Məhkəmə qərarları › İş №1(100)-240/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-240/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-240/2021 29.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Tərtər rayonu, Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 9 aylıq əkiz uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Elektrik şəbəkəsində fəhlə işləyən, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci tarixdə saat 08:15 radələrində Bərdə- Tərtər yolunun Tərtər rayonu ərazisindən keçən 13-cü kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ, yəni, sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi Vaz 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə Tərtər istiqamətində hərəkət edərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin - sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərini pozaraq Bərdə istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olub hərəkəti üçün təhlükə yaratdığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədiyindən yoldan kənarda həmin avtomobillər toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Vaz 21074 markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 başın sol gicgah nahiyəsinin, sol qaş nahiyəsinin əzilmiş yarası, kəllə sümüklərin sınığı, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sağ baldır nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək ölümünə, habelə Nəsibov Elmurad Əbülfət oğluna 1788 (min yeddi yüz səksən səkkiz) manat məbləğində maddi ziyan vurmaqla Vaz 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs1 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində ziyan vurmaqla Vaz 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Vaz 21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil qohumu Zərərçəkmiş şəxs2 məxsusdur. 27.09.2020-ci il tarixdə, saat 07 radələrində Elmurada zəng edib erməni qəsbkarlarının Tərtər rayonunu atəşə tututduqlarını, qonşularının təşviş içində olduqlarını demiş, ona məxsus Vaz 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailə üzvlərini Bərdə rayonuna aparmaq üçün xahiş etmiş, Elmuradın razılığı ilə ailəsini Vaz 21074 markalı avtomobilə əyləşdirib etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edərək Bərdə rayonuna yola düşmüşdür. Ailəsini Bərdə rayonunda düşürüb Tərtər rayonuna qayıdarkən saat 08:15 radələrində Bərdə-Tərtər yolu ilə 60 km/saat sürətlə Tərtər rayonu istiqamətində hərəkətdə olduğu zaman əks yolla Bərdə istiqamətinə xeyli nəqliyyat vasitələri hərəkətdə olmuş, Bərdə rayonu istiqamətində hərəkət edən avtomobillərdən birinin ötmə əməliyyatına başlayıb onun hərəkət zolağına çıxdığını görmüş, bu zaman idarə etdiyi avtomobilin sükanını sağa döndərib avtomobili nisbətən sağa doğru istiqamətləndirsə də toqquşmadan qaça bilməmiş, ötmə əməliyyatına başlayan avtomobilin sağ yan hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsi arasında toqquşma baş vermişdir. O, həmin vaxt həyəcanlanmış və avtomobili saxlayıb yolun o biri tərəfinə keçib yaxınlıqda olan arxın kənarında dayanmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Daha sonra o, tanışları ilə birlikdə əvvəlcə yaşadığı Cəmilli kəndinə, daha sonra Bərdə xəstəxanasına getmişdir. Sonradan məlum olmuşdur ki, onun avtomobili ilə toqquşmuş VAZ 21074 markalı avtomobildə olan sərnişin qadın rəhmətə getmişdir. Hadisə nəticəsində o heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, “27.09.2020-ci il tarixdə Bakı şəhərində olarkən həmin günü ona anası Mətanətin, babası Qənimətin və az yaşlı qardaşının Bərdə-Tərtər yolunda avtomobil qəzasına düşmələri və anası Mətanətin aldığı xəsarətlərdən ölməsi barədə məlumat verilmiş, hadisə barədə maraqlananda həmin gün ermənilər Tərtər şəhərini atəşə tutduqları üçün anası Mətanətin, azyaşlı qardaşı və babası Qənimətin qonşuları Vüsalın idarə etdiyi Vaz 21074 markalı avtomobillə Yevlax rayonuna gedərkən yolda Vüsalın idarə etdiyi avtomobilin başqa bir Vaz 21074 markalı avtomobillə toqquşduğunu, anasının da hadisə zamanı aldığı xəsarətlərdən öldüyünü öyrənib bilmişdir”. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Vaz 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 27.09.2020-ci il tarixdə saat 07 radələrində evində olduğu zaman qonşusu Mətanət onun qapısını döyərək ermənilərin Tərtər şəhərini və Tərtər rayonunun kəndlərini atəşə tutduqlarını deyib, atasını və azyaşlı uşağını idarə etdiyi avtomobili ilə Yevlax rayonuna aparmasını xahiş etmişdir. Həqiqətən həmin vaxtı atəş səsləri gəlmiş, o, qonşuları Mətanəti, Mətanətin atasını və azyaşlı uşağını Yevlax rayonuna, digər qonşusu Mahiri də Bərdə rayonuna aparağa razı olmuş, onun avtomobilinə əyləşib yola düşmüşlər. Mahir avtomobildə qabaq sağ oturacaqda, Məntanət, atası və az yaşlı oğlu isə avtomobildə arxa oturacaqda əyləşmişlər. Saat 07:45 radələrində idarə etdiyi Vaz 21074 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər-Bərdə yolu ilə 30 km/saat sürətlə Bərdə istiqamətində hərəkətdə olduğu zaman ondan qarşıda xeyli avtomobil hərəkətdə olmuş, özündən qarşıda hərkətdə olan avtomobili ötmə əməliyyatına başlayaraq əks yola çıxmış, Tərtər istiqamətində Vaz 21074 markalı avtomobilin hərəkətdə olduğunu gördükdə qarşıdan əks yolla hərəkətdə olan avtomobillə toqquşmamaq üçün idarə etdiyi avıtomobili sola tərəf istiqamətləndirsə də toqquşmadan qaça bilməmiş, idarə etdiyi avtomobilinin sağ yan tərəfi ilə o biri avtomobilin qarşı tərəfi arasında toqquşma baş vermiş, toqquşma baş verən an Mətnanət avtomobildən yerə düşmüşdür. Avtomobilini saxlayıb düşəndə Mətanətin xəsarət aldığını görüb təcili tibbi yardıma məlumat vermiş, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili Mətanəti Bərdə rayon MX-na aparmış, Mətanətin aldığı xəsarətlərdən öldüyünü sonradan bilmişdir. Onun avtomobilinə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və o, təqsirləndirilən şəxslə barşmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Səbuhi Etibar oğlu qohumudur və yaxın münasibətləri vardır. 27.09.2020-ci il tarixdə Səbuhi ona zəng edərək xahiş etmişdir ki, avtomobilini ona versin, o da, ailəsini Bərdə rayonuna aparıb gəlsin. O razılaşıb avtomobilini Səbuhiyə vermiş, bir müddət sonra ona məlum olmuşdur ki, Səbuhi Bərdə-Tərtər yolunda yol qəzasına düşmüşdür. İş üzrə mülki iddiası və tələbi yoxdur. O, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27.09.2020-ci il tarixdə səhər saatlarında qonşusu Vüsalın idarə etdiyi Vaz 21074 markalı avtomobillə Bərdə rayonuna yola düşmüşlər. O, avtomobildə qabaq sağ oturacaqda, qonşuları Qənimət, Mətanət və Mətanətin azyaşlı oğlu arxa oturacaqda əyləşmişlər. Saat 08:15 radələrində Tərtər Bərdə yolunun Tərtər rayonu ərazisindən keçən hissəsi ilə Bərdə istiqamətində 30 km/saat sürətlə hərəkətdə olduqları zaman Vüsal özündən qarşıda hərəkətdə olan avtomobili ötmə əməliyyatına başlayaraq əks yola çıxıb hərəkətini davam etdirmiş, əks yolla Tərtər istiqamətində hərkətdə olan Vaz 21074 markalı avtomobili gördükdə sükanı sola döndərib sola çıxmış, Tərtər istiqamətində hərəkətdə olan Vaz 21074 markalı avtomobil də onların üstünə gəlmiş, həmin vaxtı Vüsalın idarə etdiyi avtomobilin sol yan tərəfi ilə o biri avtomobilin qarşı hissəsi arasında toqquşma olmuşdur. Avtomobildən düşdükdə Mətanətin yerdə uzandığını görmüş, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Mətanəti Bərdə RMX-na yola salmışdır. Özü hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid1 Əbülfət oğlu Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 sentyabr 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə-Tərtər yolunun Tərtər rayonu ərazisindən keçən 13-cü kilometrliyidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 02 oktyabr 2020-ci il tarixli raportdan görünür ki, 1027 sentyabr 2020-ci il tarixdə təxminən saat 08:15 radələrində Bərdə-Tərtər yolunun Tərtər rayonu ərazisindən keçən 13-cü kilometrliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətində hərəkətdə olan zaman həmin yolda Tərtər rayonu istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi hərəkət yoluna daxil olmuş, həmin vaxt avtomobillər arasında toqquşma baş vermiş, nəticədə “VAZ-21074” markalı **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X6 almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin 02 oktyabr 2020-ci il tarixli 15 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X1 meyiti üzərində başın sol gicgah nahiyəsinin, sol qaş nahiyəsinin əzilmiş yarası, kəllə sümüklərinin sınığı, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sağ baldır nahiyəsinin qançırı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər həyatidirlər, ölümdən az əvvəl törənmişdir, 27.09.2020-ci il tarixə uyğun gəlir, küt əşya (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə sümüklərinin sınıqları ilə baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-5 saat olar baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin 24 noyabr 2020-ci il tarixli, 8/1926 saylı ekspert rəyindən görünür ki, Vaz 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs Vaz 21074 markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 27.09.2020-ci il tarixli 912 saylı aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin 19.10.2020-ci il tarixli 184-23926-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiəqsinin verilməsi barədə informasiya mövcud deyildir, onun nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X14 Xidməti Sənaye Ticarət birliyi Tərtər Texniki xidmət sahəsinin 20 noyabr 2020-ci il və 03.dekabr 2020-ci il tarixli 75 nömrəli arayışlardan görünür ki, hadisə nəticəsində Vaz 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində, Vaz 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1788 (min yeddi yüz səksən səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tərtər RİHBnın Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26 oktyabr 2020-ci il tarixli, 327 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Cəmilli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X7 notariat qaydada təsdiq olunmuş 02 iyun 2021-ci il tarixli ərizəsindən, teleqramdan və məhkəmə iclasında müdafiəçi tərəfindən təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir iddiası, şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışlar, onlara dəymiz ziyan ödənilmiş və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 dekabr 2020-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Vaz 21074 markalı **-HZ-*** dövlət nömrə nişanlı və Vaz 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tərtər rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış 22 aprel 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş 10 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları –yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşılıqlı təqsirinin mövcudluğu, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etməklə cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tutulması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Vaz 21074 markalı **-HZ-*** dövlət nömrə nişanlı və Vaz 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətiman tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. İş üzrə maddi sübut olan Vaz 21074 markalı **-HZ-*** dövlət nömrə nişanlı və Vaz 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 tutulması nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar