Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-248/2025 14.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu (məruzəçi) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycalı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 11,801 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 5,472 qram və 6,329 qram olmaqla iki hissəyə bölməklə üzərində daşıyaraq saxlamış, 01 aprel 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o həmin gün saat 08:50 radələrində Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “İmamzadə” Kompleksinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli cins şalvarın sağ ön yan cibindən 2 ədəd sellofan torbacıqda təmiz çəkisi 5,472 qram və 6,329 qram, ümumi təmiz çəkisi 11,801 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən “İmamzadə” kompleksində yerləşən məscidə qədr gecəsi ilə əlaqədar getmiş, orada olan zaman bir nəfər polis əməkdaşı gəlib onu çağırmış, polis idarəsinə getməyi təklif etmişdir. O da polis əməkdaşı ilə razılaşıb Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Baş Polis İdarəsində otaqların birində qarşısına narkotik vasitə qoymuş və ona narkotik vasitəni götürməyi, narkotik vasitəni götürməyəcəyi təqdirdə evinə qoyacaqlarını bildirmişlər. Eyni zamanda istifadəsində olan mobil telefonundakı xanımın şəklini görmələrinin qarşısını almaq üçün o, polis əməkdaşları ilə razılaşmış, səhərə qədər Gəncə Şəhər Baş Polis İdarəsində qanunsuz olaraq saxlanılmış, səhər onu məhkəmədə ifadə verməyə gələn əməliyyatçıların “Prado” markalı maşını ilə İmamzadə kompleksinə aparmış, yolda mobil telefonu şöbədə qaldığı üçün təkrar qayıdıb telefonunu da götürmüş, sonra isə təkrar şöbəyə gətirmişlər. Psixoloji təzyiq nəticəsində evdə anası xəstə olduğu üçün polislərlə razılaşmış, sonra vəkil gəlmiş və videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşlarının üzərinə qoyduqları narkotik vasitəni təqdim edib guya özünə məxsus olduğunu bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus deyildir, polis əməkdaşları tərəfindən üzərinə Gəncə şəhər Baş Polis İdarəsində qoyulmuş, əvvəlki işi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində bəraət aldığını həzm edə bilməyib onu həbsdən çıxandan sonra təkrar şərləyib narkotiklə yükləmişlər. Günahsız olduğu üçün ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması və satması barədə idarəyə əməliyyat məlumat daxil olmuş, əməliyyat məlumatının yoxlanılması üçün qərar qəbul edilmiş və Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmış, Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 08:50 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Gəncə şəhəri, Atabəylər prospektində yerləşən “İmamzadə” Kompleksinin yaxınlığında saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək Gəncə şəhər BPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxs onlarla idarəyə gəlmiş, inzibati binada təhqiqatçı tərəfindən hüquqları izah edilmiş və vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video- çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa, təqdim etməsi təklif olunduqda üzərində saxladığı bükümləri təqdim etmiş, heroin olduğunu və tutulmamışdan bir gün əvvəl təxminən axşam saat 21-də Gəncə şəhəri, Abbas Səhhət adlanan yerdən tapdığını demişdir. Həmin kütlələr çəkilib götürülmüş, Əsgər əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da saxlanılarkən və polis idarəsinə gətirilərkən onlara hər hansı bir müqavimət göstərməmişdir. Onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək şаhid Şahid1 göstərdiyi xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq olmadığını, onu xx.xx.2024-cü ildə səhər saxladıqlarını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Gəncə şəhəri, Ü.Hacıyev küçəsi ev 3 mənzil 9-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 2-ci küçədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbulu, üzərində gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:50-də Gəncə şəhər İmamzadə kompleksi yaxınlığında saxlanaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 09:20-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ ön yan cibindən 2 (iki) ədəd şəffaf rəngli içərisində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olan polietilen torbanları təqdim etmiş, keçirilmiş şəxsi axtarış zamanı hər hansı bir əşya aşkar edilməmiş, üzərində 1 ədəd “Redmi” markalı mobil telefon olmuşdur. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs iki ədəd polietilen torbadakı kütlələrin narkotik vasitə olan heroin olduğunu və bir gün əvvəl saat 21 radələrində Gəncə şəhəri, Abbas Səhhət adlanan ərazidən tapdığını bildirmiş, həmin kütlələr çəkilib qablaşdırılmışdır. Müdafiəçi tərəfindən üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olub-olmamasını cibinə kiminsə qoyub-qoymadığı, polis tərəfindən ona qarşı hansısa qanunsuz təsir olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin cibinə heç kəsin qoymadığını və tapdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 527 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəməkimyəvi ekspertizasının 01 aprel 2024-cü il tarixli 16/400 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr.” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd sellofon bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 5,472 qram və 6,329 qram ümumi təmiz çəkisi 11,801 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin təmiz çəkisi – 6,329 qr, 5, 472 qr tədqiqata cəmi sərf edildi – 0,1 qr ( 1 № ob və 2№ ob hər birindən 0,05 qr) qalıq-6,279 qr və 5,422 qr İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(125)98/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2024-cü il tarixli 670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə BPİ-dən verilən xx.xx.2024-cü il tarixli, 3-13-57/2-19292/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə şikayəti əsasında toplanmış 730c-24 №li material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 6,279 qram və 5,422 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, şəxsi axtarışı videogörüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-30- 2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli, 2864 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər narkoloji dispanserindən verilmiş xx.xx.2024-cü il tarixli, 2405 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “opioidlərdən asılıq” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrə ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək aparılmış danışıqlar müvafiq mobil operatordan götürülmüş və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı, təqsirləndirilən şəxsin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə həqiqətən Gəncə şəhər “İmamzadə” dini ziyarət kompleksi yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, xx.xx.2024-cü ildə Gəncə şəhəri, İmamzadə kompleksi qəsəbəsində saxlanılıb Gəncə şəhər Baş Polis idarəsinə gətirilməsi gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona psixoloji təzyiq göstərilərək iki büküm verib götürməsinin tələb edilməsi, əks təqdirdə yaşadığı evdən çıxaracaqlarını demələri, anası xəstə qadın olduğu üçün onun narahat edilməməsindən ötrü polis əməkdaşları ilə razılaşması, səhər onu yenidən İmamzadə kompleksinə öz maşınları ilə aparıb təkrar geri qaytarmalarına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə ifadələri həmin hissədə sübut kimi qəbul etmir və özünümüdaifə hüququndan irəli gələn hal kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi (vəkillə) təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada ona izah olunmuş, prosessual istintaq hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin görüntülərə məhkəmədə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs bədən səthinin gözlə görünən hissələrində gözlə görünən xəsarət yaxud xəsarət izi və ya qeyri-adi psixi və emosional halda olduğunu göstərən hal müəyyən edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçisinin təkidlə bir neçə dəfə soruşduğu narkotik vasitənin ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulub-qoyulmamasına dair suallara isə inkar cavabı vermişdir. Müdafiə tərəfinin vəsatəti ilə təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə deyil, həqiqətən xx.xx.2024-cü ildə “İmamzadə” dini ziyarət kompleksinin yaxınlığından polis əməkdaşları tərəfindən saxlanılıb aparılması barədə əlavə şahidlər təqdim edilməsi üçün vaxt verilməsi barədə vəsatəti isə təmin edilmiş, əlavə şahidlərin gətirilməsi üçün kifayət qədər vaxt verilsə də, iddia edilən şəxslərin məhkəməyə gətirilməsi, yaxud onların məhkəmə tərəfindən dəvət edilməsi üçün şəxsiyyətlər barədə məlumatlar məhkəməyə təqdim edilməmiş, yazılı vəsatət verilməmiş, sonrakı müddətdə isə əlavə şahid kimi göstərilən şəxslərin məhkəməyə gəlmək istəmədikləri bildirilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinə (ittiham tərəfi - narkotik vasitələrin satışının təsdiqi ilə bağlı, müdafiə tərəfinə isə şəxsin alibisi və təqsirliliklə bağlı digər məsələlərlə əlaqədar) iddia və dəlillərinin təqdim edilməsi üçün kifayət qədər və bərabər imkan, müddət və əlçatanlıq təmin etsə də, tərəflərin iş materiallarından başqa hər hansı sübutu təqdim etməməsi məhkəmənin işə verilən ittiham daxilində təqdim edilən sübutlar əsasında baxmasına mane olmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, həmçinin ittiham tərəfi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun külli miqdar narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamasını məhkəmə baxışında sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satışı ilə bağlı hər hansı hərəkət və bunu təsdiq edəcək hallar cinayət işi materiallarına əlavə edilməmiş, məhkəmə baxışında şahid qismində dindirilmiş iş üzrə şahidlər (polis əməkdaşları) da Təqsirləndirilən şəxs əvvəl kiməsə narkotik vasitə satması (verməsinə) dair məlumatları olmadığını, onun narkotik vasitə satdığı, yaxud bir yerdə istifadə etdiyi şəxsləri müəyyən edə bilmədiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair verilmiş istintaq tapşırığına cavab məktubundan isə görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini haradan və kimdən, nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmə baxışında tədqiq edilən hallara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroini şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası rəyinə əsasən də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu massəsinə əsasn cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsini 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cazanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan tədqiqata sərf edildikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkiləri 6,279 qram və 5,422 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin olduğu 1 ədəd “DVD” disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 ( otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkiləri 6,279 qram və 5,422 qram olan narkotik vasitə heroin məhv edilsin, istintaq hərəkətinin qeydə alındığı videogörüntülər olan 1 ədəd “DVD” disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-248/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-248/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver