Məhkəmə qərarları › İş №1(100)-271/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-271/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-271/2021 23.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X4 və X1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs1 daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 2020-cu ilin yaz aylarında tərkibində narkotik maddələr olan külli miqdarda 17 ədəd çətənə (kannabis) bitkisini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü bələdiyyə torpağında özü istifadə etmək məqsədilə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, həmin ilin payız aylarında çətənə bitkilərinin istifadəyə yararlı hissələrini toplayıb qurutmaqla qanunsuz olaraq əldə etdiyi külli miqdarda 11550 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün qanunsuz saxlayıb daşıyaraq yaşadığı fərdi yaşayış evinə gətirib, evin həyətyanı sahəsində yerləşən anbarda qanunsuz olaraq saxlamış, 05 yanvar 2021-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə qurudulmuş marixuananın 1200 qramını qohumu Təqsirləndirilən şəxs2 əvvəllər də birbirinə verdikləri kimi əvəzli olaraq vermiş, DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən 05 yanvar 2021-ci il tarixdə saat 19:45 dəqiqədə Goranboy rayonu Şəfibəyli kəndində yaşadığı fərdi yaşayış evinə və evin həyətyanı sahəsində yerləşən anbara keçirilmiş baxış zamanı qanunsuz olaraq əldə edib özü istifadə etmək məqsədilə iki ədəd ağ rəngli sintetik kisədə saxladığı küllü miqdarda 10350 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 daimi narkotik vasitələrin aludəçisi olduğu üçün 05.01.2021ci il tarixdə Goranboy rayonu Şəfibəyli kəndində yaşayan qohumu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan 1200 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əvvəllər də bir-birinə verdikləri kimi əvəzli olaraq alıb, qanunsuz əldə edərək iki ədəd ağ rəngli polietilen torbaları iç-içə keçirib bir ədəd üzərində “Baku Azerbaıjan” sözləri əks olunmuş göy rəngli polietilen torbanin içərisinə qoyub qablaşdıraraq üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 05 yanvar 2021-ci il tarixdə saat 17 radələrində DİN-nin BNMİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Şəfibəyli kəndi ərazisində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən 1200 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə - qurudulmuş marixuana əlindəki polietilen torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Zaur Qasımov vəsatət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş və CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə tərəfindən də cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması və CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə CM-nin 234.4.3-cü maddəsi ilə nəzərədə tutulmuş ittiham verilsə də, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarında və ittiham aktının təsviri əsasladırıcı və nəticəvi hissəsində verilmiş ittihamın məzmunu CM-nin 234.4.3-cü maddəsinin dispoziyası ilə və işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq küli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma əməllrinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş itttihamın məzmununda qeyd edilmişdir ki, o, qanunsuz olaraq əldə etdiyi külli miqdarda 11550 qram marixuananı şəxsi istifadəsi üçün saxlamış, 05 yanvar 2021-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitə - qurudulmuş marixuananın 1200 qramını qohumu Təqsirləndirilən şəxs2 əvvəllər də bir-birinə verdikləri kimi əvəzli olaraq vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə verilmiş ittiham qeyri-müəyyən olmaqla, narkotik vasitənin ümumilikdə hansı məqsədlə qanunsuz əldə edilməsi qeyd edilməməklə, verilmiş ittihamda həmin narkotik vasitənin ümumilikdə şəxsi istifadə üçün saxlanılması və bir qisminin sonradan əvəzli olaraq digər şəxsə verilməsi göstərilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 CM-nin 237.2.3-cü maddəsi ilə işin faktiki hallarına uyğun gəlməyən qeyri-müəyyən ittiham verilmişdir ki, o, 2020-cu ilin yaz aylarında tərkibində narkotik maddələr olan külli miqdarda 17 ədəd çətənə (kannabis) bitkisini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü bələdiyyə torpağında özü istifadə etmək məqsədilə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmişdir. Lakin, iş materiallarından görünür ki, 05.01.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış zamanı iki ədəd ağ rəngli sintetik kisədə ümumi çəkisi 10350 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin baxış zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni icarəyə götürdüyü bələdiyyə torpağında əkdiyi 15-17 ədəd çətənə kolundan toplayıb, qurudub yaşadığı evə gətirdiyini bildirmişdir. İfadəsinin yerində yoxlanılması zamanı və ifadələrində 12 ədəd çətənə kolu əkdiyini göstərmişdir. Baxış və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı hər hansı çətənə kolu aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 30 aprel 2021-ci il tarixli 7/304 rəyindən görünür ki, elmi cəhətdən işlənilib hazırlanmış metodika olmadığına görə marixuananın neçə ədəd çətənə (kannabis) bitkisindən hazırlanması sualına cavab vermək mümkün deyildir. Göründüyü kimi, təqsirləndirilən şəxsin yalnız ifadəsi əsasında ona CM-nin 237.2.3cü maddəsi ilə itttiham elan edilmiş, ittihamda çətənə kollarının ümumi təmiz çəkisi, dəqiq sayı, nə vaxt və haradan aşkar edilməsi qeyd edilməməklə qeyri-müəyyən ittiham verilmişdir. Eyni zamanda digər Təqsirləndirilən şəxs2 da CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, verilmiş ittihamın məzmununda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan 1200 qram qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əvvəllər də bir-birinə verdikləri kimi əvəzli olaraq alması qeyd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 da CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham qeyri-müəyyəndir, dəqiq deyildir. Bundan başqa ittiham aktında hər iki təqsirləndirilən şəxsin ittiham elan edilən əməldə özlərini təqsirli bildikləri qeyd edilmiş, Təqsirləndirilən şəxs1 yalnız 12 ədəd çətənə kolunu əkməsi xüsusatı özünü müdafiə üçün gətirdiyi dəlillər kimi qiymətləndirilmişdir. Halbuki, iş materiallarından görünür ki, hər iki təqsirləndirilən şəxs şübhəli və təqsiləndirilən şəxs qismində ifadələrində onlara elan edilmiş ittihamda özlərini qismən təqsirli bilərək, narkotik vasitənin satış məqsədi ilə deyil şəxsi istifadələri üçün əldə etdiklərini göstərmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin ifadələrində irəli sürdükləri həmin dəlillər vəsatət kimi qəbul edilib, baxılması, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərkətlərinin icrası və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi təmin edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin məcəllənin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. Həmin məcəllənin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin məcəllənin 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilir. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, 07.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Goranboy rayon Məhkəməsinin eyni tarixli qərarları ilə barələrində “həbs” qətimkan tədbiri seçilmiş, 03.02.2021-ci il tarixdə Goranboy rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 04.06.2021-ci il tarixdə Goranboy rayon məhkəməsinin qərarları ilə ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 2 ay, yəni 05.08.2021-ci il tarixədək, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 2 ay, yəni 05.08.2021-ci il tarixədək uzadılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətləri 01 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətləri 01 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçilərə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar