Məhkəmə qərarları › İş №1(100)-261/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-261/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-261/2021 26.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Vəkil Bürosunun vəkili X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə 10 avqust 2020-ci il tarixdə, təqribən saat 13 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsində istintaqla dəqiq müəyyən edilə bilməyən ünvanda kirayə yaşadığı evdə olarkən “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən "WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini ona göstərib həmin şəkilləri, yəni rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 4 (dörd) min manat tələb etmiş, Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında və müəllim işlədiyi kollektivdə biabır olmamaq üçün ondan tələb olunan məbləğdə pulu vermək məqsədi ilə həmin gün Bakı şəhəri, Əmircan qəsəbəsi ərazisində olan "Kapital Banka" gedərək öz adına kredit alarkən kredit mütəxəssisi ilə onun danışığını eşidib, bankın Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat miqdarında kredit verə biləcəyini öyrənib onu həmin məbləği götürməyə məcbur edib, yaxınlıqda olan "Ballı" adlanan marketdə quraşdırılmış "Milion" ödəniş terminalı vasitəsilə özünün bank hesabına köçürtməklə Zərərçəkmiş şəxs barəsində özündə olan rüsvayedici məlumatları yaymaqla onu hədələyib qəsdən onun 4400 (dörd min dörd yüz) manat miqdarında pulunu hədəqorxu ilə tələb edib alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını hədəqorxu ilə tələb etmək məqsədi ilə qəsdən vahid niyyətlə 12 avqust 2020-ci il tarixdən həmin ilin sentyabr ayının axırlarınadək olan müddət ərzində “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə +**********42 mobil nömrədən" WhatsApp" vasitəsilə zəng edərək özündə olan, Zərərçəkmiş şəxs yarı çılpaq şəkillərini, yəni rüsvayedici məlumatları onun ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə yayma hədəsi ilə Bakı şəhəri Əhmədli qəsəbəsində istintaqla dəqiq müəyyən edilə bilməyən ünvanda kirayə yaşadığı evdə olarkən 12 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 4 (dörd ) min manat, Bakı şəhərinin istintaqla dəqiq müəyyən edilə bilinməyən ərazilərində olarkən 17 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan yenidən 4 (dörd) min manat, 20 avqust 2020-ci il tarixdə, təqribən saat 14 radələrində ondan 5 (beş) min manat, 21 avqust 2020-ci il tarixdə, təqribən saat 22 radələrində 4 (dörd) yüz manat, 23 avqust 2020-ci il tarixdə, təqribən saat 22 radələrində ondan 3 (üç) yüz manat, ünvan 2 ünvanda olarkən 27 avqust 2020-ci il tarixdə səhər saatlarında ondan 1 (bir) yüz manat, həmin gün saat 22 radələrində isə 7 (yeddi) min manat, Türkiyə Respublikasının ərazisində olarkən 2020-ci ilin sentyabr ayının axırlarında istintaqla müəyyən edilə bilməyən gündə və vaxtda isə 6 (altı) min manat olmaqla ondan qəsdən təkrarən, xeyli miqdar təşkil edən cəmi 26800 (iyirmi altı min səkkiz yüz) manat miqdarında pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edib, tələb etdiyi puldan 19200 (on doqquz min iki yüz) manatını özünün istifadəsində olan bank hesablarına köçürtdürməklə ondan alıb ələ keçirmişdir. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatət verərək Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 286-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən də cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması və CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə protokollarından görünür ki, həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi protokollarında cildlərinin və hər bir cilddə vərəqlərin sayı göstərilməyərək, ümumi olaraq “İİİ cild 655 vərəqə” qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Həmin Məcəllənin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, 26.06.2021-ci il tarixdə ibtidai istintaqın qurtarması təqsirləndirilən şəxsə elan edilmiş, təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə 26.06.2021-ci il tarixdə saat 12:20-dən, saat 15:15-dək cinayət işinin materialları ilə tanış edilmiş, tanış olmadan sonra təqsirləndirilən şəxsin müdafiəçisi əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi ilə bağlı 3 vərəqədən ibarət əlyazma şəklində vəsatət vermiş, həmin vəsatət müstəntiqin 26.06.2021-ci il tarixli qərarı ilə rədd edilmiş, həmin qərarın təqdim edilməsi barədə məktubda müdafiəçi 26.06.2021-ci il tarixdə qərarı almasını imzası ilə təsdiq etmiş, lakin, imzanın altında aydın şəkildə rəngi fərqli olan qələm və xətlə saat “17: 00” rəqəmləri qeyd edilmişdir. Bundan sonra 28.08.2021-ci il tarixdə isə saat 17:30 da ittiham aktının tərtibinə başlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 287.3-cü maddəsinə əsasən isə müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. CPM-nin 289.1-ci maddəsinə əsasən Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. CPM-nin 202.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Göründüyü kimi, cinayət işinin materialları ilə tanış olmadan sonra müdafiəçi tərəfindən əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə verilmiş vəsatətin rədd edilməsi haqqında qərardan şikayət verilməsi ilə bağlı qanunla müəyyən edilmiş 48 saat müddət real olaraq gözlənilmədən, yəni müddətin başlandığı saat və gün hesaba alınmadığı nəzər alınmamaqla, ittiham aktının tərtibinə başlanılmışdır. Bundan başqa cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxsin müdafiəçisi ibtidai istintaq zamanı vermiş olduğu vəsatətlərində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona baxış keçirilməsini, əleyhinə ifadə verən şəxslərlə üzləşdirilməsini ( o cümlədən zərərəçəkmişlə yenidən üzləşdirilməsini), cinayətin törədilmə yerinin müəyyən edilməsi ilə əlaqədar istifadəsində olan mobil telefon anten dairələrinə və bank çıxarışlarına baxış keçirilməsini, təqsirləndirilən şəxsin sərhəd keçmə məlumatlarının yoxlanılmasını, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında olan “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalarına baxış keçirilməsini və qarşılıqlı təhlil aparılmasını, telefonun təqdim edilməsi protokolunun təqsirləndirilən şəxs tərəfindən imza edilməsi səbəbindən xətşünaslıq ekspertizasının təyin edilməsini qeyd etmişdir. İbtidai istintaq zamanı müdafiəçi tərəfindən əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə verilmiş vəsatətlər rədd edilmiş, cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etməsi nəzərə alınmaqla müdafiəçinin vəsatətində qeyd etdiyi əlavə istintaq hərəkətlərinin heç biri icra edilməmişdir. CPM-nin 220.3-cü madddəsinı əsasən cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. CPM 19.4.5-ci maddəsi və “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddənin “d” yarımbəndinə əsasən təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. Həmçinin, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından və ittiham aktından görünür ki, təqsirləndirilən şəxsə 9 epizod üzrə təkrarçılıqla hədə qorxu ilə tələb etməyə görə verilmiş ittihamın ilk 6 epizodun Bakı şəhəri ərazisində, 7 və 8-ci epizodların Samux rayonu ərazisində sonuncu epizodun isə Türkiyə Respublikası ərazisində törədilməsi qeyd edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs ilkin izahatlarında sonuncu dəfə pulu Bakı şəhərində olarkən tələb etməsi və Səbail rayon ərazisində almasını, sonrakı ifadəsində Samux rayonu ərazisində tələb etməsi və pulun hesab kartına köçüçrülməsini qeyd etmiş, Samux rayon RPŞ-də verdiyi ifadəsində isə Suraxanı RPİ-nin müstəntiqin tələbi ilə sonuncu pulu Samux rayonunda olarkən tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs də ifadələrində və ərizələrində təqsirləndirilən şəxsin ondan hədə qorxu ilə pulları tələb edərkən sonuncunun Bakı şəhərində olmasını, sonuncu dəfə isə hədə qorxu ilə pul tələb edərkən Türkiyə Respublikasında olmasını qeyd etmişdir. Bundan başqa iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonun anten dairələrindən görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan telefon 2021-ci ilin avqust ayı ərzində Samux və Gəncə ərazisində qeydə alınmışdır. Həmçinin, təqsirləndirilən şəxsin hesab kartından çıxarışdakı məlumatlardan görünür ki, köçürülmüş pullar 2021-ci ilin avqust ayında Gəncə və Samux ərazisində yerləşən bankomatlardan nağdlaşdırılmışdır. Bununla yanaşı, cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğv edilməsi barədə Baş Prokurorunn birinci müavinin 05 may 2021-ci il tarix qərarında qeyd edilmişdir ki, tam, hərtərəfli araşdırma aparılmadan, sərhəd keçmə məlumatları götürülmədən və digər zəruri istintaq hərkətləri aparılmadan verilmiş ittiham üzrə son cinayət əməlinin törədildiyi yer dəqiq müəyyən edilməmiş və vaxtından əvvəl cinayət işinin aiddiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir. İbtidai istintaq zamanı yuxar prokuror tərəfindən verilmiş həmin göstəriş ibtidai istintaq dövründə icra edilməmişdir. “Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqındad Plenumun Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 30 aprel 2021-ci il qərarının 1.8 bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Lakin, təqsirləndirilən şəxsə verilmiş ittihamda 2021-ci il 12 avqustdan 23 avqustadək olan müddət ərzində olan 6 epizod üzrə cinayətin törədilmə vaxtı, günü və saatı zərərçəkmiş tərəfindən pulun köçürülməsi ilə bağlı qəbzlər əsasında müəyyən edilmiş, törədilmə yeri isə zərərçəkmişin Bakı şəhəri ərazisində pul göndərdiyi terminalların yerləşdiyi ərazi götürülmüşdür. Həmin ittihamda sonuncu epizodun Türkiyə Respublikasında ərazisində törədilməsi qeyd edilsə də, sərhəd keçmə məlumatları yoxlanılmamışdır. CPM-nin 74.3-cü maddəsinə əsasən xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcələnin 289.3-cu maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməli, ittiham aktının nəticəvi hissəsində isə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Beləliklə, cinayətin törədilmə yerinin,vaxtının, nəticəsinin dəqiqləşdirilməsi, işin göndəriləcəyi məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri icra edilməmiş, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarında və ittiham aktının təsviri əsasladırıcı və nəticəvi hissəsində təqsirləndirilən şəxsə işinin faktiki hallarına uyğun gəlməyən qeyri-müəyyən ittiham verilmişdir. Həmin məcəllənin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Yuxarıda qeyd edilənlərdən görünür ki, istinad edilən pozuntularla həm təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, həm də ittiham aktı CPM-in tələblərinə uyğun tərtib edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, CPM-in 303.3.6-cı maddəsinə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, 31 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs CMnin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, Suraxanı rayon məhkəməsinin 15.02.2021-ci il tarixli, 15.04.2021-ci il tarixli, 09.05.2021-ci il tarixli qərarları iə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 14 iyul 2021-ci il tarixədək uzadılmış, həmçinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənə qədər dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə, zərərçəkmiş şəxsin nümayəndəsinə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar