Məhkəmə qərarları › İş №1(100)-291/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-291/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-291/2024 22.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X1 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X2, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçisi Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 20 may 2023-cü ildə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Nəqşicahan” şadlıq sarayında qonaq kimi iştirak etdiyi kiçik toy məclisindən çıxdıqdan sonra həmin şadlıq sarayının qarşısında onunla eyni məclisdə qonaq kimi iştirak etmiş həmkəndlisi Zərərçəkmiş şəxs zarafat edərək ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşərək sonuncunu ondan üzr istəməsini tələb etmək əks təqdirdə ona bədən xəsarəti yetirərək sonuncudan qisas almaq qərarına gəlmiş, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib evdən məlum olmayaq kəsici-deşici alət götürüb Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evlərinin yaxınlığında sonuncu ilə qarşılaşıb ondan ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı özü ilə gətirdiyi kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən 1 (bir) dəfə zərbə vuraraq, sonuncuya nazik bağırsağın çoxsaylı dəlib keçən yaraları ilə müşayiət olunan, qarnın sol ön divarından daxilə keçən, dərəcəsinə görə törədildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır bədən xəsarəti vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bərdə rayonu, Gərənə kəndində yaşayır, bir azyaşlı övladı var. Gərənə kəndində fərdi əməklə -əkinçiliklə məşğuldur. Zərərçəkmiş şəxs həmkəndlisidir. Əvvəl aralarında heç bir dava-dalaş və münaqişə olmamış, münasibətləri normal olmuşdur. xx.xx.2023-cü ildə həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil etmiş, özü və Ceyhun da həmin məclisdə iştirak etmişlər. Bərdə şəhərində yerləşən “Nəqşicahan” şadlıq evində toy mərasimində yemək yeyib spirtli içki içmiş, toydan sonra şadlıq evinin qabağında evə qayıtmaq üçün avtomobil axtaranda Ceyhun ona yaxınlaşıb şit zarafat etməyə başlamışdır. Ceyhuna dəfələrlə zarafat etməməyi, bundan xoşu gəlmədiyini desə də Ceyhun söyüş söyərək zarafata davam etmişdir. Ceyhunla mübahisə edərkən ətrafdakı tanımadığı şəxslər onu taksiyə mindirib yaşadığı kəndə yola salmışlar. Evə çatdıqdan sonra Ceyhunun onunla etdiyi zarafat və nalayiq sözlər ağlından çıxmamış, yaşadığı evdə saxladığı qara rəngli, üzərində ağ xəttlər olan, düymə ilə açılıb-bağlanan bıçağı götürərək Ceyhundan dediyi sözlərə və nalayiq ifadələrinə görə üzr istəməsinə tələb etmək, olmasa bıçaqla xəsarət yetirmək qərarına gəlib piyada Ceyhunun yaşadığı evə getmişdir. Qapını döysə də açan olmadığından yaşadığı evə qayıdarkən yolun kənarı ilə üzbəüzdən Ceyhunun gəldiyini görmüşdür. Ceyhuna yaxınlaşıb niyə elə zarafat etdiyini və nalayiq ifadələr işlətdiyini soruşduqda Ceyhun yaxşı elədiyini və ondan xoşu gəlmədiyini demiş, aralarında olan mübahisə davaya çevrilmiş və bir-birinə yumruqla zərbələr vurmuşlar. Yaşadığı evdən götürdüyü bıçağı cibindən çıxarıb əsəbi halda Ceyhunun qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş, Ceyhun qarnını tutub səs-küy saldığına görə qorxub qaçmış, Ceyhuna xəsarət yetirdiyi bıçağı da yaxınlıqdakı su arxına atıb, yaşadığı evə getmişdir. Qısa müddət sonra polis əməkdaşları gəlib onu Bərdə RPŞ-yə aparmışlar. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, hadisə zərərçəkmişin onunla şit zarafat edib, nalayiq ifadə işlətməsinə görə baş vermiş, hər ikisi içkili və sərxoş olmuşlar. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı ödəmişdir. Əməlindən peşmandır, himayəsində azyaşlı uşağı var, ona ən aşağı cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır, əkinçilik edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəl aralarında dava-dalaş olmamış, münasibətləri normal olmuşdur. xx.xx.2023-cü ildə həmkəndlisinin oğluna Bərdədə yerləşən “Nəqşicahan” şadlıq sarayında etdiyi toyda iştirak etmiş, təxminən 22 radələrində məclis yekunlaşmışdır. Şadlıq sarayının qarşısına çıxaraq yaşadığı evə qayıtmaq istəyəndə Mürvəti görüb söhbət etmiş, qarşılıqlı zarafat etmişlər. Mürvət də onun kimi içkili olmuşdur. Mürvət ona zarafat etməməsini dedikdə, Mürvətə özünün zarafata başladığını və bir daha zarafat etməməsini demiş, Mürvət nalayiq ifadələr işlədib mübahisə etməyə başlamışdır. Ətrafdakı tanımadığı şəxsləri Mürvəti taksiyə mindirib evə göndərmişlər. Daha sonra özü də Bərdə rayonu, Gərənə kəndinə getmiş, evdən bir qədər aralıda maşını saxladıb piyada yaşadığı evə getmişdir. Evə çatmağa az qalmış bir nəfər şəxsin qarşıdan gəldiyini görmüş, hava qaranlıq olduğu üçün yaxınlaşanda Mürvət olduğunu görmüşdür. Mürvət ona yaxınlaşıb şadlıq sarayının qabağında niyə mübahisə etdiyini soruşduqda, özünün zarafat etməyə başladığını və nalayiq ifadələr işlətdiyini demişdir. Mürvət isə onun sinəsindən tutmuş, sözlü mübahisə davaya çevrilmiş və bir-birilərinə yumruqla vurmuşlar. Mürvət cibindən nə isə çıxarıb və onun qarnının sol tərəfinə zərbə vurmuş, zərbədən sonra əli ilə qarnını tutmuş və Mürvətin onu bıçaqla vurduğunu başa düşmüşdür. Mürvət qaçaraq yanından uzaqlaşmış, səs-küy salıb yaşadığı evə getmiş, arvadı Gülnar yaxınlaşıb nə olmasını soruşanda həmkəndlisi Mürvət tərəfindən bıçaqlandığını bildirmişdir. Yoldan keçən avtomobillə onu xəstəxanaya aparmışdır. Həmkəndli olduğu üçün əvvəlcə hadisəni gizlədib guya yıxılaraq qarnına dəmir batmasını desə də sonradan polis əməkdaşlarına həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərdi ki, təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur, həbs edilməsini və ona cəza verilməsini istəmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə əri həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil etmiş, əri də həmin gün təxminən saat 16 radələrində məclisə getmək üçün yaşadıqları evdən çıxıb getmişdir. Təxminən, 22 radələrində qonşuya qonaq gedib Ceyhun gələnə qədər orada gözləmişdir. Son dəfə mobil telefonla Ceyhunla danışanda məclisin yekunlaşdığını və birazdan gələcəyini bildirmişdir. Təxminən, saat 23 radələrində həyətdən səs-küy gəldiyini eşitmiş, diqqətlə qulaq asıb Ceyhunun səsi olduğu eşitmiş və həyətə çıxdıqda əri Ceyhunun qarın nahiyyəsini tutaraq yaşadıqları evə doğru gəldiyini görmüşdür. O, Ceyhuna yaxınlaşanda qarın nahiyyəsindəki qan görüb halı pisləşmiş, sonradan ərinin Mürvət tərəfindən bıçaqlandığını bilmişdir. Xəstəxanada da ilkin olaraq həmkəndli olduqları üçün guya əri Ceyhunun yerə yıxılıb qarnına dəmir batdığını bildirmiş, sonradan isə əri özü həqiqəti polis əməkdaşlarına demişdir. Əri Ceyhunu yaralı halda görəndə köynəyinin düymələri də qopmuş halda olmuşdur. Ərinin paltarları onda olmuş və istintaq təqdim etmişdir. Hadisədən sonra Mürvət onlarla barışmış, dəymiş ziyanı ödəmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 may 2023-cü il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bərdə rayonu, Gərənə kəndindən keçən avtomobil yolunun kənarında yerləşir. Baxış keçirilməsi zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqladığı yeri göstərmişdir. İşi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid təqdim etdiyi hadisə zamanı əri Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli köynək sonucudan götürülüb qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibb ekspertizasının 09 avqust 2023-cü il tarixli, 584 №li rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - nazik bağırsağın çoxsaylı dəlib keçən yaraları ilə müşayiət olunan qarının sol ön divarından daxilə keçən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yara deşicikəsici alətin ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi kriminalistik-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 455/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda düymə bağlanan nahiyyədə aşağı sərbəst kənardan 24 sm məsafədə 1 ədəd 7 sm ölçüdə şaquli istiqəmətdə dəlib keçən zədə vardır. Həmçinin köynəyin ön səthində sağda 1 ədəd cırılma zədəsi aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malik olmuş, köynəyin müvafiq nahiyyəsinin dartılması nəticəsində əmələ gələ bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-bioloji ekspertizası 0310.2023-cü il tarixli, 626/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)-dir (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd uzunqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrupu göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli, 189591 №li cavab məktubundan görünür ki, hadisə xx.xx.2023-cü ildə Bərdə rayonu Gərənə kəndində qisas zəminində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı baş vermiş mübahisə zamanı baş vermişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs xəsarət aldığını arvadı Şahid görmüşdür. Hadisədə istifadə edilmiş bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nin Bərdə rayon Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Gərənə kəndində yaşayış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilən AA№349028 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Müseyib Qarayev azyaşlı övladı var. Cinayət işinə əlavə edilmiş TƏBİB Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli, 539 №li sərxoşluq vəziyyətinin müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 04:30-da keçirilən müayinə zamanı “orta dərəcəli sərxoşluq” vəziyyətində olmuşdur.(0,5 pr ml) İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 20:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-116/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-125/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd ağ rəngli köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsin onda şikayət və təəbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əvvəllər məhkum edilməməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, yaxud digər yüngül cəza növünün tətbiqi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. Belə ki, işin faktiki halları (hadisənin motivi – zərərçəkmiş şəxslə aralarında olan zarafat gedişatında bir birinin ünvanına qarşılıqlqı nalayiq ifadələri işlədilməsinə görə aralarında münaqişə yaranması və həmin mübahisə bitdikdən sonra yaşadığı evə gedib kəsici-deşici alət götürərək, artıq bitmiş münaqişəni yenidən alovlandıraraq mübahisəli situasiya yaratması) müdafiə tərəfinin göstərdiyi hadisənin zərərçəkmiş şəxsin qeyri-əxlaqi hərərkətləıri nəticəsində baş verməsini istisna edir və hadisə vaxtı deyil, yalnız münaqişə ilkin yarandığı anda olmuşdur. Həmçinin qeyd edilən əməlin ictimai təhlükəliliyini artıran digər məsələ isə qəsdin yaranma anı ilə bağlıdır. Belə ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs kəsici deşici aləti məqsədli -yəni məhz zərərçəkmiş şəxsə xəsarət yetirmək üçün yaşadığı evə gedərək götürməsi özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi səmimi ifadələri və işin digər obyektiv halları ilə məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, işin faktiki hallarına əsasən təqsirləndirilən şəxs hadisə yerindən yayınmış, zərərçəkmiş şəxsə xəsarət yetirdikdən dərhal sonra sonuncuya hansısa yardım göstərməmiş, yaxud bu barədə təcili tibbi yardım xidmətinə məlumat verməmiş, cinayətin alətini isə məsuliyyətdən yayınmaq məqsədilə öz deməsinə görə su arxına atmış, hadisə barədə hüquq-mühafizə orqanlarına heçbir məlumat verməmiş və könüllü təslim olmamış, polis əməkdaşları tərəfindən məcburi saxlanılaraq istintaqa təhvil verilmişdir. Odur ki, hazırki iş üzrə cinayət əməlinin yuxarı göstərilən ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra yüngül - azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimallarının eləcə də, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması, məhkəmə tərkibinin təqsirləndirilən şəxsin yalnız təyin ediləcək azadlıqdan məhrmetmə cəzasının rejim daxilində real çəkiləcəyi halda Təqsirləndirilən şəxs islah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur. Həmçinin məhkəmə tərkibi qeyd edir ki, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ailə vəziyyəti və cəzasını çəkəcəyi müddətdə islah olacağını sübut edəcəyi təqdirdə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi imkanını istisna edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynək sahibinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd ağ rəngli köynək sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar