Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-288/2021 09.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 04.04.1986-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07.02.2021-ci il tarixdə saat 14 radələrində, Tovuz şəhəri H.Əliyev prospektində yerləşən Şahid2 məxsus divan-kreslo təmiri emalatxanasında tanışı əvvəllər də dəfələrlə qarşılıqlı zarafat etdiyi, keçmiş polis əməkdaşı Zərərçəkmiş şəxs ilə “yenə də iş verirsənmi” deyərək zarafat etmiş, həmin vaxt onun zarafatı Zərərçəkmiş şəxs xoş gəlmədiyi üçün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı emalatxanadan götürdüyü dərzi qayçısını təxminən 6-8 metr aralıda, emalatxananın qapısının qarşısında dayanmış Zərərçəkmiş şəxs istiqamətlədirib qəsdən ataraq sonuncuya sağ bud nahiyyəsinin sağ bud arteriyası və sağ budun xüsusi arteriyasının zədələnməsi nəticəsində kəskin qanitirmə ilə müşayiət olunan açıq yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır. Elşad onun uşaqlıq dostudur. Onların arasında normal dostluq münasibətləri olmuşdur. 07 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı qonşusu Şahid2 məxsus onun evinin həyətində yerləşən və Tovuz şəhəri H.Əliyev prospektinə açılan divan kreslo təmiri emalatxanasına getmişdir. O emalatxanaya Şahid2 ondan istədiyi evdə artıq olan taxtaları aparmışdır. Ondan və Zaurdan başqa Qurban da emelatxanada olmuşdur. Bir qədər sonra qonşusu Zərərçəkmiş şəxs də emalatxaya gəlmişdir. O stulda əyləşərkən Elşad da gəlib yanındakı stulda əyləşmişdir. Onlar emalatxanada zarafat etməyə başlamışlar. Onlar uşaqlıqdan dost olmuş, bir biri ilə etikadan kənar zarafatlar etmişlər. Elşada “məni yandırmaqmı istəyirsən”, yəni tutdurmaqmı istəyirsən demişdir. Bu sözü Elşada xoş gəlməmiş, ona əl atıb sillə ilə sifətindən vurmuşdur. Bu zaman hər ikisi ayağa qalxmış, Elşad onun sinəsindən itələmiş, o da Elşadın sinəsindən itələmişdir. Elşadla çəkişərkən Qurban və Zaur onları aralamış, Zaur onu, Qurban Elşadı saxlamışdır. Elşadla sözlü mübahisə edərkən o, əsəbləşib emalatxanadan götürdüyü Zaura məxsus dərzi qayçısını təxminən 6-7 metr aralı məsafədən Elşada tərəf atmış, nəticədə qayçı ayağından dəyib Elşada xəsarət yetirmişdir. Elşadın xəsarət aldığını görməmiş, ancaq qayçının Elşada dəyməsini görmüş, xəsarət alması nəticəsində budundan qan axmasını görmüşdür. Qurban və Zaur Elşada ilkin yardım göstərmişlər. Bundan sonra oradan uzaqlaşıb getmiş, o, Elşadı qayçı ilə vurduğunu sonradan bilmişdir. Çünki əsəbi halda divanın üzərindən qayçını götürüb ona atmış, ancaq əvvəlcə də Elşadı taxta ilə vurduğunu zənn etmiş, etdiyi əməldən səmimi peşman olmuşdur. O, Elşadı qəsdlə vurmamış, atdığı qayçını ehtiyatsızlıqdan atmış və o, ehtiyatsızlıqdan Elşada ağır xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uzun illərdir, yəni uşaq vaxtlarından etibarən tanıyır. 07.02.2021-ci il tarixdə, saat 14 radələrində Tovuz şəhəri H.Əliyev prospektində yerləşən Şahid2 məxsus divan-kreslo təmiri emalatxanasına Zaurun xahişi ilə, ona kömək etmək üçün getmişdir. O, emalatxanada olarkən qonşuluqda yaşayan Qurban oraya gəlmiş, daha sonra isə İlyas da onların yanına gəlib əyləşmişdir. Onlar emalatxananın içərisində söhbət edib, deyib-gülmüşlər. O və İlyas bir-birinə zarafat etmiş, zarafat əsnasında İlyas ona zarafatla sən işləyəndə “neçə nəfəri yandırmısan”, “yenə də iş verirsənmi” demişdir. İlyas bu sözü ilə onun əvvəllər polis orqanlarında işləməsini nəzərdə tutmuş, İlyasın bu zarafatı onun xoşuma gəlmədiyi üçün o, İlyasa iradını bildirmiş, lakin İlyas yenə də onunla eyni zarafatı etdiyi üçün əsəbləşmiş, bu zaman İlyasla onun arasında mübahisə yaranmış və onların mübahisəsini görən Zaur və Qurban onları aralamışlar. Qurban onu, Zaur isə İlyası saxlamışdır. O, əsəbləşərək İlyası özündən aralamaq məqsədilə onun boyun nahiyyəsindən tutaraq itələmiş, Qurban isə onu qolundan tutub bayıra çıxmağını bildirmişdir. O, Qurbanla birgə emalatxananın qarşısına çıxmış, yəni yol kənarında dayanmış, elə bu vaxtı Zaurun “dəydi, kənara qaç" deməsini eşitmiş, çevrilib Zaura tərəf baxmış, bu vaxtı İlyasın 6-7 metr məsafədən ona istiqamətləndirib atdığı dərzi qayçısı sağ ayağının bud hissəsinə dəymişdir. Nəticədə onun budundan qan axmağa başlamış, çoxlu qan itirmişdir. Qurban və Zaur isə ona ilkin tibbi yardım göstərmiş, daha sonra isə onu Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. İlyas onu vurandan sonra o, yerə yıxılmış, İlyas isə onun ayağından qan axmasını gördükdə oradan uzaqlaşıb getmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, divankreslo təmiri ustası işləyir. Onun yaşadığı evin arxasında yəni üzü Tovuz şəhəri H.Əliyev prospektinə olan emalatxanası vardır. Zərərçəkmiş şəxs Bəhrəm oğlu onun bibisi oğlu, Təqsirləndirilən şəxs isə qonşusudur. 07 fevral 2021-ci il tarixdə saat 14:30 radələrində özünə məxsus divan-kreslo təmir olunan emalatxanada olmuş, o, iki gündür ki, işinin çox olmasına görə Elşaddan gəlib ona kömək etməsini xahiş etmiş, Elşad da gəlib ona kömək etmişdir. Onlar həmin gün emalatxanada işləyərkən qonşuları Şahid1 da gəlmişdir. Qurban və digər yaxınlıqda yaşayan qonşuları və tanışları asudə vaxtlarını keçirmək üçün onun yanına gəlmişlər. Qurban da öz divanını təmir etmək üçün emalatxanaya gətirmişdir. Bir qədər sonra təxminən saat 14 radələrində qonşusu Təqsirləndirilən şəxs da emalatxanaya gəlmişdir. İlyas Elşadı və Qurbanı da uşaqlıqdan tanımış, onların da aralarında normal tanışlıq münasibətləri olmuşdur. İlyas gələndən sonra onlar hamısı söhbət etmiş, zarafatlaşmış, deyib-gülmüşlər. Həmçinin Elşad ilə İlyas da zarafatlaşmışlar. Onlar zarafatlaşan zaman İlyas Elşada “sən şöbənin köhnə işçisi olubsan, yenə iş verirsənmi” demişdir. İlyas bu sözü ilə Elşadı polisə agent işləməyi nəzərdə tutmuşdur. İlyasın bu sözü Elşadın xoşuna gəlmədiyi üçün Elşad ona irad bildirmiş, İlyas da Elşada “dünən də o biri gün də zarafat etmişik” demişdir. Bu zaman Elşadla İlyas arasında mübahisə yaranmış, hər ikisi ayağa qalxıb bir birinin sinəsindən tutub çəkişmişlər. O, İlyası, Qurban isə Elşadı aralamış, daha sonra onları saxlamışlar. Qurban Elşadı sakitləşdirib emalatxananın qarşısına çıxarmış, o da İlyası sakitləşdirib emalatxanadakı stulda əyləşdirmişdir. Elşad emalatxananın qarşısında siqaret yandırıb dayanmış, Qurban da onun yanında durmuşdur. Bu vaxt İlyas götürüb, təxminən 6-7 metr aralı məsafədən Elşada doğru atmış, qayçı Elşadın sağ ayağının bud hissəsinə dəyib xəsarət yetirmişdir. Nəticədə Elşadın ayağından qan axmağa başlamış, kəskin qan itirmişdir. O, Elşada tibbi yardım göstərib, ayağından axan qanı qismən kəsmiş, sonra da təcili yardım avtomobili çağırıb Elşadı xəstəxanaya aparmışdır. İlyas isə Elşadın xəsarət alıb budundan qan axdığını görüb oradan uzaqlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 07 fevral 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Tovuz şəhəri H.Əliyev prospektində yerləşən divan-kreslo təmiri emalatxanasında baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X8-Təcrübi və Tədris birliyinin 09 fevral 2021-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ bud nahiyəsinin sağ bud arteriyası və sağ budun xüsusi arteriyasının zədələnməsi nəticəsində kəskin qanitirmə ilə müşayiət olunan açıq yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 07.02.2021-cu il tarixdə əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, kənardan atılmış qayçının zərblə sağ qasıq nahiyəsinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarət ekspertizaya təqdim edilmiş qayçı vasitəsi ilə əmələ gələ bilməsi daha inandırıcıdır, lakin ağac parçası ilə yetirilə bilməsi inandırıcı deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 03 may 2021-ci il tarixli, 16/352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 20 aprel 2021-ci il tarixli, 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Tovuz RMX PHŞ tərəfindən verilmiş 03.04.2021-ci il tarixli 335 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosinal davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə olunması, xırda qıcığa nevrotik tipli reaksiyalarla cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya hərəkətlərini idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçüb- biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Tovuz RMX PHŞ tərəfindən verilmiş 03.04.2021-ci il tarixli 335 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosinal davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə olunması, xırda qıcığa nevrotik tipli reaksiyalara cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas verir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X13 05 aprel 2021-ci il tarixli, 335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 30 mart 2021-ci il tarixli “Şübhəli şəxsi tutma” protokoldan və Tovuz Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli, 1912 nömrəli arayışdan və 1913 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X5 və qardaşı X6 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 31.03.2021-ci il tarixli tələbnamədən, Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2006-ci il tarixli və 25 aprel 2008-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 05 dekabr 2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 iyun 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli Amnistiya qərarı ilə cəzadan azad edilmiş, Tovuz Rayon Məhkəməsinin 25 aprel 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur və onunla barışmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutu, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ehtiyatsızlıqdan ağır zərər vurmasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir və həmin ifadələri Təqsirləndirilən şəxs daha ağır məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 30 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar – cinayətin predmeti olmaqla Tovuz RPŞ-də saxlanılan 1 ədəd qayçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – cinayətin predmeti olmaqla Tovuz RPŞ-də saxlanılan 1 ədəd qayçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 53 (əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-288/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-288/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver