Məhkəmə qərarları › İş №1(100)-297/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-297/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-297/2022 29.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında) Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, zərər çəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və hadisə anında “şizofreniya paranoid forma” şəklində xroniki gedişli psixi xəstəlikdən əziyyət çəkməklə xx.xx.1947-ci ildə anadan olmuş atası X4 onu xx.xx.2021-ci iltarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə iradəsinə zidd olaraq məcburi şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 yerləşdirdiyi üçün həmin vaxtdan etibarən aralarında yaranmış mübahisənin nəticəsi olaraq 14 fevral 2022-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mercedes C klass” markalı **-OR-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə atası Qamət Əliyevlə birlikdə Bakı şəhərindən Tovuz rayonu, Hunanlar kəndi ərazisində yerləşən daimi yaşayış olmayan özlərinə məxsus evə gəldikdən sonra, həmin gün saat 18 radələrində evin mətbəx otağında olarkən yenidən atası Qamət Əliyevlə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə yerləşdirməsi ilə bağlı aralarında olan söhbət zamanı atasının ona, onu haqlı olaraq xəstəxanaya yerləşdirdiyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı X12n ona qarşı səhv etdiyini düşünərək onun bu cavabından qəzəblənib qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlib, bu məqsədini həyata keçirmək üçün dərhal evin yataq otağına daxil olaraq X12n Bakı şəhərindən özü ilə birlikdə gətirdiyi sonuncuya məxsus “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” nömrəli, pompalı, təklüləli yivsiz odlu ov silahı olan tüfəngi götürüb mətbəx otağına geri qayıdaraq silahla yaxın məsafədən Qamət Əliyevə beş dəfə atəş açaraq ona döş qəfəsinin ön səthində sağ yarıda məmə xətti ilə ön qoltuq xətti arasında V-Vİ qabırğaarası sahədə l (bir) ədəd, döş qəfəsinin ön səthində orta xətt üzrə döş sümüyü cismi proyeksiyasında l (bir) ədəd, birqədər sola doğru döş yanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədə l (bir) ədəd, sol yarımda İV-V qabırğaarası sahədə l (bir) ədəd, ümumilikdə döş qəfəsinin ön səthinin 4 (dörd) ədəd kor və sağ mil-bilək oynağı və sağ əl nahiyəsinin bayırsəthlərini əhatə edən dəlib keçən odlu silah-qırma yaraları, həmçinin ölümünə səbəb olmuş döş sümüyünün və qabırğaların çox qəlpəli sınıqları, ağciyərlərin, ürək kisəsinin və ürəyin, diafraqmanın, qaraciyərin, mədənin, dalağın, böyük piyliyin və köndələn çənbər bağırsağın yaralanmaları ilə müşaiyət olunan döş qəfəsinin kor odlu silah-qırma yaraları kimi həyati, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə hadisə zamanı düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək psixotik vəziyyətdə olmaqla törətdiyi cinayət əməli zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamış, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə olmaqla Qamət Əliyevi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2014-cü il təvəllüdlü Zeynəb və 2022-ci il təvəllüdlü Əkrəm adlı övladları vardır. X9 onun qayınatasıdır. Onlar ünvan 3 ünvanında birlikdə yaşamışlar. Ceyhun heç bir yerdə işləməmiş, nə siqaret çəkmiş, nə də spirtli içki qəbul etmişdir. Onlar Tovuz rayonunun Hunanlar kəndindən olduqları üçün həmin kənddə ata-baba yurdları vardır və arada gedib həmin evdə yaşamışlar. 2021-ci ilin avqust ayının 1-də Ceyhunu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirmişlər. Ceyhun 54 gün müddətinə, 24 sentyabr 2021-ci il tarixədək həmin dispanserdə müalicə almışdır. Ceyhuna orada şizofreniya diaqnozu qoyulmuşdur. Ceyhun həqiqətən də şizofreniya xəstəsi olmuş, çox vaxt öz-özünə aidiyyatı olmayan şeylər danışmış, hamıdan şübhələnmiş, bəzən isə günlərlə yemək yeməmişdir. Qayınatası Ceyhunu həmin dispanserə məcburi yerləşdirdiyi üçün Ceyhun atası ilə hər dəfə bunun üstündə mübahisə etmişdir. Hadisədən 3-4 gün əvvəl qayınatası Ceyhuna kəndə gedib bağ sahələrini sulayacaqlarını bildirmiş, 14 fevral 2022-ci il tarixdə qayınatası və əri Ceyhun rayona getmişlər. Həmin ərəfədə övladı təzə olduğundan Bakı şəhərində uşaqları ilə qalmışdır. Ceyhunun bibisi qızı olan Şahid4 da Bakı şəhərində olduğu üçün o da ərigillə birlikdə rayona getmişdir. Həmin gün saat 21 radələrində qaynı Elşad ona zəng edib Ceyhunun qaynatasını silahla vurub öldürdüyünü demişdir. İfadəsinə əlavə olaraq əri Ceyhunun qayınX12 xəstəliyi ucbatından öldürdüyünü, onun psixi xəstəlikdən müalicə olunması üçün müvafiq müalicə müəssisəsinə yerləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, əslən Tovuz rayonunun Hunanlar kəndindəndirlər, ata-baba yurdları həmin kənddə yerləşir. Anadan olandan atası Bakı şəhərində yaşayıb işlədiyi üçün orada qalmışlar. Arada Tovuz rayonuna gəlib bir neçə gün ata-baba yurdlarında qalmışlar. X9 atasıdır. Atası ünvan 3 ünvanında qardaşı Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşamışdır. Qardaşı Ceyhun 20 il olar ki, nevroz xəstəsidir. 2021-ci ilin avqust ayının 01-də atası Ceyhunu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirmişdir. Ceyhun 54 gün müddətinə, 24 sentyabr 2021-ci il tarixədək həmin dispanserdə müalicə almışdır. Ceyhuna şizofreniya diaqnozu qoyulmuşdur. Ceyhun dispanserdən evə buraxıldıqdan sonra demək olar ki, hər dəfə atasının onu dispanserə yerləşdirməsi səbəbindənaralarında mübahisələri olmuşdur. 14 fevral 2022-ci il tarixdə atası Ceyhunla rayona getmişdir. Bibisi qızı Bəsdi də onlarla birlikdə rayona getmişdir. Saat 18 radələrində o, atasına zəng etmiş, atası ona rayona çatdıqlarını demiş və sağollaşmışlar. Həmin danışıqdan təxminən 1 saat sonra rayonda yaşayan qohumları ona zəng edib qardaşı Ceyhunun atasını silahla vurub öldürdüyünü demişlər. Qardaşı Ceyhunun atasını nə məqsədlə öldürməsi barədə məlumatı yoxdur. Atası ilə Ceyhun arasında Ceyhun psixiatriya dispanserindən çıxdıqdan sonra hər dəfə onu dispanserə yerləşdirməsi üstündə atası ilə mübahisələri olduğundan hesab etmişdir ki, hadisəni də bu səbəbdən törətmişdir. Qardaşının atasını başqa nəyinsə üstündə öldürməsi ona inandırıcı gəlmir. Ceyhunun atasını öldürdüyü silahı əvvəllər harada saxlanılması barədə məlumatı yoxdur. Atasının ov tüfəngi olduğunu bilsə də, silahın harada saxlanılmasından məlumatı olmamışdır. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, Ceyhunda psixi xəstəlik uzun illər əvvəldən başlamış, hətta tələbə olduğu dövrdə belə xəstəliyinə görə dərslərdə az-az iştirak etmiş, kimsə ona toxunduğu vaxt əynindəki paltarları çıxararaq atmış, yaxud yandırmış, özü isə yuyunmuş, hər kəsdən şübhələnmiş, hesab etmişdir ki, kəşfiyyat orqanları tərəfindən həmişə izlənilir və onu zəhərləmək, öldürmək üçün cəhdlər edilir, avtomobil idarə etsə də heç vaxt tək maşın sürməmiş, həmişə yanında kimsə olmuşdur. X12 də xəstəliyi ucbatından öldürmüşdür. Əlavə olaraq göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onun psixi xəstəlikdən müalicə olunması üçün müvafiq müalicə müəssisəsinə yerləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Hunanlar kəndində ailəsi ilə birlikdə yaşayır. X9 onun doğma dayısıdır. X13 Bakı şəhərində oğlu Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşamışdır. Dayısıgilin kənddəki evləri onların evləri ilə demək olar ki, eyni həyətdə yerləşir. Onlar arada Tovuz rayonuna gəlib bir neçə gün ata-baba yurdlarında qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmışlar. Ceyhunun təxminən 20 il olar ki, psixi problemləri olmuşdur. 2021-ci ilin avqust ayında dayısı onu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirmişdir. Təxminən 2 aya yaxın Ceyhun həmin dispanserdə yatmışdır. 14 fevral 2022-ci il tarixdə saat 18 radələrində sahədən evə gəlmiş, evə gələndə dayısıgilin maşınlarının qapılarının qarşısında olduğunu görsə də onlara getməyib sonradan gəlib onlarla görüşəcəyi üçün birbaşa öz evlərinə getmişdir. Həyətlərinə keçib evə daxil olmaq istəyərkən dayısıgilin evləri tərəfdən bir neçə dəfə atəş səsləri eşitmiş, çəpərdən dayısıgilə tərəf boylananda Ceyhunun evlərinin pilləkənin yanında kiminləsə telefonla danışdığını görmüş, həmin vaxt Ceyhun danışdığı adama Tovuz rayonunun Girzan kəndində atasını silahla vurub öldürdüyünü demişdir. O da tez onların həyətinə keçəndə həmin vaxt Ceyhun evlərinin darvazasından çölə çıxmış, ondan nə baş verdiyini soruşduqda Ceyhun atasını silahla öldürdüyünü demiş, ondan nəyə görə atasını vurduğunu soruşduqda ona eləcə “vurdum da, vurdum” demiş, başqa heç bir şeyə demədən harasa çıxıb getmişdir. Dayısıgilin evlərinə qalxanda dayısının meyitinin dəhlizdə qapının qarşısında yerdə uzanıqlı, paltarlarının da qanlı vəziyyətdə olduğunu görmüş, sonra isə anası Tərlan və qonşuları eyni zamanda Ceyhunun xalası oğlu olan Rasim Ceyhunla birlikdə ora gəlmişlər. Ceyhunun evə girmək istədiyini görüb onu içəri girməyə qoymamış, sonradan hadisə yerinə qohum-qonşular gəlmişlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirmişlər və evin içərisindən Ceyhunun dayısını qətlə yetirdiyi silahı tapmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X9 onun xalası əridir. Qamət Əliyev Bakı şəhərində oğlu Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşamışdır. Onların kənddəki evləri yaşadıqları ev ilə qonşuluqda yerləşir. Onlar arada Tovuz rayonuna gəlib bir neçə gün ata-baba yurdlarında qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmışlar. Ceyhunun təxminən 20 il olar ki, psixoloji problemləri olmuşdur. 2021-ci ilin avqust ayında dayısı onu Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirmişdir. Təxminən 2 aya yaxın Ceyhun həmin dispanserdə yatmışdır. 14 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində telefon nömrəsinə zəng çatmadığı üçün, qonşusu İlkin Məmmədov onlara gələrək ona telefon nömrəsinə zəng çatmadığını, Ceyhungilin kəndə gəldiklərini, evin qızması üçün qazı yandırmağı və çay hazırlamağını bildirmişdir. Bundan sonra o Ceyhungilin kənddəki evlərinə gedib qazı yandırmış və çay qoymuşdur. Təxminən 1 saat sonra Ceyhun və atası Qamət Əliyev evlərinə gəlmişlər. Bir müddət onlar söhbət edib, hal-əhval tutduqdan sonra evinə qayıtmışdır. Evə gəldikdən təxminən 20 dəqiqə sonra Ceyhungilin evləri tərəfdən guppultu səsi eşitmiş, daha sonra isə həyətə çıxanda Ceyhun darvazadan içəri daxil olub ona atasını silahla vurub öldürdüyünü və özünün də bu barədə polisə zəng vurub məlumat verdiyini demişdir. Bundan sonra tez Ceyhungilin evinə getmiş, ora getdikdə Qamət Əliyevin bacısı Tərlan və onun oğlu Vaqifin orada olduğunu görmüşdür. Evin içərisinə keçdikdə, Qamət Əliyevin yerdə uzanıqlı vəziyyətdə olduğunu və üzərindəki paltarların qana bulaşmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra isə oraya qohum-qonşular gəlmişlər və bir müddət sonra isə evə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisədən sonra bilmişdir ki, Qamət Əliyevlə xalası oğlu Ceyhun arasında Ceyhun psixiatriya dispanserindən çıxdıqdan sonra Ceyhunun atasının onu dispanserə yerləşdirməsi üstündə mübahisələri olmuşdur, ancaq Ceyhunun atasını nəyə görə öldürdüyünü bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin İTB-nin Əlimərdanlı, Hunanlar kənd və Ceyrançöl qış otlaq sahələri üzrə sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 18:20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində xidmətdə olan zaman Tovuz RPŞ-nin növbətçi hissəsindən Hunanlar kəndində Təqsirləndirilən şəxs adlı şəxsin atası X5 odlu silahdan atəş açaraq öldürməsi barədə məlumat daxil olmuş və o dərhal hadisənin baş verdiyi evə getmişdir.Həmin evə getdikdə orada çoxlu adamların toplaşdığını görmüş, orada olan adamlardan hadisə barəsində maraqlandıqda evin həyətində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşıb atasını öldürdüyünü və onu rayon polis şöbəsinə aparmağını bildirmişdir. Ondan atasını nə ilə öldürdüyünü soruşduqda ona silahla öldürdüyünü, silahı da evdə stolun üstünə qoyduğunu, həmin silahın atasına məxsus olduğunu, silahı atasının Bakı şəhərində saxladığını, hadisə baş verən günü atasının silahı ov etmək üçün özü ilə birlikdə kəndə gətirdiyini demişdir. Həmin adamı tək buraxmamaq üçün digər polis əməkdaşlarının gəlməyini gözləmiş, polis nəfərləri hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs onlara təhvil verib, özü isə silahı götürmək üçün evə daxil olmuş, evin dəhlizinə daxil olduqda girişdə yerdə palazın üstünə sərilmiş kişi meyitinin olduğunu görmüşdür. Daha sonra isə evin otaqlarına baxanda silahı aşkar edə bilməmiş, bundan sonra isə çölə çıxıb Təqsirləndirilən şəxs silahı haraya qoymasını soruşduqda ona yenidən silahı qonaq otağında stolun üstünə qoyduğunu demiş, daha sonra isə yenidən qonaq otağına keçdikdə orada olan tanımadığı bir nəfər qadın onu kənara çəkib silahın ortalıqda qalmaması üçün baş otaqda olan çarpayının altına qoyduğunu bildirmiş və silahı oradan çıxardıb ona təhvil vermişdir. Silah vinçester markalı ov tüfəngi olmuş, yuvasının isə boş olduğunu görmüşdür. Daha sonra isə silahı öz avtomobilinin yük yerinə qoymuş və özü də avtomobilin yanında dayanmış, bundan sonra isə hadisə yerinə prokurorluq əməkdaşları gəlmişlər və o, silahı onlara təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X2 » X10 xx.xx.2022-ci il tarixli, 13 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X4 meyitində döş qəfəsinin ön səthinin 4 (dörd) ədəd kor, sağ mil-bilək oynağı və sağ əl nahiyəsinin bayır səthlərini əhatə edən dəlib keçən odlu silah-qırma yaraları aşkar olunmuşdur. Döş qəfəsinin ön səthində olan yaraların giriş dəliyi sağ yarıda məmə xətti ilə ön qoltuq xətti arasında V-Vİ qabırğaarası sahədə 1 (bir) ədəd, döş qəfəsinin ön səthində orta xətt üzrə döş sümüyü cismi proyeksiyasında 1 (bir) ədəd, bir qədər sola doğru döş yanı xətt üzrə Vİ-Vİİ qabırğaarası sahədə 1 (bir) ədəd, sol yarımda İV-V qabırğaarası sahədə 1 (bir) ədəd yerləşmişdir. Yara kanalının istiqaməti öndən-arxaya, sağdan sola və azacıq yuxarıdan aşağıya doğrudur. Yara kanalı boyunca döş sümüyü və qabırğalar çox qəlpəli sınmış, sağ ağciyərin orta və aşağı payı, sol ağciyərin hər payı, ürək kisəsi, ürəyin sol mədəciyi və sağ qulaqcığı, ağciyər arteriyaları, aorta və iri venalar, diafraqma, qaraciyərin sağ payı, dalaq, böyük piylik, mədə və köndələn-çənbər bağırsaq yaralanmışdır. Döş qəfəsində qeyd edilən yaralar kor, sağ əl-sağ mil-bilək oynağının dəlib keçən odlu silah qırma yarası həyatidir, X4 ölümündən az əvvəl patronuna qırma doldurulmuş odlu silahdan, yaxın məsafədən açılmış (atəşin əlavə faktorlarınınvə qırmaların kompakt təsir etdiyi məsafədən) 5 atəş nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətərinə malikdir. X9 atəş açılan anda atəş açan şəxs onun önündə dayanmaqla, odlu silahın lüləsini öndən arxaya, sağdan sola və azacıq yuxarıdan aşağıya doğru istiqamətdə ona doğru tutmuş vəziyyətdə olmuşdur. X4 ölümünə səbəb döş sümüyünün və qabırğaların çox qəlpəli sınıqları, ağciyərlərin, ürək kisəsinin və ürəyin, diafraqmanın, qaraciyərin, mədənin, dalağın, böyük piyliyin və köndələn çənbər bağırsağın yaralanmaları ilə müşaiyətolunan döş qəfəsinin kor odlu silah-qırma yaralarının törətdiyi kəskin qanitirmə və şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsini nəzərə alaraq demək olar ki, X4 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsində etil spirti, narkotik və güclü təsir edən maddələr aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 4(062)-20/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X2” X10 15 fevral 2021-ci il tarixli, 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyəti 87 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 47 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddət ərzində mənzil kommunal istismar sahəsinə heç bir ərizə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Gəncə şəhər Psixonevroloji Dispanseri” tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli 101/35 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırkı psixoloji vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 25 fevral 2022-ci il tarixli, 238 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların ekspertizasına dair 18 mart 2022-ci il tarixli, 6/1068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X9 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında, X6 məxsus olduğu qeyd edilən 01 ədəd qara rəngli cins şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli matira olunmuş poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd tünd boz rəngli şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X6 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 xx.xx.2022-ci il tarixli, 41 saylı stasionar məhkəmə psixiatrik ekspertizasına dair rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki gedişli psixi patologiya olan «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədən zaman «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdınlmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X2 » X10 xx.xx.2022-ci il tarixli, 112/2022-MTBŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/. X4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-B/İİİ/.Ekspertizaya təqdim olunmuş 01 ədəd günlük pərdə kəsiyi, 03 ədəd tənzif tampon, Q.Əliyevə məxsus jaket, alt şalvar, alt köynək, alt mayka, jilet, köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «B» və «H» antigenləri, bəzi ləkələrdə həmçinin «alfa» aqllyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən X6 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Əgər onların qanında müşayiətçi H antigeni varsa və Təqsirləndirilən şəxs hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Qamət Əliyevə məxsus şalvar, 01 cüt corab, 01 cüt toxunma yun başmaq, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus sviter üzərindəki ləkələrdə və tüfəng üzərində isə qan aşkar olunmadı. Ekspertizatədqiqatına təqdim olunan Qamət Əliyevə məxsus alt şalvar, 01 cüt corab, 01 cüt toxunma yun başmaq, köynək, jilet, alt köynək, alt mayka, tüfəng üzərində tər, Q.Əliyevə məxsus jaket, şalvar, Təqsirləndirilən şəxs məxsus sviter, şalvar üzərində tərə şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunan Qamət Əliyevə məxsus alt köynək və alt maykanın sitoloji tədqiqatı zamanı hazırlanmış preparatlarda insan orqanizmi toxumasına məxsus tədqiqat üçün yararlı yararlı hüceyrə elementləri aşkar olunmadı. Digər maddi sübutlar üzərində isə stereoskopik tədqiqat zamanı insan toxumasına şübhəli hər hansı bir hissəcik aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 3/244; 3/245; 3/246 nömrəli məhkəmə ballistik ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” №-li, pompalı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir (lüləsi və qundağı kəsilməmişdir), saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan ondan öz-özünə atəş açılmır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər. Xüsusi kriminalistik ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən yivsiz odlu ov silahından atılmış karteçlərin ölçüsündən asılı olaraq öldürücü məsafə təxminən 35-55 metr arasında dəyişə bilər. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd giliz zavod üsulu ilə gövdələri plastik, dib hissələri metal materialdan hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər təqdim edilmiş “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” №-li ov tüfəngindən atılmışdır. Lakin müvafiq metodika olmadığından həmin gilizlərin atılma vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 10 (on) ədəd predmet zavod üsulu ilə hazırlanmış patronların daxilinə doldurulan atəş komponentlərinin hissələridir - karteçlərdir. Həmin karteçlərin üzərində “LEİCA FS C” mikroskopu vasitəsilə müqayisəli tədqiqat apardıqda üzərlərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər və bərk predmetə dəymə nəticəsində yaranan deformasiya, sıyrıq əlamətləri vardır.Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onların “Vinçester” tipli, 12 kalibrli, “130C Defender” modelli, “L2909215” №-li ov tüfəngdən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərinin hansının tərkibində olub-olmamasını və eyni patronun daxilində olubolmamasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd predmet zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronun daxilinə doldurulan atəş komponentinin hissələridir - polietiler (“konteyner” tipli) tıxaclardır. Həmin tıxaclar atəş prosesində istifadə olunan zaman üzərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik sürtünmə izlər vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından, onların “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” №-li ov tüfəngdən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlərinin hansının tərkibində olub-olmamasını müəyyən etmək mümkün deyil. Müvafiq metodika olmadığından həmin tıxacların və karteçlərin atılma vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “Qamət Əliyevə” məxsus olduğu qeyd edilən bir ədəd jilet, bir ədəd jaket, bir ədəd uzunqol köynək, bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Həmin zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən bir ədəd jilet, bir ədəd jaket, bir ədəd uzunqol köynək, bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz maykanın ön hissəsində olan zədələr giriş, bir ədəd uzunqol köynək, bir ədəd uzunqol alt köynəyi və bir ədəd qolsuz maykanın arxa hissəsində olan zədələr isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan dörd atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 20 sm-dən 2 metrədək olan məsafə daxilində, öndən arxaya, sağdan sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Lakin zədələrin konkret olaraq hansı kalibrli odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Bu zədələrin təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərmilərin, qırmaların təsirindən yaranması istisna edilmir. Atəş açılan zaman silahın lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti öndən arxaya doğru olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “Qamət Əliyevə” məxsus olduğu qeyd edilən bir ədəd cins şalvar, bir ədəd isti alt şalvarı, iki cüt corab üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürülmüş pərdə kəsiyinin səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Qamət Əliyevə” məxsus olduğu qeyd edilən bir ədəd cins şalvar, bir ədəd isti alt şalvarı, iki cüt corab, üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində hadisə yerindən götürülmüş pərdə kəsiyinin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Qamət Əliyev” və “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində hər hansı trasoloji zədə, o cümlədən qarşılıqlı mübahisə, yerdə sürünmə və yerə yıxılma nəticəsində yaranmağa xarakterik zədə(lər) aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin prossesual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” Tovuz Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 4(062)-44/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İş materiallarına əlavə edilmiş “Təqsirləndirilən şəxsin xüsusi tibb müəssisəsinə yerləşdirilməsi barədə” Tovuz Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri kimi o xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, qanuni nümayəndənin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan təkzib edilməz digər sübutlarla tam təsdiq olunmuşdur. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 noyabr 2012-ci il tarixli 8 nömrəli Qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən hesab edirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdınlmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan meyitə baxış zamanı götürülmüş meyitin əynində olmuş 01 ədəd qolsuz gödəkcə, 01 ədəd uzunqol yun jaket, 01 ədəd uzunqol köynək, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd belində dəri kəməri olan cins şalvar, 01 ədəd alt tumanı, 01 ədəd trusik, 01 cüt corab və 01 cüt ayaqlıq yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, meyitin yara nahiyələrindən götürülmüş 03 ədəd tıxac və 10 ədəd qırma, üzərində qanabənzər ləkələrin hopmuş olduğu pərdə kəsiyi, qanabənzər ləkələrin hopmuş olduğu pambıq tampon vasitəsilə götürülmüş 03 ədəd nümunə, 05 ədəd giliz məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd şalvar və 01 ədəd kofta yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Tovuz rayon polis şöbəsində saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” nömrəli, pompalı, təklüləli yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 314 manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-348 və 477-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının CM-nin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri əvəzinə seçilmiş təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan meyitə baxış zamanı götürülmüş meyitin əynində olmuş 01 ədəd qolsuz gödəkcə, 01 ədəd uzunqol yun jaket, 01 ədəd uzunqol köynək, 01 ədəd alt köynəyi, 01 ədəd mayka, 01 ədəd belində dəri kəməri olan cins şalvar, 01 ədəd alt tumanı, 01 ədəd trusik, 01 cüt corab və 01 cüt ayaqlıq yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, meyitin yara nahiyələrindən götürülmüş 03 ədəd tıxac və 10 ədəd qırma, üzərində qanabənzər ləkələrin hopmuş olduğu pərdə kəsiyi, qanabənzər ləkələrin hopmuş olduğu pambıq tampon vasitəsilə götürülmüş 03 ədəd nümunə, 05 ədəd giliz məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 01 ədəd şalvar və 01 ədəd kofta yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Tovuz rayon polis şöbəsində saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd “Vinçester” tipli, 12 kalibrli, “1300 Defender” modelli, “L2909215” nömrəli, pompalı, təklüləli yivsiz odlu ov silahı dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 314 manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar