Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-229/2021 17.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay məhkum olunmuş, işsiz, Gəncə şəhəri Heydər Əliyev prospekti ev 475-də qeydiyyatda olmaqla Gəncə şəhəri Atatürk prospekti ev 1A, mənzil 19-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 47,268 qram narkotik vasitə olan tiryəki əldə edib üzərində daşıyarkən 30 yanvar 2021-ci il tarixdə saat 20:00 radələrində Kəpəz RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospekti, ev 1A-nın qarşısında saxlanılaraq Kəpəz RPBnə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş təmiz çəkisi 47,268 (qırx yeddi tam mində iki yüz altmış səkkiz) qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrar olaraq dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 1,215 qram narkotik vasitə olan heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 17 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində Gəncə şəhər BPİ-nin PPXT-nin əməkdaşları tərəfindən həmin ərazidə keçirilmiş reydlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Gəncə şəhəri, Atatürk prospektində 1 saylı Uşaq və Gənclər İdman mərkəzinin qarşısında saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən 2 ədəd kağız bükülüdə təmiz çəkisi 0,229 qram və 0,986 qram olmaqla ümumi çəkisi 1,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan “Heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə deyil Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 30.01.2021-ci il tarixdə saat təxminən 20 radələrində Gəncə şəhəri, Atatürk prospekti, ev 1A-nın qarşısında dayanan zaman narkotik vasitə istifadəçisi olduğu üçün Bakı şəhərindən tanımadığı Azər adlı şəxsdən aldığı tiryək üzərində olmuşdur. Həmin vaxt 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış və Gəncə şəhər Kəpəz RPB-nə gətirmişlər. Polis Bölməsində onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş ona məxsus “tiryək” aşkar olunaraq götürülmüşdür. Sonra “tiryək” elektron tərəzidə çəkilmiş çəkisi 47,68 qram olmaqla zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt video çəkiliş aparılmışdır. O, həmçinin ifadəsində bildirdi ki, o, 17 fevral 2021-ci il tarixdə, saat 16:00 dəqiqədə dostları Mehman və Ceyhunla Gəncə şəhəri, Atatürk prospektində 1 saylı Uşaq və Gənclər İdman mərkəzinin qarşısında piyada yol gedən zaman tibbi maskaları çənələrində olduğu üçün 4 nəfər PPXT-nun polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim edərkən o, üzərində olan 2 ədəd kağız bükümdə içərisində narkotik vasitə olan heroinin bir bükümünü yerə atan zaman bunu polis əməkdaşları görmüş və bükümü yerdən götürmüşlər. Lakin o, cibində olan ikinci bükümü yerə ata bilməmişdir. Polis əməkdaşları onları Kəpəz RPİ-nin Növbətçi Hissəsinə gətirib təhvil vermiş, orada üstləri yoxlanılan zaman dostları Mehman və Ceyhunun üzərindən heç nə aşkar edilməmişdir. Lakin, o polis əməkdaşına onun yerə atdığı kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Polis bölməsində onun üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman polis əməkdaşı onun yerə tulladığı içərisində narkotik maddə olan heroin olan bir ədəd kağız bükümü təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd Prima markalı siqaret qutusu, bir ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi, gödəkçənin sol yan cibindən 70 AZN kağız pul əskinasları və 40 qəpik metal pul əskinasları, bir ədəd qara rəngli tibbi maska və bir ədəd şpris, gödəkçənin sol qoltuq cibindən kağıza bükülmüş içərisində heroin, aşkar olunaraq götürülmüşdür. Götürülmüş iki ədəd bükülüdə olan heroin kütlələri elektron tərəzidə çəkilmiş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün saxlamış, üzərindən aşkar olunan tiryəki tanımadığı, özünü Azər kimi təqdim edən şəxsdən Bakı şəhəri ərazisində öz istifadəsi üçün 120 manata almış, üzərindən aşkar olunan digər narkotik vasitələri özü təxminən 2-3 gün bundan qabaq Gəncə şəhər Mahrasa bağı adlanan ərazidə küçədə yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamış və satmaq fikrində olmamışdır. Onun üzərində narkotik vasitə olmasını ondan başqa heç kim bilməmiş və heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitə qəbul etməsi və şatmaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Kəpəz RPİ-nin PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Yahya oğlunun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30.01.2021-ci il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən ev 1A-nın qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nin PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Kəpəz rayon polis idarəsinin Polis Bölməsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən sellofana bükülmüş kütlə aşkar olunmuş, bükülü açıldıqda içərisində kəskin iyli, çəhrayı rəngli, ilk baxışdan narkotik vasitə olan “tiryək”ə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitə tiryək bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 47,68 qram olmuşdur. Daha sonra isə narkotik vasitə tiryək kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan tiryəki Bakı şəhərindən əvvəllər tanımadığı, özünü Azər kimi təqdim edən şəxsdən aldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Həmin mənzildə baxış keçirilmiş, lakin həmin evdən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yahya oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 17.02.2021-ci il tarixdə saat 16:00 dəqiqədə polis serjantı Şahid5, polis kiçik serjantı Şahid6 və polis kiçik serjantı Şahid4 ilə Gəncə şəhəri Atatürk prospektində 1 saylı Uşaq və Gənclər İdman mərkəzinin qarşısında xidmətdə olan zaman 3 nəfər sonradan adı onlara məlum olan X2, X3 və Təqsirləndirilən şəxs ictimai yerdə tibbi maskadan düzgün istifadə etmədiyini görüb onlara yaxınlaşan vaxt Təqsirləndirilən şəxs onları görüb cibindən bir ədəd kağız bükülünü çıxarıb yerə atmış, o həmin kağız bükülünü yerdən götürmüş və həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək üçün onları Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişdir. Orada həmin şəxslərin üstləri yoxlanılan zaman Mehman Məmmədov və Ceyhun Məmmədovun üzərindən heç nə aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs polis əməkdaşına yerə atdığı kağız bükümdəki içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmçinin onun üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman o Təqsirləndirilən şəxs yerə tulladığı içərisində narkotik maddə olan heroin olan bir ədəd kağız bükülünü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd Prima markalı siqaret qutusu, bir ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi, gödəkçənin sol yan cibindən 70 AZN kağız, pul əskinasları və 40 qəpik metal pul əskinasları, bir ədəd qara rəngli tibbi maska və bir ədəd şpris, gödəkçənin sol qoltuq cibindən kağıza bükülmüş içərisində qəhvəyi rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Götürülmüş iki ədəd bükülüdə olan heroin kütlələri elektron tərəzisində çəkilmiş, Təqsirləndirilən şəxs yerə atan zamanı onun yerdən götürüb təqdim etdiyi kağıza bükülmüş kütlənin çəkisi kağızla birlikdə 0,59 qram, gödəkçəsinin sol qoltuq cibindən aşkar edilmiş kağıza bükülmüş kütlənin çəkisi kağızla birlikdə 1,47 qram olmaqla bir ədəd şprislə bilikdə zərfdə qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6, X5, və X6 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, özlərinə aid hissədə onun dediklərini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 yanvar 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs müdamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, yaşadığı evdə saxlamaqda və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 yanvar 2021-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofana bükülmüş ona məxsus “tiryək”ə bənzər kütlənin olması müəyyən edilir. Həmin büküm açılan zaman kəskin spesifik iyli, ilk görünüşdən narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərində yaşayan əvvəllər tanımadığı, təsadüfən tanış olduğu şəxsdən aldığını, narkotik vasitə olan “tiryək” olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan büküm içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin sellofan bükümlə birgə ümumilikdə çəkisinin 47,68 qram olması müəyyən edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 fevral 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Gəncə şəhər BPİ-nin PPXT-nin 2ci bölüyünün polis nəfəri Şahid3 Təqsirləndirilən şəxs yerə tulladığı içərisində narkotik maddə olan heroin olan bir ədəd kağız bükülünü təqdim etmişdir. Sonar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd Prima markalı siqaret qutusu, bir ədəd alışqan və özünə məxsus şəxsiyyət vəsiqəsi, gödəkçənin sol yan cibindən 70 AZN kağız, pul əskinasları və 40 qəpik metal pul əskinasları, bir ədəd qara rəngli tibbi maska və bir ədəd şpris, gödəkçənin sol qoltuq cibindən kağıza bükülmüş içərisində qəhvəyi rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Götürülmüş iki ədəd bükülüdə olan heroin kütlələri elektron tərəzisində çəkilmiş, Təqsirləndirilən şəxs yerə atan zamanı onun yerdən götürüb təqdim etdiyi kağıza bükülmüş kütlənin çəkisi kağızla birlikdə 0,59 qram, gödəkçəsinin sol qoltuq cibindən aşkar edilmiş kağıza bükülmüş kütlənin çəkisi kağızla birlikdə 1,47 qram olmaqla bir ədəd şiprislə bilikdə zərfdə qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2021-ci il tarixli 16/101 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen torbacıqda təmiz çəkisi 47,268 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 47,268 qr., tədqiqata cəmi sərf edildi - 0,2 qr. qalıq – 47,068 qr. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2021-ci il tarixli 16/151 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şpris və içərisində narkotik maddə olan 02 ədəd bakala...” sözləri yazılmış zərfdəki, 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,229 qram, 0,986 qram, ümumi təmiz çəkisi 1,215 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfdə olan 1(bir) ədəd 1-ml-lik şpirisin tamlığı pozulmadığı üçün üzərində tədqiqat aparılmalıdır. Təqdiqata təqdim edilmiş 1(bir) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi ərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,229 qr (1-№ ob), 0,986 qr (2-№ ob )tədqiqata cəmi sərf edildi - 0,1 qr (hər ob 0.05 qr). qalıq – 0,179 qr (1-№ ob) 0,936 qr (2-№ ob). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 20 fevral 2021-ci il tarixli 100 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesab vermək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 22 fevral 2021-ci il tarixli 441 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin 15 fevral 2021-ci i tarixli, 73 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-in Nizami rayon şöbəsinin 05.06.2007-ci il tarixli 4/68 saylı göndərişinə əsasən 11.07.2007-ci il tarixdə müayinədə olmuş “Oyanıq tipli tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar, özünü kəsmələrlə(autoaqressiya)” diaqnozu qoyularaq akt tərtib edilmiş, bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 18 fevral və 20 fevral 2021-ci il tarixli, 747 və 786 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 20 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqdiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 47,068 qram təşkil edən tiryək və 2 ədəd bükümdə 0,179 qram və 0,936 qram təşkil edən heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nə saxlanca verilmiş və 30.01.2021-ci il tarixdə və 17.02.2021-ci il tarixdə keçirilmiş əməliyyat–axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 30 yanvar və 17 fevral 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokollarından və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında 01 fevral və 19 fevral 2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixə və ikinci epizid üzrə 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədən şübhəli şəxs qismində tutulmuş və barəsində “başqa yerə getməmək barədə iltizam” və “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 10 fevral 2021-ci il tarixli tələbnamədən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 iyun 2014-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 08.10.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.10.2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci, 317-1.1-ci və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə ümumi çəkisi 47,68 qram tiryək, 2 ədəd kağız bükülüdə təmiz çəkisi 0,229 qram və 0,986 qram olmaqla ümumi çəkisi 1,215 qram heronin ona aid olmasına baxmayaraq həmin narkotik vasitələri satış məqsədilə deyil, öz istifadəsi üçün üzərində gəzdirməsinə dair ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş DVD disklərə baxış protokolundan, 30 yanvar 2021-ci il tarixli raportdan, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsdən iki növdən ibarət narkotik vasitə aşkar olunmasına, tədqiq edilmiş ekspert rəyində narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilməsinə baxmayaraq üzərində iki bükümdə narkotik vasitə heroin aşkar edilməsinə müvafiq olaraq təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edərək üzərində gəzdirməsi qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokolunu tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı 30 yanvar 2021-ci il tarixli «şübhəli şəxs qismində tutma haqqında» protokolu, 01 fevral 2021-ci il tarixli “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi barədə qərarı və 17 fevral 2021-ci il tarixli «şübhəli şəxs qismində tutma haqqında» protokolu, 19 fevral 2021-ci il tarixli “polisin nzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərarı araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CM-nin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddətinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək və 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətindən çıxılmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökm çıxarıldığı gündən, yəni 17 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq hissəsi 47,068 qram təşkil edən tiryək və 2 ədəd bükümdə 0,179 qram və 0,936 qram heroin məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, iki ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək və 17 fevral 2021-ci il tarixdən 19 fevral 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilən ümumi cəzadan çıxılmaqla üzərində ona qəti olaraq 5 (beş) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 17 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq hissəsi 47,068 qram təşkil edən tiryək və 2 ədəd bükümdə 0,179 qram və 0,936 qram heroin məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, iki ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-229/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-229/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver