Məhkəmə qərarları › İş №1(100)-236/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-236/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-236/2025 04.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X5 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları; kiçik ədliyyə müşaviri X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 5,248 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadığı evin qarşısına daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 06:20-də Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadığı ünvanın qarşısında olduğu zaman saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirilib orada xidməti otaqların birində saat 08:01-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 5,248 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onlar 11 nəfər Şəmkir rayonundan tutulmuşlar və onları üzərinə narkotik vasitə qoymuşlar. Hadisə səhərə yaxın saat 5 radələrində baş vermişdir. Polislər avtomat ilə onun yaşadığı evə girmişlər. Bundan sonra onları tutaraq Şəmkir rayon polis şöbəsinə aparmışlar. O polis şöbəsində olan zaman ona “sroka getməlisən” deyilmişdir. O isə “niyə” deyərək soruşmuşdur. Onun əmisi oğlu yetim Sabir adlı şəxslə birgə həbsdə olmuşdur. Onlar bir-birini tanımışlar, lakin o yetim Sabiri tanımamışdır. Ona yetim Sabirlə telefon vasitəsi ilə danışması bildirilmişdir. O isə həmin şəxsi tanımadığını və danışmamasını polis əməkdaşlarına bildirmişdir. Bu hadisə ilə bağlı polis əməkdaşları onun üzərinə metafetamin qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı qanunsuz olaraq narkotik maddələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə etməsi ilə bağlı olmuşdur. Həmin əməliiyat məlumatı əsasında baş idarədə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun tərkibində o, Kazımlı Fərid və Şəmkir rayon Polis şöbəsinin əməkdaşı olmuşdur. Onlar 3 nəfər 04 mart 2024-cü il tarixdə səhər saatlarında şəxsin olduğu yerə getmişlər. Həmin vaxt şəxsin yaşadığı ünvanın qarşısında olduğunu görmüşlər. Daha sonra onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxs Şəmkir rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şəmkir rayon Polis Şöbəsində şəxsin üzərinə müdafiəçinin iştirakı ilə video çəklişlə baxış keçirilmişdir. Həmin vaxt şəxsin üzərindən 01 ədəd mobil telefon və büküm aşkar olunmuşdur. Daha sonra şəxsin Şəmkir rayonunda yaşadığı kənddə olan evinə baxış həyata keçirilmişdir. Həmin baxış şəxsin razılığı və özünün iştirakı ilə keçirilmişdir. Həmin vaxt onun evindən qanunsuz heç bir şey aşkar olunmamışdır. 04 mart 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şəxsin şübhəli kimi saxlanıldığı vaxtdan yəni 04 mart 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 04 mart 2024-cü il tarixli 3-16-16/2-6/1307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,248 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-5,248 qram, tədqiqata sərf edildi-0,50 qram, qalıq-5,198 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2024-cü il tarixli, 1487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorlardan istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 955/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannaboid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiapazepin törəmələri və alisilatlar aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X6 daxil olmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 137/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilmədi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 06:20-də Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadığı evin qarşısında olduğu zaman saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə dəvət olunub üzərinə həmin gün saat 08:01-də şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 5,248 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 03 mart 2024-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə əldə edərək üzərində saxlaması və daşıması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumat əsasında Təqsirləndirilən şəxs müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli “Sübuların qiymətləndirilməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5,248 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 5,198 qram qalığı maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin və tapşırıqda göstərilən digər istiqamətlərdə tərəfimizdən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. 10 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Xidməti araşdırmalar idarəsində toplanmış 634-C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 03 mart 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 10 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetaminin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “14” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetaminin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, vidoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirici hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 81 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 5,198 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 81manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar