa rayonu Göycəli kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı bağ sahəsində qanunsuz olaraq əkib-becərməklə kultivasiya etdiyi, hündürlüyü 44 santimetrdən 1,62 metrədək, ümumi çəkisi 4505 qram olan 30 ədəd çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Göycəli kəndində ailəsi iləbirlikdə yaşayır. xx.xx.2016-cı ildən Ağstafa rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Ağstafa rayonu Göycəli kəndindəki evlərində o, həyat yoldaşı və 3 azyaşlı övladı, atası Təqsirləndirilən şəxs Şaliko oğlu, anası X7, nənəsi X8 birlikdə yaşamışdırlar. Əsəbi olmağı ilə əlaqədar 2020-ci ilin əvvəllərindən təxminən 3-4 ay ərzində narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Belə ki, təxminən 3-4 ay ərzində təxminən 4 dəfə narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmiş, bunun üçün bir neçə dəfə Tatlı, Göycəli kəndlərində su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb siqaretə qatıb çəkmişdir. 2020-ci ilin fevral ayında qərara gəlmişdir ki, Ağstafa rayonu Göycəli kəndində yaşadığı evin bağ sahəsində narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək üçün əkib-becərsin. 2006-cı ildə o Bakı şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan zaman 30 ədəd çətənə toxumunu “Papanin” adlanan ərazidə adını xatırlamadığı şəxsdən həmin vaxtın pul vahidi ilə təxminən 10 şirvan verib əldə etmişdir. Bundan sonra həmin 30 ədəd çətənə toxumunu özündə saxlamış, Ağstafa rayonuna gəldikdən sonra da həmin çətənə toxumlarını sellofan kəsiyinə büküb evin bağ sahəsində torpağa basdırıb saxlamışdır. 2020-ci ilin fevral ayının axırında, dəqiq xatırlamadığı gündə o sellofan kəsiyinə büküb torpağa basdırdığı 30 ədəd çətənə toxumunu çıxardıb 14 ədədini birdəfəlik istifadə üçün nəzərdə tutulan 14 ədəd kapron stəkanın içərisinə torpaq qoyub basdırmış, təxminən 15 gün sonra isə qalan 16 ədədini birdəfəlik istifadə üçün nəzərdə tutulan 16 ədəd kapron stəkanın içərisinə torpaq qoyub basdırmışdır. Həmin stəkanları evin ikinci mərtəbəsində yerləşən yaşayış olmayan otaqda saxlamış, üzərinə sellofan çəkmiş, əkdiyi toxumlara su tökmüşdür. 30 ədəd kapron stəkanda əkdiyi toxumların hamısı cücərmişdir. Həmin toxumlardan cücərmiş çətənə bitkiləri bir qədər böyüdükdən sonra xx.xx.2020-ci il tarixdə günorta saatlarında 13 ədəd birdəfəlik stəkanda basırdığı 13 ədəd çətənə bitkisini Ağstafa rayonu Göycəli kəndində yaşadığı evin həyətyanı bağ sahəsinə əkmişdir. Həmin vaxt çətənə bitkilərindən 5 ədədini bağ sahəsinin mərkəzində, 8 ədədini isə bağ sahəsinin sol tərəfində metal torun yaxınlığında əkmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində 17 ədəd birdəfəlik stəkanda basırdığı 17 ədəd çətənə bitkisini Ağstafa rayonu Göycəli kəndində yaşadığı evin həyətyanı bağ sahəsinə əkmişdir. Həmin vaxt 7 ədəd çətənə bitkisini düz xətt boyunca bağ sahəsinin mərkəzində, 2 ədəd çətənə bitkisini 7 ədəd çətənə bitkisinin yanında, 4 ədəd çətənə bitkisini 7 ədəd çətənə bitkisindən 1 metr irəlidə, 4 ədəd çətənə bitkisini isə bağ sahəsinin sol tərəfində, metal torun yaxınlığında əkmişdir. O həmin bitkiləri torpağa əkdikdən sonra tez-tez həmin bitkilərə nəzarət etmiş, su tökmüş, diblərini otalaqdan təmizləmişdir. Əkdiyi 30 ədəd çətənə bitkisinin hamısı böyümüşdür. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində o evin ikinci mərtəbəsində yatan zaman kiminsə onu səslədiyini eşitmişdir. Bundan sonra o paltarını geyinib bayıra çıxmış, evin ikinci mərtəbəsinin qapısından çıxanda görmüşdür ki, evin həyətində mülki paltarlı tanımadığı şəxslər var. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə bitkisi əkdiyini ona bildirdikdə o bağ sahəsində özü istifadə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkdiyini səmimi etiraf etmişdir. Bundan sonra həmkəndlisi Çingiz Məmmədov aqronom kimi dəvət edilmiş və bir neçə saat sonra o gəlmişdir. Bundan sonra polis əməkdaşları onun və Çingiz Məmmədovun iştirakı ilə evinin qabaq hissəsində yerləşən bağ sahəsinə baxış keçirtmişlər. Baxış zamanı özü əkibbecərdiyi çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun və dəvət olunmuş aqronomun iştirakı ilə bağ sahəsinin ayrıayrı yerlərində əkdiyi 30 ədəd çətənə bitkisinin hər biri kökündən çıxarılaraq bağ sahəsində yerə düzülmüş, onun, aqronomun, polis əməkdaşlarının iştirakı ilə yenidən sayılmış və 30 ədəd çətənə bitkisi orada 2 ədəd kisədə qablaqlaşdırılmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirilməli olduğunu bildirdikdə o evində heç bir narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmiş və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları onun iştirakı ilə yaşadığı evin hər iki mərtəbəsinin otaqlarına, evə bitişik yerləşən yardımçı tikililərə baxış keçirtmişlər, baxış zamanı heç bir narkotik vasitə, digər əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu və 2 ədəd kisədə qablaşdırılaraq götürülmüş 30 ədəd çətənə bitkisini Ağstafa RPŞ-yə aparmışdırlar. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Ağstafa rayonu, Göycəli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi barədə Ağstafa RPŞ-nin X4 baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Şahid1 raportla Ağstafa RPŞ-nin rəhbərliyinə məruzə etmiş, RPŞ-nin rəhbərliyi Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq vermiş, bundan sonra Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Ağstafa RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı X9, X1 baş inspektoru polis kapitanı Şahid5, CABnin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və İTB-nin polis sahə rəisi polis kapitanı Şahid3 daxil edilmişlər. Bundan sonra həmin gün saat 06 radələrində onlar Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşadığı evə getmişlər. Onlar evin həyətinə baxanda heç kimin olmadığını görmüş və Təqsirləndirilən şəxs səsləmişlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs özü ikimərtəbəli evinin 2-ci mərtəbəsindəki giriş qapısından bayıra çıxmışdır.Onlar həyətə daxil olmuş və Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Şahid1 Təqsirləndirilən şəxs izah etmişdir ki, onun evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərməsi barədə məlumat almış, həmin məlumatı yoxlamaq üçün əməliyyat tədbiri keçirilir və bununla bağlı qəbul edilmiş qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs isə bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra bağ sahəsinə baxış keçirməzdən əvvəl aqronom X6 dəvət edilmiş, aqronom da gəldikdən sonra həmin gün saat 08 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs evinin həyətindəki qapıdan evin qarşısında yerləşən bağ sahəsinə keçib oraya baxış keçirməyə başlamışlar. Baxış zamanı Ağstafa RPŞ-nin X1 baş inspektoru polis kapitanı Şahid5 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü narkotik tərkibli çətənə bitkiləri əkdiyi yerləri bir-bir göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs bağ sahəsinə daxil olduqda əvvəlcə sol tərəfdə metal tordan 3 metr məsafədə əkdiyi 4 ədəd, həmin yerdən bir neçə metr aşağıda metal torun yaxınlığında əkdiyi 4 ədəd, həmin yerdə metal torun yanında ətrafında yaşıllıqlar olan sahədə əkdiyi 4 ədəd, bağ sahəsinin mərkəzində əkdiyi 5 ədəd, həmin yerdən aşağıda düz xətt boyunca əkdiyi 7 ədəd və həmin bitkilərin yanında əkdiyi 2 ədəd, oradan təxminən 1 metr aşağıda əkdiyi 4 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkini təqdim etmişdir. X13 həmin bitkilərə baxış keçirdikdən sonra onların hər birinə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə bağ sahəsinin digər yerlərinə də baxış keçirilmiş, aşkar olunmuş bitkilərdən başqa narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri öz istifadəsi üçün əkdiyini, özünün bitkilərə qulluq etdiyini bildirmişdir. Bundan sonra onlar bağ sahəsində aşkar edilmiş 30 ədəd narkotik tərkibli çətənə bitkisini kökündən çıxarmaqla bağ sahəsində yanyana düzmüş, bitkilər bir daha sayılmış, cəmi 30 ədəd çətənə bitkisinin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 30 ədəd çətənə bitkisinin 10 ədədi bir ədəd kisədə, 20 ədədi isə bir ədəd kisədə qablaşdırılmış, üzəri möhürlə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. 2 ədəd kisədə qablaşdırılmış 30 ədəd çətənə bitkisi elektron tərəzi vasitəsi ilə çəkilmiş, kisələrdən birinin çəkisi təxminən 2 kiloqram, digər kisənin çəkisinin təxminən 3 kiloqram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı evə, evə bitişik olan yardımçı tikililərə baxış keçirilmiş, lakin baxış zamanı heç bir narkotik vasitə, qanunsuz saxlanılan əşya aşkar olunmamışdır. Bununla bağlı müvafiq protokollar tərtib olunmuş və bundan sonra onlar Təqsirləndirilən şəxs və 30 ədəd çətənə bitkisinin qablaşdırıldığı 2 ədəd kisəni Ağstafa RPŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2020-ci il tarixdə saat 06 radələrində o evdə yatan zaman kiminsə uca səslə “Vaqif” deyə səsləndiyini eşitmiş, çarpayıdan qalxıb həyətə çıxanda görmüşdür ki, mülki geyimli şəxslər evin həyətinə gəlmişlər. Həmin vaxt oğlu Vaqif də evin 2-ci mərtəbəsindən aşağı düşmüş, mülki geyimli şəxslər Ağstafa rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Vaqifin evin bağında narkotik tərtkibli bitkilər əkdiyi barədə məlumat aldıqlarını bildirmişlər. Vaqif isə evin bağında narkotik tərtkibli bitkilər əkdiyini etiraf etmişdir. Polis əməkdaşları gəldikdən bir müddət sonra həmkəndlisi Çingiz Məmmədov aqronom kimi oraya dəvət olunmuş, bundan sonra onlar birlikdə evin qarşısında yerləşən bağa getmişlər. O isə evin həyətində qalmışdır. Bir müddət keçdikdən sonra polis əməkdaşları, aqronom kimi dəvət olunmuş həmkəndlisi Çingiz, Vaqif bağdan həyətə gəlmişlər. Bundan sonra polis əməkdaşları Vaqiflə birlikdə evə baxış keçirtmiş, daha sonra Vaqifi və bağdan götürüb 2 ədəd kisədə qablaşdırdıqları narkotik tərkibli bitkiləri Ağstafa rayon polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməbioloji ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 16/436 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Ağstafa rayonu Göycəli kənd sakini Şahid6 Vaqif oğlunun yaşadığı evin bağ sahəsindən aşkar olunmuş 20 (iyirmi) ədəd çətənə kolu...” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 20 (iyirmi) ədəd ümumi təmiz çəkisi 2635 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində “Ağstafa rayonu Göycəli kənd sakini Şahid6 Vaqif oğlunun yaşadığı evin bağ sahəsindən aşkar olunmuş 10 (on) ədəd narkotik tərkibli çətənə bitkisi...” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, sayı 10 (on) ədəd ümumi təmiz çəkisi 1870 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş həmin bitkilərin ümumi sayı 30 (otuz) ədəd, ümumi təmiz çəkisi 4505 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə X20 Rayonlararası Psixonevroloji Dispanserindən təqdim edilmiş ambulator məhkəməpsixiartik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 344 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə X20 Rayonlararası Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli, 559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmişdir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ağstafa rayonunun Göycəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilərkən 30 ədəd çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli aqranomun rəyindən görünür ki, Ağstafa rayonunun Göycəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilərkən aşkar olunan 30 ədəd bitki kolu narkotik tərkibli çətənə bitkisinə aiddir və həmin bitkilər əkilmiş, aqrotexniki qaydada yetişdirilmiş və bitkilərin hər birinə qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 237.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə” Ağstafa rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışıdır. İş materiallarına əlavə edilmiş Ağstafa rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon icra hakimiyyəti başçısının Göycəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 224 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonunun Göycəli kəndində anası X10, atası Şahid6, nənəsi X8, arvadı X2 və üç az yaşlı qızları Roza Mehdizadə, Gülbəniz Mehdizadə və Xədicə Mehdiyeva ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Ağstafa rayon icra hakimiyyəti başçısının Göycəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon polis şöbəsinə məsul saxlanca verilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsi Tədqiqat Obyekti № 1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinə məxsus 2 ədəd kisədə qablaşdırılmış 30 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa rayon polis şöbəsinə məsul saxlanca verilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsi Tədqiqat Obyekti № 1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə Məhkəmə Ekspertizası Mərkəzinə məxsus 2 ədəd kisədə qablaşdırılmış 30 ədəd narkotik tərkibli çətənə bitkisi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) X19 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar