Məhkəmə qərarları › İş №1(100)-235/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-235/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-235/2025 17.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu, Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X11, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 07 aprel 2024-cü il tarixdə saat 16:30 radələrində Goranboy rayonu, Tatarlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olan zaman anası X4 evin mətbəxində rəfiqəsi Şahid1 ilə telefon danışığına gizli qulaq asıb anasının Ərşad adlı şəxslə sevgi münasibətində olması barədə işlətdiyi ifadələri eşidərək buna əsəbiləşib qısqanclıq niyyəti ilə anası Alidə Kazımovanı qəsdən öldürmək qərarına gəlmiş və həmin niyyətini həyata keçirmək məqsədilə evə daxil olaraq sonuncudan sevgi münasibətində olduğu şəxs barədə soruşduqda Alidə Kazımova bunu inkar etmiş, anasının əvvəllər də digər kişi ilə münasibətinin olmasını bildiyi üçün ona yalan danışdığına əmin olaraq daha da qəzəblənib öz niyyətini qətiləşdirərək həmin vaxt mətbəxdən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Alidə Kazımovanın döş qəfəsinin sol nahiyəsindən iki dəfə zərbə vurmuş, sonuncu yerə yıxıldıqdan sonra isə öz cinayətkar niyyətini başa çatdırmaq məqsədilə əlindəki bıçaqla Alidə Kazımovanın döş qəfəsinin sağ nahiyəsindən üç dəfə və boğaz nahiyəsindən bir dəfə zərbə endirərək sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olan, hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid edilən - döş qəfəsinin sağ və sol yan səthlərinin deşilmiş-kəsilmiş yarası, hər iki ağciyərin zədələnməsi, habelə zərərçəkmiş şəxsin ölümünə səbəb olan boyun arteriya və venalarının zədələnməsi nəticəsində baş vermiş xarici qanaxma ilə müşayiət edilən boynunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yarası xarakterli xəsarətlər yetirməklə X7 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evə gələn zaman evin qapısının ağzında olan vaxt anasının mobil telefon ilə danışmasını eşitmişdir. Nitqində qüsur olduğu üçün danışa bilmir, cinayət işinin materiallarında ifadəsi vardır,istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bundan sonra o evə daxil olmuş və anasına “niyə belə edirsən... bizi yaxşı vəziyyətə qoymursan” demiş və anasını sorğu-sual etmişdir. Həmin vaxt masanın üzərində bıçaq olmuş və o həmin bıçaqı götürərək anasını vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə qısa ifadə verdiyindən onun istintaq zamaqı verdiyi ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki,” “atası Telman təxminən 10 il bundan öncə Goranboy rayonunun Şəfibəyli kəndində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bundan sonra ailə olaraq, daha dəqiq bacıları Qumru və Aidə, qardaşı Azər və anası Alidə ilə birlikdə Tatarlı kəndindəki evdə yaşamışdır. Atası sağlığında qəssablıq edərək ailəsini dolandırmışdır. Atası vəfat etdikdən sonra isə anası Naftalan şəhərində yerləşən müxtəlif sanatoriyalarda çalışmağa başlamışdır. Anası sonuncu dəfə Qabil adlı şəxsin sanatoriyasında tibb bacısı kimi çalışmışdır. Anası gündəlik olaraq bazar günündən başqa, hər gün saat 07-dən axşam saat 19-dək işdə olmuşdur. Bacıları və qardaşı ailə həyatı qurmuş və həmin evdən köçmüşlər. Bundan sonra o, anası ilə təxminən 1 ildir ki, həmin evdə birgə yaşamışdır. Qardaşı da atası kimi qəssablıq etmiş, o da qardaşının yanına qəssab mağazasına gedərək həmin işləri öyrənməyə çalışmışdır. Anası ilə daimi olaraq münasibətləri normal olmuşdur. O, bəzi vaxtlarda anasının telefonuna çoxlu zənglər və mesajlar gəlməsinə şahid olmuş, lakin öz-özünə “anamdır, yəqin pis iş görməz” deyə düşünmüşdür. Çünki təxminən 8-9 il bundan qabaq, qardaşı Azər hərbi xidmətdən qayıtdıqdan sonra anasının telefonunda kiminsə mesajını tutmuş və buna görə evdə söz-söhbət baş vermişdir. Lakin həmin vaxt qardaşı və yaxud o anasına qarşı fiziki zor tətbiq etməmişdir. Baş vermiş hadisə ilə bağlı qeyd etmişdir ki, o, 06 aprel 2024-cü il tarixdə bibisi oğlu Qurbanın Səfikürd kəndindəki yaşadığı evə getmiş və həmin gün gecəni orada qalmışdır. 07 aprel 2024-cü il tarixdə yuxudan durmuş, bibisi oğlu Qurban evdən çıxmış, daha sonra o, günorta saatlarından sonra təxminən 16 radələrində evdən çıxmış və Tatarlı kəndindəki evlərinə piyada gəlmişdir. Evin çöl darvaza qapısının bağlı olduğunu görmüş və evin yan tərəfindəki qapıdan içəri tualetə tərəfə keçmiş və həyətə daxil olmuşdur. Həyətdə olan zaman evə daxil olmaq üçün pilləkanlara tərəf gələndə anasının telefonla danışmasını eşitmişdir. Dərhal dayanmış və özündən asılı olmadan o telefon danışıqlarına gizli qulaq asmağa başlamışdır. Telefon danışığı zamanı anası telefondakı şəxsə Arzu deyərək müraciət etmişdir. Həmin vaxt təxminən saat 17 radələrinə az qalmışdır. Telefon danışığı zamanı anası Arzu adlı qadına “ərim öləndən sonra həyatımda 2-3 kişi olub, birincisi məndən cavan olub, və s.” demişdir. Anası həmçinin pul xərləcəyən kişilərdən, başqa kişilərlə sevgili olmasından və bu kimi məzmunda söhbətlər etmişdir. Hətta anası telefon danışığında Əşrəf yaxud Elşad adlı şəxsin adını da çəkmişdir ki, lakin həmin adı o konkret olaraq hazırda xatırlamamışdır. Bu telefon danışıqlarını o, eşitdikcə anasına qarşı qəlbi qırılmaqla yanaşı, anasından belə hərəkət etməsinin səbəbini soruşmaq, daha sonra isə anasını cəzalandırmaq istəmişdir. Telefon danışığı başa çatandan sonra o, 2-3 dəqiqə özünə gələ bilməmiş və həyətdə gözləmişdir. Daha sonra isə evə daxil olaraq anasından telefonda danışdıqları barədə soruşmaq qərarına gəlmişdir. Yaşadığı evə girən kimi dəhliz mətbəx otağı kimi istifadə edilmişdir. Həmin otağın solunda yataq otağı, üzbəüz isə qonaq otağı yerləşmişdir. Evə girəndən sonra, o, bir neçə saniyə evdə gəzişmiş, sonradan anasına yaxınlaşmış və hansı kişi ilə münasibətdə olmasını soruşmuşdur. Həmin vaxt anası mətbəx otağında divanda əyləşmişdir. Lakin o, sual verdikcə anası “elə bir şey yoxdur” cavabını vermişdir. O, anasına telefonla danışdıqlarını eşitdiyini desə də anası sanki onu ciddi qəbul etəmiş və yenə də heç bir kişi ilə əlaqəsinin olmadığını demişdir. O, anasından təkrar olaraq münasibətdə olduğu şəxs barəsində soruşmuş, lakin yenə də “yoxdur elə bir məsələ” cavabını almışdır. Bir neçə dəqiqə anası ilə bu barədə müzakirələr etmiş, lakin anası etiraf etməmişdir. Bundan sonra o, anasının etdiyi xəyanəti etiraf edib, yaxud etməməsinin ona əhəmiyyətli olmayacağını düşünmüş, anasını öldürmək qərarını qətiləşdirmiş və sağına soluna baxmışdır. Hazırda xatırlamadığı yerdə mətbəx bıçağını görmüş və həmin bıçağı sağ əlinə alaraq anasına tərəf gəlmiş və anası ilə üz-üzə dayanmış və “boynuna almasan da mən eşitmişəm” demiş və anasının sol nahiyəsinə iki zərbə endirmişdir. Bundan başqa o, anasının sağ nahiyəsinə də bir neçə bıçaq xəsarəti də yetirmiş və anası taqətini itirmiş və mətbəxdəki divanın qarşısına diziüstə düşmüşdür. O isə anasının sağ olduğunu görmüş və buna görə yenə də bıçaq zərbəsi vurmuşdur. O, xatırlayır ki, həmin zərbələrdən birində sonuncu bıçaq anasının boğazına keçmiş və daha sonra o, bıçağı anasının boğazından çəkib çıxartmışdır. Bıçağı anasının boğazından çıxartdıqdan sonra o, anasının öldüyünü görmüş və bıçağı oturacağın üzərinə qoymuş və elə mətbəx otağında əllərini yumuşdur. Bundan sonra mətbəx otağından digər yataq otağına keçmiş qanlı şalvarını soyunmuş və yeni şalvarını geyinmişdir. O, evdən çıxanda anasına tərəf baxmış, anasını hərəkətsiz görmüş və evdən çıxmışdır. Evdən çıxan zaman o, stolun üzərində olan anasının mobil telefonunu da özü ilə götürüb evdən çıxmışdır. Evdən çıxmış, kənddə küçədə olan zaman bibisi oğlu Elnuru maşınla görmüş və dərhal Elnuru saxlatmışdır ki, kəndin çıxacağına kimi onu aparsın. Elnurla birgə kəndin çıxacağına getmiş və orada taksilərdən birinə minərək Səfikürd kənd qəbiristanlığına, oradan isə Goranboy rayonuna aparılmasını xahiş etmişdir. Taksi ilə o, qəbiristanlığa getmiş, orada atası ilə vidalaşmış, ardınca Goranboy rayonuna qardaşı Azərin qəssab dükanına gəlmişdir. Dükana daxil olduqdan sonra o, qardaşına törətdiyi əməli, yəni anasını öldürdüyünü demiş və anasının telefonunu qardaşına uzadaraq “hər şey buradadır” demiş və könüllü təslim olmaq üçün şöbəyə getmək istədiyini demişdir. Bundan sonra o, polis əməkdaşlarına könüllü olaraq təslim olmuşdur. O, suallara cavab olaraq Arzunu anasının iş yoldaşı kimi tanıdığını, anası ilə münasibətlərinin yaxşı olduğunu, anasının telefon danışıqlarını eşidəndən sonra evə girməmiş anasını öldürmək qərarına gəldiyini, əvvəllər də anasının oxşar hərəkətlərə yol verməsindən xəbardar olduğunu, lakin daha əvvəllər anasını öldürmək kimi bir fikrinin olmadığını, namusunu təmizlədiyini və törətdiyi əməldən peşman olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qismində əlavə ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, həmin cinayət əməlini törətdiyi üçün çox peşman olmuşdur. Çünki anası onu böyüdüb bu yaşa çatdırmış bir şəxs olmuşdur. Lakin anası Alidənin atasının vəfatından sonra başqa kişi ilə münasibət qurmasını qəbul edə bilməmişdir. Çünki anası əvvəllər də belə hərəkətə yol vermişdir. O, həmin vaxt uşaq olmuşdur. Qardaşı Azər anasının mobil telefonunda kiminsə nömrəsini, mesajını tapmış və gedib həmin şəxsi tapmış və mübahisə etmişdir. Elə həmin hərəkətdən sonra anasının təkrar olaraq mərhum atasına və ona qarşı etdiyi bu xəyanəti bağışlaya bilməmişdir. Hadisə günü saat təxminən 16:30 radələrində o yaşadığı evin həyətinə daxil olmuş, sonra pilləkənlərlə evə qalxmaq istəyəndə anasının telefonla kiminləsə danışdığını eşitmişdir. Birdən-birə ürəyinə şübhə gəlmiş, addım atmağı saxlamış və gizlicə anasını dinləməyə başlamışdır. Anası telefonda rəfiqəsi Azu ilə danışmışdır. Anası Arzu ilə telefonda danışanda Ərşad adlı kişinin adını çəkmişdir. Anasının danışıqlarını eşitdikcə o, əsəbiləşmiş və qəzəblənmişdir. Anasının xəyanətini qəbul edə bilməmişdir. Anası Ərşadın az pul xərcləməyindən gileylənmişdir. Artıq o, bu sözləri eşitdikcə anasını öldürmək qərarına gəlmişdir. Telefon danışığından sonra o, evə daxil olmuş və əvvəlki ifadəsində göstərdiyi kimi cinayət əməlini törətmiş, yəni anasına bir neçə bıçaq zərbəsi endirərək öldürmüş, sonra atasının məzarını ziyarət etmiş, qardaşına anasını öldürməsini xəbər vermiş, sonra könüllü olaraq polisə təslim olmuşdur. O, anasını öldürdüyü yerə getmək istəmədiyini, hadisəni ardıcıllıqla ifadəsində qeyd etdiyini və ifadəsini hadisə yerində təsvir etməkdən imtina etdiyini bildirmişdir. O, ifadəsində suallara cavab olaraq hadisə günü anasından 30 manat pul istəmədiyini, anasi ilə pul barəsində mübahisə etmədiyini, anasını qısqanclıq və xəyanət səbəbindən öldürdüyünü və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bacısı oğludur. Onlar həmin günü saat 11-də əmisi oğlu vəfat etdiyindən bacılar hər biri yas mərasimində olmuşlar. Alidə işdən çıxmış və saat 11-dən saat 15:00-a dək onlarla birlikdə olmuşdur. Bundan sonra onlar saat 13:30-da yas mərasimindən çıxaraq, qardaşı qızının toyu olması ilə bağlı onlara getmişlər. Onlar həmin günü saat 15:00-dək orada çağrılacaq qonaqların siyahısını dəqiqləşdirmişlər. Həmin günü saat 14:00 və ya 15:00-da Alidənin böyük oğlu anasına zəng etmişdir. Həmin vaxt hamı orada olmuşdur. Azər anasına kiçik qardaşının onun yanına gəlməsini, işlədiyi yerin qapısını qırmasını və 30 manat pul istədiyini demişdir. Azər həmin vaxt kiçik qardaşını qovmasını və pul vermədiyini anasına demişdir. Alidə həmin vaxt çox pis olmuş və halı dəyişmişdir. O özü müəllimə işləmiş və onun saat 3-də hazırlıq dərsləri olmuşdur. Bundan sonra onlar evlərinə gəlmişlər. Alidəni bacısının yoldaşı öz evlərinə aparmışdır. Alidə sanatoriyada işləmişdir. Həmin günü Alidə evinə getmiş və saat 18:30 radələrində onlara zəng gəlmiş və Alidənin oğlu tərəfindən öldürüldüyü deyilmişdir. O ora çatan zaman polislər orada olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisə günü o Gəncə şəhərində olmuşdur. O həmin vaxt Alidə ilə bir yerdə işləməmişdir. Həmin vaxt ora yeni baş həkim gəlmiş və onun təzə gəlmiş baş həkimlə 15 dəqiqə söhbəti olmuşdur. O, Gəncə şəhərində olmuş və ona gələn 2 (iki) zəngi cavablandırmamasının səbəbi telefonun çantasnda olması olmuşdur. O, Alidə tərəfindən ona gələn 3-cü zəngi cavablandırmış və Alidə ona Ərşad barəsində aralarında olan münasibət və mübahisədən danışmışdır. Sonra telefonda olan dəqiqələr bitdiyindən onların söhbətləri yarımçıq qalmış və onun telefonunda pul olmadığından o, Alidəyə zəng vura bilməmişdir. Alidə ona 15 dəqiqə ara ilə zəng etmişdir. 2024-cü ildə saat 15:45 radələrində onların danışqları olmuşdur. Sonra onun iş yoldaşı Ruhiyyə ilə danışığı olan zaman Ruhiyyə ona Şahinin Alidəni qətlə yetirməsini bildirmişdir. O isə Ruhiyyəyə inanmamış və bir neçə saat telefon ilə danışdığını, elə bir şeyin ola bilməməsini demişdir. Bundan sonra o telefona pul qoyaraq, Ərşada zəng etmiş və Ərşada “xəbərin var Alidəni Şahin vurubdur” Ərşad isə “hə bilirəm Ruhiyyə səndən qabaq zəng etmişdir, Allah rəhmət etsin” demişdir. O həmin vaxt Ərşada “sizin xəbəriniz varmı Ərşad əmi sizlə bu gün görüşüb telefonda danışıb o da eşidib ona görə öldürüb onu” deyərək soruşmuş, Ərşad isə “şərəfsiz gədədir də” deyərək cavab vermiş və bunula da telefon əlaqəsi bitmişdir. O Şahinin anasını Ərşada görə və ya digər səbəbə görə öldürməsini bilməmişdir. Sadəcə olaraq həmin günü Alidə telefonda onunla Ərşad haqqında danışmışdır. Onun Alidə ilə yazışmaları olmuş və onun Alidə ilə kişi haqqında hər hansı bir yazışması olmamışdır. Həmin yazışmalar hal-hazırdada qalmışdır. Alidə Ərşadı ondan əvvəl tanımışdır. 2022-ci ildə Alidə ilə birgə işləmişlər, aralarında mübahisə olduğundan onlar bir birilərini danışdırmamışlar. O işləyən yerdə qonaqlar onlara pul vermiş və həmin vaxt Alidəyə az pul vermişlər, o baxımdan onların arasında mübahisə olmuşdur. 2023-cü ildə Alidə ilə 6 ay birgə işləmiş və həmin müddətdə onların münasibətləri düzəlmişdir. O Alidəyə qonaq vermiş, Alidə isə ona xəstə göndərmişdir. Bu baxımdan o, Alidə ilə dost kimi olmuşlar. Bundan sonra Alidə ona Ərşad ilə aralarında münasibətlərinin olmasını bildirmişdir. Alidə ona demiş o isə Alidənin dediyinə inanmışdır. Alidə ilə Ərşadın harada görüşməkləri haqqında onun heç bir məlumatı olmamışdır. Ərşad arvadı ilə onun işlədiyi yerə gəlmiş müalicə götürdükdən sonra getmişlər. Ərşadla Alidənin münasibətilərin olması barədə Alidə ona səsli mesaj göndərmişdir. Həmin səs yazıları onda vardır. Asma xəstəliyindən əziyyət çəkməsini, gecələr yata bilmədiyini demişdir. Həmin günü Alidə ona telefonda, Ərşadın Bakıya getməsini bildirmiş və Ərşad Alidəyə görüşmək istədiyini demişdir. Həmin vaxt Alidə Ərşad “mən yemək yeməmişəm, kabab çəkdir, mən «Lokuya» aparım gələndə aç qalmasın kimi” sözlər demişdir. Həmin vaxt Alidə Ərşaddan 30 manat pul istəmişdir. Ərşad isə onun qarışlığında Alidəyə təhqiramiz söz demiş və bununla da münbahisə baş vermiş və Ərşad kənddə Alidəni itələmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Alidə xanımı ailəvi olaraq tanımışlar. Həmin qadın yerin bilən namuslu və qeyrətli qadın olmuşdur. xx.xx.2024-cü il tarixdə o, Alidədən 2 ədəd araq, qatıq, şor və başqa şeylər almışdır. Alidə ona Ərşad dayı deyərək müraciət etmişdir. Alidə ona zəng edərək yükünün ağır olmasını bildirmiş o isə həmin yerə gedərək Alidənin yükün götürmüş və Alidə ondan onu kəndə aparmasını xahiş etmişdir. Həmin günü bazar günü olduğundan avtobus olmamışdır. O kəndi tanımadığı üçün Alidə ona yol göstərəcəyini demişdir. O Alidəni kəndin baş hissəsində düşürmüşdür. Daha sonra o qanqal yığmış və evinə getmişdir. Ölüm hadisəsini bilmişdir. Şahinin anasını pul üstündə öldürməsini eşitmişdir. Namusa gəldikdə isə Alidə namuslu qeyrətli qadın olmuşdur. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan) Şahid2 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki,”Zəngilan rayonundan məcburi köçkün olmaqla Suraxanı rayonu, Ramana qəsəbəsində müvəqqəti olaraq ailə üzvləri ilə birgə yaşamışdır. X13 təxminən 4 ildir ki, tanımışdır. Alidə ilə o müalicə almaq üçün getdiyi “Naftalan Sağlamlıq Mərkəzi 2” sanatoriyasında tanış olmuşdur. Alidə həmin sanatoriyada fonoforezdə işləmişdir. Həmin vaxtdan Alidə ilə münasibətləri yaranmışdır. Alidə onun daimi olaraq müalicəsini həyata keçirmişdir. Alidə ilə illər keçdikcə aralarında söz söhbətləri çoxalmışdır. Alidə çox zaman oğlanlarından narazılıq etməklə yanaşı maddi dəstəyə ehtiyac olduğunu da bildirmişdir. Alidə çox vaxt “Loku” dediyi Şahin adlı oğlundan danışmışdır. Alidə Şahinin belində əyrilik olduğunu, müalicələrə və idmana getməsindən danışmışdır. Sonuncu dəfə Alidə ilə hadisənin baş verdiyi gün danışıb görüşmüşdür. Belə ki, o, həmin gün səhhəti ilə bağlı Naftalan şəhərində olmuşdur. Qayıdanda evə aparmaq üçün bir sıra qida məhsulları sifariş etmişdir. Bundan başqa həmçinin Alidəyə çəkmə araq da sifariş etmişdir. Elə hadisə günü, yəni 07 aprel 2024-cü il tarixdə Alidə ona zəng edərək Naftalan şəhərində yerləşən “Palma” restoranının yanında olduğunu və yükünün ağır olduğunu bildirərək onun avtomobillə gəlməsini xahiş etmişdir. Bundan sonra o idarə etdiyi “Mercedes” markalı **-TU-*** qeydiyyat nişan nömrəli avtomobillə Alidə deyən yerə gəlmişdir. Alidə avtomobildə arxa oturacaqda əyləşmişdir. Bu zaman Alidə ona sifariş verdiyi 2 şüşə qabda arağı vermiş və o, 2 lirt araq üçün Alidəyə 30 manat vermişdir. Bundan sonra Alidə ona qohumunun yas mərasiminə tələsdiyi üçün maşınla onu kəndə aparmağını xahiş etmiş, hətta buna görə 4 manat da pul təklif etmişdir. Lakin o, pulu qəbul etməmiş və Alidəni kəndə aparmışdır. Yolda olan zaman o, çörək sexində avtomobilini saxlamış və 2 çörək almışdır. Yolda Alidə ilə aralarında elə ümumi söhbətlər olmuş, xüsusi hər hansı məsələdən danışmamışılar. O, Alidəni yas yerinə düşürdükdən sonra Naftalan şəhərinə qayıtmışdır. Axşam saatlarında ona Alidənin iş yerindən rəfiqəsi Ruhiyyə zəng etmiş və Alidənin Şahin tərəfindən öldürüldüyünü demişdir. Ruhiyyə ilə telefon danışığından sonra ona Arzu da zəng etmişdir. Telefon danışığı zamanı Arzu ona “Ərşad dayı, Alidə xala öldürülməmişdən qabaq mənimlə telefonda danışırdı, o telefonda sənin barəndə mənə danışırdı, görəsən Şahin bunu eşidib, anasın öldürməz ki” deyə soruşmuşdur. O da “Alidə evində oğul yox, cəllad böyüdürmüş” cavabını vermişdir. O, Alidənin ölümünə dərindən kədərlənmişdir. O, ifadəsində suallara cavab olaraq 2022-ci ildə Alidənin böyük oğlu Azərin onun mobil telefon nömrəsini Alidənin telefonunda tutduğuna görə də Azərin qısqanclıq səbəbindən ona zənglər etdiyini, lakin telefona cavab vermədiyini, Alidə ilə intim münasibətlərinin olmadığını, şəkər xəstəsi olduğu üçün cinsi əlaqəyə girə bilmədiyini, Alidə ilə hadisə günü arasında hər hansı mübahisə və dava olmadığını, mərhum barəsində söyüşlər söymədiyini bildirmişdir.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Alidə ilə bir müddət bir yerdə işləmişdir. Son vaxtlar o, Alidə ilə işləməmişdir. O heç nə görməmişdir. Onlar sadəcə iş yoldaşı olmuşlar. O zəhmətkeş ana olmuşdur. O heç nə görməmiş və şahidi olmamışdır. İbtidai istintaq zamanı ona “kiminləsə gəzməyini görmüsənmi” deyilmiş o isə bilmədiyini demişdir. Onların Ərşad adlı bir xəstəsi olmuşdur. Onun yanında heç nə olmamış və o heç nə bilməmişdir. O “Gold” Naftalanda işləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə olandan sonra Şahin özü könüllü olaraq Goranboy rayon Polis Şöbəsinə təslim olmuşdur. Şahin onun yanına gələrək anasını qətilə yetirdiyini bildirmişdir. O isə nə üçün soruşduqda Şahin ona “Azər hər şey telefondadır” demişdir. O polis çağırmış və Şahin təslim olmuşdur. O hadisə yerinə getmiş və həmin vaxt polislər ondan qabaq hadisə yerində olmuşlar. O hadisə yerinə çatan zaman onun xalaları ona daş atmışlar. Həmin vaxt xalaları Şahinin anasını pula görə öldürməsini demişlər. O həmin vaxt heç nə deməmişdir. O istintaq dövrünü gözləmişdir. Biri qardaşı, digəri isə anasıdır. Anasının onların üstündə əziyyəti çox olmuşdur. İstintaq zamanı onu müstəntiq çağırmış və onlar telefonda kod olduğu üçün telefonu aça biməmişlər. O telefonun kodunu balaca bacısının köməkliyi ilə açmışdır. O həmin vaxt yalandan bacısına “telefonun kodu belədir” o isə “yox belə deyil belədir” demişdir. Bundan sonra o telefonun kodunu bilmişdir. Daha sonra o telefona baxış keçirmişdir. Həmin şəxs görüntülü tarixçədə telefon silinəndə belə tarixçə qalmışdır. O telefona baxış keçirən zaman şəkil atma danışma və sair hər bir şeyə baxmışdır. Ondan sonra həqiqət olmasını bilmişdir. Qardaşının nitqində qüsuru vardır. Hazırda isə iki nəsil bir-birinə düşməndır. O hadisə günü anası ilə 13-14 radələrində əlaqə saxlamışdır. Həmin vaxt anası dayısıgilə yas mərasiminə getmişdir. 07 aprel 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 4(045)-22/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Tatarlı kəndində yerləşən, mərhum X4 oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin mətbəx otağıdır. Hadisə yerində qan izi, cinayətin törədilməsində istifadə olunmuş bıçaq, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra soyunub qoyduğu, cinayət hadisəsinin törədilməsi zamanı əynində olmuş 1 ədəd cins şalvar aşkar olunmuş və həmin əşyalar götürülməklə ekspertiza tədqiqatında istifadə edilmişdir. Alidə Kazımovanın istifadəsində olmuş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin mobil telefon tünd göy rəngli “Samsung” markalı, mobil telefondur. Telefona müvafiq şifrə vasitəsilə daxil olduqdan sonra mobil telefonun zənglər hissəsinə daxil olan zaman hadisə baş verən gün, yəni, 07 aprel 2024-cü il tarixdə A.Kazımovanın mobil telefonuna həmin gün saat 13:45-də “Azer Oxlum” kimi qeydə alınan ********** saylı mobil nömrədən zəng daxil olmuş və həmin danışıq 2 dəqiqə 21 saniyə davam etmişdir. Ardınca isə Alidə Kazımovanın nömrəsindən “Arzu” adı ilə qeydə alınan ********** saylı mobil telefon nömrəsinə saat 15:02 və 15:05-də iki dəfə zəng getmiş, lakin telefona cavab verilmədiyi üçün hər hansı danışıq qeydə alınmamışdır. Bundan sonra “Arzu” adı ilə qeydə alınan telefon nöməsinə təkrar zənglər getmiş və nəticədə Alidə ilə Arzu arasında saat 15:45-də 14 dəqiqə 52 saniyə, 16:01-də 1 dəqiqə 2 saniyə, 16:02-də 15 dəqiqə 2 saniyə, 16:17-də isə 15 dəqiqə 2 saniyə olmaqla ümumi olaraq 4 dəfə danışıq aparılması müəyyən edilmişdir. Alidə Kazımovanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlar və digər məlumatlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə günü, yəni 07 aprel 2024-cü il tarixdə Alidə Kazımovanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə ***-***-**-** nömrəsi arasında saat 09:21, 10:07 və 10:16-da olmaqla üç dəfə danışıq aparılmışdır. Həmin zənglərdən görünür ki, ilk zəngi Alidə Kazımovanın nömrəsindən, qalan iki zəng isə ***-***- **-** saylı nömrədən edilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə A.Kazımovanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə saat 13:45-də ***-***-**-** mobil nömrəsindən zəng daxil olmuş, ardınca isə Alidə Kazımovanın saat 15:46, 16:01, 16:02 və 16:18-də olmaqda ümumilikdə 4 dəfə ***-***-**-** saylı mobil telefona zəng etməsi və həmin nömrə ilə danışıqlar aparması müəyyən edilmişdir. Müvafiq fayla baxış keçirən zaman ***-***-**-** saylı mobil nömrənin X9, ***-***-**-** saylı mobil nömrənin Şahid4, ***-***-**-** saylı mobil telefon nömrəsinin isə Şahid1 məxsus olması müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertizasının 07 aprel 2024-cü il tarixli, 12 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində müəyyən edilmiş daxilə keçən xəsarətlər: boyunun yuxarı 1/3-nin, döş qəfəsinin sağ və sol yan səthlərinin deşilmiş-kəsilmiş yaralanması zamanı baş vermiş boyun arterya və venalarının zədələnməsi, hər iki ağciyərin zədələnməsi, xarici qanaxma deşici-kəsici alətin (lərin) o cümlədən ekspertizaya təqdim olunmuş bir ədəd mətbəx bıçağının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi. Qeyd olunan bu xəsarətlər istər birlikdə, istər ayrılıqda götürüldükdə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ölümündən az əvvəl, yəni (xx.xx.2024-cü il) boyunun yuxarı 1/3-nin deşilmiş-kəsilmiş yaralanması zamanı boyun arterya və venalarının zədələnməsi nəticəsində baş vermiş xarici qanaxma olmuşdur. Məhkəmə lifli ekspertizasının 15 may 2024-cü il tarixli, 3-16-16/2-6/2244 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 məxsus olduğu qeyd edilən jaketin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə X5 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədiqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd yaşıl rəngli poliakrilonitril kimyəvi liflər rənginə və təbiətinə görə X8 məxsus olduğu qeyd edilən jaketin tərkib liflərinə uyğun gəlirlər. Kompleks məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizasının 23 may 2024-cü il tarixli 3-16-16/2-3/704, 3/713 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat- məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “mərhum X4...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin və maykanın səthində rəyin tədqiqi hissəsində göstərilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin sviterin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqim edilmiş üzərində “mərhum X4 ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin və maykanın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə (lər) yoxdur. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində rəyin tədqiqi hissəsində göstərilmiş zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xakaterik sökülmə zədələridir. Təqdim edilmiş üzərində “mərhum X4 ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman şalvarının üzərində “Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş papaqlı uzunqol sviterin və cins şalvarın səthində trasoloji zədə yoxdur. Məhkəmə-bioloji ekspertizasının 09 aprel 2024-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, mərhum X4 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfabetadır. Təqdim olunmuş hadisə yerindən götürülmüş dörd ədəd qanabənzər nümunələr üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X8 məxsus ola bilər. Təqdim olunmuş mərhum X8 məxsus paltarlar (bir ədəd idman şalvarı, bir ədəd jaket, bir ədəd mayka) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd jaket üzərində qan aşkar olunmadı. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 21 iyun 2024cü il tarixli, 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməmişdən əvvəl, eləcə də cinayət törətdikdən sonra hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri anasına qarşı fikirləri ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 1133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Goranboy RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi əvəzi, polis baş leytenantı X10 tərtib etdiyi protokoldan görünür ki, , 07 aprel 2024-cü 11 tarixdə cədvəl üzrə Goranboy rayon polis şöbəsinin Növbətçi Hissəsində məsul növbətçi əvəzi olaraq xidmətimi davam etdirərkən saat 17:30 radələrində xx.xx.2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs RPŞ-nin Növbətçi Hissəsinə yaxınlaşaraq Goranboy rayonu Tatarlı kəndində fərdi yaşayış evinin mətbəx otağında aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı anası xx.xx.1975-ci 11 tarixdə Goranboy rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 4 uşaq anası, orta təhsilli, “Naftalan şəhər Sağlamlıq Mərkəzi”ndə masajist işləyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla yaşayan X7 mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsi ilə bağlı könüllü olaraq təslim olmaq məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları, o cümlədən hadisə yerinə və meyitə baxış keçirilməsi barədə protokollar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenimunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndinin izahını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması yüngülləşdirilən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal könüllü gəlib təqsirini boynuna alma, ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni on dörd ilin dörddə üçünün dörddə üçündən atıq olamamlıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 07 aprel 2024-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar Goranboy rayon prokurorluğunda saxlanılan dəstəyi qəhvəyi rəngli taxta materialdan olan 1 ədəd bıçaq, 4 ədəd zərfdə qan nümunələri məhv edilməldir. 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd yaşıl rəngli jaket və 1 ədəd qara rəngli mayka, 1 ədəd 1 ədəd cins şalvar, qara rəngi gödəkçə, 1 ədəd qara rəngi papaqlı uzunqol sviter və “Samsung” markalı mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 334 (üç yüz otuz dörd) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 384 -387-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Goranboy rayon prokurorluğunda saxlanılan dəstəyi qəhvəyi rəngli taxta materialdan olan 1 ədəd bıçaq, 4 ədəd zərfdə qan nümunələri məhv edilsin. 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd yaşıl rəngli jaket və 1 ədəd qara rəngli mayka, 1 ədəd 1 ədəd cins şalvar, qara rəngi gödəkçə, 1 ədəd qara rəngi papaqlı uzunqol sviter və “Samsung” markalı mobil telefon təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarısın, imtina etdikdə məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar