Məhkəmə qərarları › İş №1(100)-242/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-242/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-242/2025 21.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,961 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə saat 06:25-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Şəmkir RPŞ-yə gətirilib orada xidməti otaqların birində saat 07:46-dan etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,961 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 4-ə işləmiş yaşadığı evin qapısı döyülmüşdür. Həmin vaxt o və ailə üzvləri yatmışdır. Qapını döyənin kim olduğunu soruşduqda həmin şəxs qonşu olduğunu, evini su basdığını və qapını açıb suyu bağlamalı olduğunu demişdir. O, qapını açdıqda üzünə işıq salıb adının Nəriman olub-olmadığını soruşmuşlar. O, Nəriman olduğunu dedikdə onu avtomobilə otuzdurmuşlar. Həmin vaxta qədər evdə olan anası və atası qapıya çıxıb nə olduğunu soruşmuş, onu tutan şəxslər isə cavabında “getməlidir” demişlər. Bundan sonra onu Şəmkir RPŞ-ya aparmışlar. Polis şöbəsində ona müdafiəçi təyin edilmiş, daha sonra isə ona 10 manat pul, şəxsi iki ədəd telefonunu və üzərinə götürmək üçün bir büküm narkotik vasitə vermişlər. Oradan onu BMCMİ-nə aparmışlar. Onu “yetim” Sabirin dayısı oğlu olduğu üçün tutmuşlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, təxminən gecə saat 4-ə işləmiş evlərinə gəlmişlər, həmin vaxt evdə atası, anası, nənəsi, bacısı və bacısının qızı olmuşdur. Sonuncular bütün baş verənlərin şahidi olmuşlar. Saxlanılan zaman avtomobilə əyləşmədiyinə görə üzündə maska olan polis əməkdaşı onun müqavimətini qırmaq üçün silahı ilə dizindən vurub avtomobilə əyləşməsini demişdir. Polis əməkdaşları tərəfindən yenidən döyülməkdən qorxduğu üçün barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsinə dair verilmiş təqdimata baxılarkən məhkəmə iclasında narkotik vasitənin özünə məxsus olduğunu və döyülmədiyini demişdir. Polis əməkdaşı Şahid onu döyməmiş, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu sonuncu deyil başqa əməkdaş yazmışdır. Şahid onu saxlayan şəxs olmuş və sonuncu ona “zakazsan, getməlisən” demişdir. Şahid narkotik vasitəni müdafiəçi gələnədək Şəmkir RPŞ-nin ayaqyolunda onun gödəkçəsinin cibinə qoyaraq çəkiliş vaxtı çıxarmağını demişdir. O, narkotik vasitə istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, arada narkotik vasitə heroindən istifadə etmişdir. O, 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında 1 ədəd bükümdə “kokos” tapmış və həmin maddədən istifadə etdiyi üçün üzərində saxlamışdır. 04 mart 2024-cü il tarixdə saat 06:25də ünvan 1 ünvanının yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir RPŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şəmkir RPŞ-yə dəvət etmişlər, o da etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o da bu təklifdən sonra üzərində narkotik vasitə olduğunu bildirib əynində olan boz rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq masanın üzərinə qoyub həmin bükümün içərisində “kokos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu demişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını və həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “İtel” markalı mobil telefon cihazlarını, həmçinin 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Pul vəsaiti ona geri qaytarılmış, lakin 02 ədəd mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra onun razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, lakin sübut əhəmiyyətli əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verildiyini, narkotik vasitə olan heroinin üzərinə qoyulduğunu, psixi zorakılığa məruz qaldığını, ailəsi ilə təhdid edildiyini və bu səbəbdən də videoçəkiliş zamanı məcbur olub üzərinə qoyulan narkotik vasitəni özünə məxsus olduğunu etiraf etdiyini qeyd edərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, təzyiq altında olduğu üçün ibtidai istintaq zamanı etirafedici izahat və ifadələr vermiş, ola bilsin fikirli olduğu üçün də ibtidai istintaq zamanı verdiyi ifadələrin heç birində döyüldüyünü bildirməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-in BMCMİ-yə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir şəhərində əməliyyat tədbiri keçirmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmiş, şöbədə sonuncunun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş əsasında şəxsi axtarış aparılmış və 10 manat pul, mobil telefonlar, həmçinin bir büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bununla bağlı təhqiqatçı Orxan Məmmədov tərəfindən müvafiq sənədləşmə aparılmışdır. İfadəsinin davamı olaraq Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, o, həmin bükümün çəkisini xatırlamamış, lakin xırda büküm olmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı evində deyil, ünvan 3 ünvanında saxlamış, həmin vaxtı da sonuncu dayanmışdır. Təqsirləndirilən şəxs üzərinə şöbədə şəxsi axtarış keçirdikdən sonra evində hər hansı qanunsuz əşya, yaxud predmet olub-olmamasını müəyyən etmək üçün oraya da baxış keçirmişlər. Ona görə də onlar saxlanılarkən Təqsirləndirilən şəxs evinə daxil olmamış, sonradan baxış zamanı evə daxil olmuşlar. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, yaxud psixoloji təsir-təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında o, BMCMİ-nin müvəkkili X4, təhqiqatçı X12 və Şəmkir RPŞ-nin əməkdaşı X10 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, səhər saat 06:30 radələrində ünvan 3 ünvanında yerləşən evinin yaxınlığında saxlamışlar. Hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, şifahi sorğu-sual zamanı sonuncu üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və həmin vasitəni 5-6 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılma şəraiti ilə bağlı dedikləri həqiqətə uyğun olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 04 radələrində evlərinin qapısı döyülmüş və kimsə “ay qonşu, ay qonşu” deyə səsləmişdir. O, nəvəsi Nərimanla bir otaqda qaldığı üçün sonuncuya qapını açmasını, qapını döyənin kim olduğunu öyrənməsini demişdir. Yaşı ilə əlaqədar olaraq paltarlı yatıb-durmuşdur. Nəriman yerindən qalxdıqdan sonra o da yerindən qalxmış və qapını döyənin kim olduğuna baxmaq üçün nəvəsinin arxasınca getmişdir. Həmin vaxtı bir nəfər Nərimandan “Nəriman sənsənmi?” deyə soruşmuş, nəvəsi Nəriman “mənəm” dedikdən sonra sonuncunun qolunu arxaya doğru burmuşlar. O, qapıya gələn adamlardan birinin sinəsindən tutub Nərimanı nə üçün apardıqlarını soruşanda onlardan biri “bir şey soruşacıyıq” demiş və beləcə Nərimanı aparmışlar. Ona görə də o, sadəcə Nərimanın qollarını arxaya burduqlarını və boynun arxasına vurub apardıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bacısı X7 və atası X1 Həyat Süleyman qızı ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1301 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm...” və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 4,961 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 4,961 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq - 4,861 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1485 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 952/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 136/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol diz sıyrığı aşkar edildi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmiş, törənmə müddəti müayinə olunanın göstərdiyi tarixə və şəraitə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 07:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 06:25-dən azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli gödəkçəsinin sağ iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək sonuncunun üzərindən 10 manat pul, içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış 01 ədəd “Samsung” və içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış 01 ədəd “İtel” markalı mobil telefonlar aşkar edilmişdir. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını, öz şəxsi istifadəsi üçün üstündə saxlayaraq daşıdığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını bildirmişdir. 10 manat nağd pul Təqsirləndirilən şəxs qaytarılsa da, 01 ədəd şəffaf rəngli sellofan büküm, 01 ədəd “Samsung” və 01 ədəd “İtel” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı ünvan 3-ə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ünvana baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-ə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “İtel” markalı mobil telefonlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlaması, eləcə də daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlamasında, eləcə də daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında, daşımasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 06:25-də yaşadığı ünvan 1 ünvanının qarşısında olan zaman saxlanılaraq Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsini, eləcə də qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini, narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış; Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş; xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,861 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X8 tərəfindən 533 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində tibbsanitar hissəsində xəsarətlərin aşkar edilməsi barədə həmin istintaq təcridxanasından daxil olmuş məlumat əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BMCMİ-də saxlanıldığı müddətdə məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. xx.xx.2024-cü il tarixli, 136/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs sol diz sıyrığı aşkar edilmiş və sonuncu ifadəsində həmin xəsarəti polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sonuncu istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə gətirilmiş və həmin gün DİN-nin BMCMİ-nin MSY-nə aparılıb yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində “yetim” Sabirin dayısı oğlu olduğu üçün tutulduğunu, polis əməkdaşlarının onun yaşadığı evinə basqın etdiklərini, onu yaşadığı evdə tutduqlarını, müqavimətini qırmaq üçün polislərdən birinin silahı ilə onu dizindən vurduğunu, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur olaraq üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası X5, bacısı X7 və nənəsi X2 ifadələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs məhz yaşadığı evdə tutduqlarını və sonuncuya qarşı fiziki zorakılığa yol verdiklərini göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, şahidlər X5, X7 və X2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2024cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs hər hansı bir kriminal qruplaşmaya aid olan şəxsin qohumu olduğu üçün deyil, məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlamasında, eləcə də daşımasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, eləcə də xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heorinin özünə məxsus olduğunu, həmin bükümü 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını etiraf edərək saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyni göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ iç cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını, öz şəxsi istifadəsi üçün üstündə saxlayaraq daşıdığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin əvvəlində təhqiqatçının, istintaq hərəkətinin sonunda isə müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, bədəni üzərinə xəsarətin olmadığını, üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, tapdığını və öz şəxsi istifadəsi üçün üstündə saxlayaraq daşıdığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ünvan 3 ünvanında saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir büküm narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin vasitəni 5-6 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını etiraf etdiyini göstərmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 136/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilmiş və həmin vaxtı sonuncu bir il əvvəl yıxılaraq sol qabırğalarından sınıq xəsarəti aldığını, tutulmamışdan bir gün əvvəl sol dizinin divara dəyərək sıyrıldığını, həbs olunarkən isə xəsarət almadığını göstərmişdir. Həmin rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş sol diz sıyrığı xəsarətin törənmə müddəti onun göstərdiyi tarixə və şəraitə uyğun gəlir. Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs sol dizində aşkar edilmiş sıyrığın onun tutulmasından bir gün əvvələ uyğun gəlməsi, eləcə də təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə əmələ gəlməsi tam olaraq öz təsdiqini tapmışdır. Həmin rəydə Təqsirləndirilən şəxs bədəni üzərində tutulan günə uyğun xəsarətin aşkar edilməsi öz təsdiqini tapmamışdır. Xəsarətin aşkar edilməsi xüsusatı ilə bağlı məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisinin eyni ilə məhkəmə istintaqında olduğu kimi Müdafiəçi olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixli, 136/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olarkən, habelə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən, hətta ibtidai istintaqın yekununda iş materialları ilə tanış olarkən nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin fiziki zorakılığa məruz qalmasını və döyülməsini qeyd etməmişlər, məhkəmə-tibbi ekspertizasının rəyinə də öz etirazlarını bildirməmişlər. Əksinə Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində yalnız psixi təzyiqə məruz qaldığını göstərmişdir. Habelə iş materiallarında olan 2 saylı istintaq təcridxanasından və DİN-in BMCMİdən daxil olmuş məktublardan da görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəni bir mart tarixində yoldan tapdığını və üzərində saxladığını, saxlanılarkən də polis əməkdaşları tərəfindən şiddətə və təzyiqlərə məruz qalmadığını qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bundan başqa, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs müqavilə əsasında müdafiəçisinin eyni ilə məhkəmə istintaqında olduğu kimi vəkil Müdafiəçi olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Eləcə də, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində tibb-sanitar hissədə xəsarətlərin aşkar edilməsi barədə həmin istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan Təqsirləndirilən şəxsla müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının və müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində, o cümlədən məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müqavilə əsasında müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, X5 atası, X7 bacısı və X2 nənəsi, yəni yaxın qohumları olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsini, eləcə də qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini, narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir büküm narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin vasitəni 5-6 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, 6-7 gün əvvəl Şəmkir şəhərində yerləşən bazarın yaxınlığında tapdığını, öz şəxsi istifadəsi üçün üstündə saxlayaraq daşıdığını, həmin maddədən heç kimə vermədiyini və heç kimə satmadığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-ə keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “İtel” markalı mobil telefonlara baxış zamanı, eləcə də sonuncunun istifadəsində olmuş +99***-***-**-** və +99***-***-**-** mobil nömrələrinə dair məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Hətta Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid”in aşkar edilməsi xx.xx.2024-cü il tarixli, 952/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, eləcə də onda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması ambulator məcburinarkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1485 nömrəli rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni haradan, kimdən, nə vaxtı və hansı şəraitdə əldə etməsini, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddindən dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni haradan, kimdən, nə vaxtı və hansı şəraitdə əldə etməsini, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin istifadəçisi olduğunu güman etmək olsa da, onun heroini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Bu qəbildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1301 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 4,961 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs məhkum olunduğu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022-ci il tarixdən bir ildən artıq vaxt keçdiyi üçün onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, eləcə də əvvəlki hökmlə məhkum olunduğu cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu üçün onun əməllərində cinayətin residivi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (bir yüz on) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-nin BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,861 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1485 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 mart 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,861 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar