Məhkəmə qərarları › İş №1(100)-266/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-266/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-266/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X14 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Göygöl rayonu, Dozular kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Nuxa küçəsi, ev 39-da yaşayan ,barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, anası X6 tərəfindən verilmiş 13.03.2017-ci il tarixli, ƏN-İİİ 967725 nömrəli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə əsasında özünə məxsus “Man” yük markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 16.03.2021-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ olmaqla, lakin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək və yorğun vəziyyətdə idarə etməməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə riayət etmədən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və yorğun vəziyyətdə, eyni zamanda hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi sürətlə, yəni 60-70 km/saat sürətlə idarə edib Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qeyd edilən Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin prospektdə yerləşən Nizami Gəncəvinin məqbərəsinin yaxınlığındakı tünelin girişində diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb yol şəraitini nəzərə almadan qeyd edilən tələblərə riayət etməyib yolun çökən hissəsində avtomobilin arxa hissəsinin dayanıqlı hərəkətdən çıxması zamanı avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edən şəkildə yerinə yetirə bilməməklə sükanı sola fırlayaraq tüneldə inşa edilmiş beton dirəyə çırpmış və ehtiyyatsızlıq nəticəsində X8 birgə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid edilən kəllə tağı, kəllə əsası və üz sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına alın, təpə nahiyələrinə uyğun hissələrdə qansızma, hər iki göz nahiyəsinin hematoması, sağ yanaq, alt çənə və hər iki diz oynağı nahiyələrinin sıyrıqları xəsarətləri yetirməklə Elgün Nəbiyevin açıq küt kəllə beyin travmasından kəllə tağı, kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nuxa küçəsi, ev 39-da ailə üzvləri ilə birlikdə yaşamışdır. Əvvəllər etibərnamə əsasında idarə etdiyi“Man” yük markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonlara gedib meyvə gətirib Gəncə şəhərində sifarişçiyə çatdırmışdır. Həmin avtomobili idarə etmək üçün «BC» kateqoriyalı, AC 602727 seriyalı sürücülük vəsiqəsi vardır. Avtomobil qeydiyyat şəhadətnaməsində anası Aybəniz Möhsümovanın adına olsa da, o, avtomobili etibarnamə əsasınada idarə etmiş və avtomobil faktiki olaraq onun sahibliyində olmuşdur. 15.03.2021ci il tarixdə sifarişlə əlaqədar Qusar rayonuna getmiş və gecə saatlarında orada olmuşdur. Həmin gecə avtomobilinə meyvə yüklənilmiş və o 16.03.2021-ci il tarixdə, səhər saatlarında Gəncə şəhəri istiqamətində hərəkət etmiş və saat 17 radələrində Gəncə şəhərinə çatmışdır. O, Avtomobili boşaltmaq üçün“Dubay bazarı” deyilən yerdə saxlamış, özü isə tanışı və dostu Elgün Nəbiyevlə görüşmüşdür. Həmin gün ilaxır çərşənbəsi olduğundan Elgünlə birlikdə Gəncə şəhəri, D.Qorduq küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsində fəaliyyət göstərən “Söyüdlük” adlanan kafeyə gedib orada yemək yeyib spirtli içki araq içmişlər. Həmin vaxt onun telefonuna zəng gəlmiş və ona yenə sifariş daxil olmuşdur. Belə ki, sifarişə əsasən, o, 17.03.2021-ci il tarixdə, səhər saatlarında Qusar rayonunda olmalı imiş. Saat 22-23 radələrində, Elgünün atası Bayrama zəng edib evə çağırmış, Elgün isə onunla yoldaşlı olaraq Qusar rayonuna getməyə razılaşdığından atası Bayrama onunla Kürdəmir rayonuna gedib qayıdacağını bildirmişdir. 16.03.2021-ci il tarixdə, saat 23:30 radələrində “Man” yük markalı avtomobilə əyləşib Bakı şəhəri istiqamətində yola çıxmışlar. Elgün onun sağ tərəfində sərnişin oturacağında əyləşmişdir. O isə avtomobili idarə etmişdir. Gəncə şəhərinin çıxışı istiqamətində saatda təxminən 60- 70 km saat sürətlə hərəkət edərkən Nizami Gəncəvinin məqbərəsinin altında olan körpüyə çatmağa bir qədər qalmış yolun çökək hissəsində anidən idarəetməni itirmiş və avtomobil oynamağa başlamışdır. Həmin vaxt o, körpünün altındakı tünelə daxil olarkən sükanı sola tərəf burmuş, avtomobil sürüşüb tünelin orta hissəsində və onun sol tərəfində olan beton pilitəyə çırpılmışdır. Həmin vaxt faciəvi yol nəqliyyat hadisəsi baş vermişdir. Onun ayağı sümükdən ayrılmış, Elgün isə baş nahiyəsindən ağır xəsarət aldığı üçün danışmamışdır. O, sürünə-sürünə Elgünə yaxınlaşıb səsləmiş və qışqırıb kömək çağırmış, bir qədər sonra oraya polis əməkdaşları və tanımadığı şəxslər gəlmişlər. Onu avtomobilə əyləşdirib Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar, Elgün də həmin xəstəxanaya aparılmışdır. O, 3 nömrəli TTY xəstəxanadan X16 Xəstəxnasına aparılmış, daha sonra isə onu Bakı şəhərinə xəstəxanaya aparmışlar. Sonradan öyrənmişdir ki, Elgün Nəbiyev 17.03.2021-ci il tarixdə aldığı xəsarətlərdən vəfat etmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, hərəkətdə olarkən yolun bir qədər çökək hissəsinə düşdükdə avtomobildə idarəetməni itirmişdir. Ola bilər ki, spirtli içki qəbul etməsəydi və yorğun olmasaydı avtomobilin dayanıqlı hərəkətini təmin edər, idarəetməni itirməzdi. İdarə etdiyi avtomobildə nə yük, nə də texniki nasazlıq olmamış, avtomobildə yalnız özü və X20 olmuşlar. Hadisə vaxtı onun üçün təhlükə yolun çökək hissəsinə düşdükdə yaranmış, tünel qaranlıq olduğundan beton maneəni görməmişdir. Ona görə avtomobilin sükanını sola tərəf çevirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, bina 13A, mənzil 19-da ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus “Hundai Sonata” markalı avtomobillə taksi fəaliyyəti göstərir. X11 doğma oğludur. Elgün ölümünədək həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, Elgünün dostu və qonşu kimi tanıyır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 16.03.2021-ci il tarixdə axşam saatlarında mərhum oğlu Elgün şəhərdə olmuşdur. O, Elgünə zəng etdikdə sonuncu dostu Razimlə birlikdə olmasını və bir qədər sonra gələcəyini bildirmişdir. Həmin vaxt ilaxır çərşənbəsi ilə bağlı evdə süfrə açdıqları üçün oğlu Elgünü və dostu Razimi evə dəvət etmiş, lakin onlar gəlməmişlər. Bir qədər sonra mərhum oğlu Elgün ona zəng edərək dostu Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə Kürdəmir rayonuna gedib qayıdacaqlarını bildirmiş, o isə Elgünə etirazını bildirib getməməsini tapşırmışdır. Təxminən bir neçə saat sonra, yəni 17.03.2021-ci il tarixə keçən gecə oğlu Elgünün mobil nömrəsinə zəng etmiş, lakin zəng çatmamış, bir qədər sonra isə Elgünün dostu Elşad adlı şəxs ona zəng edərək Elgünün və dostu Razimin avtomobillə qəzaya düşdüklərini bildirib, X3 gəlməsini demişlir. O, təcili Gəncə şəhər 3 saylı TTY xəstəxanasına gəlmiş və Elgünü ölümcül vəziyyətdə görmüşdür. 17.03.2021-ci il tarixdə, saat 16 radələrində isə oğlu Elgün həmin xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, Elgün və dostu Razim yola çıxmazdan əvvəl birlikdə spirtli içki qəbul etmiş və yolda Razim yük avtomobilinin idarəetməsini itirib yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxslə barışmışdır , sonuncunu bağışlayır və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 16.03.2021-ci il tarixdə, gecə saatlarında xidmətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X9 şəhəri, Nizami prospektində yerləşən “Nizami Gəncəvi”nin məqbərəsinin altındakı tuneldə yol-nəqliyyat hadisəsi olması barədə məlumat alıb təcili həmin yerə getmiş, hadisə yerinə çatanda “Man” yük markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tüneldə beton dirəyə çırpılıb deformasiyaya uğradığını aşkar etmişdir. Həmin vaxt hadisə yerində sürücü olmamışdır.Hadisə yerində tanımadığı mülki şəxslər, eləcə də ondan sonra oraya gələn post patrul xidmətinin əməkdaşları olmuşlar. Orada məlum olmuşdur ki, avtomobildə iki nəfər olmuş, onlar təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışlar. Həmin vaxt avtomobilin ehtiyyat hissələri yerlə bir olmuş, kabina hissəsi gövdədən ayrılmış, bir sözlə, avtomobil yararsız hala düşmüşdür. Bir qədər sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinin baxışını həyata keçirmişdir. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, daha sonra məlum olmuşdur ki, avtomobilin sürücüsü xəsarət almış, sərnişin isə xəstəxanada ölmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18.01.2021ci il tarixli “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16.03.2021ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və hadisə yerinə baxış protokolundan və hadisə yerinin sxemindən görünür ki, hadisə yeri Gəncə şəhəri, N.Gəncəvi prospektdə yerləşən Nizami Gəncəvinin məqbərəsinin yaxınlığındakı tüneldir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti isə qurudur. Yol örtüyünün ümumi eni 19 metrdir. Yolun hərəkət hissəsində nişanlama xətti yoxdur. Yolda hərəkət ikitərəfli təşkil edilmişdir. Əks istiqamətli nəqliyyat vasitələrinin hərəkəti tüneldə quraşdırılmış daş dirəklərlə bir-birindən ayrılır. Hər iki hərəkət hissədə yolun hərəkət zolaqlarına bölünməsini müəyyən edən qırıq xəttlər mövcuddur və hər iki istiqamətdə iki zolaqlı hərəkət təşkil edilmişdir.Hərəkət hissədə piyada zolağı və ya keçidi yoxdur. Hərəkət hissəyə sağ və sol tərəfdən dəmir maneələr birləşmişdir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Hadisə yerində yolun sağ hissəsindən başlayan və sol daş dirəyə qədər uzanan 28.5 metr uzunluqda təkər izi mövcuddur. Hadisə yerinə baxışı gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərfindən verilmiş 11.12.2021-ci il tarixli 313-6177-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin QİS / Gəncə Asan x.m tərəfindən 19.02.2014-cü il tarixdə AC 602727 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sənədin etibarlılıq tarixi 19.02.2024-cü il tarixədək müəyyən edilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ƏN-İİİ № 96775 saylı etibarnamədən görünür ki, “Man” yük markalı, **-CZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Gəncə şəhəri, Nuxa küçəsi, ev 39-da qeydiyyatda olan X4 adına rəsmiləşdirilmişdir. Qeyd edilən avtomobili idarə etmək hüququna dair A.İ.Möhsümova tərəfindən oğlu Təqsirləndirilən şəxs 13.03.2017-ci il tarixli, ƏN-İİİ 967725 nömrəli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə etibarnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin edilmiş 06.05.2021-ci il tarixli məktubundan görünür ki, istintaq zamanı hadisənin şahidlərinin, hadisə yerinin yaxınlığında videomüşahidə kameralarnın müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, qeyd edilən xüsusatlara dair hər hansı məlumat əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 17.04.2021-ci il tarixli, 17 saylı rəyindən görünür ki, mərhum E.B.Nəbiyevin bədəni üzərində müəyyən edilmiş xəsarətlər: kəllə tağı, kəllə əsası və üz sümüklərini sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına alın, təpə nahiyələrinə uyğun hissələrdə qansızma, hər iki göz nahiyəsinin hematoması, sağ yanaq, alt çənə və hər iki diz oynağı nahiyələrinin sıyrıqlarıdır. Qeyd olunan xəsarətlər həyatidir, bərk-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 16.03.2021-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Məhrum E.B.Nəbiyevin ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində kəllə tağı, kəllə əsası sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətləri nəzərə alınmaqla ölümün müddəti meyit müayinə olunan vaxta, yəni 17.03.2021-ci il tarixdə, saat 18:40-a nəzərən 1-3 saatdır. Mərhum E.B.Nəbiyevin bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 14.12.2021-ci il tarixli, 1990 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər : hər iki baldır sümüklərinin açıq, sağ ayaq pəncəsi sümüklərinin total qəlpəli açıq sınıqları, sağ ayaq pəncəsinin işemik qanqrenası, sağ baldırın orta 1/3 hissədən qapalı sınığı, burun, sol İİ-İV-V qabırğalar, sol körpücük və sol kürək sümüklərinin qapalı sınıqlarıdır və həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, əmələgəlmə müddətləri 16.03.2021ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.03.2021ci il tarixli qərarı ilə sürücü Təqsirləndirilən şəxs tədqiqat üçün qan nümunəsi götürülərək 18.03.2021-ci il tarixli “məhkəmə-kimyəvi ekspertizası təyin edilməsi haqqında” qərarla müvafiq ekspertiza tədqiqatına göndərilmiş və məhkəmə-kimyəvi ekspertizasının 31.03.2021-ci il tarixli, 866/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində 1,1 % qatılığında etil spirti aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməyol nəqliyyat hadisələri ekspertizasının 02.07.2021-ci il tarixli, 8/1316 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Man” markalı, **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tibbi-Sosial Müayinəsindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçünçü dərəcə əlililik verilməklə TSEK-in diaqnozu: Y83 Ətrafın(ların) amputasiyası, Sağ aşoğı ətrafın, baldırın orto 3/1-dən amputoslon güdülü. Burun sümüklərinin sınığı, Burun, sol İİİ,İV,V qabırğaların körpücük sü/nin bitişmiş sınıqları. Diz oynağının bir neçə elementinin traovmosı, Diz oynağı bağlarının zədələnməsi oynağın qeyri-stobilliyi, oynoqda patololi hərəkətlilik. (yonlara). Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağ budun orto 3/1dən amputasiyası, sol bud və baldir sınıqlarının Yivli-mil oparoti ilə osteosintezi c/ə-dan s/v. (29.03.2021) Sol budun yivil-mil aparatının çıxarılması c/ə-dan s/v.(05.10.2021), Aşağı ətrafın əzilməsinin və travmatik amputasiyonın nəticələri, Fantom ağrıları. Bud sümüyünün çoxsaylı sınıqları, Sol budun orta 3/1-dən bitişmiş qəlpəli sınığı. Baldırın çoxsayli sınıqları, Qamiş sümüyünün aşağı 3/1-dən qəlpəli bitişmiş sınığı.Baldırın yivil-mil aparatı. Qabırğıların çoxsaylı sınıqları, Daimi üzücü ağrılar. Digər daimi ağru, Dayaq-hərəkət funksiyasının tamamən pozulması. Özünə xidmət zamanı köməyə ahtiyac, Özünə xidmət zamanı kənar şəxslərin köməyinə ehtiyacin olmasi. Aşağı ətrafi qısaldan digər defektlər, Sol qamış sümüyünün aşağı 3/1-nin sümük defekti diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibb ekspertizasının, məhkəmə-kimyəvi ekspertizasının rəyi, yolnəliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanılmış digər sübutlarla kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkənmə Azərbaycan Respublikasının CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı hər hansı bir iddiasının, şikayətinin və tələbinin olmamasını, Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində ağır xəsarət alması nəticəsində bir ayaqının abutatasiya olunmasını və əlil araasında olmaqla kənar şəxslərin köməyinə ehtiyaçı olmasını, müstəqil hərəkət edə bilməməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1, 59.1.12-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1-ci və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində ağır xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları - təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində ağır xəsarət alması nəticəsində bir ayaqının abutatasiya olunmasını və əlil arabasında olmaqla kənar şəxslərin köməyinə ehtiyaçı olmasını, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəldiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut “Daimler Chrysler C200” markalı ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinın faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Gəncə şəhəri Üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut “Daimler Chrysler C200” markalı ** CT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinın faktiki sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi ziyan, mülki iddia, müsadirə olunması təklif edilən predmet və əşyalar yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar