Məhkəmə qərarları › İş №1(100)-268/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-268/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-268/2024 05.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xudadat Məlikaslanov küçəsi 19 A-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqla müəyyən olunmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz əldə olunaraq Şəmkir rayonu, Yeniabad kəndinin ərazisində Şəmkir – Kür avtomobil yolunun kənarında istintaqa şəxsiyyəti məlum olmayan şəxs (şəxslər) tərəfindən daşın altında, qara rəngli parça materialından olan çantanın içərisində gizlədilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısı ilə müəyyən edilən külli miqdarda, narkotik vasitə olan heroini və qurudulmuş marixuananı 29 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir – Kür avtomobil yolunun kənarı ilə Şəmkir rayonu Kür qəsəbəsi istiqamətinə piyada daşımış, Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X3 dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:40 radələrində Şəmkir rayonu, Yeniabad kəndinin ərazisində, Kür qəsəbəsi istiqamətdə yolun kənarında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Kür polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində daşıdığı qara rəngli parça materialdan olan çantanın içərisindən iki ədəd sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardan, bir ədədinin içərisindən 1360 (bir min üç yüz altmış) qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədədinin içərisindən 705 (yeddi yüz beş) qram çəkidə, külli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin məhkəmə islasında ətraflı danışmaq istəmir. Üzərindən aşkar olunmuş narkotik vasitəni Şəmkir rayonu, Yeniabad kəndi ərazisində olan yerdən götürmüş, həmin yeri isə tanışı Tahir adlı şəxsin “Whatsap” məkan xidmətindən istifadə edərək ona göndərmişdir. O, həmin narkotiki Tahirin dediyi ünvana çatdırmaq üçün Tahirin ona 1000 ABŞ dolları verəcəyini bildirmişdir. O, avtomobildən düşmüş və həmin yerdə yolu ayıran dəmir arakəsmə olduğu üçün onlara onsuzda əks istiqamətdə Bakı şəhərinə qayıdacağıq demişdir. O, sürücüyə “gedin qabaqdan dönüb qayıdın məndə gəlirəm” demişdir. Qızı İlahə taksi sürücüsü ilə avtomobillə təxminən 250-300 metr həmin yerdən uzaqlaşmışlar. O, isə həmin vaxt həmin yerdə Tahirin şəkilini atdığı yeri axtarıb tapıb narkotiki götürməyə çalışmışdır. O, beton daşın arasında dib hissədə olan bir ədəd qara rəngli parça çantanı tapmış və həmin parça çantanı götürüb dərhal yola tərəf getmişdir. Bu zaman 10-15 metr qabağa getdikdən sonra anidən həmin yerə mülki geyimdə polis əməkdaşları gəlmişlər. O, Tahirlə olan danışığıma əsasən narkotiki götürdükdən sonra şəkilini çəkib atmalı, Tahir isə onun kartına 1000 (bir min) ABŞ dolları pul göndərməli, daha sonra isə o, həmin narkotiki Tahirin ünvanını atdığı yerə Bakı şəhərinə aparmalı olmuşdur. Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis Bölməsinə dəvət etmişlər. Ondan aşkar olunmuş həmin narkotik vasitələri Tahir adlı şəxsin ona göndərəcəyi ünvana aparmaq məqsədilə üzərində gəzdirmişdir. O, əvvəllər Tahirin narkotik vasitələrini iki-üç dəfə Rəna ilə birlikdə bir ünvandan başqa ünvana çatdırmada iştirak etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Lakin, bəzi vaxtlarda tanışları narkotik istədikdə onlardan 30 manat, 50 manat pul alaraq həmin pula Rənadan narkotik alıb həmin şəxslərlə bölərək yarısını vermiş, yarısını isə özü istifadə etmişdir. Taksi sürücüsünün və qızının onun nə üçün Şəmkir rayonuna gəlməsindən xəbəri olmamışdır. Əməlindən səmimi peşman olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan qızının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qalib oğlu ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs İrandan qanunsuz yolla Şəmkir rayonu ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək X3 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə Şəmkir RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri, şöbəyə məxsus xidməti avtomobilə oturub məlumatın daxil olduğu Şəmkir rayonu, Kür qəsəbəsi yolunun sol tərəfində Yeniabad kəndi ərazisində Şəmkir çayın sağ tərəfinə gedilmişdir. Həmin vaxtı orada Təqsirləndirilən şəxs müəyyən edilərək özü ilə daşıdığı 1 ədəd idman çantası ilə birlikdə Şəmkir RPŞ-nin Kür PB-nə gətirilmişdir. Həmçinin, həmin vaxtı Təqsirləndirilən şəxs qızı Şahid7 və sürücü Şahid8 idarə etdiyi “Lada Priora” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə birlikdə bölməyə aparılmışdır. Şəmkir RPŞ-nin təhqiqatçısı tərəfindən oraya dəvət edilmiş vəkilin ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs özü ilə daşıdığı 1 ədəd idman çantasından idman çantasından 775 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1465 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid8 məxsus “Lada Priora” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobildən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları, qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid6 və Şahid5 Şahid2 Qalib oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək qızı ifadəsində göstərmişdir ki,rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 2007-ci il tarixdən 2013-cü il tarixədək olan vaxt ərzində Binəqədi rayonu 301 saylı tam orta məktəbdə, 2013-cü il tarixdən 2015-ci il tarixədək olan vaxt ərzində isə Xarici Dillər Universitetində İngilis dili müəllimi işləmişdir. 2013-cü il tarixdə keçmiş əri X7 ilə ayrılmış, ayrıldıqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda qızı İlahə ilə birlikdə kirayə evlərdə yaşamışlar. 2016-cı il tarixdə X5 ilə restoranda tanış olmuş, daimi münasibətləri yaranmış, sevgi münasibətlərinə çevrilmişdir. O, Rəşad İsmayılovun narkotik vasitə istifadə etdiyini təxminən 2018-2019-cu il tarixlərdə dəqiq xatırlamadığı vaxtda bilmişdir. Təxminən 2021-ci ilin fevral ayından başlayaraq narkotik vasitə olan “patı” kimi tanıdığı metamfetamin istifadə etməyə başlamış, həmin vaxt çəkisi çox olduğu üçün rəfiqələri patının arıqlatdığını dediyi üçün həmin narkotik vasitəni istifadə etməyə başlamışdır. O, həmin tarixdən başlayaraq tutulanadək olan vaxt ərzində müxtəlif aralıqlarla müxtəlif vaxtlarda narkotik vasitə olan “Patı” yəni metamfetamin istifadə etmişdir. Narkotik vasitəni hazırda xatırlamadığı müxtəlif ünvanlardan müxtəlif şəxslərdən satın almışdır. Rəşadla birlikdə müxtəlif vaxtlarda kirayə yaşadığı evlərdə narkotik vasitə istifadə etmişlər.Təxminən 2022-ci ilin noyabr ayında Rəna adlı qadınla çay evində tanış olmuş, Rənanın deməsinə görə həmin çay evini Rəna işlətmişdir. O, bundan sonra müxtəlif vaxtlarda Rəna ilə əlaqə saxlamış, 2023-cü ilin fevral ayından başlayaraq Rəna ilə yaxın münasibəti olmuşdur. 2023-cü ilin fevral ayından başlayaraq Rənanın maddi sıxıntıları olduğu üçün onunla birlikdə kirayədə qalmaq istəmişdir. O, Rəna ilə razılaşmış, bundan sonra Rəna onunla birlikdə yuxarıda qeyd etdiyi ünvanda kirayədə yaşamağa başlamışlar. Rəna narkotik satışı ilə məşğul olduğu üçün o, əvvəllər Rənadan müxtəlif vaxtlarda narkotik satın almışdır. Bu səbəbdən Rəna onun narkotik istifadə etdiyini, o isə Rənanın narkotik satışı ilə məşğul olduğunu bilmişdir. O, Rənadan əvvəllər narkotiki yarı bükümü, yəni 0,5 qranı 30 (otuz) manata, 1 qranı 60 (altmış) manata dəfələrlə satın almışdır. Ondan narkotik vasitəni satın alan zaman pulu Rənanın ona şəklini atdığı müxtəlif bank kartlarına göndərmişdir. Həmin bank kartlarından yalnız bir ədədinin şəkili onda vardır. Həmin şəkil ona məxsus mobil telefonda qalmışdır. Rəna onun kirayədə yaşadığı evə gəlib onunla birlikdə yaşamağa başladıqdan sonra Rənanın narkotik vasitə satışı ilə daha çox məşğul olduğunu bilmişdir. O, Rəna ilə evdə söhbət edən zaman Rənaya bu qədər risk etdiyini, hansı səbəbdən bu işlə məşğul olduğunu soruşmuş, Rəna ona uşağının xəstə olduğunu, müalicəsi üçün pul yığdığını, həmçinin İranlı narkotik göndərən şəxsə borcu olduğunu demişdir. Ona İranlının onun ailəvi dostu olduğunu bunun üçün ona köməklik etdiyini bildirmişdir. O, Rənaya heç nə deməmiş, daha sonra Rəna onun maddi vəziyyətinin pis olduğunu bildirib ona köməklik etmək istədiyini demişdir. O, həmin vaxt Rənanın İran vətəndaşı Tahir adlı şəxslə əlaqə saxlayıb narkotik dövriyyəsi barədə danışdığını bilmişdir. Rəna ona qorxduğunu onunla birlikdə narkotik götürüb bir yerdən başqa yerə aparmağa köməklik etməyini, bunun qarşılığında ona evə pulda köməklik edəcəyini demişdir. O, Rəna ilə razılaşmış, ilk dəfə 25 fevral 2023-cü il tarixdə Rəna ilə birlikdə Bakı Şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində Şüvəlan yolunda olan İranlı Tahirin ona ünvanını göndərdiyi yerə taksi ilə gedib, həmin yerdən 700 qram marixuana, 300 qram “patı” yəni metamfetamin, 300 qram “Cola” yəni heroin götürüb yaşadığı evə qayıtmışdır. Onlar evə gəldikdən sonra Rəna öz otağına keçib qapını bağlamış, təxminən bir saat yaxın həmin otaqda olduqdan sonra çıxıb getmişdir. Rəna həmin günün sabahı evə geri qayıtmış və evdən gedən zaman həmin narkotikləri özü ilə aparmışdır. O, həmin vaxt Rənanın Tahir adlı şəxslə yazışmalarını görmüşdür. Rəna həmin narkotikləri Tahirin ünvanını dediyi yerlərə aparıb təhvil vermişdir. O, Rəna ilə danışan zaman Rəna ona Tahirin ona narkotik satışı ilə məşğul olmağı qadağan etdiyini demişdir. X10 göndərdiyi mallardan götürdüyünü bildirmişdir.Belə ki, Rəna Tahirin dediyi ünvanlara bəzi vaxtlarda Tahir ona hansısa ünvana on ədəd patı, on ədəd kola qoymasını dedikdə Rəna onlardan yalnız birini həmin yerə qoyaraq yalandan Tahirə həmin malların hər ikisini qoyduğunu deyərək qalan hissəsini özünə götürüb gizli şəkildə satışı ilə məşğul olmuşdur. Onlar ilk dəfə götürdüyü narkotikdən Rəna ona hər hansı miqdarda pul verməmiş, yalnız təxminən bir qram narkotiki şəxsi istifadəsi üçün vermişdir. Sonra onlar 01 mart 2023-cü il tarixdə Rəna ilə birlikdə İranlı Tahirin ona ünvanını göndərdiyi Bakı şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən yerə getmişlər. Həmin yerdə Tahirin onlara məkanla birlikdə şəkilini çəkib atdığı daşın altından ümumilikdə 450 qram çəkisi olan “patı” metamfetamin və kola yəni heroin götürmüşlər. Onlar həmin narkotiki evə gətirmişlər. Rəna özü otağa keçərək həmin narkotiki müxtəlif çəkilərdə müxtəlif hissələrə bölmüş və onunla birlikdə təxminən 10-12 yerə gedərək həmin yerlərə narkotik qoyaraq şəkilin çəkib Tahirə göndərmişlər. Həmçinin, Rəna o, olmadan da tək başqa ünvanlara narkotik qoymuşdur. O, Rəna ilə Tahirin müxtəlif vaxtlarda danışdıqlarını eşitmiş, bəzi vaxtlarda onların aralarında narkotiki düzgü yerə qoymaması, həmçinin əskik qoyması səbəbindən mübahisələri olmuşdur. Rəna sonra təkrar gedərək narkotikin yerin dəyişdirir, həmçinin bəzi vaxtlar isə Tahirə onun göndərdiyi adamın yalan dediyini narkotiki düzgün sayda və çəkidə qoyduğunu demişdir. Rəna ona pul verməmiş, evin kirayəsini köməklik etməmişdir. Bu səbəbdən Rəna ilə aralarında narazılıq olmuş, Rənaya onunla birlikdə birdə heç bir yerə getməyəcəyini demişdir. Bundan sonra təxminən 09-10 mart 2023-cü il tarixdə Rəna təkrar ona birlikdə narkotik götürməyə getməyi, köməklik etməyi demiş, o qızının səhhəti üçün olan pulları topladığını, İrana qızını müalicə üçün aparacağını deyib köməklik etməyini xahiş etmişdir. Rəna onunla razılaşmış və onlar birlikdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “artiyom yolu” deyilən yerə getmiş, Tahirin Rənaya məkanını və şəkilini atdığı yerə getmişlər. Həmin yerə getdikdən sonra Rəna həmin yerdən bir ədəd qara rəngli paket götürmüş, lakin paketi ona göstərməmişdir. Onlar birlikdə evə gəlmiş, o avtomobildən düşərək evə getmiş, Rəna isə Rəşad adlı tanışı ilə görüşəcəyini deyib getmişdir. Rəşad adlı şəxsin kim olduğunu bilmir. O, Rənadan evin kirayəsinə köməklik etməyini tələb etdiyi üçün yalandan ona Tahirin artıq narkotik göndərmədiyini demişdir. Rəna yalan deyərək onu aldatmışdır. Lakin, Rəna onlara narkotik lazım olduqda Rəşaddan, Əlidən götürüb istifadə etmişlər. Bundan sonra Tahir Rənaya bir nəfər qadın şəkili atmışdır. Tahir həmin qadının Ramilə Əliyeva olduğunu demiş və qadının beş min manat dəyərində malını ələ keçirdiyini demişdir. Tahirin deməsinə görə Azərbaycan göndərdiyi narkotiki həmin Ramilə Əliyeva adlı qadın Azərbaycana Astara rayonu ərazisindən keçirmişdir. Tahir onlara Ramilənin Bakı şəhərində Memar Əcəmi adlı ərazidə qaldığını bildirmişdir. Rəna bundan sonra narkotik verdiyi adamlara Tahirin ona şəkilini atdığı Ramilə Əliyevanın şəkilini ataraq həmin adamı tanıyıb-tanımadıqlarını soruşmuşdur. Rəna narkotik payladığı adamlardan Seva, Əli, Rəşad, Hilal, Samirə, Teymur adlı şəxslərın adını bilmişdir. O, həmin adamları görməmişdir. Rənanın telefonda həmin adamlarla danışan zaman adlarını eşitmişdir. Həmçinin, “Whatsap” profilində həmin şəxslərin şəkilini görmüşdür. Rəna Ramilə barədə maraqlansa da barəsində heç bir məlumat tapa bilməmişdir. Bundan təxminən dörd-beş gün keçdikdən sonra Rənadan həmin qızın tapılıb tapılmadığını soruşmuş, Rəna ona Tahirin özünün həmin qızı tapdığını demişdir. Bundan sonra aralarında narkotik söhbəti olmamışdır. Rəna əvvəlcədən ona zəng çatmadıqda əlaqə saxlamaq üçün ona məxsus ***-***-**-** saylı mobil nömrəni Tahirə vermişdir. O, bir neçə dəfə Tahirlə telefon vasitəsilə danışmış, Tahir həmin vaxt ondan Rənaya onunla əlaqə saxlamasını deməyini istəmişdir. Bundan sonra 27 aprel 2023-cü il tarixdə Tahir “Whatsap” vasitəsilə ona zəng etmiş, həyəcanlı səslə Rənanın telefonuna cavab vermədiyini, Rəna ilə dalaşdığını demişdir. Tahir ona 1000 (bir min) dollar pul verəcəyini bildirmiş və Şəmkir rayonunda narkotik olduğunu onu götürüb Bakı şəhərinə gətirməyini istəmişdir. Tahir ona Bakı şəhərində ünvan atacağını aparıb həmin yerə çatdırmağını demişdir. O, həmin gün evin kirayəsini ödəməli olduğuna görə Tahir ilə razılaşmışdır. O, Tahir ilə razılaşdıqdan sonra Tahir ona Şəmkir rayonuna çatdıqda narkotikin olduğu yerin ünvanını “Whatsap” vasitəsilə ona göndərəcəyini demişdir. O, Tahirlə razılaşmış və bundan sonra həmin günün sabahı, yəni 28 aprel 2023-cü il tarixdə qızı İlahəyə mesaj yazaraq gəldiyini, hazırlaşmasını demişdir. Sonra İlahə ona zəng etdiyi üçün təkrarən zəng etmiş və İlahə ondan hara getdiyini soruşduqda dayısına torpaq sahəsi hədiyyə verildiyini, həmin torpağın dayısının adına başqa mülk olduğu üçün, həmçinin vaxtı olmadığı üçün onlara verdiyini demişdir. O, onun adında heç bir mülkiyyət olmadığı üçün torpağı ona verdiklərini, qardaşının ona torpağı pay verdiyini, satıb pulu özünə götürəcəyini demişdir. O, etibarnaməni imza edib həmin pulu götürməli olduğunu, rayona getmək lazım olduğunu və həmin axşam da Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. İlahə ondan əlavə heç bir şey soruşmamışdır. O, İlahənin qaldığı Aygün xalanın yaşadığı evdən İlahəni götürmüş və taksi ilə avtovağzala getmişdir. Avtovağzalda olan zaman Şəmkir rayonuna gələn yol taksisi ilə danışıb razılaşmış, gedən zaman Rəşadla danışmışdır. O,Tahirin dediklərini Rəşada demiş və Rəşad ona əsəbləşərək getməməsini bildirmişdir. Rəşad ona problemə düşəcəyimi demişdir. O, Rəşada “sənə heç bir aidiyyatı yoxdu” demişdir. O, Rəşada lazım olan pulu göndər, geri qayıdanda artıqlaması ilə geri qaytaracağını bildirmişdir. Rəşad onun kartına 50 manat terminal vasitəsilə pul göndərmiş, o avtovağzala getdiyi taksinin pulunu həmin pulla vermişdir. Həmin pul Şəmkir rayonuna gəlməyə kifayət etməmişdir. O, Rəşadla danışan zaman ona Yevlax rayonuna kimi getməsini, həmin yerdə dostlarına onu Şəmkir rayonuna gedib qayıtmağa avtomobil təşkil etmələrini deyəcəyini bildirmişdir. O, razılaşmış və tanımadığı taksi ilə Yevlax rayonuna 50 manat onu və qızını aparması üçün danışmışdır. Taksidə yalnız İlahə və o, olmuş, yolda gələn zaman avtomobildə qabaq oturacaqda oturmuşdur. O, yolda gələn zaman Tahirlə, Rəşadla və kirayə qaldığı evin sahibi ilə telefon vasitəsilə danışmışdır. Yevlax rayona gəldikdən sonra orada Yevlax yazısı olan dairədə avtomobildən düşmüşlər. Orada olan zaman o, Rəşadın dediyi yerdə avtomobildən düşmüş və həmin yerdə Rəşadın dediyi Sahib adlı şəxs onları qarşılamışdır. O, həmin yerdə avtomobildən düşüb Sahibin yaşıl rəngli VAZ 21099 markalı avtomobilinə minmiş, qabaqda getmişdir. İlahə isə gəldiyi taksi ilə arxaları ilə gəlmişdir. O, dairəni keçən kimi yolun kənarında olan marketin qarşısında olan bankomata getmiş, həmin yerdə avtomobildən düşmüşdür. O, İlahənin yanında bankomatdan 90 manat pul çıxarmışdır. Həmin puldan 50 manat gəldiyi taksiyə verib yola salmışdır. Həmin yerdən Sahibin avtomobili ilə təkrar dairəyə qayıtmışlar, dairədə avtomobildən düşmüş və İlahə su almışdır. Həmin vaxt orada gözləmişlər. Bu zaman oraya “Priora” markalı avtomobil gəlmiş və Sahib ona “xanım sizin avtomobil gəldi” demişdir. Onlar həmin avtomobilə minmiş, adam isə orada gözləmişdir. Onlar “Priora” markalı avtomobil ilə Şəmkir rayonuna gəlmişlər. O, həmin vaxt avtomobildə qabaq oturacaqda oturmuş, Şəmkir rayonuna çatdıqdan sonra Tahirə Şəmkir rayonuna çatdığını demiş, Tahir ona narkotikin olduğu yerin ünvanını məkanını atmışdır. O, telefonda olan proqramla yolu taksi sürücüsünə izah etmiş, dediyi yerə taksi sürücüsü avtomobili sürmüş, Şəmkir rayonuna çatdıqdan sonra avtomobil ilə qaranlıq uzun bir yola girmişlər. O, yolda olanda internet bitdiyi üçün İlahənin telefonun götürmüş, telefonuna həmin məkanı atıb həmin telefonla proqram vasitəsilə məkanı tapıb taksi sürücüsünə izah etmişdir. O, telefonun göstərdiyi məkanda avtomobili saxlatdırıb düşmüş və həmin yerə çatmağa az qalmış o, məkan ilə taksi sürücüsünə istiqamət verdiyi üçün taksi sürücüsü ondan ünvanı tanıyıb tanımadığını soruşmuş, həmin ünvanı tanımadığını torpaq verildiyini, həmin torpaqla fakt sübut olsun deyə şəkil çəkdirmək üçün gəldiyini demişdir. Bundan sonra onun telefonunda internet olmadığı məkan dəqiq göstərmədiyi üçün İlahədən telefonunu istəmişdir. O, məkanı proqram ilə İlahənin telefonuna etmış, telefonunu aldıqdan sonra telefonda göstərilən məkana çatdıqdan sonra avtomobildən düşmüşdür. İlahə və taksi sürücü avtomobildə gözləmişlər. O, Tahirin şəkilini atdığı yerə gedib narkotiki axtarmağa başlamış, həmin vaxt narkotiki həmin yerdə tapa bilməmişdir. Təxminən 15-20 metr avtomobildən uzaqlaşmış, hava qaranlıq olduğu üçün nə qədər axtarsa da narkotiki tapa bilməmişdir. O, Tahirlə danışdıqda ona təkrar məkan atmış, avtomobilə qayıdıb taksidən bir qədər qabağa avtomobili sürməsini istəmişdir. Taksi sürücüsü təxminən 50 metr avtomobili qabağa sürdükdən sonra o, taksi sürücüsünə ağacın yanında boş yer olduğunu, avtomobili ora sürməsini demişdir. Həmin yerdə avtomobildən düşmüş və təxminən 15-20 dəqiqə həmin yerdə gəzərək narkotiki axtarsa da tapa bilməmişdir. Onlar taksi ilə həmin yerdən təxminən 200 metr uzaqlaşmışlar. Bu zaman o, avtomobili saxlatdırıb telefonla danışmaq üçün avtomobildən düşmüş və avtomobildən düşdükdən sonra Tahirlə “Whatsap” zəngi ilə danışmış, Tahir ona narkotiki götürdüyünü ona yalan dediyini bildirmişdir. O, Tahirə yalan demədiyini narkotikin orada olmadığını demişdir. Tahir əgər narkotik itsə onu tutduracağını başına oyun açacağını bildirmişdir. Tahir ona şəkil atıb narkotikin orada olduğunu demişdir. O, telefonla danışdıqdan sonra avtomobilə qayıtmışdır. Taksi sürücüsündən bayaqkı yerə qayıtmasını xahiş etmişdir. O, “bu sonuncudur nə olar” demişdir. Onlar avtomobil ilə həmin yerə qayıtmışlar. O, avtomobildən düşmüş və həmin yerdə yolu ayıran dəmir arakəsmə olduğu üçün onlara onsuzda əks istiqamətdə Bakı şəhərinə qayıdacağıq demişdir. O, sürücüyə “gedin qabaqdan dönüb qayıdın məndə gəlirəm” demişdir. İlahə taksi sürücüsü ilə avtomobillə təxminən 250-300 metr həmin yerdən uzaqlaşmışlar. O, isə həmin vaxt həmin yerdə Tahirin şəkilini atdığı yeri axtarıb tapıb narkotiki götürməyə çalışmışdır. O, beton daşın arasında dib hissədə olan bir ədəd qara rəngli parça çantanı tapmış və həmin parça çantanı götürüb dərhal yola tərəf getmişdir. Bu zaman 10-15 metr qabağa getdikdən sonra anidən həmin yerə mülki geyimdə polis əməkdaşları gəlmişlər. O, Tahirlə olan danışığıma əsasən narkotiki götürdükdən sonra şəkilini çəkib atmalı, Tahir isə onun kartına 1000 (bir min) ABŞ dolları pul göndərməli, daha sonra isə o, həmin narkotiki Tahirin ünvanını atdığı yerə Bakı şəhərinə aparmalı olmuşdur. Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis Bölməsinə dəvət etmişlər. Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmişdir. Ona öz hesabına müdafiəçi tutmaq, həmçinin, dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçinin iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmiş, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu bildirilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərimdə saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir.Şəxsi axtarış zamanı üzərində olan qara rəngli parça materialdan çantanı təqdim etmiş və həmin çantanın içərisində nə olduğu soruşulduqda narkotik vasitə olduğunu bildirmişdir. Həmin çanta onun iştirakı ilə açılan zaman içərisində iki ədəd sarı rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofan paket aşkar olunmuşdur. Bir ədəd sellofan paket kəsici alətlə kəsiləndə içərisində qəhvəyi rəngli narkotik olan heroinə bənzər kütlə aşkar edilmiş və həmin kütlə tərəzidə çəkilən zaman 1465 qram olduğu müəyyən edilmişdir. İkinci polietilen paket kəsici alətlə kəsiləndə içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman 775 qram olması müəyyən edilmişdir. Həmin paketlər qablaşdırılaraq götürülmüşdür. Ondan üzərində aşkar edilmiş kütlələri haradan əldə etdiyim soruşulduqda Şəmkir rayonu, Yeniabad kəndi ərazisində olan yerdən götürdüyünü, həmin yerin məkanını isə tanışı Tahir adlı şəxsin “Whatsap” məkan xidmətindən istifadə edərək ona göndərdiyini demişdir. O, həmin narkotiki Tahirin dediyi ünvana çatdırmaq üçün Tahirin ona 1000 ABŞ dolları verəcəyini bildirmişdir. Həmçinin, axtarış zamanı ona məxsus olan mobil telefon, ümum vətəndaş passportu, “birbank” plastik kartı götürülmüşdür. Ondan aşkar olunmuş həmin narkotik vasitələri Tahir adlı şəxsin ona göndərəcəyi ünvana aparmaq məqsədilə üzərində gəzdirmişdir. O, əvvəllər Tahirin narkotik vasitələrini iki-üç dəfə Rəna ilə birlikdə bir ünvandan başqa ünvana çatdırmada iştirak etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Lakin, bəzi vaxtlarda tanışları narkotik istədikdə onlardan 30 manat, 50 manat pul alaraq həmin pula Rənadan narkotik alıb həmin şəxslərlə bölərək yarısını vermiş, yarısını isə özü istifadə etmişdir. Həmin şəxslər rəfiqəsi Əfsanə Ələkbərova, Rəşad İsmayılovla narkotiki onlardan pul alıb satın alıb yarı bölmüş, həmçinin, bəzi vaxtlarda birlikdə istifadə etmişlər. Onun istifadəsində ***-***-**-** saylı telefon nömrəsi olmuşdur. Rəna ***-***-**-**, Rəşad ***-***- **-**, Əfsanə ***-***-**-** və Tahir adlı şəxs isə +**********18 və + **********54 saylı mobil nömrələri istifadə edir. xx.xx.2022-cü il tarixli «Raportan» görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edərək X3 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şahid8 məxsus VAZ 21070 markalı, ** DK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şahid7 üzərinə baxış zamanı narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan çantanı götürdüyü Şəmkir rayonu, Kür qəsəbəsi yolunun sol tərəfində Yeniabad kəndi ərazisində Şəmkir çayın sağ tərəfindəki yerə baxış keçirilmiş bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış keçirilməsi və götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Realme C11 adlı, RMX2185 model” mobil telefona baxış bu barədə protokol tərtib edilməklə sənədlərin surəti çıxarılaraq materiala əlavə edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərfon MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinin xx.xx.2021-ci il dən xx.xx.2023-cü il tarixədək olan vaxt ərzində aparıaln danışıqlar və mesaj yazılarında cinayət işinin istintaqı üçün maraqlı olan məlumat aşkar olunmadı. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinin xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan vaxt ərzində aparıaln danışıqlar və mesaj yazılarında cinayət işinin istintaqı üçün maraqlı olan məlumat aşkar olunmadı. Axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən evdə axtarış aparılmış bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Axtarış zamanı 4 ədəd dəftər sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özü ilə daşıdığı idman çantasından təmiz çəkiləri 705 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1360 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şahid8 üzərinə şəxsi axtarış zamanı onun üzərindən bir ədəd samsung markalı mobil telefon, alışqan, neptun marketinə məxsus plastik aşkar edildi.Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü, digər əşyalar isə özünə qaytarıldı. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 16/457 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə və marixuanaya bənzər kütlələr.” sözləri və imzalar olan idman çantasında - 1(bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1360 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1(bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 705 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 aprel 2023-cü ildən hesablanmışdır. AZE N 18733977 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, Şahid7 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 03.11 2023-cü il tarixli qərardan görünür ki, Şahid8 və Şahid7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından onların barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs özü ilə daşıdığı idman çantasından aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1359,8 qram qurudulmuş marixuana və 704,8 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-nin anbarına saxlanca verilmişdir. Eləcə də 4 ədəd DVD disk, axtarış zamanı götürülmüş 4 ədəd dəftər və mobil telefona baxış protokoluna əlavə edilmiş çıxarışlar cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs özü ilə daşıdığı idman çantasından aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1359,8 qram qurudulmuş marixuana və 704,8 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 4 ədəd DVD disk, axtarış zamanı götürülmüş 4 ədəd dəftər və mobil telefona baxış protokoluna əlavə edilmiş çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 68 (altmış səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs özü ilə daşıdığı idman çantasından aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1359,8 qram qurudulmuş marixuana və 704,8 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X6 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 4 ədəd DVD disk, axtarış zamanı götürülmüş 4 ədəd dəftər və mobil telefona baxış protokoluna əlavə edilmiş çıxarışlar cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 68 (altmış səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar