Məhkəmə qərarları › İş №1(100)-286/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-286/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-286/2024 30.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X1 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Çaparlı kəndinin ərazisində yabanı halda bitmiş çətənə (kannabis) bitkisinin toxumlarını toplayıb 2023-cü ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən istilikxananın içərisində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə və onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 15 avqust 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 149 (bir yüz qırx doqquz) ədəd və həmin torpaq sahəsində yerləşən istilikxananın içərisindən 1 (bir) ədəd olmaqla, cəmi 150 (bir yüz əlli) ədəd, yəni külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında olan zaman qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 12 il həbs edilmişdir. Şəmkir rayonu, Çaparlı kəndindəki yaşadığı evin həyəti təxminən 0,30 hektar olmuşdur. Qabaqlar heç vaxtı narkotik vasitə əkməmişdir. Lakin, son iki ildə bir neçə dəfə yabanı halda bitən çətənə kollarının toxumlarını çöldənbayırdan toplayıb yaşadığı Şəmkir rayonu, Çaparlı kəndindəki evinin həyətinə səpərək əkmişdir. Ona görə də o, bu ilin may ayında öz istifadəsi üçün yaşadığı evin həyətində, yəni evin yan tərəfində bir yerdə 6 ədəd çətənə kolu əkmişdir. Həmin kollardan başqa yaşadığı evin həyətində müxtəlif yerlərdə yabanı şəkildə də çoxlu sayda çətənə kolları bitmişdir. Əkdiyi kolların ölçüləri müxtəlif olmuş və o, həmin kollara su verib qulluq etmişdir. Digər yabanı bitən kollar isə həyət sulanan zaman qidalanmışdır. O, yabanı halda bitən çətənə kollarını yonub kənara atmışdır. Buna baxmayaraq, yenə də onun yaşadığı evin həyətində yabanı halda çətənə kolları bitmişdir. Evinə baxış zamanı polislərə yabanı bitən kolları da göstərmiş, sonuncular isə narahat olmamasını və aşkar olunan bütün kolların ekspertizaya veriləcəyini demişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 5-10 il olar marixuanadan istifadə etmiş və elə olmuş ki, gün ərzində 10 dəfə marixuana çəkmişdir. Hətta keçən il öz şəxsi istifadəsi üçün bir neçə çətənə kolu da əkmişdir. Evə baxış zamanı aşkar olunan 150 ədəd kollun hamısı onun həyətindən yığılmış, lakin o, həmin kollardan cəmi 6 ədədini əkərək qulluq göstərmiş, qalan 144 ədədi isə yabanı halda bitmişdir. Həyətdə evin yan tərəfində əkdiyi 6 ədəd kollardan bir ədədini sallanmaması üçün kəndirlə bağlamışdır. Evinə baxış keçirilən zaman polis əməkdaşı Yasin ona hədə qorxu gələrək psixoloji təzyiq göstərib onun əkdiyi 6 ədəd koladan başqa digər yabanı halda bitən 144 ədəd çətənə kollarının özünə məxsus olmadığını bildirdiyi halda başına oyun açacağını, cibinə və evinə başqa növ narkotik vasitə qoyacağını demişdir. O da qorxaraq aşkar olunan 150 ədəd çətənə kollarının hamısının özünə məxsus olduğunu etiraf etmişdir. Həyətinə baxış zamanı hava qaranlıq olmuş və həmin vaxtı polislərdən kimsə onu vurmuş, lakin zərbə zəif olduğu üçün xəsarəti olmamışdır. İbtidai istintaq dövründə polislərin qanunsuzluqları ilə bağlı heç bir yerə şikayət etməmiş, həyətində yabanı halda bitən çətənə kolları ilə bağlı da heç bir orqana müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında aşkar edilmiş çətənə kollarının hamısının özünə məxsus olub-olmaması, həmin kolları əkib-əkməməsi və yetişdirib-yetişdirməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi ifadəsi elan edilməklə və həmin ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 15 avqust 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları gələrək onun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da ərizə ilə müraciət edərək etiraz etmədiyini göstərmişdir. Daha sonra onun yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə və həyətyanı sahədə olan istilikxanaya baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində və istilikxanada narkotik tərkibli çətənə kollarını əkib-becərdiyi yeri göstərmişdir. Həmin narkotik tərkibli çətənə kolları kökündən çıxarılaraq sayılmış və ümumi sayı 150 ədəd olmuşdur. Yaşadığı evin həyətyanı sahəsindən 149 ədəd və istilikxanadan 1 ədəd olmaqla ümumilikdə 150 ədəd çətənə kolları çıxarılaraq qablaşdırılmışdır. Baxış başa çatdıqdan sonra polis əməkdaşları onu saxlayıb Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə aparmışlar. Polis Bölməsində onun üzərinə dəvət edilmiş vəkil X3 iştirakı ilə şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilən əşya və ya narkotik vasitə aşkar edilməmişdir. O, yaşadığı evin həyətyanı sahəsində və istilikxanada əkdiyi çətənə kollarına dibini boşaltmaqla su vermiş, küləyin təsirindən qorumaq üçün də böyük kolların uc hissələrini iplə bağlamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həyətdəki istilikxanada olan 1 ədəd çətənə kolu da yabanı halda bitmişdir. Evə baxış zaman o, polis əməkdaşlarına 6 ədəd çətənə kolunun özünə məxsus olduğunu və aqrotexniki qaydada qulluq göstərdiyini bildirmiş, Yasin müəllim isə 150 ədəd kolun hamısını ekspertizaya göndərəcəyini və ekspertin baxıb rəy verəcəyini demişdir. Bununla belə, 150 ədəd çətənə kollarının hamısı yaşadığı evin həyətindən aşkar edilmişdir. Polis əməkdaşı Şahid2 ona qarşı hər hansı fiziki və psixoloji təzyiq göstərməmiş, sonuncu ifadəsində hər şeyi düz qeyd etmiş, digər polis əməkdaşı Şahid4 da ona fiziki zor tətbiq etməmişdir. Baxış zamanı o, polis əməkdaşlarına çətənə kollarını yolmaq əvəzinə nəyə görə dibindən çıxardıqlarını irad bildirəndə sonuncular onu tutub kənara aparmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında dəqiq yadında qalmayan gündə daxil olmuş əməliyyat məlumat əsasında Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirmiş və əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Baxış zamanı yaşadığı evin həyətindən çətənə kolları aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsi təxminən 15-20 sot olmuş, çətənə kolları həyətin hər yerində, kollardan biri də dibçəkdə əkilmişdir. Onlardan bəziləri çox hündür olduğu üçün Təqsirləndirilən şəxs kolları iplə bağlanmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları bütün həyət boyunca əkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs marixuanadan istifadə etdiyini, bir dəfə də məhkum olunduğunu, gündəlik 3-5 dəfə, hətta dəfələrlə marixuana çəkdiyini, çəkmədiyi halda bədənində ağrılar olduğunu bildirmişdir. Baxışda aqronom da iştirak etmiş və sonuncu bütün kollara baxış keçirərək aqrotexniki qaydada qulluq olunduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq və psixoloji təsir göstərməsi ilə bağlı ifadəsində qeyd etdikləri yalan olmuş, o, heç kimi vurmamış və psixoloji təsir də göstərməmişdir. Hətta baxış zamanı onlar çətənə kollarını dibindən çıxardarkən Təqsirləndirilən şəxs dibindən çıxartmaqla çətənə kollarını məhv etdiklərini irad bildirib kolları qopararaq çıxartmağı məsləhət görmüşdür. Çünki Təqsirləndirilən şəxs əziyyət çəkib yetişdirdiyi üçün kollara görə canı yanmışdır. Təqsirləndirilən şəxs qarşı nə o, nə də ki digər polis əməkdaşı tərəfindən fiziki və psixoloji zorakılıq göstərilməmiş, baxış zamanı sonuncunun ailə üzvləri də kənardan durub baxmışlar. O, İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid4, RPŞ-nin PB-nin sahə rəisi Şahid2 və sahə polis nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, uzun müddət aqronom işləmişdir. 2023-cü ilin avqust ayda polis əməkdaşlarının dəvəti ilə Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilmiş baxışda aqronom kimi iştirak etmişdir. Baxış zamanı çətənə kolları aşkar edilmiş, o da aqronom kimi baxıb kollara qulluq olunduğunu bildirərək bu barədə rəy tərtib etmişdir. Hadisədən uzun müddət keçdiyindən bəzi detallar yadından çıxmışdır. İfadəsinin davamı olaraq Vaqif Dumanov bildirmişdir ki, əgər Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunmuş çətənə kollarına qulluq göstərilməmiş olsa idi, həmin kollar o hündürlükdə inkişaf etməzdi. Çünki yabanı halda bitən kollar cılız olmuş, lakin Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş kollar yam-yaşıl və hündür olmuşdur. Bu əlamətlər də bir daha həmin kollara aqrotexniki qaydada qulluq olunduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində də yabanı halda çətənə kollarının bitməsi inandırıcı olmamış, çəkilişdən də göründüyü kimi sonuncunun həyəti qapalı məkan olduğu və tez-tez sulandığı üçün kollara aqrotexniki qaydada qulluq olunmuşdur. Bu səbəbdən də həmin yerdə yabanı çətənə kollarının bitməsi mümkün deyildir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/817 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində “Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları” sözləri yazılar və imzalar olan 5 (beş) ədəd sintetik kisə bağlamalarda, ümumi sayı 150 (yüz əlli) ədəd, ümumi təmiz çəkisi 41800 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə bitkilərinin ümumi çəkiləri 150 ədəd - 41800 qr., tədqiqata sərf edildi - 3 qr., qalıq - 41797 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş aqronom X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirdiyi 150 (bir yüz əlli) ədəd kollara aqrotexniki qaydada qulluq olunması və kolların narkotik tərkibli çətənə bitkisi olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1935 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 661 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ruhi xəstəlikdən əziyyət çəkmir, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir, onun əməlləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə həmin tarixdə saat 20:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çaparlı kəndindəki evin həyətyanı sahəsinə keçirilmiş, baxış zamanı evinin həyətyanı sahəsindən 149 ədəd, həmin həyətyanı sahədə olan istilikxanadan 1 ədəd olmaqla, ümumilikdə 150 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları aşkar edilərək götürülmüşdür. Kolların hündürlüyü 50 santimetrdən 330 santimetrədəkdir. Baxışda iştirak edən aqronom X8 150 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinə baxış keçirib həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin CAÜ baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin CAÜ baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30-da Şəmkir rayonu, Çaparlı kəndi ərazisində fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq həmin gün saat 22:30-da Şəmkir RPŞ-nin Kür PB-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin CAÜ baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Kür PB-ya ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Şəmkir rayonu Çaparlı kəndində yaşadığı fərdi yaşayış evinə və həyətyani sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir RPŞ-nin Kür polis bölməsinin CAÜ baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarın Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çaparlı kəndində qeydiyyatda olduğu və yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə Şəmkir rayonu, Çaparlı kəndində yerləşən evində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirin keçirilməsi barədə Şəmkir RPŞ-nin Kür polis bölməsinin CAÜ baş əməliyyat müvəkkili Şahid1 15 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çaparlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş çətənə kollarının toxumlarını Çaparlı kəndi ərazisindən yabanı halda bitmiş kollardan əldə etməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin çətənə kollarından hər hansı bir şəxsə satıb-satmaması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tümen Vilayətinin Nijne-Vartovsk şəhəri Xanti-Mansisk rayon məhkəməsinin xx.xx.2006-cıı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 105-ci maddəsinin 2 hissəsinin A, J, Z, K bəndələri (qəsdən adam öldürmə), 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi (quldurluq), 158-ci maddəsinin 2-ci hissəsinin A, V bəndələri, 158-ci maddəsinin 2 hissəsinin A bəndi, 69-cu maddəsinin 3-cü hissəsi (oğurluq) ilə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Çaparlı kənd İƏDÜN-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çaparlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 640486 və AZ-İV 640482 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Ağamir Hüseynov və xx.xx.2021-ci il təvəllüdlü Yağmur Hüseynova adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və istilikxanadan aşkar edilmiş 150 (bir yüz əlli) ədəd çətənə kollarının maddi sübut kimi tanınması və saxlanılması üçün Şəmkir RPŞ-ya məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair videoçəkilişləri əks etdirən 2 (iki) ədəd DVD disklərin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin MSY-ya gətirilən zaman tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətin (Rusiya Federasiyasının) məhkəmələrinin hökmünün tanınmasına dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdimat verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının Tümen Vilayətinin Nijne-Vartovsk şəhərinin Xantı-Mansisk rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilsə də, ifadəsində Şəmkir rayonu, Çaparlı kəndində yaşadığı evin həyətyanı sahəsində 150 ədəd çətənə kollarının aşkar edilməsinə baxmayaraq, həmin kollardan cəmi 6 ədədini özünün əkdiyini və onlara aqrotexniki qaydada qulluq etdiyini, qalan 144 ədəd kolların isə yabanı halda bitdiyini, baxış zamanı Şəmkir RPŞ-nin Kür PB-nin baş əməliyyat müvəkkili Şahid1 ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, hədə qorxu gəldiyini və bu səbəbə görə də, məcbur olub qorxaraq aşkar edilmiş 150 ədəd çətənə kolların hamısını əkdiyini və kollara onun tərəfindən aqrotexniki qaydada qulluq olunduğunu etiraf etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, o cümlədən baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi ifadəsində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsində baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 150 ədəd çətənə kollarının aşkar edildiyini, həmin kollardan 149 ədədi yaşadığı evin həyətyanı sahəsindən, 1 ədədi isə istilikxanadan aşkar edildiyini, aşkar edilmiş 150 ədəd çətənə kollarını 2023-cü ilin may ayında şəxsi istifadəsi üçün özünün əkdiyini, həmin kollara su verməklə və dibini boşaltmaqla aqrotexniki qaydada qulluq göstərdiyini, küləyin təsirindən qorumaq üçün də böyük kolların uc hissələrini iplə bağladığını etiraf etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı ümumilikdə 150 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları aşkar edilmiş, həyətyanı sahədə olan zoğal ağacının budaqlarının alt hissəsindən və həmin ağacın ətrafından 6 ədəd deyil, daha çox sayda çətənə kolları çıxarılmış, bir neçə ədəd kollun uc hissəsi küləyin təsirindən qorumaq üçün kəndirlə bağlanmış, kollardan iki ədədi ayrı-ayrı dibçəklərdə basdırılmış, kollardan ən balacasının hündürlüyü 50 sm, ən böyüyünün hündürlüyü isə 330 sm olmuş, baxışda iştirak edən aqronom X8 da kollara baxış keçirərək aqrotexniki qaydada qulluq olunduğunu təsdiq etmiş, daha sonra isə aşkar edilmiş 150 ədəd çətənə kolları müvafiq qaydada qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Eyni zamanda sözügedən videoçəkilişdən o da görünür ki, çəkiliş aparılan zaman ətrafdan qadın və uşaq səsləri gəlir, çəkilişin sonunda da təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs istintaq hərəkətinin keçirilməsinə dair hər hansı bir əlavə və etirazının olmadığını bildirir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olan narkotik vasitə və ya psixotrop maddə aşkar olunmur. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı psixi zorakılıq hallarına yol verildiyi də görünmür. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs istintaq hərəkətinin 3-cü dəqiqəsində müdafiəçisinin sualına qəti olaraq cavab verib yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 150 ədəd çətənə kollarını 2023-cü ilin may ayının ortalarında əkdiyini, 15-20 ildir marixuana çəkdiyini, xəstə olduğu üçün narkotik vasitədən istifadə etdiyini, müalicənin xeyri olmadığını, çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixoloji zorakılıq hallarına yol verilmədiyini, əməlindən də peşman olduğunu göstərmişdir. Habelə iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilmə protokoluna əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq 2023-cü ilin may ayında şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində 150 ədəd çətənə kollarını əkdiyini, narkotik vasitənin toxumlarını çöldə yabanı halda bitən kollardan yığdığını, narkotik vasitələrdən tez-tez istifadə etdiyini bildirib əməlindən peşman olduğunu göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına da eyni cavablar verib əməlindən peşman olduğunu bir daha etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasından və Şəmkir RPŞ-dən daxil olmuş məktublarda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən özünü təqsirli hesab etdiyini, 5-6 kol əkdiyini, qalan kolların isə əkdiyi kolların toxumlarından yetişdiyini, kollara qulluq etdiyini və su verdiyini, əməlindən də peşman olduğunu bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək yaşadığı evin həyətyanı sahəsində 150 ədəd çətənə kollarının aşkar edilməsinə baxmayaraq, həmin kollardan cəmi 6 ədədini özünün əkdiyini və onlara aqrotexniki qaydada qulluq etdiyini, qalan 144 ədəd kolların isə yabanı halda bitdiyini, baxış zamanı Şəmkir RPŞ-nin Kür PB-nin baş əməliyyat müvəkkili Şahid1 ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiyini, hədə qorxu gəldiyini və bu səbəbə görə də, məcbur olub qorxaraq aşkar edilmiş 150 ədəd çətənə kolların hamısını əkdiyini və kollara onun tərəfindən aqrotexniki qaydada qulluq olunduğunu etiraf etdiyini göstərsə də, iş materiallarında, o cümlədən baxış keçirilməsi və şəxsi axtarış aparılması istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa məruz qalması xüsusatları öz təsdiqini tapmamış, əksinə sözügedən istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə qəti olaraq ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 150 ədəd çətənə kollarını da şəxsi istifadəsi üçün əkdiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi ifadəsini, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən baxış keçirilməsi və şəxsi axtarış aparılması haqqında protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 5.2-ci maddəsində göstərilmişdir ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, gübrə vermə və sair) ehtiva edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/817 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kollarının sayı 150 ədəd olmaqla külli miqdar təşkil edirlər. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Tümen Vilayətinin Nijne-Vartovsk şəhəri Xanti-Mansisk rayon məhkəməsinin xx.xx.2006-cıı il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 105-ci maddəsinin 2 hissəsinin A, J, Z, K bəndələri (qəsdən adam öldürmə), 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi (quldurluq), 158-ci maddəsinin 2-ci hissəsinin A, V bəndələri, 158-ci maddəsinin 2 hissəsinin A bəndi, 69-cu maddəsinin 3-cü hissəsi (oğurluq) ilə təqsirli bilinərək 22 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-1-cü maddəsində göstərilmişdir ki, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Bununla belə, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətin (Rusiya Federasiyasının) məhkəmələrinin hökmünün tanınmasına dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdimat verilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Rusiya Federasiyasının Tümen Vilayətinin Nijne-Vartovsk şəhəri Xanti-Mansisk rayon məhkəməsinin xx.xx.2006-cıı il tarixli hökmü Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanınmadığı üçün Təqsirləndirilən şəxs məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 15 avqust 2023-cü il tarixdən hazırkı iş üzrə barəsində hökm çıxarılana kimi, yəni 30 yanvar 2024-cü il tarixədək fasiləsiz və davamlı olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-ya məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və istilikxanadan aşkar edilmiş 150 (bir yüz əlli) ədəd çətənə kolları məhv edilməli, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair videoçəkilişləri əks etdirən 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1935 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 138 (bir yüz otuz səkkiz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-ya məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən və istilikxanadan aşkar edilmiş 150 (bir yüz əlli) ədəd çətənə kolları məhv edilsin. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və onun təqsirləndirilən şəxs qismində dindirilməsinə dair videoçəkilişləri əks etdirən 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar