Məhkəmə qərarları › İş №1(100)-233/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-233/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-233/2023 12.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Yeni Həyat kəndi, M.P.Vaqif küçəsi, ev 106-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 9-cu küçədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab edilən və vətəndaşların sıx məskunlaşdığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 9-cu küçədə olan zaman onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs digər qonşusu Şahid1 ilə söhbət etdiyini görüb sonunculara yaxınlaşaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxsla mübahisə yaradaraq cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, əxlaq normaları və birgəyaşayış qaydaları ilə bir araya sığmayan, orada olan şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirməklə, ətrafdakı insanları özünə cəlb etməklə ətrafda olan şəxslərə məhəl qoymayıb silah qismində istifadə etdiyi üzərindəki təyinatı istintaq zamanı müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya piyliyin, qaraciyərin, mədənin və böyrəkətrafı yumşaq toxumalarının zədələnməsi ilə nəticələnən qarın nahiyəsinin iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuraraq silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman səs-küy səsləri eşidib küçəyə çıxanda Zərərçəkmiş şəxs evinin qarşısına qonşuluqda yaşayan Telmanın, Zərərçəkmiş şəxs arvadı Ədibənin və Zərərçəkmiş şəxs qayınanasının yığışdıqlarını görmüşdür. O, həmin vaxtı Zərərçəkmiş şəxs küçədə həyat yoldaşı Ədibə ilə dalaşdığını və sonuncuların bir-birlərinə nalayiq sözlər işlətməsini görüb sərxoş vəziyyətdə araya girərək onları ayırmaq istəyəndə Elgiz geri çönərək onu itələmişdir. O, Elgizə ayıb olduğunu bildirərək sakitləşdirmək istəyən vaxt sonuncu onu itələyib yerə yıxmış və ünvanına nalayiq söyüşlər söymüşdür. Zərərçəkmiş şəxs onu yerdə təpiklə və yumruqla sifətindən, bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyməyə başlamışdır. Həmin vaxt o, yerdən xatırlamadığı predmeti əlinə götürüb özünü müdafiə etmək və Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq məqsədilə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Zərərçəkmiş şəxs ondan aralanmışdır. Daha sonra o, sürünə-sürünə oradan uzaqlaşaraq öz evinin qarşısına tərəf getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmiş, sonuncunu yerdən götürdüyü xatırlamadığı dəmir parçası ilə vurmuş, həmin əşyanı da xatırlamadığı yerə tullamışdır. Hadisə baş verən zaman qonşuluqda olan şəxslər orada olmuşlar. Onunla Zərərçəkmiş şəxs arasında 10 manat söhbəti olmamış və o, Elgizdən borc pul istəməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində onunla qonşuluqda yaşayan Şahid1lə yaşadığı evin qarşısında dayanıb söhbət edən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların yanına gəlmiş, bir müddət onlarla söhbət etdikdən sonra sonuncu onunla səbəbsiz mübahisə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs içkili olduğunu görüb sonuncudan aralanaraq öz yaşadığı ev istiqamətində getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq söyüşlər söyərək arxadan gəlib ona yaxınlaşmış, o geriyə çevrilən zaman isə Təqsirləndirilən şəxs qəfildən əlindəki bıçaqla onun bədəninin sağ tərəf nahiyəsindən vurmuşdur. O, xəsarət aldığını görüb öz yaşadığı evə tərəf qaçmış, daha sonra təcili tibbi yardıma məlumat verilmişdir. Həyat yoldaşı Şahid2 onun xəsarət aldığını görüb qorxaraq qışqırdığı üçün qonşuluqda yaşayan Telman da onların yaşadığı həyətə gəlmişdir. Daha sonra təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər onu avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxsla əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, mehriban münasibətləri olmuşdur. Sonuncu ilə aralarındakı mübahisənin səbəbi Təqsirləndirilən şəxs küçədə səbəbsiz yerə nalayiq ifadələr işlətməsi olmuşdur. Namiq ona bıçaqla xəsarət yetirənə qədər o, sonuncunu vurmamış, lakin bıçaqlanmasından sonra Namiqə yumruqla zərbələr endirmişdir. Təqsirləndirilən şəxsla onun arasında pulla bağlı söhbət olmamış və sonuncu ondan 10 manat pul istəməmişdir. Hadisədən təxminən yarım saat əvvəl Təqsirləndirilən şəxs onların evində olmuş və onunla həyat yoldaşı arasında olan mübahisəyə görə onlara iradı bildirmiş, lakin həmin vaxtı onunla Təqsirləndirilən şəxs arasında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxslə barışmış və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxsla rastlaşmış və sonuncu ilə həmin yerdə söhbət etmişdir. Onlar söhbət edən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların yanına gəlmişdir. Bir-iki dəqiqə söhbət etdikdən sonra Namiq səbəbsiz yerə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər işlətmişdir. O da Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görüb dava-dalaş baş verməməsi üçün Zərərçəkmiş şəxs qolundan tutub yaşadığı evə tərəf aparmışdır. Elə bu zaman Namiq bir daha Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb arxadan gələrək onlara yaxınlaşmış, Elgiz geriyə çevrilən zaman isə Namiq qəfildən Zərərçəkmiş şəxs bədəninin sağ tərəf nahiyəsinə zərbə endirmişdir. Həmin vaxt Elgiz “bıçaqla vurdun” deyəndə o, Təqsirləndirilən şəxs sol əlində bıçağın uc hissəsini görmüşdür. Təqsirləndirilən şəxs yenidən ikinci dəfə bıçaqla Zərərçəkmiş şəxs sinəsindən vurub xəsarət yetirəndə Elgiz əli ilə Namiqi kənara itələdiyi üçün sonuncu yerə yıxılmışdır. Daha sonra Elgiz əlini qarnına tutub evinə tərəf qaçmış, o, da sonuncunun arxasınca getmişdir. Bir qədər sonra həmin yerə təcili tibbi yardım çağırılmış və həkimlər Elgizi Xəstəxanaya aparmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində qara rəngli qolu gödək yay koftası və qara rəngli şalvar, Təqsirləndirilən şəxs əynində isə qara rəngli ağ nöqtələri olan üç düymə yay koftası və qara rəngli şalvar olmuşdur. O, hadisə zamanı Təqsirləndirilən şəxs bıçağı haradan əldə etdiyini və hadisədən sonra hara tulladığını bilməmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı üçün sonuncunun həyat yoldaşı qorxub qışqırdığına görə xatırlamadığı qonşuları Zərərçəkmiş şəxs evinin qarşısına gəlmişlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Hadisə günü mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına səbəbsiz yerə nalayiq söyüşlər söyməsi olmuş, sonuncular arasında da 10 manatla bağlı pul söhbəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin içərisində həyat yoldaşı Zərərçəkmiş şəxsla ailə daxili münasibətlər zəminində sözlə mübahisələri olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs və Telman onların evinə gəlmiş, Namiq və Telman Elgizi tənbeh etdikdən sonra onu da bir daha mübahisə etməmələri, ər-arvad kimi mehriban yaşamaları barədə danlamış, daha sonra Namiq və Telman öz evlərinə getmişlər. Həmin vaxt Elgizlə Təqsirləndirilən şəxs arasında davadalaş baş verməmiş və hər hansı bir mübahisə yaranmamışdır. Təxminən yarım saat keçdikdən sonra o, şam yeməyi hazırlayan vaxt Elgiz küçəyə çıxıb qonşuluqda yaşayan Sərxangil tərəfə getmiş və işi olduğu üçün sonuncu ilə görüşəcəyini bildirmişdir. Bir az keçdikdən sonra o, pəncərədən küçəyə baxanda Təqsirləndirilən şəxs də Sərxangil tərəfə getdiyini görmüşdür. O, anası ilə evdə oturub şam yeməyi yeyən vaxt həyat yoldaşı Elgiz qışqıra-qışqıra evə gəlmiş, o, həyətə çıxanda Elgiz Təqsirləndirilən şəxs onu bıçaqla vurub qarın nahiyəsindən xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs qarın nahiyəsindən qan axdığını görmüş, dərhal Zərərçəkmiş şəxs əynindəki qara rəngli koftanı çıxardaraq yaraya sarğı qoymuş və onun səsinə qonşuluqda yaşayan Telman da oraya gəlmişdir. Daha sonra təcili yardım çağırılmış və həkimlər gəlib Elgizi xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, onların evində olan zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməsə də əri yaralı halda evə gəldikdən sonra o, sonuncudan Təqsirləndirilən şəxsla mübahisə etdiklərini və Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul istəməsini eşitməmiş, Elgizlə Namiq arasında da 10 manatla bağlı söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan vaxt səs-küy səsləri eşidib küçəyə çıxmış, həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında təcili tibbi yardım avtomobilinin dayandığını görmüşdür. O, həmin yerə yaxınlaşanda Zərərçəkmiş şəxs qarın nahiyəsindən xəsarət aldığını görmüş və ona Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş zamanı sonuncunun bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq xəsarət yetirməsi məlum olmuşdur. Lakin o, hadisəni görmədiyi üçün dava-dalaşın hansı səbəbdən baş verdiyini, Təqsirləndirilən şəxs hansı səbəbdən Elgizi bıçaqla vurduğunu bilməmişdir. O, Zərərçəkmiş şəxs həyat yoldaşı Ədibə ilə birlikdə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, bıçaqlanma hadisəsindən təxminən yarım saat əvvəl o, Zərərçəkmiş şəxs arvadı Şahid2 ilə mübahisələrinə görə sonuncuların evində olan zaman Təqsirləndirilən şəxs da orada olmuş və sonuncu ilə Zərərçəkmiş şəxs arasında həmin vaxtı hər hansı dava-dalaş və ya mübahisə olmamışdır. Əvvəllər də Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında ədavət və ya düşmənçiliyin olmasını eştiməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1680 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər - piyliyin, qaraciyərin, mədənin və böyrəkətrafı yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və hər iki xəsarət ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yerləşmə nahiyələrini və ağırlıq dərəcələrini nəzərə alaraq belə hesab edilmişdir ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən yetirilməsi mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli məhkəmə tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta üzərində insana məxsus qan aşkar olunur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1153 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim olunan köynəyin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2022-ci il tarixli, 1680 nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “piyliyin, qaraciyərin, mədənin və böyrəkətrafı yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan qarın nahiyəsinin iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaraları” xəsarətləri ilə köynəyin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1613 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər - burun, sol dirsək, sol diz nahiyələrinin sıyrıqları, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 582/197 nömrəli kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuş, bu vəziyyətin əmələ gəlmə səbəbi zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Gəncə şəhəri, Məhsəti qəsəbəsi 9-cu küçədir. Hadisə yerinə baxışda iştirak etmiş Şahid1 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dava-dalaş etdikləri yeri, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yeri göstərmiş, hadisə yerindən iş üzrə mühüm əhəmiyyət kəsb edən əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şakir oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, həmin gün saat 21:30 radələrində Təqsirləndirilən şəxs qarnın daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasına daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş onların yaşadıqları Gəncə şəhəri Məhsəti qəsəbəsi 9-cu küçədə baş verdiyi üçün ictimai qayda pozulmuş, hadisə küçədə baş verdiyi üçün qonşular hadisənin şahidi olmuşlar. Həmçinin Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi bıçağı tapmaq mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4573 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 4185 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zülfiqar Məmmədov adına xəstəxananın Vərəm əleyhinə şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Vərəm şöbəsində xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “Hər iki ağ ciyərin yuxarı payının infiltrativ vərəmi” diaqnozu ilə stasionar müalicə almış, xx.xx.2007-ci il tarixdən ambulator qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən, həmçinin xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolu gödək yay koftası iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxsla sonuncunun arvadı Şahid2 mübahisə etdiklərini eşidib sakitləşdirmək üçün yaşadığı evlərinə gedib onları ayıran zaman Zərərçəkmiş şəxs onu itələyərək yerə yıxdığını, onun ünvanına nalayiq ifadələr işlədərək onu yerdə təpiklə və yumruqla sifətindən, bədəninin müxtəlif nahiyələrindən vurmaqla döydüyünü, həmin vaxt yerdən xatırlamadığı predmeti əlinə götürüb özünü müdafiə etmək və Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq məqsədilə sonuncunun qarın nahiyəsinə bir dəfə zərbə endirdiyini, sonuncuya bıçaqla xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs məhz yerdən götürdüyü dəmir parçası ilə vurduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 03 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında dayanıb qonşusu Şahid1lə söhbət edən vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların yanına gəldiyini, bir-iki dəqiqə onlarla söhbət etdikdən sonra sonuncunun onunla səbəbsiz mübahisə etməyə və ünvanına nalayiq ifadələr işlətməyə başladığını, Təqsirləndirilən şəxs aralanaraq yaşadığı evə tərəf getdiyi zaman sonuncunun sərxoş halda səbəbsiz yerə bir daha onun ünvanına söyüş söydüyünü və arxadan gəlib ona yaxınlaşaraq qəfildən əlindəki bıçaqla onun bədəninin sağ tərəf nahiyəsindən iki dədə vurduğunu, onunla Təqsirləndirilən şəxs arasında da əvvəllər ədavət və ya düşmənçiliyin olmadığını göstərmişdir. Qeyd edilən xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid1 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təsdiq etmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Ədibə Əliyevə ilə Şahid3 da Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək hadisənin məhz küçədə baş verdiyini, yəni bıçaqlanma hadisəsindən əvvəl Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sonuncunun yaşadığı evdə mübahisə və ya dava-dalaş baş vermədiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs itələmədiyini və döymədiyini, Təqsirləndirilən şəxs məhz yaşadığı evlərinin qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək bıçaqla sonuncuya xəsarət yetirdiyini göstərmişlər. Eyni zamanda iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyində də göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaralar aşkar edilmiş və həmin yaralar deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir. O cümlədən iş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının rəyində də göstərilmişdir ki, təqdim olunan köynəyin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Göründüyü kimi həm məhkəmə-tibbi ekspertizasının, həm də məhkəmə-trasoloji ekspertizasının rəyləri ilə tam sübuta yetirilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində məhz iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaralar aşkar edilmiş və həmin yaralar deşicikəsici alətin (bıçağın) təsiri nəticəsində əmələ gəlmişdir. Məhkəmə tərkibi Zərərçəkmiş şəxs və Şahid1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10 manat pul istəməsi, sonuncu maddi imkanı olmadığı üçün pul verə bilməyəcəyini dedikdən sonra yaranmış mübahisə nəticəsində hadisənin baş verməsi ilə əlaqədar verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməməklə, həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, zor tətbiq etmə ilə hədələmə dedikdə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmənin son həddi on iki ilədək olduğu üçün qeyd edilən cinayət CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayətlərin təsnifatına aiddir. CM-in 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırkı iş üzrə ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə ittiham olunduğu cinayət əməllərini 03 sentyabr 2023-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədərkən əvvəlki cinayət əməlinə görə onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.2.2-ci maddəsində göstərilmişdir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. CM-in 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi üçün xx.xx.2022-ci il tarixdə CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədərkən onun əməlində cinayətlərin təhlükəli residivi mövcud olmuşdur. Məhkəmə tərkibi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxsla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin təhlükə residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsi tətbiq edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, əməlində təhlükəli residivin olmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04 sentyabr 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 04 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolu gödək yay koftası sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 sentyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Müdafiəçi 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolu gödək yay koftası sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar