Məhkəmə qərarları › İş №1(100)-290/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-290/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-290/2021 23.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Kəpəz rayon bələdiyyəsində komissiya sədri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 26270 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində və bibisioğlu Şahid8 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə saxlamış, 2021-ci il tarixdə yanvar ayının əvvələrində istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Gəncə şəhəri ərazisində 1 qramını 7 manatdan hesablamaqla 100 qram narkotik vasitə qurudulmuş marixuananı 700 manat pul müqabilində tanışı X2, 20 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin Cinayət-axtarış idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində saxlanılaraq həmin gün saat 18 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin zirzəmisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 7 ədəd karton qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 3850 qram, 2755 qram, 2550 qram, 2100 qram, 2350 qram, 1450 qram, 3100 qram ümumi təmiz çəkisi 18155 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 700 qram narkotik vasitə qurudulmuş marixuana, evin əl damından 1 ədəd karton qutuda təmiz çəkisi 3000 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra həmin gün saat 20 radələrində bibisioğlu Şahid8 yaşadığı ünvan 5 ünvanında yerləşən evə baxış keçirilərkən evin zirzəmisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 2 ədəd karton qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2650 qram, 1700 qram ümumi təmiz çəkisi 4350 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ibtidai istintaq zamanı ifadəsi elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, V.Xuluflu küçəsi, ev 47 və Puşkin küçəsi ev 6 ünvanlarında yaşayır. Onun Puşkin küçəsində qeyri-rəsmi ailəsi vardır. O, təxminən iki il əvvəl Gürcüstan Respublikasından çətənə bitkisinin toxumlarını alıb gətirmiş, həmin toxumları yaşadığı evin zirzəmisində saxlamış və bundan heç kimin xəbəri olmamışdır. Maddi vəziyyəti çətin olduğundan və külli miqdarda borcu olduğuna görə çətənə bitkisinin toxumlarını əkib narkotik vasitə olan marixuana hazırlayaraq satıb pul qazanmaqla borclarını ödəmək qərarına gəlmişdir. Bu məqsədlə 2020-ci ilin mart ayının sonlarında atası X9 məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən həyətyanı boş torpaq sahəsində çətənə bitkisinin toxumlarını əkmiş, mütəmadi olaraq həmin əraziyə gedərək qulluq etmiş və suvarmışdır. Təxminən 2020-ci ilin oktyabr ayının əvvəllərində narkotik tərkibli çətənə bitkisini yetişdirdiyi üçün yığmış və həmin torpaq sahəsində qurutmuşdur. Təxminən 1 həftə qurutduqdan sonra qurudulmuş marixuananı 10 ədəd kardon qutuya və bir ədəd qara rəngli sellofan torbaya yığaraq saxlamaq üçün öz avtomobili ilə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. O, 10 ədəd kardon qutuda və bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin zirzəmisinə qoymuş, bir müddət sonra bir qutuda olan narkotik vasitəni təmizləmək üçün evin əl damına qoymuşdur. O, satmağa adam tapmadığından narkotik vasitəni sata bilməmişdir. Qeyri-rəsmi arvadı Şahid7 ondan bitkilərin nə olmasını soruşan zaman dərman tərkibli bitkilər olmasını demişdir. Təxminən 10 gün əvvəl şəxsi işləri ilə əlaqədar həmin narkotik vasitələrin olduğu qutuları Samux rayonunda yerləşən atasına məxsus yarımtikilidə saxlamaq qərarına gəldiyindən iki ədəd qutunu avtomobilə yükləmişdir. Lakin karantin postları səbəbindən yaxalanacağından qorxduğu üçün iki ədəd qutunu bibisi oğlu Şahid8 yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən bina evinin zirzəmisinə qoymaq qərarına gəlmişdir. Onunla əlaqə saxlamış və iki qutu avtomobil ehtiyat hissələri olduğunu, avtomobilində yer olmadığı üçün həmin qutuları yaşadığı evin zirzəmisinə qoymaq istədiyini demişdir. Bibisi oğlu etiraz etmədiyi üçün arvadından açarı alaraq həmin narkotik vasitənin olduğu qutuları zirzəmidə gizlətmiş və qarşısını taxta ilə örtmüşdür. Bundan sonra təxminən bir həftə əvvəl tanışı X5 narkotik vasitə istifadə etdiyini bildiyi üçün hazırladığı narkotik vasitənin keyfiyyətinin yoxlanılmasına görə Etibarla əlaqə saxlamışdır. Etibara bir nəfər şəxsin əlində marixuana olduğunu və keyfiyyətini yoxlamaq üçün ona vermək istədiyini demişdir. Etibarla Gəncə şəhəri ərazisində görüşmüş, Etibara yaşadığı evin zirzəmisindən götürdüyü narkotik vasitədən bir sellofan paket vermişdir. Bundan sonra Etibarla əlaqəsi olmamışdır. 20.01.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən maşın bazarının yanında olan zaman bir neçə nəfər mülki geyimli polis əməkdaşı onu saxlayaraq Gəncə şəhəri, Baş Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. Polis İdarəsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamaqda şübhəli olduğunu bildirmişlər. O, müdafiəçi ilə təmin edildikdən sonra üzərinə baxış keçirilmiş, üzərində 4900 manat pul aşkar edilmişdir. Puldan başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. O, yaşadığı Puşkin küçəsi, ev 6 ünvanında və bibisi oğlunun yaşadığı Ü.Hacıbəyov 142/21 ünvanında yerləşən evlərdə narkotik vasitə saxlamağını bildirdiyi üçün həmin ünvanlara baxış keçirməyə getmişlər. Yaşadığı evə baxış keçirilən zaman zirzəmidə 7 ədəd qutuda və bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana, evin əl damından bir ədəd kardon qutuda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra bibisi oğlunun yaşadığı evə baxış keçirilən zaman zirzəmidən gizlətdiyi iki ədəd kardon qutuda narkotik vasitəni qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, evindən və qohumu Şahid8 evindən aşkar edilmiş narkotik vasitə marixuananı satış məqsədilə saxlamış, Etibara narkotik vasitə marixuananı pul müqabilində satmamış, əvəzsiz olaraq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı vəzifəsində xidmət edir. X5 qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, Gəncə şəhər BPİ-nin CAİnin əməliyyat müvəkkili Şahid1 və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021-ci il tarixdə saat 15:00 radələrində X4 şəhəri Poçt qəsəbəsi, “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasında şübhəli şəxs qismində dindirilmiş E.Yaqubov üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı təxminən 7-8 gün əvvəl qonşusu Təqsirləndirilən şəxs 100 qramını 700 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadələri elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektorları Şahid2 və BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verərək ifadələrini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, CAİnin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satması, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Gəncə şəhər BPİ-nin CAİ-nın rəisi Şahid4 iştirakı ilə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən maşın bazarının yanında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Baş Polis İdarəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş Polis idarəsinə gəlmiş, orada olan zaman Təqsirləndirilən şəxs narkotik vasitə satmasında, narkotik vasitəni üzərində və yaşadığı evdə saxlamasında şübhəli olması ilə bağlı polis idarəsinə gətirildiyi izah edilmiş, bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən 4900 manat pul aşkar edilmiş, puldan başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, evə baxış zamanı zirzəmidə 7 ədəd qutuda və bir ədəd sellofan torbada narkotik vasitə qutrudulmuş marixuanaya bənzər kütlələr, evin əl damından bir ədəd kardon qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs daha sonra ona ünvanlanmış suallara cavab olaraq bibisi oğlunun yaşadığı evdə də ona məxsus narkotik vasitə marixuana saxladığı bildirmiş, bundan sonra bibisi oğlunun yaşadığı evə baxış keçirilən zaman bibisi oğlu Şahid8 yaşadığı Ü.Hacıbəyov küçəsi 142/21 saylı binanın zirzəmisində gizlətdiyi iki ədəd kardon qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən evlərdən aşkar edilən narkotik vasitələr olan marixuananı Samux rayonu, İnstitut qəsəbəsində yerləşən atasına məxsus yarımtikili evdə əkib becərdiyini və həmin evin həyətində qurutduğunu bildirdiyi üçün həmin yarımtikili evə baxış keçirilmiş, baxış zamanı həmin evin həyətindən 1 ədəd marixuana kolu və əlavə olaraq 3 ədəd marixuana kolunun kökü aşkar edilərək götürüldü və müvafiq qaydada qablaşdırıldı. Məhkəmə iclasında ifadələri elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr verərək ifadələrini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, yuxarıda göstərilən ünvanda azyaşlı oğlu və qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Eldəniz Kəpəz rayon bələdiyyəsində işləyir. Eldənizlə 5 ildir ki, münasibəti vardır. Puşkin küçəsi ev 6 ünvanında yerləşən ev ona məxsusdur və Eldənizlə birlikdə həmin evdə 2016-cı ildən bəri yaşayırlar. 2020-ci ilin oktyabr ayında Eldəniz yaşadıqları evə təxminən 8-9 ədəd kardon qutu gətirmiş, həmin qutular ağzı bağlı vəziyyətdə olmuş, Eldəniz həmin qutuları yaşadıqları evin zirzəmisinə qoymuş, o, Eldənizdən həmin qutuların içərisində nə olmasını soruşanda Eldəniz ona qutuların içərisində başqa şəxsin evinə məxsus əşyalar olmasını, həmin şəxsin evi təmirdə olduğu üçün əşyalarını müvəqqəti saxlamaq üçün ona verməsini bildirmişdir. Onun belində xəstəlik olduğu üçün zirzəmiyə çox vaxt düşə bilməmiş və buna görə də qutulardakının nə olmasını dəqiq bilməmişdir. 20.01.2020-ci il tarixdə saat 18 radələrində Eldəniz bir qrup polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə yaşadıqları evə gətirilmiş, polis əməkdaşları Eldənizin yaşadıqları evdə narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib yaşadıqları evə baxış keçirmiş, baxış zamanı müxtəlif qutularda bitkilər aşkar edilər götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Eldəniz tutulmamışdan təxminən 10 gün əvvəl o, işdə olan zaman ona zəng edərək iki qutu avtomobil ehtiyat hissələri olmasını və onun yaşadığı evin zirzəmisinə qoymaq istəməsini demiş, Eldəniz Samux rayonuna yük götürməyə getdiyini, avtomobilində yer olmayacağı üçün qutuları zirzəmiyə qoymaq istəməsini bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt Eldəniz arvadından açarı alaraq zirzəmiyə qutuları qoymuşdur. Həmin vaxtdan sonra o, zirzəmiyə girməmiş və Eldənizin zirzəmidə qutuları haraya qoymasını bilməmişdir. 20.01.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman Eldəniz polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı evə gəlmiş, polis əməkdaşları Eldənizin onun yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olmasını bildirmiş və yaşadığı evə baxış keçirəcəklərini demişlər. O, ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra Eldənizin göstərməsi ilə onun yaşadığı evin zirzəmisinə baxış keçirilmiş, baxış zamanı taxtaların arxa hissəsinə qoyulmuş iki ədəd kardon qutu aşkar edilmiş, həmin qutuların içərisinə baxan zaman qurudulmuş bitkilərin olmasını görmüş, ona həmin zaman qutuların içərisində narkotik tərkibli bitkilər olması məlum olmuş, bundan sonra Eldəniz də qutuların içərisində narkotik vasitə olmasını və həmin 2 ədəd qutunu onun yaşadığı evə qoymasını bildirmişdir. Aşkar edilmiş içərisində narkotik tərkibli qurudulmuş bitkilər olan 2 ədəd qutu polis əməkdaşları tərəfindən qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və Eldəniz ailəsi ilə birlikdə onunla bir evdə yaşayır. Eldəniz əvvəllər heç bir cinayət hadisəsi törətməmiş və heç bir kənar qeyri-qanuni hərəkətləri olmamışdır. O, təxminən 7-8 il bundan əvvəl Samux rayonu, İnstitut qəsəbəsi adlanan ərazidə 8 sot torpaq sahəsini içində olan yarımtikili ilə birlikdə almış, həmin evdə müəyyən vaxtlarda tərəvəz bitkiləri əkmiş, əkin-biçin olmadığı vaxtlarda isə torpaq sahəsi boş qalmışdır. O, özü vaxt tapdıqca həmin torpaq sahəsinə əvvəllər bir neçə dəfə nəzarət etmək üçün getmişdir. Lakin sonralar səhhətində olan nasazlıqla bağlı həmin torpaq sahəsinə getməyi mümkün olmamış, oğlu Eldəniz həmin torpaq sahəsinə nəzarət etmişdir. 2021-ci ilin yanvar ayının 20-si tarixində o, oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığına görə polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmiş, həmin vaxt istintaq orqanlarında araşdırma aparılan zaman Eldənizin həmin qurudulmuş marixuananı ona məxsus olan Samux rayonu, İnstitut qəsəbəsində yerləşən torpaq sahəsində əkərək qurutduğunu öyrənmişdir. Onun Eldənizin orada narkotik vasitə olan marixuana əkib-əkmədiyi, narkotik vasitə olan qurudulmuş marixuananı Şahid7 və bacısının oğlu Şahid8 məxsus evdə gizlətməsi barədə əvvəllər heç bir məlumatım olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Allahverdi qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Eldəniz onun qardaşı qızı Şahid7 həyat yoldaşıdır. O, vergi orqanlarında işləmiş və təqaüdə çıxmışdır. 19.01.2021-ci il tarixdə Eldənizin maddi çətinlikləri olduğundan Gülbəniz adına kreditlə pul götürüb Eldənizə verməsini ondan xahiş etmiş, o da Gülbənizin xahişini yerə salmamış, Eldəniz və Gülbənizlə birlikdə Azərbaycan Beynəlxalq Bankının Texnologiya universitetinin yanında yerləşən filialına getmiş, bankla kredit müqaviləsi bağlamış və 7050 manat məbləğində 4 illik kreditə pul götürərək, həmin pulu bankda Eldənizə vermişdir. Həmin kredit müqaviləsinin aylıq ödənişlərini Eldəniz etməli olmuşdur. Eldəniz 20.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və o, bildiyi qədəri ilə Eldənizin üzərindən 4900 manat məbləğində pul aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, X8 eyni küçədə yaşadıqları üçün tanımış, 2020-ci ilin əvvəllərində Etibarla birlikdə evlərin təmirində işləmiş, Etibarla birlikdə bir neçə dəfə işdə olan zaman narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitə Etibarda olmuşdur. Etibar arabir işdə olan zaman narkotik vasitədən istifadə etmişdir. O da Etibarın yanında fəhləlik etdiyi üçün o da narkotik vasitə qurudulmuş marixuananı doldurduğu siqaretdən bir neçə tüstü almışdır. Ancaq Etibar ona narkotik vasitə qurudulmuş marixuananı pulsuz və ya pul müqabilində satmamışdır. O, sadəcə olaraq Etibar istifadə etdikcə bir neçə tüstü almışdır. O, digər vaxtlar narkotik vasitələrdən istifadə etməmiş, o, Etibarın digər narkotik vasitələrdən istifadə etməsini görməmiş və bilmir. Etibarın narkotik vasitə olan marixuananı haradan və kimdən əldə etməsini və ya kimlərə satmasını bilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 yanvar 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə Baş Polis İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində və yaşadığı ünvan 7 evdə narkotik vasitələr saxlamaqda şübhəli bilinərək Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində aşkar olunaraq əməliyyat müşahidəsinə götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 yanvar 2021-ci il tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 7 ünvana baxış keçirilmiş, ümumi çəkisi 24,775 qram narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 yanvar 2021-ci il tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bibisi oğlu Şahid8 yaşadığı ünvan 8 ünvanına baxış keçirilmiş, ümumi çəkisi 2,715 qram narkotik vasitə olan marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 yanvar 2021-ci il tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs atasına məxsus Samux rayonu, İnstitut qəsəbəsi ünvanına baxış keçirilmiş, 3 ədəd kök və 1 ədəd 1 metr 30 santimetr uzunluğunda olan marixuana bitkisinə oxşar bitki aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsinin 21 yanvar 2021-ci il tarixli 16/58 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş kütlə....” sözləri yazılmış 7 (yeddi) ədəd karton qutularda, ayrı-ayrılıqda təmiz çəkiləri 3850 qram, 2755 qram, 2550 qram, 2100 qram, 2350 qram, 1450 qram, 3100 qram, ümumi təmiz çəkisi 18155 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Eləcə də tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin əl damından aşkar edilmiş kütlə...” sözləri yazılmış 1 ədəd karton qutusunda təmiz çəkisi 3000 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin, tədqiqata təqdim olunmuş hər birinin üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs qohumu Şahid8 Faxrəddin oğlunun yaşadığı evin zirzəmisindən aşkar edilmiş kütlə...” sözləri yazılmış 2 ədəd karton qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2650 qram, 1700 qram, ümumi təmiz çəkisi 4350 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan başqa, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş kütlə...” sözləri yazılmış 1 ədəd qara rəngli polietilen torbadakı, təmiz çəkisi 700 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd MEM-ə məxsus kağız paketdə, 10 (on) ədəd karton qutuda və 1 (bir) ədəd qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 Bölməsinin 22 yanvar 2021-ci il tarixli 16/65 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs atasına məxsus olan Samux rayonu İnstitut qəsəbəsində yerləşən yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 1 ədəd kol bitkisi köklü, 3 ədəd torpaqdan çıxardılmış köklər....” adlar və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd bitki nümunəsi, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Həmin sintetik kisədə olan 3 (üç) ədəd bitki nümunələrinin hissələri, narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələridir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisədəki çətənə (kannabis) bitkisi ilə 1 (bir) ədəd MEM-ə məxsus kağız paketdə və 11 (on bir) ədəd kisələrdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarlarından görünür ki, Gəncə şəhər BPİ-nin CAŞ-nin rəisi, polis polkovnik-leytenantı X1 “əməliyyat–axtarış tədbirlərinin keçirilməsinə dair” 20.02.2021-ci il tarixli qərarları qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 03.02.2021-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur və narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserinin 01.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 13.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 7 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və qohumunun evindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 26204.45 qram marixuana və X5 üzərinə, Təqsirləndirilən şəxs yaşadığı evlərə baxış keçirilən zaman istifadə edilmiş 2 ədəd disk, eyni zamanda telefon danışıqları barədə 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs atasına məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən yarımtikilinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 1 ədəd çətənə kolu və 3 ədəd çətənə kolunun hissəsi olan kökləri sübut növü kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 20 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində X7 pul müqabilində hər hansı narkotik vasitə satmadığını bildirmiş, lakin qeyd edilən həmin xüsusat şahid ifadələri, ekspert rəyləri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materialları ilə tam olaraq təkzib edilir və məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, iş üzrə olan şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir (1.0.11.). Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və bibisioğlu Şahid8 yaşadığı ünvan 3 ünvanında yerləşən evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın istehlak miqdarından dəfələrlə çox və külli miqdarda olmasına, Gəncə Şəhəri Narkoloji Dispanserinin rəyinə əsasən Təqsirləndirilən şəxs narkatik vasitə istifadəçisi olmamasına baxmayaraq külli miqdarda narkotik vasitə olan maruxuana saxlamasına, özünün narkotik vasitə marixuananı satış məqsədilə saxlamasına dair etiraf edici ifadəsinə, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə qurudulmuş marixuananı satması və satış məqsədi ilə əldə edib, daşıyaraq saxlaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Yuxarıda qeyd edilən plenum qərarını əsas götürərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhz polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onların təklifi ilə, narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını və artıq törətmiş olduğu əməlin tam olaraq aşkara çıxdığını dərk edərək yaşadığı ünvanda və bibisioğlu Şahid8 yaşadığı evdə gizlətdiyi narkotik vasitəni təhvil verdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilən cinayət məsuliyyətindən azad edilmə əsasları yoxdur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində yeddi azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 20 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 03.02.2021-ci il tarixli 87 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 26204.45 qram marixuna və sübüt növü kimi tanınmış 1 ədəd çətənə kolu və 3 ədəd çətənə kolunun hissəsi olan kökləri məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 97,2 (doxsan yeddi manat iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 20 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də xüsusi saxlanc yerində saxlanılan ekspertizadan sonra qalıq çəkisi 26204.45 qram marixuna və sübüt növü kimi tanınmış 1 ədəd çətənə kolu və 3 ədəd çətənə kolunun hissəsi olan kökləri məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 97,2 (doxsan yeddi manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar