Məhkəmə qərarları › İş №1(100)-273/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-273/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-273/2021 29.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmənin hazırlıq iclasında sonuncunun Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişdir ondan ötrü ki, o, təkrar satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddə əldə etmiş, saxlamış və təkrar qanunsuz olaraq narkotik vasitəni satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,045 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroinin 0,349 qramını 22.04.2020-ci il tarixdə saat 13 radələrində Ağstafa Rayonu Xətai kəndində yaşadığı evin qabağında 40 manata Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 29 mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Şahid3 və Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 23 mənzil 7-də qeydiyyatda olmaqla Qazax şəhəri Canallı massivində yaşayan Şahid4 qanunsuz olaraq satmış, təmiz çəkisi 0,349 qram təşkil edən narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan qalan 1,696 qram təşkil edən narkotik vasitə olan heroini 1 ədəd gümüşü rəngli kağız bükümdə Ağstafa rayonu Xətai kəndində yaşadığı evin zirzəmisində yerləşən yaşayış üçün istifadə olunan otağın sağ küncündəki masanın polietilen örütüyünün altında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22.04.2020-ci il tarixdə saat 13 radələrində Şahid3 idarə etdiyi avtomobili ilə Şahid4 ilə birlikdə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu Dağkəsəmən kəndindən keçən hissəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobil ilə birlikdə Ağstafa rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 17 radələrində şübhəli şəxs Şahid3 şəxsi axtarışı zamanı əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 0,349 qram təşkil edən narkotik vasitə olan heroin, həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs Ağstafa rayonu Xətai kəndində yaşadığı evə baxış zamanı evin zirzəmisində yerləşən yaşayış üçün istifadə olunan otağın sağ küncündəki masanın polietilen örütüyünün altından 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,696 qram təşkil edən narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təxminən təmiz çəkisi 1 qram təşkil edən narkotik vasitə olan heroini 26 may 2020-ci il tarixdə saat 17 radələrində Ağstafa rayonu Xətai kəndi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsi ilə 70 manata Şahid21 və X2 qanunsuz olaraq satmış, 27 may 2020-ci il tarixdə saat 12 radələrində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X1 rayonu Əliyaqublu kəndi ərazisində saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ cibindəki “NOKİA” markalı mobil telefonun arxa qapağında istifadə etməsindən sonra qalan təmiz çəkisi 0,364 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Ağstafa rayon Polis Şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Ağstafa rayonu Xətai kəndində yerləşən yaşadığı evdə gizlənməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu 02.02.2021-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Xətai kəndi ərazisində saxlanılaraq Ağstafa rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 19 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışına başlamazdan əvvəl sonuncu təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ və sol yan ciblərində, sol iç cibində saxladığı xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, 02 ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 165,379 qram, 02 ədəd içiçə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 69,063 qram, ümumi təmiz çəkisi 234,442 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, 02 ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 46,612 qram, 01 ədəd şəffaf rəngli polietilen torbaya bükülmüş, təmiz çəkisi 2,328 qram, 01 ədəd sellofan torbacığın içərisində, 02 ədəd göy rəngli polietilen kəsiyi bükümündə və 02 ədəd salfet kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,724 qram, 4,035 qram, 0,802 qram, 0,128 qram, 01 ədəd gümüşü rəngli kağız bükümündə, təmiz çəkisi 0,182 qram, ümumi təmiz çəkisi 54.811 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamini, üzərində “Methadone 40” yazısı olan iki ədəd konvalyutdakı, üzərlərində “F/M40” yazısı həkk olunmuş 7 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli dərman preparatı olan həbdə təsiredici miqdarı 0,28 qram təşkil edən narkotik vasitə olan metadonu və üzərində heroin izləri olan 1 ədəd işləməyən elektron tərəzini çıxardıb yerə atmış, həmin narkotik vasitələrə, psixotrop maddələrə və elektron tərəziyə baxış keçirilərək iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: -Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir; Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı qənaətini onunla əsaslandırmışdır ki,ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan aydın olur ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,045 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroinin 0,349 qramını 22.04.2020-ci il tarixdə saat 13 radələrində Ağstafa Rayonu Xətai kəndində yaşadığı evin qabağında 40 manata Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 29 mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Şahid3 və Qazax şəhəri N.Nərimanov qəsəbəsi ev 23 mənzil 7-də qeydiyyatda olmaqla Qazax şəhəri Canallı massivində yaşayan Şahid4 qanunsuz olaraq satmışdır. Şahid4 sözügedən qanunsuz hərəkətlərə yol verdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona qarşı da Azərbaycan Resbublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrində Şahid4 narkotik vasitə satmadığını bildirmişdir. Cinayət işinin materilalları öyrənilərkən müəyyən olunmuşdur ki, ibtidai istintaq dövrü mənafeləri arasında kəskin ziddiyyət olmasına baxmayaraq, Şahid4un hüquqlarını müdafiə etmiş Ağstafa rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5, sonradan istintaq zamanı Təqsirləndirilən şəxs vəkili kimi işə buraxılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbinə görə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 114-cü maddəsinin tələbinə görə qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi müdafiəçiyə etiraz üçün əsasdır və şərtsiz təmin olunmalıdır. Göründüyü kimi belə olan halda müdafiəçi özü özünə etiraz etməli müstəntiq isə öz növbəsində müdafiəçinin kənarlaşdırılması və yeni müdafiəçinin işə buraxılmasına dair tədbirlər görməli olduğu halda bunları etməmiş və nəticədə təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi da məhkəmənin hazırlıq iclasında eyni məzmunlu vəsatət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin fikrini dinləyərək, cinayət işinin materiallarını öyrənib, belə qənaətə gəlir ki, cinayət işi üzrə ibtidai araşdırma aparılarkən istintaq orqanı tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-ci maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, Dövlət ittihamçısı və Müdafiəçi vəsatəti təmin edilməli və yol verilmiş pozuntuların aradan qaldırılması məqsədilə cinayət işinin baxılmasına xitam verilməklə cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Odur ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.1 və 303.3.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon Prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın.

3. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar