Məhkəmə qərarları › İş №1(100)-248/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-248/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-248/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonunun Kəlaman kəndində qeydiyyatda olmaqla, Göygöl rayonunun Üçtəpə kəndində yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 05 dekabr 2021-ci il tarixdə saat 18:05 radələrində Göygöl rayonunun Üçtəpə kəndində Şahid5 yaşadığı fərdi yaşayış evinin yaxınlığında keçmiş arvadı Şahid4 və keçmiş qayınanası Şahid3 görüb həmin şəxslərə yaxınlaşaraq aliment ödənişi ilə əlaqədar onu Gəncə şəhəri Nizami rayon Məhkəməsinə çağırılmasına və keçmiş arvadı Şahid4 da məhkəməyə getməsinə etirazını bildirdiyi üçün Şahid3 ilə yaxınlıqdakı ailəvi yaxın münasibətləri olan tanışları Şahid5 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə keçib aralarında yaranmış narazılıqları sözlə ayırd edən zaman Şahid3 onun sözlərindən hiddətlənib həyətyanı sahədə olan kənd təsərüfatında və məişətdə istifadə olunan kürəklə onun sol qulaq nahiyəsinə bir dəfə qəsdən zərbə vurub onun sol qulaq nahiyəsinin sıyrılması ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, hadisənin böyüməməsi üçün həmin ünvandan çıxıb yaşadığı evə tərəf gedən zaman saat 18:15 radələrində ünvan 1ində yerləşən “Rəvan Market” adlanan mağazanın yaxınlığında bilavasitə öncə baş vermiş mübahisəni eşidib həmin yerə gələn keçmiş qayınatası Zərərçəkmiş şəxs ailə üzvlərinə qarşı etdiyi hörmətsizliyə görə onun üzərinə hücum çəkib əlində olan istintaq zamanı əldə edilməsi mümkün olmayan dəmir predmetlə qəsdən baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib vəfat etmiş bacısının ünvanına nalayiq söyüşlər söyməsindən hiddətlənərək buna görə qisas almaq məqsədi ilə qabaqcadan üzərində gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs iki dəfə qarın boşluğuna və iki dəfə kürək nahiyəsinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə keçməyən iki ədəd yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, həmçinin qarın boşluğunun daxilə keçən iki ədəd yaraları, dalağın, piyliyin, nazik bağırsağın yaralanması ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində döyüş tapşırığının icrası zamanı döyüş maşın komandiri kimi iştirak etmiş və döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, 2014-cü ildə X3 ilə evlənmiş və Jalə adlı bir azyaşlı qızı vardır. 2018-ci il tarixdə onlar boşanmışlar. xx.xx.2021-ci il tarixdə o, aliment ödənişi ilə əlaqədar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə çağırılması barədə məktub almışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində “Rəvan” marketin qabağında keçmiş arvadı Şahid4, keçmiş qayınanası Şahid3 və qızı Jalənin piyada getdiklərini görüb onlara yaxınlaşmış və Şahid4dən onu məhkəməyə verməsinin səbəbini soruşmuşdur. Şahid4 bildirmişdir ki, onun alimentlə bağlı borcu qalmışdır. O, Şahid4 olan borcunu 1-2 saata gətirib verəcəyini və məhkəməyə getməməsini, dağılmış ailəsini bir yerə yığıb yaşamaq istədiyini bildirmişdir. Həmin vaxt aralarında mübahisə olmuş, o, Vüsalə və Gülarədən xahiş etmişdir ki, yaxınlıqda yaşayan Astan Məmmədovun evinin həyətinə keçib söhbətlərini orada davam etdirsinlər. Gülarə və Vüsalə də onunla razılaşıb Astan Məmmədovun evinin həyətinə keçmişlər. Orada o, keçmiş arvadı Vüsalə ilə barışmaq istədiyini bildirmiş, keçmiş qayınanası Şahid3 onlardan aralı gəzməsini tələb etmiş və həyətdə olan lapatkanı götürüb bir dəfə ona zərbə vurmuşdur. Bu zaman ev sahibi İspəndiyar həyətə çıxmışdır. Ancaq o, Şahid3 vurmamış və heç bir xəsarət yetirməmişdir. Şahid3 mobil telefonu ilə əri Zərərçəkmiş şəxs zəng edərək bu barədə bildirmişdir. Bundan sonra o, küçəyə çıxmış və hər hala qarşı özünü müdafiə etmək üçün Röyal adlı şəxsin dönərxanasından bir ədəd dəstəyi qırmızı və ağ rəngli olan məişət bıçağı götürüb əynində olan şalvarının belinə taxmışdır ki, Zərərçəkmiş şəxs gəlsə özünü müdafiə etsin. Bundan sonra o, dönərxananın qabağından aralaşıb yaşadığı evə tərəf getməyə başlamış, küçədə heç kəsi görməmişdir. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21015” markalı avtomobillə yüksək sürətlə ona doğru gəlmiş və avtomobili bir qədər kənarda saxlayıb düşmüş, əlində dəmirdən olan açarla onun başına zərbələr vurmağa başlamış, ana-bacı söyüşü etmişdir. Həmin zərbələrdən sonra o, başında ağrılar hiss etdiyinə görə yerə yıxılmışdır. O, keçmiş qayınatası Zərərçəkmiş şəxs hərəkətlərinə dözə bilməmiş, yerdən qalxa-qalxa dönərxanadan götürüb belinə qoyduğu bıçağı sağ əli ilə çıxardaraq həmin bıçaqla onun sol tərəf qabırğa nahiyyəsinə iki-üç dəfə zərbələr vurmuş və hadisə yerindən qaçıb uzaqlaşmışdır. Həmin vaxt hadisə yerində heç kəs olmamışdır. Hadisədən sonra həyəcanlı olduğu üçün həmin bıçağı hara atmasını xatırlamır. Hadisəni törətdikdən sonra o, Göygöl rayon polis şöbəsinə gələrək könüllü olaraq özünü təqdim etmiş və Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirdiyinə görə əməlindən peşiman olmuşdur. O, hazırda Zərərçəkmiş şəxsla barışmış və zərərçəkmiş şəxs ondan şikayətçi deyil. O, həmçinin yaşlı atası və anası ilə birlikdə yaşayır və ailəsinin yeganə qazanc gətirənidir, eyni zamanda bir azyaşlı uşağı var və onun saxlanılması üçün aliment ödəyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, arvadı Gülarə, qızı Vüsalə, nəvəsi Jalə və oğlu Vüsalla birlikdə ünvan 2 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi evlərdə təmir işləri görüb ailəsini dolandırır. Onun “VAZ 21015” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili var. Göygöl rayon Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs onun qızı Vüsalənin keçmiş əridir, onlar 2018-ci ildə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Hazırda qızı Vüsalə və nəvəsi Jalə onun evində yaşayırlar. Təqsirləndirilən şəxs qızı Vüsalə ilə bir neçə dəfə barışmaq istəmiş, lakin qızı Vüsalə barışmaq ismədiyinə görə Səxavətlə aralarında bir neçə dəfə mübahisə və münaqişə olmuşdur. 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində arvadı Gülarə mobil telefonla onun mobil telefonuna zəng edib, Təqsirləndirilən şəxs onların qarşısını kəsdiyini, onlarla mübahisə etdiyini və hazırda Astan Məmmədovun evinin həyətində olduqlarını bildirib onu köməyə çağırmışdır. Gülarə hadisəni olduğu kimi danışaraq Təqsirləndirilən şəxs oradan getdiyini bildirmişdir. Ona görə də o, avtomobilinə minib asfalt yola çıxmış və yolun kənarında “Rəvan” ərzaq mağazasının yaxınlığında Təqsirləndirilən şəxs görüb dayanmış və əlinə bir ədəd 22-24 ölçülü dəmir açarı götürüb onun ailəsindən əl çəkməsini tələb edərək sonuncunun baş nahiyyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs da əlindəki bıçaqla ona bir neçə dəfə zərbələr vurmuş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra yerə yıxılaraq ayaqüstə qalxa bilməmiş və qışqıraraq kömək istəmişdir. Onun yanına gələn taksi sürücüsü Nadir və mağazanın satıcısı Ramil onu yerdən qaldırmışlar. Bu zaman arvadı Gülarə, qızı Vüsalə və İspəndiyar hadisə yerinə gəlmiş, onu qohumu Nadirin avtomobili ilə xəstəxanaya aparmışlar. Baş vermiş hadisə təxminən 1 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda heç kəs olmamış və Təqsirləndirilən şəxs xəsarət yetirdiyi dəmir açarı orada itirmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxsla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun şikayətçi olmadığının nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. Özünə məxsus “Lada 099” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilini taksi kimi istifadə edib ailəsini dolandırır. Göygöl rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaxşı tanıyır. Zərərçəkmiş şəxs onun doğma dayısı oğludur. Onlar həmişə qohumluq münasibəti saxlamış, bir-birlərinin evlərinə ailəvi gediş-gəlişləri olmuşdur. 05 dekabr 2021-ci il tarixdə avtomobilini yaşadığı kənddə yerləşən “Rəvan” ərzaq mağazasının yaxınlığında saxlayıb müştəri gözləmiş və həmin mağazaya girərək satıcısı Ramillə söhbət etmişdir. Həmin vaxt küçədə və mağazada heç kəs olmamışdır. Saat 18 radələrində onlar çöldə kiminsə zarıltılı səslə «kömək eliyin» dediyini eşidərək mağazadan çölə çıxmışlar. Mağazanın sol tərəfindən təxminən 20 metr aralıda dayısı oğlu Rəsulun yerdə sağ tərəf yanı üstə uzanıqlı vəziyyətdə olduğunu, Səxavətin isə avtomobil yolunu digər tərəfə keçdiyini görmüşdür. O, Rəsula yaxınlaşıb yerdən qaldırmış, bu zaman əli qan olmuş və nə baş verdiyini soruşmuşdur. Rəsul ona bildirmişdir ki, Səxavət onu bıçaqla vurmuşdur. O, Rəsulun qarın və sol tərəf qabırğa nahiyyələrindən qan axdığını görmüşdür. Bu zaman Rəsulun arvadı Gülarə, qızı Vüsalə və yaxınlıqda yaşayan İspəndiyar da qaça-qaça Rəsulun yanına gəlmişlər və o, Rəsulu, Vüsaləni və Gülarəni öz avtomobilinə mindirib Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışdır. Orada Rəsulu müayinə edib əməliyyat etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, əri Rəsul, qızı Vüsalə, nəvəsi Jalə və oğlu Vüsalla birlikdə ünvan 2 ünvanda yaşayır. Göygöl rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun qızı Vüsalə ilə 2014-cü ildə evlənmiş və həmin nikahdan Jalə adlı qızı vardır. 2018-ci ildə məhkəmə qaydasında həmin nikah pozulmuş və onlar boşanmışlar. Təqsirləndirilən şəxs dəfələrlə onun qızı Vüsalə ilə barışmaq istəmiş, lakin Vüsalə keçmiş əri ilə yaşamağa razılıq verməmişdir. Təqsirləndirilən şəxs uşağına görə aliment borcu qalmışdır. Bununla əlaqədar qızı Vüsalə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, qızı Vüsalə və nəvəsi Jalə ilə birlikdə piyada olaraq evlərinə gedərkən yaşadıqları Göygöl rayonu, Üçtəpə kəndində “Rəvan” ərzaq mağazasının bərabərliyində Təqsirləndirilən şəxs onların yanına gəlib Vüsalədən niyə alimentlə bağlı məhkəməyə ərizə verdiyini soruşmuş və barışmaq istədiyini bildirmişdir. Vüsalə isə Təqsirləndirilən şəxsla barışmaq istəmədiyini bildirib, yanlarından getməsini tələb etmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs Vüsalə ilə mübahisə etmişdir. Bundan sonra onlar yaxınlıqda yaşayan qonşuları Astanın evinin məhləsinə girib söhbətlərini orada davam etdirmişlər. O, evin həyətində olan lapatkanı götürüb bir dəfə Təqsirləndirilən şəxs zərbə vurmuşdur ki, qızından əl çəksin. Sonra isə mobil telefonla əri Rəsula zəng edib hadisə barəsində bildirmiş və köməyə çağırmışdır. Ev sahibi Şahid5 da məhləyə çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs onların yanında qalmayaraq çıxıb getmişdir. Bundan sonra o, küçəyə çıxmışdır, təxminən 2-3 dəqiqədən sonra əri Rəsul avtomobillə onların yanına gəlmiş və o, Rəsula hadisə barədə danışmışdır. Rəsul avtomobilinə minərək “Rəvan” ərzaq mağazasına tərəf getmişdir. O, Rəsulla Təqsirləndirilən şəxs dalaşacaqlarını düşünərək İspəndiyar və Vüsalə ilə birlikdə mağazaya tərəf qaçmışlar. Mağazanın qabağında Təqsirləndirilən şəxs görməmiş, ancaq Rəsulun yanında qohumları Nadir və mağazanan satıcısı Ramili görmüşdür. Ətrafda başqa heç kəs olmamışdır. O, Rəsuldan nə baş verdiyini soruşduqda Rəsul bildirmişdir ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. O, Rəsulun əynində olan paltarını yuxarı qaldıranda qarın nahiyəsinin ön tərəfindən və sol tərəf qabırğa nahiyyəsindən qan axdığını görmüşdür. Bundan sonra o, mağazadan çölə çıxıb Vüsalə ilə birlikdə Rəsulu hadisə yerində olan Nadirin avtomobilinə mindirib Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, atası Rəsul, anası Gülarə, qızı Jalə və qardaşı Vüsalla birlikdə yaşayır. Göygöl rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs onun keçmiş əridir. Saxəvətlə 2014-cü ildə evlənmiş, birgə nikahlarından Jalə adlı qızları olmuşdur. 2018-ci ildə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Gəncə şəhəri Nizami rayon Məhkəməsində Səxavətin ayda 136 manat, sonra isə 160 manat aliment ödəməsi barədə qətnamə qəbul edilmişdir. Səxavət ondan ayrıldıqdan sonra dəfələrlə barışmaq istəmiş, lakin o, Səxavətlə barışmaq istəmədiyini, onu rahat buraxmağını tələb edirmiş. Səxavətlə barışmaq istəmədiyini valideynlərinə demişdir. Bununla bağlı Səxavətlə onun özünün və valideynlərinin arasında dəfələrlə narazılıqlar olmuşdur. Səxavətin uşağa görə aliment borcu yarandığından hadisə baş verməmişdən təxminən 10 gün qabaq Gəncə şəhəri Nizami rayon Məhkəməsinə gedərək şikayət ərizəsi yazmışdır. 05 dekabr 2021-ci il tarixdə atası Rəsul avtomobilləri ilə onu, anası Gülarəni və qızı Jaləni saat 16 radələrində Jalənin sinif yoldaşının babasının sabahısı gün üçün keçiriləcək 40 mərasiminə hazırlıq işlərinə köməklik etmək məqsədilə həmin ünvana düşürüb qayıtmışdır. Orada köməklik etdikdən sonra saat 18 radələrinədə avtomobil yolunun kənarı ilə piyada evlərinə qayıtmağa başlamışlar. Yolun kənarında “Rəvan” ərzaq mağazasının bərabərliyində Səxavət onları görüb yaxınlaşmış, ondan nə üçün aliment pulu ilə bağlı məhkəməyə müraciət etdiyini və barışmaq istədiyini demişdir. O isə Səxavətə barışmaq istəmədiyini və onların yanından aralaşmasını tələb etmişdir. Bundan sonra Səxavət onlara demişdir ki, işi var, ona görə də küçədə söhbət etməmək üçün yaxınlıqda yaşayan ailəvi tanışları Astanın evinin həyətinə keçib orada söhbət etsinlər. Anası və o, Səxavətlə razılaşıb həmin evin həyətinə keçmişlər. Astanın evinin həyətinə girdikdən sonra Səxavət yenə də onunla barışmaq istədiyini və ailəsini bir yerə yığıb yaşamaq istədiyini demişdir. O, Səxavətə barışmaq istəmədiyini, ailə məsələlərinə son qoyulduğunu və 3 ildir ki, boşandıqlarını demişdir. Lakin Səxavət ondan əl çəkməyərək yalvarmağa başlayıb qolundan tutub onunla təklikdə, anasının yanından uzaq söhbət etməklərini xahiş etmişdir. Anası Səxavətin ondan əl çəkməyəcəyini görüb həyətdə olan lapatka ilə bir dəfə Səxavətin başından yavaşca zərbə vurub onların yanından çıxıb getməsini tələb etmişdir. Sonra isə anası atasına zəng edib yanlarına çağırmışdır. Bundan sonra Səxavət onlara heç nə deməyib evin həyətindən çölə çıxıb getmişdir. Həmin vaxt Astanın oğlu İspəndiyar evindən məhləsinə çıxmışdır. Təxminən 2-3 dəqiqədən sonra atası Rəsul avtomobili ilə Astanın evinin qabağına gəlmiş və anası Səxavətlə onların arasında olan mübahisəni danışmışdır. Atası onlardan qardaşı Vüsalın harada olmasını soruşurmuş, anası ilə o isə Vüsalın harada olmasını bilmədiklərini demişlər. Bundan sonra atası Rəsul avtomobilinə minib onlara demişdir ki, gedib Vüsalı axtarıb tapsın, birdən Səxavətlə rastlaşıb dalaşarlar, sonra gəlib onları da götürüb evə aparacaq. Atası getdikdən sonra anası ilə həyətə qayıdıb gözləməyə başlamışlar. Lakin anası Gülarə ona və İspəndiyara ürəyinin rahat olmadığını deyib demişdir ki, birdən Səxavətlə Rəsul rastlaşıb dalaşarlar. Bundan sonra o, anası Gülarə və İspəndiyar küçəyə çıxaraq Rəsulun getdiyi tərəfə, yəni “Rəvan” ərzaq mağazasına tərəf getməyə başlamışlar. Mağazanın qarşısına çatmağa bir neçə metr qalmış atası Rəsulun, qohumu Nadirin və mağazanın satıcısı Ramilin ayaqüstə dayandıqlarını, Nadirin isə atası Rəsula xəstəxanaya getməyin vacib olduğunu dediyini eşitmişdir. Onlar Rəsuldan nə baş verdiyini soruşmuşlar. Rəsul onlara Səxavətin onu bıçaqla vurduğunu demişdir. Həmin vaxt atasının qarnının ön tərəfindən və sol tərəf qabırğa nahiyyələrindən qan axdığını görmüşdür. Bundan sonra o, anası Gülarə ilə atası Rəsulu Nadirin avtomobili ilə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışalar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Üçtəpə kəndində yaşayır. Rəsmi olaraq Göygöl rayon Su İdarəsində nəzarətçi işləyir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid3 və Şahid4 yaxşı tanıyır, münasibətləri həmişə yaxşı olmuşdur. Onların hamısı ilə həmkəndli və qonşu kimi bir-birlərinin evinə gediş-gəlişləri var. 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə tək olmuş və evinin həyətində səs-küy eşidərək həyətə çıxmışdır. O, həyətdə Təqsirləndirilən şəxs keçmiş arvadı Vüsalə və keçmiş qayınanası Gülarə ilə mübahisə etdiyini və Gülarənin əlində lapatka olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı evdən çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra Rəsul idarə etdiyi “VAZ 21015” markalı avtomobillə onun evinin qabağına gəlmiş, Gülarədən nə baş verdiyini soruşmuşdur. Gülarə əri Rəsulla danışmış və Rəsul avtomobilinə minib “Rəvan” ərzaq mağazası tərəfə getmişdir. O, Gülarə və Vüsalə də piyada həmin tərəfə getmişlər. Mağazanın yaxınlığında Rəsulun yanında Nadiri və Ramili görmüşdür. O, Rəsulun qarnının ön tərəfindən və sol tərəfindən qan axdığını görmüş, Rəsul bu barədə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu bildirmişdir. Bundan sonra o, Gülarə və Vüsalə Rəsulu hadisə yerində olan Nadirin avtomobilinə mindirmiş və xəstəxanaya yola salmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, anası ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yaşayır və yaşadığı kənddə yolun kənarında «Rəvan» ərzaq mağazasının yaxınlığında dönər bişirib satmaqla məşğul olur. Göygöl rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs yaxşı tanıyır, onunla münasibəti yaxşıdır. Səxavətin keçmiş qayınatası Rəsulu, qayınanası Gülarəni və arvadı Vüsaləni də tanıyır, lakin onlarla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxsla Vüsalə boşandıqdan sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında çox pis münasibətlər olmuşdur. 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, dönərxanada yığılan zibilləri bir sellofan torbaya yığıb piyada oradan təxminən 150-200 metr aralıda yerləşən zibil qabına atmağa getmiş və bu zaman dönərxananın qapısını bağlamamışdır. Zibili qutuya atdıqdan sonra o, dönərxanaya qayıtmış və “Rəvan” ərzaq mağazasının qarşısında bir neçə nəfərin toplandığını görmüşdür. Orada söhbət edən şəxslərin danışıqlarından başa düşmüşdür ki, Səxavətlə Rəsul dalaşmış və Səxavət Rəsulu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs onun dönərxanasından bıçaq götürməsindən məlumatı olmamışdır. Göygöl rayon polis şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs hadisə yerinə gətirmiş, orada Səxavət onun işlətdiyi dönərxanaya yaxınlaşıb keçmiş qayınatası Rəsula xəsarət yetirdiyi bıçağı dönərxanadan götürdüyünü bildirmişdir. Həmin bıçağın tiyəsi gümüşü rəngli, dəstəyi 10 sm, tiyəsinin eni 2 sm, uzunluğu isə 10 sm olmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs iştirak etmiş və hadisənin 05 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Göygöl rayonu, Üçtəpə kəndində Göygöl-Gəncə avtomobil yolunun kənarında «Rəvan» ərzaq mağazasının yaxınlığında baş verdiyini və həmin yerdə keçmiş qayınatası Zərərçəkmiş şəxs yaxınlıqda olan dönərxanadan götürdüyü məişət bıçağı ilə vurduğunu, oradan qaçdığını və həmin bıçağı xatırlamadığı yerə atdığını bildirmiş, həmçinin o, məişət bıçağını götürdüyü dönərxananı göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və videoçəkiliş aparılaraq DVD diskə köçürülməklə protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 66-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 63 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarın boşluğunun daxilə keçən iki ədəd yaraları, dalağın, piyliyin, nazik bağırsağın yaralanması dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilirlər, döş qəfəsinin daxilə keçməyən iki ədəd yaraları dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Qeyd edlən xəsarətlər kəsici-deşici alətin (alətlərin) təsirindən törəniblər, törənmə müddəti qərarda və tibbi sənədlərdə göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğundur. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qərarda göstərilən şəraitdə əmələ gəlmələri mümkündür (iş vərəqə: cild İ, səh. 187-189). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər - başın alın nahiyyəsinin və sol çiyin qurşağının hematoması dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir, alt dodağın qançırı, sol qulaq seyvanının, boyunun və alt çənənin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmirlər. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarda göstərilən tarixə, yəni 05.1.2201-ci il tarixə uyğundur. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qərarda göstərilən şəraitdə əmələ gəlmələri mümkündür (iş vərəqə: cild İ, səh. 185-187). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-trosoloji ekspertizasının 09 mart 2022-ci tarixli, 16/249 nömrəli rəyindən görünür ki, təqdim olunan poliverin üzərində olan 04 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xəssəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarı doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2021-ci il tarixli 63 nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş poliverin səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “qarın boşluğunun daxilə keçən iki ədəd yaraları, dalağın, piyliyin, nazik bağırsağın yaralanması və döş qəfəsinin daxilə keçməyən iki ədəd yaraları” xəsarətləri ilə poliverin səthində olan “a”, “b”, “c”, “d” zədələri yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 222-225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli, 129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə uyğundur. O, cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 219-221). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild İ, səh. 138). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığına görə Zərərçəkmiş şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 226-240). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli, uzunqol poliver iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Göygöl Rayon Polis Şöbəsində saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh. 226-240). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli şəxsin könüllü gələrək təqsirini boynuna alması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göygöl Rayon Polis Şöbəsinin inzibati binasına könüllü gələrək X2 xəsarət yetirdiyini bildirərək könüllü olaraq özünü təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 7). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və qeyd edilənləri təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 14-15). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 95-96). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 110). Cinayət işinin materiallarına əlavə edilmiş AD ******* nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş tapşırığının yerinə yetirilməsi zamanı xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə xx.xx.2016-cı il tarixdə Fəxri fərmanla təltif olunmuşdur (cinayət işinin materialları). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh. 57-59). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun Azərbaycanın ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində iştirak etməsini, yaşlı ata və anasından ibarət ailəsinin yeganə övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşmanlığını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edildikdə belə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cinayət məsuliyyətinin prinsiplərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərə alıb təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, onun Azərbaycanın ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində iştirak etməsini, yaşlı ata və anasından ibarət ailəsinin yeganə övladı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşmanlığını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə, ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Göygöl Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli, uzunqol poliver sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut- Göygöl Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli, uzunqol poliver sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar