Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-267/2023 26.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 və nümayəndəsi Gəncə Asan Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 16 noyabr 2022-ci il tarixdə, saat 22-23 radələri arasında Şəmkir rayonu Seyfəli kəndində yerləşən “Torpaqlıq” adlı kafedə tanışı Şahid4 və Şahid3 ilə birlikdə 1 litr həcmində alkoqollu içki olan arağın qəbulu nəticəsində sərxoş halda olmaqla həmin gün saat 23 radələrində, 17 sentyabr 2022-ci il tarixli, ƏN-Vİİİ-022504 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Seyfəli-Şəmkir avtomobil yolunun Şəmkir rayonu Seyfəli kəndinin ərazisindən keçən hissəsində Şəmkir şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqollu maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə riayət etməyərək alkoqol sərxoşluğu halda avtomobili idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirərək həmin vaxt yolu sürücüyə münasibətdə soldan sağa keçən piyada X5 ehtiyatsızlıqdan vuraraq ona alın nahiyəsinin sağ yarısının sıyrığı, sağ qaş nahiyəsinin əzilmiş-soyulmuş yarası, sağ qaşaltı nahiyəsinin əzilmiş yarası, hər iki üst göz qapaqlarının dərialtı hematoması, çənəaltı nahiyənin sağ yarısının əzilmiş yarası, kəllə qapağı, kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sağ budun orta üçdə birinin ön səthinin əzilmiş yarası, sol budun orta üçdə birinin ön səthinin sıyrığı, sağ diz oynağının iç səthinin sıyrığı, sağ baldırın orta üçdə birinin ön səthinin əzilmiş soyulmuş yarası, sağ bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq yerini dəyişmiş qəlpəli sınıqları və onun ölümünə səbəb olan avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, zərərçəkəni öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının daxili işlər orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının daxili işlər orqanının əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, Qanunun qeyd edilən tələblərinə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmaq və cinayətin izlərini itirmək məqsədilə zərərçəkmiş Yalçın Məmmədovu avtomobildə olan sərnişinlər Şahid4 və Aidə Abbasovanın yardımı ilə arxa oturacağa əyləşdirib Şəmkir rayonu, Yeni Həyat kəndi istiqamətinə apararaq sonuncunun meyitini Şəmkir rayonu, Yeni Həyat kəndi ilə Çaylı kəndinin kəsişməsində yol kənarına atmaqla yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X9 yazılı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Yaşar Məmmədov vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə ibtidai istintaq düzgün aparılmamış, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif olunmamış, sonuncunun əməllərində CM-in 143 və 29, 120.2.1-ci maddələrinin tərkib əlamətlərinin olmasına baxmayaraq ona həmin maddələr ilə ittiham irəli sürülməmiş və belə olduğu halda Təqsirləndirilən şəxs daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi verilmiş vəsatətə münasibət bildirərək, vəsatətdə göstərilənlər xüsusatların əsassız olduğunu və bu səbəbdən də vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş yazılı vəsatətə münasibət bildirərək, məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət prosesinin tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mərhum X5 əvvəllər tanımamış, hadisə günü hava qaranlıq olduğundan yolu keçən Yalçın Məmmədovu görməmiş, hadisəni sərxoş halda törətmiş, hadisə törədilən yerdə yolun işiqlanması olmamış, zərərçəkmiş şəxsi idarə etdiyi avtomobillə vurduqdan sonra əyləc sistemindən istifadə edərək avtomobili saxlamış, hadisədən sonra zərərçəkmiş şəxsi qucağına alıb avtomobilə qoyaraq xəstəxanaya aparmaq istəmiş, lakin həmin vaxt Yalçın Məmmədovun ölüb-ölməməsini bilməmiş və tutulacağından qorxaraq sonuncunu idarə etdiyi avtomobilə qoyub hadisə yerindən tamamilə kənar bir yerə apararaq yol kənarına qoyub yaşadığı evə getmişdir. Yalçın Məmmədovu yol kənarına qoymaqda məqsədi kiminsə sonuncunu tapa bilməməsi, avtoqəza hadisəsini gizlətməsi və hadisənin də məhz Yalçın Məmmədovun aşkar edildiyi yerdə baş verməsini göstərmək istəməsi olmuşdur. Yalçın Məmmədovu avtomobillə vurduqdan sonra o, atasına zəng etmiş və sonuncu evə gəlməsini bildirdiyi üçün o, Yalçın Məmmədovu hadisə yerindən kənar bir yerdə yol qırğına qoyaraq evə getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində onlara mərhum oğlu Yalçın Məmmədovun telefon nömrəsindən zəng gəlmiş, əlaqə saxlayan şəxs Yalçın olmadığını, oğlunun telefonunu Seyfəli kəndindən tapdığını deyərək polis əməkdaşı Salman adlı şəxs olduğunu və avtoqəza hadisəsinin baş verdiyini bildirmişdir. Sabahısı gün saat 11 radələrində ona Yalçının öldüyünü bildirmişlər. Sonradan ona məlum olmuş ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21-22 radələrində Yalçını Şəmkir rayonu Seyfəli kəndində avtomobil vurmuş, avtomobili idarə edən Təqsirləndirilən şəxs və yanında olan şəxslər oğlu sağ ola-ola sonuncunu hadisə yerindən götürərək təxminən 10-15 kilometr aralıda yerləşən Şəmkir rayonu, Yeni Həyat-Çaylı yoluna sahibsiz yerə aparıb izi itirmək üçün atmışlar, Təqsirləndirilən şəxs hadisə yerində olan zaman atasına zəng edib hadisə barədə məlumat vermiş, sonuncu da Vicaya izi itirmək üçün Yalçını kimsəsiz bir yerə atmasını bildirmiş, Yalçın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alsa da sağ olmuş, hadisəni törədən şəxslər tərəfindən oğluna tibbi yardım göstərilməsi və sonuncunun xəstəxanaya çatdırılması istiqamətində heç bir hərəkət edilməmiş, əksinə hadisəni törədən Vicay və yanında olan Röyal oğlunu sağ vəziyyətdə aparıb sahibsiz əraziyə atmışlar, oğlu orada köməksiz vəziyyətdə ölmüş, həmin şəxslərin törətdikləri hərəkət və hərəkətsizliklər birbaşa oğlunun ölümünə səbəb olmuş, həmin şəxslər oğlunu xəstəxanaya apardıqları halda Yalçının yaşamaq ehtimalı olmuş, qeyd edilən xüsusatı məhkəmə-tibb eksperti də təsdiq etmişdir. Bu səbəbdən də o, hadisəni törədən Vicayın, yanında olan Röyalın və köməklik etməklə məsləhət verən Vicayın atası İbrahimin qəsdən adam öldürməyə cəhd maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsini tələb etmişdir. Çünki, həmin şəxslər oğlunun yaşamasını istəmədikləri üçün sahibsiz yerə qoyub ölməsinə şərait yaratmış, oğlu orada öldükdən sonra qurd-quş tərəfindən yeyilib izin itməsini və meyitinin məhv olmasını, bu yolla da ümumi izin itməsini istəmişlər. Adları çəkilər şəxslərin bu hərəkətləri onlara ağır mənəvi sarsıntılar vermiş, o, oğlunun ölümü ilə bağlı Röyal, Vicay və İbrahimə Cinayət Məcəlləsinin 143 və 29, 120.2.1-ci maddəsi ilə, yəni bir qrup şəxs halında qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanaraq qanun çərçivəsində mümkün olan ən ağır cəzanın təyin edilməsini, həmçinin hadisə zamanı orada olmuş, hadisə barədə polisə məlumat verməmiş, vətəndaşlıq borcunu yerinə yetirməmiş Aidənin və hadisədən sonra cinayətin izlərini itirməyə köməklik edib avtomobildə olan qanı yuyub təmizləyən Vicayın anası Məryəmin də cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, məlum baş vermiş hadisə vaxtı o, Təqsirləndirilən şəxs və X1 olmuşlar, hadisədən sonra o, Təqsirləndirilən şəxs törətdiyi hadisə barədə polisə və xəstəxanaya xəbər verməsini bildirsə də, sonuncu ona əhəmiyyət verməyərək öz bildiyini etmişdir. Təqsirləndirilən şəxs hadisəni törədəndən sonra Yalçın Məmmədovu götürüb avtomobilin arxa oturacağına Aidə Abbasovanın oturduğu arxa oturacağa qoymuş, yolda olan zaman Təqsirləndirilən şəxs atasına zəng vurub avtomobillə adam vurduğunu bildirmiş, daha sonra Vicayın atası zəng vurub vurduğu şəxsi bir kənara atmasını söyləmiş, hadisə olan yerdən xəstəxanaya təxminən 12-13 km, yəni 10-15 dəqiqəlik məsafə olmuş, o, yol boyu Vicaya dəfələrlə yaralı şəxsi xəstəxanaya aparmaqlarını bildirsə də, Vicay yenə də ona məhəl qoymamış, onlar zərərçəkmiş şəxsi hadisə yerindən təxminən 10 km aralıda yolun kənarına qoymuşlar, Vicay özü zərərçəkmiş şəxsi avtomobildən düşürüb yol kənarına atmış, Vicay Yalçını avtomobilə qoyanda sonuncu sağ olmuş və ondan xırıltılı səs gəlmiş, yol boyu da yaralıdan səs gəlmiş, avtomobildən yerə düşürəndə isə Yalçının səsinin gəlib-gəlməməsini dəqiq xatırlamır, Yalçını yol kənarına qoyduqdan sonra onun Vicayla Yalçının ölüb-ölməməsi barədə söhbəti olmamış, Vicay Yalçını avtomobildən düşürəndə o, avtomobildən düşməmişdir. Yalçını avtomobildən düşürən zaman da nə o, nə də ki Vicay zərərçəkmişin ölüb-olməməsini yoxlamamışdır. Daha sonra o, Vicayla sonuncunun yaşadığı evə getmişdir. O, Vicayın atasına dəfələrlə xəsarət alan şəxsi xəstəxanaya aparmaq lazım olduğunu bildirsə də, İbrahim İbrahimov ona “sən nə avtomobil sürmüsən, nə də ki, kimisə öldürmüsən”, daha sonra isə “kimsə sənə bu barədə problem yaratsa mən sənə də kömək edəcəm” demiş, o isə ağlaya-ağlaya İbrahimə “sən atasan gəl xəsarət alan şəxsi həkimə aparaq” deyəndə sonuncu ona “get işinlə məşğul ol, mən oğlumun canını qurtaracam” demişdir. Yalçın Məmmədov vurulan andan avtomobildən düşürülənə qədər təxminən 20-25 dəqiqə avtomobildə olmuşdur. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı ona heç kim təzyiq etməmiş, o hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə günü o, Təqsirləndirilən şəxs və Şahid4la birlikdə 1 litr araq içmişlər, o, hadisə olan vaxtı avtomobildən düşməmiş, hər şey bir anda baş vermiş, qəza zamanı xəsarət alan şəxsi kimin avtomobilə qoymasını görməmiş, həyəcanlı olduğu üçün yalnız avtomobilin qapısının açıldığını, yaralı şəxsin avtomobilin arxa oturacağına onun yanına qoyulmasını görmüş və yaralı şəxsi avtomobilə qoyduqdan sonra Vicay avtomobili irəli sürmüşdür. Yaralı şəxsin baş hissəsi onun çiyin nahiyəsinə tərəf, ayaq hissəsi isə qapı tərəfə qoyulmuşdur. Avtomobil hərəkətdə olan vaxt yaralı şəxsdən səs gəlmiş, o, avtomobildən düşən ərəfədə də yaralı şəxsin inilti və xırıltısını hiss eşitmişdir. Çünki, zərərçəkmiş şəxs ona yaxın olduğu üçün o iniltini hiss etmişdir. Avtomobil hərəkətə gələndən sonra Vicayın hansı istiqamətə və nə məqsədlə sürməsini bilməmiş, avtomobildə olan zaman onun yanında Vicay və ya Röyal yaralını xəstəxanaya aparmaları barədə bir söz deməmişlər, o, qışqırdığına görə Vicay onu avtomobildən düşürmüş və o, avtomobil hərəkətdə olarkən qapısını açıb yerə düşmüşdür. Daha sonra o, avtomobildən düşdüyü yeri tanımadığı üçün ilk əvvəl Röyala zəng etmiş, lakin sonuncuya zəng çatmadığı üçün Vicaya zəng etmiş və sonuncu ona “nə sən bizi tanıyırsan nə də ki, biz səni” demişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı ona heç kim təzyiq etməmiş, o hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin məhkəmə-tibb eksperti X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş məlumat əsasında Şəmkir MTE və PAB-nin morqunda X3 meyitinin xarici və daxili müayinəsini aparmış, meyitin bədəni üzərində rəydə göstərdiyi xəsarətlər aşkar olunmuş, ilkin meyit əlamətlərinin inkişafına əsasən Yalçın Məmmədovun ölümü onun meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə əsasən Yalçın Məmmədov xəstəxanaya çatdırılsa belə yaşamaq ehtimalı az olmuş, lakin tibdə 100 faiz deyilən bir anlayış olmadığı üçün, ola bilsin ki vaxtında tibbi müdaxilə olsa idi sonuncu yaşamış olardı. Yalçın Məmmədovun ölüm səbəbi beyin toxumasının əzilmələri ilə nəticələnən kəllə-beyin travması olmuşdur. Adətən şəxsin ölməsinə bir neçə səbəblər olur, onlardan biri kəskin qanaxma, yəni ölümü surətləndirən, digəri isə qansızmalar nəticəsində, məsələn baş-beyin əzilməsi, bu isə vaxt aparan qanaxmalardandır, yaralı mövcud şəraitə adaptasiya olur və ölüm ləngiyir. Müayinəyə təqdim olunan Yalçın Məmmədovun xəsarətləri ağır xəsarətlər sinfinə aid olmuş və sonuncuya vaxtında tibbi müdaxilə olsa idi yaşayıb-yaşamaması onun orqanizminin fərdiliyinə bağlıdır, o, bu barədə dəqiq heç nə deyə bilmir. Həmçinin konkret olaraq deyə bilmir ki, müayinə etdiyi şəxs hadisədən dərhal sonra ölüb ya yox. Xəsarət almış şəxs zarımaq, inildəmək kimi səslər çıxarıb danışa bilmirsə bu artıq onun baş beyin travması aldığına dəlalət edir. Bu tip xəsarətlərdə sağ qalma ehtimalını dəqiq vermək mümkün deyil. O, ölüm vaxtını 12-14 saat qabaq götürdüyünə görə, düşünmüşdür ki, Yalçın Məmmədov hadisədən sonra 1-2 saat sağ qala bilərdi. Ona müayinə üçün təqdim olunan Yalçın Məmmədov vaxtında xəstəxanaya çatdırılsa idi sonuncunun yaşama şansının neçə faiz olmasını deyə bilməsə də, ola bilərdi ki yaşayardı. Xəsarət almış şəxs qısa bir vaxtda xəstəxanaya çatdırılsa belə onun yaşamaq şansı az olardı, ancaq təkrar qeyd edir ki, orqanizmdən çox şey asılıdır və tibdə 100 faiz deyilən bir şey olmadığı üçün, xəstə ola bilsin ki yaşayardı. Beləliklə də, yuxarıda sadalanan şahid ifadələri, həmçinin məhkəmə-tibbi ekspertinin ifadəsi ilə tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmış, qaçarkən də hələ sağ olan, yəni həyat üçün təhlükəli xəsarət aldığına görə tibbi yardıma ehtiyacı olan Yalçın Məmmədovu özü ilə götürərək, sonuncuya ilkin tibbi yardım göstərmək və ya yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq əvəzinə, ona kömək göstərmək imkanı olduğu halda bunu etməyərək, əksinə Yalçın Məmmədovu hadisə yerindən tamamilə fərqli bir yerə aparıb qoymaqla sonuncu həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymuş və hadisə yerinin məkanını dəyişdirməklə yol-nəqliyyat hadisəsi səhnələşdirərək törətdiyi yolnəqliyyat hadisəsini və həmin cinayət hadisəsinin izlərini gizlətmişdir. Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməli sayılır. CM-in 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yol-nəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və «Yol hərəkəti haqqında» Qanunun müvafiq müddəalarından irəli gəlir. Bu Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin habelə, yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi ilə bağlı bir sıra vəzifələri müəyyən olunmuşdur. Bunun daxilində nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, «Təcili tibbi yardım» maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda yolun hərəkət hissəsini boşaltmaq, hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermək, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmək və s. vəzifələr vardır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, CM-in 264-cü maddəsinin dispozisiyasına görə nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) yaranır. CM-in 263-cü maddəsindən fərqli olaraq CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-in 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qərarında da göstərilmişdir ki, Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, analoji norma digər Avropa dövlətlərinin cinayət qanunlarında da öz əksini tapmış və məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Fransa Kassasiya Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsinə görə yol-nəqliyyat hadisəsi yerindən qaçma qəsdən törədilən cinayət olmaqla onu törətmiş şəxsin mülki və ya cinayət məsuliyyətindən yayınmaq məqsədilə şəxsiyyətini məlum etməyə imkan vermədən hadisə yerini bilə-bilə tərk etmək iradəsini nəzərdə tutur. Müvafiq olaraq, hadisəni törətmiş şəxs şəxsiyyətinin məlum olmasına imkan vermək üçün hadisə yerində qalmaq öhdəliyi daşıyır (17 mart 2010-cu il və 14 fevral 2012-ci il tarixli qərarlar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-in 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-in 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı həm də CM-in 143-cü maddəsi ilə tövsif olunur. Həmin Qərarın 16-cı bəndində həmçinin göstərilmişdir ki, məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-in 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10.04. 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-in 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-in 264-cü maddəsi CM-in 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-in 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yuxarıda sadalanan həm Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun müvafiq Qərarlarında öz əksini tapmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin məhz zərər çəkmiş şəxsi təhlükədə qoyaraq yol-nəqliyyat hadisəsi yerindən qaçması CM-in 264-cü maddəsi ilə cinayət tərkibi yaradır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən şəxsin yalnız CM-in 264-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün sonuncu mütləq şəkildə zərər çəkmiş şəxsi hadisə yerində təhlükədə qoyaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmalıdır. Bununla belə, hazırki iş materiallarında görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək Yalçın Məmmədovun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirdikdən sonra nəinki yol-nəqliyyat hadisəsi yerindən qaçmış, hətta qaçan zaman hələ də sağ olan, yəni həyat üçün təhlükəli xəsarət aldığına görə tibbi yardıma ehtiyacı olan Yalçın Məmmədovu özü ilə götürərək, sonuncuya ilkin tibbi yardım göstərmək və ya yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq əvəzinə, ona kömək göstərmək imkanı olduğu halda bunu etməyərək, əksinə Yalçın Məmmədovu hadisə yerindən tamamilə fərqli bir yerə aparıb qoymaqla sonuncunu həyatı və sağlamlığı üçün təhlükədə qoymuş və hadisə yerinin məkanını dəyişdirməklə yol-nəqliyyat hadisəsini səhnələşdirərək törətdiyi yolnəqliyyat hadisəsini və həmin cinayət hadisəsinin izlərini gizlətmişdir. Həmçinin Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin CM-in 143-cü maddəsinə nisbətdə xüsusi norma olması ilə bağlı Plenumun qərarında olan mövqeyə münasibətdə qeyd etmək lazımdır ki, həmin mövqe təqsirləndirilən şəxsin hadisə yerini tərk etməsindən ibarətdir və qanunda nəzərdə tutulan nəticələr olduğu halda əməl hadisə yerinin tərk edildiyi andan başa çatmış olur. Plenumun qərarında hadisə yerindən qaçan sürücünün törətdiyi cinayəti ört-basdır etmək məqsədilə zərərçəkmiş şəxsin yerini dəyişdirməsi, gizlətməsi kimi hansısa aktiv hərəkətlər nəzərdə tutulmur. CM-in 264-cü maddəsi təqsirləndirilən şəxsin özünü hadisədən yayındırmasını ehtiva edir. Bununla paralel olaraq zərərçəkmiş şəxs hadisə yerində müvafiq xəsarət alaraq təhlükədə qaldığı üçün və CM-in 264-cü maddəsi CM-in 143-cü maddəsindən nisbətdə daha ağır olduğuna görə yol-nəqliyyat hadisəsi törədildikdən sonra təqsirləndirilən şəxsin hadisə yerini tərk etməsi ilə bağlı məsuliyyət CM-in 264-cü maddəsilə əhatə olunur. Hazırkı cinayət işində isə təqsirləndirilən şəxsin əməli yalnız CM-in 263-1.3 və 264-cü maddələrilə tövsif edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə ağır xəsarət yetirməklə, nəinki hadisə yerindən qaçır, həmçinin zərərçəkmiş şəxsin yaşaması əleyhinə aktiv hərəkət edib, hadisəni gizlətmək məqsədilə onun yerini hadisənin törədildiyi işlək olan yoldan görünməyən əraziyə dəyişməklə ağır xəsarət almış zərərçəkmiş şəxsin həyatı təhlükəsini artırıb yoldan kənar əraziyə aparıb ataraq sonuncunu əlavə aktiv hərəkətlə yenidən təhlükədə qoymuş, yaratdığı situasiyada sağ olub-olmamasını yoxlamadan zərərçəkmiş şəxsin ölməsini arzu eləməsə də, qeyd edilən hərəkətlərə yol vermişdir. Yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçması əməlləri başa çatdıqdan sonra o, qəsdən zərərçəkmiş şəxsin həyatını təhlükədə qoyaraq yeni cinayət əməli törətmişdir. Nəzərə alsaq ki, təqsirləndirilən şəxsin hadisə yerini tərk etdiyi anda CMin 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulan əməlləri başa çatmış olur, o zaman müəyyən edilməlidir ki, o, zərərçəkmiş şəxsi təhlükədə qoymuş və ya onu qəsdən öldürmək üçün hər hansı digər hərəkət etmişdir ya yox. Bunun üçün də təqsirləndirilən şəxsin həmin hissədə əməllərinə hüquqi qiymət verilməsi üçün əlavə istintaq aparılmalıdır. Yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxs Yalçın Məmmədovun əməllərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-in 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. CPM-in 318.3-cü maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Həmçinin məhkəmə tərkibi hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159, 318 və 321-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş “cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə, yəni 26 oktyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilərək icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-267/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-267/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver