Məhkəmə qərarları › İş №1(100)-230/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-230/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-230/2025 25.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X10 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçiləri Gəncə Regional Vəkil bürosunun Müdafiəçi1 və Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1996-cı ildə Gədəbəy şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan 5,446 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla Gədəbəy şəhər, Müdafiəçi2 prospektində yerləşən “Mega-Mall” ticarət mərkəzinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2024-cü ildə saat 19:15 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 1is Şöbəsinin inzibati binasına gətirilməklə orada həmin tarixdə saat 21:36-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,446 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il axşam təxminən saat 19-20 radələrində Kənan adlı dostu ilə Gədəbəy şəhərində idman zalından çıxdıqdan sonra bir yerdə olarkən ona yaxınlaşan mülki geyimli polis əməkdaşları heçnə demədən onun qolunu burub boz rəngli “Mercedes” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobillə Gədəbəy rayon Polis Şöbəsinə aparmışlar. Yanında olan Kənanı da polis şöbəsinə aparmış, orada olduğu müddətdə xidməti otaqlardan birinə salıb başından yumurla vurmuş, əllərini stolun üstünə qoyub taxta parçası ilə vurub döymüşlər. Bundan sonra Pərviz adlı polis əməkdaşı ona üç büküm verərək götürməyi, əks təqdirdə daha artıq döyüləcəyini demiş, razılaşmadıqda isə onu təkrar döymüşlər. Bu zaman içəri girən Ayaz adlı polis əməkdaşı onu tanıdığını deyib Pərvizlə çölə çıxmış, sonra isə tək içəri girib “sənə hörmətim o olacaq ki, tək bir bükümü götürəsən. olmasa daha artığını gedib evinizdən çıxaracağıq” demişdir. Ailə üzvlərini narahat etməmək üçün o polislərlə razılaşmış, videoçəkilişdə guya narkotik vasitənin ona məxsus olmasını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, O idmançıdır, narkotik vasitələrə aidiyyəti yoxdur. Saxlanılması və məsuliyyətə cəlb edilməsi Gədəbəy rayonunda olan gölün çirkləndirilməsi ilə bağlı olan etiraz aksiyasında iştirak etməsi ilə bağlıdır. O, ömründə narkotik vasitə istifadə etməmişdir. Ona qarşı edilmiş fiziki zorakılığın izləri qolunda qalmış və ekspertiza vaxtı izlər olsa da, müayinədə polis əməkdaşları iştirak etdiyi və təkrar fiziki zorakılığa məruz qalmaq istəmədiyi üçün guya həmin xəsarətləri bir neçə gün əvvəl məşq edərkən aldığını demişdir. Məhkəmədən günahsız olduğu üçün azad edilməsini və işinə xitam verilməsini istəyir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı ilkin olaraq şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin izahat və ifadəsində eləcə də videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki,...xx.xx.2024-cü ildə saat 19:15 radələrində “Mega Mall” ticarət mərkəzinin yaxınlığında tanışı Şahid2 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmiş, şəxsiyyətini müəyyən edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını bildirmiş, onlara həmin vaxt üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bundan sonra Gədəbəy rayon Polis Şöbəsinə aparılmış, şübhəli şəxs qismində tutulmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. “Samsung” markalı telefonu və pulları təqdim etmiş, cibindəki bükülünü çıxarıb içində “patı” olduğunu demişdir. Təqdim etdiyi bükülü qablaşdırılıb götürülmüş, telefonu da polis əməkdaşları götürmüşdür. Daha sonra Şahid2 üzərinə də baxış keçirilmiş, lakin onun üstündən qanunsuz əşya aşkar edilməmişdir. Aparılmış sorğu-sual zamanı qeyd edilən bükülünü xx.xx.2024-cü ildə yaşadığı evin yaxınlığında yerdən tapdığını və kimsə istifadə etməməsi üçün zərərsizləşdirmək məqsədilə götürüb saxlamışdır. Həmin maddədən kiməsə verməmiş, satmamışdır. İbtidai istintaqın sonrakı mərhələsində müqavilə bağladığı vəkil işə qoşulduqdan sonra isə Təqsirləndirilən şəxs məhkəmə baxışında götərdikləri ilə eyniməzmunlu ifadə verərək, üzərindən aşkar edilmiş narkotik vasitələrə aidiyyəti olmadığını, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını, narkotikin üzərinə qanunsuz qoyulduğunu bildirmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilən şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Gədəbəy şəhərində yaşayır, xx.xx.2024-cü ildə tanışı və dostu, eləcə də məşq yoldaşı olan Təqsirləndirilən şəxslə birlikdə olarkən onlara yaxınlaşan mülki geyimli polis əməkdaşları Nurlanı sorğu-sual edərək kimliyini soruşmuş, kimliyini dəqiqləşdirdikdən sonra isə onları Gədəbəy rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra ayrı otaqlarda saxlanılmış, təxminən yarım saat sonra yenə də Nurlanın yanına aparıb birlikdə üzərlərinə baxış keçirtmişlər. Nurlan özü çıxarıb bükülü təqdim etmiş və yerdən tapdığını demişdir. Onun üzərinə keçirilmiş, baxış zamanı isə mobil telefon və pulunu təqdim etmiş, qanunsuz əşyaları olmadığı üçün hamısı ona geri qaytarılmış və sonradan polis şöbəsindən azad edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş Əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Nurlan İmamquluyevin üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə edilmiş, əməliyyat qrupu yaradılmış, birlikdə Gədəbəy rayonuna gəlmişlər. Axşamüstü şəxsin olduğu yer müyyən edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşıb özlərini təqdim etmiş, Nurlan yanındakı şəxslə birlikdə Gədəbəy rayon Polis Şöbəsinə gətirilmiş, təhqiqatçıya təhvil verilmiş və vəkil çağırılmış və vidoeçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Aparılmış şifahi sorğu-sual zamanı narkotik vasitəni yerdən tapdığını və kimsə istifadə etməməsi üçün götürdüyünü demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hansısa zorakılıq və psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxsi özü ifşa etdiyi üçün onun adını çəkməsi və ona psixoloji təzyiq göstərməsi özünümüdafiə xarakterlidir. Ona qarşı iddia etdiyi kimi hansısa zorakılıq olsa idi, bunu aparılmış videoçəkilişdə bildirmək imkanı olsa da bunu etməmişdir ki, bu da şəxsin ifadəsinin həqiqətəuyğun olmadığını göstərir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-ci il tarixli raportlardan və əmrlərdən görünür ki, DİN BMCMİ-nə Gədəbəy rayon sakini X2 məqsədi ilə külli miqdar narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bardə daxil olmuş əməliyyat məlumatı əsasında şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara şalvarın sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/1-6/1276 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 5,446 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 5,446 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 5,396 qram İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1419 №li rəyindən görünür ki, müayinə zamanı X1 epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Harda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 946/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabionid aşkar edildi. İş materiallarında olan və məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 1349 №li rəydən görünür ki, cinayət əməli törədilərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik qeyd olunmamışdır. Öz hərəkətlərinin faktiki xarakteri və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda öz hərəkətlərinin mənasını dərk və idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan “Samsung” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan BMCMİ-nin İstintaq İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xidməti məlumatdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə edib gəzdirməsi müəyyən edilmiş, lakin psixotrop maddə aldığı şəxsləri, digər cinayət əməllərinin törədilməsində iştirakı, narkotik vasitələrin satışında şübhəli olan şəxslərə əlaqəsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Respublika Psixatriya Xəstəxanası PHŞ-dən verilən 4437 №li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 xx.xx.2014-xx.xx.2024-cü il tarixlərdə xəstəxanada stasionar müayinədə olmuş, son dəfə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə stasionar müayinədə olmuş, ona “mülayim dərəcədə ifadə olunmuş “dissosiativ konversion pozuntu, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-705/2024 saylı qərardan görünür ki, BMCMİ-i tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 132/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin İİ barmağının və sağ əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, sağlamlığıa zərər vurmayan xəsaərətlər aid edildikləri üçün dərəcəsi təyin edilmir. N.K.İmamquluyevin bədən səthində səthində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyası nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyyələrinin küt əşyalara çırpılma və ya həmin nahiyyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər. Dəqiq olaraq hansı şəraitdə yaranması hüquqi müstəvidə aydınlaşdırıla bilər. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “telefon zənglərinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan mobil telefon nömrəsi ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4 (005)-321/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(042)-18/2024 saylı qərardan görünür ki, BMCMİ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2016-cı ildə Gədəbəy rayon Məhkəməsinin 1(041) 16/2016-cı il tarixli hökmü ilə Azərbaucan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gədəbəy RİHB-nin xx.xx.2024cü il tarixli, 5-44/2-118/202 saylı məktubdan görünür ki, X7 barəsində nümayəndəliyə hər hansı şikayət xarakterli yazılı məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən aparılmış araşdırma zamanı toplanmış 1118-c-24 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması Azərbaycan Resublikası CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, qalıq çəkisi 5,396 qram olan metamfetmain maddi sübut hesab edilmiş, məhkəmə hökmünə qədər saxlanması üçün DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar edilmiş külli miqdar metamfetaminlə bağlı cinayət işi ayrı icraata ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırma aparıldığı ilkin dövrdə, yəni videoçəkilişlə keçirilmiş şəxsi axtarış, şübhəli şəxs qismində ilkin izahatında şübhəli və təqsirləndirilən şəxs qismində videoçəkilişlə dindirilərkən Təqsirləndirilən şəxs psixotrop maddəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. İş üzrə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri ibtidai istintaq, və məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitəni saxlaması və barədə olmuş, saxlanılana qədər və sonrakı mərhələdə aşkar edilmiş psixotrop maddə olan metamfetaminin mənbəyi, onun narkotik vasitəni satdığı şəxslər, yaxud digər qanunsuz əməllərdə iştirakını müəyyən edə bilməmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda üzərindən aşkar olunmuş metamfetamini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin psixotrop maddəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxs Nurlan İmamquluyevin üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq psixotrop maddəni əldə edib saxlaması və daşıması ilə bağlı Nurlan İmamquluyevə ittiham verilsə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Nurlan İmamquluyevin psixotrop maddəni satış deyil, digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan psixotrop maddənin şəxsi istehlak miqdarından artıq külli miqdarda olması və digər sübutlarla təsdiq olunmayan qeyri-müəyyən əməliyyat məlumatı əsas götürülmüşdür. Lakin istintaq orqanı nəzərə almamışdır ki, aşkar edilmiş psixotrop maddə tək bükümdə olmuş, şəxsin satış niyyətini təsdiq edən hər hansı obyektiv və subyektiv faktorlar isə ibtidai araşdırma zamanı müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, X4 narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxs Nurlan İmamquluyevdən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikası Cinayət və Cinayət-prosessual qanunvericiliyinin, Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin prinsiplərinə zidddir. Cinayət hadisəsi törədildiyi vaxt qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixotrop maddə olan metamfetamin (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövrü və məhkəmə baxışında göstərdiyi xx.xx.2024-cü ildə Saxlanılıb Gədəbəy RPŞ-yə gətirildikdən sonra psixoloji və fiziki təzyiqə məruz qalması, polis əməkdaşlarının onu döyüb həmin narkotik maddəni götürməyə məcbur etməsi müqavilə bağladığı vəkillə görüşdən sonra isə vəkilin (müdafiəçinin) vəsatəti əsasında əlavə ifadə verərək psixotrop maddənin ona məxsus olmaması barədə ifadə verməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. İşdə olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın rəyi və keçirilmiş videoçəkilişlə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi olmamış, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində, psixotrop maddənin ona aid olduğunu və tapdığını demişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı hallar hazırki iş üzrə elan edilmiş satış məqsədilə psixotrop maddənin dövriyyəsi ilə məşğul olmasına dair ittihamla razı olmaması ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan naməlum çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2024-cü ildə saat 19:15 radələrində Gədəbəy şəhər, Müdafiəçi2 prospektində yerləşən “Mega-Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 1is Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 21:36-dan üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara şalvarın sol yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,446 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, əsəb xəstəliyindən əziyyət çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngülləşdirən hallar olan himayəsində azyaşlı övladlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi əsəb xəstəliyindən əziyyət çəkməsi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi aşağı həddə cəza təyin edilməsini mümkün edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə cəzanın qanunda nəzərdə tutulan məhkumun islah olma məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,396 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış görüntüləri olan 1 ədəd DVD disk, telefon danışıqlarına dair məlumat olan 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan BMCMİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 5,196 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış görüntüləri olan 1 ədəd DVD disk, telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar