Məhkəmə qərarları › İş №1(100)-25/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-25/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-25/2024 11.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X10 və X3 məhkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokrorları, ədliyyə müşaviri X13 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafəçiləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Universal” Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,985 qram çəkidə narkotik vasitə heroin və 1,536 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Tovuz rayonu, Abulbəyli kəndi ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 14:50-də Tovuz rayonu, Abulbəyli kəndində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 4,985 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə 1,536 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ifadə vermək istəmir, əvvəllər verdiyi ifadəsini təsdiq edir. 03 iyun 2022-ci il tarixdə günorta saatlarında Tovuz rayonunda avtomobillə “60” çay evinə çatanda 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyib, ondan şikayət olunduğundan onlarla polis idarəsinə getməli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından Tovuz rayon Polis şöbəsinin rəis müavini Anar müəllim və əməliyyat rəisi İntiqam müəllim ona izahatı alındıqdan sonra buraxacaqlarını desələr də, onu bir gün polis idarəsində saxladıqdan sonra Baş Mütəşəkkilin işçiləri gəlmiş və onu döyərək otaqda üzərinə narkotik vasitə qoymuşlar. Müvəqqəti saxlama yerində o, tibbi baxışdan keçməsə də bununla bağlı onun barəsində araşdırma olmuşdur. Məhəkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, istintaqda Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində göstərmaişdir ki, « ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün öncə Tovuz çayının Tovuz rayonundan keçən hissəsində çay sahilində gəzən zaman yerdə 02 ədəd bükümün olmasını görmüşdür. Həmin bükümləri açdıqdan sonra içərisində narkotik vasitə və psixotrop maddələr olmasını bilib həmin bükümləri istifadə etmək üçün götürmüşdür. Bükümləri üzərində, yəni şalvarının cibində saxlamaqda məqsədi isə uyğun vaxt tapan kimi istifadə etmək olmuşdur. 03 iyun 2022-ci il tarixdə günorta saatlarında Tovuz rayonu, Abulbəyli kəndi ərazisində gəzən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Tovuz Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərilərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan 02 ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin şalvarın sol yan cibindən isə özünə məxsus 02 ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar edilmiş bükümlərə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına qeyd olunan narkotik vasitə və psixotrop maddəni Tovuz çayının sahilindən tapdığını bildirmişdir. Qeyd olunan narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənmişdir. Qablaşdırılmış üzəri tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunaraq düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 iyun 2022-ci il tarixdə Baş İdarəyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.Tovuz RPŞ-nin əməkdaşları X5 və Şahid4 keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək məqsədi ilə qrupa daxil edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Tovuz rayonu, Abulbəyli kəndi ərazisində olduğu qeyd edildiyindən onlar və Tovuz RPŞ-nin əməkdaşları qeyd olunan ünvana getmişlər və bir qədər həmin ərazidə müşahidə aparan zaman xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etdiyini görmüşlər. Qeyd olunan yerdə həmin şəxsi saxlayıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Onlar həmin şəxsə özünü təqdim etməyini bildirmiş və həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyəti dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və sonuncu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra Tovuz Rayon Polis Şöbəsinə gətirmişdir. Polis Şöbəsinə gəldikdən sonra keçirilən tədbirdə iştirak edən polis əməkdaşları inzibati əraziyə qayıtmışlar. Polis Şöbəsində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra inzibati otaqların birində təhqiqatçı tərəfindən əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “Kokos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd sellefon bükümü, şalvarının digər cibindən isə 02 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellefon büküm iştirakçıların şahidliyi ilə açılmış və 01 ədəd sellefon bükümün içərisində ağ rəngli, kristall formalı psixotrop maddə metamfetamin, digər 01 ədəd sellefon bükümün içərisində isə narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra aşkar edilmiş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 02 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunaraq düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhəkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 Razim oğlu ifadəsində bildirmişdir ki, Kamranı rayon uşağı kimi tanımışdır. Uzun vaxt keçdiyindən işlə bağlı heçnə onun yadında qalmamışdır. Açarların ona verilməsi və Kamranın avtomobilinin gətirilməsi ilə bağlı da yadında heç nə qalmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci ildə o, dostu Salehlə Tovuz, “060” çay evində çay içmişlər. Həmin vaxt Kamran da öz avtomobili ilə ora gəlmişdir. Kamran avtomobildən düşüb avtomobilin qapılarını bağlamış və kafeyə doğru gələndə, bir qara avotomobil gəlmiş, dayanmış və Kamranın avtomobilinin arxasında Kamranı çağırmışlar. Kamran çönüb arxaya baxanda onlar avtomobildən düşmüş, Kamran onlara tərəfə getmiş, onlar 2-3 dəqiqə söhbət etmiş və öz avtomobillrəinin arxa qapısını açıb Kamranı avtomobilə əyləşdirib aparmışlır. Bir saat sonra bir nəfər polis əməkdaşı gəlmiş və Kamranın avtomobilini sürüb aparmışdır. Daha sonra o, polis şöbəsinə getmiş Kamranla maraqlanmış, lakin ona heç kim bu barada məlumat verməmişdir. Həmin vaxt Kamranın avtomobilinin cərimə meydançasında olmasını görmüşdür. O, Kamranın harada olmasını polis əməkdaşından soruşumuş polis nəfəri ona Kamranın rəis müavinin otağında olmasını və onun getməsini sabah gəlməsini demişdir. O evinə getmiş və ertəsi gün Sürət və Fuad adlı şəxslərin də tutulduğun bilmişdir. 2-3 gün sonra, Kamranın Bakıya aparıldığını eşitmişdir. Kamranı aparan şəxslərin soyadlarını bilmədiiyi Anar və İntiqam müəllim olmuşdur. O hadisəni obyektin içərsindən şüşədən görmüş, yol kənarı olduğu üçün səs eşidilməmişdir. Kamranı aparan adamlar Kamranla əlayaq ilə danışmış,sonra isə avtomobilə əyləşdrib apramışlar. Kamran həmin vaxt onu aparan şəxslərə müqavimət göstərməmişdir. Həmi şəxslər mülki formada olmuşlar. O, polisə onun dindirilməsi üçün müraciət etməmiş, məhəkəmədə ifadə verməyə özü gəlmişdir. Kamranın məsələsində narkotik söhbətləri olmuş,o belə şeyi mümkünsüz hesab edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «Raportdan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlaması, satması və üzərində gəzdirməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 03 iyun 2022-ci tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 03 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 14:50də Tovuz rayonu, Abulbəyli kəndi ərazisində saxlanılaraq Tovuz Rayon Polis Şöbəsinə gətirilmişdir. Baş İdarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm və içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4652 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Məhərrəmov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 iyun 6/3140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 6 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,536 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 4,985 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş sıyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in sıyahısına(Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,536 qram çəkidə psixotrop maddə metamfetamin və 4,985 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,436 qram çəkidə psixotrop maddə metamfetamin və 4,885 qram çəkidə narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxsindən daxil olmuş 299/MEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair əlavə ifadəsində göstərdiyi xüsusatlar üzrə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə istintaq tapşırığı verilmiş, verilmiş tapşırığa 007-10201- 1222 nömrəli cavab məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsi, həmçinin, narkotik vasitə və psixotrop maddəni kimdən, necə və hansı şəraitdə əldə etməsini keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2022-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış keçirilən zamanı aşkar edilib götürülmüş 1,536 qram çəkidə psixotrop maddə metamfetamin və 4,985 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,436 qram çəkidə psixotrop maddə metamfetamin və 4,885 qram çəkidə narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİNin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Məhkəməm təqsirəlndirilən şəxsin özünün ona elan olunmuş ittham üzrə təqsirli bilməyərək iş üzrə olan narkotik vastə və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması barədə ifadəsinə təniqidi yanaşaraq, cinayət işinin materiallarında olan sübutlar o cümlədən bilavasitə sübut şahid ifadələri və ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəsini inandırıcı hesab etməyrək özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhəkəmə hesab edir ik, Təqsirləndirilən şəxs əməli narkotik vasitə heroini və psixotrop maddə metafetfmini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlaması mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına uyğyn olan sübütlarla öz təsdiqini tarmışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının da ifadələrində göstrdikləri kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. İbtidai istintaq zamanı şahidlər ifadələrində və daxil olmuş əməliyyat məlumatında narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Azərbaycan Respublikası DİN-in BMCMİ-dən müvaviq cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirlən şəxsin istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi,şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından və o, satış məqsədi olmadan qanunsuz olaraq üzərindən aşkar edilərək götürülmüş 1,536 qram çəkidə psixotrop maddə metamfetamin və 4,985 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,436 qram çəkidə psixotrop maddə metamfetamini və 4,885 qram çəkidə narkotik vasitə heroini əldə edib saxladığından, onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur.. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,536 qram çəkidə psixotrop maddə metamfetamin və 4,985 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,436 qram çəkidə psixotrop maddə metamfetamin və 4,885 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in BMCMİ–in və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 234.1-1-ci maddəsi ilə 04 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 1,436 qram çəkidə psixotrop maddə metamfetamin və 4,885 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in BMCMİ–in və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 1 ədəd CD disk və 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar