Məhkəmə qərarları › İş №1(100)-257/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-257/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-257/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibаrət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi - psixoloqu Qanuni nümayəndə Elçin qızının və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2007-ci il tarixdə Ukrayna Respublikasının Zaporizka şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Şəmkir şəhər Morul tam orta məktəbinin 8-ci sinif şagirdi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şəmkir şəhəri, M.Müşfiq küçəsi, ev 25 ünvanında yerləşən yaşadıqları evin həyətində atası Zərərçəkmiş şəxs onu dərman almaq üçün aptekə göndərməsindən imtina etdikdə, atasının ona sərt şəkildə acıqlanması səbəbindən əsəbiləşərək ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədi ilə yaşadıqları evin həyətində stolun üzərində olan açıq vəziyyətdə ümumi uzunluğu 200 mm olan kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə atası Zərərçəkmiş şəxs kürək nahiyəsinə qəsdən iki dəfə zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ ağciyəri zədələyən, sağ tərəfli hemopnevmotoraksa səbəb olmuş iki deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadıqları evin həyətində olan zaman atası Zərərçəkmiş şəxs ona aptekə gedib dərman almasını demişdir. Lakin həmin vaxtı velosiped sürməyə getmək istədiyi üçün o, aptekə getmək istəməmiş və buna görə atası ona acıqlanmışdır. Bundan sonra atasının halı pisləşib yerə yıxılmış, dizləri yerdə, əlini isə yerə qoyub dayanmışdır. Atasının ona sərt şəkildə acıqlanması ona pis təsir etdiyi üçün həyətdə stolun üzərində olan bıçağı götürərək arxadan atasının kürəyinə həmin bıçaqla iki dəfə vurmuşdur. Bıçaq atasının belinə batılı vəziyyətdə qalmışdır. O da bunu görüb həyəcanlanmış və qorxduğu üçün həyətdən qaçıb getmiş, 15-20 gün yaşadıqları evə gəlməmiş, gecələr yaşadıqları küçədə yaşayış olmayan yarımçıq evlərdə, bəzi vaxtlarda isə atasıgil yatandan sonra həyətə gələrək hamamın üstündə yatmışdır. Atası Ceyhunu yaşadıqları evin həyətində bıçaqla vuran zaman orada başqa heç kim olmamış, anası və bacısı yaşadıqları evdə olsalar da bunu görməmişlər. Atası Zərərçəkmiş şəxs ona və digər ailə üzvlərinə qarşı münasibəti həmişə yaxşı olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, atası Zərərçəkmiş şəxs əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün mütəmadi olaraq müalicə almış və səbəbsiz yerə tez-tez əsəbiləşmiş, atasının həmin gün acıqlanması ona çox pis təsir etdiyi üçün düşünmədən ani olaraq belə bir hərəkət etmişdir. Törətdiyi əmələ görə peşmançılıq hissi keçirmiş, atası Zərərçəkmiş şəxsla barışmış, hazırda yaşadıqları evdə qalır, Şəmkir şəhər Morul tam orta məktəbində 8-ci sinifdə oxuyur və dərsləri ilə məşğul olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdaki mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadıqları evin həyətində oğlu Təqsirləndirilən şəxs aptekə gedib onun üçün dərman almasını demiş, lakin bunu bir neçə dəfə təkrar etsə də Rəsul aptekə getməmişdir. Rəsul onu eşitmədiyi üçün o da əsəbiləşmiş və sonuncuya sərt şəkildə acıqlanmışdır. Bundan sonra halı pisləşmiş, özünü saxlaya bilməyib həyətdə yerə yıxılmış və əlini yerə dirəyib qalmışdır. Bu zaman arxadan kürəyinə zərbə dəydiyini hiss etmiş və çevrilib arxaya baxanda oğlu Rəsulun qaçıb getdiyini görmüşdür. İlk əvvəl Rəsulun onun kürəyinə daşla vurduğunu fikirləşmiş, ancaq ayağa qalxdıqda və kürəyində olan ağrıdan Rəsulun onu bıçaqla vurduğunu hiss etmişdir. Çünki bıçaq kürəyinə batmış vəziyyətdə qalmışdır. Həyat yoldaşı Natalya ona yaxınlaşdıqda polislər gələndə qorxmasınlar deyə uşaqları da götürüb getməsini demişdir. Daha sonra özü tək küçəyə çıxmış və qonşusu Muradı görüb onu xəstəxanaya aparmasını demiş, Murad da idarə etdiyi avtomobillə onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər kürəyində olan bıçağı çıxartmış və ona tibbi yardım göstərmişlər. Hadisədən sonra oğlu Təqsirləndirilən şəxs bir neçə gün evə gəlməmiş, ancaq hazırda Rəsul öz evlərində onlarla birlikdə yaşayır, valideyn və övlad kimi münasibətləri yaxşıdır və hadisə təsadüfən baş vermişdir. Rəsul onu bıçaqla vurar zaman orada başqa heç kim olmamış, həmin vaxtı həyat yoldaşı və uşaqları yaşadıqları evdə olsalar da bunu görməmışlər. Rəsula acıqlanmağı və sonuncunun onu bıçaqla vurması 1-2 dəqiqə ərzində baş vermişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, 1-ci Qarabağ müharibəsində iştirak etmiş, 2-ci qrup Qarabağ əlili olmuş, müharibədə aldığı “kontuziya”dan sonra psixi vəziyyəti ağırlaşmış, bir neçə dəfə pisixiatrik xəstəxanada stasionar müalicədə olmuş, ev şəraitində müalicəsini davam etdirmiş, mütəmadi olaraq dərman qəbul etmiş, psixi xəstəliyi ilə əlaqədar olaraq tez-tez əsəbiləşmiş, bəzi vaxtlarda isə özünü idarə edə bilməmiş, Rəsul, eləcə də digər ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuş, ailələrində heç vaxtı münaqişə olmamış, Rəsula sərt şəkildə acıqlanmağı sonuncuya pis təsir etdiyi üçün özünü itirərək onu bıçaqla vurduğunu düşünmüş və hadisədən sonra Rəsulun peşman olduğunu görəndə bir daha buna əmin olmuşdur. Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evdə olan zaman əri Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs aptekə gedərək onun üçün dərman almasını demiş, ondan sonra Ceyhun və Rəsul həyətə düşmüşlər. Bir neçə dəqiqədən sonra həyətə çıxanda Ceyhunun həyətdə yıxılmış vəziyyətdən ayağa qalxdığını və kürəyinə bıçaq sancıldığını görmüşdür. Ceyhuna yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu oğlu Rəsulun onu bıçaqla vurub qaçdığını demişdir. Həmin vaxtı Rəsul orada olmamış, sonuncu artıq qaçıb getmişdir. Həyətə polislər gələndə qorxmasınlar deyə Ceyhun ona uşaqları da götürüb getməsini demiş, özü isə xəstəxanaya getmək üçün küçəyə çıxmışdır. Ceyhun bir neçə gün xəstəxanada müalicə olunandan sonra evə gəlmişdir. Hadisədən sonra oğlu Təqsirləndirilən şəxs qorxduğu üçün bir neçə gün evə gəlməmiş, ancaq sonradan yaşadıqları evə qayıtmış və hazırda birlikdə yaşayırlar. Hadisə yaşadıqları evin həyətində baş vermiş, həmin vaxtı Ceyhun və Rəsuldan başqa orada heç kim olmamışdır. Sonradan bilmişdir ki, Rəsul aptekə getmədiyi üçün Ceyhun ona acıqlanmış və ərinin halı pisləşəndə oğlu da bıçaqla atasının kürəyindən iki dəfə vurmuşdur. Təqsirləndirilən şəxsla əri Zərərçəkmiş şəxs münasibəti həmişə yaxşı olmuş və əvvəllər aralarında heç bir mübahisə olmamışdır. İfadəsinin davamı olaraq Nataliya Bliskunova bildirmişdir ki, əri Zərərçəkmiş şəxs 1-ci Qarabağ müharibəsində iştirak etmiş və “kontuziya” aldığı üçün 2-ci qrup Qarabağ əlil olmuş, Zərərçəkmiş şəxs psixi xəstəliyinə görə ev şəraitində müalicə olunmuş və mütəmadi olaraq dərman qəbul etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımış, sonuncu uzaq qohumu olmuş və eyni küçədə yaşamışlar. 21 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi VAZ-2106 markalı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçən zaman sonuncunun küçədə ona tərəf gəldiyini və əli ilə işarə etdiyini görüb avtomobili saxlamışdır. Ceyhun avtomobilə əyləşəndə sonuncunun kürəyinə bıçaq sancıldığını və kürəyində qan olduğunu görmüşdür. Ceyhun onu tez xəstəxanaya çatdırmasını demiş və o, sonuncunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasina aparmışdır. Zərərçəkmiş şəxs xəstəxanaya aparan zaman nə baş verdiyini soruşanda sonuncu ona yaşadıqları evin həyətində oğlu Rəsulun onu bıçaqla vurduğunu demişdir. Ancaq Rəsulun atası Ceyhunu hansı səbəbdən bıçaqla vurması və sonuncular arasında nə baş verməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-in Şəmkir rayon şöbəsinin 06 oktyabr 2022-ci il tarixli, 1204 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısının daxilə keçən, sağ ağciyəri zədələyən, sağ tərəfli hemopnevmotoraksa səbəb olmuş iki deşilmiş-kəsilmiş yara deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmiş, yetirilmə müddətləri 21 sentyabr 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsində görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-ballistik ekspertizasının 16/227 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 X9 Şöbəsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən və hazırda öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur, praktiki olaraq öz fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət hadisəsini törədərkən əsəbi psixi emosional halda olsa da həmin vəziyyət fizioloji affekt halına çatmamışdır (keçməmişdir). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona xx.xx.2022-ci il tarixdə həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaqdan gizləndiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10.20 radələrində Şəmkir rayonu ərazisində müəyyən olunaraq tutulub aidiyyəti üzrə RPŞ-nin İB-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üçün əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq Şəmkir RMX-nın tibb bacısı X5 tərəfindən könüllü təqdim edilən bir ədəd cinayətin aləti olan bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Təqsirləndirilən şəxs Şəmkir şəhəri, M.Müşfiq küçəsi, ev 25 ünvanında yerləşən yaşadığı evin həyətidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdimək məqsədi ilə xx.xx.2023-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən o, Şəmkir şəhəri, M.Müşfiq küçəsi, ev 25 ünvanında yerləşən yaşadığı evin həyətində atası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və uzaqlaşdığı yeri göstərərək törətmiş olduğu cinayətin təfərruatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi cinayətin aləti olan bir ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 410 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon konsultativ poliklinikada psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur, lakin Zərərçəkmiş şəxs narkoloji kabinetdə qeydiyyatda olmasa da, “Şizofreniya, paranoid forma” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin Məsul Növbətçinin xx.xx.2022-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11.00 radələrində Şəmkir RMX-dan həkim zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanaraq kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin Məsul Növbətçinin xx.xx.2022-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11.50 radələrində Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanadan tibb bacısı zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanaraq kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin Məsul Növbətçinin xx.xx.2022-ci il tarixli raportunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12.50 radələrində X15 Xəstəxanadan növbə rəisi zəng edərək Zərərçəkmiş şəxs bıçaqlanaraq kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadıqları evin həyətində atası Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinə səbəb atasının tapşırığı ilə aptekə getməməsi və sonuncunun onu acıqlanması olmuş, hadisə zamanı orada heç kim olmamış, ailə üzləri yaşadıqları evdə olmuşlar, Təqsirləndirilən şəxsla atası Zərərçəkmiş şəxs, eləcə də digər ailə üzləri arasında əvvəllər hər hansı bir münaqişə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X13 Birliyin 012302 nömrəli vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Şəmkir Rayon Şöbəsinin 059423 saylı vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs İİ qrup ümumi xəstəlik əlilidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs aid ******** nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir şəhər Morul tam orta məktəbin 118 nömrəli, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhər Morul tam orta məktəbin 8-ci sinfində oxuyur və müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-in 407 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, M.Müşfiq küçəsi, ev 25 ünvanında yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, ailə üzvləri aşağıdakılardır: 1) atası - xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs; 2) anası – xx.xx.1984-cü il təvəllüdlü X4; 3) bacısı – xx.xx.2005-ci il təvəllüdlü X2; 4) qardaşı – xx.xx.2018-ci il təvəllüdlü X3r. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyini, sonuncu ilə barışdığını və şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə qeyd edilən cinayət əməlini törədərkən onun 14 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci və 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Ona görə də Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə və təhsil aldığı məktəbdə müsbət xarakterizə olunmasını, atasının İİ qrup əlil olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə və təhsil aldığı məktəbdə müsbət xarakterizə olunmasını, atasının İİ qrup əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs anası X1 53 (əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs anası X1 53 (əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar