Məhkəmə qərarları › İş №1(100)-252/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-252/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-252/2021 29.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X11, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, 16 avqust 2020-ci il tarixdə saat 09:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edərək yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qaydada həyata keçirilməsini, yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan Nazirliklərlə razılaşdırmadan qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğu ilə birlikdə eni 3,85 metr olmaqla 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçən, Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə və AB 011433 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdyi “NEW Holland TC 5050” markalı, 90-L- 009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müşayiət avtomobili ilə müşayiət edilmədən Samux-Gəncə avtomobil yolunun Çobanabdallı kəndindən keçən 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “İnstitut dairəsi” adlanan yerin yaxınlığında onunla əks istiqamətdə, qarşıdan gələn X7 idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X7 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümüklərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hissəsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla başın gövdədən tam, küt, travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan Ramin Hüseynovun ölümünə, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilldə olmuş sərnişin X2 təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumuşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Ləman Süleymanzadənin ölümünə, həmçinin “NEW Holland TC 5050” markalı, 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 və “Zərərçəkmiş şəxs3” ASC-yə 40021,92 manat məbləğində, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdi. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X12 yazılı və şifahi vəsatət verərək bildirdi ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı cinayət işinin materiallarına uyğun tərtib edilməmişdir. Belə ki, ittiham aktında zərərçəkmiş şəxs kimi “Ramin Hüseynli” göstərilərək bu şəxsə münasibətdə təqsirləndirilən şəxsin məsuliyyətə cəlb olunması göstərilmiş, cinayət işinin materiallarında belə bir şəxsin olmamasına baxmayaraq ibtidai istintaq orqanı ölən şəxsin Ramin Hüseynov olması nəticəsinə gəlmiş, həmçinin iş üzrə mərhum Zərərçəkmiş şəxs1 Miryusuf oğlunun qanuni nümayədəsi kimi Rəfiqə Mustafayeva qeyd olunmuş, hadisə yolunun eni 6,8 metr olduğu halda onun eni 7 metr göstərilmiş, ibtidai istintaq orqanı yanlış olaraq Mercedes avtomobilinin Kombayının yoluna çıxması qənaətinə gəlmiş, ittiham aktında ziddiyətli olaraq yolun iki hissəsinin eninin 350 sm təşkil etdiyini bildirdiyi halda ziddiyətli olaraq sol hissənin eninin 340 sm təşkil etməsi göstərilmişdir. Bundan əlavə Nazim Sülymanov şifahi vəsatətində ibitidai istintaqın yekununda müstəntiq tərəfindən onun cinayət işinin materialları ilə tanış olmaq hüququnun təmin edilməməsini göstərmiş, həmçinin xüsusi rəsmi icazə almadan, müşayiət avtomobilləri ayırmadan, təqsirləndirilən şəxslə müqavilə bağlamadan özünə məxsus kombayn avtomobilini Təqsirləndirilən şəxs verdiyi üçün iş üzrə zərərçəkən şəxs kimi qeyd edilmiş Zərərçəkmiş şəxs2, qızı Ləman Süleymanzadənin xidməti yerindən kənara qanunsuz olaraq göndərərək ölümünə birbaşa səbəbkar olan Pərvin Quliyevanın və Yasin Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasını, göstərilənlərə əsasən işin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi X8 yazılı vəsatət təqdim edərək, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət törətmədiyini, psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olmadığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə istintaqından yayınmayacağını, artıq ibtidai istintaq yekunlaşdığından sənədlərin saxtalaşdırılmasının mümkünsüzlüyünü, istintaq zamanı istintaqın aparılmasına mane olmadığını, əməliyyat-axtarış tədbirləri keçirilən zaman polis əməkdaşlarının bütün göstərişlərinə şərtsiz tabe olduğunu bildirərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş vəsatət göstərilmiş xüsusatlara münasibət bildirərək vəsatətin qismən təmin olunaraqittiham aktının tərtibi hissəsində cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün əsas olmuş hallar aradan qaldırılmadığından müdafiəçi X8 tərəfindən verilmiş vəsatətin isə təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi. X16 zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanov tərəfindən verilmiş vəsatətin əsassız olduğunu və təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 X16 tərəfindən verilmiş vəsatətin təmin olunmasını, lakin zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanov tərəfindən verilmiş vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs X16un vermiş olduğu vəsatəti müdafiə edərək, digər vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını, zərərçəkmiş şəxsin hüquqi varisi X6 vəsatətini nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci və 303.3.6-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də zərərçəkmiş şəxsin hüquqi varisi X6 vəsatəti qismən təmin edilməli, ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, cinayət işi üzrə tərtib edilmiş ittiham axtının nəticə hissəsində Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Ramin Hüseynovun ölümünə səbəb olması göstərilmişdir. Halbuki cinayət işinin materiallarında Ramin Hüseynov adlı və soyadlı hər hansı bir şəxsin olması müəyyən edilməməklə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər şəxs X13 və X5 ölməsi müəyyən edilir. Göründüyü kimi ittiham aktında cinayətin nəticələri düzgün göstərilməməklə, ittihamın təsviri düzgün əks etdirilməmiş və ittihamın yanlış təsviri sonda təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamdan düzgün müdafiəni formalaşdırmaq imkanından məhrum olmasını ilə nəticələnmişdir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanovun şifahi vəsatətində ibtidai istintaq orqanı tərəfindən onun cinayət işinin materialları ilə tanış olmaq hüququnun təmin edilməməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 284.2ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 285.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. Cinayət işi üzrə tərtib edilmiş 01 iyun 2021-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin cinayət işinin materialları ilə tanış etmə protokolundan görünür ki, tanış etmə zamanı Nazim Süleymanov şikayət ərizələri təqdim edərək ibtidai istintaqın qurtarmasına etiraz etdiyini əsas gətirərək imza etməkdən imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, vəsatət həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Nazim Süleymanovun vəsatətində göstərdiyi digər xüsusatlar məhkəmə hazırlıq iclasının predmetinə aid olmadığından vəsatət həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi X4 həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinin dəlillərini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş hallar hazırki vaxtda aradan qaldırılmadığından X16 tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 30 iyun 2021-ci il tarixdə bitməsini, cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxsin azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu, eləcə də onun barəsində həbs qətimkan tədbiri seçilərkən əsas götürülmüş halların aradan qalxmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 29 iyun 2021-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 29 iyul 2021-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.1., 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qərara alır:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. X1 tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsinə dair verilmiş vəsatət təmin edilməsin.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 29 iyun 2021-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə uzadılsın.

4. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxslərə, zərərçəkmiş şəxslərin hüquqi varislərinə, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.

5. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar