Məhkəmə qərarları › İş №1(100)-238/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-238/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-238/2024 07.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X6 ibarət tərkibdə İclas katibləri: X15 və X8 və X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri: Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, natamam ali təhsilli, işləməyən, məhkumluğu olmayan Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonu, Qaragöz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, DSK-4 ünvanında yaşamış, barəsində “həbs” qətimakn tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonundan, həmin il iyun ayının ortalarına qədər X1 olduğu Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 114 ünvanında yerləşən marketdə fəhlə işlədiyi müddətdə qonşuluqda kafe işlədən tanışı xx.xx.1988-ci il təvəllüdlü X9 dəfələrlə kinayəli şəkildə onu təhqir etməsi və sonuncu dəfə 26 iyun 2023-cü il tarixdə saat 20 radələrində “per-pey..r yanında işləyirsən, sən də onun tayısan” deməsindən hiddətlənərək qəzəblənib Kamil Cəfərovun sözlərini özünə təhqir, şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib, sonuncudan qisas alıb onu öldürmək qərarına gəlmiş, bir neçə dəfə zərərçəkmiş şəxsin təxminən gecə 01 radələrində işlətdiyi kafeni bağladığını müşahidə edib cinayətkar niyyətini həyata keçirmək üçün məlum olmayan tarixdə və mənbədən əldə edib saxladığı kəsici-deşici alətlə, 27 iyun 2023-cü il tarixdə saat 01 radələrində sonuncunun icarədarı olduğu Gəncə şəhəri, N.Nərimanov prospekti 53 B ünvanında yerləşən kafeyə gəlmiş, kənar şəxslər olmasına görə niyyətini həyata keçirə bilməyəcəyini başa düşüb, münasib zaman və şərait əldə etmək üçün Kamil Cəfərovun yanına gəlmiş Şahid1 ilə birlikdə yemək yeyib söhbət etmiş, həmin gün təxminən 02-03 radələrində sonuncu və müştərilər kafedən getdikdən sonra kafenin həyətində özü və işlədiyi marketin sahibi haqqında söylədiyi fikirlərə iradını bildirəndə aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı sanitar qovşağının girişində - sonuncunun özünümüdafiə imkanlarını məhdudlaşdıran dar sahədə Kamil Cəfərova müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik göstərib, ona xüsusi-fiziki ağrı verdiyini dərk edərək bər küt alətlə dəfələrlə vuraraq alın, sol almacıq, sağ diz nahiyələrində və sağ ayağın üst səthində qançırlar, sol dirsək, sol baldır nahiyələrində sıyrıqlar kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən, bədən xəsarətləri əvvəlcədən əldə edib, üzərində gəzdirdiyi kəsici-deşici alətlə (bıçaqla) çoxsaylı zərbələr vuraraq üst dodaqda, boyunun sol yan səthində, boyunun arxa səthində, döş qəfəsinin sağ yan səthində, hər iki əl nahiyələrində olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən 11 (on bir) ədəd, zərərçəkmiş şəxsin həyat fəaliyyəti üçün vacib nahiyələrinə vuraraq-boyunun sol yan səthində bir ədəd qırtlağı, boyunun sağ yan səthində bir ədəd nəfəs borusunu, döş qəfəsinin ön səthində solda 4 (dörd) ədəd daxilə keçərək sol ağciyəri, qarın nahiyəsində isə 6 (altı) ədəd qarın boşluğuna keçərək qaraciyəri, sağ böyrəyi və nazik bağırsaq müsariqəsini zədələyən hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid 12 (on iki) ədəd olmaqla, ümumilikdə 23 (iyirmi üç) ədəd deşilmiş-kəsilmiş yara bədən xəsarətləri yetirməklə, sonuncunun ölümünə səbəb olan - üst dodağın, boyun nahiyəsini, döş qəfəsinin, qarın nahiyəsinin və hər iki əlin daxilə keçən və keçməyən yaralar kompleksi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə ilə nəticələnən xəsarətlər yetirib Kamil Cəfərovu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, DSK-4-də digər köçkünlər kimi yataqxanada ailə üzvləri ata-anası, qardaşı ilə birlikdə yaşamış, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olmuşdur. Təhsil aldığı universitet Gəncədə yerləşdiyindən Gəncə şəhərində N.Nərimanov prospektində ailəvi tanışı Südabəgildə pulsuz qalmışdır. Rəsmi olaraq heç yerdə işləməsə də 2023-cü ilin aprel ayının sonlarından iyun 23-nə kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Yeni market”də günəmuzd fəhlə kimi işləmiş, tədris ili bitdiyinə görə işdən çıxmış. İyul ayının 3-də kəsr imtahanı olduğu üçün Gəncədə qalmışdır. Yaşadığı evin yaxınlığında yerləşən kafeni işlədən Kamil adlı şəxsi isə işlədiyi marketə gəlib alış-veriş edən müştəri kimi tanımışdır. Bir neçə dəfə Kamilin işlətdiyi kafenin qarşısından keçdikdə ona kinayəli şəkildə “Elsevərin yanında işləyirsən?!! desə də O, fikir verməmiş, son dəfə xx.xx.2023-cü ildə axşam saat 19-20 radələrində kafenin qarşısından keçib gedərkən Kamil kafenin giriş qapısının qarşısından onu “ata” səsləyib kafeyə çağırmış, içəridə ona yaxınlaşaraq Elsəvər kimi per-p..ys...r yanında işlədiyini deyib Elsevərin ünvanına söyüş söymüşdür. Kamilin içkili olduğunu görüb dediklərinin ona aidiyyatı olmadığını, ailəsinə dəstək üçün yanında işlədiyini bildirmişdir. Kamil isə ona “sən də onun tayısan, onun yanında işləyirsən, sənin də var yoxunu s...m” demiş, səbrini basıb Kamilə içkili olduğunu, ayıq olanda danışmalarını deyib evə getmişdir. Ancaq Kamilinin dediyi sözləri yadından çıxara bilməmiş, özünə yer tapmamış, marketdə işlədiyi vaxtlar bir neçə dəfə gecə saat 1-2 radələrində işdən çıxıb evə gedəndə Kamilin kafeni bağlayıb, “Dan Ulduzu” istiqamətində mağazanın qarşısından keçdiyini gördüyü üçün Kamilin tək olduğu vaxt onunla münasibətlərinə aydınlaıq gətirmək üçün xx.xx.2023-cü il gecə təxminən 01 radələrində kafeyə getmişdir. Kafeyə çatanda çöldəki masalarda müştərilər olmuş, Kamil onu görüb kafeni içinə çağırıb girişdən sağdakı pəncərənin qarşısındakı masada əyləşdirmiş hərəsinə 1 bakal pivə gətirib onunla oturmuş, Kamildən nə üçün Elsevər barədə kinayəli danışdığını soruşmaq istəyəndə Kamilin tanışı Fərid adlı şəxs gəlib masada əyləşmiş söhbət vaxtı onun taksi fəaliyyəti ilə məşğul olduğunu öyrənmişdir. Kamil müştərilərə qulluq etmiş, dönər sifariş etmişdir. Təxminən saat 02-03 radələrində Fərid və digər müştərilər çıxıb gedəndən sonra Kamil çöldəki masa və stulları kafenin içərisinə yığmış, kafenin mətbəxindən keçib həyətdəki masada oturmuşlar. Kamillə söhbətlərini davam edib Elsevərin tayı olmadığını deyəndə Elsevərin peysər olduğunu deyən Kamil “səndə per-peysərin yanında işləyirsən” dedikdə mübahisələri şiddətlənmiş və Kamil ona var-yox söyüşü soymüşdür. Kamil mətbəxə qaçıb bıçaq götürüb üstünə gəlmiş, o isə özünü qorumaq üçün qaçıb tualetə girmişdir. Tualetə daxil olub qapını arxadan bağlamaq istəsə də qapının dəstəyi olmadığından bağlaya bilməmiş və əl-üz yuyulan yerə çıxmış, Kamillə üzbəüz gəlmişdir. Kamil onu bıçaqla vurmaq istəyəndə geri çəkilib sağ əli ilə Kamilin sağ əlindən, sol əlilə isə Kamilin sağ əlinin biləyindən tutmuş, Kamilə mane olmuşdur. Həmin vaxt sağ əlinin baş, işarə və orta barmağını bıçaq kəsmişdir. Süpürləşən vaxt Kamilin bıçaq olan sağ əlinin biləyini özünə tərəf qatlayıb Kamilin sağ böyrünə soxmuş, lakin Kamil sakitləşməyib yenə var-yox söyüşü söydüyü üçün, əsəbiləşərək onu öldürmək qərarını qətiləşdirmiş, sağ əlilə bıçağı Kamilin sağ böyründən çıxardıb, bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr vurmuşdur. Kamilə xəsarət yetirərkən Kamil hər iki əlilə bıçağı ondan almaq istəmiş və əlləri kəsilmişdir. O Kamilə zərbələr vurduqca Kamil arxa-arxaya tualetin qarşısındakı dəhlizə doğru getmişdir. Əsəbi və özündə olmadığından Kamilə neçə ədəd və bədəninin hansı tərəfinə bıçaqla vurduğunu bilmir. Kamil yerə yıxılıb qalmış o isə bir neçə saat oturduğu yerdə qalmış, hava işıqlaşanda bıçağı cibinə qoyub, əl-üzünü qana bulaşmış ayaqqabısını yuyub təmizləyərək pulu olmadığı üçün şalvarının arxa cibindən 30 manat pulu və mobil telefonu götürüb kafedən çıxmış, qapının içəri tərəfindəki açarı çıxarıb qapını çöldən bağlayıb yaşadığı evə getmişdir. Evdə qana bulaşmış köynək və şalvarını çıxarıb çantaya qoymuş, və evdən çıxmışdır. Ən ucqar hesab etdiyi yer Zaqatala olduğu üçün Gəncə avtovağzalından tanımadığı mikroavtobusa minib Zaqatalaya getmişdir. Zaqatalada fikrini dağıtmaq üçün şəhəri piyada gəzmiş və axşam saatlarında atası ilə telefonla danışmış, Bakıya gedib ailəsi ilə sağollaşıb təslim olmaq qərarına gəlmişdir. Zaqataladan gecə avtobusa minib Bakıya getmiş, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində yaşadığı evə çatmışdır. Atası və digər ailə üzvlərinə hadisə barədə məlumat vermiş, atası Gəncədə yaşayan dostu ilə dəqiqləşmə aparıb hadisə barədə məlumat vermiş, yuyunduqdan sonra atası ilə Gəncə şəhərinə prokurorluğa gələrək təslim olmuş və törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisənin baş verməsinə səbəb Kamil Cəfərovun O və ailəsinin ünvanına təhqiramiz söyüşlər söyməsi olmuşdur. Gecə kafenin həyətində aralarında yaranmış mübahisə zamanı Kamil üstünə bıçaqla gəlmiş, həmin bıçağı alaraq Kamilin bədəninin müxtəlif nahiyyələrinə, özünü müdafiə məqsədilə xəsarət yetirmişdir. Kamil Cəfərovu öldürdükdən sonra siqaret və yol pulu olmadığı üçün Kamilin şalvarının arxa sol cibindən təxminən 30 (otuz) manat pul və tünd mavi rəngli smartfon tipli telefonu götürmüşdür. Özünə məxsus “Redmi Note 8” markalı və Kamilə məxsus tünd mavi rəngli marka və modelini xatırlamadığı smartfon tipli mobil telefonu hara qoyduğunu yaxud tulladığını xatırlamır. Törətdiyi əməldən peşmandır, ailə üzvləri də barışıq üçün Kamili anasına zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq etmiş, maddi köməklik etmişlər. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 göstərmişdir ki, Şəmkir rayonu, S.Vurğun küçəsi ev 194-də qardaşı Cəfərov Həsən və onun ailəsi ilə birlikdə yaşayır. xx.xx.1988-ci il tarixdə mərhum oğlu Kamil Cəfərov doğulmuş, əri Fizuli Cəfərov 1991-ci il tarixdə Gəncə şəhərində elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Evdar qadındır. Kamil subay olmaqla 10 il olar ki, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən kafeni icarəyə götürüb işlətmiş, çay və pivə satmışdır. Kamil kafenin yaxınlığında kirayəyə tutaraq, həmin evdə yaşamış, ayda bir neçə dəfə Şəmkirə yanına gəlib bir gecə qalıb qayıtmışdır. 2023-cü ilin may ayında özü Bakı şəhərində yaşayan bacısı Leyla Kərimovanın yanına getmiş və orada müvəqqəti qalmışdır. Sonuncu dəfə oğlu Kamillə Qurban bayramından bir gün əvvəl xx.xx.2023-cü ildə günorta saatlarında əlaqə saxlayıb hal-əhval tutmuş, xx.xx.2023-cü ildə bayram günü təbrik üçün Kamillə əlaqə saxlamağa çalışsa da Kamilin mobil nömrəsinə zəng çatmamışdır. Dəfələrlə zəng etsə də telefon nömrəsinə zəng çatmamışdır. xx.xx.2023-cü ildə qardaşı Həsən bacısı Leylaya zəng edib Kamilin işlədiyi kafedə öldürüldüyünü demiş, bacısıyla birlikdə Şəmkirə qayıtmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsin ailə üzvləri ona 6000 (altı min) manat maddi yardım etmiş və barışığa cəhd etmişlər. Buna görə də Gəncə şəhər prokurorluğunda şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Lakin sonradan maddi yardım edilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir, ona cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. X16 təxminən 3 il olar kafe işlədən şəxs kimi tanımış, kafeyə gediş-gəliş zamanı Kamillə aralarında dostluq yaranmışdır. Dəfələrlə avtomobillə taksi kimi Kamili həm Şəmkirə, həm də Gəncədə yaşadığı ünvana aparıb gətirmişdir. Son dəfə 2023-cü ilin iyun ayının 26-da axşam saatlarında Kamil ona zəng edib harada olduğunu, vaxtı varsa çay içməyə dəvət etmişəmin gün, iyun 26-dan 27-ə keçən gecə saat 01 radələrində yolla gedərkən Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsindən keçərkən Kamilin işlətdiyi kafenin işıqlarının yanılı olduğunu və kafenin qarşısındakı masalarda müştərilər oturduğunu görüb, avtomobili saxlayıb kafeyə getmişdir. İçəridə kafenin pəncərəsinə dirənmiş masada Kamil və qarşısında oturmuş tanımadığı bir nəfər gənc sarısaç oğlanın pivə içdiklərini görmüşdür. Masaya yaxınlaşıb əvvəl Kamil, sonra isə həmin oğlanla salamlaşıb, stul çəkib masada əyləşmişdir. Kamil sağ tərəfində, həmin oğlan isə sol tərəfində əyləşmişdir. Kamildən həmin oğlanı soruşduqda, Kamil oğlanın adının Samir olduğunu və yaxınlıqdakı “Yeni marketdə” Elsevərin yanında işləyib çıxdığını demişdir. Kamil telefonla zəng edib hər üçünə dönər sifarişi etmiş, təxminən 15 dəqiqə sonra kuryer dönəri gətirmiş və dönəri yemişlər. Samirlə söhbət vaxtı sonuncu ona Texnologiya İnstititutunda 2 kurs tələbəsi olduğunu və kəsri olduğu üçün Gəncədə qaldığını, Bakıda Binəqədidə yaşadığını, gələcəkdə taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini deyib ondan taksidəki dolanışıqla bağlı məlumat almışdır. Masada oturduğu vaxt Kamil arada qalxıb çöldəki digər müştərilərə qulluq etmişdir. Samir Kamilə “Kamil qaqa” deyərək müraciət etmişdir. Saat 02- 03 radələrində Kamilə getmək istədiyini, kafeni bağlayırsa gözləyib evə düşürməyi təklif etmiş, Kamil isə ona çıxıb getməyi, özünün evə gedəcəyini bildirmişdir. Kamil və Samirlə sağollaşaraq yaşadığı evə getmişdir. xx.xx.2023-cü ildə Kamilin kafedə meyitinin tapılmasını, onu Samirin öldürdüyünü adamlardan eşitmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, xx.xx.2023-cü ildə gecə Kamilin işlətdiyi kafedə olarkən Kamilin kiminləsə mübahisə etməsini, eyni masada əyləşdiyi Kamil və Samir arasında mübahisə olmasını görməmişdir. Onlar arasında normal münasibət olmuş, Kamil Samirin mərifətli oğlan olduğunu demiş, Samir isə Kamilə “Kamil qaqa” deyərək səslənmişdir. lsevər adlı şəxsi Kamilin işlətdiyi kafenin yaxınlığında yerləşən “Yeni marketin” sahibi kimi tanıyır, Elsevərlə Kamil arasında mübahisə olmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 bildirmişdir ki, ünvan 5 ünvanında gəlini, nəvələri ilə birlikdə yaşayır. X22 2023-cü ilin aprel ayına kimi Bakı və Gəncədə taksi fəaliyyəti ilə məşğul olmuş, aprelin əvvəli qazanc əldə etmək məqsədilə Rusiya Federasiyası Sankt Peterburq şəhərinə getmişdir. Oğlu Bakıda taksi fəaliyyəti ilə məşğul olan zaman müştərisi olan Təqsirləndirilən şəxsla tanış olmuş və yoldaşlıq münasibətləri yaranmış, bu barədə ona danışmışdır. X27 mütəmadi əlaqə saxlamış, özü də Samirin anası Aynurə ilə telefonla danışmış və ailəvi münasibətləri yaranmışdır. 2021-ci ildə Samir Gəncədə yerləşən Azərbaycan Texnologiya universitetinə qəbul olmuş, anası ona zəng edərək Samirin Gəncədə qalmağa yeri olmadığını deyib onlarda qalmasını xahiş etdikdə etiraz etməmişdir. Samirin evlərində qaldığı müddətdə qeyri-etik hərəkətini görməmiş, işə başlayan kimi namaz da qılmışdır. Samir atasına dəstək olmaq üçün aprel-may ayından evin yaxınlığında yerləşən “Yeni market”də fəhlə kimi işləmiş, marketin sahibi Elsevər adlı şəxs olmuşdur. Samir iyul ayının 3-ü sonuncu imtahanını verdikdən sonra Bakıya qayıdacağını, həmin müddətə kimi marketdə işləyəcəyini demiş, axşamlar saat 6-da marketə gedib, gecə 1 radələrində qayıtmışdır. Lakin ayının 24-ü Samir marketə getməmiş səbəbini soruşduqda işdən çıxdığını demişdir. Samirə nə üçün işdən çıxdığını, dedikdə Samir “Elsevər çətin adamdır” demiş, iyunun 26-sı günorta saat 1-2 radələrində evdən çıxmış, gecə 10 radələrində evə qayıtmışdır. Samir həyətdə tikilmiş otaqda qalmış, evdə olub-olmamasını ayaqqabısının çöldə olmasından bilmişdir. İyunun 27-si saat təxminən 1ə işləmiş O çölə həyətə çıxdıqda Samirin ayaqqabısı qapının ağzında olmuş, lakin gecə saat 4-də oyandıqda Samir evdə olmamışdır. Narahat şəkildə bir müddət Samiri gözləsə də Samir gəlməmiş, səhər saat 8 radələrində Samir evə gəlmiş, həmin vaxt rəngi ağarmış, halsız vəziyyətdə olmuşdur. Samirdən haradan gəldiyini soruşduqda, ürəyi sıxıldığı üçün çölə çıxdığını, anasına heç nə deməməyini xahiş etmişdir. Evə girib əynini dəyişdikdən sonra heç bir şey götürmədən yenidən çıxıb getmiş, bir müddət sonra “whatsapp” proqramı ilə “Südabə xala mən bu gün evə gəlmiyəcəm, dostumgildə qalıb imtahana hazırlaşacam, anama zəng edib özüm xəbər edəcəm” mesajını göndərmişdir. Samir evdən çıxdıqdan sonra otağa baxsa da fərqli heç nə görməmiş, otaqdakı çantasına isə baxmamışdır. Bir gün sonra qonşular Samirin adam öldürdüyünü demiş, həmin gün də Samirin valideynləri gələrək evdən ona məxsus əşyaları götürüb getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, oğlu Təqsirləndirilən şəxs Azərbaycan Texnologiya İnstitutunun 2-ci kurs tələbəsi olmaqla, Gəncə şəhərində tanışları Südabə adlı şəxsin evində qalmış, dərsdən sonra yaşadığı evin yaxınlığındakı marketdə işləmişdir. 2023-cü ilin iyun ayında həmin işdən çıxdığını və imtahanlarını verib, Bakıya gələcəyini demişdir. 27 iyun 2023-cü ildə Samirin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etsə də əlaqə saxlaya bilməmiş, ev sahibi Südabə adlı qadınla əlaqə saxlayıb Samirin harda olduğunu soruşanda, Südabə Samirin getdiyini demişdir. xx.xx.2023-cü il tarixdə, saat 23:09 və 23:14-də oğlu Samirə zəng edərək harada olduğunu soruşduqda, Samir Gəncə şəhərində parkda oturduğunu demiş, O, Samirə israrla evə getməsini və evdən zəng etməsini dedikdə, Samir Gəncədə olmadığını, Zaqatalaya getdiyini demişdir. Zaqatalada nə işi olmasını soruşanda isə Samir kiminləsə dalaşdığını, Bakıya gələcəyini və hər şeyi danışacağını deyib telefonu söndürmüşdür. Daha sonra zəng etsə də, Samirə zəng çatmamış, xx.xx.2023-cü il, səhər saat 07 evin qapısı döyülmüş və qapını açdıqda Samirin gəldiyini görmüşdür. Samirdən bu vaxt evə gəlməsinin səbəbini soruşduqda, Samir yaşadığı evin yaxınlığında yerləşən kafeni işlədən bir nəfər şəxslə mübahisə etdiyini, həmin şəxsin onu mütəmadi təhqir etdiyini, aralarında yaranmış mübahisə zamanı bıçaqla üzərinə hücum etdikdə bıçağı alıb özünə vurduğunu, sonradan neçə bıçaq vurduğunu bilmədiyini demişdir. Samirdən polisə məlumat veribvermədiyini soruşduqda, O, sağollaşmağa gəldiyini, əməlindən peşman olduğunu, polisə təslim olacağını demişdir. Samirin dediklərini dəqiqləşdirmək üçn Gəncə şəhərində yaşayan dostuna zəng edərək, hadisə barədə məlumat verib, polislə birlikdə həmin ünvana gedib baxmalarını xahiş etmiş, təxminən 1 saat sonra polis əməkdaşları ona zəng etmiş, Samiri götürüb Gəncə şəhərinə getmişdir. Samir təslim olmuş özü isə Samirin yaşadığı ünvana gedərək, Samirə məxsus şəxsi əşyaları və paltarları götürüb və Şəmkir rayonunda yerləşən tanışının evində qalmışdır. Samirə məxsus kirli paltarları Samirin anası yumuş, sonradan həmin paltarların Samirin hadisə vaxtı əynində olan paltarlar olduğunu bildikdə istintaqa təhvil vermişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, Zaqatala rayonunda tanışları və yaxud qohumları olmamışdır. X4 tanımır. Samir ona hadisəni törətdiyi bıçağı, mobil telefonunu və Kamil Cəfərova məxsus mobil telefonu hara qoyması barədə heçnə deməmişdir. Samirin sağ əlinin barmaqlarında kəsilmiş yaraları görüb nə olmasını soruşanda isə Samir həmin xəsarətləri Kamillə dava vaxtı aldığını demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 iyun 2023-cü il tarixli bахış kеçirilməsi hаqqındа protokoldan görünür ki, hadisə yeri - Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 53B ünvanında yerləşən qeyri-yaşayış tikilisi-kafesinin içərisidir. Kafeninin içərisindəki dəhliz 3 divarla əhatə olunmuşdur. Dəhlizin divarları saat əqrəbi istiqamətində şərti olaraq 1-dən 3-ə qədər dəhlizin soldakı divar “1”, dəhlizin girişinin qarşısındakı divar “2”, dəhlizin sağ tərəfindəki divar isə “3” rəqəmi ilə nömrələnmişdir. “1” nömrəli divarın küncündən 182 sm aralıda tökmə daş üzərində qismən sağ çiyni üzərində, baş nahiyyəsi dəhlizin girişi istiqamətində, sol ayağı “2” nömrəli divara söykənilmiş, sağ ayağı isə alta bükülmüş vəziyyətdə, üzərində zorakılıq əlamətləri və qanabənzər ləkələr olan kişi cinsli meyiti, dəhlizdə və yerdə qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli “meyitə və üzərindəki paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyitin əynində olan 1.qara rəngli qolsuz köynək; 2. ağ rəngli pambıq parçadan mayka; 3. qara rəngli cins şalvar; 4. qara rəngli dəriəvəzedici materialdan toqqa; 5. Boz rəngli tursik; 6.qara rəngli tərlik; 7. qara rəngli corab aşkar edilmişdir. Paltarlar köhnə olmuş, köynəyin ön və arxa səthlərində kənarları hamar dəlib-keçən zədələr olmuş, paltarlar qanabənzər ləkələrlə çirklənmişdir. Meyitin əl-barmaq izləri, əynindəki paltarlar və sol qolunda içində “мактайм” yazısı olan qızılı rəngli saat qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli, 444 saylı “təqsirini boynuna almaqla könüllü gəlmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Gəncə şəhər prokurorluğuna gələrək xx.xx.2023-cü ildə təxminən 03 radələrində ünvan 9 ünvanda yerləşən kafenin sanitar qovşağında bıçaqla Kamil adlı şəxsə xəsarət yetirib öldürməsini bildirmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 54 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində iyirmi üç ədəd deşilmiş- kəsilmiş yara müəyyən edilmişdir. Bu yaralardan bir ədəd yara üst dodaqda solda, iki ədəd yara boyunun sol yan səthində, bir ədəd yara boyunun sağ yan səthində, bir ədəd yara boyunun arxa səthində solda, iki ədəd yara döş qəfəsinin sağ yan səthində, dörd ədəd yara döş qəfəsinin ön səthində solda, altı ədəd yara qarın nahiyəsində, bir ədəd yara sağ əlin ovuc səthində, iki ədəd yara sol əlin ovuc səthində, bir ədəd yara sol əlin İİ barmağının arxa səthi, iki ədəd yara isə sol əlin İİ barmağının arxa səthində yerləşir. Qeyd edilən xəsarətlər həyatidir, K.F.Cəfərovun ölümündən az qabaq bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir. Ağırlıq dərəcələrinə görə: A) Boyun nahiyəsində olan yaralardan boyunun sol yan səthində olan bir ədəd yara qırtlağı, boyunun sağ yan səthində olan bir ədəd yara nəfəs borusunu, döş qəfəsinin ön səthində solda olan dörd ədəd yara daxilə keçərək sol ağciyəri, qarın nahiyəsində olan altı ədəd yara isə qarın boşluğuna keçərək qaraciyəri, sağ böyrəyi və nazik bağırsaq müsariqəsini zədələdikləri üçün göstərilən on iki ədəd yaranın hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; B) Digər xəsarətlər - üst dodaqda, boyunun sol yan səthində, boyunun arxa səthində, döş qəfəsinin sağ yan səthində, hər iki əl nahiyələrində olan on bir ədəd yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. X2 bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaralardan başqa alın, sol almacıq, sağ diz nahiyələrində və sağ ayağın üst səthində qançırlar, sol dirsək, sol baldır nahiyələrində isə sıyrıqlar kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlər də həyatidir, KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X2 ölümünə səbəb üst dodağın, boyun nahiyəsinin, döş qəfəsinin, qarın nahiyəsinin və hər iki əlin daxilə keçən və keçməyən yaralar kompleksi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “məhkəmə-tibb” ekspertizasının xx.xx.2023-cü il tarixli, 976 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Bəhman oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin səthi yaraları - kəsici-deşici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həm zərərçəkmiş şəxsə həm də təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələr xx.xx.2023-cü ildə hadisə baş verən vaxt eyni anten dairələrində olmuş, zərərçəkmişə məxsus mobil nömrə son dəfə xx.xx.2023-cü ildə saat 02:19-da danışıq aparılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 23 nömrəli rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə 0(1) alfa, beta-dır. Hadisə yerindən götürülmüş 8 (səkkiz) ədəd qanabənzər nümunələr üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi 0(1) alfa, beta olduğundan X5 məxsus ola bilər. X5 məxsus paltarlar ob.9-dan ob.16-dək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi 0(1) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısa köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi 0(1) alfa, beta olduğundan X5 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir cüt ayaqqabı üzərində qanabənzər ləkələr aşkar olunmadı. Cinayət işində olan və məhkəmədə araşdırılan “lifli materialların tədqiqi” ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/790 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X16 və Təqsirləndirilən şəxs məxsus geyimlərn səthi üzərində kənar lif mikrohissəcikləri var, kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. X13 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış boz rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlir. X13 məxsus şalvarın üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib lifləri yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X13 məxsus geyim əşyalarının tərkib lifləri yoxdur. İş materiallarıda olan və məhkəmədə araşdırılan məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan X13 məxsus qısaqol köynəyin üzərində olan 16 ədəd “a”, “b”, “c”, “d”, “e”, “f”, “k” zədələri, maykanın üzərində olan 15 ədəd “İ”, “m”, “n", “o”, “ö” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.Təqdim olunan X13 məxsus cins şalvar, alt tumanı və Təqsirləndirilən şəxs Bəhman oğluna məxsus paltarların üzərində hər hansı mexaniki zədə yoxdur. Tədqiqata təqdim olunmuş Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 54 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlərlə təqdim edilmiş X5 məxsus qısaqol köynəyin üzərində olan 16 ədəd “a”, “b”, “c”, “d”, “e”, “f”, “k” zədələri, maykanın üzərində olan 15 ədəd T, “m”, “n”, “o”, “ö” zədələri müqayisə edildikdə müəyyən olundu ki, bədəndə yerləşən “boyunun sol yan səthində, iki ədəd yara döş qəfəsinin sağ yan səthində, dörd ədəd yara döş qəfəsinin ön səthində solda, altı ədəd yara qarın nahiyyəsində deşilmiş - kəsilmiş yaralar” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşür. İş materiallarında olan və məhkəmədə araşdırılan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 392 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji xüsusiyyətlərə malikdir Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuş, bununn yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə narkoloji dispanserin xx.xx.2023-cü il tarixli, xx/xx-8577 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən verilən xx.xx.2023-cü il tarixli 9677 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4907 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında əlavə edilən və məhkəmədə tədqiq edilən Baş Prokurorluğun KİTİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2-2/2-003493/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə şəhər Məhkəməsinin xx-xx/2023 №li xx.xx.2023-cü il tarixli və Gəncə ŞBPİ Kəpəz rayon Polis İdarəsinin 3/3-57-2/2-25837/2023 saylı xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində təqsirləndirici material olmamış, məhkəmədə barəsində inzibati xəta və cinayət işinə baxılmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6-11-6154/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin məhkəmədə inzibati, mülki və cinayət işinə baxılmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-57-4/2-6645/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, baş vermiş hadisəni görən şəxsi müəyyən etmək mümkün olmamış, Kamil Cəfərovla əvvəllər aralarında mübahisə düşmənçilik olub-olmamasını, Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçağın, eləcə də Təqsirləndirilən şəxs və Kamil Cəfərova məxsus smartfon tipli mobil telefonların yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmədə araşdırılan Zəngilan RİHB-nin Ördəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Binəqədi rayonu DSK-4 ünvanda ailə üzvləri ilə məskunlaşmışdır yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Texnologiya Universiteti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin universitetdə təhsil aldığı müddətdə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş çoxsaylı fəxri fərman, təşəkkürnamə və diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs məktəb və universitetdə təhsil aldığı dövrdə iştirak etdiyi mədəni maarif və idman tədbirlərində fərqləndiyinə görə təltif edilmişdir. “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında “Azərbaycan Respublikası Ali MƏhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (......çoxlu miqdarda xəsarətlər yetirmə) yetirilməsi hallarında mövcud olur. Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai istintaq zamanı özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə gecə 02-03 radələrində zərərçəkmiş şəxsin işlətdiyi kafedə hamı gedəndən sonra həyətdə oturub münasibətlərini aydınlaşdırarkən zərərçəkmiş şəxs onun ünvanına yenidən nalayiq ifadələr işlətmiş və mətbəxə qaçıb oradan bıçaq götürüb üstünə gəlmiş, özünümüdafiə edərək bıçağı zərərçəkmişin bədəninə doğru çevirib ilkin zərbəni öz əli ilə onun böyrünə vurub xəsarət yetirmiş, sonuncu təhqirlərə davam etdiyi üçün bıçağı çıxarıb sağ əli ilə sonuncuya çoxlu sayda xatırlamadığı bıçaq zərbələri vurmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işin faktiki halları və hadisənin başvermə mexanizmi Təqsirləndirilən şəxs hadisə vaxtı özünümüdafiə məqsədi ilə hərəkət etməsini təkzib edir. Belə ki, təqsirləndirilən şəxsin göstərdiyi bıçağın onun üzərinə hücum edən zərərçəkmiş şəxsin yan bel nahiyyəsinə xəsarət yetirməsi barədə ifadəsi iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertiza rəyi ilə inkar edilir. Həmin ekspertiza rəyindən görünür ki, ümumiyyətlə zərərçəkmiş şəxsin həmin nahiyyəsində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hadisə təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə yəni, Təqsirləndirilən şəxs iddia etdiyi kimi üzərinə bıçaqla hücum edən zərərçəkmiş şəxs Kamil Hüseynovun bıçaq olan əlinin tutularaq özünə zərbə vurulması ilə baş versəydi belə, bıçaq zərərçəkmiş şəxsin bədəninə istiqamətləndiyi və ilkin zərbə vurulduğu andan zərərçəkmişin qəsdi başa çatmış və təqsirləndirilən şəxsin özünümüdafiə vəziyyəti aradan qalxmışdır. Bundan başqa işin faktiki halları yəni Təqsirləndirilən şəxs hadisəyə qədərki davranış və hərəkətləri (təqsirləndirilən şəxsin zərərçəkmişin yanına kafedə kimsənin olmadığını ehtimal etdiyi gecə saatlarında gəlməsi, deməsinə görə zərərçəkmiş şəxs əvvəllər bir neçə dəfə onu təhqir etsə də bu barədə digər şəxslərin yanında ona irad bildirməməsi, iş üzrə şahid qismində dindirilmiş Şahid1lə qısa müddət təxminən 15-20 dəqiqə ərzində ünsiyyət yaradaraq gələcəkdə taksi fəaliyyəti ilə məşğul olması barədə söhbətlər aparması, kifayət qədər səmimiyyət yarandığından ümumi tanışları -zərərçəkmiş şəxsin təhqirləri ilə bağlı şikayət etməsinə imkan verirdi), həmçinin hadisə vaxtı hərəkətləri (iddia etdiyi ilk zərbədən başqa çoxsaylı 22 (iyirmi iki) ədəd bıçaq zərbələrinin, özünun bədən quruluşuna görə arıq və çevik olduğu üçün əlverişli zərərçəkmiş şəxsin çəki və boyuna görə özünümüdafiə- hərəkət imkanlarını məhdudlaşdıran dar sahədə - sanitar qovşağın əl-üz yuma yerində həyat üçün xüsusi vacib əhəmiyyət kəsb edən orqanların yerləşdiyi baş-boyun sinə nahiyyəsi və qarın boşluğuna vurulması) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla yəni ağrı və iztirab verdiyini dərk edərək, birbaşa qəsdlə öldürməsini təsdiq edən hallardır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və O həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına törətdiyi cinayət əməlini etiraf etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd edilməsini CM-nin 59.1.12-ci, dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə, törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış və təhsil yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilərək ona 15 (on beş) ildən artıq olmayan azadlıqdan məhrumrtmə cəzasının verilməsininə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarına və qanunvericiliyin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanskiyasında ömürlük azadlıqdan məhrumetmə növündə cəzası da nəzərdə tutulduğundan barəsində CM-nin 60-cı maddəsinin tətbiqi, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü 20 (iyirmi il) cəzasının dörddə üçünün tətbiqi mümkün deyildir. Belə ki, Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinə məhkəmə baxışında da müyyən edildiyi kimi ailə üzvləri tərəfindən maddi köməklik edilərək 6 (altı) min manat nağd pul verilmişdir ki, bu da yalnız işin ibtidai istintaq dövründə olmuşdur. Hüquqi varis istintaq orqanına təqsirləndirilən şəxslə barışması, ondan şikayət tələbinin olmamasına dair yazılı ərizə verildikdən sonra iş məhkəmə baxışında olduğunu təxminən 6 (altı) ay müddətində ailə üzvləri tərəfindən hər hansı maddi-mənəvi köməklik göstərilməmiş, bu da sonda zərərçəkmiş şəxsin hüquqi varisininin haqlı narazılığına və şikayətçi olmasına səbəb olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Gəncə şəhər məhkəməsinin 4(125)-342/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə, yüngülləşdirici hallar da nəzərə alınmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın orta həddinin təyinini ədalətli qanuni və məqsədəmüvafiq sayır. Həmçinin hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar, meyitin üzərindən götürülmüş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli tuman, 01 cüt tərlik, 01 cüt qara rəngli corab və hadisə yerinə baxış zamanı qana bənzər ləkələrin hopdurularaq götürüldüyü 08 ədəd tamponlar, hadisə yerinə baxış zamanı götürülmüş külqabının içərisindəki əzilmiş salfet, siqaret kötükləri, Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan kül və tum qabığı olan predmetlər məhv edilməli, təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış videogörüntülərin olduğunu 01 ədəd DVD disk , telefon məlumatlarının olduğu 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 92,30 (doxsan iki manat, otuz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd qara rəngli cins şalvar Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. X13 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd boz rəngli tuman, 01 cüt tərlik, 01 cüt qara rəngli corab onun hüquqi varisə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hadisə yerinə baxış zamanı qana bənzər ləkələrdən hopdurularaq götürülmüş 08 ədəd tampon, əzilmiş salfet, siqaret kötükləri, siqaret külü və tum qabığı məhv edilsin, təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi -ekspertiza tədqiqatının dəyəri olan 92,30 (doxsan iki manat, otuz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar