Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-293/2025 31.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4 və X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərinda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 10,407 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib eyni məqsədlə ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,651 qram, 1,518 qram, 2,426 qram, 1,409 qram, 1,691 qram olmaqla altı hissəyə bölüb açıq narıncı rəngli polietilen kəsiklərinə qoyub satışa hazır vəziyyətə gətirərək onları əynində olan şalvarın sağ ön yan cibinə qoyub üzərində daşımış, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 26 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o həmin gün saat 15:10 radələrində ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə həmin gün onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın ön sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içindəki 6 (altı) ədəd açıq-narıncı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,651 qram, 1,518 qram, 2,426 qram, 1,409 qram, 1,691 qram, ümumi təmiz çəkisi 10,407 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı gün günorta saat 12 radələrində marketə ərzaq məhsulları almaq üçün getmişdir. Qəflətən polis əməkdaşları onu əhatəyə almış, onlara heç bir müqavimət göstərməmişdir. Daha sonra kürəyidən onu sıxmağa başlamış, maşına əyləşdikdən sonra vəsiqələrini göstərmiş və onu Gəncə şəhər Baş polis idarəsinə aparmışlar. Onu saxlayan polis əməkdaşları 4-5 nəfər olmuş, Baş Polis idarəsində otağa daxil olan kimi qabağına büküm qoyub ona məxsus olduğunu qəbul etməyi, ağ rəngli bükümün içərisindəki narkotik vasitənin ona məxsus olduğunu dedilər. Bakıdan sifariş gəldiyini və tutulmalı olduğunu, əgər narkotik vasitəni qəbul etməsə, onu Baş Mütəşəkkil Cinayətkarlığa aparacaqlarını demiş məcbur qalıb razılaşmış, bundan sonra üzərinə videçəkilişlə axtarış aparılmış məcburiyyət məticəsində etmədiyi əməli etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, idmanla məşğul olur, saxlanıldığı gün də marketə gündəlik ərzaq məhsulları almağa getmişdir. Hansı səbəbə saxladıqlarını təxmin edə bilmir. İdarəyə aparanda məcburi şəkildə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları “içəri getməlisən” kimi ifadələr işlətmiş, ilk əvvəl narkotik vasitənin ona məxsus olmadığını desə də, sonradan “işin böyüyəcəyini” dedikləri üçün narkotik vasitənin ona məxsus olduğunu demişdir. Videoçəkiliş həyata keçirilmiş, narkotikin onun olduğunu demişdir. Narkotik vasitəni hardan əldə etməsi ilə bağlı suala cavab verməmiş, videoçəkilişdən sonra məhkəməyə aparılanda barəsində 4 ay “həbs” qətimkan tədbiri seçilmişdir. Təzyiqlərə məruz qalmağı ilə bağlı heç yerə şikayət etməmiş, polislərin ona xəsarət yetirməməsi, vuraraq şikəst etməmələri üçün sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları ilə arasında heç bir ədavət, münaqişə olmamışdır. 2017-ci ildə Rusiyadan gəlib “qaydasız döyüş” növü ilə məşğul olmuş və çempion olmuşdur. Gedişatdan işin böyüyəcəyini, daha çox narkotik vasitə ilə yüklənə biləcəyini düşündüyü üçün xəsarət yetirməsinlər deyə narkotik vasitəni qəbul etmişdir. MSY-də saxlanıldığı zaman polislərin verdikləri yeməyə qatdıqları üçün qanında narkotik aşkar edilmişdir. Psixoloji təzyiqdən başqa ona hədə-qorxu gəlinməmiş, fiziki zorakılıq edilməmişdir. Təqsiri olmadığı narkotik vasitələrə bağlılığı olmadığı üçün məhkəmədən ona azadlıq verilməsini istəyir. İbtidai istintaq zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur. xx.xx.2024-cü ildə təxminən saat 11 radələrində Gəncə şəhəri, Dəmiryolu vağzalının arxa tərəfi ilə piyada gedərkən yerdə bir ədəd sellofan görüb diqqətini çəkdiyi üçün götürmüş, içərisinə baxdıqda narıncı rəngli ayrı-ayrı bükümlərdə açıq-qəhvəyi rəngli, toz şəkilli hissəciklərdən ibarət narkotik vasitə olmasını müəyyən etmiş, əynində olan şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün saat 15:10 radələrində Gəncə şəhəri, A.Səhhət küçəsində olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış Gəncə şəhər BPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik vasitələrin və psixtorop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-yə dəvət etmiş, müdаfiəçi siyаhısı verilmiş və vəkil dəvət edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi bildiriləndə tapdığı bükümü və “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Sorğu zamanı o həmin narkotik vasitəni yuxarıda qeyd etdiyi şəraitdə əldə etdiyini bildirmişdir. Həmin bir ədəd bükümün içərisindəki 6 ədəd narıncı rəngli büküm aşkar edilmiş, çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin əməkdaşı Şahid1 göstərmişdir ki, Gəncə ŞBPİ-nin əməliyyat-axtarış idarəsinə Eldar adlı şəxsin narkotik və psixotrop maddələrin dövriyyəsi və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, Gəncə şəhəri, Poçt qəsəbəsi, Abbas Səhhət küçəsində şəxsin olduğu yeri müəyyən edib şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, nədə şübhəli olduğunu deyib onu idarəyə aparmışlar. Təhqiqatçının otağında videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, təklif edilmişdir ki, üzərində hər hansı vasitə varsa, təqdim etsin. Eldar isə üzərindən bir büküm çıxararaq təqdim etmiş, içində narkotik vasitə olan heroin olduğunu demidir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat məlumatı birbaşa idarəyə daxil olmuş, əvvəllər Təqsirləndirilən şəxsla tanışlığı olmamışdır. Şəxsi idarəyə dəvət etdikdə heç bir etiraz bildirməmiş, onlarla birlikdə maşına əyləşmişdir. Şəxsi axtarışda iştirak etmiş, Eldar üzərində olan heroin adlı narkotik vasitəni özü təqdim etmişdir. Bir ədəd büküm içərisində 6 kiçik ümumi çəkisi 10 qramdan artıq heroin olmuşdur. Narkotik vasitəni dəmiryolu vağzalının arxa hissəsində tapdığını bildirmişdir. Ona hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsi Şahid2lə birlikdə saxlamış, özünü təqdim edərək narkotik vasitənin dövriyyəsində şübhəli olduğunu və onlarla getməli olduğunu bildirmişlər. Şəxs heç bir etiraz etməmiş və maşına əyləşmişdir. Videoçəkiliş zamanı vəkil də iştirak etmiş, narkotik vasitələrin satışı ilə bağlı heçnə müəyyən edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rafael oğlu da eyniməzmunlu ifadə verərək göstərdi ki, 26 yanvar 2024-cü ildə cinayət axtarış idarəsinə Eldar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, şəxsin poçt qəsəbəsində olduğunu müəyyən etmişlər. Əməliyyat qrupu yaradılmış, şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onu maşına əyləşdirərək Baş Polis idarəsinə gətirmişlər. Təhqiqatçının otağında keçirilən baxış zamanı bir büküm içində narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxsi Zaurla birlikdə saxlamış, özü ilə birgə digər əməliyyatçı, ümumilikdə 2 nəfər olmuşlar. Eldar isə xatırladığı qədər tək olmuş, onu Poçt qəsəbəsində saxlamışlar. Şəxsi Baş Polis İdarəsinə gətirmiş, üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə baxış keçirtmişlər. Aşkarlanan narkotik vasitə heroin olmuş, şəxsə qarşı heç bir təzyiq olmamışdır. Əməliyyat məlumatı şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair olsa da, bununla bağlı təsdiqedici hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə ŞPİ CAİ-nin rəisi Ramin Mehdixanov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının daxil olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli raport və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü ildə saat 15:10-da Gəncə şəhəri, Abbas Səhhət küçəsində yeri müəyyən edilərək saxlanılmış və Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə olmasını bildirib əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu və əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sellofan bükülünü çıxardıb təqdim edərək içərisində heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə təxminən səhər saat 11 radələrində Gəncə şəhəri Dəmiryolu Vağzalının arxa hissəsindən yerdən tapdığını bildirmişdir. Narkotik vasitələr çəkilib qablaşdırılmış, müdafiəçi (vəkilin) sualına cavab olaraq polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsirə məruz qalmadığını, üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 may 2024-cü il tarixli 16/616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” və imzalar olan kağız paketdə 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisindəki 6 ədəd açıq-narıncı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1.712 qram, 1.651 qram, 1.518 qram, 2.426 qram, 1.409 qram, 1.691 qram, ümumi təmiz çəkisi 10.407 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan heroinlər xarici əlamət və kimyəvi tərkiblərinə görə eynidir. Qeyd: Heroinin təmiz çəkisi – 10.407 qram, tədqiqata sərf edildi - 0,3 qram (hər obyektdən 0,05 qram), qalıq – 10.107 qram. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər psixonevroloji dispanserdən verilən 4482 №li və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilən xx.xx.2024-cü il tarixli 4477№li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildən opioidlərdən asılılıq sindromu mütəmadi istifadə orta (ikinci) mərhələ diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli 1207 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 772 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “telefon baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung J6” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, 3-13- 57/1-20771/2024 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədilə əldə edib daşıyaraq saxlaması müəyyən edilmişdir. Onun narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə olunmamışdır. Narkotik vasitə olan heroini hansı mənbədən, nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefonda və mobil nömrə ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Alxanqelsk Ş. Oktyabr R/ məhkəməsinin qərarı ilə xx.xx.2002-ci il tarixdə R.F. C.M-nin 30 H3, 131 H2,B,B, 229H1, 69H3, 73-cü maddələri ilə təqsirli bilinərək 3 il şərti cəzaya məhkum edilmiş və məhkəmə zalından azad edilmişdir. R.F Alxanqelsk Ş. Lomonsov Ş/Məhkəməsinin qərarı ilə xx.xx.2005-ci il tarixdə R.F. C.M-nin 163H2 A,B, 163 H2 B,B, 69 H 3, 70-ci maddələri ilə təqsirli bilinərək 5 il ümumi rejimli cəzaya məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2008-ci il tarixdə A.R. C.M.-nin 334.1, 38-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sankt.Peterburq Şəhər Kalinski ray. Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixdə R.F. C.M.-nin 321 M, 2 H, 69 M, 5 H-maddələri ilə 03 il 03 ay azadlıqdan məhrum edilmişdir. Gəncə Şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixdə A.R. C.M.-nin 234.1, 228.4, 66.2, 69.8-ci maddələri ilə təqsirli bilinərək ona 07 ay 28 gün azadlığı məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Prokurorluğundan verilmiş xx.xx.2024-cü il tarixli, 666-xid-24 nömrəli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs R.F C.M.-nin 163.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Alxanqelsk Ş. Lomonsov Ş/Məhkəməsinin xx.xx.2005-ci il və R.F. C.M.nin 321.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sankt.Peterburq Şəhər Kalinski ray. Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmlərinin tanınması barədə təqdimat verilməmiş və həmin işlərə baxılmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10.107 qram olan heroin Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, həmçinin mobil nömrə ilə aparılan telefon danışıqlarıözündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş iş materiallarına əlavə edilərək tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə məlumata əsasən aparılmış araşdırma nəticəsində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar narkotik vasitənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılmış, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-171/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə ŞBPİ CAİ-nin rəisi tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotk vasitə və psixotrop maddə əldə edib saxlaması və satması barədə əməliyyat məlumatı daxil olması göstərilmişdir. İş üzrə həm ibtidai istintaqda, həm də məhkəmə baxışında dindirilmiş cinayət işi üzrə şahidlər olan polis əməkdaşları Təqsirləndirilən şəxs kimə narkotik vasitə satması, yaxud satmaq istəməsi barədə məlumat əldə edə bilmədiklərini, bununla bağlı sübutları olmadığını göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Beləliklə əməliyyat tapşırığına cavab məktubunda ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıması göstərilsə də, digər tərəfdən satdığı yaxud satmaq istədiyi şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. Bundan başqa qeyd edilməlidir ki, həmin əməliyyat tapşırığına cavab məktubunda narkotik vasitə deyil “psixotrop maddə” olan metamfetaminin satışı və satış məqsədilə əldə edilməsindən söhbət gedir ki, bu da məhkəmədə həmin məktubun formal əvvəlki verilmiş əməliyyat tapşırıqlarına cavab məktubları üzərində yazıldığını işlənildiyini göstərir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdar və bir neçə bükümdə olması ittiham aktında göstərilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədi ilə əldə edib saxlaması və üzərində daşımasını təsdiq edən təsdiq edən fakt kimi qəbul edilə bilməz. İstintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair sübut əldə edə, satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Nəzərdən qaçırılmamalıdır ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında sübut kimi qəbul edilən ilkin izahat və ifadələrində həmin narkotik vasitənin qeyd edilən formada tapdığını, yəni əvvəlcədən bir büküm içində ayrı ayrı bükümlərə bölünmüş formada olduğunu göstərmişdir ki, həmin halı inkar edəcək hər hansı sübut, yəni şəxsin qanunsuz olaraq əldə etdiyi narkotik vasitə bükümü sonradan satış məqsədilə ayrı-ayrı bükümlərə bölməsi təsdiqini tapmamışdır. Həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınan videogörüntülərdən də görünür ki, qeyd edilən 1 ədəd bükümün ancaq əsaslı fiziki güc nəticəsində açılması mümkün olmuşdur ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilən təqsirləndirilən şəxsin bükümün açılması narkotik vasitənin təyinat nöqtəsinə qoyulması və yaxud kiməsə verilməsi kifayətə qədər vaxt itkisi ilə nəticələnə, beləliklə də əməliyyat nəzarətində olan təqsirləndirilən şəxsi ifşa edərdi. Məhkəmənin gəldiyi qənaət odur ki, satış məqsədi subyektiv faktor olmaqla sübuta yetirilməsi üçün kifayətə qədər məntiq, biri digəri ilə əlaqəli obyektiv hallarla sübuta yetirilməlidir ki, hazırkı iş üzrə şəxsə verilmiş ittihamda satış məqsədi ancaq ehtimallar üzərində qurulmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs özünün narkotik vasitələri istehlak etməsinə diqqət yetirməmiş, absitensiya (aclıq) əlamətləri olmasa da, narkotikə meylli şəxs kimi xarakterizə edilməsini, əvvəl törətdiyi eynixarakterli əməllərə yəni şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlamağa görə məhkum olunmasını nəzərə almamışdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatını əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlinməsi Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-ə uyğun təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilən məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə ibtidai istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən heç bir sübut məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroininin çəkisi və bir büküm içərisində bir neçə bükümdə olması şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək ona satış məqsədi ilə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi xx.xx.2024-cü ildə saxlanılıb Gəncə ŞPBİ-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona verilib götürülməsini tələb etdiyi bükümü əvvəl qəbul etmək istəməsə də, sonradan ona verilmiş bükümü qəbul etməsini psixi təsir, hədə-qorxuya məruz qalması, onu öldürəcəklərindən yaxud Bakıya aparıb ağır fiziki işgəncəyə məruz qoyub şikəst edəcəklərindən qorxduğu üçün münasibətdə qeyd edir ki, həmin hal təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığı və işin məhkəmə baxışı zamanı toplanmış digər sübutlarla təsdiq olunmadığından həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün həmin hissədə sübut kimi qəbul etmir və təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilən şəxsi axtarış barədə videoçəkilişdən görünür ki, xx.xx.2024-cü ildə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi, qeyri-adi psixoemosional halda olmasını təsdiq edən hər hansı hal mövcud deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş, məhkəmənin verdiyi məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar İdarəsində aparılan araşdırma nəticəsində qəbul edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi hallar araşdırılmış və təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan nə təqsirləndirilən şəxs, nə ailə üzvləri, nə də müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan naməlum çəkidə içində xırda bükümlər olan 1 ədəd iri sellofan bükümü əldə edərək üzərində daşımaqla saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 26 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15:10 radələrində ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın ön sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümünün içərisindəki 6 (altı) ədəd açıq-narıncı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,651 qram, 1,518 qram, 2,426 qram, 1,409 qram, 1,691 qram, ümumi təmiz çəkisi 10,407 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri....şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə.... saxlama.....daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və növü əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin özünün şəxsiyyəti vəona maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyinini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə ŞBPİ polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,107 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat, səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər BPİ polis şöbəsində saxlanılan qalıq çəkisi 10,107 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat, səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-293/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-293/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver