Məhkəmə qərarları › İş №1(100)-263/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-263/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-263/2025 17.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X10 və X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X12 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax şəhrində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarix və mənbədən satış məqsədi olmadan naməlum çəkidə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edərək üzərində daşıyaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı nəticəsində xx.xx.2023-cü il tarixdə saat 08:40-da Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax şəhəri, N.Nərimanov ev 10 mənzil 1-də qeydiyyatda olmaqla, Qazax şəhəri, N.Nərimanov qəsəbəsi ev 4-də yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Şahid4 Vladdim oğlunun idarə etdiyi “VAZ 2106” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində olarkən Qazax şəhəri N.Nərimanov küçəsində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı mülki geyimli şəxslərin (polis əməkdaşlarının) avtomobilə yaxınlaşdığını görüb bundan şübhələnərək üzərində olan narkotik vasitəni avtomobilin salonuna ayaqaltı hissəsinə atmağa cəhd etmiş, polis əməkdaşları tərəfindən saxlanılıb həmin narkotik vasitə ilə birlikdə Qazax şəhəri Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Qazax Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümünün içərisində ümumi təmiz çəkisi 2,936 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, saxlanılan gün səhər səhər 09:00 radələrində taksi ilə işə gedərkən polis əməkdaşları “Mercedes” markalı avtomobillə taksinin qabağını kəsmiş, 5-6 nəfər polis əməkdaşı maşından düşərək üzərinə doğru gəlmiş, narkotik vasitəni cibindən çıxarıb gizlətmək istəyəndə narkotik vasitə cibindən maşına düşmüş, polis əməkdaşları onu saxlayıb Qazax RPŞ-yə aparmış, fiziki zorakılıq göstərmiş, onu vuraraq əlavə yükləyəcəyini demişlər. Üzərindən çıxan yəni avtomobilə düşən narkotik vasitənin cəzasını çəkməyə razı olduğunu desə də boynuna əlavə narkotik vasitə qoyub həmin narkotik vasitənin özünü olduğunu deməyi tələb etmişlər. Onların fiziki zorakılığına dayana bilməyib, məcburiyyət qarşısında boynuna qoyduqları narkotik vasitənin aparılmış çəkiliş vaxtı özünə məxsus olduğunu demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, polis əməkdaşları onu saxlayarkən o taksidə olmuş, işə getmişdir. Qazax şəhərində Ramiz adlı şəxsin fərdi evində saxlanılmamışdan bir müddət əvvəl usta işləmişdir. Çəkilişdə olan və ittiham aktında göstərilən miqdarda narkotik vasitə ona məxsus olmamışdır. Üzərində yarım qramdan da az miqdar heroin olmuş, həmin narkotik vasitəni Bakı şəhərində tanış olduğu Namiq adlı əvvəlki iş yoldaşından almış, sonuncu ilə Bakı şəhərində bir yerdə işləyəndə tanış olmuşdur. Namiqin telefon nömrəsini bilmir, bundan əvvəl Namiqdən 1 qram narkotiki vasitəni təxminən 5-6 ay əvvəl almış, narkotik vasitənin yarısını az-az istifadə etmiş, narkotik vasitə daimi üzərində olmuşdur. Saxlanılarkən maşına atdığı bükümü polis əməkdaşları götürmüş, sonradan Hikmət adlı polis əməkdaşı təkrar daha irisini ona vermişdir. Namiqlə Bakı şəhərində biryerdə işləmişlər. Sonuncu ona zəng edib narkotik vasitənin yerin demiş, gedib dediyi yerdən götürmüşdür. Saxlanıldığı günü Namiq ona zəng etməmişdir. Onu “Mercedes” markalı avtomobillə saxlatmışlar. Avtomobildə arxa sərnişin oturacağında əyləşmiş, polislər gələndə isə narkotik vasitəni ayaq altına atmışdır. Polislərin gəldiyi “Mercedes” markalı avtomobili kimin idarə etdiyini bilmir. Polis əməkdaşları taksiyə yaxınlaşıb sürücü ilə onu maşından düşürtmüş və narkotik vasitə ilə birlikdə Qazax RPŞ-yə aparılmışlar. Üzərinə baxışı saxlanıldığı yerdə keçirtməmişlər. Bükümdə olan narkotik vasitəni ona sonradan Hikmət adlı polis əməkdaşı vermiş, polislər onu döymüşlər. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki..... ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 10 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 3-4 ay olar Namiq adlı narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər Bakı şəhər sakini “Namiq” adlı mobil nömrəsini xatırlamadığı şəxslə telefon əlaqəsi saxlayan ona gizli nömrədən zəng edən həmin şəxs ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuş, Namiq ona Qazax şəhərində yerləşən avtovağzalda görüşməyi təklif eləmiş, o da razılaşmışdır...xx.xx.2023-cü il tarixdə saat təxminən 08:30 radələrində narkotik vasitə olan heroini sağ ayağının corabının boğaz hissəsində gizlədərək evdən çıxmış və yaşadığı yerin yaxınlığında dayanmış taksiyə minib 1 manat pulu olduğunu və onu təmir işi gördüyü “Qai Ramizin” evinə aparmağını xahiş etmişdir. Taksi sürücüsü avtomobili idarə edərək Ramizin evi istiqamətində getmiş, Qazax şəhəri N.Nərimanov küçəsində işlədiyi evin yaxınlığına çatanda bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Onu və Məhərrəmi polis şöbəsinə aparmış, orada üzərinə polis əməkdaşlarının, vəkilin və taksi sürücüsünün iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, O da sağ ayağına geyindiyi qara rəngli corabın boğaz hissəsinin altında saxladığı şəffaf rəngli sellofan kəsiyi bükümünü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, 20 gün bundan əvvəl “Namiq” adlı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Məhhərrəmin avtomobilinə də baxış keçirilmiş, qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 fevral 2023-cü il tarixdə xidmətdə idim. Qazax RPŞ-nin X5 Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil oldu. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra rəhbərlik tərəfindən əməliyyat axtarış qrupu yaradılmış, əməliyyatçılarla birlikdə şəxsin olduğu əraziyə getmişlər. Şəxs Qazax şəhəri Nəriman Nərimanov küçəsində saxlanılmış və onu Qazax RPŞ-yə aparmışlar. Şəxsin üzərinə təhqiqatçı tərəfindən videokamera ilə baxış keçirilmiş, narkotik vasitə olub-olmamasını soruşduqda şəxsin özü üzərində narkotik vasitə olduğunu bildirib sağ ayağındakı corabının içindən sellofan bükümdə narkotik vasitəni təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi əvvəlcədən tanımamış, əməliyyatın məzmunu şəxsin üzərində narkotik vasitə saxlaması olmuşdur. Şəxsi saxlayarkən o taksidə olmuş, yanındakı şəxs isə taksi sürücüsü olmuşdur. Qazax RPŞ-də taksi sürücüsünün avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü saxlanılmamışdan 20 gün əvvəl Bakı şəhər sakini, adını tam bilmədiyi Namiq adlı şəxsdən 30 manat müqabilində narkotik vasitəni Qazax rayon ərazisində qoyduğu yerdən götürdüyünü demişdir. Şəxs aldığı narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmiş, onlara qarşı hər hansı tabesizlik etməmişdir. Təqsirləndirilən şəxsin dediyi Bakı şəhər sakini olan Namiq adlı şəxsin şəxsiyyəti müəyyən olmadığı üçün əməliyyat məlumatını yoxlaya bilməmişlər, çünki şəxs özü belə həmin şəxsi dəqiq tanımamışdır. Əməliyyat məlumatı daxil olanda şəxsin harda olması barədə məlumat olmamış, sonradan Qazax şəhəri Nəriman Nərimanov küçəsində olmasını bildirmişlər. Şəxsi səhər saatlarında təxminən 08-09 arası saxlamış, Qazax RPŞ-yə gətirildikdən 15-20 dəqiqə sonra da üzərinə baxış keçirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 2024-cü iiln fevral ayının 18-i Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili olan Şahid1 əməliyyat məlumat daxil olmuş, məlumat Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar olmuşdur. Rəhbərliyə məruzə edildikdən sonra əməliyyat axtarış qrupu yaradılmış, şəxsin saxlamış və polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə gətirdikdən sonra təhqiqatçı tərəfindən Natiq şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmiş, özü üzərində olan heroin adlanan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi saxlayarkən yanında başqa bir nəfər də olmuş, lakin həmin şəxsin kim olduğunu bilmir. Təqsirləndirilən şəxsi saxlayarkən ona qarşı hər hansı zorakılıq olmamış, şəxsin üzərinə keçirilmiş videoçəkilişdə özü də iştirak etmişdir. Şəxs polis şöbəsinə gətirildikdən təxminən yarım saat sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxs avtomobildə olarkən saxlanılmış, avtomobilin qabağını kəsib onu saxlamışlar. Şəxsin üzərindən narkotik vasitə aşkar olunanda orada olmuşdur. Şəxsdən narkotik vasitəni hardan əldə etməsi soruşulanda narkotik vasitəni Bakı sakinindən pulla aldığını, narkotik vasitənin Qazax rayonuna atılıb sonradan oradan götürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qazax RPŞ PPXB-nin polis nəfəri Şahid3 da eyniməzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat axtarış qrupu yaradılmış, şəxsin olduğu yeri müəyyən edilib Qaraya məxsus olan avtomobillə olduğu yerə yollanmışlar. Təqsirləndirilən şəxs avtomobildə olduğuna görə olduğu avtomobili saxlamışlar, yanında başqa bir nəfər şəxs sürücü də olmuşdur. Hər ikisini Qazax rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gətirdikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış nəticəsində üzərindən 1 bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, şəxs aşkar olunan narkotik vasitəni Bakı şəhərində yaşayan şəxsdən pulla aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Vladdim oğlu ifadəsində göstərmişdir ki, "VAZ 2016" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Adını sonradan bildiyi Natiq üstü başı zamaskalı (suvaqlı) şəkildə Əsədoğlu market tərəfdə maşına oturub onu “Çinqouz” N.Nərimanov küçəsinə tərəfə aparmağı demiş, ünvana çatmağa az qalmış sonradan polis olduğunu bildiyi 4 nəfər polis əməkdaşı maşınla sürdüyü maşının qabağını kəsmiş və arxa sərnişin yerində oturan Natiqi saxlamışlar. Natiq maşına bir büküm nəsə atmış, lakin polis əməkdaşları onu düşməyə qoymayıb, bükümü də götürmüş və Natiqlə onu avtomobili ilə birlikdə Qazax RPŞ-yə aparmışlar. Orada videoçəkilişdə iştirak etmiş və maşının salonuna atdığı həmin bükülünü Natiq corabından çıxarıb təqdim etmiş, bükümün narkotik olduğunu onda bilmişdir. Sonra polislər avtomobilinə baxış keçirmiş oradan heçnə aşkar edilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, polislər Natiqlə birlikdə onun əlindən düşən bükülünü də maşından götürmüşlər. Sonradan polis şöbəsində Natiq həmin bükülünü çıxarıb təqdim etmiş, maşına tatılan və Natiqin çıxarıb təqdim etdiyi bükülülər görünüşünə və miqdarına görə eyni boyda olmuşdur. Natiqə qarşı polis əməkdaşları və qeyri şəxslər tərəfindən saxlanılarkən və şöbədə vurma döymə hallarını görməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlaması barədə Qazax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Qazax RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, PPXB-nin polis nəfəri Şahid3, ƏRQ-nin kiçik inspektoru X11 və təhqiqatçı X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Qazax RPŞ CAB-ın əməliyyat axtarış müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Abbasov X7 X3 Məhərrəm Vladdim oğlunun idarə etdiyi “VAZ 2106” markalı ** BH *** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində olarkən narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlamasında əsaslı şübhələr olduğu üçün saxlanılıb həmin gün saat 09:00-da Qazax RPŞ-yə gətirilib növbətçi hissəyə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olması soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək sağ ayağındakı qara rəngli corabın boğazından 01 (bir) ədəd şəffaf sellofan kəsiyindəki bükümü təqdim edərək həmin bükümün içərisindəki qəhvəyi rəngli kütlənin "kakos" adlandırılan narkotik vasitə olan "heroin" olduğunu, həmin narkotik vasitəni təxminən 20 gün əvvəl Bakı şəhər sakini "Namiq" adlı şəxsdən 30 (otuz) manat qarşılığında aldığını bildirmişdir. İstintaq hərəkətinin davamı olaraq "VAZ 2016" markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qazax RPŞ-nin həyətində keçirilmiş baxış zamanı isə oradan hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları, eyni zamanda qanunla qadağan olunmuş digər predmet aşkar edilməmiş, şəxsi axtarış zamanı aşkar edilmiş bükülü qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2023-cü il tarixli 16/238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,936 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: təmiz çəkisi 2.936 qram tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,836 qram. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1020 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Qazax rayonunda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə dair məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməklə barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin gün saat 14:25-də təqsirləndirilən şəxs MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-263/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğu üçün qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri seçilmiş və O, məhkəmə iclas zalından həbsə alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işinin ayrılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı digər cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2019-cu ildə çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ-İİ №920392 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X8 adlı azyaşlı övladı var. Cinayət işində olan və məhkəmədə araşdırılan Qazax RİHB-nin Qazax şəhəri üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023 tarixli 5-58-4-12-21/2-444/2023 saylı arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Qazax rayon Psixiatriya xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli 294 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İşdə olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2023-cü il tarixli 1020 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olsa da miqdarının 0,5 qram, yaxud daha az olduğunu həmin narkotik vasitəni saxlanılarkən avtomobilin ayaqaltısına atsa da, polislərin bunu görüb onu və həmin bükümü götürüb polis şöbəsinə gətiridklərini lakin sonradan həmin narkotik vasitənin üzərinə əlavə miqdar qoyularaq videçəkilişlə keçirilmiş axtarışdan əvvəl özünə qaytarıldığını və edilmiş fiziki və psixoloji təzyiq nəticəsində əməlini etiraf etdiyini bildirmişdir. Lakin həmin ifadələrin qanunsuz olaraq üzərinə qoyulması və atdığı narkotik vasitə ilə sonradan polis tərəfindən təzyiq göstərilərək ona verilən narkotik vasitənin eyni miqdarda olmaması, üzərinə cinayət axtarış müvəkkili tərəfindən əlavə edilməsini təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər hər hansı sübutla təsdiq edilmədiyi, üçün məhkəmə şəxsin ifadələrini həmin hissədə sübut kimi qəbul etmir və özünümüdaifə hüququndan irəli gələn hal kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi (vəkillə) təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada ona izah olunmuş, prosessual istintaq hərəkətlər isə videoçəkilişlə saxlanıldıqdan qısa müddət sonra həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs bir tərəfdən fiziki zorakılığa qaldığını iddia etsə də, ifadəsində bu barədə MSY-də saxlanıldığı müddətdə gəlmiş həkimlərə bildirmədiyini göstərmiş, şəxsi axtarışa dair videogörüntülərə məhkəmədə keçirilmiş baxış zamanı isə Təqsirləndirilən şəxs bədən səthinin gözlə görünən hissələrində görünən xəsarət, yaxud xəsarət izi və ya sonuncunun qeyri adi psixi, emosional halda olduğunu göstərən hal müəyyən edilməmişdir. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, aparılan istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə təzyiqə məruz qaldığını bildirməmişdir. Qeyd edilməlidir ki, polis şöbəsinə gətirildikdən təxminən 30 saat sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmməklə Qazax RPŞ MSY-dən azad edilmiş Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi qanunsuzluqlara məruz qalması barədə aidiyyəti səlahiyyətli orqanlara məlumat vermək (şikayət etmək), eləcə də istənilən dövlət yaxud özəl tibbi müəssisəsinə məruz qaldığını göstərdiyi fiziki zorakılıq əlamətlərinin qeydə alınması üçün müraciət etmək hüququna malik olmuşdur. Nəzərdən qaçırılmamalıdır ki, keçirilmiş məhkəmə-kimyəvi ekspertiza zamanı təqdim edilən bükülü içərisində olna heroinin müxtəlif tərkibdə (qarışıq formada) olması aşkar edilməmişdir ki, bu da şəxsin atdığı narkotik vasitənin məhz aşkar olunduğu çəkidə olmasını təsdiq edir. Məhkəmədə dindirilmiş iş üzrə Şahid4 da Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifdəsi ilə eyniməzməzmunlu ifadə verərək sonuncunun avtomobilin salonuna atdığı bükülünün polis əməkdaşları tərəfindən avtomobildən götürülməsini göstərmişdir ki, bu da narkotik vasitənin həqiqətən avtomobildən aşkar edilməsini göstərir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs saxlanılarkən narkotik vasitənin atdığı yerdə aşkar edilib götürülməsinin və sonradan şəxslə birlikdə təhvil verilməsinin qeydə alınmaması və rəsmiləşdirilməməsi (akt, protokol, videçəkilişlə), sonradan Təqsirləndirilən şəxs qaytarılıb, sonuncunun videoçəkiliş vaxtı həmin bükülünü təqdim etməsi müdafiə tərəfindən həmin bükümün eyni büküm olmaması, miqdarının polis tərəfindən süni artırılması kimi şübhələrinin və əsassız ehtimalların yaranması ilə nəticələnmiş, həmin hal məhkəmə baxışında xüsusilə qabardılmışdır. Məhkəmə qeyd edir ki, narkotik vasitənin corabın içindən aşkar edilməsi, polis tərəfindən keçirilən əməliyyat axtarış tədbiri zamanı saxlanılarkən sərnişin qismində olan taksi avtomobilinin salonunun ayaqaltısına atıldıqdan sonra aşkar edilməsi şəxsin üzərində saxlanılarkən narkotik vasitə olmasını inkar etmədiyi və təqsirləndirilən şəxs saxlanılarkən üzərində həmin narkotik vasitə olması və onu atması digər mötəbər sübutlarla təsdiq edildiyi üçün əməlin tövsifi və şəxsin təqsirliliyinə hər hansı təsir etməsə də məhkəmə bununla bağlı mövqeyini ayrıca ifadə edəcəkdir. Məhkəmə cinayət prosesi tərəflərinə iddia və dəlillərinin təsdiq edən sübutların təqdim edilməsi üçün kifayətə qədər bərabər imkan, müddət və əlçatanlıq təmin etsə də tərəflərin iş materiallarından başqa hər hansı sübut təqdim etməməsi (əldə edilməsi üçün vəsatət verilməməsi) məhkəmənin işə verilən ittiham daxilində təqdim edilən sübutlar əsasında baxmasına mane olmamışdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmə baxışında tədqiq edilən hallara əsasən məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroini şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğundur və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi isə CMnin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar psixotrop maddələri qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar olmasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş aşağı həddinə yaxın cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə məhkum edilmiş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən şübhəli şəxs qismində tutulduğu 18-xx.xx.2023-cü il tarixlər olan 2 (iki) gün çıxılmaqla ona təyin edilmiş azadlıqdan cəzaçəkmə müddətinin başlanğıcı məhkəmənin qərarı ilə hazırki iş üzrə həbs olunduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmə iş üzrə məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Qazax RPŞ-də saxlanılan qalıq çəkisi 2,836 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətinin olduğu 1 ədəd “DVD” disk, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 ( otuz manat qırx qəpik) manat X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli məhkəmənin qərarına əsasən həbs olunduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-də saxlanılan qalıq çəkisi 2,836 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntülər olan 01 ədəd “DVD” disk, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar