Məhkəmə qərarları › İş №1(100)-227/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2022 22.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz girməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq və quldurluq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayətlərini törətmişdir. Belə ki, o, 21 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində yerləşən X4 işlətdiyi kafenin yaxınlığında Gədəbəy rayonu, İnəkboğan kənd sakinləri Zərərçəkmiş şəxs1 və X8 onun dostu olan Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini X5 ilə dalaşaraq sonuncunu döymələri barədə eşidib, Altay Musayevin qisasını almaq üçün Zərərçəkmiş şəxs1la görüşmək məqsədilə həmin tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu, İnəkboğan kəndinin mərkəzi istiqamətində tanışı Şahid3 idarə etdiyi “VAZ 21213” minik markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən, İnəkboğan kəndinin mərkəzində yolun kənarında həmin kənd sakinləri Zərərçəkmiş şəxs1 Şahid1 ilə mübahisə edərək dalaşmalarını görüb avtomaşından düşərək onlara yaxınlaşıb yumruqla Zərərçəkmiş şəxs1 burnunun üstünə qəsdən 2 dəfə, sonra isə başına və bədəninə təpiklə qəsdən zərbələr endirərək ona başın şişkinliyi, sağ dodaq bucağının əzilmiş səthi yarası, qançırı, döş qəfəsinin sol yan səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan və burunun əzilmiş yarası və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində onunla qonşuluqda tək yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evə giriş qapısında olan rəzəni açma yolu ilə qanunsuz daxil olmaqla evin aynabəndində onunla qarşılaşdıqda Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək, hücuma məruz qalmış sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə qollarından və ağız nahiyəsindən tutaraq yataq dəstinin üzərinə uzadıb öldürəcəyini bildirərək pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 pulunun olmadığını, evdə nə varsa götürüb getməsini bildirdikdə isə, onun üzünü gördüyü üçün öldürmək qərarına gəlib Zərərçəkmiş şəxs2 üzünü gördüyü üçün onu öldürüb evdən istədiyi əşyaları aparacağını deyərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib yastığı sifətinə sıxıb yataq dəstinin örtüyünü Zərərçəkmiş şəxs2 boğazına və başına dolamaqla boğaraq sonuncuya başın tüklü hissəsində təpə nahiyəsinin, sol körpücük-döş oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, boyunun sol yan səthinin çiyinüstü nahiyəyə keçən hissəsinin, sağ milbilək oynaq nahiyəsinin sıyrıqları, sol almacıq nahiyəsinin cüzi şişkinlik fonunda qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs2 qışqırıq səslərinə qonşuluqda yaşayan Şahid5 və Şahid6 oraya gəldiklərini görüb öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək yastığın altında olan 950 manat pulu ələ keçirməklə quldurluq edib hadisə yerindən qaçaraq onu quldurluq niyyətilə qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, Cinayət Məcəlləsinin 181.2.3 və 29, 120.2.11-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilmədiyini göstərmişdir. 21 fevral 2021-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən evində axşam yeməyi yeyərkən 1 litr araq içmiş, sonra isə Böyük Qaramurad kəndinin mərkəzinə getmişdir. Orada İnəkboğan kənd sakini Şahid1 ilə görüşüb bir qədər söhbət etmişlər. Altay kiminləsə telefonda söyüşlə danışmışdır. Sonra Altay ondan xahiş etmişdir ki, birlikdə İnəkboğan kəndinə getsinlər. Altaydan niyə və nə səbəbə İnəkboğan kəndinə getməklərini soruşmadan onunla razılaşmışdır. Altayın «Vaz 2106» markalı avtomobilinin arxa oturacağında oturmuşdur. Həmin vaxt sərxoş olduğu üçün avtomobildə başqa kiminsə olduğunu xatırlamır. İnəkboğan kəndinə çatmamış Altay ona “bizi görsə qaçacaq, sən düş arxadan gələn avtomobilə min” demişdir. O, sərxoş olduğu üçün Altaydan bunun səbəbini soruşmamışdır. Altayın «VAZ 2106» markalı avtomobilindən düşüb arxadan gələn avtomobilin sürücüsündən xahiş etmişdir ki, onu da İnəkboğan kəndinin mərkəzinə aparsın. Həmin avtomobilin sürücüsü onunla razılaşmış və markasını xatırlamadığı həmin avtomobilə əyləşmişdir. Həmin avtomobildə sürücüdən başqa kiminsə olduğunu dəqiq xatırlaya bilmir. İnəkboğan kəndinə çatan zaman qarşıda Altayın avtomobilinin dayandığını, orada Altay və digər iki nəfərin olduğunu görmüşdür. Sürücüdən avtomobili dayandırmasını xahiş edib avtomobildən düşmüşdür. Sonradan adının Eşqin olduğunu bildiyi şəxs söyüş söyə-söyə ona tərəf qaçan zaman elə bilmişdir ki, Eşqin ona söyür. Həmin vaxt çox əsəbləşib Eşqinin burnunun üstünə yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs1la əvvəldən heç bir tanışlığı olmamış və hadisədən sonra onun adını bilmişdir. Sadəcə həmin vaxt Eşqin söyüş-söyə ona tərəf gələndə zənn etmişdir ki, Eşqin onu söyür. Sonra orada olanları sərxoş olduğundan xatırlamır. Onu oradan kimin gətirdiyini və hansı avtomobillə evinə getdiyini də dəqiq xatırlamır. Hadisə zamanı sərxoş olduğundan Eşqinin başından təpiklə neçə dəfə vurduğunu xatırlamır. Eşqinlə Sahibin həmin gün onun Altay adlı dostu ilə dalaşmalarından onun xəbəri olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Əliyeva X14 rayonu, Qurudərə kəndində onunla qonşudur. Zərərçəkmiş şəxs2 evində tənha yaşayır, oğlanları Vüsal və Asəf isə Sumqayıt və Gəncə şəhərlərində yaşayırlar. Təxminən 2 ildən artıq müddətdə Zərərçəkmiş şəxs2 ilə aralarında bir neçə dəfə intim münasibət olmuşdur. Təsərrüfat işlərində Şəkərə kömək etdiyinə görə aralarında xoş münasibət yaranmış və bu sonunda intim münasibətlərə çevrilmişdir. Şəkər təxminən 9 ay oğlanlarının evində Sumqayıt və Gəncə şəhərlərində qaldıqdan sonra, 2021-ci ilin iyun ayında Qurudərə kəndindəki evinə qayıtmışdır. 14 iyun 2021-ci il tarixdə günorta saatlarında Qurudərə kəndinin örüş sahəsində iribuynuzlu heyvanlarını otaran zaman Şəkərin öz məhləsində kəklikotu yığdığını görmüşdür. Şəkər uzaqdan onu səsləyib salam vermişdir. Şəkərə zəng edib danışmaq istəsə də, konturu olmadığı üçün zəng edə bilməmişdir. Şəkərlə həmin vaxt aralarında təxminən 150 metr məsafə olmuşdur. Şəkər ona səslənib axşamüstü gəlib həyətinin otunu biçməyi xahiş etmişdir. Başa düşmüşdür ki, Şəkər onunla intim münasibətdə olmaq üçün üstüörtülü şəkildə onu evinə çağırır. Çünki onların belə bir şifrəsi olmuş və Şəkər onu evinə hər dəfə bir bəhanə ilə çağırırmış və onlar intim münasibətdə olurmuşlar. 14 iyun 2021-ci il tarixdə təxminən saat 22:30-da Qurudərə kəndində Şəkərin yaşadığı evə getmişdir. Evin qarşısına çatan zaman Şəkərin evinin qapısını döymüşdür. Zərərçəkmiş şəxs2 gəlib qapını açmış və o, evə daxil olmuşdur. Yataq otağına keçib paltarlarını soyunmağa başlamışlar. Təxminən 5 dəqiqə sonra Şəkərin qaynı oğlu Tale və qaynının arvadı Səltənət oraya gəlmişdir. Səltənət və Tale onları həmin vəziyyətdə görüb qışqırıb səs-küy salaraq onu söyməyə başlamışlar. Tale yataq otağında onun qolundan tutub saxlamaq istəyən zaman əlindən çıxıb qaçmışdır. Həmin vaxt ayaqqabıları elə Zərərçəkmiş şəxs2 qapısının ağzında qalmışdır. Bir qədər qaçıb Şəkərin evinin üst tərəfində təxminən 15 metr məsafədə dayanıb gizlənmişdir. Onların nə edəcəyini izləməyə başlamışdır. Qaçandan sonra oraya Şəkərin qaynı Mirnamiq gəlmiş və qışqırıb səs-küy salmağa başlamışdır. Daha sonra Mirnamiq zəng edərək polisə məlumat vermişdir. Bütün bunları Şəkərin evinin üst tərəfində olan biçənək sahəsində otluqda ağzı üstə uzanmış vəziyyətdə dayanaraq izləyirmiş. Zərərçəkmiş şəxs2 onun yastıq və yorğanı üzünə basıb öldürmək istəməyi, evdə olan pulların yerini soruşmağı, Şəkərin evindən 950 (doqquz yüz əlli) manat pul götürməyi barədə dedikləri yalandır. Şəkər ona böhtan atır. Onu Şəkər özü evinə çağırmış və qapını özü açmışdır. Cinsi əlaqədə olmaq üçün əyinlərini soyunan zaman oraya Tale və Səltənət gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 səs-küy salıb “qoymayın, kömək edin” deyirmiş. Şəkər qohumlarının yanında biabır olmamaq üçün özü qəsdən səs-küy salıb özünü vəziyyətdən çıxarmağa çalışırmış. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətləri sonuncunun hansı şəraitdə almasını bilmir. O, Zərərçəkmiş şəxs2 hər hansı bədən xəsarəti yetirməmişdir. Zərərçəkmiş şəxs2 ilə təxminən 2 ildən artıq müddətdə mütəmadi olaraq, ayda bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs2 ilə hər dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. İntim münasibət hər dəfə təxminən 5-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs2 bədənində hər hansı bir xal, ləkə, çapıq, yara olub-olmamasını bilmir və ümumiyyətlə onun bədəninə dair hər hansı əlamətlə bağlı heç nə deyə bilməz. Həmçinin onun cinsiyyət orqanının, sinəsinin forma və quruluşunu təsvir edə bilmir. Eyni zamanda onların cinsi əlaqədə olmasının kimin təklifi ilə başlanmasını da bilmir. O, Zərərçəkmiş şəxs2 evinə quldurluq və onu öldürmək məqsədilə girməmiş, onların məqsədi cinsi əlaqədə olmaq olmuşdur. Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmağı barədə heç kimə deməmişdir. 14 iyun 2021-ci il tarixdə əynində göy rəngdə şalvar və sarıya çalan rəngdə qısaqol köynək olmuş, həmin paltarları o, tutulduqdan sonra özü ilə təcridxanaya aparmış və köhnəldiyi üçün həmin paltarları sonradan atmışdır. O, hadisə vaxtı Şəkəri Əliyevanı boğmamış və ona qarşı hər hansı cinayət törətməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrindən görünür ki, o, məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr versə də, məhkəməyədək icraat zamanı 19 iyun 2021-ci il tarixdə verdiyi əlavə ifadəsində əvvəlki ifadələrində Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması ilə bağlı verdiyi ifadələri təsdiq etmədiyini, Zərərçəkmiş şəxs2 ilə heç vaxt cinsi əlaqədə olmadığını, Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə verdiyi həqiqətə uyğun olmayan ifadələr verməsinin səbəbini izah edə bilmədiyini bildirmişdir. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs2 evinə hansı səbəbə getməsi ilə bağlı verilmiş suala cavab olaraq “Allah şeytana lənət eləsin, bir səhvdir etmişəm deyərək həqiqətən də həmin gecə Zərərçəkmiş şəxs2 evinə getdiyini, getmə səbəbini özünün də bilmədiyini, Zərərçəkmiş şəxs2 evinə gedərkən özündə olmadığını, nə cür hərəkətlər etdiyini yadına sala bilmədiyini, əgər Zərərçəkmiş şəxs2 qarşı hər hansı pis hərəkət etmişdirsə onu bağışlamasını istədiyini, Zərərçəkmiş şəxs2 qarşı etdiyi hərəkətlərə görə çox peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 132-133). Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ziddiyyətli ifadələr verməsinin səbəbi soruşularkən, yəni onun ibtidai istintaq zamanı əvvəlki ifadələrində Zərərçəkmiş şəxs2 qarşı cinayət törətmədiyini, sonuncu ilə intim münasibətləri olduğuna görə onun evinə getməsini bildirməsi, sonrakı qeyd edilən ifadəsində isə Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması ilə bağlı verdiyi ifadələri təsdiq etmədiyini, Zərərçəkmiş şəxs2 evinə gedərkən özündə olmadığını göstərməsinin səbəbini izah edə bilməmiş, ziddiyyətli ifadələr verməsinin səbəbinə dair suallara cavab verməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonunun İnəkboğan kəndində yaşayır. 2015-ci ilin yanvar ayından 31 may 2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayon ərazisində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, 31 may 2021-ci il tarixdə xidmətə uyğunsuz hesab edilərək ordudan tərxis edilmişdir. İİ Qarabağ müharibəsində iştirak etmiş, Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı medalla təltif olunmuşdur. 16 fevral 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixə kimi növbəti əmək məzuniyyətində olmuşdur. 21 fevral 2021-ci il tarixdə saat 11 radələrində həmkəndlisi X12 ilə İnəkboğan kəndinin ərazisində rastlaşıb görüşmüşdür. Söhbət zamanı Sahib Məmmədov ona “döyüşlərdə iştirak etmisən, Şuşa şəhərini azad edənlərdən biri də sən olmusan, gedək sənə qonaqlıq verim” demişdir. Sahib Məmmədov həmin vaxt sərxoş halda olmuşdur. Bundan sonra o, Sahib Məmmədovla birlikdə Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən Vaqif adlı şəxsin işlətdiyi kafeyə getmişdir. Bu vaxt günorta saat təxminən 14 radələri olmuşdur. O, Sahib Məmmədovla bir masa arxasında əyləşmiş, sonra isə yemək və 0.7 litr araq sifariş etmişlər. Birlikdə yemək yeyib spirtli içki qəbul etdikləri zaman tanımadığı, sonradan adının Altay olduğunu bildiyi şəxs Sahib ilə görüşmüş və onlarla bir masa arxasına əyləşmişdir. Daha sonra onlar bir yerdə yeyib içmişlər. Sonra o, ayaq yoluna getmək ücün çölə çıxmış və təxminən 5 dəqiqə sonra geri qayıdanda kafedə Sahiblə Altayı görməmişdir. Altay onların oturduğu masaya bir nəfər tanımadığı şəxslə birlikdə gəlmiş, lakin həmin şəxs bir qədər oturub işi olduğunu deyərək çıxıb getmişdir. Çöldə səs-küy olduğunu eşidib qapıya doğru gedərkən Altay və Sahibin əlbəyaxa olduqlarını, bir-birini şillə-təpiklə vurduqlarını görmüşdür. O və kafeni işlədən Vaqif adlı şəxs onları bir-birindən aralamışlar. O, Sahibi, Vaqif isə Altayı çəkib kənara aparmışdır. O, Sahibin qoluna girib həmkəndlisi Şahid1 zəng edərək ona Sahibin bir nəfərlə dalaşdığını və onu kəndə aparmaq lazım olduğunu demişdir. Altay isə ona Böyük Qaramurad kəndində Əliağa adlı şəxsin çayçısında olduğunu və ora gəlmələrini demişdir. O, Sahib ilə piyada Əliağa adlı şəxsin çay evinin yanına getmişdir. Şahid1 maşını çay evinin qarşısında olmaqla açarı üstündə olmuşdur. O, Şahid1 zəng edib çay evinin qabağında olduğunu demiş, Altay isə ona “gəl bura bir yerdə gedərik” demişdir. O, Şahid1 dövlət nömrə nişanını xatırlamadığı göy rəngli «VAZ 2106» markalı avtomobilinə əyləşib, mühərriki işə salaraq avtomobili üzü Böyük Qaramurad kəndinə tərəf saxlamışdır ki, Şahid1 gələndə vaxt itirməsin. Bunu həm də ona görə etmişdir ki, Sahibin mübahisə etdiyi Böyük Qaramurad kənd sakini olan Altay gəlib Sahib Məmmədovla yenidən dalaşmasın. Bu zaman Şahid1 yaxınlaşıb ondan niyə icazəsiz maşınının yerini dəyişdiyini soruşmuşdur. Bu zaman o, üzrxahlıq edərək nəyə görə belə etdiyini izah etmişdir. Şahid1 da ona üzrxahlıq edərək kəndə getmədiyini, işi çıxdığı üçün başqa yerə gedəcəyini bildirmişdir. O, Altayın avtomobilindən düşüb İnəkboğan kəndində yerləşən evinə getmək üçün başqa maşın axtarmağa başlamışdır. Həmin vaxt Şahid1 ona yaxınlaşıb maşını geri döndərən zaman güya avtomobilin altını yerə vurduğunu, cızdığını bildirmişdir. O isə belə bir şey etmədiyini, əgər avtomobilə nəsə bir ziyan dəyibsə ziyanı qarşılamağa hazır olduğunu demişdir. O, yaşadığı evə getdikdən sonra Şahid1 zəng edib, tələsərək evə getdiyini, əgər maşına nəsə ziyan dəyibsə görüşüb ona pul vermək istədiyini demişdir. Şahid1 işi ilə əlaqədar Böyük Qaramurad kəndində olduğunu və 15 dəqiqəyə evinə gələcəyini ona demişdir. O, 15-20 dəqiqə sonra Şahid1 zəng edib gəlib-gəlmədiyini soruşan zaman, sonuncu onunla kobud danışaraq onu bezdirdiyini və sabah onunla başqa cür söhbət edəcəyini demişdir. O, Şahid1 onunla nə söhbət edəcəyini soruşan zaman sonuncu onun ünvanına nalayiq söyüşlər söyməyə başlamış və daha sonra onu İnəkboğan kəndinin mərkəzinə çağırmışdır. Təxminən saat 21 radələrində o, İnəkboğan kəndinin mərkəzinə getmişdir. Həmin vaxt Altayın qohumu Şahid2 ona zəng edib Şahid1 çağırışına getməməsini məsləhət görərək sonuncunun bir neçə nəfər Böyük Qaramurad kənd sakini ilə onu axtardığını və onu döymək istədiklərini demişdir. O, Şahid2 Altaygilin onu niyə döymək istədiklərini soruşan zaman Şahid2 məlumatının olmadığını demişdir. Həmin vaxt Şahid1 «VAZ 2106» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə kəndin mərkəzinə gəlib onun yanında avtomobili saxlayaraq ondan maşına minməsini tələb etmiş və o, avtomobilin arxa oturacağında oturmuşdur. Şahid2 da Şahid1 avtomobilində qabaq sağ oturacaqda olmuşdur. Arazdan onu axtaran Böyük Qaramurad kənd sakinlərinin harada olduğunu soruşarkən Araz onların arxada olan ağ rəngli «Niva» markalı avtomobildə olduqlarını demişdir. Təxminən 30-40 metr irəli getdikdən sonra Şahid1 telefonda niyə ona söydüyünü soruşmuş, bu vaxt Şahid1 avtomobili dayandıraraq “məni bezdirirsən” deyib onu bıçaqla vurmaq istəmiş, Şahid2 isə Şahid1 qolundan tutaraq sonuncudan onu vurmamağını xahiş etmişdir. Bu zaman Şahid1 maşından yerə düşmüş, Altayın qolundan tutduğu üçün Araz da maşının sükanı tərəfindən dartılaraq yerə düşmüşdür. O, qaranlıq olduğuna görə Şahid1 həmin bıçağı haradan götürdüyünü görməmişdir. Şahid1 maşından düşüb onun üstünə gəlmək istəyən zaman Araz onunla çəkişərək Altayın onu bıçaqla vurmağına imkan verməmişdir. O, Şahid1 üstünə getmək istəyən zaman Araz Altayı tutaraq ondan xahiş etmişdir ki, çıxıb getsin. O, geri qayıtmaq istəyən zaman Altayın maşınının arxasında «Niva» markalı, dövlət nömrə nişanını bilmədiyi ağ rəngdə avtomobil dayanmış, həmin avtomobildən sonradan adlarının Firdovsi, Eyvaz və Fəzail olduğunu bildiyi 3 nəfər şəxs düşərək onların olduğu yerə gəlmişlər. Bu zaman Şahid1 onu vurmaq üçün dartınmışdır. Şahid1 əlində bıçaq olmuş və sonuncu həmin bıçaqla onu vurmaq istəsə də, Araz qarşısını kəsib Altayın onu vurmasına mane olmuşdur. O, geri çevrilib evinə tərəf getmək istəyəndə ağ rəngli dövlət nömrə nişanını xatırlamadığı «Niva» markalı avtomobildən düşərək onların olduğu yerə gəlmiş bir nəfər onu qolundan tutub saxlamışdır. Sonradan həmin şəxsin Gədəbəy rayonu, Qurudərə kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Fəzaildən niyə qolundan tutduğunu soruşan zaman sonuncu “sən Altayla niyə dalaşırsan, o, mənim dostumdur” demişdir. O, Fəzailə “Altayla mənim aramda olan məsələyə sən niyə qarışırsan, Altay bilər, mən bilərəm” dedikdə Fəzail onun burnunun üstünə 2 dəfə ardıcıl yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən başı gicəllənmiş, eyni zamanda yer qarlı və sürüşkən olduğuna görə ayağı sürüşmüş və üzü üstə yerə yıxılmışdır. Bundan sonra Fəzail təpiklə onun baş nahiyəsinə bir neçə dəfə vurmuş, o isə qollarını başına dolamışdır ki, təpik zərbələri başına dəyməsin. Daha sonra Araz, Altay, Firdovsi, Eyvaz və Fəzail onu orada qoyaraq çıxıb getmişlər. O, təxminən 1 saat sonra özünə gəlib yaşadığı evə getmişdir. Atası onun pis vəziyyətdə olduğunu görüb bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və təcili tibbi yardım çağırmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisədən sonra bilmişdir ki, onun burnuna yumruqla və başına təpiklə vuran şəxs Təqsirləndirilən şəxsdur. Hadisə zamanı nalayiq ifadələr işlədilməmişdir. Ona xəsarətləri Təqsirləndirilən şəxs yetirmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonunun Qurudərə kəndində yaşayır. Heç yerdə işləmir, yaş həddinə görə təqaüd alır. Təqsirləndirilən şəxs qonşusudur. Fəzail və ailə üzvləri ilə aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin iyun ayının 12-dək Gəncə və Sumqayıt şəhərlərində oğlanlarının evində yaşamışdır. 14 iyun 2021-ci il tarixdə Gədəbəy rayonu, Qurudərə kəndindəki evinə gəlmişdir. Həmin tarixdə təxminən saat 22:30-da yaşadığı evdə yataq otağında taxtda uzanıb televizora baxan zaman evin həyətindən nəsə səs eşitmişdir. Aynabəndin pəncərəsindən həyətə boylanıb baxmış, ancaq heç kimi görməmişdir. Bundan sonra pəncərəni bağlayıb, aynabəndin işığını söndürüb yataq otağına getmiş, həmin otağın da işığını söndürüb çarpayıda uzanaraq televizora baxmağa başlamışdır. Təxminən 5 dəqiqə sonra nəsə səs gəldiyini eşidib yenidən yerindən qalxıb aynabəndə getmiş, aynabəndə daxil olarkən evin giriş qapısının üzərində asdığı qayçının yerə düşməsini hiss etmişdir. Evin giriş qapısının kilidi sındığı üçün qapının üzərində olan cəftəyə qayçı keçirməklə qapını bağlayır. Lakin həmin qayçı da bayırdan qapını silkələyəndə açıla bilir. Aynabəndə daxil olarkən qapının üzərində qayçının yerə düşməsindən sonra otaq qaranlıq olduğu üçün işıqları yandırmışdır. Qorxmağa başlamış, evə kiminsə daxil olmaq istəməsini hiss etmişdir. Aynabəndin işığını yandıran zaman Təqsirləndirilən şəxs gizlin şəkildə qapıdan içəri girdiyini görmüşdür. Fəzail işıqların yanmasını görüb, dərhal onun üzərinə cummuşdur. O, qışqıraraq yaxınlıqda yaşayan qaynı arvadı Səltənəti və qaynı Şahid6 səsləmişdir. Qışqıran zaman Fəzail hər iki əlləri ilə onun boğazından və ağzından tutub sıxaraq, qışqırmamağını bildirərək, onu çəkərək yataq otağına tərəf aparmışdır. Fəzail onu yataq otağına gətirib, pul haradadır deyə soruşmuşdur. O, Fəzailə demişdir ki, “məndən əl çək, nə istəyirsənsə götür apar”. Fəzail ondan ancaq pul istədiyini bildirmişdir. Daha sonra Fəzail onu yatdığı çarpayının üzərinə yıxıb üstünə çıxıb yastıq və adyalı onun üzünə sıxıb səsini çıxarmağa imkan verməmişdir. Fəzail pulun harda olduğunu soruşmuşdur. Fəzailə onu buraxmasını və evdən nə istəsə götürüb aparmasını demişdir. Lakin Fəzail onun üzünü gördüyü üçün onu öldürəcəyini demişdir. Fəzail onu öldürüb sonra evdən nə istəsə aparacağını demişdir. Fəzail yastığı onun sifətinə sıxıb, yataq dəstinin örtüyünü isə onun boğazına və başına dolamaqla boğmağa başlamış və onu buraxmamışdır. Fəzail onun səsini boğmağa çalışsa da, başını sağa-sola çevirib yenə də qışqırmışdır. Fəzailin əli boşalan zaman o, başını balıncın altından çıxarıb yenidən ucadan qışqırıb Səltənət və Mirnamiqi çağırmışdır. Bir qədər sonra Səltənətin səsini eşitmişdir. Səltənət qışqıraraq Fəzailə “kopayoğlu, sən burada nə edirsən, burada sənin nə işin var” demişdir. Həmin vaxt Fəzail qaçıb evdən çıxmış və eltisi Səltənət onu çölə çıxarmışdır. O, orada huşunu itirib yerə yıxılmışdır. Sonradan evi axtaran zaman balıncının altında salfetkaya bükülmüş 950 manat pulunu tapmamış və Fəzailin həmin vaxt pulu götürdüyünü başa düşmüşdür. Lakin Fəzailin pulu necə götürdüyünü görməmişdir. Çünki Fəzail balınc və adyalı onun üzünə tutub sıxmışdır. Zənn edir ki, Fəzail onun müqavimətini qıran zaman həm də əl atıb, çarpayının baş ucunda döşəyin altında salfetkaya bükülü halda gizlətdiyi 950 manat nəğd pullarını da gizlin halda götürmüşdür. Çünki həmin pulun başqa cür götürülməsi mümkün deyil, hadisədən bir neçə saat əvvəl evdə olarkən döşəyin altında olan həmin pulun yerində olmasını da yoxlamışdır. Güman edir ki, Fəzail həmin vaxt pulu götürmüşdür. Təqsirləndirilən şəxs məqsədi onunla zorla cinsi əlaqə olmaq olmamışdır. Fəzail onun evinə basqın edib, pulunu ələ keçirmişdir. Fəzail evə daxil olduqdan sonra onu boğaraq yataq otağına aparmış, müqavimətini sındırmaq üçün onu boğmuşdur. Fəzail onu öldürmək istəsə də, Səltənəti gördükdən sonra evdən qaçıb getmişdir. Fəzailin onu öldürmək niyyəti olsa da buna imkanı olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. O, pensiya alır, oğlanları da işləyir və ona kömək edirlər. Fəzail də bilir ki onun maddi imkanı normaldır. Fəzail əlləri ilə onun ağzından və boğazından tutub sıxarkən baş, boğaz, alın və sifət nahiyyələrinə xəsarət yetirmişdir. Başından aldığı xəsarəti də çabalayıb Fəzailin əlindən çıxmaq istəyən zaman sonuncunun onu tutub bir neçə dəfə başını divara vurması nəticəsində almışdır. Fəzail əvvəllər onun evinə gəlib- getdiyi üçün evə necə daxil olmağın rahat yolunu da bilmişdir. Fəzail evin giriş qapısının qarşısında ayaqqabılarını çıxarmış, daha sonra səssizcə qapının rəzəsini silkələməklə qayçını yerə salıb qapını açmaqla evə daxil olmuşdur. Fəzail gecə saatları olduğu üçün onu yatmış vəziyyətdə olduğunu zənn etmişdir. Təqsirləndirilən şəxs onunla aralarında intim münasibətlərinin olması, onun Fəzaili özü evə çağırması və onun öz razılığı ilə evinə daxil olması ilə bağlı dedikləri tamamilə yalandır. Fəzail ilə heç vaxt intim münasibəti olmamışdır. Fəzailə qapı açmamış, Fəzail özü qapını açıb içəri girmişdir. Həmin vaxt onun qışqırıq səsinə Mirnamiq və sonucunun arvadı Səltənət gəlmişdir. Tale hadisə yerinə sonradan gəlmişdir. Fəzaillə heç vaxt şifrəli danışmamışdır. Ahıl yaşlı qadındır, intim əlaqədə ola bilməz. Fəzaildə hadisə vaxtı sərxoşluq hiss etməsə də, sonuncu mütəmadi olaraq spirtli içki qəbul edəndir. Ola bilsin ki, Fəzail hadisəni də sərxoş halda törətmişdir. 14 iyun 2021-ci il tarixdə təxminən saat 22:30 radələrində Təqsirləndirilən şəxs gizlin şəkildə onun yaşadığı evin giriş qapısından içəri girib işıqların yanmasını görərək, dərhal onun üzərinə cummuşdur. Bu vaxt o, qışqıraraq yaxınlıqda yaşayan qayını arvadı Səltənəti və qayını Mirnamiqi səsləmişdir. O, qışqıran zaman Fəzail hər iki əlləri ilə onun boğazından və ağzından tutub sıxaraq, ona qışqırmamağını bildirmişdir. Fəzail onu çəkərək yataq otağına tərəf aparanda o, Fəzailə müqavimət göstərmişdir. Fəzail onu buraxmadığı üçün aynabənddəki şkafın üzərində olan qabqacaqlardan hər hansı birini götürüb onu vurmaq istəyən zaman Fəzail onu yataq otağına tərəf dartdığına görə o, şkafın üzərindəki qablardan hər hansı birini götürə bilməmiş, bu zaman 3 ədəd fincanı, 1 ədəd nəlbəkini və 1 ədəd dəm çaynikini çəkib yerə salaraq sındırmışdır. Səltənət və Mirnamiq gəlməsəydilər Fəzail onu öldürəcəkdi. Belə ki, Fəzail onu çarpayının üzərinə yıxıb yastığı sifətinə sıxıb, yataq dəstinin örtüyünü onun boğazına və başına dolamaqla boğaraq səsini çıxarmağa imkan verməmiş və demişdir ki, o, Fəzailin üzünü gördüyü üçün onu öldürüb evdən nə istəsə aparacaq. Fəzail onu boğarkən yalnız Səltənəti gördükdən sonra əlləri boşalmış və evdən qaçıb getmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir, sonuncuya ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı, göy rəngli «VAZ 2106» markalı avtomobil qonşusu X17 məxsusdur. Asif həmin avtomobili sürməyi üçün ona etibarnamə vermiş və o, həftəninin şənbə, bazar günlərində Asifin avtomobilini götürüb idarə etmişdir. Zərərçəkmiş şəxs1 həmkəndlisi kimi tanıyır, onunla əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. 21 fevral 2021-ci il tarixdə səhər saat 10 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək Sahib Məmmədov adlı qohumu ilə onu Böyük Qaramurad kəndinə kafeyə aparmağını xahiş etmiş, o isə başqa işinin olduğunu bildirib onları aparmaqdan imtina etmişdir. Həmin tarixdə təxminən saat 16 radələrində Böyük Qaramurad kəndinin mərkəzində etibarnamə əsasında idarə etdiyi «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb Əliağa adlı şəxsin dükanına getmiş, lakin dükanın qapısı bağlı olduğuna görə o, yaxınlıqda yerləşən kafeyə daxil olmuşdur ki, dükanı işlədən Polad adlı şəxsi çağırsın. O, kafeyə daxil olduqdan 3-4 dəqiqə sonra bayırda səs-küy düşdüyünü, onu çağırdıqlarını eşitmişdir. Çölə çıxan zaman Zərərçəkmiş şəxs1 onun faktiki istifadəsində olan «Vaz 2106» markalı avtomobilin sükan arxasında, Sahib Məmmədovun isə qabaq sağ oturacaqda əyləşdiklərini görmüşdür. Zərərçəkmiş şəxs1 onun faktiki istifadəsində olan «Vaz 2106» markalı avtomobili qarın içində eşdirərək arxasını orada olan xəndəyin divarına vurub əzmişdir. O, əsəbləşərək avtomobilin mühərriki işlək vəziyyətdə ola-ola avtomobilin açarını dartıb çıxartmış və Eşqinin üstünə qışqırıb özbaşına avtomobili sürüb əzdiyinə görə ona öz iradını bildirmişdir. O, Eşqinin sərxoş halda olduğunu görüb daha mübahisə etməyərək onu avtomobildən düşürüb ona “səninlə sabah söhbət edəcəm” demişdir. Həmin vaxt Habil adlı həmkəndlisindən Eşqinin atası Rasimin nömrəsini alıb ona zəng edib bu barədə məlumat vermək istəsə də, sonuncunun telefon nömrəsinə zəng çatmamışdır. Həmin vaxt Eşqin və Sahibin əyinlərindəki paltarlar qana bulaşmış halda olmuşdur. Orada danışılanlardan eşidib bilmişdir ki, Eşqinlə Sahib bir qədər əvvəl Dəyirmandağlı Vaqifin işlətdiyi kafedə Böyük Qaramurad kəndindən olan Tağının oğlu Altayla mübahisə edib dalaşmışlar, oradan gəlib onun faktiki istifadəsində olan «VAZ 2106» markalı maşına əyləşib qaçmaq istəmişlər ki, o, onları saxlamışdır. Eşqin də, Sahib də həmin vaxt bərk sərxoş olmuşlar. Daha sonra o, faktiki istifadəsində olan «Vaz 2106» markalı avtomobillə Gədəbəy rayonu, Novosaratovka kəndinə gedib orada olan Şahid2 adlı həmkəndlisi ilə birlikdə geri qayıtmışdır. Onlar Novosaratovka kəndinə gedib-gəldikləri müddətdə Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 4-5 dəfə zəng edərək ondan harada olduğunu soruşub onunla işi olduğunu demişdir. O isə Eşqinə “sən sərxoşsan, sabah söhbət edərik” demişdir. Eşqin israrla onunla görüşmək istədiyini bildirib onu İnəkboğan kəndinin girəcəyində gözlədiyini demişdir. O, avtomobilini Böyük Qaramurad kəndində saxlayıb orada bir qədər gözləmişdir ki, Eşqin çıxıb evlərinə getsin. Çünki İnkəkboğan kəndinin bir giriş yolu vardır və Eşqin həmin yerdə onu gözlədiyini demişdir. Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Eşqin ona yenidən zəng edib ünvanına nalayiq söyüşlər söyüb onu İnəkboğan kəndinin girəcəyində gözlədiyini demişdir. Belə olduqda o, əsəbləşib Eşqinlə görüşmək qərarına gəlmişdir. İnəkboğan kəndinə getmək istəyən zaman Qurudərə kənd sakini Təqsirləndirilən şəxs yaxınlaşıb onu da İnəkboğan kəndinə aparmağını xahiş etmiş və onun idarə etdiyi avtomobilin arxa oturacağında oturmuşdur. O, hərəkətlərindən Fəzailin sərxoş olduğunu başa düşmüşdür. Təxminən 500 metr getdikdən sonra Fəzail Eşqin və Sahibin onun dostu Altayla dalaşdığını və ona görə də onlarla görüşüb söhbət etmək üçün İnəkboğan kəndinə getdiyini demişdir. Həmin vaxt o, avtomobilini saxlayıb Fəzaildən xahiş etmişdir ki, avtomobildən düşsün. Fəzail sərxoş halda olduğundan başa düşmüşdür ki, sonuncu gedib ona problem yaradacaq. Fəzail əvvəlcə maşından düşmək istəməsə də o, təkid edərək onu avtomobildən düşürmüşdür. Güzgüdən baxan zaman Fəzailin arxadan gələn «Niva» markalı avtomobilə mindiyini görmüşdür. İnəkboğan kəndinin girəcəyində Eşqinin əlində ağac onu gözlədiyini görmüşdür. Həmin vaxt Araz ondan xahiş etmişdir ki, Eşqin sərxoşdur, onunla dalaşmasın və onu aparıb evlərinə qoysunlar. Eşqinin yanına çatan zaman o, avtomobili saxlamışdır. Şahid2 düşüb Eşqinlə görüşmüş və onların hər ikisi avtomobilin arxa oturacağında oturmuşlar. Təxminən 40-50 metr yol getdikdən sonra Eşqin nalayiq söyüş söyərək ona arxa sağ tərəfdən yumruq atmışdır. Lakin Eşqinin atdığı yumruq ona dəyməmişdir. Bu vaxt o, əsəbləşib avtomobili saxlamış və aşağı düşərək Eşqini vurmaq istəsə də, Araz cəld avtomobildən düşüb ona Eşqini vurmasına imkan verməmişdir. Eşqin də avtomobildən düşüb ona tərəf gələrkən Araz aralarına girib onları dalaşmağa qoymamışdır. Araz onları ayıran zaman oraya «Niva» markalı bir avtomobil gəlmişdir. Avtomobilin sürücüsü əvvəlcədən tanıdığı Firdovsi adlı şəxs onu qucaqlayıb kənara çəkmişdir. Firdovsi onu qırağa çəkən zaman sonuncunun «Niva» markalı avtomobilindən düşən Fəzail Zərərçəkmiş şəxs1 yanına gəlib onunla çəkişməyə başlamışdır. Daha sonra Şahid2 Eşqini tutaraq oradan uzaqlaşdırmış və evlərinə tərəf ötürmüşdür. Sonra Təqsirləndirilən şəxs ona Eşqinin onun dostu Altayla dalaşdığına görə Eşqinin sifət nahiyəsindən bərk yumruq vurduğunu demişdir. Daha sonra isə onlar oradan çıxıb getmişlər. O, həmin hadisə zamanı Eşqini vurmaq istəsə də, Araz aralarına girib onun Eşqini vurmağına imkan verməmişdir. Sonra isə oraya gəlmiş Firdovsi qucaqlayaraq onu kənara çəkmişdir. Onların olduğu yerə Təqsirləndirilən şəxs gəlmiş və Eşqini yumruqla sifətindən vurmuşdur. Eşqin həqiqətən də yerə yıxılmış, lakin nə Araz, nə o, nə də Firdovsi onu yerdə təpiklə vurmamışlar. Ola bilsin ki, Fəzail yumruqla Eşqini vurub yerə yıxdıqdan sonra onu təpiklə də vurmuşdur. Dava-dalaş təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Səs-küy olsa da, ətrafa heç kim toplaşmamışdır. O, hadisə zamanı Eşqini vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Eşqinin bədən səthində olan xəsarətləri ona Təqsirləndirilən şəxs yetirmişdir. Bunu Fəzail özü də hadisə yerində demişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Gədəbəy rayonu, Qurudərə kənd sakini Zərərçəkmiş şəxs2 uzun illərdir tanıyır. Şəkərin Asəf adlı oğlu ilə onun münasibəti vardır. Zərərçəkmiş şəxs2 tərbiyəli, sakit bir qadın kimi tanımışdır. Heç vaxt onun əxlaqsızlıq etməsini eşitməmiş və görməmişdir. Sonradan eşitmişdir ki, Fəzail Zərərçəkmiş şəxs2 evinə girib, onu boğub öldürmək istəmiş, qonşular gördüyü üçün qaçıb getmiş və hətta Şəkərin evindən 950 manat pul da götürmüşdür. Sonradan isə Fəzail belə bir söz danışmışdır ki, güya Şəkərlə münasibəti olmuş, Şəkərin evinə həmin gün onunla cinsi əlaqədə olmaq üçün getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq üçün onun evinə getməsi ilə bağlı söylədikləri tamamilə yalandır. Şəkər yaşlı qadındır. Qurudərə kəndi onların kəndinə qonşuluqda yerləşir. Əgər Şəkər əxlaqsız qadın olsa bunu bütün kənd bilər. Zərərçəkmiş şəxs2 abırlı, ismətli, heç kimlə işi olmayan bir qadın kimi tanıyır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid1 həmkəndliləri kimi tanıyır. 21 fevral 2021-ci il tarixdə axşam saatlarında Şahid1 öz «VAZ 2106» markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili ilə onu Novosaratovka kəndində götürüb yaşadıqları İnəkboğan kəndinə aparmışdır. Yolda gələrkən Altay Eşqinin ondan icazəsiz avtomobilini sürüb əzdiyini demişdir. Bir qədər sonra Eşqin Altayın mobil telefonuna zəng edərək Altaydan harada olduğunu soruşmuşdur. Altay isə ona “neynirsən haradayam, get işinlə məşğul ol, indi içkilisən sabah danışarıq” demişdir. Həmin vaxt Eşqin Altaya telefonda nalayiq söyüşlər söyərək maşını düzəltdirəcəyini bildirmişdir. Altay bir daha ona “içkilisən, sabah danışarıq” deyərək telefonu söndürmüşdür. Eşqin yenidən Altaya zəng etmiş və telefonda nalayiq söyüşlər söyərək Altayı görüşə dəvət etmişdir. Altay isə “get xətan məndən uzaq olsun. Sabah danışarıq” demişdir. O, Eşqinin Altaydan əl çəkmədiyini görüb Eşqinə zəng edərək evə getməsini və Altaydan əl çəkməsini xahiş etmişdir. Eşqin isə İnəkboğan kəndinin girəcəyində Altayı gözlədiyini bildirmişdir. Daha sonra həm Altay, həm də o, Eşqinin atası Rasimə zəng etmişlər ki, Eşqini evə aparmağını xahiş etsinlər. Lakin zəng çatmadığı üçün Rasimlə danışa bilməmişlər. Eşqinin İnəkboğan kəndinin girişində Altayı gözlədiyini bildikləri üçün Böyük Qaramurad kəndində bir qədər gözləmişlər ki, Eşqin çıxıb evinə getsin. Həmin vaxt sonradan adının Fəzail olduğunu bildiyi Böyük Qaramurad kənd sakini olan bir nəfər şəxs Altayın avtomobilinə oturub onu da İnəkboğan kəndinə aparmağı xahiş etmişdir. Yolda Fəzail onlara Eşqinin onun Altay adlı dostu ilə dalaşdığını və Eşqinlə bu barədə gedib söhbət edəcəyini bildirmişdir. Altay Fəzailin sərxoş olduğunu görüb əlavə problem yaranmasın deyə avtomobili saxlayıb Fəzaildən maşından düşməyini xahiş etmişdir. Fəzail əvvəlcə avtomobildən düşmək istəməmişdir. Altay ondan tələb etmişdir ki, avtomobildən düşsün. Fəzaili avtomobilə götürdükləri yerdən təxminən 500 metr irəlidə düşürdüb yola davam etmişlər. İnəkboğan kəndinin girəcəyində Eşqinin əlində ağac gözlədiyini görmüşlər. Həmin vaxt Altaydan xahiş etmişdir ki, Eşqinlə dalaşmasın, onu aparıb evlərinə qoysunlar. Eşqinin yanına çatan zaman Altay avtomobili saxlamışdır. Avtomobildən düşüb Eşqini Altayın avtomobilinin arxa oturacağında oturtmuş, özü də onun yanında oturmuş, üz-gözündən öpüb dalaşmamağını xahiş etmişdir. Təxminən 50 metr yol getdikdən sonra Eşqin nalayiq söyüş söyərək Altayı arxa sağ tərəfdən əli ilə vurmuşdur. Həmin vaxt Altay əsəbləşərək avtomobildən düşmüşdür. O, Eşqini sakitləşdirmək istəsə də, Eşqin də avtomobildən düşmüşdür. Dərhal avtomobildən düşüb onları dalaşmağa qoymayaraq ayırmışdır. O, Altayı qucaqlayıb Eşqindən uzaqlaşdırmaq istəyən zaman oraya «Niva» markalı bir avtomobil gəlib dayanmışdır. Həmin avtomobildə olan şəxslərin həmkəndliləri olduğunu zənn etmiş və Altayla Eşqini sakitləşdirmək üçün avtomobildən düşdüklərini düşünmüşdür. Altayı qucaqlayıb bir qədər qırağa çəkmişdir. Bu vaxt sonradan adının Firdovsi olduğunu bildiyi şəxs onların yanına gəlmişdir. Həmin vaxt Altayla Eşqin bir-birinin yaxasından tutub dartışdırmış, o da onların arasına girib birbirilərini vurmalarına imkan verməmişdir. Firdovsi yanlarına gəldikdə o, sonuncu ilə birlikdə Altayı tutub Eşqindən təxminən 10 metr kənara aparmışdır. Eşqinə həmin vaxt yalvarıb «sərxoşsan, çıx evinə get, sabah ayıq başla görüşüb söhbət edərik» demişdir. Eşqinlə Altayın ilkin mübahisə etdikləri yer Altayın maşınının yanı olmuşdur. O və Firdovsi Altayı həmin maşının yanından təxminən 10 metr kənara aparmışdır. Firdovsi Altayın yanında qalmış, o, Eşqinin yanına qayıdanda görmüşdür ki, sonuncu hər iki əli ilə sifətini tutmuşdur və onun ağzı, burnu və əlləri qanın içindədir. Fəzail isə Eşqindən təxminən 2-3 addım kənarda dayanmışdır. O, Eşqindən onu kimin vurduğunu soruşmuş, Eşqin onu Fəzailin vurduğunu demişdir. O, Eşqindən Fəzailin onu niyə vurduğunu soruşmuş, Eşqin isə «durmuşdum, Fəzail yaxamdan tutub burnumun üstündən dalbadal yumruqla vurdu, sonra isə məni təpiklədi, məni niyə vurduğunu bilmədim» demişdir. Eyvaz adlı şəxs isə bir qədər aralıda «Niva» markalı maşının yanında dayanmışdır. O, Eşqini qucaqlayıb oradan 50-60 metr uzaqlaşdırmış və ona evə getməsini tapşırmışdır. Sonra Altayın yanına qayıdıb birlikdə onun “VAZ 2106” markalı avtomobili ilə evinə getmişdir. Həmin vaxt Altayın əlində, o cümlədən Eşqinin əlində bıçaq və ya hər hansı başqa predmet görməmişdir. Altay hadisə zamanı ümumiyyətlə Eşqini vurmamışdır. Belə ki, Eşqini o, ağzı-burnu qanlı halda görəndə Altay təxminən 10 metr Eşqindən aralıda olmuşdur. Eyvaz adlı şəxs isə «Niva» markalı maşının yanında olmuşdur. Hadisə zamanı heç kim Eşqinin maşının baqajına qoyularaq aparılıb atılması və «onsuzda yetərincə problemə düşmüşük, öldürmək lazım deyil» kimi sözlər işlətməmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşəndə İnəkboğan kəndinə dava etmək məqsədilə getdiyini demişdir. Sonra o, yerdən qar götürüb Firdovsiyə vermiş və o, Eşqinin əl-üzünü yumuşdur. X20 «gəl səni həkimə aparım» demiş, Eşqin isə həkimə getmək istəmədiyini bildirmişdir. Sonra o, Firdovsi ilə birlikdə Eşqini təxminən 50- 60 metr evlərinə tərəf aparmışdır. O, Eşqini yola salıb geri qayıtmışdır. Bundan sonra o, Altayın maşınına əyləşib öz evinə getmişdir. Firdovsi də Fəzail və Eyvazı maşınına mindirib Böyük Qaramurad kəndi istiqamətində getmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Leşkər kəndində yaşayır. Gədəbəy rayon polis şöbəsinin Yeni Saratovka polis bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. 21 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində məzuniyyətdə olduğu müddətdə özünə məxsus **-DR-*** dövlət nömrə nişanlı, «Niva» markalı avtomobili ilə Yeni-Saratovka kəndindən Böyük Qaramurad kəndinin mərkəzinə gəlib orada olan marketə girərək siqaret almışdır. Marketdən çıxan zaman əvvəlcədən tanıdığı Eyvaz adlı şəxslə rastlaşmışdır. Eyvaz onu yaşadığı Böyük Qaramurad kəndinə aparmağını xahiş etmişdir. O, Eyvaza İnəkboğan kəndində yaşayan Rəsul adlı şəxsdən kəklikotu almaq üçün həmin kəndə getdiyini bildirmişdir. Rəsulgilin evini tanımadığı üçün Eyvazdan xahiş etmişdir ki, onunla birlikdə İnəkboğan kəndinə getsin və ona Rəsulun evini göstərsin, daha sonra geri qayıdan zaman isə onu Böyük Qaramurad kəndində yerləşən evinə düşürsün. Eyvaz onunla razılaşmış və onlar birlikdə İnəkboğan kəndi istiqamətində yola düşmüşlər. Atasının xalası oğlu X13 dialez xəstəsi olmuş və həkim ona «qəfli kəklikotusu» adlı bitkidən istifadə etməyi məsləhət görmüşdür. O, bir neçə gün soraqlaşdıqdan sonra öyrənmişdir ki, həmin bitkidən Gədəbəy rayonunun İnəkboğan kəndində yaşayan Rəsul adlı şəxsdə vardır. 20 fevral 2021-ci il tarixdə axşam saatlarında o, Rəsul adlı şəxslə danışıb 21 fevral 2021-ci il tarixdə gedib həmin bitkini ondan götürməyə razılaşmışdır. İnəkboğan kəndinin girişində göy rəngli «VAZ 2106» markalı avtomobilin qarda sürüşərək gedə bilmədiyini, yolda qaldığını görmüşdür. Həmin maşın yolu kəsdiyi üçün o, avtomobilini dayandırmışdır. Sonradan bilmişdir ki, həmin «VAZ 2106» markalı avtomobil əvvəlcədən tanıdığı Altay adlı şəxsə məxsusdur. Həmin vaxt Altayın avtomobilindən Qurudərə kənd sakini əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs düşüb ondan hara getdiyini soruşmuş, ona İnəkboğan kəndinə getdiyini demişdir. Fəzail ondan xahiş etmişdir ki, İnəkboğan kəndinin mərkəzinə kimi onu da aparsın. Razılaşıb Fəzaili avtomobilinə mindirmişdir. Həmin vaxt Fəzail ağır sərxoş halda olmuşdur. Eyvaz avtomobilin qabaq oturacağında oturduğu üçün Fəzail arxa oturacaqda oturmuşdur. Altay irəlidə qarlı yollarda çətinliklə getmişdir. O isə onun arxasınca öz avtomobilini sürmüşdür. İnəkboğan kəndinin mərkəzinə çatmamış Altay avtomobilini saxlamış və tanımadığı bir oğlan onun avtomobilinə arxa oturacağa əyləşmişdir. Təxminən 5 metr irəliləmişdir ki, Altayın avtomobilinin qapıları açılmış, Altay və həmin oğlan avtomobildən düşərək dalaşmağa başlamışlar. O, Altayın dalaşdığı şəxsi tanımamış və sonradan onun adının Eşqin olduğunu öyrənmişdir. Altayla Eşqinin dalaşdıqları yerlə onun maşınının dayandığı yerin arasında məsafə təxminən 3-4 metr olmuşdur. O, maşından düşən kimi Altayla Eşqinin dalaşdıqları yerə yaxınlaşmışdır. Həmin vaxt Araz Şahid1 Hüseynovla Zərərçəkmiş şəxs1 arasına girib onları ayırmışdır. «VAZ 2106» markalı maşının yanında Altay Eşqinin yaxasından tutub ona «sən niyə mənim maşınımı oğurlayıb aparıb xəndəyə saldın» deyir, Eşqin isə cavabında «yaxşı eləmişəm» deyib Altayın ünvanına nalayiq söyüşlər söymüşdür. Onlar həmin vaxt bir-birilərinin yaxasından tutsalar da, bir-birilərini vurmamışlar, dartışıb və hər ikisi qarşılıqlı olaraq bir-birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. O, oraya çatan kimi Arazla birlikdə Altayı qucaqlayıb təxminən 8-10 metr kənara çəkmişdir. Eşqin isə olduğu yerdə qalmışdır. O, Altayı saxlayan vaxt Araz Eşqinə yalvarıb evinə getməsini xahiş etmiş və Altayı sakitləşdirmək üçün yanlarına gəlmişdir. O və Araz Altayı sakitləşdirən zaman ara qarışmış və geri baxanda görmüşdür ki, Eşqin üzü üstə yerə uzanmış haldadır, sağ və ya sol əlini başına dolamışdır. Fəzail isə onun başının üstündə dayanmışdır. O, Fəzailin onun maşınından nə vaxt düşdüyünü görməmişdir. Eşqin üzü üstə yerə uzanıqlı halda olan vaxt qışqırıb Fəzailə «mən sənə neylədim ki, məni vurdun» demişdir. O, hadisə zamanı istər Altayın, istər Arazın, istərsə də Fəzailin əlində bıçaq görməmişdir. O cümlədən özünün də əlində bıçaq olmamışdır. O, həmin vaxt Altayı tutub saxlamışdır. Altay Eşqinə yaxın getməmiş, onu vurmamışdır. Eyvaz həmin vaxt maşının yanında olmuş və dava olan yerə yaxınlaşmamışdır. Sonra o, Altayı buraxıb Fəzaili tutaraq qırağa çəkmiş və ona «maşınımda gəlib mənə niyə problem yaradırsan» demişdir. Fəzail bərk sərxoş olduğundan ona heç bir söz deməmişdir. O, həmin hadisə zamanı Fəzailin söyüş söyməsini də eşitməmişdir. Sonra Zərərçəkmiş şəxs1 yerdən qaldırmış, qarla əl-üzünü yuyub ona «gəl səni polisə, yaxud xəstəxanaya aparım» demiş, Eşqin isə cavabında «burax məni, evə gedirəm, DİN-in 102 xidmətinə məlumat verəcəm» demişdir. Sonra o, Arazla birlikdə Eşqini evlərinə tərəf aparmışdır. Təxminən 40-50 metr getmişlər ki, Araz ona Eşqini özü yola salacağını dediyi üçün o, geri qayıtmışdır. Daha sonra o, Eyvazı və Fəzaili avtomobili ilə aparıb Böyük Qaramurad kəndinə düşürmüşdür. Hadisə zamanı nə o, nə Altay, nə də Araz Eşqini vurmamışdır. Eşqinə xəsarətlərin hər birini Təqsirləndirilən şəxs yetirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. 21 fevral 2021-ci il tarixdə təxminən saat 19 radələrində Böyük Qaramurad kəndinin mərkəzində marketin qarşısında əvvəlcədən tanıdığı Şahid3lə rastlaşmışdır. Firdovsidən avtomobili ilə onu Böyük Qaramurad kəndindəki yaşadığı evə aparmasını xahiş etmişdir. Firdovsi İnəkboğan kəndinə getdiyini bildirmişdir. Ona görə də yolüstü “nazik su” adlanan yerə qədər onu aparmasını xahiş etmişdir. X2 nə üçün getdiyini soruşarkən Firdovsi İnəkboğan kəndində yaşayan Rəsul adlı şəxsdən kəklikotu alacağını bildirmiş və həmin şəxsin evinin yerini soruşmuşdur. Rəsulun evini tanıdığını Firdovsiyə bildirən zaman sonuncu xahiş etmişdir ki, birlikdə İnəkboğana gedib həmin evi ona göstərsin. Firdovsi qayıdan zaman onu evinə aparıb qoyacağını bildirmişdir. Onunla razılaşmış və İnəkboğan kəndinə tərəf getməyə başlamışlar. İnəkboğan kəndinə çatmamış yolda əvvəlcədən tanıdığı Şahid1 məxsus göy rəngli «VAZ 2106» markalı avtomobilin dayandığını görmüşdür. Altayın avtomobilindən Qurudərə kənd sakini Təqsirləndirilən şəxs düşüb Firdovsiyə yaxınlaşmış və hara getdiyini soruşmuşdur. Firdovsi İnəkboğan kəndinə getdiyini bildirmişdir. Fəzail Firdovsidən xahiş etmişdir ki, onu da İnəkboğan kəndinin mərkəzinə aparsın. Firdovsi razılaşmış və Fəzail avtomobilin arxa oturacağında əyləşmişdir. Həmin vaxt Fəzail ağır dərəcədə sərxoş olmuşdur. Altay öz «VAZ 2106» markalı avtomobilini irəlidə sürüb gedirmiş. İnəkboğan kəndinin mərkəzinə çatmamış irəlidə Altayın avtomobilinin qapılarının açıldığını, avtomobildən Altaydan başqa tanımadığı 2 nəfər şəxsin düşdüyünü və dava düşdüyünü görmüşdür. Həmin vaxt onlardan 10-15 metr aralıda Firdovsinin «Niva» markalı avtomobili də olmuşdur. Firdovsi irəlidə dava düşdüyünü görüb dərhal avtomobildən düşüb onları ayırmağa qaçmışdır. Firdovsidən sonra Fəzail avtomobildən düşüb gedib davaya qoşulmuşdur. Avtomobildən düşərək avtomobilin yanında dayanıb uzaqdan onlara baxmışdır. Qaranlıq olduğuna görə kimin kimi vurduğunu dəqiq görməmişdir. Təxminən 5 dəqiqə sonra Firdovsi Fəzaili tutaraq darta-darta gətirib avtomobilə oturtmuşdur. Firdovsi Fəzailə dalaşdığına görə irad bildirərək “mənim maşınımda gəlib niyə dalaşıb mənə problem yaradırsan” demişdir. Fəzail isə sərxoş olduğuna görə öz aləmində əlaqəsiz söhbətlər demişdir. Daha sonra Firdovsi «Niva» markalı avtomobili ilə onları geri qaytarıb onu və X16 kəndinə düşürmüşdür. Dava zamanı onlardan təxminən 10-15 metr aralıda olmuş, onlara yaxın getməmişdir. O, hadisənin səhəri gün dava zamanı orada döyülən şəxsin dostu Rasimin oğlu Eşqinin olduğunu bilmişdir. Qaranlıq olduğuna görə kimin kimi vurduğunu görməmişdir. O, hadisənin baş verdiyi yerə getməmiş, Firdovsinin «Niva» markalı avtomobilindən yerə düşüb qapıya söykənərək uzaqdan baş verənləri izləmişdir. O, həmin gün dalaşanlar arasında Eşqinin olmasını heç bilməmişdir. Eşqinin atası Rasim onun uşaqlıq dostudur. Əgər dalaşanların arasında Eşqinin olduğunu bilsəydi onu dalaşmağa qoymazdı. Dava-dalaş təxminən 5-10 dəqiqə ərzində davam etmişdir. Səs-küy olsa da, ətrafa heç kim toplaşmamışdır. Fəzail həmin vaxt ağır dərəcəli sərxoş olmuşdur. O, əvvəlcə hadisənin baş vermə səbəbini bilməmiş, sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs1 Şahid1 avtomobilini icazəsiz idarə edərək xəndəyə salmış, bundan sonra Eşqinlə Altay arasında mübahisə yaranmış, həmin mübahisələr vaxtı Fəzail Eşqini vurmuşdur. O, hadisə zamanı dava-dalaş olduğunu görsə də, kimin-kimi vurduğunu görməmişdir. Sonradan eşidib bilmişdir ki, Eşqinə xəsarət yetirən Fəzail olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Qurudərə kəndində yaşayır. Zərərçəkmiş şəxs2 eltisidir. Zərərçəkmiş şəxs2 təxminən 9 ay Sumqayıt şəhərində oğlu Vüsalın yanında yaşadıqdan sonra 12 iyun 2021-ci il tarixdə Qurudərə kəndindəki evinə gələrək tək yaşamışdır. Zərərçəkmiş şəxs2 evi ilə onların evi arasında məsafə təxminən 30-40 metrdir. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir narazılıq və ədavət baş verməmişdir, normal həmkəndli münasibətləri olmuşdur. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində heyvanlarına baxmaq üçün həyətə çıxmışdır. Həmin vaxt Şəkərin evindən boğunuq səs gəldiyini eşitmişdir. Geri qayıdıb həyat yoldaşı Şahid6 bu barədə məlumat vermiş və gedib Şəkəri yoxlamaq lazım olduğunu bildirmişdir. Mirnamiq səhhətində problemlər olduğuna görə evdə uzanmışdır. Həyətə çıxan zaman yenidən həmin səsi eşitmiş və Mirnamiqi çağırıb tez Şəkərin evinə getmişlər. O, qabaqda, Mirnamiq isə ondan arxada gəlmişdir. O, Şəkərin evinə yaxınlaşan zaman evin bütün qapılarının açıq olduğunu görmüşdür. Bir az irəli gedib bir nəfər kişinin Zərərçəkmiş şəxs2 yatağa uzadıb adyal və balıncla üzündən sıxıb boğduğunu görmüşdür. Geri çevirilib Mirnamiqə evdə kişi olduğunu demişdir. Mirnamiq ona “qorxma, içəri gir, mən də çatdım” demişdir. İçəri girən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, içəri girərkən görmüşdür ki, Fəzail yastığı Şəkərin sifətinə sıxaraq, yataq dəstinin örtüyünü isə Şəkərin boğazına və başına dolamaqla boğur. Fəzail onu görüb qaçmaq istəyərkən o, aynabəndin giriş qapısının qarşısında onun qolundan tutub saxlamaq istəsə də, Fəzail onu itələyib qaçmışdır. Arxada gələn Mirnamiq onu tutmaq istəsə də, Fəzail Mirnamiqin sinəsindən itələyib qaçmışdır. Fəzail Şəkərin həyətində olan dəmir tordan hoppanıb keçərkən yıxılmışdır. Əlinə ağac alıb onun dalınca qaçmaq istəsə də, Fəzail cəld yerindən durub qaçmış və ona çata bilməyəcəyini düşünüb geri qayıtmışdır. Həyat yoldaşı Mirnamiqin səhhətində problemlər olduğuna görə sonuncu Fəzailin dalınca qaça bilməmişdir. Geri qayıdıb Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışmışlar. Şəkər Əliyevə həmin vaxt pis vəziyyətdə olmuş, danışmaq istəsə də, fikrini aydın ifadə edə bilməmiş, səsi xırıltılı gəlmişdir. Şəkərin sözlərindən Fəzailin onu boğaraq pul istəməsini başa düşmüşdür. Dərhal Mirnamiq bu barədə polisə və təcili tibbi yardıma məlumat vermişdir. Zərərçəkmiş şəxs2 evinə daxil olan zaman Fəzail orada tək olmuşdur. Orada Fəzaildən başqa heç kəsi görməmişdir. Şəkərin evinə daxil olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlində olan adyala bükülmüş yastıq ilə boğmasını görmüşdür. Oğlu Şahid7 oraya sonradan səs-küyə gəlmiş, Tale gələn zaman artıq Fəzail dəmir tordan hoppanıb keçmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mərhum qardaşı Mirəziz Əliyevin həyat yoldaşıdır. Mirəziz 1987-ci il də vəfat edib. Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində oğlu Vüsalın yanında yaşayırmış. Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir narazılıq və ədavət baş verməmişdir, normal kəndli münasibətlərində olmuşlar. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı Şahid5 həyətə çıxıb geri qayıdan zaman Şəkərin boğunuq halda ağlamaq səsinin gəldiyini bildirib Şəkərin yaşadığı evə baxmağını istəmişdir. Birlikdə Şəkərin yaşadığı evə getmişlər. Evin yanına çatan zaman Səltənət qapının açıq olduğu üçün içəridə kiminsə olduğunu demişdir. Səltənət içəri daxil olub həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Evə daxil olan zaman Təqsirləndirilən şəxs bir əli ilə Zərərçəkmiş şəxs2 boğazından tutaraq boğmasını, digər əlində olan adyala bükülü yastıq ilə onun ağzını tutaraq qışqırmağa qoymamasını görmüşdür. Səltənət Fəzailin qolundan tutaraq “sən burda nə gəzirsən” demişdir. Fəzail Səltənətin əlindən çıxmış, tutmaq istəyən zaman onu da itələyib evin giriş qapısından çıxaraq həyətə doğru qaçmışdır. Bundan sonra onun haraya getməsini görməmişdir. Zərərçəkmiş şəxs2 ilkin yardım göstərmişlər. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 evinə daxil olan zaman Fəzail orada tək olmuşdur. Orada Fəzaildən başqa heç kəsi görməmişdir. Şəkər Fəzailin onun evinə daxil olaraq ondan pul tələb etməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 sonradan pulunun yerinə baxan zaman Fəzailin onun 950 manat pulunu götürdüyünü və həmin pulu Fəzailin necə və hansı formada götürdüyünü görmədiyini demişdir. Fəzail qaçan zaman səs-küyə oğlu Tale Şəkərin evinə gəlmişdir. Tale Fəzaili evin içərisində görməmişdir. Fəzailin əynində köynək və tünd rəngli şalvarın olduğunu görmüşdür, onun əynində başqa hansı paltarların olmasını dəqiq xatırlamır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mərhum əmisi Mirəziz Əliyevin həyat yoldaşıdır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs2 12 iyun 2021-ci il tarixdə Qurudərə kəndində yerləşən evinə gələrək həmin evdə tək yaşamışdır. Həmin vaxta qədər təxminən 9 ay oğlanları Vüsal və Asəfin evində Sumqayıt və Gəncə şəhərlərində yaşamışdır. 14.06.2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman anası Şahid5 həyətə çıxıb geri qayıdan zaman təxminən evlərindən 40 metr məsafədə evi yerləşən Şəkərin boğunuq halda səsinin gəldiyini bildirib onun yaşadığı evə baxmağı istəmişdir. Yorğun olduğu üçün evdən çıxmamışdır. Atası Mirnamiq və anası Səltənət Şəkərin evinə getmişlər. Təxminən 3-5 dəqiqədən sonra atasının ucadan səsinin gəldiyini eşidib evdən çıxmışdır. Qaça-qaça Zərərçəkmiş şəxs2 evinə tərəf gedən zaman həmkəndlisi Fəzailin Şəkərin evindən çıxıb məhləyə tərəf qaçdığını görmüşdür. Şəkərin evinin arxasına qədər qaçmış, lakin Fəzailə çatmayacağını düşünüb dayanmış və geri qayıtmışdır. Şəkərin evinə girən zaman atası Mirnamiq və anası Səltənət Şəkəri sakitləşdirməyə çalışırmışlar. Həmin vaxt Şəkərə su verib sakitləşdirmişlər və sonuncu “yaxşı ki, gəldiniz yoxsa Fəzail məni artıq öldürürdü, artıq boğulurdum” demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 huşunu itirib yıxılmışdır. Şəkərin oğlu Asəfə zəng edib bu barədə məlumat verərək kəndə çağırmışdır. O, Şəkərin evinə gedən zaman artıq Fəzail oradan qaçmışdır. Nə baş verdiyini soruşan zaman Mirnamiq və X9 pul istəyərək onu boğduğunu bildirmişlər. Hadisə vaxtı orada olmadığı üçün Fəzailin pulu götürüb-götürmədiyini görməmişdir. Sonradan hadisə vaxtı Fəzailin Zərərçəkmiş şəxs2 yastığının altına salfetkaya bükülmüş halda qoyduğu 950 manatı götürdüyünü eşitmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 iyun 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir, protokolda həmin evin əlamətləri əks olunmuşdur (iş vərəqə: cild İ, səh. 4-20). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, digər cinayət hadisəsinin baş verdiyi yer Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən küçədir, protokolda həmin yerin əlamətləri əks olunmuşdur (iş vərəqə: cild 3, səh. 42-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 fevral 2022-ci il tarixli “İstintaq eksperimentinin keçirilməsi haqqında protokol”dan görünür ki, keçirilmiş eksperimentlə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən evinin giriş qapısının içəri tərəfdən cəftə yerinə keçirilmiş qayçının çöldən qapıya təzyiq göstərildikdə yerə düşməsinin mümkün olması və Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi həmin xüsusatın düzgün olması öz təsdiqini tapmışdır (iş vərəqə: cild 3, səh. 206-214). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin quraşdırıldığı mobil cihazın 21 fevral 2021-ci il tarixdə saat 20-21 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndində və həmin kəndin yaxınlığında yerləşən Yeni Saratovka kəndlərində quraşdırılmış antena əhatə dairələrində qeydə alınmış, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrə arasında danışıqlar aparılmamış, o cümlədən 14 iyun 2021-ci il tarixdə və həmin tarixdən əvvəlki dövrdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə digər Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrə arasında danışıqlar aparılmamışdır (iş vərəqə: cild 3, səh. 229-232). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 fevral 2021-ci il tarixli, 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – başın şişkinliyi, burunun əzilmiş yarası və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığı, üst dodağın qançırı, sağ dodaq bucağının əzilmiş səthi yarası, qançırı, döş qəfəsinin sol yan səthinin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 21 fevral 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burunun əzilmiş yarası və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin onun özü-özünə yetirə bilməsi mümkün deyildir, bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh. 23-25). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 15 iyun 2021-ci il tarixli, 692 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər –başın tüklü hissəsinin təpə nahiyyəsinin, sol körpücük-döş oynağı nahiyyəsinin qançırları, alın nahiyyəsinin, boyunun sol yan səthinin çiyinüstü nahiyyəyə keçən hissəsinin, sağ mil-bilək oynağı nahiyyəsinin sıyrıqları, sol almacıq nahiyyəsinin cüzi şişkinlik fonunda qançırı küt əşyaların təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 14 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 36-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 18 iyun 2021-ci il tarixli, 357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ qaşın bayır səthinin, sağ gözün bayır bucağının, burunun sıyrıqları, sağ bazunun, sağ saidin, sol saidin, sol sağrının, sol baldırın sıyrıqları, küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 14 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər istər birlikdə, istərsə də ayrılıqda götürdükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs sifət nahiyyəsində (sağ qaş, sağ gözün bayır bucağının, burunun sıyrıqları) aşkar edilmiş xəsarətlər qarşılıqlı mübarizə zamanı yarana bilmələri inkar olunmur. Təqsirləndirilən şəxs bədən səthinin digər nahiyyələrində aşkar edilmiş xəsarətləri atdan yıxılma zamanı ala bilərdi (iş vərəqə: cild İ, səh. 143-145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-psixatrik ekspertizasının 15 iyul 2021-ci il tarixli, 390 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 204-205). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 525/2021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-betta/İİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/.(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus xalat üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər (iş vərəqə: cild 2, səh. 213-216). Məhkəmə baxışı zamanı tədqiq olunan Gədəbəy rayon polis şöbəsinin 10 noyabr 2021-ci il tarixli, 198-19992-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndi ərazisində ağır dərəcəli sərxoş halda Gədəbəy rayonu, Qurudərə kənd sakini Təqsirləndirilən şəxs rayonun İnəkboğan kənd sakini Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Hadisə zamanı səs-küy və nalayiq söyüşlər olmamış, həmin vaxt ictimai qayda pozulmamışdır. Hadisə qısa müddət ərzində olduğuna görə insanların narahatçılığına səbəb olan hər hansı bir qanunsuz hərəkət müəyyən edilməmişdir (iş vərəqə: cild 3, səh. 51). Məhkəmə baxışı zamanı tədqiq olunan Gədəbəy rayon polis şöbəsinin 18 fevral 2022-ci il tarixli, 198-2468-1222 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Dəyirməndağ kəndi ərazisində yerləşən X4 işlətdiyi kafenin qarşısında X5 və X12 arasında şəxsi münasibətlərin pozulması zəminində münaqişə baş vermişdir. Onlar qarşılıqlı olaraq bir-birini vurmuş, həmin vaxt orada olan X10 və Zərərçəkmiş şəxs1 Altay Musayevi və Sahib Məmmədovu ayırmışlar. X5 və X12 arasında baş vermiş münaqişə ilə bağlı Gədəbəy rayon polis şöbəsinə müraciət daxil olmamış, bununla bağlı araşdırma aparılmamışdır. Hadisə baş verən zaman Gədəbəy rayonu, Dəyirməndağ kəndi ərazisində yerləşən X4 işlətdiyi kafenin qarşısında hər hansı ictimai qayda pozulmamışdır (iş vərəqə: cild 4, səh. 93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01.07.2021-ci il tarixli tələbnaməsindən və Gədəbəy Rayon Məhkəməsinin 26.07.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh. 177-178, cild 2, səh. 135-141). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 22.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin həmin hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay 25 gün hissəsindən Gədəbəy Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 31.10.2019-cu il tarixli qərarı icra olunması üçün 21.11.2019-cu il tarixdə şöbəyə daxil olmuş və 24.04.2020-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs cəzası başa çatdığından probasiya qeydiyyatından çıxarılmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 74-75). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 17.06.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 139-142). Məhkəmə baxışı zamanı tədqiq olunan 23.02.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş və Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd dəmir qayçı, Təqsirləndirilən şəxs məxsus 1 cüt qara rəngli kişi ayaqqabısı və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd yaşıl rəngli üzəri güllü xalat, 1 ədəd qəhvəyi rəngli kalqotka, 1 ədəd sarı rəngli trusik, 1 ədəd yeri qara üstü ağ naxışlı baş yaylığı, 1 ədəd sarı rəngli gecə köynəyi və 1 ədəd qara rəngli üzəri sarı naxışlarla bəzədilmiş adyal maddi sübut kimi tanınmış, həmçinin həmin qərardan görünür ki, Şahid1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin, X3 və X6 əməllərində Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onların barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs1 döymələri faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir (iş vərəqə: cild 4, səh. 103-146). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra hakimiyyəti başçısının Böyük Qaramurad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs spirtli içkilərə meylli olub, qəbul etdiyi zaman dava salır (iş vərəqə: cild 1, səh. 169). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra hakimiyyəti başçısının Böyük Qaramurad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 1, səh. 247). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması, tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə sonuncunun yaşayış sahəsinə qanunsuz girməklə Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi və quldurluq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs2 öldürməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı hər hansı cinayət əməli törətmədiyinə, onların məqsədinin cinsi əlaqədə olmasına dair verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar hadisə zamanı ora ilk öncə gəlmiş və hadisəni görmüş şahidlərin ifadələri ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin bədən səthində müəyyən edilmiş xəsarətlərin törənmə xüsusiyyətlərinin əks olunduğu cinayət işi üzrə keçirilmiş məhkəmətibbi ekspertizasının rəyləri ilə və digər sübutlarla tam təkzib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Şəkər Əliyava ilə cinsi əlaqədə olmasına dair bildirdiklərini həqiqətə uyğun şəkildə əsaslandıra bilməməsi, yəni onların cinsi əlaqədə olmasının kimin təklifi ilə başlanmasını, Zərərçəkmiş şəxs2 bədəninə dair hər hansı əlamətlə bağlı və ya bədən quruluşuna dair heç nə deyə bilməməsi onun ifadəsində göstərdiyi qeyd edilən xüsusatların həqiqətə uyğun olmadığını və Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün inandırıcı olmayan, heç bir faktla təsdiqini tapmayan yalan məlumatlar verdiyini bir daha təsdiq edir. Onun həmin ifadələri məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir və məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan sübut növü kimi qəbul edilmir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə tövsiyyə edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Bundan başqa, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs quldurluq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs2 öldürməyə cəhd etməsi ilə bağlı cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - zərərçəkmiş şəxsin bir neçə dəfə qışqırması nəticəsində yaxınlıqda qonşuluqda yaşayan qohumlarının müdaxiləsi, onların işə qarışması səbəbindən baş verməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsi və hadisə zamanı ora ilk öncə gəlmiş və hadisəni görmüş şahidlərin ifadələri ilə, həmçinin zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin bədən səthində müəyyən edilmiş xəsarətlərin törənmə xüsusiyyətlərinin əks olunduğu cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinin qarşılıqlı şəkildə müqayisə olunmaqla tədqiq edilməsi nəticəsində də təsdiq olunur ki, baxılan iş üzrə cinayət hadisəsində təqsirləndirilən şəxsin məqsədi quldurluq niyyəti ilə Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə yönəlmişdir. Həmçinin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və Gədəbəy Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin cəzasının 05 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Odur ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və həmin cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi 31.10.2019-cu il tarixdən 01 (bir) ildən artıq vaxt keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 (üç) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır, xüsusilə ağır, həmçinin böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna və başa çatmayan cinayətə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, törətdiyi quldurluq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayət əməlinə görə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.11-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar - 1 ədəd dəmir qayçı, 1 ədəd yaşıl rəngli üzəri güllü xalat, 1 ədəd qəhvəyi rəngli kalqotka, 1 ədəd sarı rəngli trusik, 1 ədəd yeri qara üstü ağ naxışlı baş yaylığı, 1 ədəd sarı rəngli gecə köynəyi və 1 ədəd qara rəngli üzəri sarı naxışlarla bəzədilmiş adyal zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmalıdır, Təqsirləndirilən şəxs məxsus 1 cüt qara rəngli kişi ayaqqabısı isə istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 181.2.3, 29,120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 29,120.2.11-ci maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 17 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlar - Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd dəmir qayçı, 1 ədəd yaşıl rəngli üzəri güllü xalat, 1 ədəd qəhvəyi rəngli kalqotka, 1 ədəd sarı rəngli trusik, 1 ədəd yeri qara üstü ağ naxışlı baş yaylığı, 1 ədəd sarı rəngli gecə köynəyi və 1 ədəd qara rəngli üzəri sarı naxışlarla bəzədilmiş adyal Zərərçəkmiş şəxs2 qaytarılsın, Təqsirləndirilən şəxs məxsus 1 cüt qara rəngli kişi ayaqqabısı isə məhv edilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar