Məhkəmə qərarları › İş №1(100)-246/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-246/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2024 10.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, X5 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Yaməddin qızı və Zərərçəkmiş şəxs1, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvaninda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay Bazarı” adlanan ərazinin yaxınlığında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq edərək Zərərçəkmiş şəxs1 borc məsələsinə görə aralarında yaranmış mübahisə zamanı xuliqanlıq edərək sonuncuya qəsdən əl və ayaq zərbələri vurmaqla sol təpə nahiyyəsinin yarası, hər iki gözün alt və üst qapaqlarının, alt dodağın yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sol gözün ağlı qişaya qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar 14 iyul 2022-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanının qarşısında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq edərək Zərərçəkmiş şəxs2 Yaməddin qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruq ilə sonuncuya qəsdən zərbə endirərək sol göz ətrafı və konyuktivanın yumşaq toxumalarının əzilməsi, hemotoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 5.448 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin NMB-nin və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə, saat 18:00-da o, Gəncə şəhəri, Dədə Qorqud küçəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə külli miqdarda yəni təmiz çəkisi 5,448 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə qonaqları ilə kafedə oturan zaman tanışları Qabil, Arif və İxtiyar kafedə mübahisə etmişlər, o da mübahisə olmasın deyə araya girmiş, sonra isə çıxıb getmişdir. O, gedəndən sonra orada yenidən dava olmuşdur. O, həmin davada iştirak etməmiş və heç kimi vurmamışdır. Zərər çəkmiş şəxs Aysun onun arvadıdır, evdə sözlə mübahisələri olmuş, lakin Aysunu vurmamışdır. Bundan başqa o, ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də uzun müddətdir ki, istifadə etmir. Kəpəz rayon Polis Şöbəsinin əməliyyatçıları və rəisi, Rəşad və Elşən onu pasyolkada tutub Gəncə şəhər Baş Polis İdarəsinə, müavin Niyaməddin müəllimin yanına aparmışlar. Orada Niyaməddin ona iki kilo narkotik, bir silah və polisə müqavimətlə getməli olduğunu, bunun rəhbərliyin göstərişi olduğunu demişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları üzərinə qoymuş və zibillikdən tapdığını deməsini istəmişlər. Bundan başqa o, ifadəsində Texnologiya universitetinin yanında yerləşən Tuncay kafenin yanından keçən zaman 6-7 nəfər polis əməkdaşının ona yaxınlaşdığını görüb qorxub qaçdığını, bu zaman ayağın burxulub yıxıldığını, həmin vaxt polis əməkdaşı Rəşadın havaya silahdan bir dəfə atəş açdığını, polisə heç bir müqavimət göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərər çəkmiş şəxslərin ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlarla, habelə sair iş materialları və aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Yaməddin qızı ifadəsində göstərmişdir ki, əri Sərvin evə gec gəldiyi üçün evlərində mübahisə etmişlər, Sərvin ona yumruq zərbəsi endirərək uşaqları ondan almış, o da anasının yaşadığı evə getmiş, sonra da polis idarəsinə gedib şikayət ərizəsi yazmışdır. O, ifadəsində Sərvinlə küçədə yox, yaşadıqları evdə mübahisə etdiklərini, eyni zamanda ona qarşı şikayət və tələbinin oladığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Yaməddin qızının ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, bina 1-in qarşısında Təqsirləndirilən şəxs yüksək səslə uşaqları anasına verməsini bildirmiş, o, uşaqları vermək istəmədiyini bildirdikdə zorla uşaqları alıb anasına vermiş və binanın həyətində yumruq zərbəsi vuraraq onu döymüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, birlikdə işlədiyi İxtiyar adlı şəxs ona verdiyi borc pulu qaytarmadığına görə aralarında mübahisə olmuşdur. Bir neçə gün sonra axşam vaxtı çinar kafedə oturub pivə içən vaxt, İxtiyarın da orada olduğunu görüb ondan pulunu istəyərkən həmin vaxt digər masada oturan Sərvin onlara yaxınlaşıb mübahisənin borc üstündə olduğunu öyrənəndən sonra ona “kasıb uşaqdı, o pulun yarısını İxtiyara keç, yarsını da mən alıb verəcəm” demiş, o da pulu əziyətlə qazandığını, borcun yarısını keçməyəciyini deyib etiraz etmişdir. Bu zaman tanımadığı bir nəfər arxadan onun başından vurmuş, ondan sonra kafedə dava düşmüşdür. Bundan başqa o ifadəsində, dava-dalaş zamanı sərxoş olduğunu, onu kimin və hansı səbəbdən vurmasını bilmədiyini, Təqsirləndirilən şəxs onunla dalaşıb onu vurmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 22 radələrində kafedə baş vermiş mübahisədən sonra “Səriş” kimi tanıdığı Sərvin adlı şəxs və tanımadığı 7-8 nəfər şəxs onu kəmərindən tutub sürüyərək zorla Zaur adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı avtomobilinə mindirib Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Azpetrol” YDM-nin yanına kimi aparmış, orada döyə-döyə digər avtomobilə mindirərək Dubay bazarı adlanan yerin yaxınlığına aparmışlar. Dubay bazarının yaxınlığında Sərvinin yanında olan tanımadığı şəxslər onun əl ayağını tutmuşlar, Sərvin də bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirimişdir. Eyni xüsusatı ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsində də göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 2-ci polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və silah gəzdirməsi ilə bağlı daxil omuş əməliyyat məlumatı əsasında 2-ci polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Dədə Qorqud küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nə aparılmışdır. Polis idarəsində vəkillə təmin olunduqdan sonra üzərində baxış keçirilmiş və üzəridən heroin adlanan narkotik vasitə və soyuq silah olan bıçaq aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı aşkar olunmuş narkotik vasitəni pasyolka adlanan ərazidən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, bıçaqı isə suvenir kimi saxladığını bildirmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasına Şahid3 və Şahid2la birlikdə iştirak etdiklərini, Sərvinə yaxınlaşan zaman onun qaçmağa cəhd etdiyini və yıxılıdığını, saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, həmçinin Polis İdarəsində ona qarşı hər hansı fiziki və psixoloji təzyiq olunmadığın bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşuğul olması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid3 ilə birlikdə Gəncə şəhəri, “pasyolka” adlanan yerə getmişlər. “Tuncayın kafesi”nin yanında olan zaman Sərvinin binaların arasından çıxdığını görüb ona yaxınlaşan zaman Sərvin onları görüb qaçmış, o da, arxasınca qaçmışdır. Sərvinə yaxınlaşanda Sərvin onun üzərinə bıçaq çıxarmış, aralarında mübahisə yaranmış və yerdə süpürləşmişlər. Daha sonra onu zərərsizləşdirərək polis idarəsinə aparmışlar. Polis idarəsində təhqiqatçı tərəfindən üzərinə keçirilmiş baxış zamanı üzərindən metafetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Sərvin üzərindən aşkar olunmuş narkotik vasitəni tapdığını bildirmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sarı sellofan torbaya bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütləni və göy rəngli cins şalvarın arxa kəmərinə bərkidilmiş soyuq silaha bənzər bıçağı çıxardaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümün içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin ümumilikdə çəkisinin 5,68 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş kütlə və bıçaq müvafıq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/516 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Sərvun Axundovun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 5,448 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/515 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd predment kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan köməkçi ov bıçağıdır (cəmdəyi kəsmək, doğrmaq, soymaq) soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Birliyi Publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 1902 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müyyən edilmiş xəsarətlər-sol təpə nahiyyəsinin yarası, hər iki gözün alt və üst göz qapaqlarının, alt dodağın yumşaq toxumalarının qançırşişkinlik halında əzilməsi, sol gözün ağlı qişasına qansızma-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərlər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Birliyi Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1195 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Yaməddin qızının bədəni üzərində müyyən edilmiş xəsarətlər-sol göz ətrafı və konyuktivanın yumşaq toxumalarının əzilməsi, hemotoması- -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərərvurmaya aid edilirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Birliyi Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 747 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyyən edilmiş xəsarətlər sağ əlin üst səthinin qançırı, sağ əlin İİİ, V barmaqlarının üst səthlərinin və sağ diz oynağı nahiyəsinin sıyrıqları-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsnə əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunan vaxta nəzərən 6-9 günə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli raportdan görünür ki, X2 DİN-nin 102 xidmətinə zəng edərək “Dubay bazarı” adlanan yerin yaxınlığında qızı Aysunun əri tərəfindən döyülməsi ilə bağlı məlumat vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ə ərizə ilə müraciət edərək xx.xx.2022ci il tarixdə qeyri-rəsmi biryerdə yaşadığı Sərvin adlı şəxsin Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, bina 1-in qarşısında yumruq zərbələri endirərək onu döyüb uşaqlarını əlindən aldığını bildirmiş və Sərvinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Yaməddin qızı hadisənin baş verdiyi Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, bina 1-in qarşısını göstərərək ifadəsində göstərdiyi xüsatları əyani şəkildə təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli raportdan görünür ki, X7 DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Xaraba yeri adlanan ərazidə “Səriş və digər şəxslər tərəfindən döyülməsi barədə” məlumat vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “şifahi ərizə protokolundan” və xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:40-da, Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay Bazarı” adlanan yerin yaxınlığında Səriş kimi tanıdığı Sərvin və yanında olan tanımadığı şəxslərin onunla mübahisə edib bədənin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri vuraraq onu döydüklərini bildirmiş və hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər prokurorluğuna ünvanlanmış əl yazısı ilə yazılmış şikayət ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət edərək İxiyar adlı tanışından borcunu istəyəndən sonra Fərayil, Səriş və digər şəxslərin onu kafedən döyə-döyə sürüyərək çıxarıbVAZ 2107 markalı avtomobilinə mindirərək YDM-nin yanına kimi apardıqlarını, orada Səriş və dostlarının onun olduğu avtomobilin qarşısını kəsib onu döyə-döyə avtomobildən düşürüb digər avtomobilə mindirdiklərini, sonra “Dubay bazarı” adlanan yerə aparıb orada 15 dəqiqə ərzində döydüklərini, tanımadığı bir nəfərin gəlib onu Səriş və dostlarının əlindən aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-258/2023 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə cəzasına, xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 100 manat cərimə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.3, 178.1,128 və 228.4-cü maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 100 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs2 Yaməddin qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 3556 nömrəli, Gəncə şəhəri Narkoloji Dispanserinin 4472 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1401 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5.348 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamışdır. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitə istifadə etdiyini etiraf etsə də, uzun müddətdir istifadə etmədiyini, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, heç kimə narkotik vasitə satmadığı, Zərərçəkmiş şəxs1 ilə kafedə mübahisə edib onu vurmadığını, arvadı Zərərçəkmiş şəxs2 Yaməddin qızı ilə küçədə yox evdə mübahisə etdiklərini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eyni zamanda zərər çəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində onu döyən şəxslər arasında Təqsirləndirilən şəxs olmadığını bildirsə də, onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən, eləcə də cinayət işinin materiallarında olan raportdan, şifahi ərizə protokolundan, Zərərçəkmiş şəxs1 Gəncə şəhər prokurorluğuna ünvanladığı ərizəsindən və hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 22 radələrində kafedə baş vermiş mübahisədən sonra “Səriş” və tanımadığı 7-8 nəfər şəxs onu kəmərindən tutub sürüyərək zorla Zaur adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı avtomobilinə mindirib Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Azpetrol” YDM-nin yanına kimi aparmış, orada döyə-döyə digər avtomobilə mindirərək Dubay bazarı adlanan yerin yaxınlığına aparmışlar. Dubay bazarının yaxınlığında Sərvinin yanında olan tanımadığı şəxslər onun əl ayağını tutmuşlar, Sərvin də bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirimişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Yaməddin qızı əri Təqsirləndirilən şəxsla yaşadıqları evdə mübahisə etdiklərini, Sərvin ona yumruq zərbəsi endirərək uşaqları ondan aldığını bildirsə də, onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən, eləcə də cinayət işinin materiallarında olan raportdan, hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, bina 1-in qarşısında Təqsirləndirilən şəxs yüksək səslə uşaqları anasına verməsini bildirmiş, o, uşaqları vermək istəmədiyini bildirdikdə zorla uşaqları alıb anasına vermiş və binanın həyətində yumruq zərbəsi vuraraq onu döymüşdür. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələrində saxlanılan zaman, həmçinin Polis İdarəsində Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji təzyiq olunmadığını, Polis idarəsində vəkilin iştirakı ilə keçirilmiş baxış baxış zamanı üzəridən heroin adlanan narkotik vasitə və soyuq silah olan bıçaq aşkar olunduğunu bildirmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair nəticə əldə edə bilmədiklərini təsdiq etmişlər. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs təkrar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etdiyinə görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənmişdir, buna görə də məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-258/2023 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5.348 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 60 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5.348 qram narkotik vasitə heroin məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 360 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 85 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar