Məhkəmə qərarları › İş №1(100)-277/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-277/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-277/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Ağstafa rayonu, Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Qarahəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan 02 ədəd üzəri yapışqanlı lentlə sarınmış kağız parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,485 qram, 3,122 qram, ümumi təmiz çəkisi 4,607 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd “Winchester” markalı siqaret qutusunda təmiz çəkisi 11,12 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 27 oktyabr 2021-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax- Hüseynbəyli avtomobil yolunun Qazax rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinin kənarında saxlanılaraq, Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 18:40-dan saat 19:01-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ və sol yan ciblərindən həmin çəkilərdə narkotik vasitələr, əynində olan köynəyin sol döş cibindən üzərində heroin izləri olan gümüşü rəngli falqa aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Qarahəsənli kəndində valideynləri, həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. 2-ci qrup əlildir və əlilliyə görə təqaüd alır. Rəsmi olaraq heç bir yerdə işləmir. Tutulmazdan təxminən 4 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitələri 2021-ci ilin avqust ayında Bakı şəhərində olan zaman, hal-hazırda xatırlamadığı yerdə təsadüfən tanış olduğu Elçin adlı şəxsdən 45 manata almışdır. Həmin vaxt aldığı narkotik vasitənin miqdarını bilməmiş, narkotik vasitəni aldıqdan sonra bir qədər istifadə etmiş, qalanını isə özü istifadə etmək üçün yaşadığı evdə gizlətmişdir. O, həmin narkotik vasitəni gizlətdiyi yeri yadından çıxartdığı üçün qalanını istifadə edə bilməmişdir. Polis əməkdaşlarının onu tutmaqlarından bir neçə gün əvvəl o, həmin narkotik vasiəni yaşadığı evdən tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. 27 oktyabr 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Qazax rayonu, Əzizbəyli kəndinin ərazisində, həmin kənddən yaşadığı kəndə gedən avtomobil yolunun kənarında olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdirlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını ona bildirmiş və onlarla birlikdə Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinə getməli olduğunu izah etmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Qazax şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Qazax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər. Müdafiəçi ilə təmin olunmuş, hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş olduğu müdafiəçi Qazax rayon polis şöbəsinə dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol ilə digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, ona bu barədə yazılı bildiriş verilmişdir. Daha sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmağa başlamışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, şəxsi axtarış zamanı təhqiqatçı ona təklif etmişdir ki, üzərində narkotik vasitə varsa təqdim etsin. O, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı iki ədəd kağız bükümdə olan narkotik vasitə heroini və sol yan cibində saxladığı və bir ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümləri və siqaret qutusunu onun iştirakı ilə açıb baxış keçirmişlər. Bundan başqa təhqiqatçı üzərində başqa əşya varsa təqdim etməyi təklif etmişdir. O isə əynində olan qara rəngli şalvarının arxa sağ cibindəki “Samsung” markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Bundan başqa, polis əməkdaşlarından biri onun üzərini yoxlamış, həmin vaxt əynində olan köynəyin sol döş cibindən 1 manatlıq pul əskinazları və 1 ədəd ona məxsus olan "xxxx" ASC-dən verilmiş əmək haqqı kartı, narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxladığı gümüşü rəngli falqa kağızı aşkar edilmişdir. Bundan sonra təhqiqatçı iki ədəd kağız bükümdə olan narkotik vasitə heroini və bir ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı elektron tərəzidə çəkmişdir. Həmin bükümlər və siqaret qutusu, eləcə də köynəyinin cibindən aşkar olunan narkotik vasitə olan heroini qəbul etmək üçün istifadə etdiyi falqa kağız ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Sonra protokol tərtib edilmiş, protokol oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, həmin narkotik vasitələri özü istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. O, həmin narkotik vasitədən kiməsə satmamış, verməmişdir. O heç vaxt kiməsə narkotik vasitə, psixotrop maddə satmamışdır. O, X8 rayonu, Canallı kənd sakini kimi uzun müddətdir ki, tanıyır, onun narkotik vasitə olan heroindən istifadə etdiyini bilmiş, hətta bir neçə dəfə birlikdə heroindən istifadə etmişlər. Lakin ona narkotik vasitə satmamışdır. xx.xx.2021-ci il saat 18:38:29-da istifadəsində olan **********88 saylı nömrədən Müsəllim Alıyevin adına olan **********63 saylı nömrəyə “Qaqa iceride piyanar var, ona göre biraz gecikir bulara yoxdu deyir ama var bular getsin deyir gediler indi biraz sebirli ol”, xx.xx.2021-ci il saat 19:00:10-da Müsəllim Alıyevin adına olan **********63 saylı nömrəyə “Qaqa 10 deqaya çıxıram.” mesajlarını yəqin ki birlikdə narkotik vasitə alıb istifadə etmək məqsədi ilə yazmışdır. Ruslan Alırzayevi tanısa da, onunla heç bir münasibəti olmamış, **********56 saylı nömrənin kimə məxsus olmasını, həmin şəxsin ona “qaqa mən axridan ölürəm zəng də catmir belə olmaz qaqa sənöl.”, “qaqa zəng vurarm ehtiyac olmadı, qaqa zəng də vururam acmirsan.” mesajlarını nə üçün yazmasını, həmin şəxsə “Qaqa yerim dardı 30 manatlıq getirirler 10 deyqaya diyecem gel götür.” mesajını nə üçün yazdığını xatırlamır. O, Ruslan Alırzayevə və başqa şəxsə narkotik vasitə satmamışdır. X2 tanıyır, ondan mütəmadi olaraq narkotik vasitə olan heroin almışdır. Ona “Mahal emi qadan alım qalxanda məni yığarsan də, əmi Bakıya gedəcəm men.”, “Əmi qadan alım sen ne vaxtda gələcən vəziyyət cox pisdi vallah ölürem.”, “Əmi ehtiyatlı ol, bax bu dəyqə Eldar gilin məhləsində 2 dene polis maşını kimise tutub ehtiyatlı ol, Nəsimiyə dedim sene desin, deyir yatıram sabah deyərəm ehtiyatlı ol.”, “Əmi mənlə əlaqə saxla pulu verim o əmanəti götürüm.” “Əmi mən gəlmişəm bayaqdan konturum yox idi deyə yığa bilmirdim.” mesajlarını narkotik vasitə almaq üçün yazmışdır. “Əmi sabahın xeyir haçan gedirsen Bakiya dünənki qazi qaqa 50 manat verir, deyir 5 qram qara mənim zaryatqam yoxdu onun nömresindən zəng vuracam birazdan” mesajını yazmaqda məqsədi Qazax rayonu, Hüseynbəyli kənd sakini, tanışı Elşad adlı şəxsə narkotik vasitə olan tiryək alıb vermək olub. Lakin o, Mahalla əlaqə saxlaya bilmədiyi üçün ona narkotik vasitə alıb verə bilməmişdir. Mikayıl Aydınovu tanımır, **********30 saylı nömrəni Qazax rayonu, Kosalar kənd sakini Dilənçiyev Surxay istifadə etmişdir. Surxay da narkotik vasitələrdən istifadə etmiş, onlar bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. O, Surxaya həmin vaxt zəng vurub narkotik vasitəsinin olub-olmadığını soruşmuş, Surxay isə ona “Ataş götürə bilir, onu gözdəməkdənsə götür vəziyyətdən çıx.” mesajını yazmışdır. Surxay ona “ataş əlin çatan yer varmı yarı ağartı lazmdı.” mesajını da yəqin ki, kimdənsə narkotik vasitə almaq üçün yazmışdır. Şahid6 Ağstafa şəhər sakini kimi tanıyır, onun narkotik vasitə istifadə etdiyini bilmiş, onlar birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. Ruslanın ona pul borcu da olmuşdur. “Ruslan indi deyirsən ki, Vasqaya atdım elemi mənim pulumu 1 sata gətirirsən, telefonu niye açmırsan, danışanda kişilikdən danışırsan səni gözleyirəm.”, “Özüm ölürəm ağrıdan bir manatım da yoxdu, ya o pulun əvəzinə o günü sendən götürdüyümdən getir mene cavab de seni gözləyirem.”, “Qaqa sən öl pula göre zəng vurmuram kola tapa bilmirem, siz tərəfdə varsa düz qoş qaqana.”, “Qaqa dərdin alaram danış mənə bir cavab de azmı düzəltmişem sənin işini, ölürəm sən öl gəlim pulunu verim, al qadan alım.” mesajlarını ona kimdənsə narkotik vasitə alıb verməsi üçün yazmışdır. Kənan Alıyev adlı şəxsi tanımır, **********85 saylı nömrəni kimin istifadə etməsini bilmir. Həmin şəxsin ona “Lotu bir 10-luq var ozumdə, Rövşənin yanındayam, bəri gələ bilersənmi.”, “Gələsi olsan mənə vzv at 2 dəfə gəlib gelmediyivi men bilim.” mesajlarını nə üçün yazdığını xatırlamır. Vüsalə Nəbiyeva adlı şəxsi tanımır, **********99 saylı nömrənin kimə məxsus olmasını bilmir. Həmin şəxsin ona “Ayqa lomkadan ölürəm, bir şey alaqmı.”, “Axsamin xeyr qaqa bəlkə neyinse ola agrıyıram pulum-param da yoxdu.”, “Mən cıxdım evə geldim lomkadan da ölürəm”, “götür bir kəlmə cavab ver mən də işimi bilim.”, “Ayqa maşın var gəlirəm kəndə, lomkadan üreyim yatır” mesajını niyə yazdığını xatırlamır. X3 kənd sakinidir, o da narkotik vasitə istifadəçidir. Onunla birlikdə narkotik vasitə alıb istifadə etmişlər. Pərvin Əhmədov ona “Qaqa evdəkilər yanimdadi danışa bilmirəm nə edək mən də narahatam bəlkə səni götürüm bir yerde bir şey eliyək.”, “Yarı alaq bolek.”, “Qaqa gəlirəm mamamdan benzin pulu alırdım, çıxıram 10 dəqiqəyə yanındayam.” mesajlarını birlikdə narkotik vasitə alıb istifadə etmək məqsədi ilə yazıb, o da Pərvin Əhmədova “Gəl mən evdəyem.”, “Pərvin bir yarı götürə bilerik ikimizə ölürəm yolun başında.” mesajlarını həmin məqsədlə yazmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, onun üzərindən ayrı-ayrı bükümlərdə heroin və qurudulmuş marixuana aşkar edilsə də, həmin narkotik vasitələrin çəkiləri ona elan edilmiş ittihamda göstərilən miqdarda olmamış, az olmuşdur, həmin narkotik vasitələrin dəqiq çəkisini xatırlamır. O, heç kimə narkotik vasitə satmamış və belə məqsədi də olmamışdır. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə əməlindən peşmandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 oktyabr 2021-ci il tarixdə Ağstafa rayonu, Qarahəsənli kəndində yaşayan Vüsal adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin Ağstafa rayonu, Qarahəsənli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə raportla şöbə rəisinə məruzə etmişdir. Bundan sonra o, rəhbərliyin göstərişinə əsasən həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid3, operator polis nəfəri, polis baş serjantı Şahid2 daxil edilmişdirlər. O, əməliyyat qrupunun üzvləri olan Şahid3 və Şahid2 keçiriləcək tədbir barədə təlimatlandırdıqdan sonra Ağstafa rayonuna yola düşmüşlər. Onlar Ağstafa rayonu, Qarahəsənli kəndinə çatdıqdan sonra Təqsirləndirilən şəxs Qazax rayonu, Əzizbəyli kəndi ərazisində olmasını müəyyən edib olduğu yerə getmişlər. Həmin gün saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Qazax rayonu, Hüseynbəyli kəndi ərazisində, asvalt yolun kənarında piyada hərəkətdə olarkən saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, üzərində külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və birlikdə Qazax rayon polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən avtomobilə əyləşmişdir. Şahid3 xidməti avtomobili idarə edərək Qazax rayon Polis Şöbəsinə gəlmişdir. Bundan sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədov tərəfindən şübhəli şəxs kimi tutulmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunmuş vəkillərin siyahısından hüquqlarını dövlət hesabına müdafiə etməsi üçün vəkil seçdikdən sonra müdafiəçisinin, onun, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis baş serjantı Şahid2 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı, polis mayoru Rafiq Əhmədov şəxsi axtarış və götürmə aparılması haqqında qərarla Təqsirləndirilən şəxs tanış edərək ona təklif etmişdir ki, üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd kağız büküm, sol yan cibindən 1 ədəd “Winchester” markalı siqaret qutusunu çıxardıb otaqdakı stolun üzərində qoymuş, kağız bükümlərin içərisində narkotik vasitə olan heroin, siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefon çıxardıb təqdim edərək üzərində başqa əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan köynəyin sol döş cibindən narkotik vasitə istifadə etmək üçün istifadə olunan gümüşü rəngli kağız parçası, bir manatlıq əskinazlardan ibarət 4 manat pul və 1 ədəd “Kapital” bankın plastik kartı aşkar edilmiş, onun üzərindən başqa narkotik vasitə, psixotrop maddə və digər əşya aşkar edilməmişdir. Daha sonra kağız bükümlərə və siqaret qutusuna baxış keçirilmiş, kağız bükümlərin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, siqaret qutusunun içərisində tünd yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, içərisində heroinə oxşar kütlə olan iki ədəd kağız büküm birlikdə 6,30 qram, içərisində marixuanaya oxşar kütlə olan siqaret qutusunun çəkisi isə 16,27 qram olmuşdur. Həmin bükümlər və siqaret qutusu, eləcə də Təqsirləndirilən şəxs köynəyinin cibindən aşkar edilmiş gümüşü rəngli kağız ilə birlikdə ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Sonra bu barədə təhqiqatçı Rafiq Əhmədov tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolla tanış olub imzalamışlar. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri 3 gün əvvəl Bakı şəhərində olarkən əvvəllər tanımadığı, həmin vaxt orada tanıdığı Elçin adlı şəxsdən özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Qazax rayonu, Hüseynbəyli kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 4 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Təxminən 6 aydır ki, narkotik vasitələrdən istifadə etmir. Ağstafa rayonu, Qarahəsənli kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla münasibəti normal olub. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmişdir. Onlar bir neçə dəfə xatırlamadığı vaxtlarda Vüsalla birlikdə pul qoyub narkotik vasitə olan heroin əldə edib birlikdə istifadə etmişlər. Əvvəllər **********93 saylı nömrədən istifadə etmişdir. O, bir neçə dəfə Vüsalla birlikdə narkotik vasitə əldə edib istifadə etmişdir. Həmin mesajları da bir-birinə həmin məqsədlə yazmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Hüseynbəyli kəndində yaşayır. 2012-ci ildən 2016-cı ilədək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2015-ci ilin avqust ayında döyüş tapşırığını yerinə yetirən zaman mina partlayışı nəticəsində sağ ayağını dizdən aşağı və sol gözünü tamamilə itirmişdir. Hal-hazırda 1-ci qrup əlildir. O, xəsarət aldıqdan sonra bədənində olan ağrılara görə bəzi vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs qonşu kənddə yaşadığı üçün onunla tez-tez görüşmüşdür. Vüsalın narkotik vasitə istifadə etdiyini bilmişdir. O, kontuziya aldıqdan sonra çox ağrıları olduğu üçün psixiatriya xəstəxanalarında müalicə alır, gündəlik psixotrop maddə tərkibli dərmanlar qəbul edir. Ona görə də, ağrıları olan zaman narkotik vasitə olan marixuanadan, tiryəkdən istifadə etmişdir. Bir neçə dəfə olub ki, Vüsaldan narkotik vasitə alıb verməsini xahiş etmişdir. Həmin mesajlarda da Vüsaldan ona narkotik vasitə alıb verməsini xahiş etmişdir. Vüsal bir neçə dəfə təmənnasız olaraq ona narkotik vasitə alıb vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10-15 ildir ki, tanıyır. Belə ki, onun dostu İsgəndər Muradov həmin kənd sakinidir, Vüsal da onunla yaxındır, o, Vüsalı dostunun vasitəsi ilə tanımışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini bilmişdir. Əvvəllər isə **********63 saylı nömrədən istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona “Ruslan, indi deyirsen ki, Vasqaya atdım eləmi, mənim pulumu 1 saata getirirsen, telefonu niye açmırsan, danışanda kişilikdən danışırsan, səni gözləyirem.” və “Özüm ölürem agrıdan, bir manatım da yoxdu, ya o pulun əvəzinə o günü səndən götürdüyümdən gətir, mənə cavab de, səni gözleyirem.”, xx.xx.2021-ci il tarixdə “Qaqa aya sən öl pula göre zəng vurmuram, kola tapa bilmirem siz terefde varsa düz qoş qaqana.” və “Qaqa derdin alaram danış mənə bir cavab de, azmı düzəltmişəm e senin işini, ölürəm senöl gelim pulunu verim al qadan alım.” Mesajlarını nə üçün yazdığını xatırlamır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən qara rəngli şalvarının sağ yan cibindən iki ədəd kağız büküm, sol yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusu, arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, kağız bükümlərin içərisindəki kütlələrin narkotik vasitə olan heroin, siqaret qutusunun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan köynəyin sol döş cibindən üzərində yanıq izləri olan bir ədəd gümüşü rəngli falqa kağız parçası, 1 manatlıq əskinazlardan ibarət 4 manat pul, özünə məxsus olan "xxxx" plastik kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kağız bükümə və bir ədəd siqaret qutusuna baxış zamanı bükümlərin içərisindən qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə, siqaret qutusunda isə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzisi vasitəsi ilə çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan iki ədəd kağız bükümün çəkisinin 6,30 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan siqaret qutusunun çəkisinin 16,27 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmış, çəkilmiş videogörüntü bir ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.30-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********88 saylı nömrə ilə digər nömrələr arasında narkotik vasitələrin alqı-satqısı, əldə edilməsi ilə bağlı olan qısa mesaj mətnləri aşkar edilmişdir (iş vərəqə: cild İ, səh.160-170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 16/1147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kağız bükümdə, içərisində narkotik vasitə heroinə, bir ədəd “Winchester” markalı siqaret qutusunda isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd kağız parçası” yazılar və imzalar olan kağız paketdəki 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış kağız parçası bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,485 qram, 3,122 qram, ümumi təmiz çəkisi 4,607 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 (bir) ədəd “Winchester” adlı siqaret qutusunda təmiz çəkisi 11,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. 1 (bir) ədəd “gümüşü” rəngli falqanın üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan, izin miqdarı və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.44-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 fevral 2022-ci il tarixli, 115 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir (iş vərəqə: cild İ, səh.197-199). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli, 426 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.233). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,607 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 11,12 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC mobil rabitə operatoruna məxsus ***-***-**-** saylı nömrədən istifadə etməsi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.125). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,507 qram təşkil edən narkotik vasitə olan heroin və 1 ədəd “Winchester” adlı siqaret qutusunda təmiz çəkisi 11,07 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli falqa maddi sübut kimi tanınmış və Qazax Rayon Polis Şöbəsində saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh.77-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Abdıyev X5 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.109- 110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ağstafa rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 02/2014 saylı məktubundan görünür ki, Ağstafa rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(015)-63/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 % pul tutulmaqla 02 (iki) il islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “28 May- Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə həmin cəzadan azad edildiyi üçün qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh.196). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.74-76). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.105). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.107-108). Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun arayışından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyə görə sosial müavinət alır (iş vərəqə: cild İ, səh.234). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmiş, “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş heroin narkotik vasitəsinin külli miqdar həddindən artıq miqdarda olmuş, həmçinin qurudulmuş marixuana narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və qurudulumuş marixuananı üzərində saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Abdıyev X4, onun üzərindən aşkar edilmiş həmin narkotik vasitələrin çəkilərinin ona elan edilmiş ittihamda göstərilən miqdarda olmamasına, həmçinin həmin maddələri heç kimə satmaq məqsədinin olmamasına dair vermiş olduğu ifadəsində göstərdikləri şahid ifadələri, ekspert rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam olaraq təkzib edilir. Məhkəmə həmin ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən onun üzərindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olmasını, miqdarını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilməsi və “28 May- Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə həmin cəzadan azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun ikinci qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,507 qram təşkil edən narkotik vasitə olan heroin və 1 ədəd “Winchester” adlı siqaret qutusunda təmiz çəkisi 11,07 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bundan başqa üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli falqa məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,507 qram təşkil edən narkotik vasitə olan heroin və 1 ədəd “Winchester” adlı siqaret qutusunda təmiz çəkisi 11,07 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bundan başqa üzərində heroin izləri olan 1 ədəd gümüşü rəngli falqa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar