Məhkəmə qərarları › İş №1(100)-231/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-231/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-231/2023 18.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 430 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, bundan başqa, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.385 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin altında gizlətmiş olduğu bir ədəd polietilen torbanın içərisində 430 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin gödəkçənin sol döş cibində gizlətmiş olduğu bir ədəd sellofan torbacığın içərisində olmaqla təkrar əldə etdiyi 1.385 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yaşayır və ikinci qrup əlildir. O, narkomaniyadan asılılıqdan əziyyət çəkir, narkotik vasitə olan heroin istifadə edir. Həmin narkotik vasitədən əzələ daxilinə iynə ilə vurmaqla istifadə edir. Heroinlə yanaşı, “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan da ara-sıra istifadə edir. Marixuananı siqaret kağızına doldurmaqla çəkir. Barəsində cinayət işi başlanmamışdan təxminən iki ay əvvəl Samux rayonunun Kür çayı olan hissəsində olarkən yabanı halda bitmiş “nəşə” kolları aşkar edib istifadəçisi olduğuna görə həmin kolların yarpaqlarından toplayıb orada yaxınlıqda kolların dibində quruması üçün gizlətmiş və nə vaxtsa götürüb istifadə etməyi planlaşdırmışdır. Bundan başqa, barəsində cinayət işi başlanmamışdan təxminən bir həftə əvvəl yaşadığı binanın yaxınlığında olarkən ağacın dibindən bir ədəd siqaret qutusunun kağızına bükülü vəziyyətdə “kokos” kimi tanıdığı heroin olmasını aşkar etmişdir. O, həmin narkotik vasitənin də istifadəçisi olduğuna görə həmin narkotik vasitəni tanımış və istifadəsi üçün özü ilə götürmüşdür. Heroini üzərində saxlamış, lazım olduqca istifadə edirmiş. 2022-ci ilin yanvar ayının 20-də Samux rayonuna gedib quruması üçün gizlətdiyi “nəşə” kimi tanınan narkotik vasitə olan marixuananı götürmək qərarına gəlib tanımadığı şəxsin taksi avtomobili ilə həmin yerə getmişdir. Orada özü ilə götürdüyü sellofan torbaya həmin narkotik vasitəni doldurub əynində olan gödəkçənin iç hissəsində gizlədib yenə yoldan keçən tanımadığı şəxsin taksi avtomobili ilə Gəncə şəhərinə qayıtmışdır. Gəncə şəhərində yaşadığı binanın yaxınlığında olan qarajların arasında həmin narkotik vasitəni gizlətmişdir ki, lazım olduqca götürüb istifadə etsin. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında evdən çıxıb həmin qarajların yanına gedib gizlətdiyi narkotik vasitəni oradan götürmüşdür ki, birdən kimsə tapar deyə aparıb evdə gizlətsin. Narkotik vasitəni gizlətdiyi yerdən götürüb evə qayıdarkən polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt narkotik vasitə heroin üzərində imiş. Mülki geyimdə ona yaxınlaşan şəxslər özlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək saxlanılmasının səbəbini izah etmişlər. Sonra onu Gəncə şəhəri, Atatürk prospektində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin inzibati binasına aparmışlar. Orada hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı videoçəkiliş aparılmışdır. İlk öncə ona üzərində narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. O, əynindəki gödəkçənin iç tərəfində sellofan torbada gizlətdiyi “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuananı, gödəkçəsinin sol döş cibində siqaret qutusunun şəffaf kağızına bükülü vəziyyətdə “kokos” kimi tanınan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı həmin narkotik vasitələri haradan və nə vaxt əldə etdiyini, özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitələr elektron tərəzi ilə ayrı-ayrılıqda çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 435 qram, heroinin çəkisi isə 1.59 qram təşkil etmişdir. Bundan sonra həmin maddələr ayrı-ayrılıqda qablaşdırılmış, hər iki qablaşdırmanın üzərində qeydlər aparılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərdi ki, o, ayrı-ayrı vaxtlarda əldə etdiyi narkotik vasitələri özünün şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Onun heç vaxt kiməsə nakotik vasitə satmaq kimi məqsədi olmamışdır. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, bir sıra əməliyyataxtarış tədbirləri keçirilmişdir. Bunun üçün tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin rəisinə raportla məruzə olunduqdan sonra “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və özündən, şöbənin sürücü polis nəfəri Şahid2 ibarət əməliyyat qrupunun tərkibi müəyyənləşdirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün saat 07 radələrində yaşadığı Gəncə şəhəri, B.Əliyev küçəsində 6 nömrəli yaşayış binasının yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və Təqsirləndirilən şəxs özləri ilə şöbənin inzibati binasına gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqları izah edilməklə müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin də iştirakı ilə videoqeydiyyat aparılaraq təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin altından 01 ədəd sellofan torba çıxarıb təqdim edərək onun qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya olub-olmaması barədə sual verildikdə gödəkçəsinin sol döş cibindən 01 ədəd sellofan büküm təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin təqdim edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkar edilməmişdir. Qeyd edilən kütlələrə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sellofan torbadakı kütlə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, digər sellofan bükümdəki kütlə isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlədir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə 435 qram, heroinə bənzər kütlə isə sellofan bükümlə birlikdə 1.59 qram təşkil etmişdir. Həmin maddələr ayrı-ayrılıqda qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana və heroin olmasını, marixuananı Samux rayonunda Kür çayının sahilində xatırlamadığı yerdən yabanı halda bitən kollardan istifadə etmək üçün toplayıb qurutmaq üçün kolun dibində gizlətdiyini, biriki dəfə həmin vasitədən istifadə etdiyini, narkotik vasitə olan heroini isə yaşadığı binanın yaxınlığında təxminən 20 gün əvvəl yerdən tapdığını, istifadə etmək üçün saxladığını bildirmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və 24 yanvar 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli gödəkçənin altından 01 ədəd sellofan torbanı çıxarıb təqdim edərək onun qurudulmuş marixuana olduğunu bildirir. Sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol döş cibindən 01 ədəd sellofan büküm təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu bildirir. Qeyd edilən kütlələrə baxış keçirilərkən sellofan torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzər, digər sellofan bükümdəki kütlənin isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə olduğu müəyyən edilir. Həmin kütlələr elektron tərəzidə çəkilərkən qurudulmuş marixuanaya bənzər kütlənin sellofan torba ilə birlikdə çəkisi 435 qram, heroinə bənzər kütlənin isə sellofan bükümlə birlikdə 1.59 qram təşkil etməsi müəyyən edilir. Sonra həmin maddələr qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana və heroin olmasını, marixuananı Samux rayonunda Kür çayının sahilində xatırlamadığı yerdən yabanı halda bitən kollardan istifadə etmək üçün toplayıb qurutmaq üçün kolun dibində gizlətdiyini, bir-iki dəfə həmin vasitədən istifadə etdiyini, narkotik vasitə heroini isə yaşadığı binanın yaxınlığında təxminən 20 gün əvvəl yerdən tapdığını, istifadə etmək üçün saxladığını, özünün heroin və qurudulmuş marixuana istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir zorakılığa, təzyiqə məruz qalmadığını bildirir (cild 1, iş vərəqə: 33-36, 74-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi-bioloji ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 16/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 1.385 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 1, iş vərəqə: 43-46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2022-ci il tarixli, 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tədbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin 30 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir (iş vərəqə: cild 1, səh.126). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.153). Cinayət işinin materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.335 qram narkotik vasitə heroin və 429.8 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, eləcə də 01 ədəd DVD disk və 01 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə: 247-262). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə, saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 24). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə saat 13:00-da saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X1 azad edilmişdir (cild 1, iş vərəqə: 166). Cinayət işinin materiallarına əlavə edilmiş 20 may 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir (cild 1, iş vərəqə: 146-148). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (cild 1, iş vərəqə: 124). Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir (cinayət işinin materialları). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və həmin idarənin sürücü polis nəfəri Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni ifadəni məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram, “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülən “heroin” narkotik vasitəsinin kütləsi 1.385 qram olduğundan, həmçinin “qurudulmuş marixuana” narkotik vasitəsinin kütləsi 430 qram qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Lakin narkotik vasitələrdən asılılıqdan əziyyət çəkən Təqsirləndirilən şəxs aşkar edilən və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni ayrı-ayrı vaxtlarda əldə etməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 01 ədəd CD diskə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda qeyd edilən narkotik vasitələr aşkar edildikdən sonra onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, daha sonra Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrdən mobil telefon vasitəsilə edilmiş telefon zəngləri, göndərilmiş və daxil olmuş sms mətnləri, həmçinin mobil nömrələrin anten dairələri barədə əldə edilmiş məlumatların olduğu 01 ədəd CD diskə zənglər və mesaj mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Lakin cinayət işinin bütün göstərilən faktiki hallarına baxmayaraq, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli sonradan heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin təkrar əldə edilməsi əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız narkotik vasitəni təkrarən əldə etməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini və qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin mənasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təkrar törədildikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin və qurudulmuş marixuana narkotik vasitəsinin kütləsinin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməsi, həmin narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, “....Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ikinci qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri və iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1.385 qram narkotik vasitə olan heroini və 430 qram qurudulmuş marixuananı ayrı-ayrı vaxtlarda əldə edib üzərində saxlayaraq daşımışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Ona görə də cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 yanvar 2022-ci il saat 07:30-dan 22 yanvar 2022-ci il saat 13:00-dək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 iyun 2022-ci il tarixli, 473 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.335 qram narkotik vasitə heroin və 429.8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.335 qram narkotik vasitə heroin və 429.8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar