Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-228/2022 13.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X16, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Firuddin qızı, Zərərçəkmiş şəxs2 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1974-cü ildə Kəlbəcər rayonu Bozlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Bozlu kəndində qeydiyyatda olan və Bərdə rayon Hacılar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcəli alkoqol sərxoşluğu halında etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21063 minik” markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə 14 avqust 2021-ci il tarixdə, saat 22 radələrində Bərdə rayonu Qaradəmirçi kəndi ərazisindən keçən asfalt örtüklü yolla Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin bəndlərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq avtomobili hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək, həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 100 km/saat sürətlə idarə edib, həmin qanunun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməmiş, idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxartmış, əks istiqamətdə hərəkətdə olan Şahid1 etibarnamə əsasında idarə etdiyi X7 məxsus “Vaz 21074 minik” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol orta tərəfi ilə toqquşduqdan sonra səkiyə, daha sonra yol kənarında olan ağaca çırpılıb dayanmış, nəticədə ehtiyatsızlıqdan “VAZ 21063 minik ”markalı, “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda ortada oturmuş sərnişin X8 başın təpə nahiyyəsinin hematoması, beyin toxumasına, beyin qişalarına qansızma ilə ağır qapalı kəllə-beyin travması, çənə nahiyyəsinin qançırı, sağ baldır nahiyyəsinin qançırı və sıyrığı, sağ İV qabırğanın sınığı, sağ diz oynağının əzilmiş yaraları ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxs Nəcibə Həsənovanın ölümünə, həmçinin ehtiyatsızlıqdan arxa oturacaqda sağda oturmuş sərnişin Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı, sol diz oynağının travmatik çıxığı və oynaq daxili sınığı, sağ çiyin qurşağı, sağ dirsəyin bükücü səthinin cırılmış-didilmiş, sol dirsəyin iç səthinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, ehtiyatsızlıqdan arxa oturacaqda solda oturmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ said sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş sınığı, sağ sifətin əzilməsi, sağ gözətrafının yumşaq toxumanın hematoması, sol gözyuvasıaltı nahiyənin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan, yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 2 il bundan əvvəl Bərdə rayonunda yerləşən maşın bazarından tanımadığı şəxsdən 2500 manata almış, avtomobili idarə etmək üçün etibarnaməsi olsa da sürücülük vəsiqəsi yoxdur. Zərərçəkmiş şəxs1 arvadı, Zərərçəkmiş şəxs2, onun qızı, X4 isə bacısıdır. Bacısı Nəcibədə anadangəlmə sinir xəstəliyi olmuş, Nəcibə əvvəldən onun himayəsində olmaqla onunla birlikdə yaşamış, Nəcibənin bütün əziyyətini, qayğısını o və ailə üzvləri çəkmiş, müalicəsini etdirmişdir. Şahid1 əvvəllər tanımamış, onunla qohum deyil, ədavəti yoxdur. 14 avqust 2021-ci il tarixdə Bərdə rayonu Hacılar kəndində yerləşən sahəlikdə ot kipləri bağlayanda, üç nəfərə bir litr araq içmiş, sonra gəlib kənddə üstündən üç bakal pivə içmişdir. Həmin günü 14 avqust 2021-ci il tarixdə sərxoş vəziyyətdə etibarnamə əsasında özünə məxsus olan “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib, arvadı Zərərçəkmiş şəxs1, qızı Zərərçəkmiş şəxs2 və mərhum bacısı X13 ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisindən keçən asfatl yolla saatda təxminən 110 km surətlə Tərtər rayonu Həsənqaya kəndinə oğlu Sənangilə qonaq getmək üçün Bərdə rayonu “Çinqoz” dairəsi adlanan dairəvi yol ayırıcı istiqamətinə, yəni Bərdə şəhəri istiqamətində hərəkətdə olmuşlar. Avtomobili özü idarə etmiş, qabaq sərnişin oturacağında heç kim oturmamış, arxa oturacaqda sağ tərəfdə arvadı Maya, arxa oturacaqda ortada mərhum bacısı Nəcibə, arxa oturacaqda sol tərəfdə isə qızı Ləman oturmuşdur. Həmin vaxt saat təxminən 22.00 radələrində sərxoş olduğu üçün özünü pis hiss etməyə başlamış, başı hərlənmiş, həmin an idarəetməni itirib, avtomobili sol tərəfə doğru qarşı hərəkət zolağına istiqamətləndirmiş, əvvəlcə idarə etdiyi avtomobili ilə qarşı hərəkət zolağının sağ tərəfi ilə hərəkətdə olan VAZ 2107 markalı avtomobilin sol arxa hissəsinə toxunmuş, sonra yol kənarında olan səkiyə oradan da yolun kənarında olan tut ağacına çırpılıb dayanmışdır. Sonra olanları xatırlamadığını bildirmişdir. Hadisə baş verən zaman avtomobili saatda 110-120 km surətlə idarə etmiş, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilə dəymiş maddi ziyanla əlaqədar heç kimdən heç bir şikayəti və tələbi olmadığını bildirmişdir.Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, X19 Əhməd bacısıdır. Mərhum bacısı Nəcibədə anadan gəlmə sinir xəstəliyi olmuş, bədəni inkişaf etməmişdir, Nəcibə 14 avqust 2021-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hadisə yerindəcə ölmüşdür. O, hadisə baş verən an yəni, 14 avqust 2021-ci il tarixdə saat 22 radələrində şəxsi işlərim ilə əlaqədar Tərtər şəhərdə olmuş, bacısı oğlu Elnur zəng edərək, qardaşı Aqilin avtoqəza törətdiyini, avtoqəza nəticəsində bacısı Nəcibənin, Aqilin arvadı Mayanın və Aqilin qızı Ləmanın xəsarət almasını və Bərdə RMX-na aparıldıqlarını bildirmişdir. O, Bərdə rayon mərkəzi xəstəxanasına çatanda bacısı Nəcibənin vəfat etdiyini, digər qohumları Maya və Ləmanın isə sınıq xəsarətləri almalarını bilmişdir. Sonradan eşitdiyinə görə qardaşi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Qaradəmirçi kəndi ərazisindən keçən asfalt yolla Bərdə şəhəri istiqamətində hərəkətdə olan zaman Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Şahid1 idarə etdiyi VAZ-2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq həmin avtomobil ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Nəcibə əvvəldən Aqilin himayəsində olmaqla onunla birlikdə yaşadığını, Nəcibənin bütün əziyyətini, qayğısını Aqil və ailə üzvləri çəkdiyini bildirmişdir. Hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs qardaşı olmaqla onun qohumu olduğunu, ona qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Şahid1 əvvəllər tanımamışdır. 14 avqust 2021-ci il tarixdə saat 22 radələrində əri Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər rayonu Həsənqaya kəndində yaşayan Sənanı görməyə gedərkən avtomobildə qızı Ləman sürücünün arxasında əyləşmiş, o, sağ arxa oturacaqda, mərhum baldızı X13 isə arxa oturacaqda ortada oturmuşdur. Bərdə rayonu Qaradəmirçi kəndi ərazisindən keçən asfalt yolla Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən əri Aqil avtomobili yüksək surətlə idarə etmiş, sonra tormoz səsləri və şüşə qırıntısı səsi gəlmiş, özünə gələndə təcili tibbi yardım avtomobilində olduğun görmüş, hadisə nəticəsində ayaq nahiyəsi sınmış, ifadəsində aldığı xəsarətlə bağlı şikayətçi olmadığını bildirmişdir. Hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs əri olduğunu, ona qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş anası Zərərçəkmiş şəxs1 dediklərini təsdiq edərək, hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs atası olduğunu, ona qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamışdır. “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər ona məxsus olmuşdur. Həmin avtomobili təxminən 2019-cu ildə həmkəndlisi X5 baş etibarnamə əsasında satmış, X9 da həmin avtomobili təxminən iki-üç aydan sonra tanımadığı başqa bir şəxsə satmışdır. Polis şöbəsinə dəvət ediləndə bilmişdir ki, hal-hazırda həmin avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin sahibi kimi onun adnda qalmışdır.Onun iştirakı olmadan əgər baş etibarnamənin müddəti bitməyibsə avtomobilin qeydiyyat şəhadətnaməsi avtomobili almış şəxsin adına rəsmiləşdirilə bilər. Hazırda həmin avtomobilin sahibi olmadığını, həmin avtomobilin üzərində heç bir sahibliyi olmadığını, yalnız avtomobilin qeydiyyat şəhadətnaməsi onun adına olduğunqu bildirmişdir. Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Şahid1 atasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Atası Elxan etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili 29 yanvar 2021-ci il tarixdə Bərdə rayonunda yerləşən maşın bazarından tanımadığı şəxsdən 6900 manata almış, avtomobili aldıqdan sonra onun adına rəsmiləşdirilmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığına görə həmin atomobili özü idarə etmir, atası Elxan idarə edir. 14 avqust 2021-ci il tarixdə saat 22 radələrində atası Elxan, anası Səkinə, bacısı Günay və həmkəndlisi İsmayıl atası Elxanın idarə etdiyi “VAZ 21074” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərindən yaşadıqları kəndə gedəndə Qaradəmirçi kəndindən keçən asfat yolla hərəkətdə olarkən qəflətən qarşı tərəfdən hərəkətdə olan VAZ 2106 markalı avtomobil atası Elxanın idarə etdiyi avtomobilin hərəkət yoluna çıxaraq sol tərəf arxa qapısını sürtəndən sonra təxminən 150 metr getdikdən sonra atası Elxanın hərəkət yolunun sağ tərəfində olan səkiyə sonra isə yolun sağ kənarında olan tut ağacına çırpılıb dayanmışdır. Hadisə zamanı orada olmamış, hadisə barədə sonradan eşitmişdir. Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 yanvar 2021-ci il tarixdə Bərdə rayonunda yerləşən maşın bazarından tanımadığı şəxsdən 6900 manata almış, avtomobil oğlu Hafisin adına rəsmiləşdirmişlər. Avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi vardır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 14 avqust 2021-ci il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” markalı avtomobil ilə Bərdə rayonu Qaradəmirçi kəndinin içərisində avtomobil yolu ilə hərəkətdə olarkən, qarşı hərəkət zolağı ilə yüksək surətlə hərəkətdə olan ağ rəngli “VAZ 2106” markalı avtomobil onun hərəkət zolağıma çıxaraq, onun üzərinə doğru gəlməyə başlamış, həmin avtomobilin sol qabaq hissəsi onun idarə etdiyi avtomobilin sol arxa hissəsinə sürtüldükdən sonra idarəetməni itirib, əvvəlcə səkiyə daha sonra isə yol kənarında olan tut ağacına dəyərək dayanmışdır. Həmin vaxt idarə etdiyi avtomobildə sərnişin qismində arvadı Şahid3, qızı Şahid4 və qonşusu İsmayıl olmuş, hadisədən sonra arvadı Səkinəni və qızı Günayı sakitləşdirdikdən sonra digər avtomobilə yaxınlaşmış, onun hərəkət yoluna çıxaraq idarə etdiyi avtomobilin sol tərəfini sürtən avtomobil ağaca sürətlə dəydiyi üçün, həmin avtomobilin içərisində sürücü və sərnişinlər sıxılmış vəziyyətdə qalmış, ətrafa toplaşmış şəxslərin köməkliyi ilə sürücünü və sərnişinləri avtomobildən çıxartmışlar. Həmin şəxslər təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Hadisə yerinə gələn müstəntiq hadisə yerini müayinə etdikdən və sərxoşluq müayinəsindən keçirildikdən sonra izahat vermək üçün Bərdə rayon polis şöbəsinə dəvət olunmuşdur. Avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuş, avtomobilində ailəsi olduğu üçün avtomobili saatda 50 km surətlə idarə etmiş, onun hərəkət yoluna çıxan avtomobil qəflətən yüksək surətlə onun hərəkət zolağına çıxaraq, onun avtomobilinin sol tərəfinə sürtüldükdən sonra idarə etməni itirərək, əvvəlcə yolun kənarındakı səkiyə, daha sonra səki ilə üzbəüz ağaclığa dəydiyinə görə hadisənin qarşısını almaq imkanı olmamışdır. Hadisə nəticəsində o və idarə etdiyi avtomobildə olan digər sərnişinlər heç bir xəsarət almamışlar. Hadisə vaxtı avtomobil idarə edən zaman spirtli içki qəbul etməmiş, hadisə nəticəsində idarə etdiyi avtomobilə maddi ziyan dəymiş, hadisə baş verən zaman idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bərdə rayonu Qaradəmirçi kəndi ərazisindən keçən asfalt yolda baş vermişdir. AD № 489417 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayılov Zərərçəkmiş şəxs3 məxsusdur. xx.xx.2021-ci il tarixli ƏN-Vİİ № 471783 nömrəli Etibarnamənin surətindən görünür ki, “VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayonu Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs3 tərəfindən bir il müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, Şahid1 idarə etdiyi VAZ-21074 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi olaraq 2170 manat ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21063 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtomobilə ümumi olaraq 1984 manat ziyan dəymişdir. Bərdə Rayon Polsi Şöbəsinin DYPB-nin xx.xx.2022-ci il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar olunmadı. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/3072 nömrəli rəyindən görünür ki, VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkan olmuşdur.Sürücü Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə və yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 100 km/saat sürətə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti, haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 30 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər-başın təpə nahiyəsinin hematoması, beyin toxumasına, beyin qişalarına qansızma ilə ağır qapalı kəlləbeyin travması, çənə nahiyəsinin qançırı, sağ baldır nahiyəsinin qançırı və sıyrığı, sağ İV qabırğanın sınığı, sağ diz oynağının əzilmiş yaraları vardır.Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən az vaxt əvvəl törənmişdir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində törənə bilərlər, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. X2 ölümünə səbəb başın küt travması nəticəsində beyin toxumasına, beyinin sərt və yumşaq qişalarına qansızmalar olmuşdur. X2 ölümü, meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-13 saat olar baş vermişdir. X4 ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 749 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol təpə gicgah nahiyyəsinin, sol saidin aşağı 1/3 –nin arxa səthinin əzilmiş-cırılmış yaraları küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürcü olmaqla törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmsına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 751 nömrəli rəyindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ said sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş sınığı, sağ sifətin əzilməsi, sağ gözətrafının yumşaq toxumanın hematoması, sol gözyuvasıaltı nahiyənin qançırı küt əşynın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlaml uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 879 nömrəli rəyindən görünür ki,vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bud sümüyünün aşağı 1/3-nin yerdəyişmiş sınığı, sol diz oynağının travmatik çıxığı və oynaqdaxili sınığı, sağ çiyin qurşağı, sağ dirsəyin bükücü səthinin cırılmış-dililmiş, sol dirsəyin iç səthinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlaml uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. xx.xx.2021-ci il tarixli 1059 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. AA № 006194 saylı, vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. AZ İ № 573592 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2005-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs1 Firuddin qızıdır. Tərtər rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu X14 yaşadığı ev ermənilərin atdıqları raket zərbəsi nəticəsində zərər dəymişdir. Bərdə rayon Hüseynallılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Həsənov X15 rayonunun Bozlu kəndindən məcburi köçkündür və hal-hazırda Bərdə rayonu Hacılar kəndində həyat yoldaşı Zərərçəkmiş şəxs1 Firuddin qızı və övladıə Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi haqqında 01 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 orqanlara ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınmış X6 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Firuddin qızının istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və «Vaz 21074» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə geri qaytarılmışdır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid1 Kamil oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 22030035 nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınmış X6 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Firuddin qızının məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, hadisə nəticəsində özünün də xəsarətlər almasını, məcburi köçkün olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını,oğlunun yaşadığı evə 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində zərər dəyməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» özünün 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” “İzah edilsin ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması həmin şəxsin cinayət məsuliyyətinə əsas ola bilməz. Həmçinin, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.” “CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.”. “Nəzərə almaq lazımdır ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır.”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, ailə və sosial vəziyyətini eyni zamanda CMin 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və «Vaz 21074» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və «Vaz 21074» minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-228/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-228/2022
13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver