Məhkəmə qərarları › İş №1(100)-258/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-258/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-258/2025 21.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəmkir şəhəri, M.Əsədov küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə, dəqiq məlum olmayan saatlarda Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən futbol meydançasının yaxınlığından tapdığı narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 may 2024-cü il tarixdə, saat 12:30-da Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsində saxlanılaraq, Şəmkir RPŞ-nə aparılmış və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən ümumi təmiz çəkisi 2.346 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, marketə gedərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşıb qolunu buraraq avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Səbəbini soruşduqda isə “gedək şöbədə başa salarıq” demişlər. Həmin hadisədən əvvəl İnar adlı əməliyyatçı ona zəng edib harada işlədiyini və harada yaşadığını soruşmuşdur. Onu polis şöbəsinə aparıb qoluna qandal vurub döyərək üzərində olan narkotik vasitəni çıxarıb təhvil verməsini istəmişlər. Sonra Şahid3 onun cibinə narkotik vasitə qoyub “getməli” olduğunu demişdir, səbəbini soruşduqda “bizə tapşırıq verilib, ilin axırıdı sən getməlisən” demişdir. Sonra onu polis rəsinin birinci müavinin otağına aparmışlar. Orada müavin narkotikin ona məxsus olduğunu demişdir. Sonra video çəkilişlə üzəridə şəxsi axtarış keçirilmiş, çəkiliş zamanı etiraz edib narkotik vasitənin ona məxsus olmadığını dedikdə çəkilişi dayandırıb ona fiziki təsir göstərmişlər, bundan sonra məcbur olub narkotik vasitənin ona məxsus olduğunu demişdir. Sonra Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən futbol meydançasının yanına aparıb əlini uzadıb guya narkotik vasitə tapdığı yeri göstərməsini istəmişlər. Orada da çəkiliş edəndən sonra prokurorun yanına aparmışlar. İfadəsinə əlavə olaraq ümumiyyətlə narkotik vasitələrlə əlaqəsinin olmadığını, polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını, belində və üzündə xəsarətlərinin olduğunu, təzyiq altında qalaraq etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, qanunsuz daşınması və saxlanılmasında şübhəli olması ilə bağlı ona daxil olmuş məlumat rəhbərliyə məruzə edildikdən sonra o, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yardılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Tofiq İsmayılov küçəsində saxlanılaraq Şəmkir RPŞ-ə aparılarıb təhqiqat bölməsinə təhvil verilmişdir. Bundan başqa o, ifadəsində saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir olunmadığını, onun barəsində müxtəlif vaxtlarda məlumatlar daxil olduğunu, üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmədiyini, onun üzərindən narkotik vasitə olan heroin aşkar olunması barədə sonradan eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Elvin Orucova daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yardılmış və Şəmkir rayonu Tofiq İsmayılov küçəsinin başında Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə aparıb təhqiqat bölməsinə təhvil vermişlər. O, şəxsi axtarış keçirilməsində iştirak etməmiş, Əlxanın üzərindən narkotik vasitə aşkar olunması barədə sonradan bilmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs qarşıə heç bir fiziki və ya psixoloji təsir göstərmədiyini, onun cibinə narkotik vasitə qoymadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, lakin polis şöbəsində təhqiqatçı Vüqar Abdulalı tərəfindən onun üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Əlxana üzərində qanunsuz hər hansı əşya və prediment olub-olmaması barədə sual verildikdən sonra o, üzərində olan narkotik vasitəni çıxarıb könüllü təqdim etmiş və şifahi sorğu zamanı aşkar olunan narkotik vasitəni tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa o, ifadəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalması haqqında ona heç nə demədiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 11 radələrində 9-cu küçədə qara rəngli bir avtomobildən düşən mülki geyimli şəxslərin Əlxanın qolundan tutub başını aşağı əyərək avtomobilə mindirib apardıqlarını görmüş və Əlxanın anasına zəng edib bu barədə məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Əlxan onun qayınıdır, uzun müddətdir ki, 6-cı küçədə yerləşən mağazada birlikdə işləyirlər, hər gün işə birlikdə gedib-gəlirlər. Əlxanın narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur, əvvəllər məhkum olunduğu üçün polis əməkdaşları onu əsassız olaraq saxlamışlar. xx.xx.2024-cü il tarixdə nahar etmək üçün evə gedərkən Əlxan bir qədər ondan irəlidə, o isə azyaşlı uşağı ilə birlikdə Əlxanın arxasınca gedirmiş. Bu zaman iki nəfər mülki geyimli şəxsin qara rəngli “Hyundai İ30” markalı avtomobildən düşüb zorla Əlxanı avtomobilə mindirib apardıqlarını görmüşdür. Sonra polis idarəsində işləyən qonşuları zəng edib Əlxanın saxlanıldığını bildirmişdir. Onlar polis idarəsinə gedib Əlxanın saxlanılma səbəbini soruşanda “bayram günüdür, saxlanılma səbəbini deyə bilmərik” deyə cavab vermişlər. Sonra Şahid3 “Əlxan çıxsa da onu yenidən tutacam” demişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən, görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkilərək 2.43 qram olması müəyyən olmuşdur. Məhkəmədə tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/625 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərində aşkar olunmuşnarkotik vasitəyən bənzər kütlə....” sözləri və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf poletilen kəsiyi bükümündə təmiz çəkisi 2.346 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində yerləşən futbol meydançasının yanında xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan heroini tapdığı yeri göstərmişdir. Məhkəmədə nümayiş olunmuş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan bir ədəd şəffaf bükümü çıxarıb təqdim etmiş və kokos olduğunu bildirmişdir. Şəxsi axtarışda iştirak edən müdafiəçi Rüstəmə Ağayevanın suallarına cavab olaraq əvvəllər narkotik vasitə istifadə etdiyi üçün tapdığı bükümün narkotik vasitə heroin olduğunu bilib götürdüyünü, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmadığını, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına, Şəmkir rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin məhkəmənin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilətəqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 237.2.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 07 ay 17 gün hissəsi ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası TƏBİB PHŞ Şəmkir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 352 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Poliklinikasında psixiatrik kabinetdə qeydiyyatda durmur. xx.xx.2021-ci il tarixdən narkokolji kabinetdə qeydiyyatda durur. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-ninin xx.xx.2024-cü il tarixli, 473 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarxili, 3-16-17/41/2-6448/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş, bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Şəmkir RİH başçısının Şəmkir şəhəri İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-76-1/2-02D-113/24 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli, 447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CMnin 21.1-ci maddəsinin təsiri altına düşmür və hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-bitmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2.246 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancına verilmiş, şəxsi axtarış videoçəkilişinin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını, aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, fiziki təsirlərə məruz qaldığını və təzyiq altında qalaraq etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Həmçinin məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 və X4 ifadələrində Təqsirləndirilən şəxs mülki geyimli polis əməkdaşları tərəfindən zorla avtomobilə mindirilərək aparıldığını bildirmişlər. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eyni zamanda şahidlər X4 və X2 ifadələrinə tənqidi yanaşaraq onların ifadələrini təqsirləndirilən şəxslə tanış olduqlarından onu müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, İsrafil Məmmədov küçəsində yerləşən stadionun yaxınlığında olan zaman şəffaf rəngli sellofan bükümdə kakos kimi tanıdığı narkotik vasitəni görüb əvvəllər istifadə etdiyi üçün götürüb cibinə qoyduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı müdafiəçi Rüstəmə Ağayevanın suallarına cavab olaraq əvvəllər narkotik vasitə istifadə etdiyi üçün tapdığı bükümün narkotik vasitə heroin olduğunu bilib götürdüyünü, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmadığını, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X5, Şahid3, Şahid4 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq olunmadığını, onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmadığını bildirmişlər. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 352 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Şəmkir rayon Poliklinikasında narkoloji kabinetdə qeydiyyatda durur. Həmçinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1220 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bundan başqa Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-ninin xx.xx.2024-cü il tarixli, 473 nöməyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səhtində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3 və 237.2.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 07 ay 17 gün hissəsi ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ağır cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs azad olunduğu vaxtdan altı il keçmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar edilməmişdir. Əməlində cinayətlərin təhlükəli residivinin olması isə həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2.246 qram olan narkotik vasitə olan heroin məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və Şəmkir rayon Poliklinikasında narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb Şəmkir RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2.246 qram narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar