Məhkəmə qərarları › İş №1(100)-248/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-248/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-248/2023 21.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X6 ibarət tərkibdə, X16, X24, X21, X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, X9 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış,əvvəllər məhkum ounmuş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,621 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 iyun 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarınən sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş 0,621 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının yaxınlığında saxlanılmış, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 3 ildir ki, narkotik vasitə heroin və metamfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Dəmiryol vağzalı yaxınlığında yaşayan Ural adlı şəxslə telefonla əlaqə saxlamış və sonuncu ilə görüşüb 18 manat müqabilində özü istifadə etmək üçün metamfetamin almışdır. O, metamfetamini alan vaxt əmisi oğlu X17 da yanında olmuşdur. Həmin vaxt o,Eşqini yanında gətirdiyinə görə Ural ona etiraz etmiş, o da Eşqinin onun narkotik vasitə almasından xəbəri olmadığını demişdir. Həmin gün saat təxminən 15 radələrində Gəncə şəhəri Bakı küçəsi ilə hərəkət edən zaman iki nəfər ona yaxınlaşıb özlərinin polis əməkdaşı kimi təqdim etidiklərindən o, üzərində olan psixotrop maddəni polis əməkdaşları tutmasın deyə udmuşdur. Sonra onu 2-ci PŞ-nə dəvət etmişlər, o da etiraz etməmiş, polis əməkdaşları onu Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində tanımadığı polis əməkdaşı onun üzərinə bir bükümdə psixotrop maddə metamfetamini qoyub özünə məxsus narkotik vasitəni udduğu üçün həmin narkotik vasitəni götürməyini bildirmiş, o da razılaşmışdır. Həmin vaxt ona müdafiəçilərin siyahısı təqdim edilmiş o da vəkillərin siyahısından X2. Müdafiəçi Y.Hüseynov dəvət olunaraq ona təqdim edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar olunmuş, həmin büküm onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,70 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm qablaşdırılmış, üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənmiş, həmin bükümdə olan kütlə psoxptrop maddə metamfetamin olmuşdur. Bundan başqa xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Depo qəsəbəsində yaşayan İsgəndər adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, sonuncudan narkotik vasitə almaq istədiyini bildirmiş, İsgəndər ona gözləməyini demiş, sonra isə mesaj yazaraq xəbər edəcəyini bildirmişdir. Az sonra o, İsgəndərə zəng vurmuş sonuncu onu Gəncə şəhəri, Dəyirmanın dairəsinin yanındakı Bolmart mağazasının yaxınlığına çağırmış, o, da həmin yerə getmiş və İsgəndər ilə əlaqə saxlamış, İsgəndər ona orada gözləməyini bildirmişdir. Az sonra İsgəndərin dediyi bir nəfər tanımadığı qız Bolmart mağazasından çıxıb siqaret qutusunun içərisində bir bükümdə heroini ona vermiş, o da 9 manat pulu qıza vermişdir.Qız onun yanından uzaqlaşan kimi polis əməkdaşları onu tutmuşlar. Həmin vaxt narkotik vasitə onun əlində olan Sobranie” siqaret qutusunun içərisində olmuş, polis əməkdaşları ona özlərini təqdim edib ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Daha sonra o, 4-cü Polis Bölməsinə aparılmış, həmin heroin ondan aşkar edilib götürmüşdür. O heç vaxt narkotik maddalərin satışı ilə məşgul olmamış, özü xəstə olduğundan narkotikadan istifadə etdiyindən ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün almışdır. Məhəkəmədən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və həmin məddə ilə ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki ona Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğundan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır.Həmin tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Bolmart mağazasının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduğundan, onlar həmin yerə getmiş və Təqsirləndirilən şəxs həmin mağazanın yaxınlığında yolun kənarında dayanmasını görmüşlər.Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, sonuncunu 4-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə tünd çəhrayı rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlə sellofanla birlikdə çəkisi 0,35 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı DİN-in 181saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin heroin olduğunu və özünə məxsus olduğunu etiraf etmiş və narkotik vasitəni Bolmart mağzasının yaxınlığında yerdən tapdığını, özü istifadə etmək üçün götürdüyünü demişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona nə onun, nə də digər polis əməkdaşları tərəfindən tərəfindən hər hansı qanunsuz hərəkət və ya zorakılıq edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamış, əmələiyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bakı küçəsində saxlanılmış və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə dəvət edilmiş, Şöbəyə gətirilmişdir. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və vəkil X5 iştirakı təmin edilmişdir. Daha sonra müdafiəçinin işğtirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmiş və soununcunu əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm aşkar olunmuş, həmin bükümün içərisində ağ rəngli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, özünə məxsus olduğunu, yaşadığı evin yaxınlığında tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.70 qram olması müəyyən edilmişdir.Aşkar olunan 1 ədəd bükümdə olan metamfetamin müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona nə onun, nə də digər polis əməkdaşları tərəfindən tərəfindən hər hansı qanunsuz hərəkət və ya zorakılıq edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamış, əmələiyyat axtarış tədbirləri nəticəsində sonuncudan aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 10 iyul 2022-ci il tarixli 16/811 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,291 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 01 iyul 2022-ci il tarixli 16/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş.....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,621qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir.(iş.vər. 125-127) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 1879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatriya ekspertizasının 19 yanvar 2023-cü il tarixli 33 saylı rəyinə əsasən müəyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ruhi xəstəlik aşkar edilmir. Onda nevrasteniya, nevrotik reaksiyalarla xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Nevrasteniya, nevrotik reaksiyalarla XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən anlaqlılığı istisna etməyən psixi vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Gəncə BPİ-nin 4-cü Polis Bölməsində təhqiqatçı polis baş leytenantı X18, baş əməliyyat müvəkkili polis mayoru Şahid1, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmçinin müdafiəçi X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildiyi bildirilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanır və ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulur, vardırsa təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində sellofan bükümdə tünd çəhrayı rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edir. Həmin bükülüyə baxış keçirilərək elektron tərəzidə çəkilir, narkotik vasitə olan heroinə bənzər kütlə sellofanla birlikdə çəkisi 0,35 qram gəlir, zərfdə qablaşdırılaraq ağzı DİN-in 181 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kakos kimi tanınan narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Dəyirman dairəsinin yaxınlığında yerdən tapdığını, iki ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis Bölməsində ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Gəncə BPİ-nin 2-ci Polis Şöbəsində təhqiqatçı polis kapitanı X19, baş əməliyyat müvəkkili Şahid3, kiçik əməliyyat müvəkkili X7, həmçinin müdafiəçi X22 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Həmin kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilir, psixotrop maddə olan olan metamfetaminə bənzər kütlə sellofanla birlikdə çəkisi 0,70 qram gəlir, zərfdə qablaşdırılaraq ağzı DİN-in 120 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni xx.xx.2022ci il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını, ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan hissəsi 01 il azaldılmış və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 fevral 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirlıməsi haqqında” qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,581 qram olan psixotrop maddə metamfetamin və qalıq təmiz çəkisi 0,241 qram olan narkotik vasitə olan heroin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk hazırkı cinayət işi üzrə maddi sübut, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə, baxış protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji, məhkəmə-psixiatriya ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 00:40-da saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X12 azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli “qətimkan tədbirinin şərtlərinin pozan təqsirləndirlən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 dekabr 2022-ci il tarixli “qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun tutulmasına dair qərar qəbul edilmiş və o, 10 dekabr 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-249/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı əsasında ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Yuxarıda qeyd olunan hal məhkəmədə dindirilmiş bilavasitə sübut olan şahidlər Şahid1, Şahid2 və X3 verdikləri ifadələri ilə də bir daha sübüt olunmuşdur.Beləki, şahidlər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması,ondan aşkar olunan narkotik vasitələri konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini birbaşa ifadələrində göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai araşdırma zamanı verdiyi verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin ifadələrində də ondan aşkar edilmiş həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram, müəyyən edilmişdir. Lakin narkotik vasitələrdən asılılıqdan əziyyət çəkən Təqsirləndirilən şəxs istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin aşkar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm birinci dəfə, həm də ikinci dəfə Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl işdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər iki cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri özü istifadə etməsi üçün əldə edib və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş (cild 1, iş vərəqə: 7), üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda qeyd edilən narkotik vasitələr aşkar edildikdən sonra hər iki halda onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmçinin o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, hər iki halda şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, həm xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş (cild 1, iş vərəqə: 54-55) təqsirləndirilən şəxs kimi də dindirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə heroindən istifadə etməsi nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Lakin cinayət işinin bütün göstərilən faktiki hallarına baxmayaraq, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair heç bir sübutlar olmadığı təqdirdə, heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli sonradan heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin təkrar əldə edilməsi əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan heroindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız təkrarən heroin narkotik vasitəsinin aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən hər iki epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin mənasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təkrar törədildikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, “....Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.Azərbaycan Respublikasının CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə, ekspert rəyləri, həmçinin digər istintaq sənədləri ilə tam sübuta yetirildiyindən və və onun gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək Təqsirləndirilən şəxs göstərdikləri özünü müdafiə kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir”. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra müdafiəçisinin iştirakı ilə verdiyi izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmiş və polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermələri barədə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,621 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması, bundan başqa onun təkrar şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması “Şəxsi axtarış haqqında” protokollar, digər istintaq hərəkəti protokolları, şəxsi axtarışın keçirilməsinin əks olunduğu video diskə baxış protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edilmişdir. Beləliklə də, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda sadalanan həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasını cəkib qurtardığından Azərbaycan Respublikasının ərazisində tanınmadığından heç bir hüquqi nəticə yaratmır. Həmçinin Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs olsa da, onun əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin onun cəzasını yüngülləşdirən halların olmamasını və cəzasını ağırlaşdıran halı nəzərə almaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 iyul 2022-ci il, 11 iyul 2022-ci il, 30 iyun 2022-ci il və 02 iyul 2022-ci il tarixdədək, yəni 04 (dörd) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 (dörd) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2022ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 1879 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,581 qram olan psixotrop maddə metamfetamin və qalıq təmiz çəkisi 0,241 qram olan narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60,80 manat (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutula n cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il, 11 iyul 2022-ci il, 30 iyun 2022-ci il və 02 iyul 2022ci il tarixdədək tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,581 qram olan psixotrop maddə metamfetamin və qalıq təmiz çəkisi 0,241 qram olan narkotik vasitə olan heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 60,80 manat (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar