Məhkəmə qərarları › İş №1(100)-249/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-249/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-249/2025 25.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Tərtər RQİİ üzrə Təmir-tikinti sahəsində qazla kəsən işləmiş, evli, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Nəriman Nərimanov küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, saxlamaq, daşımaq və satmaq niyyəti ilə şəxsiyyəti dəqiq məlum olmayan tanışları “Həsən” və digərləri ilə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəlib «WhatsApp» sosial şəbəkə vasitəsi ilə danışdıqdan sonra Samux rayonu, İnstitut qəsəbəsində yerləşən Samux rayon X3 məktəbin yaxınlığında yarımtikilinin içərisində şəxsiyyəti məlum olmayan şəxs(lər) tərəfindən qoyulmuş və içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan 1 (bir) ədəd sintetik bazar çantasının məkanını (konumunu) və fotoşəkilini “WhatsApp” mobil tətbiqi vasitəsilə istifadəsində olan nömrəsinə göndərildikdən sonra xx.xx.2024-cü il tarixdə Samux rayonuna gəlməklə göstərilmiş ünvanda həmin yeri məkan (konum) və fotoşəkilə əsasən tapıb ona göndərilmiş sintetik bazar çantasını götürüb üzərində daşıyaraq saxlamış, həmin gün saat 02:30-da Samux rayonu, İnstitut qəsəbəsi, Atabəylər prospektində Samux RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılıb Samux RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı həmin çantadan 1 (bir) ədəd qara rəngli polietilen torbada şəffaf polietilen kəsiyi bükümündə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 220 qram tiryək, 1 (bir) ədəd qara rəngli torbada şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə ümumi təmiz çəkisi 50,140 qram maddə metamfetamin, 4 (dörd) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1555 qram, 1675 qram, 1210 qram, 1040 qram olmaqla, ümumi təmiz çəkisi 5480 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 825 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olmaqla xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, saxlanıldığı gün təxminən 200 qram narkotik vasitə olan “nəşə” (marixuana) arxası ilə gəlsə də, də həmin narkotik vasitəni tapa bilməmiş, telefonda danışdığı tanışı narkotik vasitənin orada olan quyunun içində olduğunu demişdir. Ətrafda şəxslərin olduğunu görüb geri qaçsa da, ona badalaq vurub yerə yıxmış, sonra da narkotik vasitə olan sumkanı götürməyi demişlər. Razılaşmadıqda isə ona qarşı polis əməkdaşları tərəfindən zorakılıq edilmiş, onunla bir yerdə Yevlaxdan gələn şəxsləri də saxlayıb polis şöbəsinə aparmışlar. Həmin çanta ona polis əməkdaşları tərəfindən verilərək onun arxası ilə gəldiyi bildirilmiş və əməlinin etiraf edilməsi, əks təqdirdə daha artıq fiziki zorakılığa məruz qalacağı deyilmişdir. Edilmiş fiziki təzyiq nəticəsində guya narkotik vasitəni götürdüyünü etiraf etmiş və bu barədə aparılmış videoçəkilişdə bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, o ancaq cüzi miqdar narkotik vasitə “nəşə” müqabilində içində nəşə (marixuana) olan çantanı götürüb başqa yerə aparmağa razılaşmışdır. Çantanın içində müxtəlif növ narkotik vasitələr və psixotrop maddə olmasından məlumatı olmamış, o çantanı qeyd edilən yerdən götürə bilməmiş, bundan əvvəl polis əməkdaşlarını görüb qaçmağa cəhd etmiş, sonradan saxlanılıb arxası ilə gəldiyi “sumka”nı zorla ona verib götürməyi demişlər. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2004-cü il tarixdən Tərtər RQİİ üzrə Təmir-tikinti sahəsində qazla kəsən (svarşik) işləmişdir. Şahid1 ilə Yevlax şəhərində eyni küçədə yaşamış, Zaur fərdi taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid2 isə Yevlax şəhərində başqa bir küçədə qalmış, onunla elə də yaxın münasibəti olmamışdır. 2021-ci ildən “nəşə” istifadə etmişdir. ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, “Whatsapp” mobil tətbiqi proqramını həmin nömrə ilə qeydiyyatdan keçirmişdir. Təxminən bir olar ki, internet vasitəsilə Rusiya Federasiyasında yaşayan azərbaycanlı Həsən adlı şəxslə tanış olmuş, onunla söhbət edərkən “nəşə” çəkdiyini demiş, bir neçə dəfə də aralarında bu mövzuda söhbət olmuşdur. O, Həsən adlı şəxslə “Whatsapp”la danışmışdır... 29 mart 2024-cü il tarixdə o, axşam saat 18 radələrində Yevlax rayonu Qaramanlı kəndində işdən çıxıb evə, sonra isə çayxanaya getmiş, təxminən 22 radələrində Həsən onun mobil telefonuna “Whatsapp”dan yığıb haləhval tutmuş, yanındakı dostunun arvadının Samux rayonunda “nəşəsi” olduğunu onu götürüb gətirməyi, sonradan ondan gəlib götürəcəklərini, həmin nəşədən ona 100-150 qram götürə biləcəyini demişdir. Əvvəl etiraz etsə də, Həsən ona “qorxma, dostum yanımdadır, etibarlı adamdır” demiş, bu sözündən sonra razılaşmış və çayxanadan çıxıb Zaura zəng etmiş və ona Samux rayonuna onu aparmağını xahiş etmişdir. Zaur ondan səbəbini soruşanda tanışı ilə görüşə getdiyini demişdir. Zaurla görüşəndə sonuncu ona Samuxu tanımadığını demiş, Asəfə zəng edərək onlarla birlikdə getməyi təklif etmişdir. Asəfin Samux rayonunda qohumları olmuş, Zaurun avtomobili ilə Asəfi də Yevlax şəhərinin mərkəzində “üçün başı” adlanan yerdən götürüb Samuxa gəlmişlər.... Heç birinin onun narkotik vasitə götürmək istəyindən xəbəri olmamışdır. Samuxa çatmağa az qalmış o, Həsənlə danışmış və Həsən ona narkotik vasitənin olduğu yerin məkanını (konumunu) atmış, həmin yerə çatanda Həsən ona narkotik vasitənin olduğu yerin fotoşəklini də atmışdır. Həmin yerdə Zaur avtomobili saxladıqdan sonra o düşüb piyada getmiş, piyada işıqforunun yanından içəri girəndə qarşıda böyük bir bina görmüş, binaya çatmamış sağ tərəfə keçmiş, həmin vaxt o, telefonla Həsənlə danışmış, yoldan məkandan başı çıxmadığı üçün Həsən ona istiqamət vermiş, yolun sağ tərəfində yarımtikili görmüş, həmin yarımtikilinin içində kiçik bir quyu görmüşdür. Quyunun içində 1 (bir) ədəd ağ-qara rəngli “moskva sumkası” adlanan iri çanta görmüş, onu götürüb geri qayıdarkən tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağını demişdir. Qaçmaq istəyəndə polis əməkdaşları onu tutub saxlamış və Samux Rayon Polis Şöbəsinə aparmışlar... Videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı çantanın içindən müxtəlif növ narkotik vasitələr aşkar edilmiş və qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu-sual zamanı “Moskva sumkası” adlanan çanta-torbanı o, Samux rayonundan yarımtikilinin içindəki quyudan götürdüyünü Həsənlə danışığı zamanı ona “nəşə”, yəni qurudulmuş marixuana olacağını, götürəcəyi qurudulmuş marixuanadan 100-200 qram verəcəyini demişdir.... Məqsədi narkotik vasitəni özüylə götürüb Yevlax rayonuna aparmaq, sonra isə Həsənin deyəcəyi şəxsə vermək olmuşdur. Həsənlə “Whatsapp” mobil tətbiqi ilə rusiya nömrəsi ilə qeydiyyatdan keçmiş profillə danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx.xx.2024-cü ildə evdə olarkən Ceyhun ona zəng edib onu Samux rayonuna aparmağı xahiş etmiş, Ceyhundan getmə səbəbini soruşanda “sumka” götürmək üçün getdiyini demişdir. Ceyhunla razılaşdıqdan sonra onu yaşadığı küçənin baş tərəfindən götürmüş və yolu tanımadığını bildirdiyi üçün digər tanışları Asəfi də götürüb birgə Gəncə istiqmətində getmişlər. Samux rayonuna çatdıqdan sonra Ceyhun avtomobildən düşmüş, özü isə Asəflə maşında qalmışdır. Bir qədər keçdikdən sonra Samux RPŞ-nin əməkdaşları yaxınlaşıb onu və Asəfi Samux RPŞ-yə aparmış, orada məsələni yəni Ceyhunun narkotik dalıyca Samux rayonuna gəldiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, eyniməzmunlu ifadə verərək göstərdi ki, Xankəndi şəhərində işləmiş, hadisə günü də Daimi yaşadığı Yevlax şəhərinə xalasıoğlu Zaurla gəlmişdir. Həmin vaxt Ceyhunun xahişi ilə taksi sürücüsü olan Zaurun xahişi ilə yolu tanımadığı üçün onunla birlikdə Samux rayonuna gəlmişlər. Təyinat yerinə çatdıqdan sonra Ceyhun maşından düşüb getmiş, qısa müddət sonra onlara yaxınlaşan mülki geyimli polis əməkdaşlarının onları saxlayıb Samux RPŞ-yə apardığını, orada sorğu-sual edildiklərini, həmin vaxt Ceyhunun Samux rayonuna narkotik dalıyca gəldiyini öyrəndiyini həmin vaxta qədər olanlardan xəbəri olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Samux RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 göstərmişdir ki, 30 mart 2024-cü ildə Yevlax rayon sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Samux RPŞ-ə CAB-a əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 30 mart 2024-cü il tarixdə gecə saat 02 radələrində Samux RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri polis kapitanı Şahid4 və Samux Rayon Polis Şöbəsinin KMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 ilə birlikdə Samux rayon İnstitut qəsəbəsinə gedilmişdir. Təxminən saat 02:30 radələrində Samux rayon İnstitut qəsəbəsi, Atabəylər prospekti yoluna çatmışlar. Təqsirləndirilən şəxs həmin vaxt Samux rayon İnstitut qəsəbəsində yerləşən Samux rayon “İnstitut qəsəbə” Tam Orta Məktəbin yaxınlığında piyada hərəkət etməsi barədə əməliyyat məlumatı olmuşdur. Atabəylər prospektində yerləşən işıqforun yanından sol tərəfdə yarımtikili içində Təqsirləndirilən şəxs kiçik bir quyudan 1 (bir) ədəd ağ-qara rəngli moskva çantalarına oxşar, “moskva sumkası” adlanan bir çanta - torba götürüb qaçmaq istəyərkən onlar Ceyhuna yaxınlaşıb onu tutaraq Samux Rayon Polis Şöbəsinə aparmışlar. Şöbənin inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Üzərində qanunla qadağan edilmiş, sübut əhəmiyyətinə malik əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən Ceyhun çantanı təqdim etmiş, çantaya baxış zamanı külli miqdarda marixuana, tiryək, heroin və psixotrop maddə - metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Ceyhun narkotik vasitəni Rusiyada yaşayan tanışının tapşırığı ilə olduğu yerdən götürüb başqa yerə aparacağını, əvəzində ona marixuana verəcəyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsə qarşı özü və digər polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiq olmamış, təqsirləndirilən şəxs qaçmağa cəhd edərkən yerə yıxılsa da, onun həmin vaxt xəsarət aldığını xatırlamır. Digər iki şəxs barədə isə ona əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da eyniməzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs qarşı hər hansı təsir və təzyiq olmadığını, şəxsi saxlayarakən üzərində sonradan içində külli miqdar narkotik vasitə olduğunu bildikləri iri çanta olduğunu göstərmişlər. Şəxsi axtarış videoçəkilişlə olmuş və şəxs özü narkotik vasitələri Rusiyada yaşayan tanışının xahişi ilə əvəzində ona narkotik verilməsi müqabilində Samux rayonundan götürüb sonuncunun deyəcəyə yerə qoyacağını bildirmiş, aralarındakı razılaşmaya əsasən Samux rayonuna gəldiyini demişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi bioloji ekspertizasının 30 mart 2024-cü il tarixli 16/397 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs" yazılar və imzalar olan sintetik bazar çantasında - üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 220 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. - üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 50,140 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzəri yapışqanlı lentlə sarınmış 4 (dörd) ədəd qara rəngli polietilen torbalarda ayrıayrılıqda 1555 qram, 1675 qram, 1210 qram, 1040 qram, ümumi təmiz çəkisi 5480 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır - üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 825 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmədə araşdırılmış məhkəmə narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli 836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının 07 may 2024-cü il tarixli 312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1 (bir) ədəd “CD” disk, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ” mobil telefona baxış keçirilərkən «Whatsapp» mobil tətbiqi proqramında olan səs yazılarının köçürülmüş olduğu 1 (bir) ədəd “CD” disk iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ” markalı mobil telefon, Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 219,8 qram narkotik vasitə olan tiryək, 50,040 qram psixotrop maddə olan metamfetamin, 824,8 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 5479,2 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və Samux RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Samux RPŞ-dən verilən xx.xx.2024-cü il tarixli 3-13/105/-2/2024 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbiri ilə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədilə əldə etməsi müəyyən edilsə də, “Həsən” adlı şəxsin və qeyrilərinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, əlavəsi olan fotocədvəl və səs yazıları olan “CD” diskdən görünür ki, keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxsla “Həsən” adlı şəxs arasında narkotik vasitələrin olduğu yer və əldə edilmə ilə bağlı səs və mətn mesajları olmuş, eləcə də narkotik vasitələrin olduğu yerin məkan göstəriciləri ilə bağlı çoxsaylı danışıq aparılmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Səid Qasımzadə və xx.xx.2013-cü il təvəllüdlü Vidadi Qasımzadə adlı iki azyaşlı övladları var. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji dispanserdən verilən 07 may 2024-cü il tarixli 312 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Samux RPŞ-dən verilən 313- 105/2-14024/24 saylı xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş “gətirilmiş şəxslərin qeydiyyatı”, “MSY-də saxlanılan şəxslərin qeydiyyatı” və “MSY-də saxlanılan şəxslərin tibbi müayinədən keçirilməsi haqqında” kitabların surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Samux RPŞ-yə gətirilmiş, həmin gün saat 03:10-da MSY-yə tutma protokolu əsasında qəbul edilmiş, 06:23-də yazılmış akt əsasında şəxsin bədən səthində sol bilək nahiyyəsində şişkinlik, əziklər və sıyrıqlar olması aşkar edilmiş, həmin xəsarətləri tutulmamışdan əvvəl işlədiyi yerdə yıxılıb aldığını bildirmiş, xx.xx.2024-cü ildə saat 08:50də tibbi müayinədən keçirilmiş və bədən səthində digər xəsarətlər aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və məhkəmədə tədqiq edilən 2 saylı İstintaq Təcridxanasından verilmiş 1813/2024/383 saylı tibbi kitabçanın surətindən görünür ki, istintaq təcridxanasına daxil olarkən keçirilmiş tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hansısa xəsarət aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş və məhkəmə iclasında araşdırılan Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 2-2-110/2-147159/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Samux RPŞ-nin əməliyyat müvəkkiləri Şahid3 və Şahid5 tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəmə iclasında göstərdikləri ilə bağlı verilmiş məlumat əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmaması əsası Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs göstərdiyi Samux rayonuna ancaq şəxsi istifadəsi üçün 200 qram marixuana arxası ilə gəlməsi, qeyd edilən çantanı gördükdən sonra isə götürməkdən imtina edib həmin yerdən çıxmağa çalışarkən üstünə qəfil hücum edən polis əməkdaşlarının onun yerə yıxıb fiziki zorakılıq etməsi və polis şöbəsinə gətirildikdən sonra da döyülməsinə görə götürmədiyi çantanı guya götürməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, ancaq şəxsi istifadəsi üçün narkotik vasitə əldə etməyə çalışmasını bildirməsini ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahid ifadələri “şəxsi axtarış və götürmə haqqında” protokol və istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərlə, şahid ifadələri, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edildiyi üçün təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək cəhdi kimi qiymətləndirir və həqiqətəuyğun olmayan hesab edərək və həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi işin mübahisəsiz halı odur ki, O, internet üzərindən tanış olduğu və qarşı tərəfin də narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxsiyyəti məlum olmayan şəxslə narkotik vasitələrin istehlakı (məhkəmənin qənaətinə görə isə dövriyyəsi ilə bağlı) söhbətlər aparmışdır. Həmçinin işin məhkəmə baxışı zamanı mübahisələndirilməyən digər faktiki halı isə şəxsiyyəti məlum olmayan “Həsən” adlı şəxsin Təqsirləndirilən şəxs guya tanışının arvadına məxsus narkotik vasitə marixuana olması barədə danışıqları zamanı məlumat verməsi və həmin narkotik vasitənin yerinin dəyişdirilməsi (istehlakçılara çatdırılması) istiqamətində təhrikedici və şirnikləndirici məzmunlu danışıqlar aparılmasıdır. Məhkəmə hesab edir ki, araşdırılmış sübutlar Təqsirləndirilən şəxs baxılan iş üzrə əməlinin daha çox narkotik vasitələrin təyinat məntəqələrinə çatıdırılmasında ifadə olunan daşıma “kuryerlik” fəaliyyəti olduğu və şəxsin məqsədinin göstərdiyi həmin xidmət müqabilində narkotik vasitə ilə yanaşı gəlir əldə etmək olduğunu göstərir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs uzaq məsafədən təxminən 70-80 km-də yerləşən Yevlax rayonundan Samux rayonuna gecəyarı və digər şəxslərlə birlikdə gəlməsinin məqsədi gündüz vaxtı gediş-gəliş çox olan narkotik vasiələrin qoyulduğu ərazidə diqqət cəlb etməmək, kənar müşahidədən uzaq olmaq olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs seçdiyi üsul - yəni hazırkı dövrdə kifayət qədər sifarişlə fəaliyyət göstərən taksi şirkətləri mövcud olsa da, məhz tanıdığı və ona yaxın ünvanda yaşayan şəxs Zaurun taksi xidmətindən istifadə etməsi və sonuncu Samuxu tanımadığını bildirsə də, narkotik vasitəni əldə edilməsi üçün ərazini daha yaxşı tanıyan və hər hansı tanışlıq münasibətləri olmayan sonuncunun qohumu Asəfin xidmətindən yararlanması onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hallardır. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, qeyd edilən səs yazılarının məhkəmə baxışında tədqiqi zamanı aparılmış danışıqlar zamanı narkotik vasitələrin çəkisi ilə bağlı qeyd olmadığı (nə təqsirləndirilən şəxsin iddia etdiyi 200 qram marixuana, nə də çantada aşkar edilən müxtəlif növ narkotiklərlə bağlı) müəyyən edilmiş, bununla bağlı Təqsirləndirilən şəxs miqdarla bağlı danışıqların aralarındakı danışıq zamanı olduğunu göstərmişdir. Məhkəmənin qənaətinə görə özünümüdafiə hər bir canlıya məxsus təbii instinkt olmaqla yanaşı situasiyadan asılı olaraq müxtəlif formalarda təzühür etdiyindən hər dəfə yaranmış yeni hallara görə şəxs(lər)in əvvəl bildirdiklərini qəsdən və ya məcburiyyət üzündən inkar etməyə, qeyri-iradi olaraq əvvəlkidən fərqli (əks məzmunlu) ifadələr verməyə sövq edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında da göstərdiyi saxlanılarkən və Samux RPŞ-də olduğu müddətdə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və bununla bağlı müdafiə tərəfinin göstərdiyi bədən səthində xəsarətlər olması ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, şəxsin bədən səthində hökmün təsviri hissəsində göstərilən xəsarətləri müxtəlif şəraitlərdə (əvvəl qeyd edilən iş görən zaman yıxılaraq, yaxud saxlanılma zamanı yerə dəymə nəticəsində) alması istisna edilməmiş və iş məhkəmə baxışında olduğu müddətdə məhkəmənin məlumatı əsasında aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs tibbi müayinədən keçmək imtina etmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də təqsirləndirilən şəxs və müdafiəçilər tərəfindən heç bir şikayət verilməmişdir və buna görə də məhkəmə həmin hissənin səlahiyyətləri çərçivəsindən xaricdə olduğundan ancaq şəxsin ifadələrinə münasibətdə qiymətləndirilmə aparılmasımı məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrini iş üzrə digər obyektiv sübutlarla xüsusilə istintaq hərəkətinin aparıldığı videoçəkilişlərlə müqayisəli təhlil etdikdə, çəkiliş zamanı müşahidə olunanların kənar müşahidəçinin nəzərində obyektiv olmaqla yanaşı hər hansı qanunsuzluğa məruz qalan (qaldığını iddia edən) şəxs öz etirazını bildirmək üçün kifayət qədər imkana (fürsətə) malik olduğu daha aşkardır. Müdafiə tərəfinin məhkəmə baxışında və çıxışında göstərdiyi təqsirləndirilən şəxsin cinayətin digər iştirakçıları tərəfindən quyuya qoyulmuş çantanı gördükdən sonra həmin çantanı götürməkdən imtina edərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən polis tərəfindən saxlanmasına görə Təqsirləndirilən şəxs əməllərində “cinayətdən könüllü imtina olması”na münasibətdə isə qeyd edilməlidir ki, həm hal mövcud olacağı təqdirdə bu cinayətdən könüllü imtina kimi deyil, məhz cinayətə cəhd kimi (xüsusilə külli miqdar narkotik vasitəyə münasibətdə) qiymətləndirilə bilərdi. Çünki işin faktiki halları və təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs külli (yaxud xüsusilə külli) miqdar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı niyyəti onun Samux rayonuna gəlməmişdən əvvəl formalaşmış (qətiləşmiş) və məhkəmənin qənaətinə görə şəxsi istehlakdan daha çox ediləcək kuryerlik fəaliyyəti ilə bağlı qazanc əldə etməyə yönəlmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd edilə cinayətdən könüllü imtinasının əlamətləri isə müdafiə tərəfinin iddia etdiklərinin əksinə olaraq nəinki formalaşmamış, ümumiyyətlə hər hansı aktiv yaxud passiv hərəkətlə müşayiət edilməmişdir. Belə bir halın mövcudluğu, Təqsirləndirilən şəxs məhkəmə baxışında da göstərdiyi və audio yazılardan göründüyü kimi, ilk dəfə o qoyulan narkotik vasitələrlə bağlı çantanın olduğu yeri tapmayanda sifarişçi ilə əlaqəni kəsilməsini, narkotik vasitənin Yevlax rayonuna bildirdiyi çəkidə və növdə göndərilməsini tələb edilməsini zəruri edirdi. Lakin məhkəmədə tədqiq edilmiş səs yazılarından da göründüyü kimi narkotik vasitənin qoyulduğu yeri öyrənmək üçün sonuncu tərəfindən səs yazıları göndərilmiş və həmin istiqmətləndirmə nəticəsində “Moskva” çantasının olduğu yeri tapıb narkotiki götürmüşdür. Məhkəmə diqqətə çatdırır ki, məhkəmə baxışında müdafiə tərəfi həmin narkotik vasitənin ya polis, ya da polislə bağlılığı olan şəxs tərəfindən həmin əraziyə qoyulmasını, bununla da polis tərəfindən narkotikə meylli şəxslərin “tələyə salınaraq” satışla bağlı məsuliyyətə cəlb edilməsini iddia etmişdir ki, belə bir hal mövcud olacağı təqdirdə mobil telefda votsapp tətbiqində narkotik vasitənin götürülməsini və bir yerdən başqa yerə aparılmasını xahiş (təhrik) edən qarşı tərəfin (sonradan səsini tanıyacaq şəxslər olmasının ehtimal edilərək ifşa olunmaq qorxusu altında) Təqsirləndirilən şəxs göndərdiyi səs yazılarını birtərəfli qaydada pozması (silməsi) tələb olunurdu. Lakin iş materiallarının məhkəmə baxışında tədqiqi zamanı bunun əksi müəyyən edilmiş göndərilmiş səs yazılarının məhz Təqsirləndirilən şəxs tərəfindən göndərildikdən sonra ifşa edilmək təhlükəsi altında silinməsi müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən metamfetaminin külli miqdarının aşağı hədd 2 qram, heroinin xüsusilə külli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 800 qram göstərilmişdir. Həmin Qanunun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram, tiryəkin külli miqdarı isə aşağı həddi 50 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1 ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri xüsusilə külli miqdarda əldə etmə, saxlama, daşıma, göndərmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladları olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı real olaraq çəkdiyi müddətdə islah olacağı mümkünlüyü onun barəsində cəzaya qənaət prinsipinin tətbiq edilməsini mümkün edir. Qeyd edilən maddənin sanksiyasının qanunvericiliyə edilmiş son dəyişiklikdən sonra ağırlaşdırılmasına baxmayaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə sanksiya çərçivəsində aşağı həddə yaxın cəza təyin etməklə şəxsin islah edilməsi imkanı mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması ilə mümkündür. Törədilmiş cinayət əməlinin xarakteri (xüsusilə ağır cinayətlərə aid olması və transmilli xarakter daşıması, təqsirəndirilən şəxsin cinayət hadisəsinə qədərki (narkotik vasitələrin əldə edilməsində marağını) və törədildiyi andakı davranışını, əməlin ictimai təhlükəlilik dərəcəsi (narkotik vasitə və psixotrop maddələrin növünü və çəkisini nəzərə alaraq və Azəbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Samux RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “HUAWEİ” markalı mobil telefon hökm qanuni qüvvəsini alandan sonra ailə üzvlərinə qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 219,8 qram narkotik vasitə olan tiryək, 50,040 qram psixotrop maddə olan metamfetamin, 824,8 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 5479,2 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin olduğu 1 ədəd DVD, eləcə də votsapp səs yazıları olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1 maddəsi ilə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Samux RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus “HUAWEİ” markalı mobil telefon hökm qanuni qüvvəsini alandan sonra ailə üzvlərinə qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 219,8 qram narkotik vasitə olan tiryək, 50,040 qram psixotrop maddə olan metamfetamin, 824,8 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 5479,2 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin olduğu 1 ədəd DVD, eləcə də votsapp səs yazıları olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar