Məhkəmə qərarları › İş №1(100)-277/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-277/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-277/2024 19.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə İclasının katibləri: X3 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərində məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində və evin qarşısındakı yarımtikilinin içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilən tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 11 avqust 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin X11 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yarımçıq tikilin içərisindən 17 (on yeddi) ədəd, həyətyanı sahədə müxtəlif yerlərdə isə 3 (üç) ədəd olmaqla, ümumilikdə 20 (iyirmi) ədəd, yəni külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qədimqala kəndində tək yaşayır. Təxminən 10 ildir narkotik vasitə olan qurudulmuş mariuxana istifadə edir. 11 avqust 2023-cü ildə polis əməkdaşları yaşadığı evə gəlib həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları olması barədə məlumat olduğunu, baxış keçirəcəklərini bildirmiş polislərə etiraz etməmiş, ərizə verərək evinə baxış keçirilməsinə razılığını bildirmişdir. Videoçəkilişlə aparılmış baxış zamanı yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində fərdi yaşayış evinə və həyətyani sahəyə baxış keçirilmişdir. Yaşadığı evin həyətyanı sahəsində 3 (üç) ədəd və yarımçıq tikilidə isə 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Kollar polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılmış, onu da X12 aparmış, üzərində şəxsi axtarış keçisələr də hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, həyətdəki kolları özü əkməmişdir. Yarımçıq tikilidə də kolların olmasından məlumatı olmamışdır. Həmin kollar orada ya yabanı halda bitmişdir, ya da qonşuluqda yaşayan və falçılıqla məşğul olan şəxslə arasında mübahisə olduğu üçün onun tərəfindən toxumların həmin tikiliyə atılmasını və sonradan da orada kolların bitməsini ehtimal edir. Məhkəmədə şahid qismində dindirilmiş X11 əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 11 avqust 2023-cü ildə ona Şəmkir RPŞ-nin Kür PB-nə Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, X13 rəhbərliyinə raportla müraciət edib zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi ilə qrupun üzvləri təyin edilmiş, bölməyə məxsus xidməti avtomobillə Şəmkir rayonu, Qədimqala kəndinə getmiş, Şəmkir rayonu, Qədimqala kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs qapını özü açmış və ona narkotik tərkibli bitkilərin kultivasiya etməsi barədə daxil olmuş məlumatı yoxlanılması üçün yaşadığı evə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizəsi alındıqdan sonra təhqiqatçı, aqronom alim və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş, Namiq özü evin həyətində olan yarımtikilidə şəxsi istifadəsi üçün narkotik tərkibli çətənə kolları əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Yarımtikilidən müxtəlif ölçülü cəmi 17 ədəd həyatyanı sahəyə baxış keiçrilən zamanı isə daha 3 ədəd çətənə kolları aşkar edilmişdir. Aqronom alim aşkar edilmiş kolların çətənə kolları olmasını, kollara aqrotexniki qaydada qulluq edildiyini demiş, aşkar edilmiş kollar torbaya yığılıb qablaşdırılmışdır. Evdən həyətyanı sahəsindən başqa hər hansı bir narkotik vasitə, yaxud qanunsuz saxlanılan əşya aşkar edilməmiş, axtarış aparılması barədə protokol tərtib edilmiş və imzalanmışdır. Bölmədə keçirilən şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs üzərindən hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, X4 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş iş üzrə mütəxəssis rəyi vermiş Şahid5 göstərdi ki, polis əməkdaşlarının təklifi ilə 2023-cü il avqust ayında təqsirləndirilən şəxsə məxsus Qədimqala kəndindəki fərdi yaşayış evi və həyətə keçirilən baxışda iştirak etmiş, baxış zamanı təxminən 20-yə qədər narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Baxış zamanı həmin kolların arqotexniki qaydada əkilib qulluq edildiyini müəyyən etmiş və bu barədə yazılı rəyini təqdim etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid5 göstərdi ki, kolların əkilib onlara qulluq edilməsini həm zahiri fiziki görkəmlərinə, yəni boylarına, yarpaqlarının iriliyi və yetişkənliyinə görə, həm də onların olduğu torpaq sahəsinin həcmi və fiziki quruluşuna görə müəyyən etmişdir. Əlavə olaraq bildirdi ki, yabanı bitən və kultivasiya edilən bitkilər arasında əsaslı fərqlər olmasa da qulluq göstərilən bitkilər zahiri görünüşü ilə seçilir. Həyətdə aşkar edilən çətənə kolların boylarının balaca, yarımçıq tikilidəki koların əksər hissəsinin 70 sm-dən 2 metrə qədər olması isə göstərilən qulluq, həm yetişdikləri torpaq sahəsinin xüsusiyyətləri, həm də əkilən toxumların öz məhsuldarlığı və keyfiyyəti ilə bağlı ola bilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 avqust 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) X12 (PB) əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə təxirəsalınmadan baxış keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 11 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş DVD diskdən görünür ki, 11 avqust 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evinin həyətyanı sahəsində 3 ədəd və həmin həyətyanı sahədə olan yarımtikilidə isə 17 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları aşkar edilərək götürülmüş, şifahi sorğusual zamanı Namiq Şiirnov həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 avqust 2023-cü il tarixli alim-aqronom Şahid5 tərəfindən verilmiş rəydən isə görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qədimqala kəndində fərdi yaşayış evinin yarımçıq tikilisi və həyətindən 45-220 sm ölçüdə 20 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmiş, həmin kollara aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 11 avqust 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol” və Şəmkir rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(076)-172 /2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 11.08. 2023-cü ildə CM-nin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional bölməsinin 12 avqust 2023-cü il tarixli, 16/807 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəmkir rayonnu Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər..” adlar və imzlar olan baş-başa keçirilmiş sintetik kisədəki, 20 (iyirmi) ədəd ümumi təmiz çəkisi 3300 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannasbis) bitkiləridir. Aqronom rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2023-cü il tarixli, 1858 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı xronki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən o, hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 5(076)-200/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında görünür ki, Şəmkir RPŞ Kür PB-də qəbul edilmiş təxirəsalınmaz qaydada əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 23 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində yerləşən evinin həyətyanı sahəsində və həmin həyətyanı sahədə olan yarım tikilidə 20 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-yə məsul saxlanca verilmiş, evə və həytanı sahəyə baxış keçirilməsi və şəxsi axtarış aparılması zamanı qeydə alınmış videoçəkilişlərin olduğu 2 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 360 nömrəli arayışı və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış, son illər yaşadığı kəndə qayıtmış və orada yaşamışdır, narkotik vasitə aludəçisi kimi xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi tam, istintaqın sonrakı mərhələsi qismən etirafedici ifadələri, həmçinin məhkəmədə dindirilmiş şahid ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitə olan qurudulmuş mariuxana istifadə edir. 11 avqust 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin qapısının döyülməsi ilə əlaqədar olaraq qapıya çıxdıqda polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının olması ehtimalını bildirərək evinə baxış keçirəcəklərini bildirmişlər, o da polislərə heç bir etiraz etməmiş, ərizə verərək evinə baxış keçirilməsinə razılığını bildirmişdir. Baxış zamanı yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində fərdi yaşayış evinə və həyətyani sahəyə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsində və yarım tikilidə narkotik tərkibli çətənə kolları əkib-becərdiyi yerləri göstərmiş, narkotik tərkibli çətənə kolları kökündən çıxarılaraq sayılmış və ümumi sayı 20 ədəd olmuşdur. Onun yaşadığı evin həyətyani sahəsindən 3 ədəd və evin qarşısında yarım tikilinin içərisindən 17 ədəd çətənə kolları çıxarılaraq ekspertiza üçün qablaşdırlmış, polis əməkdaşları onu Şəmkir rayon polis şöbəsinin Kür PB-nə gətirmişlər... ......O, həmin çətənə bitkilərini bir neçə ay bundan əvvəl evinin həyətinin müxtəlif yerlərinə toxum atmaqla əkmişdir...... Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqa ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini daha səmimi və işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadələri sübut kimi qiymətləndirir və məhkəmə baxışındakı ifadəsini özünümüdafiə xarakterli olduğu və öz ifadəsindən başqa digər hər hansı sübutla təsdiq edilmədiyindən həqiqəqtəuyğun olmayan ifadə hesab edir. Belə ki, həm xx.xx.2023-cü ildə yaşadığı evin yarımçıq tikilisinə keçirilmiş baxış zamanı narkotik tərkibli çətənə kolarının əkildiyi hissənin evin digər hissələrindən ayrıldığı (gizlədilməyə çalışdığı) aşkar edilmişdir ki, bu da həmin kolların yabanı halda bitməsini inkar edir. Həmin kollardan bəzilərinin boyunun hündürlüyünün 2 metrdən çox olması, ətrafda xeyli sayda boş plastik qutuların olması isə xüsusi qulluq edildiyini göstərən obyektiv haldır. Həmçinin təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kolların yabanı şəkildə yaxud kənardan atılan toxum nəticəsində bitməsi də ağlabatan və inandırıcı deyil. Məhkəmənin qənaətinə görə əgər kollar yabanı halda bitsəydi və aqrotexniki qaydada qulluq edilməsəydi ətrafında olan digər yabanı ot və kol bitkilərinin də çətənə kolları ilə eyni hündürlükdə və sıx olması daha məntiqli olardı ki, keçirilmiş baxışı əks etdirən videoçəkilişdə çətənə kollarından başqa digər kollar və ot bitkilərinin boylarının xeyli kiçik və az olması müşahidə edilir. Bu da Təqsirləndirilən şəxs ifadələrinin həmin hissədə həqiqətəuyğun olmayan, özünümüdafiə xarakteri daşıyan və cinayət məsuliyyətindən azad etməyə yönələn cəhd kimi qiymətləndirilir və məhkəmə tərəfindən sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını və onlara əlavələri, maddi sübutları, eləcə də məhkəmə ekspertiza rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİİ siyahısında Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı 16 ədəd göstərilmişdir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini və törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə islah olunmasının mümkün olacağı qənaətinə gəlir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə aşkar edilmiş kolların sayını əməlin ictimai təhlükəlilik dərəcəsini, ədalət və mütənasiblik prinsipini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və “həbs”də olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və O, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nın 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra üzrə maddi sübut olan Şəmkir RPŞ-də saxlanılan Şəmkir rayonu, Qədimqala kəndində yerləşən yaşadığı evinin həyətyanı sahəsində və yarımçıq tikilidə aşkar edilmiş aqrotexniki qaydaya qulluq edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 3299,6 qram olan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, 2 ədəd “DVD” disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Şəmkir RPŞ-də saxlanılan Şəmkir rayonu, Qədimqala kəndində yerləşən yaşadığı evinin həyətyanı sahəsində və yarımçıq tikilidə aşkar edilmiş aqrotexniki qaydaya qulluq edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 3299,6 qram olan 20 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin, 2 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar