Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-254/2021 07.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan qardaşı Şahid2 yaşadığı evdə öz oğlu Zərərçəkmiş şəxs onun yaxasından tutaraq spirtli içki qəbul etməsinə irad tutması ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edərək həmin vaxt üzərində olan tiyəsinin uzunluğu 120 mm, dəstəyinin uzunluğu 100 mm və ümumi uzunluğu 220 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük oğludur. Əvvəllər həmişə münasibətləri yaxşı olmuşdur. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində evdə aralarında mübahisə yarandığından Namiqi evdən qovmuş və evə gəlməməsini demişdir. Namiq evdən çıxıb gedərək qardaşı Yaşarın evində yaşamışdır. Novruz bayramı vaxtı o, Namiqi evə çağırmış, lakin Namiq evə gəlməmişdir. 27 mart 2021-ci il tarixdə arvadı Könül ondan Namiqi bağışlamasını xahiş etmiş, o da Namiqi bağışladığını, evə gəlməsinə etiraz etmədiyini bildirmişdir. 28 mart 2021-ci il tarixdə Namiq evə gəlmişdir. Həmin günü o, tanışları ilə bir qədər spirtli içki qəbul etmiş, daha sonra qəsəbədə olan dükanların birindən iki şüşə pivə alaraq içmişdir. Saat 18 radələrində o, yaşadığı evə gəlmişdir. Bundan iki gün qabaq eşitmişdir ki, kiçik oğlu Arzunun arvadının üzüyü evdə itmişdir. O gəlindən üzüyün nə vaxt itdiyini soruşmuş, gəlini isə 20 gün qabaq itdiyini bildirmişdir. O, oğlu Arzuya acıqlanaraq niyə ona əvvəlcədən bunu bildirmədiklərinə görə irad bildirmiş və üzüyün itmədiyini, üzüyü özlərinin satdığını demişdir. Oğlu Arzu isə evdən üzüyün itdiyini demişdir. Arzu bundan sonra yaxınlıqda yaşayan qardaşı Yaşargilə getmişdir. O da Arzunun arxasınca getmişdir. O, Yaşarın həyətinə daxil olduğu zaman oğlu Namiq qəfildən onun yaxasından tutmuş və nəyə görə gəldiyini soruşmuşdur. O, Namiqin əlindən çıxaraq geri, öz yaşadığı evə qayıtmış və əsəbi olduğundan mətbəxdən bıçaq götürərək yenidən qardaşı Yaşargilə getmişdir. Əlində bıçaqla Yaşarın evinə daxil olmuşdur. Həmin vaxt orada arvadı Könül, qardaşı Yaşarın arvadı və başqa şəxslər olmuşlar. O, içəri girən kimi Namiq yenidən onun yaxasından tutaraq ondan nə istədiyini soruşmuşdur. O, Namiqin əlindən dartınıb çıxmaq istəsə də çıxa bilməmişdir. Həmin vaxt əsəbi olduğundan heç bir söz demədən əlində olan bıçağı bir dəfə Namiqin sol tərəfindən vurmuşdur. O zərbə vuran kimi Namiq onu buraxaraq bıçaqla vurulduğunu bildirib kənara qaçmışdır. Bundan sonra o, qardaşı evindən çıxaraq yaşadığı evə getmiş, paltarını geyinərək oradan da Şəmkir rayon Zəyəm polis bölməsinə getmişdir. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxs olan oğlu Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini bildirərək barəsində daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Atası uzun müddət Rusiya Fedarasiyasında yaşamış, bir neçə il əvvəl isə qayıdıb qəsəbəyə gəlmişdir. Atası spritli içkilərə meylli olmuş, həmişə buna görə ailədə münaqişə yaranmışdır. Təxminən 2021-ci ilin mart ayının əvvəllərində atası içkili vəziyyətdə onunla mübahisə etmiş və ona evə gəlməməsini demişdir. O da qonşuluqda yaşayan əmisi Yaşarın evində qalmışdır. Hadisədən bir neçə gün əvvəl atası ona evə gəlməsi barədə xəbər göndərmişdir. 28 mart 2021-ci il tarixdə o, yaşadığı evə getmiş, axşam saatlarında isə əmisi evinə bəzi əşyaları götürmək üçün getmişdir. Saat 22 radələrində anası Könül əmisi evinə gələrək atası Bəhruzun yenə evə içkili vəziyyətdə gələrək münaqişə yaratdığını bildirmişdir. Həmin vaxt o, oturduğu otağın pəncərəsindən baxdıqda atası Bəhruzun əmisi evinə girdiyini görmüşdür. Fikirləşmişdir ki, atası içkili gələrək orada qanqaraçılıq yaradacaqdır. Ona görə də atasının qarşısını almaq üçün çölə çıxdığı zaman evin giriş hissəsində olan otaqda atası Bəhruzla qarşılaşmışdır. Həmin vaxt atası əlini qaldırdığından elə bilmişdir ki, atası onu yumruqla vuracaqdır. Ona görə də atasına heç bir müqavimət göstərməmişdir. Atası Bəhruzun əsəbi olmasını, onu vuracağı halda əsəbinin sakitləşəcəyini fikirləşmişdir. Həmin anda da atası onun sol sinə nahiyəsindən vurmuşdur. O əvvəl atasının onu yumruqla vurduğunu düşünmüşdür. Lakin, atasının əlində bıçaq olduğunu gördüyündən onu bıçaqla vurduğunu bilmiş və kənara çəkilərək əlini sol tərəfinə qoyduqda qan axdığını görmüşdür. Tez qışqıraraq atasının onu bıçaqla vurduğunu və onu tez həkimə aparmalarını demişdir. Həmin vaxt orada olan əmisinin kürəkəni Etibar tez onu avtomobilə oturdaraq xəstəxanaya aparmışdır. Anası və qardaşı Arzu da onunla birlikdə xəstəxanaya gəlmişlər. İfadəsinə əlavə olaraq atası Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, onun barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşı, Zərərçəkmiş şəxs isə Bəhruzun oğludur. Onların münasibətləri həmişə yaxşı olmuş, evləri də bir-birinə yaxın yerləşmişdir. O bağlarda fəhlə işlədiyindən hərdən evə gəlmiş, çox vaxt bağda qalmışdır. 28 mart 2021ci il tarixdə axşam saatlarında evdə olduğu vaxt arvadı Reyhan narahat olduğundan kürəkəni Etibar, Bəhruzun arvadı Könül və oğlu Namiq onlara gəlmişlər. O çox yorğun olduğundan yataq otağında uzanaraq yuxuya getmişdir. Saat 22 radələrində səs-küy eşidərək yuxudan ayılmış və kiminsə “uşağı vurdular” deyərək qışqırıq səsini eşitmişdir. O, paltarını geyinib çölə çıxdığı zaman çöldə kimsənin olmadığını, kürəkəninin də onlardan getdiyini görmüşdür. Evdə tək arvadı Reyhan olmuşdur. O, Reyhandan nə baş verdiyini soruşduqda Reyhan ona qardaşı Bəhruzun onlara gəldiyini və həmin vaxt onlarda olan oğlu Namiqlə mübahisə edərək bıçaqla onu vurduğunu bildirmişdir. O, Reyhandan nəyə görə Bəhruzla Namiqin mübahisəsi yarandığını soruşduqda Reyhan Namiqin tez-tez atasının sözlərinə cavab qaytardığını, buna görə də aralarında həmişə mübahisə yarandığını bildirmişdir. O evin girişində olan otaqda stolun üzərində bıçaq olduğunu və həmin bıçağın üzərində qan izi olmasını görmüşdür. Rehyan qardaşı Bəhruzun oğlu Namiqi həmin bıçaqla vurduğunu və bundan sonra bıçağı orada qoyaraq çıxıb getdiyini, kürəkəni Etibarın da Namiqi xəstəxanaya apardığını bildirmişdir. Bundan sonra 29 mart 2021-ci il tarixdə səhər saatlarında o, Bəhruzun oğlunu vurduğu bıçağı götürərək polis şöbəsinə gəlmiş və qardaşının cinayət törədərkən istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zəyəm qəsəbə məktəbində xadimə işləyir. Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə oğludur. Bəhruz uzun müddətdir ki, spirtli içkilərə meyilli olduğundan evdə sözsöhbət yaratmışdır. Həmişə də Bəhruz evə içkili gəldiyində Namiq onunla mübahisə etmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Namiq Bəhruzla mübahisə etdiyindən Bəhruz Namiqi evdən qovmuş, həmin vaxtdan sonra Namiq əmisi Yaşarın evində qalmışdır. 28 mart 2021-ci il tarixdə Bəhruz Namiqə evə gəlməyə icazə verdiyindən Namiq qayıdıb evə gəlmiş, həmin gün axşam qaynı Yaşarın arvadı Reyhanın səhhətində problemlər olduğundan o Reyhangilə getmiş, ondan qabaq Namiq özünü onlara çatdırmışdır. Onlar Reyhanın təzyiqinin düşdüyünü görmüş və ona özləri ilkin yardım göstərmişlər. Namiq həmin vaxt otaqda oturmuşdur. Birdən Namiq otaqdan duraraq çölə çıxmış, az sonra o çöldə səs-küy eşitmiş və tez nə olduğunu öyrənmək üçün çölə çıxdığı zaman Namiqin sol böyründən qan axdığını görmüşdür. O nə baş verdiyini soruşduqda Namiqi Bəhruzun bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişlər. Həmin vaxt orada olan Reyhanın kürəkəni Etibarın avtomobili ilə Namiqi xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid3 X1 ifadəsilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 07.04.2021-ci il tarixli, 368 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilən bıçaqla yetirilmişdir, yetirilmə müddəti 28 mart 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 31.03.2021-ci il tarixli, 321 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 22.04.2021-ci il tarixli, 222 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- X4 Regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə trasoloji və məhkəmə ballistik ekspertizasına dair 04 iyun 2021-ci il tarixli, 16/430/431 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəxt bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan poluverin və gödəkçənin üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin, təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 07.04.2021-ci il tarixli, 368 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yan səthinin daxilə keçən, sol tərəfli hemopnevmatoraksa səbəb olmuş, bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin və gödəkçənin üzərində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə edilmiş «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20-da Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 01 iyun 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunun Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamışdır. İş materiallarına əlavə edilmiş 20.04.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Şəmkir Mərkəzi rayon Xəstəxanası”-nın Publik hüquqi şəxsi X3 tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli 679 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixonevroloji kabinetlərində qeydiyyatda dayanmır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 126.1ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin onun oğlu olmaqla yaxın qohum olmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi zərərçəkmiş şəxsin onun oğlu olmaqla yaxın qohum olmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs Yaşar oğlunun cinayət törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş 01 (bir) ədəd poluver və 01 (bir) gödəkçə sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 ( altmış üç ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 29 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs Yaşar oğlunun cinayət törədərkən istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş 01 (bir) ədəd poluver və 01 (bir) gödəkçə sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 ( altmış üç ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-254/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-254/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver