Məhkəmə qərarları › İş №1(100)-290/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-290/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-290/2024 21.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X6 və X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 10.154 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 21 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 17:45 radələrində Gəncə şəhəri, X15 prospektində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılmış, üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 10.154 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə 3 nəfər polis əməkdaşı onu iş yerinin qarşısından götürüb polis idarəsinə aparmışlar. Köynəyini başına keçirdikləri üçün polislərin üzlərini görə bilməmişdir. Onu polis idarəsinə aparıb arxa qapı ilə bir başa rəisin otağına qaldırmışlar. Həmin vaxt rəisin otrağında olan bir nəfərin Bakı şəhərindən onun arxasınca gəldiyini, onun “zakaz” olduğunu demişlər. Şahin müəllim dolabdan bir büküm çıxarıb qarşısına qoymuş və “bu sənindir, götür qoy cibinə” demişdir. O da, “əgər mənimdirsə niyə mənim cibimdən yox sizin siyirmənizdən çıxır” demiş, bundan sonra Şahin yaxınlaşıb sağ qulağından vurub, “sakitcə deyirəm, burada artislik etmə, götür sənindir, sakitcə get 1 il, 1 il 6 ay cəzanı al çıx” demiş, o da narkotik istifadəçisi olmadığını, narkotiklə heç bir əlaqəsinin olmadığını demiş, yenidən ona sifariş olduğunu, Bakıdan arxasınca gəldikləri və getməli olduğunu demişlər. O da etiraz edərək nə etsələr də götürməyəcəyini demiş, lakin əllərində ağ rəngli meşok və kamera olan 3 nəfəri göstərib, “sən qəbul etməsən bunlar gedib kamera ilə evinizdə çıxaracaqlar” dedikləri üçün dediklərini etməyə razılaşmışdır. O, saxlanılandan 1 saat 30 dəqiqədən sonra üzərinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərində özünə məxsus nə varsa çıxarıb təqdim etməsini bildirmişlər, həmin vaxt cibində siqaret, alışqan və telefon olmuş, qalan əşyalarını, pul qabını, sep, üzük qolbağı və avtomobilinin açarlarını polis əməkdaşaları əvvəlcədən götürmüşlər. Siqaret, alışqan və telefonu çıxarıb təqdim etmiş, başqa nəsə olub-olmadığını soruşanda “Şahin müəllim cibimə nəsə qoyub, lakin nə olduğunu bilmirəm, mən əlimi vurmuram özünüz çıxarın” demiş, bundan sonra polis əməkdaşları cibindən çıxarıb nə olduğunu soruşmuşlar, o da yuxarıda Şahin müəllimin cibinə qoyduğunu, nə olduğunu bilmədiyini demişdir. Sonra çəkilişi dayandırıb ona hədələmişlər, ikinci dəfə çəkiliş olanda yenə eyni sözləri demiş, yenidən hədə qorxu gələrək “elə eləməki başqa cür edək, bu dəqiqə evinizə adam göndərəcəm” demişlər. Sonuncu dəfə çəkiliş olanda məcbur olub əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitəni yol kənarından tapdığını, maraqlı gəldiyi üçün götürdüyünü, sonra atmaq istəyəndə polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Bundan başqa o, ifadəsində saxlanılan zaman tək olmadığını, şagirdi Emin Mahmudovun da yanında olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və hesab edir ki, onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, habelə sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2023-cü il tarixində Gəncə şəhər Baş Polis İdarəsinə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, istifadəsində və satışında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat istintaq qrupu tərəfindən onun yeri müəyyən olunaraq Ş.İ.Xətai prospektində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. Polis İdarəsində üzərinə vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və özü üzərində olan narkotik vasitə bükümünü çıxarıb təqdim etmiş, həmin bükülü elektron tərəzidə çəkilmiş və təxminən 10 qram olması müəyyən edilmişdir. Həmin bükülü qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Bundan başqa o ifadəsində, Təqsirləndirilən şəxs saxlanılmasında Şahid2 ilə birlikdə iştirak etdiyini, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu, ona qarşı heç biri fizik və ya psixoloji təsir, təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxsla birlikdə mağazadan çıxan kimi iki nəfər yaxınlaşaraq özlərini təqdim etmədən onun qolundan tutaraq avtomobilə tərəf aparmışlar, həmin vaxt avtomobildə gözləyən digər şəxs də avtomobildən düşmüş və Elşənin qolundan tutub zorla avtomobilə mindirib aparmışlar. Bundan başqa o, ifadəsində həmin şəxslər tərəfindən Elşənə hər hansı fiziki təzyiq olunmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 10.154 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan 02 ədəd redmi markalı mobil telefonu və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan torbaya bükülmüş, içərisində narkotik vasitə olan heroinə bənzər kütləni çıxardaraq təqdim etmiş, sorğu zamanı həmin kütlənin heroin olmasını, bükülünü iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, həmin bükülüdən istifadə etmədiyini, əvəllər narkotik vasitə istifadə etdiyini, həmin bükülüdən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərək 10.55 qram olması müəyyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və üzərindən 01 ədəd Pall Mall markalı siqaret qutusu və alışqan aşkar edilmişdir, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 2 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-517/2023 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1804 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 3034 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 1636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları var. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs məxsus tibbi kartanın, epikrizin və Tibb Universitetinin Onkologiya Klinikasının Ambulator-Poliklinik Şöbəsinin arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs “yumşaq toxuma sarkoması” (alın sümüyünün yumşaq toxuma şişi) xəstəliyindən əziyət çəkir, 2-ci qrup əlildir. Məhkəmədə tədqiq edilən Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 USİ.Spastik tetraplegiya xəstəliyindən əziyyət çəkir, başqasının qulluğuna ehtiyacı var. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 9.954 qram narkotik vasitə heroin və 02 (iki) ədəd Redmi markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, həmçinin işdə olan digər sübutlar ilə təsdiq olunur, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri işin faktiki hallarına uyğun gəldiyindən sübüt kimi qəbul edilir, onun məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaqın gedişində cinayəti inkar etməsinə dair verdiyi ifadəsi özünü müdafiə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, cinayət təqibi orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair nəticə əldə edə bilmədiklərini təsdiq etmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-517/2023 saylı qərarı ilə barəsində 02 (iki) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 9.954 qram narkotik qram narkotik vasitə heroin məhv edilmli, 02 (iki) ədəd Redmi markalı mobil telefon ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və ərazi nakroloji dispanserində proflaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 9.954 qram narkotik qram narkotik vasitə heroin məhv edilsin, xx.xx.2023-cü il tarixli protokola götürülmüş 02 (iki) ədəd Redmi markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar