Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-257/2020 27.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Daşkəsən rayonu Qıyıxlı kəndində adan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsinə bir azyaşlı övladı olan, Daşkəsən rayonu Qıyıxlı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Göygöl Şəmkir yolunun qərb hissəsində yerləşən yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Gəncə şəhəri Nizami rayonu Göygöl-Şəmkir yolunun qərb hissəsində yerləşən yeni yaşayış massivində yerləşən evinin qarşısında olan zaman qonşusu, əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs öz yaşadığı evdə mobil telefonla uca səslə danışıb onun ünvanına nalayiq sözlər işlətməsini eşidib hansı səbəbə onun ünvanına nalayiq söyüşlər işlətməsini aydınlaşdırmaq məqəsdi ilə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və sonuncudan nə üçün ünvanına nalayiq söyüş söydüyünü soruşduqda Rəvanə Məmmədova yaxşı edib onun barəsində nalayiq söyüşlər söydüyünü bildirdiyindən aralarında mübahisə yaranmış və mübahisə zamanı o, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə qəsdən iki bıçaq zərbəsi vurub, sonuncuya qarın nahiyəsinin bir ədəd səthi kəsilmiş yara kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və zərəçəkmiş şəxsə qarın nahiyəsinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, S-vari bağırsağın zədələnməsi ilə müşayiət olunan daxilə keçən kəsilmiş-deşilmiş yara ilə nəticələnən xəsarət yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən ağır xəsarət yetirmişdir. Qeyd olunan cinayət hadisəsinin baş verməsi təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamış və hadisədən təxminən 8-9 ay əvvəl Rəvanə ilə yaxın münasibəti olmuşdur. Rəvanə ilə dəfələrlə Rəvanənin yaşadığı evdə və Gəncə şəhəri ərazisində görüşüb cinsi əlaqədə olmuşlar. Rəvanə ilə qeyri rəsmi ər-arvad münasibəti olduğu müddətdə bir neçə dəfə mübahisələri düşmüş, sonuncu dəfə hadisədən təxminən 15 gün əvvəl Rəvanə ilə aralarında mübahisə olmuş və Rəvanə polisə şikayət etmişdir. Həmin müddətdən sonra münasibətləri pozulmuşdur. Bundan sonra Rəvanənin anası Səmayə də qızına görə onunla mübahisə etmiş və mübahisə zamanı Səmayəyə bildirmişdir ki, Rəvanəyə aldığı “Redmi not 8” markalı mobil telefonu qaytarsın. Buna görə də Səmayə Rəvanə ilə onu üzləşdirmək üçün evinə cağırmış, o da Rəvanə ilə aralarında olan münasibəti Səmayəyə danışmış və telefonu istəmədiyini demişdir. Səhəri gün Rəvanə onu küçəyə çağırmış və o, küçəyə çıxan zaman Rəvanə arvadının yanında onu nalayiq söyüşlərlə təhqir etmiş və aralarında olan intim münasibəti küçədə yüksək səslə demişdir. O isə Rəvanəni sakitləşdirib evlərinə yola salmışdır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində evinin qarşısında, yəni küçədə Rəvanənin evinin pəncərəsi baxan hissədə tərəfdə oturub siqaret çəkən zaman Rəvanə evinin küçə tərəf pəncərəsini açmış və telefonla danışaraq onun barəsində “gördünmü onu nə günə saldım, hələ onun arvadına da sözümü deyəcəm, İlqam kişi deyil, peysərdi, gör onun başına nə oyunlar açacam” kimi və başqa sözlər dediyini eşitmişdir. Rəvanənin sözlərindən əsəbləşmiş və evin arxa hissəsinə gedib oradakı hasardan aşıb həyətə düşmüş, həmin vaxt Rəvanə evin qapısını açıb həyətə çıxmışdır. O, Rəvanənin qolundan tutmuş və nə səbəbə ünvanına nalayiq sözlər deməsini soruşmuş, Rəvanə isə yaxşı elədiyini hələ bundan da artığını deyəcəyini bildirmiş və bu səbəbdən onunla mübahisə etmiş, mübahisə zamanı həyətdəki stolun üzərində olan evdə istifadə olunan bıçağı götürmüş və Rəvanın sol qarın nahiyəsinə iki dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Rəvanə qarın nahiyəsini tutmuş və o, qan axdığını görüb özünü itirərək Rəvanənin qolundan tutub evin içərisinə aparmışdır. Evdə Rəvanəyə şərbət düzəldib vermiş və Rəvanəni xəstəxanaya aparmaq istəmişdir. Lakin Rəvanə razı olmamış, anasına zəng etməsini istəmiş o, da Rəvanənin telefonundan Səmayəyə zəng edib telefonu Rəvanəyə vermişdir, Rəvanə də anasına tez evə gəlib onu xəstəxanaya aparmağını demişdir. Bundan sonra Rəvanə ona “anam gəlir sən çıx get” demiş, o da evin arxa tərəfində olan hasardan aşıb çöl tərəfə keçmiş və oradan uzaqlaşıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəyən maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 8-9 ay müddətdə qeyri rəsmi ər-arvad münasibətində olmuşdur. İlqam ailəli olsa da yenədə onunla da ailə qurub, nigah bağlamaq istəmişdir. İlqamla münasibəti olan vaxtlar İlqam ona kreditlə “Redmi Note 8” markalı mobil telefon almışdır. Hadisədən təxminən 15 gün əvvəl İlqam onunla sərt davrandığı və onu qısqanaraq sıxdığı üçün ayrılmışdır. İlqam isə ondan əl çəkməmiş və hədə qorxu gələrək yenidən birlikdə olmağını bildirmişdir. İlqam ondan əl çəkmədiyi üçün bir dəfə də o, İlqamın evinə getmiş və İlqamın arvadı Şamamaya da “get ərinə yiyə dur, məndən əl çəksin” demişdir. xx xxxx 2020-ci il tarixdə İlqam ona aldığı telefonu geri qaytarmağı bəhanə edərək onun yaşadığı evə gəlib onunla mübahisə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində o, evdə olan zaman anası Səmayə ilə mobil telefonla danışmış, həmin vaxt anası ondan İlqamın onu narahat edib-etmədiyini soruşmuş, o isə İlqamın ünvanına nalayiq ifadələr işlətmiş və bundan sonra telefonu söndürmüşdür. O, pəncərəyə yaxınlaşıb pərdəni kənara çəkən zaman İlqamın küçədə oturub siqaret çəkdiyini görmüş, lakin İlqamın onu bıçaqla vura biləcəyini düşünməmişdir. Bundan sonra toyuqları hindən çıxarmaq məqsədi ilə evin qapısını açıb həyətə çıxmışdır. Həmin vaxt İlqam qolundan tutub nə səbəbə onun ünvanına nalayiq ifadələr işlətməsini soruşan zaman ona yaxşı edib nalayiq sözlər deməsini bildirmiş, həmin vaxt İlqam bıçaqla sol qarın nahiyəsinə 2 dəfə bıçaqla vurmuş, bıçaqlardan birinın qarın nahiyəsinə daxil olmasın hiss etmişdir. Bu zaman o, aşağı əyilmiş və qarnını tutub qışqırmışdır. Sonra İlqam onun qolundan tutub evin içərisinə aparmış və evində şərbət düzəldib ona vermişdir. Daha sonra İlqam onu xəstəxanaya aparmasını təklif etmiş, lakin o, razı olmayıb anası Səmayəyə zəng vuraraq təcili evə gəlməsini bildirmişdir. İlqam isə anasının gəlməsini bilib çıxıb getmişdir. Anası Səmayə isə gəlib onu xəstəxanaya aparmışdır. İlqam Əiyev ona dəymiş ziyanı ödədiyindən hazırda onunla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla təxminən 8 ildir ki, ailə qurmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Rəvanə onların evin qarşısına gəlmiş və İlqamı çölə çağırmışdır. Bu zaman o, evdən çıxmış və Rəvanə İlqamın ünvanına nalayiq ifadələr işlədərək İlqamla olan münasibətini, ondan ayrıldığını və İlqamın ona bir daha zəng etməməsini demiş, həmin vaxt İlqam evdə olsa da çölə çıxmamışdır, Rəvanə isə küçədə səs-küy salıb getmişdir. Bundan sonra o, İlqamla ona xəyanət etdiyi üçün mübahisə etsə də İlqam heç bir söz demədən evdən çıxıb getmişdir. İlqam getdikdən sonra İlqam ona xəyanət etdiyi üçün o, oğlu Məhəmmədi də götürüb Göygöl rayonu Üçtəpə qəsəbəsində yaşayan atasının evinə getmişdir, xx xxxx 2020-ci il tarixdə isə İlqamın Rəvanəni bıçaqla vurduğunu bilmişdir. Hazırda etdiyi xəyanət hərəkətlərinə görə əri İlqamı bağışlamış və himayəsində bir azyaşlı uşaqlarının olmasını nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Rəvanənin bir neçə ay qonşusu Təqsirləndirilən şəxs ilə münasibətiləri olmuşdur. İlqam evli olduğu üçün Rəvanəyə, İlqamla əlaqəni kəsməsini dəfələrlə desə də, Rəvanə onun sözlərinə məhəl qoymamışdır. Həmin müddətdə İlqam Rəvanəyə “Xiomi” markalı mobil telefon da alıb vermişdir. Hadisədən təxminən 15 gün əvvəl Rəvanə İlqamla ayrılmışdır. Lakin İlqam ayrılmaq istəmədiyini demişdir. Bundan sonra Rəvanə ilə aralarında mübahisə olmuşdur. xx xxxx 2002-ci il tarixdə İlqam onların evinə gəlmiş və Rəvanədən aldığı mobil telefonu istəmişdir. Buna görə də o, əsəbləşmiş və İlqamı evdən qovmuşdur, Hadisədən bir gün əvvəl də Rəvanə, İlqamın zəng etməsinə əsəbləşmiş və onların evinin qarşısına gedib yüksək səslə İlqamı çağırmış, İlqamın arvadı Şamama çölə çıxmış və Rəvanə İlqamın arvadına ərinin ondan əl çəkməsini demişdir. xx xxxx 2020-ci il tarixdə o, işdə olan zaman təxminən saat 09 radələrində Rəvanəyə zəng etmiş, halını soruşmuş, söhbət zamanı Rəvanə İlqamın ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin gün təxminən saat 10 radələrində Rəvanə ona zəng etmiş və İlqam tərəfindən bıçaqlandığını demişdir. Bu zaman qızı Ülviyyə də ora gəlmiş və onlar birlikdə dərhal taksi ilə evə gəldikdə Rəvanənin qarın nahiyəsindən qan axdığını görmüşdür. Rəvanə ona İlqamın onu bıçaqla vurduğunu, sonra evin içinə gətirib şərbət verdiyini demişdir. Bundan sonra dərhal gəldikləri taksi ilə Rəvanəni 3 saylı TTY xəstəxanasına aparmışlar. Məhkəmədə tədqiq edilən baxış keçirilməi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Göygöl Şəmkir yolunun qərb hissəsində yerləşən yaşayış evinin həyətində törədilmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbiekspertizasının xx xxxx 2020-ci il tarixli, 940 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–qarın nahiyəsinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası,S-vari bağırsağın zədələnməsi deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qeyd olunan xəsarətdən başqa qarın nahiyəsində bir ədəd səthi kəsilmiş yara kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 16/574 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan qısaqol, uzunətəkli qadın geyiminin üzərində olan 02 ədəd zədə bir tərəfli kəsici, ucu deçici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədələridir, zərərçəkmiş şəxsin bədənində yerləşən xəsarətlərlə tunikanın üzərində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2020-ci il tarixli, 2303 saylı arayışından görünür ki, Əliyev X1 dispanserdə qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2020-ci il tarixli, 2530 saylı arayışından görünür ki, Əliyev X5 dispanserdə qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(044)-57/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Daşkəsən RİHB-nın Dəstəfur kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 61 nömrəli arayışdan və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Əliyev X6 rayonu, Qıyıxlı kəndində yaşayır, xx.xx.1986-ci il təvəllüdlü arvadı Şahid3, xx.xx.2013-cü il təvəllüdlü oğlu X4 ibarət ailə tərkibi vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilən AZ-İ № 639587 saylı nikah haqqında şəhadətnamənin və AZ-İİ № 949020 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Şahid3 ilə nikaha daxil olmuş, həmin nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü X7 adlı övladları vardır. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə aralarında yaranmış şəxsi münaqişə zəmnində istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmasına görə onun cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Ona görə də məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəza, yəni həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmədə tədqiq edilən şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(044)- 57/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığından onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 09 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 09 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 manat məbləğində pul köçürülməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 manat 50 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində X9 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-257/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-257/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver