Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-270/2022 17.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, İ dərəcəli hüquqşünas X4, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Gəncə şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 27-də qeydiyyatda olmaqla Gəncə şəhəri, B.Əliyev küçəsi, 1-ci döngə, ev 18-də yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1.691 qram təmiz çəkidə narkotik vasitə olan kokaini əldə edib eyni məqsəd ilə iki ədəd polietilen kəsiyi bükümlərində qablaşdıraraq satışa hazır vəziyyətə gətirib üzərində saxlamaqla daşımış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarının içərisindən satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində olmaqla müvafiq olaraq 0.838 qram və 0.853 qram, ümumilikdə isə külli miqdarda, yəni 1.691 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan kokain aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5-6 il əvvəl Moskva şəhərində yaşayan zaman narkotik vasitə kokaindən istifadə etsə də daimi istifadəçi deyil. Təxminən 2021-ci ilin sentyabr ayının sonları oktyabr ayının əvvəllərində Gəncə şəhərində Kolxoz bazarı adlanan yerdə Moskva şəhərindən olan tanışı Qalib adlı şəxsi görmüş, Qalib Moskva şəhərindən narkotik vasitə olan kokain gətirdiyini deyib ona da təklif etmiş, o da Qalibdən 300 manat qarşılığında hərəsi 1 qram olmaqla iki büküm kokain almışdır. Həmin vaxtdan təxminən 1 həftə, 10 gün sonra Qalıb Moskva şəhərindən zəng edərək ona satdığı kokaini istifadə edib-etmədiyini soruşmuş, o da istifadə etmədiyini deyəndə Qalib həmin kokainin yaxşı olmadığını, hazırda özünün Moskva şəhərində olduğunu, Beynəlxalq Bankın yanında bir nəfərin onu gözlədiyini, oraya gedib ondan aldığı kokaini həmin şəxsə verib 300 manat pulunu götürməyini demişdir. O, Qalib adlı şəxsdən aldığı 2 büküm kokaini götürüb həmin yerə gedəndə polis əməkdaşları onu saxlamışlar. O, üzərindən aşkar olunan iki büküm kokaini öz istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Eyni zamanda o, ifadəsində polis əməkdaşlarının onun evinə daxil olaraq evində axtarış apardıqlarını, evindən 10000 manat pul götürdüklərini və ibtidai istintaq vaxtı ona təzyiq göstərdiklərini bildirmişdir. Bundan başqa o, Şahid7 məhkəmə istintaqı zamanı ifadə verərkən onu tanımadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni həmin şəxsdən almadığını, ibtidai istintaq zamanı narkotik vasitəni aldığı şəxsin adını “Qadir” kimi dediyini bildirsədə çarpaz dindirmə zamanı Şahid7 tanıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixdə qonşusu Qalib Moskva şəhərindən zəng edərək onun istifadəsində olan plastik bank kartına pul göndərəcəyini, həmin pulu Nazim adlı şəxsə verib onda olan qızıl kimi düşündüyü siqaret qutusunda olan bağlamanı götürməyini istəmişdir. O da Qaliblə qonşu olduğundan və dəfələrlə onun ailə üzvlərini taksi sürücüsü kimi müxtəlif yerlərə apardığından ona inanıb razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Qalib yenidən ona zəng edərək Nazimlə danışdığını, “sünbülün dörd yolu” adlanan yerdə Nazimin onu gözlədiyini demiş, o da həmin yerə gedib avtomobildə gözləmişdir. Bir qədər sonra qara rəngli “infinitie” markalı avtomobildən düşən Nazim özü ona yaxınlaşaraq avtomobilin pəncərəsindən qara rəngli “sobranie” markalı siqaret qutusunu verib onda olan 2000 manat pulu götürüb oradan uzaqlaşmışdır. Bir qədər sonra Qalib zəng edərək onun istifadəsində olan plastik bank kartına 200 manat məbləğində pul göndərdiyini demiş və həmin pulu siqaret qutusunda olan bağlama ilə birlikdə Anara verməsini xahiş etmişdir. O da həmin pulu nəğdləşdirərək “sobranie” markalı siqaret qutusunda olan bağlama ilə birlikdə Anara vermişdir. Həmin gün axşam saatlarında Qalib yenidən ona zəng edərək “qızıl”ın səhv gəldiyini, onu və Anara verdiyi 200 manatdan 100 manatını götürüb yenidən Beynəlxalq Bankın yanında Nazimə verməsini demişdir. O, Anarla görüşüb onda olan 100 manat pulu və “LD” markalı siqaret qutusunu götürüb Beynəlxalq Bankın yanına gedib 40 dəqiqə Nazimi gözləmiş, lakin heç kim gəlməmişdir. O, xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saat 11-12 radələrdinə Qalib Moskvadan zəng edərək Pərvin adlı taksi sürücüsündən olan əmanəti götürməsini demiş, o da həmin gün təxminən saat 17 radələrində Pərvin adlı şəxslə görüşüb Qalibin dediyi əmanəti götürmüşdür. Sonra Qalib ona tanımadığı şəxsin mobil nömrəsini göndərib həmin nömrə ilə əlaqə saxlayaraq görüşüb Pərvindən aldığı əmanəti ona verməsini demişdir. O, Qalibin verdiyi həmin nömrə ilə əlaqə saxlayıb “Əminə market”in qarşısında, “Kəpəz Mehmanxanası” tərəfdə görüşüb Pərvindən aldığı “əmanət”i həmin şəxsə vermişdir. Həmin vaxt o, avtomobilindən düşməmiş, qara rəngli VAZ 21015 markali avtomobillə gəlmiş şəxs özü ona yaxınlaşıb avtomobilin pəncərəsindən əmanəti verib getmişdir. O, həmin şəxsin kim olduğunu bilməmişdir. Bir neçə saat sonra Qalib yenidən zəng edib həmin əmanətin səhv gəldiyini, onu yenidən həmin şəxsdən götürüb Pərvinə verməsini istəmiş, bir qədər sonra da tanımadığı şəxs ona zəng edərək əmanətin səhv gəldiyini, qaytarmalı olduğunu demişdir. O da həmin şəxslə Nizami Gəncəvinin heykəlinin yanında görüşüb ondan eyni qutunu götürüb yenidən Pərvinə vermişdir. Bundan başqa o, ifadəsində Qalibin ona Pərvin vasitəsilə göndərdiyi 200 manat məbləğində pulun 100 manatını “sobranie” markalı siqaret qutusu ilə birlikdə Pərvinə verdiyini, qalan 100 manat pulun üstünə 40 manat da əlavə edib Qalibin banka olan borcunu ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Moskva şəhərindən olan ortaq tanışı vasitəsilə tanıyır, lakin yaxın münasibətləri yoxdur. Onun istifadəsində olan mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifdadəsində olan mobil telefona Nazimin Moskva şəhərindən olan yəhudi tanışı zəng etmişdir. O, narkotik vasitə istifadəçisi deyil, Nazim Cəfərora və ya digrə şəxslərə narkotik vasitə satmamışdır. Bundan başqa o, Şahid1 zəng edərək onun istifadəsində olan plastik bank kartına pul göndərəcəyini deməmiş və ümumiyyətlə pul göndərməmişdir. Təqsirləndirilən şəxs Moskva şəhərindən olan tanışı ondan Nazimə pul göndərməsini xahiş etmiş, o da həmin şəxsi Şahid1 yönləndirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə aldığı şəxs kimi onun adını çəkməsini ona Şahid2 demiş, o da əvvəldən tanıdığı polis əməkdaş Xanlar Məmmədovla danışmış, Xanlar Məmmədov onun həmin məsələyə aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul etmiş və həmin qərar əsasında Şahid4lə şübhəli şəxs Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. Bundan sonra müdafiəçinin iştirakı ilə Nazimin üzərində videoçəkilişlə axtarış keçirilmiş və o, əynində olan idman şalvarının ön sol-yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusu çıxarıb təqdim etmiş, sorğu zamanı həmin qutunun içərisindəki 2 büküm narkotik vasitə olan “kokain”i Qalib adlı şəxsdən 150 manat qarşılığında aldığını bildirmişdir. Sonradan Qalib adlı şəxsin alıcı tərəf olması, narkotik vasitə almaq üçün həmin yerə taksi sürücüsü göndərməsi məlum olmuş, sonradan həmin taksi sürücüsü saxlanılaraq istintaqa təhvil verilmişdir. Bundan başqa o, ifadəsində həmin taksi sürücüsünün Nazimdən kokain aldığını, kokain keyfiyyətsiz olduğundan onu geri qaytarmaq üçün görüşdüklərini, Nazimin də dəyişmək üçün üzərində başka kokain gətirdiyini bildirmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs evinə baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar əsasında Şahid3lə şübhəli şəxs Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Bankın binasının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə Nazimin üzərində videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı o, əynində olan idman şalvarının ön sol-yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusu çıxarıb təqdim edərək həmin qutunun içərisində narkotik vasitə olan “kokain” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni əldə etdiyi mənbəni deməmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs evində və ya avtomobilində narkotik vasitə olması barədə məlumat olmadığını, buna görə onun evinə və avtomobilinə baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı Şahid5 və Gəncə şəhər BPİ-nin KTB-nin inspektor-kriminalisti Şahid6 Şahid4 ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 16/1064 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş hər birinin çəkisi 1 qram olmaqla iki büküm” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “sobranie” adlı siqaret qutusunun içərisində, qara rəngli polietilen kəsiyinə bükülmüş 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-arılıqda təmiz çəkiləri 0,838 qram, 0,853 qram, ümumi təmiz çəkisi 1,691 qram ağ rəngli, naməlum maddələrin tərkibini müəyyən etmək üçün məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan naməlum maddələrin tədqiqatını aparmaq mümkün olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 6/4497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ....” sözləri yazılmış iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,838 qr., və 0,853 qr., ümumi təmiz çəkisi 1,691 qram olan ağ rəngli tozşəkilli maddələr kutsar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - kokaindir. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 01 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin olması müəyyən edilmişdir. Qeyd edilən məlumatlara diskin içərisində olan ikinci fayldakı Şahid7 adına rəmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə birlikdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd edilən mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan yuxarıdakı mobil nömrə arasında 2021-ci ilin sentyabr ayında müxtəlif tarixlərdə çoxsaylı qarşılıqlı telefon danışıqları olmuş, digər zənglərin edildiyi mobil nömrələr çoxsaylı olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Diskin içərisində olan ikinci fayl açıldıqda isə içərisində xx.xx.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının olması müəyyən edilmişdir. Həmin məlumatlardan görünür ki, ***-***-**-** saylı mobil nömrə ünvan 1 ünvanında qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi AA 0252640) Şahid7 adına rəmiləşdirilmişdir. Məhkəmədə tədqiq edilən “şəxsi axtarış və götürmə barədə” 08 oktyabr 2021-ci il tarixli və “baxış keçirilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd “sobranie” markalı siqaret qutusunun içərisində olan 02 ədəd şəffaf rəngli polietilnə bükülmüş “kokain”ə bənzər kütləni təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan kokain olduğunu, 15 gün əvvəl Qalib adlı şəxdən bir bükümünü 150 manata olmaqla iki bükümdə olan kokaini 300 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən “fotoşəkilləri tanınma üçün təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim olunmuş 04 ədəd fotoşəkili nəzərdən keçirərək Təqsirləndirilən şəxs məxsus 3 nömrəli fotoşəkili ona “sobranie” markalı siqaret qutusunu verib 2000 manat məbləğində pulu alan şəxs olunduğu bildirmişdir. Məhkəmədə tədqiq edilən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, HTİD/5864 nömrəli məktubundan görünür ki, Şahid1 məxsus plastik bank kartına xx.xx.2021-ci il tarixdə ödəmə terminalı vasitəsilə 996 manat məbləğində və 1394 manat məbləğində, xx.xx.2021ci il tarixdə isə 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, xx-xx/0766/2022 nömrəli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 008/EƏ-22-1746 nömrəli məktublarından görünür ki, Şahid1 istifadəsində olan plsatik bank kartına xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində köçürülmüş 996 manat, 1394 manat və 200 manat məbləğində pulun köçürüldüyü ödəmə terminalları Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında “Amay T/M”-də “X12”də yerləşir. Məhkəmədə tədqiq edilən 08 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, “metadon” Nazim adı ilə tanınan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Gəncə ŞPİ-nin CAİ-ə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmədə tədqiq edilən 08 oktyabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli, 4(044)-159/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli, 4(044)-159/2021 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Cəfərov X6 Şəhər Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan SSR-nin CM-nin 144.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixi qərraı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 15 gün şərti azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 16 dekabr 2021-ci il tarixli, 1518 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kokaindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin 12 dekabr 2021-ci il tarixli, 5702 nömrəli və Gəncə şəhər Psixonevroloji Dispanserinin 13 dekabr 2021-ci il tarixli, 6161 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə toplanılmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,491 qram olan kokain iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş, içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının video görüntüsü olan 01 əəd DVD disk və içərisində telefon danışıqları barədə məlumat olan Azərfon MMC-dən təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materillarında saxlanılsın. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə olan kokaindən istifadə etdiyini etiraf etsə də, heç kimə narkotik vasitə satmadığı, narkotik vasitələri satış məqsədilə əldə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni Qalib adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, Şahid1 isə tanımadığını bildirmişdir. Bundan başqa o, polis əməkdaşlarının onun yaşadığı evə daxil olaraq evində axtarış apadıqlarını və evindən 10000 manat pulunu götürdükərini qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar şahidlərin ifadələri ilə də təkzib olunur. Belə ki, Şahid1 ifadəsində xx.xx.2021-ci il tarixdə “sünbülün dörd yolu” adlanan yerə gedib avtomobildə gözlədiyini, sonra qara rəngli “infinitie” markalı avtomobildən düşən Nazimin ona yaxınlaşaraq avtomobilin pəncərəsindən qara rəngli “sobranie” markalı siqaret qutusunu verib onda olan 2000 manat pulu götürüb oradan uzaqlaşdığını bildirmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan “fotoşəkilləri tanınma üçün təqdim edilməsi haqqında” protokoldan da görünür ki, Şahid1 ona təqdim olunan 04 ədəd fotoşəkil arasında Təqsirləndirilən şəxs məxsus fotoşəkili göstərərək ona “sobranie” markalı siqaret qutusunu verib onda olan 2000 manat pulu alan şəxs olduğunu bildirmişdir. Bundan başqa Şahid3 ifadəsində ibtidai istintaq vaxtı Qalib adlı şəxs bağlı əməliyyat tədbiri keçirildiyini və onun alıcı tərəf olmasının, belə ki, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün taksi sürücüsü göndərməsinin müəyyən olduğunu bildirmişdir. Həmçinin şahidlər Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs evinə baxış keçirilmədiyini bildirmişlər. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid7 ifadə verərkən əvvəlcə onu tanımadığını bildirməsini, çarpaz dindirmə zamanı isə uzun müddətdir tanıdığını etiraf etməsini qeyri səmimi ifadə kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2055-ci il tarixli Azərbaycan Respublikasının Qanunun İ siyahısında narkotik vasitə hesab edilən kokainin şəxsi istehlak miqdarı (təmiz halda qramla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdarı (təmiz halda qramla) daxil olmaqla aşağı həddi 1 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Cəfərov X6 Şəhər Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan SSR-nin CM-nin 144.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Əzizbəyov Rayon Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixi qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay 15 gün şərti azad edilmiş və məhkumluğu ödənilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar zamanı residiv nəzərə alınmır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli, 4(044)-159/2021 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan kokaindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1.491 qram narkotik vasitə olan kokain məhv edilməli, içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının video görüntüsü olan 01 ədəd DVD diskin və içərisində telefon danışıqları barədə məlumat olan Azərfon MMC-dən təqdim edilmiş 01 ədəd CD diskin və "xxxx" ASC-dən təqdim olunmuş 01 ədəd CD diskin cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 114 manat 22 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan X5 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1.491 qram narkotik vasitə olan kokain məhv edilsin, içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasının video görüntüsü olan 01 ədəd DVD diskin və içərisində telefon danışıqları barədə məlumat olan Azərfon MMC-dən təqdim edilmiş 01 ədəd CD diskin və "xxxx" ASC-dən təqdim olunmuş 01 ədəd CD diskin cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 114 manat 22 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-270/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-270/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver