Məhkəmə qərarları › İş №1(100)-275/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-275/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-275/2024 14.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi- X2, X6, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz şəhəri F.Ələkbərov küçəsi, 34 №li evdə qeydiyyatda olmaqla, Tovuz şəhər, Fariz Ələkbərov küçəsi 36 №li evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşadığı arvadı X3 Tovuz şəhər sakini Şahid4 yaxın münasibətlərinin olmasından öz-özlüyündə şübhələnmiş, 2023-cü ilin iyun ayının əvvəli müvəqqəti olaraq getdiyi Bakı şəhərində telefonla zəng edib danışarkən arvadı ilə telefonda yaranan şəxsi münasibətlər zəminində münaqiə zamanı arvadının ona xəyanət etməsini özündə qətiləşdirib qisas almaq məqsədilə anası ilə birlikdə qonaq getdiyi Sumqayıt şəhərində yaşayan xalasıgildən evin mətbəxindən 1 (bir) ədəd bıçaq götürüb cibində gizlədərək xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdən çıxaraq taksi xidməti göstərən avtomobillə səhər saat 08 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qayıtmış, evin yataq otağına daxil olduqdan sonra yuxudan oyanan arvadı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu cəzalandırmaq üçün üzərində olan tiyəsinin uzunluğu 143 mm, dəstəyinin uzunluğu 117 mm ölçüdə zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxsnın sağ bud və qarın nahiyəsinə iki dəfə ardıcıl zərbə vuraraq sonuncuya sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya və qarın nahiyəsinin daxilə nüfuz edən arteria epiqastika inferiorun zədələnməsi ilə müşayiət edilən və qasıq nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları kimi həm ümumilikdə, həmdə ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə X1 qəsdən Ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs oğlu, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, X7 arvadıdır, üç övladlaı var. Qız övladlarını köçürmüş, oğlu Elvin isə ailə həyatı qurub yanında yaşayır. Arvadı Təranə ilə aralarında normal münasibət olmuş, təxminən iki ilə yaxındır ki, aralarında onkoloji xəstəliyi ilə bağlı problemlər var. Hadisədən əvvəlki iki ayda arvadı Təranənin Tovuz rayon sakini olan tanışı Rövşən adlı şəxslə münasibətləri olmasından şühəlnmişdir. Rövşən dizayn işi gördüyü üçün mütəmadi yaşadığı evə gəlib getmişdir. Rövşən onlara gəldikdə arvadı Təranənin onunla səmimi olması şübhələrini artırmışdır. Son dəfə də Rövşən gələrkən arvadının onu qapıda qarşılamağı və Rövşənə qaş-göz hərəkətlərini görmüşdür. Təranəyə heç bir söz deməmiş və mübahisə etməmişdir. Hadisədən təxminən 15 gün əvvəl müalicə məqsədilə Bakı şəhərinə getmiş, Respublika Xəstəxanasında onkoloji dispanserdə həmçinin psixi dispanserdə də müayinədə olmuş ona müxtəlif psixi sakitləşdirici dərmanlar yazılmış, ev şəraitində müalicə almışdır. Bakı şəhərinə getdikdən təxminən 12 gün sonra ev nömrəsinə zəng etsə də açan olmadığından gəlini Şahid2 istifadəsində olan mobil nömrəyə zəng etmiş, Gülçin ona Təranə ilə danışmaq istədiyini soruşduqda Təranə ilə bir qədər danışmış, sonra hirslənmiş, arvadının ünvanına söyüşlər söymüş, Təranə ona cavab qaytaranda telefonu söndürmüşdür. Daha sonra zəng etsə də arvadı telefonu açmamış, Tovuza gedib cəzalandırmaq üçün Təranənin cinsi orqanına vuracağı qərarına gəlmiş, lakin, arvadını öldürmək fikri olmamışdır. Səhhətində olan narahatlıqla bağlı bir həftə sistem-iynələr etmiş, xx.xx.2023-cü ildə Bakı şəhərində bacısının evindən Sumqayıt şəhərində yaşayan xalası Səmayənin 18-ci mikrorayonda olan evinə anası Münəvvərlə gəlmişdir. Həmin gün gecə arvadının ona cavab qaytarması və sonradan zənginə cavab vermədiyi yadına düşmüş və onu bıçaqla cinsiyyət orqanına vurub cəzalandırmaqdan ötrü Tovuz şəhərinə evinə getməyi qərara almışdır. Heç kimi oyatmadan mətbəxə keçmiş və stolun üstündən bir ədəd mətbəx bıçağı götürmüş və bıçağı şalvarının sağ cibinə qoyaraq heç kimə demədən mənzildən çıxmış, Sumqayıt şəhər 18 mikrorayonunda asfalt yolun kənarına gəlmiş, bir nəfər tanımadığı, adını sonradan bildiyi Vahid adlı taksi sürücüsü avtomobilini yanında saxlayıb ondan hara gedəcəyini soruşduqda taksi sürücüsündən Tovuz şəhərinə gedə bilib-bilməcəyini soruşmuşdur. Taksi sürücüsü Tovuz şəhərinə getmək müqabilində ondan 130 manat pul istəmiş və onlar razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Tovuz şəhərinə yaşadığı evin qarşısına çatmışdır. Yaşadığı evin qarşısına çatdıqda taksi sürücüsü Vahidə evin yaxınlığında gözləməyi və evə dəyib çıxacağını bildirmişdir. Taksidən düşüb həyət qapısına yaxınlaşmış, qapı bağlı olduğu üçün arxa tərəfindən hasardan aşaraq həyətinə daxil olmuş, evə yaxınlaşdıqda qapının açıq olduğunu görüb evə girmişdir. Evdə hər kəsin yatdığını görüb yataq otağına girmiş Təranənin sağ yanı üstə yatdığını görmüşdür. Yatağa yaxınlaşıb Təranənin üzərindəki ədyalı çəkmək istədikdə Təranə üzünü ona tərəfə çevirib yuxudan oyanmış, həmin vaxt bıçaq sağ əlində olmuşdur. Təranə qışqıranda əli ilə ağzını tutmuş, Təranə hər iki ayağını yuxarı qaldırıb müqavimət göstərəndə sağ əlində olan bıçaq ilə bir dəfə Təranənin cinsi nahiyəsinə, ikinci zərbəni isə qarın boşluğuna vurmuşdur. Bu zaman oğlu Elvin və gəlini Gülçin otağa girmiş, Elvin üzərinə gəlib nə iş gördüyünü soruşmuş, Elvinə qarşından çəkilməyini və evdən çıxıb gedəcəyini bildirmiş və çölə çıxmışdır. Bıçağı həyətinin giriş qapısının yanına atmış, küçə ilə bir qədər getdikdən sonra əynində olan ağ rəngli köynəyi də çıxarıb küçəyə tullamışdır. Sonra isə polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, arvadının xəyanət etməsini görməmiş, sadəcə şübhələnmişdir. Arvadına xəsarət yetirmək istəyi də onunla danışdıqda əsəbiləşməsi və xəstəliyi ilə bağlı olmuşdur. Hadisədən sonra arvadı ilə münasibətləri yaxşılaşmış, arvadı ilə barışmış, ona vurduğu ziyanı ödəmişdir, onlar eyni evdə yaşayırlar, törətdiyi əməldən peşmandır. Hazrıki müalicələri də arvadı edir, ailənin tək qazanc gətirənidir, əməlindən səmimi peşmançılıq keçirir, məhkəmədən bağışlanmasını istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda daimi qeydiyyatda olmaqla, yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əridir, 35 ildir evlidirlər. Qızları ailə qurmuş, oğlu ailəsi ilə onlarla birlikdə onlarla bir evdə yaşayır. Nizami ilə münasibəti həmişə yaxşı olmuş, aralarında əvvəl narazılıq olmamış, bir-birilərinə qarşı mehriban olmuşlar. Nizami qaynaqçı usta işləmiş, son iki ildə əsəblərində problem yaranmış, onu, öz tanışı -əvvəllər tanımadığı Tovuz şəhər sakini Rövşən adlı şəxsə qısqanmışdır. Rövşəni əvvəl tanımasa da həmin şəxs bir neçə dəfə 2023-cü il yaz aylarında onlara gəlib ərinə müəyyən qaynaq işləri görülməsini sifariş vermişdir. 2023-cü ilin iyul ayının əvvəlində Nizami onda yaranmış psixi, qan təzyiqi və mədəsində olan problemlə əlaqədar Bakı şəhərinə müalicəyə getmiş, əri ilə arasında narazılıq olmamışdır. Müalicə olunan dövrdə bir dəfə 2023-cü ilin iyul ayının 11 və 12-də gəlini Gülçinə zəng edib onun telefonu ilə danışmışlar. Danışıq zamanı əri Nizami ona yaraşmayan və nalayiq sözlər dedikdə ərinə “ayıb deyilmi? bu sözü arvadın haqqında deyirsən?!” demiş və telefonu gəlinə qaytarmışdır. Əri bir neçə dəfə onunla danışmaq istəsə də danışmamışdır. Hadisə günü də hava isti olduğu üçün evin giriş qapısını bağlamamış, öz otağında yatmışdır. Səhər yuxulu olarkən otaqda kiminsə olmasını hiss edib gözünü açanda əri Nizaminin başının üstündə dayandığını görmüş, yataqda ola-ola qorxudan qışqırmış, ayağa qalxmaq istədikdə Nizami ayağa qalxmağaa imkan verməyib sol əli ilə ağzını tutub sağ əlində tutduğu görmədiyi bıçaqla qarın nahiyəsindən və sağ ayağının bud hissəsindən zərbələr vuraraq xəsarət yetirmiş və dayanmışdır. Səsə oğlu Elvinlə gəlini Gülçin otağa gəlmiş, onlar gələndən sonra əri Nizami onu vurmağa cəhd etməmiş və otağı tərk edib getmişdir. Hadisədən sonra oğlu qonşusu Mahmudgilin evinə gedib sonuncunun maşını ilə onu Tovuz rayon Mərkəzi Xəstənasına aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş və əməliyyat olunmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, hadisədən sonra əri ilə barışmışdır, hazırki dövrə qədər əri ilə birlikdə eyni evdə yaşayır. Əri Nizami iki dəfə Gəncədə psixatriya xəstəxanasında yatıb müalicə almışdır. Aralarında münasibət səmimidir, barışmışlar, səhhəti düzəlmişdir. Əri Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. Tutulmamasını, daimi yanında qalmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Tovuz şəhərində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 10 ilə yaxındır ki tanıyır. Nizami qaynaqçıdır və onunla birlikdə işləmişdir. Nizami adətən ona zəng edərək maşını olduğu üçün işə gedərkən onu da aparmağı xahiş etmiş, bəzi vaxtlarda evinə çay içməyə dəvət etmişdir. Nizaminin arvadı Təranəni tərbiyəli və abırlı qadın kimi tanımış və hörməti olmuşdur. Evdən kənarda çörək yeyən zaman Nizami dəfələrlə arvadı Təranənin axlaqsızlıq etdiyindən şübhələndiyini demiş, O isə Nizamiyə “sən xəstəsən başın xarabdı” deyib arvadı Təranənin elə qadın olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Tovuz RPŞ-dən ona zəng edib polis şöbəsinə dəvət etmiş, Nizaminin arvadı Təranəni bıçaqla vuraraq xəsarət yetirdiyini və ifadəsində guya onunla arvadı arasında yaxın münasibət olduğundan şübhələndiyini bildirdiyini demişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, Təranə ilə arasında heç bir münasibət olmamışdır. Nizaminin psixi vəziyyəti normal olmadığı üçün belə bir şey uydurub guya arvadı ilə münasibəti olmasından şübhələnməsini deməsini ehtimal edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda atası Nizami, anası Təranə və arvadı ilə birlikdə yaşayır. Valideynləri arasında münasibət əvvəllər normal olmuş, hadisəyə qədər son 2 ildə atası onkoloji xəstə olduğu üçün anası ilə aralarında münasibətləri pozulmuşdur. Buna səbəb anasının atasına xəyanət etməsini deməsi olmuşdur. Atası hadisədən təxminən 15 gün əvvəl müalicə üçün Bakı şəhərinə getmiş, bir dəfə ona zəng vurub anasının guya pis yolda olduğunu demiş, həmin zəngdən sonra atasının zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü ildə səhər saat 08 radələrində evdə olarkən anasının yatdığı otaqdan səs-küy eşidib yuxudan oyanmış və əynini geyinib anasının yataq otağına keçmiş, anasının ayaqüstə durduğunu və iki əli ilə qarnını tutduğunu, əllərində qan olduğunu görmüşdür. Bu zaman arvadı Şahid2 da otağına girmiş, həmin vaxt atası Nizami otaqda əlində bıçaq uca səslə anasını söymüşdür. Atası evdən bayıra çıxmaq istədikdə onu qucaqlayıb “niyə belə hərəkət etdin!?” desə də atası Nizami məhəl qoymayaraq evdən çıxıb getmişdir. Anasının xəsarəti ağır olduğu üçün çölə çıxıb qonşulara xəbər vermiş və onu Tovuz rayon xəstəxanasına aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, atası psixi xəstəlikdən əziyyət çəkdiyi üçün anasını qısqanmışdır. Atasının onlar gələnə qədər anasını yenə vurmaq imkanı olsa da bunu etməmiş, qışqırıb söymüş, sonra isə çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da əri Şahid1 ilə eyniməzmunlu ifadə verərək qaynatası Nizaminin psixi vəziyyətinin son iki ildə normal olmadığını, qaynanası ilə də buna görə aralarında soyuqluq yarandığını, hadisə günü isə otaqdakı səs-küyə gəldikdə artıq qaynanasının bıçaqlandığını, qaynatasının isə otaqda bir müddət dayanıb çölə çıxıb getdiyini, qaynatasının səhhətində problem olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nizami üç ilə yaxındır ki, psixi və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir və mütəmadi müalicə alır. Nizaminin arvadı Təranə ilə münasibəti normal olmuşdur. Hadisədən təxminən bir ay əvvəl, qızı Tünzalə Bakı şəhərində yaşadığı üçün onun yanına getmişdir. Bakı şəhərinə gələndən təxminən 15 gün sonra isə oğlu Nizami də Bakı şəhərinə bacısıgilin yaşadığı evə xəstəliyi ilə bağlı müalicə almaq üçün gəlmişdir. Nizami 10 gün orada qalmış və müalicə almışdır. Nizami Bakıya gəldikdə ona “arvadım Təranənin xəyanət etməsindən şübhələnirəm tanışım Rövşənlə yaxınlıq etməsini hiss edirəm” demiş, gəlini ona və ailə üzvlərinə qarşı heç bir hörmətsizlik etmədiyi üçün Nizamiyə “ağıllı ol və boş-boşuna gəlini barəsində söz-söhbət yaratma” deyib məsələni bitirmişdir. xx.xx.2023-cü ildə Sumqayıt şəhərində yaşayan bacısı Səmayə onu və Nizamini yaşadığı evə aparmış, Səmayənin evində çay içdikdə gec olduğu üçün Nizamiyə yatmağı təklif etmişdir. Nizami onlar üçün ayrılmış otağa keçib yatmış, səhər saat 05 radələrində yuxudan oyandıqda Nizaminin çarpayıda görməmiş bacısını oyadıb Nizaminin evdə olmadığını demişdir. Nizamini tapa bilməmiş, səhər 08-də Tünzalə zəng edib Nizaminin Tovuz şəhərinə gedib arvadı Təranəni bıçaqla vurub xəsarət yetirdiyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təxminən 4 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğuldur, “Uber” taksi şirkətində işləyir xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində olarkən yolun kənarında bir nəfər kişini görüb maşını onun yanına sürüb saxlamış və hara getmək istədiyini soruşmuşdur. Adı sonradan ona məlum olan Nizami adlı şəxs ondan Tovuza getmək istədiyini bildirmişdir. Şirkət ilə danışıb 130 manat müqabilində gedəcəyini bildirmiş, Nizami etiraz etməyib onunla razılaşmışdır. xx.xx.2023-cü il səhər saat 08 radələrində Tovuz şəhərinə çatmış və Nizami onun idarə etdiyi avtomobili tanımadığı bir yaşayış evinin qarşına sürdürmüş, gözləməyi evdən çanta götürüb çıxacağını demiş və avtomobildən düşüb qapıya yaxınlaşmış, sonra hasardan aşıb həyətə keçmişdir. Təxminən 5 (beş) dəqiqə sonra evin həyətindən səs-küy eşitmiş, bir azdan Nizaminin həyətin giriş qapısından həyəcanlı çıxmış, üzərində olan köynək cırılmış vəziyyətdə olmuşdur. Nizami qaçaraq avtomobilə əyləşmiş və tez sürüb uzaqlaşmağı demiş, avtomobilini sürməmiş və ona avtomobildən düşməsini tələb etmişdir. Nizami avtomobildən düşdükdən sonra qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Sonradan Nizaminin evə girib arvadı Təranəyə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 31 iyul 2023-ci il tarixli, 565 №li məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər -qarın nahiyəsinin daxilə nüfuz edən arterial epiqastika inferiorun zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yarası, qasıq nahiyəsinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası, sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir. Qeyd edilən xəsarətlərdən qarın nahiyəsinin daxilə nüfuz edən arteria epiqastika inferiorun zədələnməsi ilə müşayiət edilən deşilmiş-kəsilmiş yarası, qasıq nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarətləri həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alarаq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, iti kənara malik əşyanının (alətin), eləcə də, bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarına olan və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağı və həyətidir. Hadisə yerindən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı, mələfə, döşəmədə olan qanabənzər ləkələrdən nümunələr hopdurulmuş 03 ədəd pambıq tampon və yaşayış evinin yaxınlağındakı küçədən Təqsirləndirilən şəxs məxsus ağ rəngli kişi köynəyi aşkar olunaraq götürülmüşdür. İş materiallarında ona və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 572/2023-MTBŞ №li rəyindən görünür ki, X3 qan qrupu AB0 sistemi üzrə B/H (İİİ)-dir. Hadisə yerindən götürülmüş, ekspertizaya təqdim edilmiş bıçaq, mələfə (adyal) 03 ədəd pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin AB0 sistemi üzrə qrupu tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri (AB0) sistemi üzrə B/H (İİİ) qruplu şəxsə, o cümlədən də X4 məxsus ola bilər. İş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 535 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətləri tam dərk etmək qabiliyyətində olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi-kriminalistik ekspertizanın 22 sentyabr 2023-cü il tarixli, 410-2023/MTKŞ №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod usulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək “psixotik sayıqlama diaqnozu” ilə Qazax Psixatriya xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə “digər kəskin başlıca olaraq psixotik sayıqlama” diaqnozu ilə stasionar müayinə-müalicədə olmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində təyin edilmiş təkrar məhkəmə ambulator psixatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 1200 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir və hazırda da hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda “xasiyyətin psixopatik cizgiləri” müəyyən edilir. Təqdim edilmiş tibbi sənədlərdə göstərilən psixatriya xəstəxanalarında müalicədə olduğu müddətdə müəyyən edilən psixi pozuntu hal-hazırda müəyyən edilmir və cinayət hadisəsi törətdiyi zaman onda hər hansı psixi xəstəlik mövcud olmamışdır. Yoxlanılan şəxs hal-hazırda öz hərərkətlərini ölçüb biçmək və darə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokol və Tovuz rayon Məhkəməsinin 4(062)-37/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Tovuz rayon məhkəməsinin 4(062)-41/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan və məhkəmədə araşdırılan Tovuz RMX PHŞ-dən verilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-76/2-529/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində psixatriya və nakoloji dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan Tovuz RİHB-nin Tovuz şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədan görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, F.Ələkbərov küçəsi ev 36-da ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş, 1 ədəd mətbəx bıçağı, yorğan-döşək üzlüyü və 3 ədəd pambıq tampon maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü madəsinə əsasən əməlindən səmimi peşman olmasını cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə psixi və digər xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törədilmiş əməldən sonra soyuqluq yaranmış ailə münasibətlərini bərpa edərək zərərçəkmiş şəxslə birgə yaşamasını, əvvəllər cinayət törətməməsini, hazırda psixi vəziyyəti ilə bağlı ambulator müalicə almasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini nəzərdə tutulmuş halları – Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə tənqidi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah ola biləcəyi və yenidən tərbiyə olacağı qənaətinə gəldiyindən məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və Tovuz rayon Polis Şöbəsində saxlanılan 1 ədəd mətbəx bıçağı, yorğan-döşək üzlüyü, və 3 ədəd pambıq tampon məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1(bir) il, 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Tovuz rayon Polis Şöbəsində saxlanılan 1 ədəd mətbəx bıçağı, yorğan-döşək üzlüyü, və 3 ədəd pambıq tampon məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar