Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-27/2022 18.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1, X2 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonu, Qarıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qarakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Köhnə Bazar”ın giriş hissəsində olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 2020-ci ilin sentyabr ayında aralarında baş vermiş dava-dalaş zamanı onu hansı səbəbdən döydüyünü, sonradan isə ondan üzr istəməməsinin səbəbini soruşaraq “kişisənsə gəl, gedək təkbətək danışaq” demiş, həmin vaxt Rövşənə çıxıb getməsini, əvvəllər aralarında olan hadisəyə görə polisə düşdüklərini bildirmiş, Rövşən isə ona “Köhnə Bazar” adlanan yerin girişindən içəriyə doğru getməyi təkid etdiyindən onun ardınca bazara tərəf getmiş, bir qədər sonra Rövşən arxaya çevrilib üstünə gəldiyi vaxt ondan kənarlaşmasını istəmiş, bundan sonra Zərərçəkmiş şəxs onu iki dəfə başının üzərinə qaldırıb yerə yıxaraq üzərində olmaqla onu döyərkən, özünün həyatını və sağlamlığını Zərərçəkmiş şəxs hərəkətlərindən qorumaq və ondan aralanmaq üçün cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən onun döş qəfəsinə üç dəfə, qarın nahiyəsinə bir dəfə, baş nahiyəsinə isə 1 dəfə zərbə endirərək ona döş qəfəsinin iki ədəd, qarının bir ədəd və başın bir ədəd daxilə keçməyən kəsilmiş deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin (sol kürəyin) hemo-pnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək zəruri müdafiə həddini aşmaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun Qarıkənd kəndində qeydiyyatda olsa da, Gədəbəy şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır. 21.10.2020-ci il tarixdə saat 20 radələrində işlədiyi Gədəbəy Qızıl şirkətində işdə olmalı olduğu üçün saat 17 radələrində «Saat dairəsi» adlanan yerə çıxaraq mağazadan ərzaq alaraq aparıb qayınanasıgildə olan ailəsinə verib işə getmək istəmişdir. Bu məqsədlə Köhnə bazarın şəhər tərəfdən giriş hissəsində yolun kənarında dayanıb şəhərarası işləyən avtobusu gözləmişdir. Bu vaxt Məhəmməd qırmızı rəngli “Mercedes” markalı avtomobili ilə aşağıdan yuxarıya keçmişdir. Həmin vaxt Məhəmmədin yanında Rövşən oturmuş, arxada isə başqa adamlar olmuşlar. Ondan təxminən 15-20 metr keçdikdən sonra Məhəmməd avtomobili yolun sağ tərəfində saxlamışdır. Həmin vaxt avtomobildən Rövşən, onun arxası ilə Məhəmməd və arxa salondan isə iki nəfər tanımadığı cavan oğlan düşüb ona tərəf gəlmişlər. Əvvəlcə Rövşən ona çatmağa iki-üç metr qalmış salam vermədən birbaşa “sən niyə məni döydün, sonra da üzr istəmədin” demiş və sonra da “kişisənsə gəl, gedək təkbətək danışaq” demişdir. Həmin vaxt Rövşənə çıxıb getməsini, əvvəllər aralarıda olan hadisəyə görə polisə düşdüklərini bildirmişdir. Rövşən isə ona “Köhnə Bazar” adlanan yerin girişindən içəriyə doğru getməyi dediyindən onlar bazara tərəf getmişlər. Həmin vaxt Rövşən ondan qabaqda getmişdir. Onlar bir qədər gedəndən sonra Rövşən arxaya çevrilib üstünə gəlmişdir. Həmin vaxt ona “get xatanı məndən uzaq elə, yenə gedib polisə şikayət edəcəksən” demiş, həmin vaxt Məhəmməd gələrək “sən çıx get, sən get mən Rövşəni başa salacam” demişdir. Məhəmmədin bu sözündən sonra çıxıb gedəndə Rövşən onu başının üstünə qaldıraraq yerə çırpmışdır. Yerdən qalxmaq istədikdə Rövşən yenidən ona eyni vəziyyətdə “bedro” fəndi işlədərək qaldıraraq yerə yıxmış, bu vaxt başı silkələnmişdir. Bu dəfə o, yerdə Rövşənin altında qalmış, Rövşən isə onun üstündə oturmuş vəziyyətdə “səni döyüb öldürəcəm” deyərək ona zərbələr vurmuş, həmin vaxt onları ayıran olmamış, həmçinin Rövşən də ondan əl çəkməmişdir. Rövşənin idmanla məşğul olduğundan fiziki cəhətdən ondan güclü olmasına görə onu döyüb öldürəcəyini fikirləşdiyi üçün üzərində olan kiçik ölçülü cib bıçağı ilə Rövşəni özündən aralaşdırmaq üçün ona təxminən üç dəfə zərbə vurmuşdur. Zərbələrdən sonra Rövşən onun üstündən qalxmış və Məhəmmədin avtomobilinə tərəf gedib avtomobilə minərək çıxıb getmişlər. Sonra o, yerdən duraraq qorxduğu üçün bıçağı atdıqdan sonra dağılmış bazarlıq əşyalarını torbaya yığıb kirayə yaşadığı yerə yaxın olduğuna görə onları pəncərədən içəri atmış və qayıdıb şəhərin aşağısına tərəf getmişdir. Bundan sonra qaynı Nurlana zəng edib Rövşəni bıçaqla vurduğunu demişdir. Hərbi çağırış idarəsinin yanında olanda polis əməkdaşları telefonuna zəng edib yerini soruşmuşlar. O, da polis əməkdaşlarına yerini demişdir. Bir qədər keçmiş polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə gətirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, bir müddət əvvəl qayınanası Rənanın qoyunları sıraya qatmasına görə qonşuları Rövşənin buna icazə vermədiyindən və Rənaya nalayiq ifadələr işlətdiyindən Rövşənlə aralarında baş vermiş münaqişə zamanı Rövşəni döymüş, bununla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılmış, lakin sonra onunla barışdıqları üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Rövşəni əvvəllər döydüyünə, buna görə də onunla ədavət aparmasına görə 21 oktyabr 2020-ci il tarixdə Rövşən onu döymüş, Rövşəndən müdafiə olunmaq üçün bıçaqla ona xəsarət yetirərək ondan aralanmış, hadisə vaxtı Rövşənin aralanması üçün başqa yol görməmişdir. Rövşənə bıçaqla xəsarət yetirmək niyyəti olmamış, həmin vaxt heç dalaşmaq məqsədi də olmamış, hətta Rövşən onu qaldırıb yerə vurana qədər ərzaq paketləri əlində olmuş, yerdə Rövşənin altında olarkən özünü müdafiə etmək üçün məcbur olaraq Rövşəni bıçaqla vurmuş, aralanmaq üçün bıçaqla Rövşəni qolundan vurmaq istəmiş, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən təxminən 2 ay əvvəl qonşusu Rəna adlı qadın qoyunlarını digər sıra qoyunlarına qatmaq istədiyindən qonşuları və o narazı olmuş, buna görə də aralarında mübahisə yaranmış və Rənanın kürəkəni Mübariz buna görə onu döymüşdür. Bu barədə rayon polis şöbəsinə şikayət etmişdir. Şöbədə şikayət ərizəsi əsasında araşdırma aparılan zaman Mübarizlə barışmış və onun barəsində şikayətinin olmaması barədə ərizə vermişdir. Təqsirləndirilən şəxsla barışmağı üçün onun qaynı Nurlan ondan üzr istəmiş, lakin Mübariz ondan üzr istəməmişdir. Buna baxmayaraq onu bağışlamışdır. 21 oktyabr 2020-ci il tarixdə saat 17:20 radələrində yaşadığı evdən çıxaraq xalası oğlu Məhəmmədlə ona məxsus “Mercedes” markalı maşınla rayon mərkəzinə getmək istəyərkən tanışları Cavid, Sadiq və Tural da maşına minmiş və onlar kompyuter salonuna oyun oynamaq üçün getdiklərini bildirmişlər. Məhəmmədin maşınında qabaq oturacaqda o, arxa oturacaqda isə tanışları oturmuşlar. Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsinə çatdıqda Mübarizin yol kənarında dayandığını görmüş və Məhəmmədə maşını saxlamasını demişdir. Onun maşını saxlatmaqda məqsədi Mübarizə nəyə görə onu döyəndən sonra üzr istəməməsinin səbəbini öyrənmək olmuşdur. Həmin vaxt Mübarizin ondan üzr istəyəcəyini fikirləşmişdir. Maşından düşüb Mübarizin yanına gəlmiş və ondan “məni niyə döyüb daha sonra üzr istəməmisən” deyə soruşmuşdur. Sonra da Mübarizə “ya sən məndən üzr istəməlisən, ya da ki, gəl kənara çəkilib təkbətək dalaşaq” demişdir. Mübariz ondan üzr istəmədiyinə görə onu Köhnə Bazarın içərisinə tərəf çağırmış və özü qabaqda getmişdir. Orada əvvəllər bazar işləsə də bazar olmadığına görə orada kənar şəxslər olmamışdır. O, bazarın içərisinə tərəf keçmiş, Mübariz də arxasınca gəlmişdir. Həmin vaxt Mübariz ona “sən polisə işləyirsən, yenə də məni aparıb polisə verəcəksən” dedikdə, o, əsəbləşmiş və geriyə qayıdıb Mübarizin arxasına tərəf keçib qolları ilə onu tutub havaya qaldırıb arxası üstə yerə vurmuş, bundan sonra Məhəmməd gəlib onun kəmərindən tutaraq çəkmiş, həmin vaxt Mübariz yerdən qalxmış, bundan sonra isə Məhəmmədin əlindən çıxaraq Mübarizə ikinci dəfə fənd işlədərək onu yerə yıxmışdır. Bu dəfə onun üstünə yıxılmış, Mübariz isə onun altında qalmış, həmin vəziyyətdə Mübarizi döymüşdür. Həmin vaxt Mübariz bıçaqla onun sol yan tərəfinə bir, kürək nahiyəsinə isə iki zərbə endirmiş, bıçaq zərbələri dəydikdən sonra o, Mübarizi buraxıb Məhəmmədin maşınına tərəf getmişdir. Məhəmməd onu avtomobilə mindirib Gədəbəy rayon xəstəxanasına gətirmiş, oradan isə təcili tibbi yardım maşını ilə Gəncə şəhər 3 saylı xəstəxanasına aparılmış, orada cərrahiyyə əməliyyatı olunmuşdur. İfadəsinə əlavə olaraq Mübarizlə dava zamanı yanında olan uşaqlara onları ayırmamalarını bildirdiyindən onları yalnız Məhəmmədin ayırdığını, Mübarizlə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki,Gədəbəy şəhərində yaşayır, Zərərçəkmiş şəxs həm yeznəsi, həm də xalası oğludur. Rövşənin qonuşları Rənanın kürəkəni, əslən Qarıkənd kəndindən olan Mübarizlə mübahisələri olduğunu bilmişdir. Belə ki, Rövşən qoyun sırasına görə Mübarizin qayınanası Rəna ilə etdiyi mübahisəyə görə Mübariz onu döymüş, Rövşən də ondan polis şöbəsinəşikayət etmiş, lakin sonra onlar barışdıqlarıüçün işləri bağlanmışdır. 21 oktyabr 2020-ci il tarixdə atasına məxsus olan “Mercedes-Benz” markalı maşınla şəhərin aşağı hissəsindən yuxarıya Rövşənlə birlikdəçıxan zaman aşağı bazarda Sadiq, Cavid və Tural da onun maşınına minmişlər və kompyuter oyunu oynamaq üçün getdiklərini bildirmişlər. Həmin günü saat 17 radələrində onlar “Köhnə Bazar”aşəhər tərəfdən girişi keçəndə Mübarizin əlində torba ilə yolun kənarında onlar gəldiyi istiqamətin əks tərəfində dayandığını görmüşlər. Həmin vaxt Mübariz tək olmuşdur. Onun yanından keçəndə Rövşən onu gördüyüüçün ondan maşını saxlamağını xahiş etmiş və eyni vaxtda gödəkçəsini çıxarmağa başlamışdır. Təxminən 15-20 metr Mübarizi keçib yolun sağında maşını saxlamışdır. Rövşən maşından düşmüş və Mübarizə tərəf getmişdir. Həmin vaxt Tural avtomobildə qalmış, Cavid və Sadiq düşmüşlər. Rövşənin Mübarizin yanına getdiyini gördüyü üçün dərhal maşını yolun içində fırlamış və geriyə Mübarizin dayandığı yerə gəlib dayanmışdır. Maşından düşəndə Rövşənin qabaqda Köhnə Bazarın içərisinə doğru getdiyini, Mübarizin də onun arxasınca getdiyini görmüşdür. Həmin vaxt onların dalaşacaqlarını hiss etdiyi üçün onların arxasınca getmişdir. Mübariz ona “Məhəmməd, bunun xatasını məndən uzaq elə” dedikdə, Rövşənin qarşısına keçib onu tutmuş və Mübarizdən çıxıb getməsini xahiş etmişdir. Mübariz də geriyə qayıtmışdır. Bu vaxt Rövşən əlindən çıxmış və Mübarizin üstünə getmişdir. Həmin vaxt biraz aralıda bir nəfərlə haləhval tutmuş, çevriləndə Rövşənin Mübarizlə dalaşdığını, Rövşənin Mübarizi qaldırıb başı üzərindən yerə vurduğunu görmüşdür. Mübariz Rövşənin altında qalmış, Rövşən isə onun üstündə olmaqla onu vurmağa davam etmişdir. Onları yenə aralaşdırmaq istəyəndə biləyindən bıçaq dəydiyini görmüşdür. Bundan sonra Rövşəni qaldırmaq istəmiş, lakin Rövşən özü qalxaraq yıxılmış və “bu məni nə iləsə vurdu” deyə bildirmişdir. Bundan sonra Rövşəni Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, həmin vaxt hadisənin hansı səbəbdən başlamasını bilməsə də, hadisənin aralarında olan əvvəlki dava-dalaşa görə başladığınıgüman etmiş, Rövşən əvvəllər güləşlə məşğul olduğundan Mübarizdən güclü olmuş, Mübariz Rövşənin altında olduğu vəziyyətdə onu bıçaqla vurduqdan sonra Rövşən ondan aralanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gədəbəy şəhərində anası və nənəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs ilə qonşu olmaqla normal münasibətləri olmuşdur. Qarıkənd kəndindən olan Təqsirləndirilən şəxs tanıyır. Mübarizlə Rövşənin dalaşdığını və sonradan isə barışdıqlarını eşitmişdir. 21 oktyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Tural və Cavidlə birlikdəşəhərin aşağı hissəsində Məhəmmədin “Mercedes” markalı maşınını görmüşlər, həmin vaxt qabaqda Rövşən oturmuşdur. Onlar şəhərin Ticarət mərkəzi adlanan yerində kompyuter oyunu oynamaq üçün gedəcəklərindən Məhəmmədin maşınını saxladaraq maşına əyləşmişlər. Qısa bir müddətdə “Köhnə Bazar” adlanan yerin giriş hissəsinəçatanda Rövşən Məhəmmədə maşını saxlamasını demişdir. Məhəmməd də maşını bir az irəlidə sağda saxlamışdır. Məhəmməd maşını saxlayandan sonra Rövşən düşüb dərhal gödəkçəsini soyunub maşına qoymuş və yolun o biri tərəfinə keçmişdir. Cavidlə Tural da düşüb onun arxasınca getmişlər. Rövşən yolun o biri tərəfinə keçəndə Mübarizin əlində nəsə olduğunu və yolun kənarında dayandığını görümüşdür. Rövşən Mübariz tərəfə getmişdir. Həmin vaxt onlar Rövşənin Mübarizi görüb onunla dalaşmağa getdiyini anlamışlar. Maşında Məhəmmədlə o qalmışdır, onların dalaşmalarının qarşısını almaq üçün Məhəmməd maşını fırlayıb Mübariz dayanan yerə qayıtmışdır. Onlar maşından düşəndə Rövşənin köhnə bazarın içinə doğru getdiyini, Mübarizin də onun arxasınca getdiyini görmüşlər. Həmin vaxt maşından yerə düşüb dayanmışdır. Cavidlə Tural da yolun kənarında dayanmışlar, ancaq Məhəmməd gedib Rövşəni tutub saxlamış, Mübarizə dəçıxıb getməsini bildirmişdir. Mübariz də getdiyi vaxt vaxt Rövşən Məhəmmədin əlindən çıxıb Mübarizin üstünə getmiş və fənd işlədərək onu qaldırıb yerə vurmuş, Mübariz Rövşənin altında qalmış, hər ikisi bu qaydada qısa bir vaxtda dalaşmışlar. Həmin vəziyyətdə Rövşən Mübarizi döymüşdür. Dava güclü getdiyi üçün onları ayıra bilməyəcəyindən qorxduğu üçün dava olan yerə getməmiş, maşının yanında dayanmış, dayandığı yerlə hadisə yeri arasında təxminən 50-60 metr məsafə olmuşdur. Məhəmməd daha yaxın olduğu üçün onları ayırmış, onlarda çatıb Məhəmmədə köməklik edərək Rövşəni maşına tərəf gətirmişlər. X5 əlləri ilə dalaşdıqlarını təsəvvür etmiş, ancaq maşına yaxınlaşanda Rövşən kürəyini tutub Məhəmmədə onu bıçaqla vurduğunu demişdir. Onlar Rövşənin kürəyinə baxanda köynəyindən qan axdığını görmüşlər və tez onu maşına oturdub xəstəxanaya gətirmişlər. Orada Rövşənə tibbi yardım göstərildikdən sonra onu Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Rövşənlə Mübarizin arasında olan dava zamanı Rövşənin Mübarizi döydüyünü, həmin davada üstünlüyün Rövşəndə olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gədəbəy şəhərində valideynləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, münasibətləri normal olmuşdur. Hadisədən bir neçə ay əvvəl Mübarizin Rövşənlə dava-dalaşlarının olmasını və sonradan barışdıqlarını bilmişdir. 21 oktyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Cavid və Sadiqlə şəhərin aşağı hissəsində Məhəmmədin “Mercedes” markalı maşınını görmüşlər. Həmin vaxt avtomobildə qabaqda Rövşən oturmuşdu. Onlar şəhərin ticarət mərkəzi adlanan yerində kompyuter oyunu oynamaq üçün gedəcəklərindən Məhəmmədin maşınını saxlatdırıb maşına minmişlər. Qısa bir müddətdə “Köhnə Bazar” deyilən yerin giriş hissəsinə çatanda Rövşən Məhəmməddən maşını saxlamasını xahiş etmiş və Məhəmməd maşını bir az irəlidə sağda saxlamışdır. Rövşən maşından düşəndə dərhal əynində olan gödəkçəsini soyunub maşına qoymuş və yolun digər tərəfinə keçmişdir. Yolun sol tərəfinə keçəndə Mübarizi yolun əks tərəfində əlində torba dayandığını görmüşdür. Həmin vaxt Rövşənin Mübarizlə dalaşmağa getdiyini anladığı üçün Məhəmmədə Rövşənin davaya getdiyini demiş və maşından düşüb Rövşənin arxasınca getmək istədikdə Rövşənə çatmağa az qalmış Rövşən onlara söyüş söydüyüüçün Cavidlə dayanmışdır. Rövşən Mübarizə nə isə demiş və hər ikisi köhnə bazarın içərisinə doğru getmişlər. Həmin vaxt Məhəmməd də maşını fırlayıb yanlarında saxlamış və hər ikisi düşmüş, Sadiq onların yanında qalmış, Məhəmməd isə onların arxasınca getmişdir.Həmin vaxt Mübariz Məhəmmədə “qohumunu kənara çək” demiş, bu vaxt Rövşən Mübarizin sinəsinə yumruqla vurmuş, həmin vaxt Mübarizin telefonu yerə düşmüşdür. Məhəmməd Rövşəni tutmuş, bu vaxt Mübariz isə bir az onlar tərəfə qayıtmış, Məhəmməd Rövşəni çəkib gətirmək istədikdə Rövşən dartınıb onun əlindən çıxaraq Mübarizin üstünə gedibfənd işlədərək iki dəfə onu qaldıraraq yerə vurmuşdur. Mübariz onun altında qalmış, bu vəziyyətdə Rövşən Mübarizi vurmuşdur. Tez Məhəmmədə köməyə getmişlər və onları aralamışlar. Mübariz isə harasa getmişdir. Onlar da kömək edib Rövşəni maşına gətirmişlər, maşına çatmamış Rövşən yaralandığını demişdir. Rövşənin kürəyinə baxanda paltarın qan olduğunu görmüşlər. Rövşəni Mübarizin bıçaqla vurduğunu anlamışlar. Bunun üçün də Rövşəni tez maşına oturdub xəstəxanaya gətirmişlər, orada tibbi yardım göstərmişlər, sonra onu Gəncəşəhərinə xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, dava-dalaş vaxtı Mübariz özünü müdafiə etmiş, Rövşən Mübarizi yumruqla vuranda Mübariz Rövşəni itələyib özündən kənarlaşdırmaq istəmişdir. İş materialarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Gədəbəy şəhərində “Köhnə Bazar”a M.Ə.Rəsulzadə küçəsindən giriş hissəsində baş vermişdir. «Köhnə bazar»ın giriş hissəsinin hər iki tərəfidə işləməyən ticarət obyektləridir, solda olan qızıl dükanının səmtindən 5 metr keçdikdə solda kiçik ölçülü, köhnə boş piştaxtalar qoyulmuşdur. Həmin piştaxtaların yanında torpaq hissə ayaq izlərinə bənzər izlərdən qarışmış vəziyyətdədir, ondan bir qədər irəli gedəndə sağda dəmir piştaxtanın yanında həmçinin torpaq hissə ayaq izlərinə bənzər izlərdən qarışmışdır. Piştaxtadan 4 metr solda yerdə bir ədəd qatlanan bıçaq qalmışdır. Bıçağın ümumi uzunluğu 16,5 sm, tiyə hissəsi 7,5 sm, tutacaq hissənin uzunluğu 09 sm, tiyə hissəsinin eni 02 mm-dir, bıçağın tiyəsinin uc hissəsində qırmızı rəngli, qanabənzər ləkələr vardır. Həmin bıçaq istintaq əməliyyatı kəsb etdiyi üçün götürülərək qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X16 tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 21 oktyabr 2020-ci il tarixli 791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazunun və sol dirsək oynağının sıyrıqları küt əşyaların, sol sağrının və sol əlin 5-ci barmağının deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 oktyabr 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol sağrının və sol əlin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 X16 tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 24 noyabr 2020-ci il tarixli 862 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin (sol kürəyin) hemo-pnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin iki ədəd daxilə keçməyən, başın bir ədəd, qarının bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 oktyabr 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin (sol kürəyin) hemopnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən təqdim olunmuş 23 dekabr 2020-ci il tarixli 16/771/772 saylı məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizalarına dair rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim olunan poluverin səthində olan üç ədəd zədə, maykanın səthində olan üç ədəd zədə bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulatorməhkəmə-psixiatrik və psixioloji ekspertizasının 27 yanvar 2021-ci il tarixli 50/15 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni, 21.10.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmiş şəxslə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını tam dərk edə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 21 oktyabr 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 yanvar 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 ay, yəni 21 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.05.2019-cu il təvəllüdlü X4 və 19.02.2021-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli 461 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Qarıkənd kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon polis şöbəsinin istintaq bölməsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 1084 (HK-1/ 1169) saylı rədd materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs verdiyi izahatında 06 sentyabr 2020-ci il tarixdə saat 20.30 radələrində Qinyaz Salehov, Xəqani və Mübariz adlı şəxslər və tanımadığı iki nəfər üzü tüklü şəxs Gədəbəy şəhərində yerləşən Ticarət Mərkəzindəki oyun salonunda onu döyüb xəsarət yetirmişlər. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Köhnə Bazar”ın giriş hissəsində olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 2020-ci ilin sentyabr ayında aralarında baş vermiş dava-dalaş hadisəsinə görə ondan üzr istəməməsinin səbəbini soruşduqda ona «sən polisə işləyirsən, yenə də məni polisə verəcəksən» dediyi üçün aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs onu başının üzərinə qaldırıb yerə yıxdığı üçün o, cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə üç dəfə, qarın nahiyyəsinə bir dəfə, baş nahiyəsinə isə 1 dəfə zərbə endirərək ona döş qəfəsinin iki ədəd, qarının bir ədəd və başın bir ədəd daxilə keçməyən kəsilmiş deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin (sol kürəyin) hemopnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Rövşənlə aralarında baş vermiş münaqişə zamanı Rövşəni döymüş, bununla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılmış, lakin sonra onunla barışdıqları üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Rövşəni əvvəllər döydüyünə görə onunla ədavət aparmasına görə 21 oktyabr 2020-ci il tarixdə Rövşən onu döymüşdür. Belə ki, Rövşən onu başının üstünə qaldıraraq yerə çırpmış, yerdən qalxmaq istədikdə Rövşən yenidən ona eyni vəziyyətdə “bedro” fəndi işlədərək qaldıraraq yerə yıxmış, bu vaxt başı silkələnmiş, o, yerdə Rövşənin altında qalmış, Rövşən isə onun üstündə oturaq vəziyyətdə “səni döyüb öldürəcəm” deyərək ona zərbələr vurmuş, həmin vaxt onları ayıran olmamış, həmçinin Rövşən də ondan əl çəkməmişdir. Rövşənin idmanla məşğul olduğundan fiziki cəhətdən ondan güclü olmasına görə onu döyüb öldürəcəyini fikirləşdiyi üçün üzərində olan kiçik ölçülü cib bıçağı ilə Rövşəni özündən aralaşdırmaq üçün ona təxminən üç dəfə zərbə vurmuşdur. Zərbələrdən sonra Rövşən onun üstündən qalxmış və Məhəmmədin avtomobilinə tərəf gedib avtomobilə minərək çıxıb getmişdir. Rövşəni bıçaqla vurmaqda məqsədi ondan müdafiə olunmaq olmuş, Rövşəndən aralanmaq üçün başqa yol görməmiş, ona xəsarət yetirdikdən sonra ondan aralanmışdır. Ona bıçaqla xəsarət yetirmək niyyəti olmamış, həmin vaxt heç dalaşmaq məqsədi də olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs da ifadəsində göstərmişdir ki, maşından düşüb Mübarizin yanına gəldikdən sonra ondan “məni niyə döyüb daha sonra üzr istəməmisən”, “ya sən məndən üzr istəməlisən, ya da ki, gəl kənara çəkilib təkbətək dalaşaq” demiş, Mübarizin ondan üzr istəməməsinə görə onu Köhnə Bazarın içərisinə tərəf çağırmış, özü qabaqda, Mübariz isə arxasınca getmiş, həmin vaxt Mübariz ona “sən polisə işləyirsən, yenə də məni aparıb polisə verəcəksən” dedikdə, əsəbiləşərək geriyə qayıdıb Mübarizin arxasına tərəf keçib qolları ilə onu tutub havaya qaldırıb arxası üstə yerə vurmuş, bundan sonra Məhəmməd gəlib onun kəmərindən tutaraq çəkmiş, həmin vaxt Mübariz yerdən qalxmış, bundan sonra isə Məhəmmədin əlindən çıxaraq Mübarizə ikinci dəfə fənd işlədərək onu yerə yıxmış, onun üstünə yıxılmış, Mübariz isə onun altında qalmış, həmin vəziyyətdə Mübarizi döymüş, bu vaxt Mübariz bıçaqla onun sol yan tərəfinə bir, kürək nahiyəsinə isə iki zərbə endirmiş, bıçaq zərbələri dəydikdən sonra o, Mübarizi buraxıb Məhəmmədin maşınına tərəf getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10, Şahid2 və Şahid4 təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə oxşar məzmunlu ifadələr vermişlər. Göründüyü kimi ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamda aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs onu başının üzərinə qaldırıb yerə yıxdığı üçün Təqsirləndirilən şəxs cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi göstərilmişdir. Halbuki, mübahisə və münaqişənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılması, Rövşənin Mübarizə ikinci dəfə fənd işlədərək onu yerə yıxması, bundan sonra onun üstündə olaraq Mübarizi döyməsi və həmin vəziyyətdə Mübarizin bıçaqla ona xəsarətlər yetirməsi istintaq orqanı tərəfindən verilmiş ittihamda öz əksini tapmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döydüyü vaxt sonuncu özünü müdafiə etmək və ondan aralanmaq üçün bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Həmçinin iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərdən sol sağrının və sol əlin deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bazunun və sol dirsək oynağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, hadisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanmış, aralarında olmuş əvvəlki münaqişəyə görə ondan üzr istəməli olduğunu hesab etdiyindən o Təqsirləndirilən şəxs münaqişəyə cəlb etmiş, Zərərçəkmiş şəxs onu iki dəfə qaldırıb yerə yıxdıqdan sonra üzərində olmaqla onu döymüş, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayaraq Təqsirləndirilən şəxs bıçaqla ona xəsarətlər yetirərək ondan aralanmasına nail olmuş, həm bıçaqla xəsarətlər yetirən vaxt, həm də həmin anadək təqsirləndirilən şəxsin hərəkətlərində özünü müdafiə elementləri mövcud olmuşdur. Təqsirləndirilən şəxs həmin dava zamanı həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququ olduğundan, onun əməli məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla tövsif edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmçinin həmin Qərara əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətlərilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıqaşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 126.1ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını, 59.1.12-ci maddəsi isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2021-ci il tаriхdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 26 yanvar 2021-ci il tarixdə isə barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19.02.2021-ci il tarixli Qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 21 oktyabr 2020-ci il tarixdən hazırkı tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd poluver və bir ədəd köynək zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2020-ci il tarixdən hesablansın və ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hökm çıxarıldığı gün bitdiyindən təyin edilmiş həmin cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlılğı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. İş üzrə Gədəbəy rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd poluver və bir ədəd köynək zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 63 (altmış üç) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-27/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-27/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver