Məhkəmə qərarları › İş №1(100)-298/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-298/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-298/2022 21.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kağıza bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən yaşadığı evə daşıyaraq həmin evin giriş qapısının yanında olan elektrik sayğacının üzərində saxlamış, 28 yanvar 2022-ci il tarixdə Şəmkir rayon polis X17 bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 14:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Mahmudlu kəndində saxlanılaraq Şəmkir rayon polis X17 bölməsinə gətirilmiş, onunla aparılan əməliyyat-istintaq tədbirləri zamanı yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evə baxış keçirilərkən evinin giriş qapısının yanında olan elektrik sayğacının üzərindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan bir ədəd kağıza bükülmüş üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,508 qram, 1,745 qram və 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvlər ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. O, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində çayxanadan çıxıb dəmir yolunun kənarı ilə evə gedəndə yerdə ağ kağız görmüş və kağız bükümünü yerdən götürüb baxanda 1 ədəd sellofana bükülü içərisində heroinə bənzər maddə olduğunu görmüşdür. O, özü heroin istifadə etdiyinə görə həmin maddənin narkotik vasitə olan heroin olduğunu bilmiş, sonra tapdığı narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə üzərində saxlamışdır. 28 yanvar 2022-ci il tarixdə o, yaşadığı kənddə olan vaxtı polislə ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğumu deyib onu Şəmkir rayon polis X17 bölməsinə aparmışlar. Onun üzərinə baxış keçirilmiş və üzərindən həmin narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni çəkmək üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitəni kimdən almasını soruşmuşlar. O da kənddən tapdığını demiş, lakin ona inanmamışlar və narkotik vasitəni aldığı şəxsin adını demədiyi üçün onu döyərək hədəqorxu gəlmişlər. Sonra ona təklif etmişlər ki, üzərindən çıxan narkotik vasitəni evlərinə qoyacaqlar o özü təqdim etsin və bu onun xeyrinə olacaqdır ki, narkotik vasitəni özü təqdim etmişdir. Məcbur qalıb, həm də onlara inanıb dedikləri ilə razı olmuşdur. Sonra oraya çağırılmış vəkilin iştirakı ilə bıxış keçirilmişdir. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları varsa təqdim etməyini bildirmişlər. O, polislərə əvvəlcədən dedikləri kimi üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekursorlarının olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. O, axtarış zamanı yaşadığı evdə saxladığı narkotik vasitə olan heroin olmasını bildirmiş və bundan sonra onun özünün evinə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı ona dedikləri kimi yaşadığı evin darvazasının yanında olan işıq sayğacının üzərində saxladığı 1 ədəd kağıza bükülü olan sellofanda narkotik vasitə olan heroini polislərə təqdim etmişdir. Həmin kütlə baxış zamanı elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 5 qram təşkil etmişdir. Onun üzərində təxminən 1 qram heroin olmuş, qalanını isə polis əməkdaşları özləri artırmışlar, o da qorxusundan bir söz deməmişdir. Narkotik vasitəni satmaq niyyəti olmamış, özü istifadə edə bilməsi üçün saxlamış və həmin narkotik vasitədən heç kimə satmamışdır. O, narkotik vasitəni tapması barədə heç kimə deməmiş, bununla bağlı ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. O, heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Kür PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 28 yanvar 2022-ci il tarixdə Şəmkir RPŞ-nin Kür PB-nə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən Şəmkir RPŞ-nin Kür PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra bölmə rəhbəri tərəfindən əməliyyat qrupu yaradılmışdır. Sonra onlar Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində Təqsirləndirilən şəxs yolun kənarı ilə hərəkət etdiyini görmüş, avtomobili Təqsirləndirilən şəxs yanında saxlayıb düşərək ona yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmiş və X2 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onlarla bölməyə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və avtomobilə oturub onlarla birlikdə Kür polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən oraya çağırılmış vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, özünə məxsus evdə narkotik vasitə gizlətdiyini bildirmişdir. Bundan sonra təhqiqatçının, müdafiəçinin, əməliyyat qrupunun üzvlərinin iştirakı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin darvazasının yanında olan elektrik sayğacının üzərindən ağ rəngli bükümü təqdim etmişdir. Həmin bükümün içərisindən 3 ədəd sellofanda narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxışın nəticələri barədə təhqiqatçı tərəfindən baxış protokolu tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, ona heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Həmçinin ona üzərindən aşkar olunmuş narkotik vasitənin evinə qoyacaqları barədə təklif olunmadığını və narkotik vasitənin çəkisinin artırılmadığını demişdir. Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitənin satışı ilə məşğul olması və ya satış məqsədi ilə üzərində gəzdirməsi və saxlaması barədə deyil, şəxsi istifadəsi üçün saxlaması barədə məlumatın daxil olduğunu, sonra da keçirilmiş əməliyyat avxtarış tədbirləri nəticəsində onun narkotik vasitənin satışı ilə məşğul olması və ya satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın olmadığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkojtik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir “Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə və həyatyanı sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs darvazanın yanında olan elektrik sayğacının üzrəində olan ağ rəngli kağız təqdim etdi. Həmin kağız bükümün içərisində 3 ədəd şəfaf sellofanda narkotik vasitəyə bənzər kütlə aşkar olundu. Həmin kütlələr elektorn tərəzi ilə çəkildi və kağız büküm ilə birlikdə 5 qram təşkil etdi. Həmin kütlələr ağa kağız zərfə qoyulub qabalaşdırıldı və Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılamsı haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs dəqiq baş vermiş hadisə ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 30 yanvar 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd ağ rəngli kağıza bükülmüş 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1.508 qram, 1,745 qram, 0,855 qram, ümumi təmiz çəkisi 4,108 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Şəmkir Rayon Polis X17 Bölməsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayon Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə namyəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Mahmudlu kəndində həyat yoldaşı X3, övladları X6, X9 və X7 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 562028 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında xx.xx.2010-su il tarixdə nikah bağlanmışdır. AZE № 11813377 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009cu il tarixdə anadan olmuşdur. AZE № 11813378 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2010cu il tarixdə anadan olmuşdur. AZE № 11813374 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2014cü il tarixdə anadan olmuşdur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən opioidlərdən asılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Şəmkir rayon Konsultativ Poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetində qeydiyyatda dayanmır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 yanvar 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evinə baxış zamanı götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 3 ədəd bükümdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,958 qram çəkidə narkotik vasitə olan heroin Şəmkir RPŞ-nə saxlanc yerinə təhvil verilmişdir. Eləcə də üç ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan örünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 22080081 nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin hamsının ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndində çayxanadan çıxıb dəmir yolunun kənarı ilə evə gedəndə yerdə ağ kağız görmüş və kağız bükümünü yerdən götürüb baxanda 3 ədəd sellofana bükülü içərisində heroinə bənzər maddə olduğunu görmüşdür. O, özü heroin istifadə etdiyinə görə həmin maddənin narkotik vasitə olan heroin olduğunu bilmiş, sonra tapdığı narkotik vasitəni özü üçün istifadə etmək məqsədilə yaşadığı evə gətirib, evin darvazasının yanında olan işıq sayğacının üzərində gizlədib saxlamışdır. 28 yanvar 2022-ci il tarixdə o, yaşadığı kənddə olan vaxtı polislə ona yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduğumu deyib onu Şəmkir rayon polis X17 bölməsinə aparmışlar. Onun üzərinə oraya çağırılmış vəkil Elçin Həsənovun iştirakı ilə axtarış keçirilmişdir. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları varsa təqdim etməyini bildirmişlər. O, polislərə üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekursorlarının olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. O, axtarış zamanı yaşadığı evdə saxladığı narkotik vasitə olan heroin olmasını bildirmiş və bundan sonra onun özünün evinə baxış keçirilməsinə etiraz etməməyi barədə ərizəsi əsasında yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin darvazasının yanında olan işıq sayğacının üzərində saxladığı 1 ədəd kağıza bükülü olan 3 ədəd sellofanda narkotik vasitə olan heroini polislərə təqdim etmişdir. Həmin kütlərlə baxış zamanı elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 5 qram təşkil etmişdir. Onun narkotik vasitəni satmaq niyyəti olmamış, özü istifadə edə bilməsi üçün saxlamış və həmin narkotik vasitədən heç kimə satmamışdır. O, narkotik vasitəni tapması barədə heç kimə deməmiş, bununla bağlı ailə üzvlərinin heç birinin xəbəri olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən üç nəfər polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu» və xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən «Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması müəyyən etmək mümkün olmamışdır» məktubuna əsaslanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından məlum olur ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Polis X17 Bölməsinin əməliyyat müvəkkili Elsəvər İbrahimov Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə raport yazmışdır. Həmin tarixdə də Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat tədbiri keçirilməsi haqqdında qərar qəbul olunmuşdur. İbtidai istintaq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə etməsini müəyyən edərkən göstərmişdir ki, «Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə toplanmış kifayət qədər istintaq sübütları ilə təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır.» Halbu ki, istintaq orqanı topladığı sübutların heç birində onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübüt əldə etməmişdir. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satışı ilə məşğul olması və ya satış məqsədi ilə üzərində gəzdirməsi və saxlaması barədə deyil, şəxsi istifadəsi üçün saxlaması barədə məlumatın daxil olduğunu, sonra da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun narkotik vasitənin satışı ilə məşğul olması və ya satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın olmadığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 7.0.20-ci maddəsinə əsasən “ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən, “cinayətin törədildiyi yer, vaxt, törədiləmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinin əsas tərkibini təsbit edən üsullar göstərilmişdir. Bu səbədən şəxsə qarşı irəli sürülmüş qeyd edilən cinayətini törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, cinayətin hansı üsulla törədilməsini və müvafiq üsulu təşkil edən hərəkətləri əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə irəli sürülmüş ittihamda isə narkotik vasitəni satış məqsədi ilə törədildiyi qeyd olunmaqla CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti olan cinayətin törədilmə üsulu konkretləşdirilməmiş, onun hansı sübutlarla narkotik vasitəni satış məqsədi ilə törətməsi dəqiqləşdirilməmiş, həmin əlamət və müvafiq olaraq bu və ya digər üsulu təşkil edən Təqsirləndirilən şəxs hərəkətlərinin konkret məzmunu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X2 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə əsassız və yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair nəyin ki, möhtəbər heç şübhəli sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 3 ədəd bükümdə olan təmiz qalıq çəkisi 3,958 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 28 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evinə baxış zamanı götürülmüş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 3 ədəd bükümdə olan təmiz qalıq çəkisi 3,958 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də üç ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar