Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-246/2025 13.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla, ünvan 2ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdar təşkil edən 8.570 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:30-da Gəncə şəhəri, T.Aranı küçəsində yerləşən “Dubay” bazarı adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılmış, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 8.570 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəlcə polis əməkdaşları ona İşsizlik idarəsi adı ilə zəng edib harada olduğunu soruşmuş, o, işdə olduğunu bildirdikdən sonra “işdən çıxanda bu nömrə ilə əlaqə saxla” deyib zəngi bitirmişlər. Həmin zəngdən 5 dəqiqə sonra polis əməkdaşları “Dubay” bazarında yerləşən iş yerinə gəlib onu saxlayaraq polis şöbəsinə Gəncə şəhər Baş Polis idarəsinə aparmış və orada cibinə qoyduqları narkotik vasitəni üzərinə götürməsi üçün fiziki təsir göstərmişlər, ailə üzvləri ilə hədələyərək evlərinə külli miqdarda narkotik vasitə qoyacaqlarını, ailə üzvlərini də həbs edəcəklərini demişlər. O, fiziki və psixoloji təsirlərdən sonra məcbur olub polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotik vasitənin ona məxsus olduğunu, “Dubay” bazarının yaxınlığında yerdən tapdığını demişdir. Bundan başqa o, ifadəsində 15 yaşından kingboxing idman növü ilə məşğul olduğunu, dəfələrlə çempion olduğunu və narkotik vasitələrə heç bir əlaqəsi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun göstərilən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri, üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən video görüntü, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, habelə sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ilkin ifadələrindən və nümayiş olunmuş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəx qismində verdiyi ifadələrində, həmçinin üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 9.22 qram çəkidə narkotik vasitə olan heroini xx.xx.2025ci il tarixdə “Dubay” bazarının yaxınlığında yerdən tapdığını, diqqətini cəlb etdiyi üçün üzərində saxladığını, özünə məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi də Ramin Mehdixanov tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və o həmin qurupun rəhbəri təyin olunmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və Gəncə şəhəri “Dubay” bazarı adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə aparılmışdır. Orada vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən təxminən 9 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, ifadəsində ibtidai istinaq zamanı təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserə gətirilərkən onun narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyən etmək üçün “Romberq Pozası” adlanan üsuldan istifadə edilmiş, göz bəbəklərinin işığa reaksiyası yoxlanılmış, ovuc içinin və qoltuq altının tərləməsi nəzərə alınaraq, həmçinin özü ilə söhbət edilərək narkotik vasitə olan heroindən nə vaxtsa, 1-2 dəfə epizodik istifadə etməsi qənaətinə gəlinmişdir. Müayinə zamanı onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli 16/39 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...“ sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 8.570 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-110/2-129151/2024 saylı sorğuya cavab məktubundan və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması, ona qarşı fiziki zor tətbiq edilməsi və psixi təsir göstərilməsi nəticəsində özünə məxsus olmayan narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur edilməs barədə istintaqa verdiyi əlavə ifadəsi əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, psixi təsir, fiziki zor tətbiqinə və digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-5367/2024 saylı sorğuya cavab məktubundan və Təqsirləndirilən şəxs məxsus 24/2024/33 saylı tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və bədən səhti üzərində xəsarət izləri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli, 57/2- 30673/24 saylı sorğuya cavab məktubundan və “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının müvafiq səhifələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə MSY-ə daxil olarkən həkim müayinəsindən keçirilmiş və bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” və xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd qəhvəyi rəngli sellofana bükülmüş kütləni, sağ yan cibindən 01 ədəd “Huavei” markalı mobil telefonu çıxarıb təqdim etmiş, həmin sellofan bükülünün nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri, T.Aranı küçəsində “Dubay bazarı”-nın yaxınlığında yerdən tapdığını, həmin maddədən istifadə etmədiyini, heç kimə satmadığını və vermədiyini bildirmişdir. Həmin bükülüyə baxış zamanı içərisində qəhvəyi rəngli, ilkin baxışdan “heroin”ə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9.22 qram olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri, komandirin küçəsi adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, qəbul etməsi və satması barədə Gəncə şəhər BPİ-nin CAİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-12/2024 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Huavei” markalı mobil telefona baxış keçirilmiş və telefonda iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları və ya sms mətnləri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, antenn dairəsi barədə məlumatlar olan 01 ədəd CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 292 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 422 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 584 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3 adlı bir uşağı var. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 8.470 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” disk və istifadəsində olan mobil nömrələrlə aparılan telefon danışıqlarını özündə əks etdirən 01 ədəd “CD” disk isə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huavei” markalı mobil telefonun onun ailə üzvlərinə verilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, ibtidai istintaq zamanı təzyiq altında narkotik vasitənin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, həmçinin işdə olan digər sübutlarla təsdiq olunur, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri işin faktiki hallarına uyğun gəldiyindən sübüt kimi qəbul edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Cinayət işinin materiallarında olan raportda təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi, qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilsə də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair nəticə əldə olunmadığı müəyyən olunmuşdurş İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-12/2024 saylı qərarı ilə barəsində 04 (dörd) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 8.470 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd Huawei markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” diskin və istifadəsində olmuş mobil nömrələrlə aparılan telefon danışıqlarını özündə əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 30 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və ərazi nakroloji dispanserində proflaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 8.470 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd “Huawei” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” diskin və istifadəsində olmuş mobil nömrələrlə aparılan telefon danışıqlarını özündə əks etdirən 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-246/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-246/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver