Məhkəmə qərarları › İş №1(100)-286/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-286/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-286/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Samux rayonunun Sərkar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Samux rayonunun Sərkar kəndi şəhid Mehman Atayev küçəsində yerləşən evinin qarşısında bir qədər əvvəl bacısı Şahid1 ilə həmkəndlisi Şahid3 kənddə yerləşən subartezian quyusuna kimin nəzarət etməyi üstündə aralarında baş vermiş mübahisə zamanı yaranmış səs-küyə gəlmiş digər həmkəndlisi Zərərçəkmiş şəxs ilə orada onunla şəxsi münasibətlər zəminində mübahisə edib dalaşmış və dalaşma prosesində özündə olmuş və ibtidai istintaqa məlum olmayan dəmir parçası ilə Zərərçəkmiş şəxs əl və alın nahiyəsinə qəsdən zərbələr endirərək ona sol əlin arxa səthində İ-İİİ əldarağı nahiyəsində 4,0x2,0sm ölçüdə qırmızımtıl-göyümtül rəngli, qeyrimüəyyən formalı qançırı qismində sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət, alın nahiyəsində, solda gözün üst və alt göz qapaqlarını əhatə etməklə 7,0x5,0 sm ölçüdə qırmızımtıl-göyümtül rəngli, qeyri-müəyyən formalı qançırı qismində sol frontal sinusun aşağı-lateral divarında sol orbitanın üst divarına uzanan yerdəyişməmiş sınığı və sol orbitanın üst divarında yerdəyişmiş sınığı ilə müşahidə olunan hematoma halında əzilməsindən ibarət və yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Şahid1 onun bacısı, Şahid2 isə bacısı İradənin oğludur. Şahid7 Zərərçəkmiş şəxs atasıdır. Şahid3 və X3 onların qonşularıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 20 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, evdə olan zaman küçədən bacısı İradənin səsini eşidib küçəyə çıxmışdır. O, yaşadıqları Samux rayonu Sərkar kəndi şəhid Mehman Atayev küçəsinə çıxan zaman bacısı İradə ilə Anarın bir-biriləri ilə sözlə mübahisə etdiklərini görmüşdür. Onlardan təxminən 100 metr aralıdan isə Nihadın piyada gəldiyini görmüşdür. Nihad atası ilə birlikdə gəlirmiş, belə ki, atası zəif gördüyü üçün Nihad onu gətirirmiş. İradə ilə Anar əlbəyaxa çıxan zaman o, onların yanına çatmış və bacısı İradəni Anarın əlindən almışdır. O, onları aralayan zaman artıq Nihadla atası Elşən onlara çatmışdırlar. O, bacısı İradəni çəkib evə aparan zaman Şamxal da onların səs-küyü eşidib küçəyə çıxmışdır. Nihad, Elşən və Anar Şamxalın küçəyə çıxdığını görüb onun üstünə getmişdirlər. O, İradəni qapıya qədər yola salıb yenidən Şamxalın yanına qayıtmışdır ki, Şamxalı onlardan aralasın. Anası Güləbatın da mübahisə olan zaman orada imiş. O, Şamxalı aralayan zaman Anar evlərinə tərəf qaçmış, anası özünü pis hiss etdiyindən onların başı anasına qarışmış, bir qədər keçmiş görmüşdür ki, Anar əlində balta ilə onlara tərəf gəlirmiş. Anar onlara çatan zaman onlar yenə Şamxalla mübahisə etməyə başlamışdırlar. O isə anasına baxırmış. Bir də görmüşdür ki, Nihad və Şamxal bir-birilərindən aralaşmışdırlar. Bundan sonra o, anasını evə aparmışdır. Nihadın necə xəsarət aldığını görməmişdir. Sonradan Şamxal ona demişdir ki, Nihada xəsarəti Elşənin əmisioğlu Anar yetirmişdir. Həmçinin bacısı İradəyə xəsarəti Anar yetirmişdir. O göstərmişdir ki, mübahisəyə səbəb xx.xx.2021-ci il tarixdən suya nəzarət Elşəngilə verildiyindən aralarında narazılıq olmuş, onlar bəhanə axtarırmış ki, suya özləri baxsın. Mübahisəyə də səbəb su üstündə olmuşdur ki, arteziana kim baxsın. Mübahisə onunla Anar arasında küçədə, yəni şəhid Mehman Atayev küçədində olmuşdur. Onların da aralarında mübahisəyə səbəb Anarın ona söyüş söyməyi olmuşdur. Dava baş verən zaman o, İradə, Anar, Şamxal və anası Güləbətin olmuşdur. Dava zamanı heç bir xəsarət almamış, həmçinin dava zamanı heç kimi vurmamışdır. xx.xx.2021-ci il tarixdə baş vermis dava-dalaş yaşadığı Samux rayon Sərkar kəndində şəhid Mehman Atayev küçəsində baş vermişdir. Zərərçəkmiş şəxs yalan olaraq ifadə vermiş, belə ki, xx.xx.2021-ci il tarixdə dava olan zaman Nihad bacısı İradəni və bacısıoğlu Şamxalı vurmuşdur. O isə həmin dava zamanı heç kimi vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Samux rayonunun Sərkar kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Şahid7 onun atasıdır, Şahid3 atası Elşənin əmisi oğludur, o, Samux rayon qaz idarəsində işləyir. Şahid1 onun qonşusudur, Şahid2 onun oğludur, onlar birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs da onun qonşusudur, İradənin qardaşıdır, ancaq onlardan ayrı ailəsi ilə birlikdə yaşayır. Atası 1-ci qrup əlilldir, o, küçədə olan su artezianına nəzarət edirmiş, belə ki, növbəliklə kənd camaatına su paylayırmış. Atası gözdən əlill olduğu üçün su artezianın keçirdib-yandırmasını o edirmiş. Həmin arteziana nəzarəti icra hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə atasına verilmişdir, əvvəllər suya Şərəfəddin Tağıyev baxırmış. İlk günlər suya Anar baxmağa başlamış, buna görə də bir az narazılıqlar yaranmışdır. 20 iyun 2021-ci il tarixdə 22 radələrində o, küçənin baş tərəfində yerləşən su artezinanının yanına gedib keçirmiş və sonra yaşadığı evə gəlmişdir. Açarları evə qoyduqdan sonra küçəyə çıxmış və yaşadığı evin qabağında oturmuşdur. Bir qədər keçmiş Anar qonşunun maşını ilə yaşadığı evə gəlmiş və maşından düşən zaman onun evindən çıxan qonşu İradə ilə təsadüfən rastlaşmışlar. İradə ilə Anar Anargilin evlərinin qarşısında bir-biri ilə söhbət etməyə başlamışlar, söhbətləri su üstündə imiş, o, onlardan bir qədər aralı olduğu üçün nə danışdıqlarını tam eşidə bilməmişdir. Aralarında təxminən 30 metr məsafə olarmış. Sonra görmüşdür ki, İradə Anarla söyüşlə danışır, Anar da söhbət əsnasında İradəyə demişdir ki, su ilə bağlı məsələlərə görə Elşənə gedib desin. Bu zaman da İradə atam Elşənin ünvanına söyüş söymüşdür. Onların səs-küyünə İradənin qardaşı Ramil də onların yanına gəlmiş və Anarla mübahisə etməyə başlamışdır.. X5 mübahisə edə-edə qırağa aparırmışlar. Onlar arasında mübahisə zamanı Ramil Anarın atasının ünvanına söyüş söymüşdür. Ramilgilin Anarı qırağa çəkməklərini görüb mübahisə böyüməsin deyə onların yanına getmişdir. O da, onların yanına çatan zaman Ramilə demişdir ki, nə üçün Anarın atasına qarşı söyüş söyür və ondan xahiş etmişdir ki, söyüş söyməsin. Ramil də ona və valideynlərinə yenə söyüş söyərək yumruqla onun qarın nahiyəsindən bir dəfə vurmuş, o da ona yurmuqla vurmuş, onun yumruğu Ramilin qolundan dəymişdir. Bu zaman Ramil haradansa dəmir parçası çıxarmış və ona xəsarətlər yetirməyə başlamışdır. Ramilin ona dəmirlə xəsarət yetirdiyini görən İradə və Anar onları aralamışdır. Onun Ramili vurduğunu qıraqdan görən İradənin oğlu Şamxal qaçaqaça üstünə gələrək təpiklə onu yenidən ayağından vurmuş, o da yumruqla onu vurmuş, ancaq yumruğunun harasına dəydiyini bilməmişdir. Bundan sonra o, Şamxalla əlbəyaxa olmuş və süpürləşmişlər. Məhkəmənin diqqətinə çatdıdır ki, o, İradə və Şamxalla küçədə dayanıb birbiriləri ilə mübahisə edən zaman Ramil gəlmiş, gələn zaman onun əlində dəmir parçası, yəni mantirovkanın olduğunu görmüş, çünki parıldayırmış. Ramil ona çatar-çatmaz sağ əlində saxladığı dəmir paraçası ilə onun baş nahiyəsinə vuran zaman o, sol əliylə özünü müdafiə etmiş və dəmir onun əlinə dəymişdir. Ramil də dəmiri ona vura bilmədiyini görüb yenə qəsdən onun alın nahiyəsinə vurmuş, o da Ramilin onu vurduğunu saxlaya bilməmişdir. Dəmir parçası, yəni mantirovka onun alın nahiyəsinə dəyən zaman alın nahiyəsindən qan gəlmiş, Ramilgil də onun başının qanadığını görüb çıxıb getmişdirlər. Davadan sonra atası Elşən də küçəyə çıxmışdır. Bundan sonra Anar ona köməklik edərək onu evə aparmışdır. Onun alın nahiyəsində xəsarəti Ramil evdən gətirmiş olduğu dəmir parçası-mantirovka ilə vurmuşdur. O göstərmişdir ki, mübahisəyə səbəb xx.xx.2021-ci il tarixdən suya nəzarət atasına verildiyindən İradə buna narazı olmuş, buna görə də bəhanə axtarırmış ki, suya yenidən o baxsın. Anar da ilk günlər suya baxdığı üçün çox güman ki, ona acığı tutmuşdur. Mübahisəyə də səbəb su üstündə olmuşdur ki, arteziana kim baxsın. Mübahisə İradə ilə qohumu Anar arasında Anarın yaşadığı evin qarşısında olmuş, daha sonra mübahisə onunla Ramil və Şamxal arasında olmuşdur. Onların da aralarında mübahisəyə səbəb Ramilin ona və valideynlərinə söyüş söyməyi olmuşdur. Ramilə irad tutan zaman Ramillə aralarında mübahisə olmuş, Ramil onu vurmuş, o da onu vurmuş, daha sonra Şamxal Ramili vurduğunu görüb o da qaçaraq gəlib onu vurmuş, bu zaman o, Şamxalla dalaşmış, onları Anar aralamışdır. Dava baş verən zaman o, İradə, Anar, Ramil və Şamxal olmuşdur, sonradan Anarın arvadı Aidə də gəlmişdir. Ona xəsarəti qonşusu Ramil yetirmiş, belə ki, xx.xx.2021-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı Samux rayonunun Sərkar kəndi, Mehman Atayev küçəsində Ramillə dalaşmış, Ramil də dəmir parçası-mantirovka gətirib onun alın nahiyəsinə vurmuşdur. Birinci dəfə vuran zaman sol əliylə saxlamış, ancaq ikinci dəfə vuran zaman saxlaya bilməmişdir. Dava zamanı Ramili və Şamxalı vurmuş, ancaq yumruqla vurmuş, Şamxalla əlbəyaxa da dalaşmışdır. xx.xx.2021ci il tarixdə dava yaşadığı Samux rayon Sərkar kəndində Mehman Atayev küçəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ramin Həsənov, Şahid2 və Şahid1 qonşuları, Zərərçəkmiş şəxs isə qohumudur. Küçələrində yerləşən su artezian quyusuna əmisioğlu Şahid7 nəzarət edirmiş. Şahid7 İ qrup əlil olduğu üçün suyun paylanmasını o, həyata keçirirmiş. 20 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində o, yaşadığı evə gələn zaman qonşusu Şahid1 onun yaşadığı evə gəlib onun haqqında xoşagəlməz sözlər dediyini bilmişdir. Həmin vaxt Şahid1 yenidən yaşadığı evə gəlib suyu verməyini ondan tələb etmişdir. O da Şahid1 demişdir ki, suyu gedib Elşəndən alsın. Həmin vaxt Şahid1 onunla su üstündə yaşadıqları Samux rayonunun Sərkar kəndində, Mehman Atayev küçəsində mübahisə etməyə başlamışlar. Mübahisələri küçədə bir qədər böyüməyə başlamış, səs-küyə İradənin qardaşı Ramil də gəlmiş və Ramil onları aralamış, onlar bir-biriylə mübahisə edən zaman Elşənin oğlu Nihad onların mübahisə etdiklərini görüb o da onların yanlarına gəlmişdir. Bir qədər keçmiş Şahid1 oğlu Şamxal da gəlmiş və aralarında olan mübahisə yenə böyümüş, mübahisə zamanı Şamxal və Ramil Nihadı döymüşlər, o isə onları aralamışdır. Dava-dalaş olan zaman Nihadı birinci olaraq Ramil vurmuşdur, Nihada xəsarəti Ramil yetirmişdir. O, İradəni və Şamxalı vurmamışdır. İradənin qardaşı Ramil Nihadı vurub xəsarət yetirdiyi üçün onun barəsində yalandan şikayət etmişdir. O göstərmişdir ki, hadisə vaxtı İradəni vurmamış, nə də ki, döyməmişdir, həmin vaxt Şahid1 ilə mübahisə etmiş və həmin dava-dalaş zamanı heç kimi döyməmişdir. Mübahisəyə səbəb xx.xx.2021-ci il tarixdən suya nəzarətin Elşəngilə verildiyindən aralarında yaranmış narazılıq olmuş, onlar bəhanə axtarırmışlar ki, suya özləri baxsınlar. Mübahisəyə arteziana də səbəb su üstündə olmuşdur ki, kim baxsın. Zərərçəkmiş şəxs xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir, həmin vaxt hamı birbirinə qarşımışdır, bir də görmüşlər ki, Nihadın alın nahiyəsindən qan axır, buna görə də onlar tez aralaşmışdırlar. Mübahisə onunla Şahid1 arasında küçədə, yəni şəhid Mehman Atayev küçədində olmuşdur. Dava baş verən zaman o və İradə olmuş, sonradan digərləri səs-küyə gəlmişdir. Dava zamanı heç bir xəsarət almamış, həmçinin dava zamanı heç kimi vurmamışdır. xx.xx.2021-ci il tarixdə dava yaşadığı Samux rayon Sərkar kəndində şəhid Mehman Atayev küçəsində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux rayon Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şahid2 oğludur, Təqsirləndirilən şəxs isə qardaşıdır. Ramil ailəsi birlikdə onunla eyni küçədə, yəni şəhid Mehman Atayev küçəsində qalır. Şahid7 və Şahid3, X3 qonşularıdır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs Şahid7 oğludur. 20 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, Anarla kənddə küçədə rastlaşaraq ona suyu nə üçün verməməsini demiş, Anar da suyun verilməsi üçün Elşənə demək lazım olduğunu demişdir. O da Anara onu get-gələ salmamasını və suyun verilməsini xahiş etmişdir. Ancaq Anar suyu vermədiyindən aralarında söz mübahisəsi başlamışdır. Mübahisə zamanı Anar onu təpikyumruqla vurmağa başlayan zaman o, Anarla əlbəyaxa dalaşmağa başlamışdır. Aralarında dava-dalaş olan zaman onların səs-küyünə Elşən və onun oğlu Nihad da gəlmişdir. Onlar onun Anarla dalaşdığını görmüşdürlər. Nihad da Anara kömək üçün gəlib onu tutmuş, Anar da onun qolundan və yan nahiyələrindən təpikləmiş, sonra isə saçından tutaraq onu çəkməyə başlamışdır. Bundan sonra onların yanına qardaşı Ramil, oğlu Şamxal da gəlmişdirlər. Şamxal da Nihadla dalaşmışdır. Onlar bir-biriylə bir qədər mübahisə etdikdən sonra yaşadıqları evə getmişdirlər. Həmin dava-dalaş zamanı Nihadın necə xəsarət aldığını görməmişdir. Sonradan bilmişdir ki, Nihad xəsarət almışdır. O göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında Şahid3 onun qolundan və yan tərəfidən vuraraq döymüşdür. xx.xx.2021-ci il tarixdə dava-dalaş olan zaman Zərərçəkmiş şəxs kimin vurduğunu görməmiş, ona kim tərəfindən xəsarət yetirildiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Samux rayonunun Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır, yaşadığı evdə oğlu Ramil və Ramilin ailəsi ilə birlikdə qalır. Qızı Şahid1 isə ailəsi ilə birlikdə qonşuluqda yaşayır. 20 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, evdə yatan zaman küçədən səs-küy gəldiyini eşitmişdir. Məsələnin nə olduğunu öyrənmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxan zaman evlərinin qabağında tut ağacının yanında qızı İradəni, oğlu Ramili, nəvəsi Şamxalı və qonşuları Nihadı və Anarı görmüş, onlar bir-biriləri ilə dalaşırmışlar. O da onların aralaşması üçün qışqırmışdır. Bundan sonra o, huşunu itirmiş və sonradan nə baş verdiyni görməmişdir. O göstərmişdir ki, dava-dalaş baş verən zaman nə Anarın, nə də ki, Ramilin əlində hər hansı bir küt əşya və ya baltanın olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Samux rayon Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs, Şahid1 və onun oğlu Şahid2 onun qonşularıdır.xx.xx.2021-ci il tarixdə saat 22 radələrində o, evdə olan zaman oğlu Nihad evə gəlmiş, evə gələn zaman üzü-başı qan imiş, ondan nə baş verdiyini soruşan zaman onun küçədə Ramil, İradə və Şamxalla mübahisə edib dalaşdığını və dava zamanı ona dəmir parçası(mantirovka) ilə ramilin xəsarət yetirdiyini demişdir. O, dava-dalaşın necə olduğunu görməmişdir. Ona oğlu Nihad deyəndən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Şahid3 əridir, Zərərçəkmiş şəxs isə onunla həmkəndlidir, həm də eyni küçədə, Mehman Atayev küçəsində qalırlar. Təqsirləndirilən şəxs, Şahid1 və onun oğlu Şahid2 onun qonşularıdır. Şahid2 İradənin oğlu, Təqsirləndirilən şəxs isə qardaşıdır. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Samux rayonunun Sərkar kəndi, Mehman Atayev küçəsində İradə, Anar, Nihad və Şamxal arasında mübahisə olduqlarını görmüş, həmin vaxt onların səs-küyünə küçəyə çıxmış, sadəcə olaraq onları kənardan izləmiş, dava-dalaş zamanı Ramil və Şamxalın Nihadı döydüklərini görmüşdür. Ramil və Şamxal Nihadı döyüb ona xəsarət yetirmişlər. Həmin vaxt hava qaranlıq olduğundan tam görə bilməmişdir. Ramil və Şamxal Nihada xəsarət yetirəndən sonra dava qurtarmışdır. Mübahisə su üstündə olmuş, İradə əvvəlcədən Anarla su üstündə mübahisə etmiş, daha sonra isə onlar arasında dava olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olurmuş. Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 anasıdır, Təqsirləndirilən şəxs isə dayısıdır. Ramil ailəsi birlikdə onunla eyni küçədə, yəni şəhid Mehman Atayev küçəsində qalır. Şahid7 Zərərçəkmiş şəxs atasıdır. Şahid3 və X3 onun qonşularıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 20 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, evdə olan zaman küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. O, küçəyə çıxan zaman küçədə anası İradəni, Anarı, Elşəni, Nihadı və onlardan bir qədər aralıda Ramili görmüşdür. Onların bir-biriləri ilə nəsə üstündə mübahisə etdiklərini görmüşdür. O, onlara yaxınlaşaraq ümumi olaraq hamıya “aya nolub, bu nə haqq-hesabdır” deyən zaman onun sağ tərəfində ondan bir qədər aralıda dayanmış Nihad yumruqla onun sifət nahiyəsinə, göz nahiyəsinə bir dəfə qəsdən vurmuşdur. Nihad onu vuran kimi atası Elşən gəlmiş, sonra arxasınca isə Anar gəlmişdir. Onlar onu vurmağa başlamışdırlar. Belə ki, Elşən onun saçından tutmuşdur, Anar isə təpiklə ayağından vurmuşdur. Onların onu döydüyünü görən Ramil isə gəlib onu onlardan aralamışdır. Bu zaman nənəsi Güləbətin huşunu bir qədər itirdiyindən anası İradə və Ramil cəld onun yanına getmişdirlər. Ramil və İradə nənəsini qapıya salan zaman Anarın öz evlərinin həyətinə keçdiyini görmüşdür. Həmin vaxt onlar aralaşmışdırlar, dava qurtarmışdır. Bir qədər keçmiş Anar əlində balta ilə onların olduğu yerə gəlmişdir. O, öz evlərinin qapısının qarşısında olan zaman istəmişdir ki, nənəsigilə keçsin. Nənəsigilə piyada keçən zaman nənəsigilin qapısına 2-3 metr qalmış Nihad onu arxa tərəfdən tutaraq yerə yıxmışdır. Bu zaman da Anar onların yanına gəlmişdir. O, yerdə uzanıqlı olan zaman Anar əlində olan baltanın sapı ilə onun kürək nahiyəsindən bir dəfə qəsdən vurmuşdur. Anar baltanın kəsici hissəsini əlinin içində saxlamışdır, onu yalnız baltanın sapı ilə vurmuşdur. O, istəmişdir ki, ayağa qalxa, o, diziüstə qalxan zaman Nihad onu arxadan çiyinlərindən əlləri ilə qucaqlayıb saxlayaraq ayağa qalxmağa qoymamış, Anar da yenə ona tərəf baltanın sapını fırladan zaman baltanın sapı ona dəyməmişdir. Nihad onun arxa sağ tərəfində dayanmışdır və həmin an o, Nihadın qışqırıq səsini eşitmişdir. Hava qaranlıq imiş, çox güman ki, elə balta Nihada dəymişdir. Zərbənin təsirindən Nihad qışqıraraq arxaya yıxılmışdır. Bundan sonra Ramil onun yanına gələrək onu yerdən qaldırıb nənəsigilə aparmışdır. O, nənəsigilə keçən zaman Elşən, Anar, Elşənin arvadı Nihadın yanına getmişlər. Aralarında olan mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Mübahisənin sonradan su üstündə olduğunu bilmiş, belə ki, ilkin olaraq anası İradə ilə Anar arasında mübahisə olmuş, onlar bir-biriləri ilə dalaşmışlar, o, onların səs-küyünə çıxan zaman isə aralaşmışdırlar. Həmin vaxt kimin kimi vurduğunu görməmişdir. O, çıxandan sonra Nihad yurmuqla onun göz nahiyəsindən vurmuş, Elşən saçından tutmuş, Anar isə təpiklə onu vurmuşdur. Nihad birinci olaraq onu vurduqdan sonra o, yerə yıxılmışdır. Nihada xəsarəti isə qohumu Anar yetirmişdir, belə ki, Anar dava olan zaman evlərinə gedərək balta gətirmiş, o, yerdə uzanıqlı olarkən Anar birinci olaraq baltanın sapı ilə onun kürək nahiyəsinin sağ tərəfinə vurmuş, o, həmin vaxt ayağa qalxmaq istəyən zaman Nihad onu qoymamış, onu diziüstə arxa tərəfdən əlləri ilə qucaqlayıb saxlamış, bu anda da Anar onu yenə baltanın sapı ilə vurarkən baltanın sapı dəyməmişdir. Nihad onun arxa sağ tərəfində dayanmışdır və həmin an o, Nihadın qışqırıq səsini eşitmişdir. Hava qaranlıq imiş, çox güman ki, elə balta Nihada dəymişdir. Onlar arasında dava olarkən Ramil onlardan aralıda imiş, o, artıq evə keçmişdir. Aralarında dava qurtardıqdan sonra Ramil gəlib onu nənəsigilə aparmışdır. O göstərmişdir ki, mübahisəyə səbəb xx.xx.2021-ci il tarixdən suya nəzarət Elşəngilə verildiyindən aralarında narazılıq olmuş, onlar bəhanə axtarırmış ki, suya özləri baxsın. Mübahisəyə də səbəb su üstündə olmuşdur ki, arteziana kim baxsın. Mübahisə küçədə, yəni şəhid Mehman Atayev küçəsində olmuşdur. Dava baş verən zaman o, Nihad, Elşən və Anar olmuşdur. Ondan əvvəl mübahisə olarkən isə anası İradə və Anar olmuşdur. Anarla İradə mübahisə edərkən sonradan Elşən və onun oğlu Nihad gəlmiş, daha sonra isə Ramil gəlmişdir. Onlar aralaşıb getdikdən sonra isə o, küçəyə çıxmışdır. O, küçədə Anarı, Elşəni və Nihadı görmüşdür. Onlardan aralıda isə Ramili, İradəni və nənəsi Güləbətini görmüş, onlar evə gedirlərmiş. Dava zamanı Nihad yurmuqla göz nahiyəsindən vurmuş, Elşən saçından tutmuş, Anar isə təpiklə vurmuşdur. Nihad birinci olaraq onu vurduqdan sonra o yerə yıxılmış. Nihada xəsarəti isə qohumu Anar yetirmişdir, belə ki, Anar dava olan zaman evlərinə gedərək balta gətirmiş, o, yerdə uzanıqlı olarkən Anar birinci olaraq baltanın sapı ilə onun kürək nahiyəsinin sağ tərəfinə vurmuş, o, həmin vaxt ayağa qalxmaq istəyən zaman Nihad onu qoymamış, onu diziüstə arxa tərəfdən əlləri ilə qucaqlayıb saxlamış, bu anda da Anar onu yenə baltanın sapı ilə vurarkən baltanın sapı ona dəyməmişdir. Dava yaşadığı Samux rayon Sərkar kəndində şəhid Mehman Atayev küçəsində olmuşdur. xx.xx.2021-ci il tarixdə dava olan zaman Nihadı qohumu Anar əlində olan balta sapı ilə vurmuşdur. Həmin dava zamanı heç kimi vurmamışdır. Hadisə axşam saat 22 radələrində olmuş, hava qaralmışdır, Nihadın xəsarət almağının birbaşa şahidi olmamış, çünki Nihad xəsarət aldıqdan sonra o, onun qışqırıq səsini eşidib sonra arxaya çönüb baxmışdır. Elə bu anda da Ramil onun yanına gələrək onu evə aparmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Samux rayon Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Özü 1-ci qrup əlilldir. Zərərçəkmiş şəxs onun oğludur, X4, Şahid1, Şahid2 onun qonşularıdır, Şahid3 onun qohumudur. 20 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində o, evdə olan zaman küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. O, gözdən əlill olduğu üçün kimin kiminlə mübahisə etdiyini görməmişdir. Sonradan bilmişdir ki, qohumu Anar İradə ilə su üstündə mübahisə edib dalaşmışlar. Həmin vaxt yalnız səs-küyə çıxmışdır. Dava olan zaman o, heç kimi vurmamış, döyməmişdir. O göstərmişdir ki, mübahisəyə səbəb su üstündə olmuş, suya əvvəllər İradə baxmış, sonralar ona verildiyindən İradə buna cırnamışdır. Davadalaş vaxtı o, heç kimi vurmamış, heç kim də onu vurmamışdır. Məhkəmə iclasında şahid qismində yenidən dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, 20 iyun 2021-ci il arixdə saat 22 radələrində o, evdə yatan zaman küçədən səs-küy gəldiyini və Ramilin anasının, yəni nənəsinin, huşunu itirmiş vəziyyətdə evə gətirilməsini gördükdə əsəbləşərək yaşadıqları evin həyətyani sahəsində olan ağac parçsını götürüb Nihadın baş nahiyəsindən vurmuşdur. Sözügedən cinayət hadisəsi onun tərəfindən törədilmiş, Zərərçəkmiş şəxs o, ağacla xəsarət yetirmişdir. Hal hazırda Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ağac parçasını məhkəməyə təqdim edir. Qorxduğu üçün əvvəl istintaqa Nihadı onun vurduğunu etiraf etməmişdir. Ona hər hansı bir təsir və ya təziq olmayıbdır. Onun törədiyi cinayətə görə dayısı Ramilin cəzalandırılmasını vicdanı götürmür, çünki onun azyaşlı uşağı var. Ramil tutulsa o uşaq atasız qalacaq. Məhkəmənin diqqətinə çatdırır ki, Nihad yalan danışır onu Ramil yox o, vurubdur. Həmin vaxt orada dəmir parçası olmamış, nənəsinin huşunu itirdiyini görüb əsəbləşib evdən ağac parcası gətirib Nihadı vurmuşdur. Dava-dalaş onun anası və Nihadın qohumu Elşən arasında olubdur. Nihad və qohumu Anar onu döydükləri üçün o, da Nihadı vurmuşdur. Məhkəmə iclasında şahid qismində yenidən dindirilmiş Şahid2 xx.xx.2022-ci il tarixli ifadəsində xx.xx.2022-ci il tarixli ifadəsində göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işinin Samux Rayon prokuroru Mayıl Hacıyev tərəfindən 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanılmasına əsas və səbəb, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Samux rayonu Sərkar kəndində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs küt əşya ilə Zərərçəkmiş şəxs alın nahiyyəsindən qəsdən bir dəfə zərbə endirərək ona alın nahiyyəsinin, sol gözün üst və alt göz qapaqlarının və gözətrafı nahiyyəsinin yumşaq toxumalarının, alın sümüyünün sınıqları ilə müşahidə olunan hematoma halında əzilməsindən ibarət həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurmaya aid edilən xəsarət yetirməsinə dair toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 23 iyun 2021-ci il tarixli 960 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının və gözətrafı nahiyənin yumşaq toxumalarının, alın sümüyünün sınıqları ilə müşahidə olunan hemotoma halında əzilməsi, sol əlin qançırı - Bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarrixdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərlər. Alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının və gözətrafı nahiyənin yumşaq toxumalarının, alın sümüyünün sınıqları ilə müşahidə olunan hemotoma halında əzilməsi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir, sol əlin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2021-ci il tarixli 965 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində aşkar olunmuş xəsarət – sağ said, hər iki bud nahiyələrinin qançırları – Bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətlərə aid olunmadığından dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2021-ci il tarixli 966 nömrəli rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ gözün üst qapağının qançırı, hər iki said, sol kürək, hər iki baldır nahiyələrinin sıyrıqları, sol təpə-ənsə nahiyəsinin səthi yarası – Bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətlərə aid olunmadığından dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli AA0415958 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Fatimə Həsənova Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayonu İcra Hakimiyyəti Başçısının Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Sərkar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Samux rayonu İcra Hakimiyyəti Başçısının Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 330 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Sərkar kəndində yaşayır və 1961-ci il təvəllüdlü anası Şahid6, 1996-cı il təvəllüdlü arvadı X2 və 2017-ci il təvəllüdlü qızı X1 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2423 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlrarası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid2 ilə digər Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman hər biri öz ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Mirzamın oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci müddəsində nəzərdə tutulmuş ciniyət əməlini törətdiyindən göstərilən maddə ilə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilməsi, Təqsirləndirilən şəxs Mirzamin oğlunun hərəkətlərində Azərbaycan Respublİkası CM-nİn 126.2.3, 126.2.4, 221-ci maddələrinin tərkibi olmadığından həmin maddələr üzrə barəsində cinayət işinin başlanması rədd edilməsi, Şahid1 Mirzamin qızının, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə barələrində cinayət işinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs almış olduğu ağır xəsarətin ibtidai istintaqa məlum olmayan dəmir parçası ilə yetirilməsi kimi qiymətləndirilməsi, Şahid3 əməlində heç bir cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilməsi və Şahid3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri mövcüd olduğundan barəsində tədbir görülməsi üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi, Zərərçəkmiş şəxs əməlində heç bir cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri mövcüd olduğundan barəsində tədbir görülməsi üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” və “qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli 1019 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, qeyd edilən xəsarətlərin sol əlin qançırının təqdim olunan ağac parçası ilə yetirilməsi istisna edilmir, alın nahiyyəsinin, sol gözün üzt və alt gpöz qapaqlarının və gözətrafı nahiyənin yumşaq toxumalarının alın sümüyünün sınıqları ilə müşahidə olunan hematoma halında əzilməsinin təqdim olunan ağac parçası ilə yetirilməsi inandırıcı deyil. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində sözügedən cinayət hadisəsinin onun tərəfindən törədilməməsinə, həmin dava zamanı heç kimi vurmamasına dair ifadəsində göstərdikləri xüsusatlar iş materiallarında olan danılmaz sübutlarla (ibtidai araşdırma materialları, ekspert rəyləri, maddi sübutlar, ifadələr və.s) tam təkzib olunur. Odur ki, məhkəmə sözügedən xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə Ağır Cinayətlər Məhkəməsində saxlanılan 01 ədəd ağac parcası məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 216 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə Ağır Cinayətlər Məhkəməsində saxlanılan 01 ədəd ağac parcası məhv edilsin. Maddi sübutün məhv edilməsi Gəncə şəhəri İcra İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar