Məhkəmə qərarları › İş №1(100)-281/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-281/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-281/2025 01.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1980-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 5,61 qram və 3850 qram olmaqla ümumi təmiz çəkisi 3855,61 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 5,61 qramını 1 ədəd kibrit qutusunda olmaqla üzərində, 3850 qramını isə 1 ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada olmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin zirzəmisində qanunsuz olaraq saxlamış, 18 iyun 2024-cü il tarixdə saat 10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə şəhəri, Gəncə küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra tədbirin davamı olaraq həmin gün yaşadığı Bərdə şəhəri Gəncə küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, zirzəmidən 01 ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada təmiz çəkisi 3850 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, uşaqları və anası ilə birlikdə evdə olarkən, polis əməkdaşları qanunsuz olaraq evinə daxil olmuşlar. Ailəsinin və uşaqlarının yanında onun üzərinə silah çıxarmışlar. Həmin vaxt başqa cinayətə görə cəza çəkdiyi üçün ayağında elektron nəzarət vasitəsi olmuşdur. Onu İdris, Şahid və Sənan adlı və tanımadığı digər polis əməkdaşları evdən Bərdə rayon polis şöbəsinə aparıb, polis şöbəsində 2-3 saat saxlamışlar. Ona şöbədə psixoloji təzyiq göstərdikdən sonra yenidən evinə qaytarmışlar. Yaşadığı evdən ailəsini çıxarıb, evin zirzəmisinə narkotik vasitə qoymuşlar, ona isə psixoloji təzyiq edib sözügedən narkotik vasitənin onun olduğunu etiraf etməsini tələb etmişlər. Ona şöbədə narkotik vasitəni yaşadığı evin zirzəmisinə qoyduqlarını, videoçəkiliş zamanı həmin narkotik vasitəni evin zirzəmisindən çıxarmasını istəmişlər. Daha sonra Bərdə RPŞ-dən yaşadığı evə gətirilmiş, o da, polis əməkdaşlarının dedikləri kimi narkotik vasitəni yaşadığı evin zirzəmisindən çıxarmışdır. Eyni zamanda ondan çəkiliş zamanı həmin narkotik vasitəni Bərdə rayonu, Mirzalıbəyli kəndindən tapdığını bildirməsini istəmişlər. Lakin həmin vaxt ayağında elektron nəzarət vasitəsi olmuş, Mirzalıbəyli kəndinə ümumiyyətlə getməmişdir. Onun ayağında olan elektron nəzarət vasitəsinin hərəkət trayektoriyasına baxılarsa, həmin vaxt Mirzalıbəyli kəndinə getmədiyi müəyyən ediləcəkdir. Bundan əlavə Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları gələn zaman evdə uşaqları və ailəsi olmuşdur, oğlu ona qapının açıldığını demiş, o da, babasının gəldiyini zənn etmişdir. O, həyətə baxan zaman uşağının yanında polis əməkdaşını görmüş, həmin polis əməkdaşı silahı ona tərəf tutmuşdur. Həmin vaxt orada hər hansı çəkiliş aparılmamışdır. Şöbədə fiziki təzyiq göstərilməmiş, lakin psixoloji təzyiq göstərərək onu hədələmişlər. Polis əməkdaşları gələn zaman evdə uşaqları və ailəsi olmuşdur. Həmin vaxt telefonla çəkiliş edən olmamış, oğlu ona qapının açıldığını və babasının gəldiyini zənn etmişdir. O, həyətə baxan zaman isə uşağının yanında polis əməkdaşı silahı onun üzərinə tutmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şöbə rəisinə raportla məruzə edildikdən sonra, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilməsi haqqında qərar qəbul edilərək şöbənin dəftərxanasında qeydiyyatdan keçirilmişdir. Bundan sonra o, CAB-ın əməliyyat müvəkkili Şahid2la birlikdə şəxsin yaşadığı ünvana getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etmiş, daha sonra yaxınlaşıb özlərini təqdim edərək Bərdə RPŞ-yə dəvət etmişlər. Bərdə RPŞ-də təhqiqatçı Rauf İsmayılovun otağında, müdafiəçi Xanım İsayevanın iştirakı ilə ekspert-kriminalist Şahid3 mobil telefonu vasitəsi ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçrilmişdir. Şəxsi axtarış zamanı İbrahim İbarhimovun əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitə müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə protokollaşdırlıb, zərfə qoyulmuş və zərf möhürlənmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs sözügedən narkotik vasitədən əlavə, yaşadığı evdə də narkotik vasitə olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs evində də həmçinin narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı, evin zirzəmisindən qara rəngli sellofan torbada saxlanılan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə müdafiəçinin iştirakı və video çəkilişdən istifadə edilməklə tərəzidə çəkilmiş, çəkisinin təxmini 3.900 qram olduğu müəyyən edilmiş, daha sonra protokollaşdırılmaqla zərfə qoyularaq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanaya bənzər kütləni hardan əldə etməsi barədə soruşulduqda, şəxs sözügedən narkotik vasitəni kanalın qırağından torbaya yığıb saxladığını bildirmişdir. Bundan sonra şəxsi Bərdə rayon polis şöbəsinə gətirərək, təhqiqat bölməsinə təhvil vermişlər. Əlavə olaraq Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məlumatın məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələri mütəmadi olaraq üzərində gəzdirməsi və saxlaması ilə bağlı olmuş, həmçinin satışla bağlı da əməliyyat məlumatı olsada, həmin hissə təhqiqat şöbəsi tərəfindən araşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Əməliyyat tədbiri zamanı Bərdə RPŞ-nin NMQ-nin rəisi İdris Əhmədli iştirak etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yay aylarında, saat 11:00-da Təqsirləndirilən şəxsovun yaşadığı evə getmişlər. Evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində, qara sellofan torbada saxladığı narkotik vasitəni təqdim edərək, sözügedən narkotik vasitələri su kanalının yaxınlığından yığdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Daha sonra Şahid4, verilən suallara cavab olaraq göstərmişdir ki, evə baxış zamanı müdafiəçi Xanım İsayeva, CAB-ın rəisi Şahid1, əməliyyat müvəkkili Şahid2, ekspert-kriminalist Şahid3 və o iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiq olmamış, şəxs özü sərbəst şəkildə narkotik vasitəni təqdim etmişdir. Onlar 18 iyun 2024-cü il tarixdə, saat 11:00-12:00 radələrində evə baxış keçirilmək üçün getmişlər. İbtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şəxsin üzərinə baxış zamanı video çəkilişi həyata keçirmiş, təhqiqatçının iştirakı ilə həyata keçirilmiş şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan çətə bitkisindən hazırlanmış marixuana aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitə təhqiqatçı tərəfindən sənədləşdirilərək götürülmüşdür. Həmçinin Şahid3 verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı o da iştirak etmiş, lakin aşkar olunmuş narkotik vasitənin növünü xatırlamır. İlk öncə şəxsin üzərinə şəxsi axtarış, daha sonra isə evinə baxış həyata keçirilmişdir. Şəxsin evinə baxış zamanı iştirak etmiş polis əməkdaşlarının sayını xatırlamır. Həmçinin əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının üzərində silah olmasından məlumatı olmamışdır. Əməliyyat tədbiri zamanı Bəhruz adlı polis əməkdaşı iştirak etməmişdir.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təzyiqin göstərilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid2 Namiz oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 Namiz oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində Bərdə rayon polis şöbəsinin CAB-ın rəisi Şahid1 ilə eyni məzmunlu ifadə verərək, Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən 18 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-82/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 18 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda ilkin çəkisi 9,23 qram narkotik vasitəyə bənzər qurudulmuş marixuana və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 3-də yerləşən fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd qara rəngli sellofan torbada ilkin çəkisi 3,990 qram narkotik vasitəyə bənzər qurudulmuş marixuana aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 iyun 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 iyun 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 3-də yerləşən yaşadığı yaşayış evinə baxış zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd qara rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin torbada narkotik vasitə olduğunu, özü narkotik vasitələrdən istifadə etdiyi üçün saxladığını, həmin narkotik vasitəni təxminən 15 gün bundan əvvəl Bərdə rayonu, Mirzalıbəyli kəndinin yaxınlığından keçən kanalın kənarında yabanı halda bitmiş çətənə kollarından yığıb qurutduğunu və istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və elektron tərəzidə çəkilmiş çəkisi 3,990 qram olmuşdur. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkətləri çəkliş zamanı qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 iyun 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 18 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası DİN-nin Bərdə RPŞ-də şəxsi axtarış keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edildi ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusu, sağ yan cibindən 01 ədəd tünd göy rəngli “Samsung A02S” markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd “West” markalı siqaret qutusu aşkar edilmişdir. 01 ədəd kibrit qutusunda olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitsi ilə çəkildi, cəmi 9.23 qram olduğu müəyyən edildi. Daha sonra aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd “west” markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 19 iyun 2024-cü il tarixli 16/706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunda olan narkotik vasitəyə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,61 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli sellofan torbada olan çəkisi 3,990 kq olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd iç-içə keçirilmiş qara rəngli polietilen torbada təmiz çəkisi 3850 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi 5,61 qr, (1 N-li ob) 3850 qr, (2 N-li ob) tədqiqata sərf edildi- 0,1 qr (hər ob 0,05qr), qalıq – 5,56qr, (1 N-li ob) 3849,95 qr (2 N-li ob). Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,19 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A02 S” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və “Whatsapp” yazışmalarının olmadığı məyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 28 iyun 2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuananı saxlaması müəyyən olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı müəyyən məlumatlar əldə olunsa da, onun konkret olaraq kimlərə narkotik vasitə satmasını düzünə təsdiqedici ifadələrlə müəyyən etmək, habelə 18 iyun 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 5 (021)-106/2024 saylı qərarından görünür ki, Bərdə rayon polis şöbəsinin CAB-ın rəisi, polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş, 18 iyun 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 18 aprel 2025-ci il tarixli, 3-16-21/2-21369/2025 saylı məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın enerji ehtiyatının tükənməsi ilə bağlı elektron nəzarət vasitələrinin (ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) kompleksdə işləmə əlaqəsi kəsildiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, narkoloji dispanserinin 17 avqust 2024-cü il tarixli, 1393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 19 iyun 2024-cü il tarixli 461 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 02 sentyabr 2024-cü il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(021)-212/2022 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Bərdə rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 26 avqust 2024-cü il tarixli, 511 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)- 212/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 04 ay 24 gününü çəkmiş və 07 ay 04 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 27 iyun 2024-cü il tarixli, 18-1- 28/2-1213/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20220 və xx.xx.2024-cü il tarixlərində Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetdə “Opioid” qəbulu diaqnozu ilə dispanser qeydiyyatına götürülmüşdür. Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ruhi- Əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyul 2024-cü il tarixli Bərdə şəhəri İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2848 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,61 qram olması, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 5,56 qram və yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3850 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 3849,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı ondan aşkar edilən narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına, polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər olunmasına və ayağında elektron qolbaq olduğu üçün iş materiallarında qeyd olunduğu kimi Bərdə rayonu, Mizalıbəyli kəndinə getməməsinə dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, sözügedən xüsusatlar iş üzrə danılmaz sübutlarla (təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyat-axtarış subyektinin məlumatları və.s) təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Narilyi Probasiya Xidmətinin 18 aprel 2025-ci il tarixli, 3-16-21/2-21369/2025 saylı məktubundan görünür ki, “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş sadə elektron qolbağın enerji ehtiyatının tükənməsi ilə bağlı elektron nəzarət vasitələrinin (ayaqda olan qolbaqla gəzdirmək vəzifəsi qoyulmuş mobil nəzarət qurğusunun) kompleksdə işləmə əlaqəsi kəsildiyindən hərəkət trayektoriyasına dair məlumatın təqdim edilməsi imkan xaricindədir. Həmçinin iş materiallarında olan 18 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunda ilkin çəkisi 9,23 qram narkotik vasitəyə bənzər qurudulmuş marixuana və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa, 18 iyun 2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Gəncə küçəsi ev 3-də yerləşən fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd qara rəngli sellofan torbada ilkin çəkisi 3,990 qram narkotik vasitəyə bənzər qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs istər ona polis əməkdaşları tərəfindən psixoloji təzyiq olunması ilə bağlı, istərsə də, onun üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması və elektron qolbaq olduğu üçün Mirzalıbəyli kəndinə getməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, həmçinin sözügedən hallar məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirilmişdir. Eyni zamanda, narkoloji dispanserin 17 avqust 2024-cü il tarixli, 1393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri qarşılıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Bərdə rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(021)-212/2022 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Bərdə rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda, Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 26 avqust 2024-cü il tarixli, 511 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)-212/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 04 ay 24 gününü çəkmiş və 07 ay 04 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(021)- 212/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 04 (dörd) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən 18 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-82/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 18 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, narkoloji dispanserinin 17 avqust 2024-cü il tarixli, 1393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,61 qram olması, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 5,56 qram və yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3850 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 3849,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,61 qram olması, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 5,56 qram və yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 3850 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 3849,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 363 (üç yüz altmış üç) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(021)- 212/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 04 (dörd) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, 03 (üç) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzaı ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş 01 (bir) ədəd kibrit qutusunda ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,56 qram və yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli politilen torbada ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3849,95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 33 (otuz üç) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 363 (üç yüz altmış üç) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar