Məhkəmə qərarları › İş №1(100)-282/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-282/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-282/2024 27.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 9.512 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bükümlərə bölüb iki bükümdə üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin CAİ-nə daxil olmuş məlumat əsasında 22 iyun 2023-cü il tarixdə, saat 10:00-da Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanılaraq Gəncə şəhəri H.Ə.Hüseynzadə 5 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli salvarın sağ yan cibindən iki ədəd ayrı-ayrılıqda sellofana bükülmüş hər birinin çəkisi 4.491 qram və 5.021 qram, ümumi çəkisi isə 9.512 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində reklam xidməti ilə məşğul olmuşdur. 2023-cü il may ayının sonlarında bir müştəri lövhə sifariş vermiş, o 20- 25 gün sonra onun hazırladığı lövhələrlə Gədəbəy rayonu, Söyüdlü kəndində özbaşına aksiya keçirildiyini bilmişdir. Bu səbəbdən Gəncə şəhər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axşam saat 19:00 radələrində çağırılmış və sorğu-sual aparıldıqdan sonra sərbəst buraxılmışdır. Daha sonra ertəsi gün 22 iyul 2023-cü ildə Gəncə şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsində ona təzyiq edilmiş polis əməkdaşları tərəfindən üzrərinə narkotik maddə qoyulmuşdur. Həmin vaxt ona lövhə sifariş verən şəxsin adının Coşqun olduğunu və onda olan məlumata görə həmin şəxsin həbs olunduğunu bilmişdir. Gəncə şəhər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çağırıldıqdan sonra 21 iyul axşam saat 20:00 radələrində evinə buraxılmışdır. Gəncə şəhər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən onun telefonu yoxlanılmış və sorğu- sual edilmiş və Gədəbəy aksiyasında iştirak edib etmədiyi barədə suallar verilmiş o da iştirak etmədiyini bilddirmişdir.O sərbəst burxılmış və Gəncə şəhər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən buraxıldıqdan sonra evinə getmiş, yatmış və ertəsi gün işinə davam etmişdir. İş yeri Rüzgar Qasımov 81 küçəsində olmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirili bilərək ifadəsində göstərmiişdir ki, «Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Gəncə şəhəri Ruzigar Qasımov küçəsində olarkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra ona Gəncə şəhər BPİ-nə gəlməyi üçün onu dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. Daha sonra orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofana bükülmüş içərilərində şüşəyə oxşar kütlələri çıxarıb təqdim etmiş, həmin bükülülərin nə olması soruşulmuş, bükülmüş halda olan kütlələrin şüşə olduğunu, bükülülərin özünə məxsus olduğunu, həmin bükülüləri dünən yaşadığı evə gedərkən Avtozavod yolunda yerdən tapdığını, həmin kütlələrdən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, özünün istifadə etmədiyini, əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən 1 ədəd Samsung markalı mobil telefon, evinə və yaşadığı yerə məxsus açarlar, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar edilmişdir. Sonra evinə və yaşadığı yerə məxsus açarlar, 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan ona geri qaytarılmışdır. Mobil telefonu isə sübut əhəmiyyəti daşıdığından götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş 2 ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılmış, həmin bükülülərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd sellofana bükülmüş kütlə ayrı-ayrılıqda aptek tərəzisində çəkilmiş və bir ədədinin kütləsi 4,76 qram, digərinin isə çəkisi 5,28 qram olmuşdur. Həmin kütlələrin ümumi çəkisi 10,01 qram müəyyən edilmişdir. Həmin kütlələr iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Əvvəllər həm narkotik vasitə həm də psixotrop maddədən istifadə etmişdir. Gəncə şəhər BPİ-yə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir təziq olmamışdır. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır». Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı köməyə getmişdir. Təqsirləndirilən şəxs saxlanmağında iştirak etmişdir. Təqsirləndirilən şəxsi onlar, «Mersedes» markalı avtomobillə aparmış özü isə həmin avtomobildə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bağlı narkotik maddənin qanunsuz istifadəsi və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən saxlanılmış Təqsirləndirilən şəxs saxlanılmış Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmuş, vəkil və təhqiqatçısının iştirakı ilə üzərindəki narkotik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs iş yerinə yaxın ərazidə piyada gedərkən saxlanılmış və heç bir müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik maddəni yerdən tapdığını demiş və təhqiqat zamanı polis əməkdaşlarına özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bağlı narkotik maddənin qanunsuz istifadəsi və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmuş, üzərinə baxış keçirilən zaman üzərindən narkotikə bənzər kütlə aşkar edilmiş və sənədləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə bağlı narkotik maddənin qanunsuz istifadəsi və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatına əsasən tədbir keçirilmiş və Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Daha sonra vəkillə təmin olunmuş, video çəkilişlə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotikə bənzər kütləni özü təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmiş,şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan torbaya bükülmüş içərisində psixotrop maddə olan melamfelaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisində olan kütlənin nə olması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs Xaputa oğlu sellofan bükülüdə olan kütlələrin şüşə olmasını, həmin büküliləri dünən yaşadığı evə gedərkən “Avtozayod” yolu deyilən ərazidə yerdən tapdığını, əvvəllər narkotik vasitə istifadə etməsini, həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, onun üzərindən 1 ədəd «Samsunq» markalı mobil telefon və evinə və iş yerinə məxsus açarlar, 1 ədəd siqaret və 1 ədəd alışqan aşkar edilmişdir. Şəxsin üzərindən aşkar edilmiş evinə, iş yerinə məxsus açarlar, 1 ədəd siqaret və 1 ədəd alışqan sübut əhəmiyyəti daşımadığından şəxsin özünə qaytarılmışdır. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 2 ədəd sellofana bükülmüş kütlələr ayrı-ayrılıqda aptek tərəzisində çəkilmiş və bir ədədinin çəkisi 4,76 qram, digərinin çəkisi isə 5.28 qram olaraq müəyyən edilmişdir. Həmin kütlələr birlikdə aptek tərəzisində çəkilmiş və ümumi kütləsi 10,04 qram olduğu müəyyən edilmişdir.Həmin kütlələr götürülərək iştirakçıların yanında zərfə qoyulub Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Samsunq» markalı mobil telefon sübut əhəməlyyəti kəsb etdiyindən götürülmüşdür. Baxış videoçəkiltişlə aparılmış və disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusat, yəni polis idarəsində polislər tərəfindən döyülməsi, psixi təsirə məruz qalması, üzərinə psixotrop maddə qoyulması barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci (cinayət hadisəsi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 10 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli 16/657 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd şəffaf sellofan torbacıqlarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,491 qram, 5,021 qram, ümumi təmiz çəkisi 9,512 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, 1 (bir) ədəd kağız paketdəki, metamfetaminlər xairici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli 1118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş «Realme» markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamini kimdən və harada əldə etməsi, həmin psixotrop maddəni hansı məqsədlə üzərində daşıması, həmin psixotrop maddəni kənar şəxslərə verib-verməməsini müəyyən etmək mümkün olmamışdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş DİN-in Baş İnformasiya və Komunikasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2-440/2023 və xx.xx.2023-cü il tarixli 3-13-57/2-440/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 7055 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3537 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 iyun 2023-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyun 2023cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması barədə ifadəsinə təniqidi yanaşaraq, cinayət işinin materiallarında olan sübutlar, sübut şahid ifadələri və ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəsi inandırıcı hesab etməyrək özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs küllü miqdarda psixotrop maddə metafetfmini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlaması mötəbər, biribirini tamamlayan sübutlara və işin faktiki hallarına uyğyn olan sübütlarla öz təsdiqini tapmışdır. Bəli ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının da ifadələrində göstrdikləri kimi keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. İbtidai istintaq zamanı da şahidlər ifadələrində və daxil olmuş əməliyyat məlumatında psixotrop maddə metamfetamini təqsirləndirilən şəxsin satış məqsədi ilə əldə etməsi barədə göstərdikləri halları onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Azərbaycan Respublikası DİN-in Gəncə şəhər BPİ-dən müvaviq cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamini saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində psixotrop maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə psixotrop maddə metamfetaminin çəkisinin çox olmasını da ehtimal edib, psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquq tətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirlən şəxsin istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmədə araşdırılmış işin digər materiallarla tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından və o, satış məqsədi olmadan qanunsuz olaraq üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda sellofana bükülmüş hər birinin çəkisi 4.491 qram və 5.021 qram, ümumi çəkisi isə 9.512 qram psixotrop maddə olan metamfetamin əldə edib saxladığından, onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 9,312 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. 1 ədəd CD disk və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 9,312 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 1 ədəd CD disk və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar